“GEO strategiya”.-2014.-№ 5(23).-S.21-24.
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ
VƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Natiq Hacıyev
AMEA-Fəlsəfə və Hüquq İnstitunun doktorantı
Qarabağ münaqişəsində rəsmi həmsədrlərlə yanaşı digər dövlətlərin də vasitəçi kimi çıxış etmək
niyyətlərinin olmasını xüsusi qeyd etmək lazımdır. Bunlardan birincisi Türkiyə Respublikasıdır.
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, beynəlxalq hüquq normalarına müvafiq həllinin
tərəfdarıdır və öz regional siyasətini həmin istiqamətdə qurur. Türkiyə istər ikitərəfli münasibətlərdə, istərsə də
beynəlxalq təşkilatlar çərçivəsində daima Azərbaycanın ədalətli mövqeyini müdafiə edir. 1988-ci ildən başlayaraq
ermənilər faktiki olaraq azərbaycanlılara qarşı genosid siyasəti həyata keçirmişlər. Hələ o, vaxt SSRİ-nin süqutu
ərəfəsində bu prosesə münasibət bildirmək beynəlxalq aləmdə hadisələri düzgün istiqamətdə təbliğ etmək olduqca
vacib məsələ idi. Lakin Türkiyənin bu prosesə müdaxilə etməsini SSRİ-nin daxili işinə qarışması kimi
qiymətləndirənlərin siyasi məqsədləri onda büruzə vermişdir ki, hətta 1992-ci il Xocalı soyqırımından dərhal sonra
«İzvestiya» qəzeti erməni vəhşiliklərinə tuş gəlmiş uşaqların şəkli altında onların milliyyətini yazmadı. Xocalı
qurbanları kimi ictimaiyyətə təqdim olundular. Bu zaman Türkiyə dövləti bu ədalətsizliyə dözməyərək dünya
ictimaiyyətinə bəyanatla müraciət etdi. Beynəlxalq aləmdə əslində təklənmiş və heç bir beynəlxalq təşkilatda öz
haqq işini səsləndirmək imkanı olmayan Azərbaycan Respublikasının Türkiyə ilə əməkdaşlığı və milli maraqlarının
qorunmasına böyük ehtiyac vardı. İlk dəfə Türkiyənin də dəstəyi ilə 1994-cü ilin noyabrında Avropa Şurası
Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsini məmnunluq hissi ilə
qarşılayaraq 1047 saylı qətnamə qəbul etmişdir. Burada göstərilirdi ki, bu münaqişə bütün regiona təhlükə yaradır
və milli hüquqları tapdalayır». (1, 4)
Dağlıq Qarabağ probleminin həll edilməsində Türkiyənin özünəməxsus yeri və rolu vardır. 1992-ci ilin mart
ayında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu yaradıldıqda Azərbaycan və Türkiyənin
israrlarına baxmayaraq həmsədr dövlətlərin və Ermənistanın razılığı olmadığı üçün Türkiyə həmsədr ölkələr
qrupuna daxil edilmədi. Digər
[səh. 21-22]
həmsədr dövlətlərə (Rusiya, Fransa və ABŞ) nəzər yetirdikdə heç
birinin Ermənistan ilə sərhədi olmadığı, yəni, bu ölkə ilə coğrafi olaraq təmaslarının olmadığı anlaşılmaqdadır. Bu
dövlətlərin Ermənistana siyasi və maliyyə dəstəyindən başqa heç bir təsiri yoxdur. 20 ildir Minsk Qrupunun
vasitəçilik təşəbbüsləri də nəticəsiz qalıb və problem həll edilməmişdir. Problemin həll edilməməsindən isə siyasi,
təhlükəsizlik və sosial-iqtisadi baxımdan ən çox Ermənistanın əziyyət çəkdiyi məlum olur. (2, 116-117) Ermənistan
müstəqilliyini elan etdikdən sonra Türkiyəyə qarşı yönələn düşmənçilik siyasətini davam etdirməsinə baxmayaraq,
Türkiyə hər zaman bu ölkə ilə münasibətlərin qurulması və inkişaf etdirilməsində maraqlı olmuşdur.
Ancaq Ermənistanın beynəlxalq aləmdə qondarma soyqırımı təbliğatına davam etməsi, Türkiyənin ərazi
bütövlüyünü təsdiq edən Qars və Moskva müqavilələrini tanımamağı, Müstəqillik Bəyannaməsinin 11-ci
maddəsində “Ermənistan Respublikası 1915-ci ildə Qərbi Ermənistanda təşkil edilən erməni soyqırımının
beynəlxalq aləmdə tanınmasına çalışmaqdadır” ifadəsinin yer alması, Ermənistan dövlət başçılarının mütəmadi
olaraq Türkiyəni təhdid etmələri və başqa səbəblərə görə tərəflər arasında diplomatik münasibətlər qurulmamışdır.
