Giriş Hicrət və əhəmiyyəti



Yüklə 376,45 Kb.
səhifə2/6
tarix17.11.2017
ölçüsü376,45 Kb.
#11001
1   2   3   4   5   6

Təbii ki bu həqiqət günəşi də insanlığı haqqa və həqiqətə sövq edib dünya və axirət səadətlərini təmin etmək üçün Allah Təala tərəfindən göndərilən peyğəmbərlərin sonuncusu və aləmlərin rəhməti olan peyğəmbər əfəndimiz Həzrəti Məhəmməd idi. Həzrəti Məhəmmədin yaşı 40-a çatdığı zaman onda bəzi dəyişikliklər hiss olunmağa başladı.


Əvvəldən də sakit, vüqarlı və hər zaman fikirliydi. Ancaq indi başqa bir ruhi dəyişiklik içərisində olduğu bəlli olurdu. Dünya məsələlrindən əl çəkib inzivanı sevirdi. Səssiz və iddiasız bir həyat keçirirdi. Bu dünyanın hay-harayındın uzaq, gurultusuz tənha bir yerə çəkilib səssizcə xəyala dalardı. Məkkənin üç milliyində yerləşən Hira dağında özünə bir mağara seçmişdi. Ramazan ayını orada keçirməyi adət etmişdi. Hira səssizliyin, sakitliyin hökm sürdüyü, ruhani bir təfəkkür üçün çox əlverişli bir yer idi. Ramazan ayı gələndə özü ilə yemək içmək götürüb, həyatın gurultusundan, insanların söz-söhbətindən qaçaraq oraya qədər, vaxtını ibadətlə keçirərdi. Orada ruhunun sükunətinə dalar, dərin düşüncələrə qərq olardı. Onda böyük ruhi dəyişikliklər olurdu. Cənabı Haqq onu böyük vəzifə üçün dözümə, o vəzifəni yerinə yetirməyi hazırlaşdırırdı. Qulağına qeybdən səslər gəlirdi. Sən Rəsulullahsan deyilirdi. Gözünə Mələklər görünür, yuxuları çin olurdu. Bütün bunlar risalətə, insanları böyük həqiqətə dəvətə hazırlıq üçün lazım idi. O bəhərin İlahi mürşidi olacaqdı. O, Xətamül Ənbiya idi.

Miladın 610-cu ilinin mübarək Ramazan ayı yeni girmişdi.Həzrəti Peyğəmbər adəti üzrə,lazımi qədər yemək götürərək Hira dağına yollandı.Ağır ağır gedirdi.Ayaqları yolu tanıyırdı.Məkkəlilərin hamısının sevgi və hörmətini qazanmış sədaqət və dürüstlüyünə inandıqları üçün “Məhəmmədül Əmin” adlandırılmış bu şəxs niyə bu qədər fikirli idi ? Şübhəsiz ki onu bu düşüncələrə qərq edən qövmünün cahilliyi, bəşəriyyətin qəddarlığı idi. O böyük həqiqəti axtarırdı. Ancaq ona gedən yol harada idi? Qövmü xeyir və zərər verməkdə aciz olan bütlərin önündə əyilirdidər, onlara Tanrı deyərək ibadət edirdilər. Halbuki onların əlindən nə ruzi yaradıb vermək gəlirdi, nə də bir zərər və fəlakətin qarşısını ala bilirdilər. Daş və ağac parçaları idilər. Buna baxmayaraq, qövmü onların önündə əyilir, niyaz edir, onlara yalvarırdılar.

Kəbədə 360- a yaxın büt var idi. Bu qədər cahillik olardımı? Elə belə davam edəcəkdimi? Bir Haqq məbədi olan Kəbədə bu bütlər nə qədər qalacaqdılar? Həzrəti İbrahim və İsmayıl onu Allaha ibadət üçün tikmişdilər, rüku edənlər, səcədəyə qapananlar üçün tər təmiz buraxmışdılar. İndi isə oraya bütləri doldurmuşdular. Cəhalət hər tərəfi bürümüşdü. Yalnız bu deyildi. Ərəblər qız uşaqlarını diri-diri torpağa basdırır, məcusilər ana, bacı ilə evlənməyi halal sayır, quldurlar ölkələri viran qoyur, qullara əzab verirdilər. İnsanların halı necə olacaqdı? Bunun axırı hara gedəcəkdi?

