68
Mənbələrin verdiyi məlumata görə üsyana İranda vəfat edən Şəki xanı
Hüseyn xanın oğlu Məmməd bəy başçılıq edirdi. 1837-ci ildə öz vətəninə qayıdan
Məmməd bəy tərəfdarları ilə birlikdə müstəmləkə əsarətinə qarşı mübarizəyə
başladı. Lakin tezliklə həbs olunaraq hərbi məhkəməyə verildi. 1838-ci ilin
avqustun 8-də o, həbsxanadan qaçaraq Quba mahalının yuxarı hissəsində gizləndi
(86, s. 283).
1838-ci ilin avqustunda Quba mahalının yuxarı hissəsində 5 minədək atlı və
piyada qoşun toplayan Məmməd bəy Rutuldan olan Ağa bəylə birlikdə Şəki
üzərində hücuma hazırlaşmağa başladı.
Avqustun 30-da çoxsaylı dağlı qoşunu Xaçmaz mahalı yaxınlığında dağı
aşaraq Şəki əyalətinə girdi. 400 evdən ibarət Xaçmaz kəndinin sakinləri dağılara
qoşuldu. Mahal naibinin kənd əhalisindən yaxınlaşan dağlı qoşununa qarşı
müqavimət göstərmək üçün dəstə toplamaq cəhdi baş tutmadı (87, s. 320-321).
Məmməd bəy Şəki əhalisinə göndərdiyi müraciətdə bildirirdi ki, o şəkililəri
öz dindaşları və dostları hesab edir. Onlara qarşı heç bir pis niyyəti yoxdur.
Yürüşdə əsas məqsəd onları xristianların zülmündən azad etmək, bütün işğalçıları
məhv etməkdir (15, s. 283).
Məmməd bəyin bu müraciəti Şəkidə üsyanın başlaması üçün bir işarə oldu.
Şəki komendantı podpolkovnik Minçenko yaxınlaşan təhlükəni dəf etmək
üçün silahlı əhali toplamağa başladı. Lakin tələb olunan 1000 nəfər yerinə cəmi
200 atlı yığıldı. Çətinliklə yığılan bu silahlı dəstə Vartaşın kəndinə gəldi. Onlar isə
nəinki müqavimət göstərdilər, hətta mahal naibini hədələyərək onun bu ərazidən
çıxmasını tələb etdilər. Qısa müddətdə üsyan bütün Şəki əyalətini bürüdü.
Avqustun 31-də köməyə gələn dağlı qoşunu sürətlə hərəkət edərək demək
olar ki, heç bir müqavimətə rast gəlmədən Şəkiyə yaxınlaşdılar. Şəki komendantı
kömək üçün Nijeqorodsk draqun polkunun komandiri polkovnik S. D.
Bezobrazova müraciət etdi. Çar quyuları istehkamından Şəkiyə top artilleriyası ilə
birlikdə 2 diviziya və Zaqatala qalasından 2 rota göndərildi. Bu hərbi qüvvəyə İlisu
sultanının yüzədək atlısı da qoşuldu.
Polkovnik S. D. Bezobrazov Şəkiyə gələn zaman üsyançılarla birləşməyə
cəhd göstərən dağlı qoşunu artıq şəhərə yaxınlaşmışdı. Qışlaq adlanan ərazidə
göməyə gələn dağlı qoşunu ilə, Şəkidə yerləşdirilmiş rus qoşunu arasında şiddətli
döyüş başladı. Şəhər yarğanlar və sıx bağlarla əhatə olunduğu üçün az saylı
qoşunla üsyançılara qarşı vuruşmaq və şəhəri əldə saxlamaq çətinlik yaradırdı. Ona
görə də polk Bezobrazov öhdəsində olan az saylı qoşunla şəhərdən 4 verst aralı
olan Qışlaq ərazisində həlledici döyüşə girməyi qərara aldı. Nijeqorodsk draqun
polkunun kapitanı knyaz Çavçavadze milis dəstələri ilə birlikdə Qışlaq və Zəyzid
yolu ilə hərəkətə başladı. Bu dəstəni Gürcüstan xətt batalyonunun 2 rotasından
təşkil edilmiş kalon müşayət edirdi.