Ermənistan Rusiya, Fransa və ABŞ-ın siyasi təsir dairəsindən uzaqlaşıb məntiqli xarici və təhlükəsizlik
siyasəti həyata keçirə bilsəydi, Türkiyə ilə münasibətlərini qaydaya salaraq iqtisadi, siyasi, sosial və təhlükəsizlik
problemlərini əhəmiyyətli dərəcədə həll edə bilər və Dağlıq Qarabağ problemi də həll olunardı. Beynəlxalq aləmdə
qırılma nöqtələri yaşandığı zaman dövlətlər müxtəlif səpkidə təhdid və fürsətlərlə qarşılaşır. Sovet İttifaqının
dağılmasından sonra Ermənistan üçün də Türkiyə ilə münasibətlərində fürsət və təhdid ünsürü ortaya çıxdı. Əslində
Ermənistan üçün Türkiyə real bir təhdid ünsürü deyildi. Bu son 100 ildə erməni xalqının psixoloji baxımdan türk
düşmənçiliyi ilə bəslənməsinin nəticəsi idi. Belə ki, daha Sovet İttifaqı dağılmadan Türkiyənin Moskvadakı səfiri
Volkan Vural Ermənistanı ziyarət etmiş və ehtimal olunan müstəqillik, sonra isə Türkiyə-Ermənistan
münasibətlərinin konturlarının müəyyənləşdirilməsi üçün dövlət rəsmiləri ilə görüşmüşdü. Ermənistanın dövlət
adamları müstəqillik dövründə Türkiyənin bu təklifini nəzərə ala bilmədilər və 100 illik təbliğatın təsirindən
uzaqlaşaraq məntiqli düşünüb qərar verməkdə aciz qaldilar. Nəticə etibarı ilə iki ölkə arasında diplomatik
münasibətlər bu günə qədər qurulmamışdır.
Yerləşdiyi coğrafi məkan, nəqliyyat amili, ölkələrarası iqtisadi inteqrasiyanın
[səh. 22-23]
güclənməsi
Türkiyənin qonşu Ermənistanla münasibətlərini ilk baxışda labüd etsə də Qarabağ münaqişəsi, ermənilərin
uydurma «soyqırım» və Şərqi Anadoluya olan ərazi iddiaları bu münasibətlərin inkişafının qarşısında mühüm bir
əngəl olmaqda davam edir. Qarabağ münaqişəsində Türkiyə ictimaiyyəti açıq şəkildə Azərbaycanın mövqeyini
müdafiə etmişdir. Türkiyə ictimaiyyəti hökumətin Qarabağ məsələsində bitərəf qalmasına qarşı etiraz aksiyaları
keçirmiş və Azərbaycanın haqlı mübarizəsini dəstəkləmişlər. Türkiyə hökuməti bir tərəfdən Qafqazdakı gələcək
nüfuzu baxımından, digər tərəfdən isə bölgədə hegemonluğu əldə edərək Rusiya,
ABŞ, NATO və Avropa ilə münasibətlərinin daha səmərəli olması baxımından Qarabağ məsələsinin həllində
fəal rol oynamağa çalışsa da bu heç də gözlənilən nəticələr vermədi, əksinə Rusiyanın və Qərb ölkələrinin təzyiqi
nəticəsində daha passiv bir siyasətlə nəticələndi. Odur ki, istər yerli, istər türkiyəli, istərsə də xarici yazarlar
Türkiyənin bölgədəki maraqlarmı izah edərkən yazırlar ki, rəsmi Ankara regionda Qarabağ münaqişəsinin
nizamlanmasında öz imkanlarından nəinki maksimum yararlanmaq, hətta imkanlarının müəyyən hissəsindən belə
istifadə etmədi. Qarabağ probleminin həllinin belə, Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasına elə bir
ciddi təsir göstərməyəcəyni bildirən siyasi icmalçılar onu da qeyd edirlər ki, erməni diasporu da bu münasibətlərin
yaxınlaşmasına mənfi təsir edir.(72, 63) Hələ 1996-cı ilin oktyabrında 26-da Türkiyənin keçmiş prezidenti
Süleyman Dəmirəllə ABŞ-ın dövlət katibinin müşaviri Stroub Telbotun görüşünü təşkil edən bu şəxslər Dəmirəlin
Ermənistanla sərhədlərin açılmasına razılıq verməsinə nail olmuşlar. Sonradan siyasi məqsədlərin önə çıxması
iqtisadi maraqların kölgədə qalmasına gətirib çıxardı. Türkiyənin Ermənistana yönələn ticarət münasibətinin 75
milyon dollarla ölçüldüyünü irəli sürən bu şəxslər sərhədlərin açılacağı təqdirdə məbləğin iki-üç qat artacağını
iddia edirlər. Ermənistana İran və Gürcüstan vasitəsilə mal aparan türk iş adamları hər dəfə 3 min dollar