Bu cür fikirlərlə məşğul ikən mağaraya çatmışdı. Həzrəti Məhəmməd mağarada hansı şəriətlə ibadət edirdi? O Həzrəti İbrahimin şəriəti üzrə ibadət edirdi. Musa və İsanın şəriəti üzrə ibadət edirdi deyənlər də var. İbn Kəsir bu barədə bir sıra rəvayətlər nəql edir. Ən doğrusu, öz aləmində Haqq bildiyi şəriət üzrə idi deyir. Peyğəmbərimizin necə ibadət etdiyini söyləmək lazım gələrsə, onun təfəkkür və ibrətdən ibarət olduğunu söyləyə bilərik.



A. İlk vəhy və ilahi Dəvətin başlanğıcı.

Nübüvvətin müqəddiməsi olaraq böyük sirr və uca həqiqət Həzrəti Peyğəmbərə röya aləmində göstərilməyə başladı. Onun yuxuda gördüyü hər şey, eynilə baş verirdi.

Bir gün Hira Dağındakı mağarada xəyala daldığı zaman gözünə mələk göründü və;

Oxu dedi. Həzrəti Peyğəmbər;

Mən oxumaq bilmirəm dedi.

Bu sözdən sonra mələk onu tutub başdan ayağa, taqəti kəsilənə qədər sıxdı və yenə;

Oxu, dedi.

Həzrəti Peyğəmbər eyni cavabı verdi.



  • Mən oxumağı bilmirəm dedi.

Mələk yenə onu başdan ayağa, taqəti kəsilənə qədər sıxdı və buraxaraq yenə;

  • Oxu, dedi.

Bu üçüncü əmr qarşısında Həzrəti Məhəmməd titrək bir səslə, sanki yalvararaq;

  • Nə oxuyum deyə soruşdu? 15

O zaman mələk, ilahiyyatdan, görünən aləmin o yanından gələn səslərin ən şirin ahəngi ilə bunları oxudu;

Xəlq edən Rəbbinin adıyla oxu.O insanı qandan xəlq etdi.Oxu O, çox kərim olan Rəbbinin haqqı üçün ki, O qələmlə təlim etdi.İnsana bilmədiyini öyrətdi.16

Həzrəti Peyğəmbər onu dinlədi və sözlər qəlbinə nəqş olundu.Mələk bunları oxuduqdan sonra ortadan qeyb oldu. Bunlar Qurani Kərimdən enən ilk ayələr oldu.17Anlaşılan odur ki, bu ayələr Həzrəti Peyğəmbərə dəvətdən bəhs etməkdə idi.Bu ona hazırlıq idi.Buna görə Həzrəti Məhəmməd titrəyərək evinə döndü və gördüyü şeyi xanımı Həzrəti Xədicəyə danışdı.Mənə nə olur? bilmirəm dedi.

Həzrəti Xədicə, sadiq və dürüst ərinin yaşadığı ruhi halları, keçirdiyi iztirabı yaşamış kimi oldu.Ona təskinlik verdi; “ Vallahi Allah səni saptırmaz “dedi. Ancaq Həzrəti Xədicə işin mahiyyətini tam anlaya bilmədiyi üçün əmisi Vəraqa bin Nofəlin yanına getməsini təklif etdi. Həzrəti Peyğəmbər, Həzrəti Xədicənin təklifini qəbul edib, birlikdə Vəraqanın yanına getdilər.Gördüklərini danışdıqda Vəraqa həyacanlandı.Bu peyğəmbərlərə gələn Namusdur. ( Böyük Mələk) Keşkə qövmün səni Məkkədən çıxardığı zaman səninlə bərabər olaydım dedi.Həzrəti Məhəmməd; «Onlar məni çıxaracaqlar mı»? deyə heyrətlə soruşdu. Vəraqa;

-Bəli dedi. Sənin kimi qövmünə göndərilmiş elə bir peyğəmbər yoxdu ki, ona yalançı deməsinlər, əziyyət verməsinlər, onu yerindən, yurdundan çıxarmasınlar.18 Aradan çox keçmədən Vəraqa öldü.19

Bundan sonra Cəbrayıl, bir müddət görünmədi. Rəsulullah mağarada və mağara xaricində bir gözləmə halındaydı. Bir dəfə gəzərkən bir səs eşitdi. Başını göyə qaldırdı. Cəbrayılı gördü. Necə ki Hira mağarasında gördüyü kimi Qorxdu həyacanlandı. Tez evinə gedib yoldaşına; Məni örtün, məni örtün dedi. Üstünü örtdülər.20Bu halda ikən Cəbrayıl gəlib Rəbbinin bu buyuruğunu təbliğ etdi;

«Ey bürünüb yatan, qalx insanlara tutduqları yolun pis olduğunu xəbər ver, Rəbbini ulu tanı və uca tut. Dünyanın kir və pasından üstünü, başını təmizlə. Bütləri tərk et.21Bunlar Rəsulullahı İslam dəvəti ilə mükəlləf qılan ilk ayələrdir. Bu ayələr ilə qapalı olan şey açıqlığa qovuşmuş, Həzrəti Məhəmməd də böyük yükü daşımaq üçün ayağa qalxmışdır.