Zəyzid kəndi yaxınlığında milis dəstələri ilə üsyançılar arasında atışma
başladı. Piyada qoşunlarına başçılıq edən polkovnik Bezobrazov milis dəstələrinə
69
kömək etmək üçün Zəyzid yoluna çıxdığı an üsyançılar onların üstünə atıldı. Lakin
piyadalar süngü zərbələri ilə bu kütləni geri oturtdu və qaçmağa məcbur etdi.
Üsyançıların digər hissəsi isə Qışlaq yolunda dayanan rotaya hücum edərək
burada olan bir topu ələ keçirməyə cəhd göstərdilər. Bu döyüşdən sonra Məmməd
bəy Şəkiyə yaxın olan yüksəklikləri ələ keçirərək şəhərə daxil oldu. Qısa müddətdə
üsyançılar şəhərin bütün şimal hissəsini ələ keçirdi. Ələ keçirilmiş yerlərdə öz
mövqelərini möhkəmləndirmək istəyən üsyançılarla ruslar arasında şiddətli atışma
başladı. Polkovnik Bezobrazovun həyata keçirdiyi bir sıra tədbirlər nəticəsində
köməyə gələn dağlıların hücumu dayandırılsa da, onlar hər dəfə böyük səylə öz
hücumlarını yenidən bərpa edir və güclü müqavimət göstərirdilər. Döyüş zamanı
hər iki tərəf ağır itki verdi.
Tezliklə üsyançılar qaladan 15 sajen aralıda yerləşən karvansaranı, ona
yaxın olan bütün tikililəri və bağları ələ keçirdilər. Şəhərdə olan 320 nəfərlik rus
qarnizonu qalada gizləndi. Qalanın bir hissəsini dağıdan üsyançılar komendant
idarəsini, əyalət xəzinəsini ələ keçirdilər. Karvansaradakı tacirlər və şəhərdə
yaşayan ermənilər qaçıb qalada gizləndi. Burada onlar silahlandırıldı və qalanı
mülafiə edən rus əsgərlərinə qoşuldu.
Müstəmləkə əsarətinə qarşı ayağa qalxan xalqın apardığı azadlıq mübarizəsi
işğalçıları qorxuya saldı. Bu mübarizə Qafqaz xalqlarının öz azadlığı uğrunda birgə
apardıqları qəhrəmanlıq mübarizəsinin şanlı səhifəsi idi. Göməyə gələn dağlı
qoşunu ilə birləşən üsyançıların əlbir mübarizəsi istilaçılara amansız zərbə vurdu.
Polkovnik Bezobrazov üsyanı yatırmaq, əhalini sakitləşdirmək və dağıları
şəhərdən qovmaq üçün qətiyyətli hərbi əməliyyat keçirmək qərarına gəldi. Lakin
Şəkinin tanınmış adamları öz evlərinin, tut və meyvə bağlarının məhv olacağından
ehtiyat edərək bu hücumun bir qədər dayandırılmasını xahiş edirdi. Podpolkovnik
Minçenkonun təklifinə əsasən karvansaranı yandırmaq qərara alındı. Bu iş qalada
qaçıb gizlənən gürcü taciri İsaak Kuzinova tapşırıldı. O kəndirlə qaladan aşağı
enərək əlində tutduğu yanan məşəli tez-tələsik karvansaranın damına etdi.
Üsyançılar yanan karvansaranı söndürməyə çalışdılar. Bu zaman ruslar onlara atəş
açdı.
Sentyabrın 2-də üsyançılar bütün evlərdən nərdivanları yığaraq qalaya
hücuma hazırlaşmağa başladı. Onlar qalanın lap yaxınlığına gələrək güclü atəş
açdılar. Sentyabrın 2-də bütün gecə atışma davam etdi. Polkovnik Bezobrazovun
göstərişi ilə üsyançıların qalaya atəş açdıqları evlər yandırıldı. Səhərə yaxın atışma
səngidi. Köməyə gələn Tiflis yeger polkunun batalyonu ilə birləşən polkovnik
Bezobrazovun hərbi qüvvələri xeyli artdı.
Sentyabrın 3-də üsyançıların köməyinə gələn dağlı qoşunu şəhəri tərk
etməyə başladı. Rus qoşunu şəhərə daxil oldu. Üsyan amansızlıqla yatırıldı. Geri
çəkilən dağlı qoşununu təqib edən rus əsgərləri onların bir neçəsini əsir götürdü
Üsyan başçısı Məmməd bəy isə yenidən İrana qayıtdı.