itirdiklərindən şikayət edərək Qars-İrəvan, Qars-Gümrü və İqdırdakı Alican sərhəd qapısının təcili olaraq
açılmasını tələb edirlər. Onlar sərhədlər açılandan sonra Türkiyənin turizm və ticarət sahəsində 1 milyard dollar
gəlir götürəcəyini bildirirlər. Bununla Ermənistanın iqtisadi cəhətdən Türkiyədən müəyyən qədər asılı vəziyyətə
düşməsini irəli sürən bu dairədə təmsil olunanlar, eyni zamanda türk kapitalının gücünün erməniləri idarə etmək
iqtidarına malik olacağını da iddia edirlər. Bu iddialarla paralel olaraq siyasi xadimlərin bəziləri sərhədlər açılacağı
təqdirdə bölgədə Rusiyanın nüfuzunun azalması məsələsinə toxunmaqla bu ilin yanvarında Türkiyə ilə yaxın
bölgədə inşa edilən Atom Elektrik Stansiyasını neytrallaşdırılacağını bildirirlər. 2001-ci ilin mayında Rusiya-
Ermənistanla birgə hava təlimlərinin Türkiyə sərhədləri yaxınlığında aparılması və bölgədə S-300 V tipli
uzaqvuran ballistik raketlərin yerləşdirilməsini əsas kimi göstərənlərin fikrincə, Ermənistanla sərhədləri açmaqla
Türkiyə gələcək “təhlükədən” yaxa qurtara bilər.(5)
Onlar Türkiyənin Avropa Birliyinə üzvlüyünə Ermənistanla sərhədlər məsələsinin maneə olduğunu
bildirməklə, birliyə inteqrasiya istiqamətində onlara qarşı olan dövlətlərin güzəştə getməməsinin başlıca səbəbini
bunda görürlər. Xatırladaq ki, Türkiyənin Avropa ailəsinə qəbul edilməsinə qarşı çıxan edən ermənipərəst Fransa
bəhanə kimi Türkiyənin başqa mədəniyyətə, başqa yaşam tərzinə və başqa inanca malik olmasını göstərir. Nüfuzlu
“Washington Times” qəzetinə müsahibə verən Fransanın keçmiş prezidenti Valeri Jiskar Destyenə görə Türkiyənin
Ermənistanla sərhədləri açması onun Avropa Birliyinə üzvlüyü məsələsində Fransanın mövqeyinin yumşaldılması
üçün əlverişli addım ola bilər. Məhz 2001-ci ildə Ermənistanla-Türkiyə arasında münasibətlərin tənzimlənməsi
üçün təsis edilən işçi qrupunun maliyyələşməsini həyata keçirən bir sıra iş adamları və ictimai- siyasi xadimlər
ABŞ-ın son zamanlar Türkiyəyə soyuq münasibətinin aradan götürülməsi üçün sərhədlər məsələsində Ermənistana
güzəştə getmək barədə Ərdoğan-hökumətinə məsləhətlər verirlər. Türkiyənin nüfuzlu “Posta” qəzetinin yaydığı
məlumata görə ABŞ Konqresinin Ağ Evə göndərdiyi məxfi sənəddə Türkiyə ilə münasibətlərin
normallaşdırılmasının Ermənistanla sərhədlərin açılacağı təqdirdə mümkünlüyü qeyd olunmuşdur. (6) Bu məsələ
ətrafında analitiklər və politoloqlar arasında yekdil fikir olmaması dərc olunan fikirlərdə özünü büruzə verir. Bir
qrup politoloq fikirləşir ki, Türkiyə və Ermənistan arasında olan sərhədlər problemi, yaxın zamanlarda sərhədlərin
açılması ilə çözüləcək. “Türkiyənin öz maraqları var” - deyən bu politoloqlar bunun üçün Azərbaycan amilinin
daha mühüm rol oynamadığını bildirirlər. “Ankara- İrəvan arasında danışıqlar sərhədlərin açılacağını labüd edir” -
şəklində düşünən politoloqlar Türkiyənin iqtisadi maraqlar üzərində siyasət yeritdiyini göstərməklə, eyni zamanda
siyasi maraqların qorunmasını da qeyd edirlər. Digər bir analitik qrup hesab edir ki, son vaxtlar daha ciddi
gündəmə gələn sərhədlər məsələsi Vaşinqton və Ankaranın Azərbaycana təzyiq vasitəsindən başqa bir şey deyil.
Onlar son günlər ABŞ-Azərbaycan və Türkiyə-Azərbaycan münasibətlərində olan soyuqluğun aradan
qaldırılmasına xidmət edən sərhədlər məsələsinin Rusiya Azərbaycan münasibətlərinin inkişaf etməsi və Rusiyaya
meylin artması təqdirində artıq vasitə deyil, real işə çeviriləcəyini proqnozlaşdırırlar.