Bununla Həzrəti Məhəmmədin peyğəmbərliyi başlamış və bu risalət daha öncə bəhs etdiyimiz cahiliyyə dövrünü sona çatdırıb, insanlıq üçün yeni bir dövr açmışdır. Bu İslam dövrüdür.

İslam öncəsi dünyadan bəhs edərkən cahiliyyə sözü məlumatsızlıq mənasında işlənməmişdir. Ərəb yarımadasında olsun, dünyanın başqa bölgələrində olsun, mədəniyyət var idi. Fəqət insanlar dünyadakı məsuliyyətlərini bilmirdilər. Allah qarşısındakı yerini unutmuşdu. İnsan insan olmanın gərəyindən xəbərsiz idi. İslam bu sapıqlığa bir son verdi. İnsana yenidən öz kimliyini xatırlatdı. Allah qarşısında, dünya qarşısında yerini müəyyən etdi.

Rəvayət edildiyinə görə Cəbrayıl, Allahın əmrini təbliğ edib ayrıldıqdan sonra Həzrəti Məhəmmədin vucudundan tər boşaldı. Həzrəti Xədicə bu vəziyyəti görüncə Həzrəti Peytəmbərə dedi; Bir az istirahət et. Həzrəti Məhəmməd, Həzrəti Xədicəyə cavab verdi;

«Ey Xədicə! İstirahət üçün vaxt yoxdur deyərək, insanları Haqqa dəvət vəzifəsini yerinə yetirmək üçün hərəkətə keçdi.

Müddəsir surəsinin ilk ayələri Həzrəti Məhəmmədə insanları Allahın əzabıyla qorxutmasını və Allahın dininə dəvət etməsini əmr etmişdir. Bu ayələr ilə yeni dinə dəvət mərhələləri başlayırdı22. Həzrəti Peyğəmbərin dəvəti üç mərhələdə gerçəkləşmişdir.



1. Fərdi dəvət;

Bu dəvət mərhələlərin ilkidir. Bu mərhələdə Rəsulullah, ailə fərdlərindən başlayaraq yaxın çevrəsindəki səmimi dostlarını gizlicə İslama dəvət etmişdir.İlk dəvətin mövzusu şübhəsiz ayədə bildirilən İslamın ilk prinsipləri idi;Allaha inanmaq və bütlərə itaət etməmək.Bu çağrışda Ona xanımı Həzrəti Xədicə, əmisi oğlu Əli və azad köləsi olan Zeyd uydu.Bunların ardından da dostu Əbu Bəkr gəldi.Hər gələn halqanı bir az da genişlədirdi.Necə ki, Əbu Bəkr, Osman b. Affan, Zübeyr bin Avvam, Sa'd bin Əbi Vəqqas, Əbdürrahman b.Avf, Talha b.Ubeydullah və Əbu Ubeydə b. Əl-Cərrah kimi Qureyşin irəli gələnləri İslamla şərəfləndilər. Bunlarla bərabər kölə və fəqirlərdən bir qrup kimsə də İslamiyyətə girdi.23 Bu fərdi və gizli dəvət üç il davam etdi. Bunların içərisində İslamı tərəddütsüz qəbul edənlərdən Əbu Bəkr olmuşdur. Necə ki Həzrəti Peyğəmbər demişdir; « İslama dəvət etdiyim hər kəs öncə bir tərəddüt keçirdi. Ancaq Əbu Bəkir müstəsna24.


2. Əbdülmüttəlib oğullarını İslama dəvət.

Bu Rəsulullahın İslama dəvət mərhələsinin ikincisidir.» Öncə ən yaxın qohumunu xəbərdar et25 » ayəsi nazil olunca Rəsulullah, Əbdülmüttəlib oğullarını bir toplantıya çağırdı və onlara belə xitab etdi;

«Qövmünə mənim sizə gətirdiyimdən daha yaxşısını gətirən bir insan tanımıram.26 Mən sizə dünya və axirətin ən xeyirli şeyini gətirdim.

Daha sonra da onları İslama dəvət etdi. Bir qismi ona inandı. Bir qsmi də inanmadı. İnanmayanların başında əmisi Əbu Ləhəb və arvadı var idi. Bunlar Rəsulullaha qarşı amansız bir düşmənçilik göstərirdilər. Hətta Əbu Ləhəb Rəsulullaha; Səni məhv olasan bizi buna görə mi çağırdın? deyə bağırdı27 .Buna görə də Təbbət surəsi nazil olmuşdur.

Əbdülmüttəlib oğullarının İslama dəvəti, ümumi dəvətə zəmin hazırladı. Çünki Həzrəti Peyğəmbərin çağrışı, o zamana qədər sadəcə yaxınları tərəfindən duyulurdu. Bundan sonra, düşmənçilik edənlər də bu dəvətin genişlənməsini eşidəcəklərdi.

3. Ümumi Dəvət

Qurani Kərimdəki; « Ey peyğəmbər! İnsanlara əmr olunduğunu açıqca təbliğ et28 ayəsi nazil olunca, Həzrəti Peyğəmbər ağa, kölə uzaq yaxın hər qrup insanı açıqca İslama dəvət etməyə başladı. Artıq müxtəlif yerlərdən Məkkəyə ziyarətə gələnləri də İslama çağırırdı. Bu zamanda Vəlid b. Vəlid b. Muğirə, Əbu Cəhlin qardaşı Sələmə b. Hişam, Əbu Hüzeyfə, Utbə b. Rəbiə və Allahın hidayətlərini dilədiyi digər kimsələr müsəlman oldular.

Daha öncə qeyd etdiyimiz kimi İslama dəvət gizlicə başlamışdı. Qureyş bundan qısa zamanda xəbərdar oldu. Fəqət dəvətin gizli edildiyi bu dönəmdə Həzrəti Peyğəmbərə qarşı düşmənçiliklərini açıqca ortaya qoymadılar. Bu dəvətin güclənəcəyini və bir çox kimsənin yeni dinə girəcəyini düşünməmişdilər. Digər tərəfdən də Həzrəti məhəmmədin Əbdülmüttəlib oğullarının dəvətinə Qureyş çox önəm verməmişdi. Bunu ailə içərisində cərayan edən bir hadisə olaraq dəyərləndirmişdi. Buna görə müdaxilə etməmiş, Əbu Ləhəb və bənzərldərinin qarşı çıxmasıyla kifayətlənmişdilər. Fəqət Rəsulullah, İslamı hər kəsə açıqca dəvət etməyə başlayınca, Qureyş yeni dinə qarşı var gücüylə düşmənçiliyini ortaya qoydu və onu yox etmək üçün hər cür çarəyə baş vurdu. Qureyşin bu düşmənçiliyindən və qarşı çıxmalarından bəhs etmədən öncə onların onların bu sərt müqavimətlərinin səbəblərini açıqlamaq yerində olacaqdır.



B. Qureyşin İslama qarşı çıxmasının səbəbləri.

İslamdan öncə Ərəblərin yaşayış və əxlaqını incələrkən etdiyimiz araşdırmalar, onların İslama və müsəlmanlara niyə görə düşmən olduqlarını ortaya qoya bilər.

Bütün dünyada olduğu kimi Ərəb yarımadasında da köləlik yayılmışdı. Bədənlərinin kölə olmasından başqa ağıl və qəlbləri də hürr deyildi. Yəni kölə ağasının dini xaricində başqa bir dinə inana bilməzdi. Ancaq ağasının sevdiyi şeyləri sevə bilər, sevmədiyini sevməzdi. İslam gəlincə ağıl və qəlbin köləliyini qəbul etmədi. İslama görə kölə də bir insandı və onun qəlbinə, ruhuna hökm oluna bilməzdi. Dinində, sevgisində, nifrətində azaddı. Cisminin köləliyi də mütləq deyildi. Yemə, içmə, geyinmə və evlənmə kimi hallarda ağasına qarşı haqqları vardı. Sahibi köləyə haram olan bir şeyi etməsini əmr edə bilməzdi29.

Daha öncə qeyd etdiyimx kimi bir çox kölələr İslam dininə girdi. Həzrəti Məhəmməd onlara dəyər verdi. Ağadar, köləlrinin müsəlman olmalarını özlərinə qarşı bir üsyan, Həzrəti Məhəmmədi də bu fitnəni körükləyən biri olaraq qəbul etdilər. Həzrəti Məhəmməd öz yaxınlarını dininə dəvət etməklə kifayətlənmədi. İslamı əsilzadələrin istəməməsinə baxmayaraq, kölələr vasitəsiylə onların evlərinə daxil etməyə çalışdı.

Ərəblərin həyatı ticarət ilə əlaqədar idi. Ticarət mərkəzi isə Məkkə, yəni ərəblərin müqəddəs yeri olan Kəbə idi. Kəbənin içində 360 dənə büt var idi. Onlara elə gəlirdi ki, İslamiyyət bütləri aradan qaldırsa ticarət həyatı dayanacaqdır. Elə hesab edirdilər ki, ərəbləri Məkkəyə çəkən şey yalnız bütlərdir. Bütlər olmasa onlar Məkkəyə gəlməyəcək, Kəbə əhəmiyyətini itirəcək, zənn edirdilər.

İbtidai millətlər ata babalarından gördükləri şeylərdən asanlıqla əl çəkə bilməzlər. Yaxşı və pisi, faydalı və ziyan olanı seçmə qabiliyyətləri, mühakimə qüvvələri azdır. Kor-koranə adətlərə tabe olarlar. Yenilik gördükləri zaman ona düşmən kəsilərlər. Ərəbistanda əsrlərdən bəri bütpərəstlik kök salmışdı. Həzrəti İbrahimin tövhid dininin ən müqəddəs məbədi olaraq qurduğu Kəbənin içinə 360 büt doldurmuşdular. Bu bütlərdən əl çəkmək onlara çətin gəlirdi. İbtidai fikirlərdən hələ xilas ola bilməmişdilər.» Atalrımızı onlara ibadət edən görmüşük, onlardan necə əl çəkək»? deyirdilər.

Qurani Kərim insanların bu zəif tərəflərinə, bir çox ayələrdə işarə etmişdir.

Atalarımızı elə gördük deyə köhnəliyə bağlanıb xeyirli yeniliklərə və həqiqətlərə arxa çevirənləri qınayır.30

Ərəblər insanlar arasındakı sosyal təbəqələrə böyük önəm verirdilər.Hər insanın cəmiyyət içərisində sosyal bir vəziyyəti var idi.Ondan kənara çıxa bilməzdi.Halbuki Həzrəti Məhəmmədin dəvət etdiyi din, insanlar arasındakı bərabərliyi ön plana çıxarmışdı.Bu din ağa ilə köləni eyni tuturdu.Hətta köləni ağasından daha müttəqi isə, daha üstün tuturdu. Qurani Kərimdə; Əlbətdə ki, Allah nəzdində ən şərəfli olanınız təqva yönündən ən yüksək olanınızdır31.

Ərəblərə görə o millətin başına keçən adamın iki əsas şərti var idi. Birincisi çox varlı olmalı idi, ikincisi də çoxlu uşaq sahibi olmalı idi. Bu çox ibtidai bir görüş idi. Bütün vəhşi qəbilələrdə eyni şərait hakim idi. Övladı çox, mal dövləti bol olmayan bir adamın başçılıq vəzifəsinə keçməsini ağıllarına sığışdıra bilməzdilər. Başçıda ləyaqət, bacarıq ali keyfiyyətlər axtarılmaz, ancaq çoxlu pul və övlad axtarılırdı. Həzrəti Məhəmməddə isə bunlar yox idi. Ona görə də onun arxasınca gedə bilmərik, deyirdilər. Ərəblərə görə, bu vəzifəyə Vəlid ibni Muğirə, Ümeyyə ibni Xələf, Əbu Məsud Sakafi kimi adamlar layiq ola bilərdilər.

Qurani Kərim onların bu fikirlərinin səhv olduğunu özlərinə bildirir; «Onlar bu Quran niyə Məkkə və Taifin böyüklərindən birinə nazil olmadı»? deyirlər.

Haşimi və Əməvi rəqabəti, qəbilə təəsübkeşliyi; Haşimilər ilə Əməvilər arasında qədimdən baş alıb gedən rəqabət var idi. Haşimilərdən olan Əbdül Müttəlib öz şəxsi nüfuz və bacarığı sayəsində Haşimilərin adını çox ucaltmışdı. O, həyatda olduğu zamanlar heç kim Haşimilərə yan baxa bilmirdi. Təəsüf ki, onun ölümündən sonra oğlanlarının heç biri onu əvəz edə biləcək bir qüdrətə sahib deyildi 32.Ərəb ən'ənələrinə görə elə bir iqtidar sahibi olmaq üçün, həm çox sərvət, həm də çox uşaq sahibi olmaq lazım idi.Onların da hər ikisi eyni bir adama hər zaman qismət olmurdu. Əbu Talib varlı deyildi, Abbas varlı idi ancaq əliaçıq deyildi. Əbu Ləhəb isə dəymədüşər və əxlaqsız idi. Əməvilər bu fürsətdən istifadə edərək öz xanədanlarını, ailələrini ucaltmaq istədilər. Elə bu ərəfədə Həzrəti Məhəmməd meydana çıxdı. O Haşimilərdən idi. Əməvilər yenə kölgədə qala bilərdilər. O səbəbdən də İslamiyyətə düşmən kəsilmişdilər.

Bədir müharibəsindən başqa Qureyş tərəfindən müsəlmanlara qarşı aparılan bütün döyüşləri Əbu Süfyan planlamışdı. Doğrudur Həzrəti Peybəmbərin düşmənləri arasında Haşimilərdən olan əmisi Əbu Ləhəb də var idi. Ancaq əksəriyyət Əməvilərdən ibarət idi. Peyğəmbərimizin ən amansız düşməni olan və namaz qıldığı zaman onun üstünə pis şeylər atan Ukbə ibni Muayt Əməvilərdən idi.

Qureyş başçılarının İslamiyyətə niyə elə dərin nifrət bəslədikləri bu səbəblərdən ortaya çıxır. Müxtəlif səbəblərin təsiri altında islam hərakatına qarşı gəlmişlər, Cənabı Haqqın yandırdığı hidayət nurunu ağızları ilə söndürməyə çalışmışdılar, əbəs yerə nəfəslərini qurtarmışdılar.

«Ağızları ilə Allah nurunu söndürmək istəyirlər. Allah isə nurunu tamamlamağı murad etmişdir və kafirlər istəməsə də elə olacaq” 33.
C. İslam inkişaf edir, Qureyş mübarizəsini gücləndirir.

Qureyş bu ilk İslamlaşma dönəmində mubarizəni iki sahədə aparırdı. Öncə kölə və kimsəsizlərə, sonra digər möminlərə savaş elan edilmişdir.

İslamın inkişaf seyrini bilmək baxımından bu dönəmləri ayrı ayrı izah edək.
1. Kölə və kimsəsizlərə qarşı savaş;

Qureyş başlanğıcda, İslam dəvətinə çox da önəm verməmişdi. Ona qarşı mübarizə aparılmayacaq dərəcədə bir hərəkət olaraq qəbul etmişdi. Həzrəti Məhəmmədin dəvətinin bir müddət sonra zəifləyib yoxa çıxacağını zənn edirdilər. Fəqət çox keçmədən İslam evlərinə girməyə başladı. Dəyər verməyib lazımsız əşya kimi saydıqları kölələri yeni dinə girdilər. İslam köləliyin ağıl və qəlbə təsir etmədiyini sadəcə cismə məxsus olduğunu bildirmişdir.

Bu səbəbə görə, İslama qarşı savaşda ilk təcavüz, kölə və gücsüzlərə qarşı oldu. Əmmar atası Yasir və anası Sümeyyə, Bilal və Həbbab bin Eret kimi kölə və kimsəsizlərə ağla, xəyala gəlməyən işgəncələr edilmişdir. Onları insafsızca döydülər, günlərcə ac qoydular, quma yatırıb üzərlərinə isti, ağır daşlar qoydular. Yasir işgəncə ilə şəhid edildi. Xanımı Sümeyyə sızlayınca, Əbu Cəhl nizəsi ilə onu da şəhid etdi.34

Bu işgəncələr elə qəddarlıqla davam etdi ki, bir çox zəngin müsəlmanlar birləşərək o kölələri sahibləindən alıb, azadlıqlarına qovuşdurdular. Əbu Bəkr Bilal və anası Həmaməyi, Əmr b. Füheyrə də beş müsəlman qadını hürriyətinə qovuşdurdu.

Aşağıdakı ayələrin bu mövzuda endiyi bildirilir;

«Allahdan qorxan isə ondan (cəhənnəm odundan) uzaqlaşdırılar. O kəs ki, pak olmaq üçün malını (Allah yolunda) verər. Mükafatlandırılası nemət üçün onun heç kimə minnəti olmaz. O ancaq öz ulu Rəbbinin razılığını qazanmaq üçün belə edər.35


2. Bütün müsəlmanlara qarşı savaş.

İkinci sahədə Qureyşin düşmənçiliyi yeni dinin bütün mənsublarına yönəldi. Çünki Qureyş, İslamın artıq yayılmağa başladığını və bir qism öndə gələnlərin də yeni dinə girdiyini görürdü. Artıq İslamın dəvəti təhlükəli olmağa başlamışdı. Düşmənçiliyin çərçivəsi genişləndi, bütün müsəlmanları əhatə etdi. Hər müsəlman Qureyş içərisindəki vəziyyəti, sərvəti, etibar və qüvvəti nə olursa olsun müşriklərin hücüm və işgəncələrinə hədəf oldu. Hətta Əbu Bəkr, Osman, Zübeyr, Əbu Ubeydə kimi müsəlmanlar belə bu zülm və işgəncəyə məruz qaldılar.

Bu kimsələrin bəzən özlərini müdafiə etmələri mümkün idi. Fəqət hələ müdafiə üçün olsa da gücdən istifadəyə izin verilməmişdi. Bu səbəbə görə ilk müsəlmanların həyatı işgəncə ilə keçmişdi.

Bu dönəmdə müşriklər, Haşimioğullarının gücündən və Əbu Talibin himayəsindən çəkindikləri üçün Rəsulullaha çox toxunmamışdılar.


D. Həbəşistana Hicrət.

Müşriklərin müsəlmanlara etdikləri əzab əziyyət gündən-günə artırdı. Bu işgəncələr dayanılmaz bir hala gəlmişdi. Hətta ara-sıra müsəlmanlar şəhidlər də verirdilər. Müşriklər əllərini məsum müsəlman qanına bulamaqdan çəkinmirdilər. Bu vəziyyəti götür-qoy edən Həzrəti Peyğəmbər müsəlmanların daha təhlükəsiz bir yerə hicrət etmələrinə icazə verdi və onların Həbəşistana getmələrini məsləhət gördü. “Orada bir hökmdar var, heç kimə haqsızlıq etdirməz, ora dürüst və təhlükəsizbir yerdir. Rəsulullah şəxsən Nəcaşini tanıyırdı36. Allah başqa bir qapı açana qədər orada qalın”, deyə buyurdu.37

Həzrəti Peyğəmbər islamın sadiq yolçularına hicrət yeri olaraq Həbəşistanı seçmişdi. Çünki Ərəblərin həmin yerlə ticarət əlaqələri var idi. 38 Həmin yerin vəziyyətini bilirdilər. Müsəlmanların orada ac və səfil qalmaq təhlükəsi yox idi. Üstəlik Həbəş hökmdarı ədaləti ilə də şöhrət qazanmışdı. Ona görə də müsəlmanlar Həbəşistana hicrət etməyə başladılar və oraya iki qafilə halında yola düşdülər. İslamın ilk hicrəti bu olmuşdur.39

Birinci qafilə on bir kişi dörd qadından ibarət idi. Məkkədən gizlincə çıxıb Qırmızı dəniz yolu ilə getmişdilər.

Müsəlmanlar müşriklərin bütün əzab əziyyətlərinə dözürdülər. Onları Ən çox incidən şey dini ibadətlərini rahat yerinə yetirə bilməmələri idi. Namazlarını gizlin qılırdılar. Namazda aşkar Quran oxuya bilmirdilər. Sonralar, İslamiyyət şövkət və qüvvət tapanda, qədim dövrlərin bir xatirəsi olaraq bəzi namazlarda gizli Quran oxumaq üsulu davam etdirilmişdir.

Həzrəti Əbu Bəkr kimi nufuzlu və mövqeyi olan bir belə uca səslə Quran oxumağı qadağan etmişdilər. Bu cəhət müsəlmanlara çox təsir edirdi. Ona görə də dini ibadətlərini azadca, istədikləri kimi yerinə yetirə biləcəkləri, Allahın dilədiyi qulluqlarını yerinə yetirəcəkləri bir yerə gedirdilər.

Bu hicrət sadəcə müşriklərin əlindən qaçmaqdan ibarət deyildi. Bunun başqa, daha mənalı bir məqsədi də var idi. O damüsəlmanlığı duyurub yaymaq idi. Bu səbəbdən müşriklər müsəlmanların Həbəşistana hicrət etmələrindən qorxuya düşmüş, müsəlmanlığın orada yayılıb güclənməsindən çəkinərək, müsəlmanları orada da rahat buraxmaq istəməmişdilər. Müşriklərin təlaşı, bu hicrətin böyük əhəmiyyətini bir daha təsdiq edir.

Bəzi tarixçilər, ümiyyətlə, Həbəşistana kasıb və kimsəsiz müsəlmanların hicrət etdiklərini söyləyirlər, lakin bu doğru deyildir.

Oraya hicrət edənlərin içində, varlı, kasıb hər sinifdən insan var idi. Həzrəti Osman, Zübeyr, Mus'ab, Əbdürrəhman ibni Avf kimi şöhrətli adamlar da var idi.Bu qafilənin içində Bilal Həbəşi, Əmmar və atası Yasir kimi ən insafsız işgəncələrə məruz qalan kimsəsiz müsəlmanları görmürük. Əsl hicrətə getməsi lazım olan bu müsəlmanlar ya hicrət vasitəsindən məhrum idilər, ya da könüllərində yanan iman eşqi bu müvəqqəti cəfaları heçə sayacaq dərəcəyə yüksəlmişdi.

İlk gedən qafilənin Həbəşistanda yaxşı qarşılanması, orada sakit bir həyatın başlanması müsəlmanlara ümid verirdi. Həbəşistana birinci hicrət Həzrəti Məhəmmədin peyğəmbərliyinin beşinci ilində olmuşdur.40 (615 m.) Bir il sonra bisətin altıncı ili ikinci qafilə Həbəşistana yola düşdü.41 Rəbbimiz Allahdır, dedikləri üçün doğulub böyüdükləri yerlərindən və yurdlarından çıxmağa məcbur qalan bu insanlar, dinlərini və əqidələrini qorumaq kimi müqəddəs bir qayə ilə yad ellərə gedirdilər. Bu qafilədə ana-atalarından ayrılan möminlər, Allaha istədikləri kimi ibadət edəcək bir torpaq axtarırdılar. Bu qafilənin başında Həzrəti Peyğəmbərin əmisi Əbu Talibin oğlu Cəfər dayanırdı. İkinci qafilə say etibarı ilə birincidən daha çox idi. Sayı barəsində mübahisəli fikirlər olsada, səksəndən az olmadıqları yəqindir. Onlar da sağ-salamat Həbəşistana çataraq, orada sakitcə yaşayırdılar.

Qureyş bu vəziyyətdən təlaşa düşdü, hirsləndi. Mühacirləri geri almaq üçün təşəbbüs etdilər. Bir sıra hədiyyələr götürərək Həbəş kralı Nəcaşiyə elçi göndərdilər. Müsəlmanların oradan geri qaytarılmısını Nəcaşidən və adamlarından xahiş etdilər.43 Çünki müsəlmanlar Həbəşistanda himayə görsələrdi, Ərəbistan xalqının islamiyyətə girməsi asanlaşardı. Belə olduqda da müşriklərin islamiyyətin önünə çəkmək istədikləri sədd yıxılar və İslamiyyət hər tərəfə yayılardı. Bu isə müşriklərin arzu etmədikləri bir şey idi.

Əmr ibni As və Abdullah ibni Əbi Rəbiədən ibarət Qureyş elçiləri Həbəşistana getdilər44.Oraya çatdıqları zaman, Həbəş kralına, saray adamlarına, ruhanilərə, keşişlərə qiymətli hədiyyələr təqdim etdilər və müsəlman mühacirlərin geri qaytarılmasını istədilər.45 Bunlar Həbəşistanda müsəlmanların Həzrəti İsa və anası haqqında çirkin sözlər söylədiklərini yaydılar.

Keşişlər hədiyyələri alan kimi, müsəlmanları geriyə qaytarmaq üçün kömək edəcəklərinə söz verdilər və elçilərin tələblərini haqlı hesab etdilər. Ancaq Nəcaşi müsəlmanların rə'yini öyrənmədən, ona sığınanlara bir dəfə də olsa qulaq asmadan, belə mühüm bir işə qərar verən adam deyildi. O doğrudan da ədalətli bir hökmdar idi. Nəcaşi bir məclis qurub müsəlmanların başçısı Cəfərə söz verdi. Cəfər bu itthamlara lazımı cavabı verdi və Həzrəti İsa haqqında Məryəm surəsinin ayələrini oxudu46 və İslamın əsaslarından bəhs edərək qane edici bir söhbət etdi. Bu ayələr onların incildən bildiklərinə uyğun idi. Ona görə də Nəcaşi:

-Bunlar İsaya gələn kəlam ilə eyni mənbədən coşan, eyni nurdan fışqıran işıqlardır,- dedi. Elçilərə dönərək:



  • Bu insanları sizə təslim edə bilmərəm, geriyə döndərə bilmərəm, bunu bilin dedi.

Qureyşdən gələn heyət Həbəşistandan əliboş geri qayıtdı.47 Həbəşistandakı müsəlman mühacirlər yerli camaatla çox yaxşı dolanmı, onların şad günündə sevinmiş, dərdlərinə şərik olmuşdular. Hətta Həbəşistan bir müddət döyüşmək məcburiyyətində olduğu zaman, müsəlmanlar Həbəş ordusunda vuruşmaq istəmişdilər və Həbəşistan da qələbə çalmışdı. Müsəlmanlar da bu qələbəni sevinc içərisində qeyd etmişdilər.

Müsəlmanlar Həbəşistanda yerli əhaliylə qaynayıb-qarışaraq yaşayarkən, Məkkədə müşriklərin müsəlmanlığı qəbul etməsinə dair bir şayiə yaranmış və bu xəbəri eşidən mühacirlər ana vətənə qayıtmaq istəmişdilər. Lakin Məkkəyə yaxınlaşdıqları zaman bu xəbərin yalan olduğunu başa düşərək geriyə qayıtmış və Mədinəyə hicrətlərinə qədər orada yaşamışdılar.


Yüklə 376,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə