Görkəmli alim işığlı ziyalı



Yüklə 0,66 Mb.
səhifə3/7
tarix05.10.2017
ölçüsü0,66 Mb.
#3430
1   2   3   4   5   6   7

ŞƏRHLƏR
* Abidənin Drezden nüsxəsinin titul səhifəsində əsərin adı orta əsr yazı ənə­nə­­sinə uyğun olaraq ərəb dilində bu şəkildə, yəni “Kitabi-Dədəm Qor­qud əla lisani-tayifeyi-oğuzan” şəklində verilmişdir. Güman etmək olar ki, bu, abidənin heç də ilkin adı deyildir. Bu adı ona ya ilk dəfə qə­lə­mə alan, ya da sonradan üzünü kö­çürən katib qoymuşdur. Fikrimizcə, əsər türk epos təfəkkürünə uyğun olaraq ilkin variant­da “Alp Ər Tonqa”, “Şu” kimi qədim türk dastanlarının adlanma ənəsinə uyğun olaraq, sadə­cə, “Də­də Qorqud” adlanmış və yalnız kitablaşdırıldığı dövrdən göstə­rilən adla tarixə düşmüşdür.

Bundan əlavə, titul səhifəsində digər yazılar da (bunun üçün səhifə 30-a bax) əksini tapmışdır ki, abidə­nin əvəzsiz tədqiqatçılarından pro­fessor S.Əlizadə on­la­rı bu şəkildə qruplaşdırır:

– adın altında çətinliklə oxunan “Sahib əs-səlam Abdullah bin Fə­rəc Kənd­xuda” monoqramı;

– üst sağ küncdə “tarixi-vəfati-Osman, sənə 993” yazısı;

– aşağıda sağ küncə doğru “Məhəbbətnamə ağzında yazılmışdır” qey­di;

– ortada dairəvi möhür, ayaqda sol küncdə isə üstündə saxlanıldığı Drezden muzeyinə işarə olaraq “Msc.Drezd. Ea. 86.” yazılmış düzbucaq­lı möhür (62 , 30).


[1] Araşdırmalar göstərir ki, (qaf) hərfi tarixən cingiltili [q] – “qe” və onun kar qarşılığı olan [k] – “ka” səsini ifadə etmək üçün isti­fadə olun­muşdur. Bu fakt “Dədə Qorqud kitabı”nın orfoqrafiyasında qabarıq şəkildə nəzərə çarpır. Belə ki, irə­lidə görə­cəyimiz kimi bu ikili xüsusiy­yət bə­zi arxaik sözlərin yanlış oxunuşuna şərait yarat­mış, nə­ti­cədə müasir əlif­ba ilə transletirasiya edilməsində və semantik açı­mın­da fərq­li yanaş­ma­lara yol açmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, türk naşir­lə­ri­nin “k” ilə verdiyi bu hərf Azərbaycan naşirlərinin transkripsiyasında “q” ilə get­mişdir. Sözsüz, bu, ilk növbədə, həmin xalqların istifadə etdik­ləri əlif­ba ilə şərtlənir və heç də bütün məqam­larda tarixiliyi əks etdirmir. Ənə­nəvi olaraq türk naşirlərinin “k” ilə yazdıqları bir çox sözlərdə bu hərf (qe) səsini bildirdiyi halda, Azər­baycan naşir­lərinin “q” ilə yazdıq­la­rı əksər sözlərdə (ka) səsini ifadə etmişdir. Üzərində dayan­­dığı­mız “yaqın” variantı da bu tipli nümu­nə­lərə aiddir. F.Zeynalov və S.Əlizadə

Drezden əlyazma nüsxəsinin titul səhifəsi





bir­gə nəşrində bu fakt diqqətə çatdırılaraq belə izah olunur: “ (qaf) – söz əvvəlində q sami­tinin, bəzi türk mənşəli sözlərin ortasında və sonun­da dilarxası kipləşən kar k səsi­­nin işarəsidir. Məs: (yakın), (bakaydıñız). Lakin nəşriyyat imka­­nını nəzərə alıb, həmin səsi də mətndə q hərfi ilə verməli olduq” (60, 24). Təhlilsə gös­­tə­rir ki, qaf hər­­fi təkcə türk mənşəli bəzi sözlərin ortasında və sonunda deyil, həm də əvvəlində də k səsini ifadə etmişdir, məsələn: kañlı (bol, zəngin), kalıñlıq (başlıq), koş (dəri) və s. Əsərin oxu­nu­şunda tarixilik prinsipinə müəyyən də­rəcədə xələl gətir­mə­sinə baxmayaraq, biz qaf hərfinin ifadəsində Azər­bay­can naşirlərinin ənənəsini gözləməyi seçim etdik.

Digər cəhətdən, bu sözün işləndiyi “Rəsul əleyhissəlam zamanına ya­qın Bayat boyından Qorqut ata derlər bir ər qopdı” cümləsi abidəyə da­xil olan boyların yaradıcısı sayılan ulu Qorqudun yaşadığı dövrü mü­əyyən­ləşdirmək baxımından maraq doğurur. Əksər alimlər “Kitab”da get­miş bu fikirdən çıxış edərək Qorqud atanın Məhəmməd peyğəmbərin za­manında yaşadığını irəli sürürlər. Ancaq “yaqın” sözü­nün daşıdığı se­man­tikaya istinad etdikdə, türk dünyasının bu ulu ozanının so­nuncu pey­ğəm­bərlə bir zamanda deyil, ona yaxın bir dövrdə dünyaya gəldiyi aydın olur. Əgər abidənin tarıxin sonrakı mərhələsində islamlaşmış qatını gö­tür­sək, onun daha qədim türk həyat tərzini, düşüncəsini, inam və inan­cı­­nı əks etdirdiyini görmək olur. Ağızdan ağıza dolaşmaqla yayılan və is­lamı qə­bul edən oğuzların sonrakı yaşam və düşüncə tərzinin ele­ment­lərinin il­kin mətnə əlavəsi yolu ilə formalaşan bu möh­təşəm abidənin ya­zı­ya alın­dığı dövrdə, yəni XI əsrdə və yaxud sonradan üzü köçü­rüldüyü XV-XVI əsrlərdə Dədə Qorqud artıq Məhəmməd peyğəmbərin əsr­daşı ki­mi qə­ləmə verilmişdir. Görünür, elə buna görə də XIV əsr tarixçisi F.Rə­şi­dəddin Kayı İnal xanın hakimiyyət illərindən danışarkən yazır: “Onun pad­­şah­lığı dövrün­də peyğəmbərimiz həzrət Məhəmməd Mustafa əley­hissəlam zühur etmiş, bu hökm­dar da Dede Kerençiki elçi sifətilə onun hü­zuruna göndərmiş və müsəlman olmuş­du. Bu Qorqud Bayat nəs­lin­dən olub Qara Xocanın oğlu idi. Çox ağıllı, bilikli və kəramət sahibi bir kəs idi. İnal xan Sır Yabquyun dövründə meyda­na çıxmışdı.

Bu sözləri söyləyənin dediyinə görə, iki yüz doxsan beş il ömür sür­­müşdü” (76, 43). Göründüyü kimi, böyük tarixçinin də şifahi şəkildə eşit­­diyi bu tarixi fakt­da ulu Qorqud artıq “rəsul əleyhissəlam zamanına ya­qın” deyil, onunla bir dövrdə yaşa­dı­ğı önə çəkilr. Fikrimizcə, tarixi şəx­siyyət olmuş Dədə Qorquda əfsa­nə qəhrə­man­­la­rı­na məxsus iki yüz dox­­san beş il yaş verilməsi də islam dininin türklər ara­sın­da ge­niş ya­yıl­ması və bu inamın təsiri ilə Məhəmməd peyğəmbərlə müasirləş­di­rilməsi ilə birbaşa bağlıdır. F.Zeynalov-S.Əlizadə nəşrində “Kitabi-Dədə Qor­qud”­­da ən qədim dini-mifoloji təsəvvürlər və bəzi adət-ənənlər hansı əsr­lərə aiddir?” sua­lına “Oğuzların ibtidai dövrünə – bizim eranın III-IV döv­­rünə” cava­bının veril­məsi (60, 16) təsadüfi xarakter daşımır. Boyların məz­­­­munundan görün­düyü kimi, ulu Qorqud həm özünəqədərki, həm də ya­­­şadığı, şahidi olduğu dövrlərin hadisələri əsasında boy boylamış, oğuz­na­mələr düzüb qoşmuşdur. Sonra­kı nəsil ozanlarının dilində “ol zaman” ki­mi qəlibləşən Oğuz zamanı əslində islam­dan qabaqkı dövrü əhatə edir ki, Dədə Qorqudun da bu mərhələdə, daha dəqiq ifadə etsək, V-VII əsr­lər ara­­sında yaşadığı daha məntiqi səsləşir. Belə bir yanaşma abidənin mət­nin­də əksini tapmış bəzi qədim deyimlərin, ifadələrin açımını tarixi ger­çək­liyə uyğun yoz­­mağa əsas verir.
[2] Abidənin tanınmış araşdırıcılarından biri hesab edilən və Drez­den nüsxə­sinin “Giriş” bölümünü ilk dəfə mətnin transkripsiyası və mü­ba­hisəli mə­qam­ların açıqlaması ilə ayrıca kitab şəklində nəşr etdirən Os­man Fikri Sert­kaya “ol” işarə əvəzliyinin şəddəli yazılışına əsasən, həmin sö­zü “evvel” vari­antında oxumağı və iş­ləndiyi cümləni “Oğuzun evvel ki­şi, tamam bilicisiydi” şək­lində verməyi məqsə­də­uyğun bilir (110, 31). Hör­mətli alimin düşüncəsinə görə, bu vari­ant “(Korkut Ata) Oğuzun evvel kişi(siydi), tamam bilicisiydi” cümləsinin “unsur­ları düşüme uğ­ra­mış, eksiltili, kısaltılmış” formasıdır (110, 47).

Təhlil göstərir ki, Drezden nüsxəsindəki bu yazılış variantına Ş.Cəm­şidov da diqqət yetirərək, onun “əvvəl” kimi oxuna bilməsini qeyd et­sə də,”ol” kimi oxunmasını məntiqi saymışdır (23, 100).

Məlumdur ki, uzun əsrlərin qovşağında formalaşan bu epos ilkin va­riantda han­sı­sa bir ozanın dilindən yazıya köçürülmüşdür. Odur ki abi­dənin mətnində bəzən müəy­yən söz və ifadələrin buraxılmasına, əla­və­sinə, yerdəyişməsinə, hətta təkrar ya­zı­­lı­şına rast gəlindiyi kimi, or­foq­rafik səhvlərə də yol verilmişdir. Təbii ki, belə hal­larda hər bir hadisəyə fər­di yanaşılmalı, mətnin kontekstinə uyğun tarixi faktlarla əsaslandırıl­ma­lı­dır. Bizcə, sözün orfoqtafiyası onun “evvel//əvvəl” şəklində oxunu­şu­na əsas versə belə, yazılışına müvafiq transkripsiya edilməsi və mə­na­lan­dırılması inandırıcı görün­mür. Bu bir neçə amillə bağlıdır:

Birincisi, “əvvəl” sözü zaman zərfidir və özündən sonrakı “kişi” sö­­zünə yana­şaraq onu təyin edə bilməz. O.F.Sertkayanın düşündüyü fik­rin alınması üçün bu məqamda “əvvəl” zərfi deyil, ondan törəmiş “əv­və­linci” sözü işləsdilməliydi.

İkincisi, “Oğuzuñ ol kişi tamam bilicisiydi” cümləsində getmiş “ol ki­şi” ifa­dəsi ilə dastançı öncəki cümlədə getmiş “Qorqut ata” adını üslubi ba­xımdan təkrar­lamaqdan qaçmış və bununla da işləndiyi cümləyə bir axı­cılıq, sadəlik gətir­mişdir.

Üçüncüsü, ola bilsin ki, əsərin ilkin yazıya köçürüldüyü dövrdə, yəni XI əsr­də ozanın dilində dialekt əlaməti və ya tarixi dil faktı olaraq il­­kin uzanmanın təsiri ilə “ol” işarə əvəzliyi “ool” [o:l] şəklində tələffüz edil­diyi üçün katib “şəddə” işarəsindən istifadə etməli olmuşdur.

Hər halda, hansı səbəbdən irəli gəlməsindən asılı olmayaraq, bu məqamda “əvvəl” sözünün işlənilməsi özünü doğrultmur.
[3] “Qorqut ata ayıtdı: “Axır zamanda xanlıq gerü Qayıya dəgə, kim­sə­­nə əllə­rindən almaya, axır zaman olub qiyamət qopunca”. Bu dedügi Os­man nəslidir, işdə sürülüb gedə yorır”.

Müqəddimədə Qorqud ataya məxsus ilk deyim və onun katib şər­hin­­­dən iba­rət bu hissəyə qorqudşünaslıqda fərqli şəkildə yanaşıl­mışdır. O.Ş.Gök­yay (107, 19), M.Ergin (101, I c, 73), V.V.Bartold (138, 9), H.Aras­lı (59, 14), Ş.Cəmşidov (23, 279), S.Tezcan-H.Boeschoten (116, 29) nəşr­lərində Qorqud kəlamı katibin əla­və etdiyi qeyddən fərq­lən­di­ri­lə­rək ayrıca cümlə şəklində verilmişdir. F.Zey­na­lov-F.Əli­zadə birgə nəş­rində (60, 31), eləcə də S.Əlizadənin ayrıca tərtib etdiyi nəşrdə (61, 30) və en­siklopedik nəşrdə (62, 30) isə katibə aid olduğu güman edilən qeyd Qor­qud deyiminin tərkibində ona məxsus fikrin davamı kimi belə bir va­ri­antda – “Qorqut ata ayıtdı: “Axır zəmanda xanlıq gerü – Qayıya dəgə, kim­­sənə əllə­­rindən almaya. Axır zaman olub qiyamət qopunca bu dedügi Os­man nəslidir, işdə sürülüb gidə-yürır” şəklində verilmişdir ki, bu da mən­tiqi anlaşılmazlığa gəti­rib çıxarır. Belə ki, tarixi mənbələrdə Oğuz döv­lətinin ən müdrik vəzirlərindən biri kimi bəhs olunan (76, 42-45) Də­də Qorqud, adı ilə bağlı bu “Kitab”da Oğuz elinin bilicisi, “vilayət issi”, “qa­yibdən dürlü xəbər söyləyən” ağsaqqalı kimi səciyyələn­di­rilərək təq­dim edilir. Həqiqətən də, böyük həyat təcrübəsi, dərin düşüncə qabiliy­yəti və ən əsası, Tanrının könlünə ilham verdiyi bəndələrdən olması Də­də­yə imkan verir ki, Qalın Oğuz igidlərini başına gələn fəlakətlərdən on­ları xəbərdar etsin, olacağı anlat­sın. Bununla belə, öncə göstərildiyi kimi, V-VII əsrlərdə yaşadığı ehtimal olunan Dədə Qorqudun çox-çox son­ralar, yəni XIII əsrdə böyük bir imperiyanın əsasını qoy­muş Osman nəs­linin adını çəkməsi ağla sığmır. Fikrimizcə, Qorqud kəlamının tarixi ma­hiy­yətini anlamayan katib, bu deyimi Qayı tayfasından çıxmış Osman nəs­­li ilə əla­qə­ləndirməli olmuşdur ki, qorqudşünaslıqda xüsusi yeri olan dəyərli dilçi alim­lərimiz F.Zeynalov və S.Əlizadə bunun fərqinə var­ma­mış­lar. Bundan əlavə, tarixən “yenə” anlamında işlənmiş “gerü” sözünü mü­­asir mənada qavrayaraq, “Qayıya” sözünü onun əlavəsi kimi ver­miş­lər. Əgər ehtimallarımız düzgündürsə, Qorqud deyi­minin haradan qay­naq­lan­dığını araşdıraq.

Mənbələr göstərir ki, 24 tayfa birləşməsindən ibarət olan Oğuz eli Boz Oq, Üç Oq adlanmaqla 2 qola bölünür. Bu bölgüdə sağ qolu təmsil edən Boz Oqlar haki­miy­yəti, sol qolu təmsil edən Üç Oqlar isə onlara ta­be olan tərəfi bildirir. Oğuzların döv­lət­çiliik ənənəsinə görə, hakimiyyət hə­mişə qüdrətli türk hökmdarı Oğuz xaqanın böyük oğlu Gün xanın bi­rin­ci övladı Qayının nəslindən törəyənlərə, yəni Qayı tayfa­sına çatma­lı­dır. Lakin Qorqudun vəzirliyi dövründə vəziyyət elə gətirir ki, bu ənənə po­zulur və hakimiyyət müvəqqəti olaraq Üç Oqlara keçir. F.Rəşidəddinin is­ti­nad edi­lən əsərində əfsanə donu geyinmiş bu hadisə belə təsvir olu­nur: Oğuz xaqanı Qayı İnal xanın uzun bir müddət oğlu olmur və yalnız öm­­rünün sonuna az qalmış xanımı hamilə olur. Odur ki xaqanın ölüm ərə­fəsində varisi dünyaya gəlir. Qorqud tərəfindən adı Tuman (Du­man) qo­­yulan bu yeganə varisin yaşı çox az olduğundan hakimiyyəti idarə etmək üçün, yenə də Qorqud ata­nın məsləhəti ilə, Bayandur Denke­rin oğ­lu Erki onun naibi, yəni regenti təyin olu­nur. Qorqud ata bunu belə əsas­landırır: “Padşahımız öldü­yü vaxt hamı bilir ki, Erki onun qullu­ğun­da idi və gözəl ad-sanı vardı. Çox dəyər­li xid­mət­ləri var. İki göl düzəl­dib, ay­­­ran və kumızla doldurub. O qədər ət topladı ki, heç bir kəs bunu edə bil­­məzdi. Onun haqqı daha çoxdur və zamanın və vəziyyətin (şəra­i­tin) hök­­mü belədir: Tuman xan çox kiçikdir və padşahlıq vəzifələrini yerinə ye­­tirə bilməz. Padşahlıq bu uşağın adına yazılsın. O, böyüyənə qədər onun adından biz­lərə başçılıq etmək üçün indiyə qədər buna haqq qa­zan­mış Erkini onun naibi təyin etmə­liyik! Qorqud bu sözləri deyən­dən sonra hamı razılaşdı və bu uşağı padşahlıq tax­tına oturtdular” (76, 43-44).

Ulu Qorqudun məsləhəti ilə hakimiyyətə keçən Erki düz otuz iki il (Əbül­qaziyə görə isə otuz beş il; 138, 58-60) bu vəzifəni daşıyır və bəzi ha­disələrlə əlaqədar yeni­dən xaqanlığı Qayı xanın nəslindən olan Tu­mana təhvil verir. Onun həmin məra­sim­də söylədiyi nitqi, üzərində da­yan­dığımız Qorqud deyiminin açıqlanması baxımın­dan bö­yük maraq do­ğu­rur: “Otuz iki ildir ki, mən bu taxta oturmuşam. Əgər bizim nəs­li­miz­dən (uruq) biri padşah olmaq istəsəydi, bu xoş xəyal olardı. Padşahlıq taxtı bunun üçün Ulu Tanrı tərəfindən seçilmişlərə və onların nəslindən olan­­lara layiqdir. Bu bir həqiqətdir ki, bu kökdən gələnlər əsla ya­nıl­maz­lar, amma mən yanıla bilərəm” (76, 47). Üç Oqlardan olan Göl Erki xan bu nitqi ilə hakimiyyətin məhz Boz Oqlara, konkret desək, onun ən qüd­rət­­li tayfası sayılan Qayıya mənsub olmasını Tanrı tərə­findən qoyulmuş qay­­da kimi qəbul edir. Lakin böyük salnaməçinin genişliyi və dəqiq­liyi ilə təsvir etdiyi sonrakı hadisələrdən göründüyü kimi, taxt-tacın veilməsi heç də kö­nüllü olmamışdır. Erki xan – Tuman xan və Erki xan – Tuman xan oğlu Qayı Yabqu xan qarşıdurması göstərir ki, görünür, bu, Boz Oq­lar­­la Üç Oqlar arasında müəyyən ziddiyətələrə də gətirib çıxar­mışdır. Ulu Qorqud daha böyük fəlakətlərin qar­şı­sını almaq və yaranmış prob­le­mi sülh yolu ilə həll etmək məqsədilə qırılmış haki­­miyyət zəncirinin müəyyən müddət keçdikdən sonra bərpa olunacağı, yəni ha­ki­miyyətin ye­­nidən Qayı tayfasına qayıdacağı fikrini Oğuz elinə aşılamaq istəmiş və bu­­nu yuxarıdakı deyim formasında ümumiləşdirmişdir. Qorqudun müd­rik­­liyinə ina­nan sonuncu nüsxə katibi konkret tarixi hadisə ilə bağlı de­yil­­miş bu kəlamı öz zəmanəsinə uyğunlaşdıraraq əslən Qayı tayfasından olub 1299-cu ildə Osmanlı İmpe­riyasını əsasını qoymuş Ərtoğrul oğlu Os­­manın (104, 1-3) nəsli ilə əlaqələndirmişdir. Olduqca uğurlu alınan bu əla­­qələndirmə F.Zeynalov və S.Əlizadə kimi dəyərli tədqi­qat­çıları yanlış nə­­ticə çıxarmağa yönəltmişdir.

Yalnız əlavə mənbələr deyil, “Kitab”ın məzmunu da bu deyimin ta­ri­­xi gerçək­liyin nə dərəcədə obyektiv əks etdirdiyini üzə çıxarmağa əsas ve­­rir. Məsələ burasın­daddır ki, boylarda baş verən bütün hadisələr heç də Boz Oqların deyil, Üç Oqların haki­miyyəti dövrünü əhatə edir. Boylarda təs­­vir olunan Qalın Oğuz dövlətinin başın­da bayan­dur tayfasını təmsil edən Bayındır xan və onun kürəkəni – salur tayfasını təmsil edən Salur Qa­zan durur. Təbii ki, bu, oğuzların qeyd olunan hakimiyyəti idarə et­mək ənənəsinin ziddinədir. Deməli, ulu Qorqud haqlıdır: haki­miyyət ye­ni­dən Boz Oqlara, yəni qayı tayfasına qayıtmalıdır. Buradan “Kitab”ın məhz niyə İç Oğuzla Taş Oğuz arasındakı qardaş qırğınından bəhs edən boyla tamam­lanmasının tarixi-məntiqi ma­hiy­yəti üzə çıxmış olur. Belə ki, Boz Oqlara aid qayı tayfasının başçısı kimi göstə­rilən Aruz qocanın (bö­yük oğlu Qıyan Səlcuq adlanır ki, bu nəsildən qaynaqlanan səlcuqlar da qayı tayfasından çıxmışlar) Üç Oqlara, konkret olaraq, Salur Qazana “asi olma­sın­da” başlıca məqsəd itirilmiş hakimiyyətin geri alın­masıdır. Bizcə, boyların birində Aruzun nəvəsi Qıyan Səlcuq oğlı Dəli Tondarın “Qa­zan kimi pəhlivanı bir savaşda üç kərrə atından yıqan” (D-150, 5-6) ki­mi təqdim edilməsi də həmin əsasda baş verən qarşıdurmadan xəbər ve­­rir. Abidənin bədii-epik funksiyası həmin tarixi fak­tı daha önəmli as­pekt­dən şərh etməyə yönəldildiyindən Qalın Oğuz elinin müdrik ağsaq­­qal­la­­rın­dan və alp ərənlərindən sayılan Aruz qoca XII boyda xırda hiss­lə­rin giro­vu­na düşüb tayfalararası qırğına başçılıq edən mənfi obraz kimi təq­dim olunur. Bura­dan belə bir nəticə çıxarmaq olur ki, minilliklərin qov­şağında for­ma­laşan bu möhtə­şəm epos konkret tarixi hadisəni köl­gə­də buraxaraq, ümummili mənafe daşıyan süjetə söy­kən­məklə gələcək nə­silləri ayıq-sayıq olmağa, qardaş qırğı­nının törədə bilə­cəyi fəla­­kət­lərdən qaç­mağa səsləyir.

Bundan əlavə, göstərilən Qorqud deyimi digər bir məsələnin aydın­laş­­dırıl­ma­sın­da da açar rolunu oynayır. Araşdırmalar göstərir ki, İç Oğuz – Taş Oğuz bölgü­sü­nün Üç Oq – Boz Oq bölgüsünə münasibəti qor­qud­şü­naslıqda bəzən qarışıq salın­mış­­dır. Belə ki, əgər M.Ergin “Kitab”da İç Oğu­zun Üç Oqlara, Taş Oğuzun Boz Oqlara aid olduğunu qeyd edirsə (101, Ic., 26, 51), Ş.Cəmşidov əks mövqedə dayanaraq yazır: “Apar­dır­dı­ğı­mız araşdırmalardan və xüsusən 12-ci boydakı mövqenin iza­hın­dan qə­ra­ra gəlmək olur ki, İç Oğuz – Boz oqdur, Daş Oğuz – Üç oqdur.

“İç Oğuz”un “Boz oq” və “Daş Oğuz”un “Üç oq” olduğunu oğuzlar haqqın­dakı məşhur əvsanəvi bölgü prinsipi də təsdiq edir. Oğuz haqqında rə­vayətlərdə Boz oq hakim, Üç oq isə tabe olan hissədir. Deməli, Oğuzun baş­çısı, hakimi Boz oqda, ona tabe olan dayısı isə Üç oqda olmalıdır. “Də­də Qorqud” boylarında Qazan xan İç oquz­da, ona tabe olan dayısı Aruz isə Daş oquzdadır. Deməli, məntiqi prinsipə görə, Qazan xanın yer­ləşdiyi sahə Boz oq, Aruzun yerləşdiyi sahə Üç oq olmalıdır” (21 , 9).

Eləcə də abidənin F.Zeynalov-S.Əlizadə nəşrində akademik V.V.Bar­­toldun “das­­tanların məzmunundan “İç Oğuz və “Daş Oğuz” böl­gü­sünün “Üç ox və Boz ox” bölgüsünə münasibəti aydın olmur” (60, 253) fikrinə heç bir əlavə şərhin verilmə­mə­si bunu göstərir ki, həmin mə­sə­lə onların özləri üçün də açılmamış qalmışdır. Bəs həqi­qət hansı tə­rəf­də­dir?

“Kitab”ın məzmunundan aydın olur ki, İç Oğuz və Taş Oğuz böl­gü­­sü Qalın Oğuz dövlətində hakimiyyət bölgüsünü ifadə edir. Prof. S.Əli­ya­rovun qeyd etdiyi kimi: “İç Oğuz – Oğuz elinin siyasi mərkəzi­dir” (60, 263). Taş Oğuz isə ona tabe tərəfdir. Hakimiyyəti xanlar xanı Bayındır xan və salur tayfasından Salur Qazan idarə edir.

Ənənəvi Oğuz bölgüsündə həm bayandurlar (Bayındır antroponimi hə­­min et­no­­­­nimin daşıyıcısıdır), həm də salurlar Üç Oq tayfa birliyinə da­xil­­dirlər. Deməli, ha­ki­miyyət, yəni İç Oğuz Üç Oqlara məxsusdur. Yu­xa­rı­­dakı Qorqud deyiminin də əsl mahiyyəti ondadır ki, axır zamanda ha­ki­miyyətin, yəni İç Oğuzun Üç Oqlardan alı­na­raq yenə də Boz Oqlara ke­çə­cəyindən xəbər verir. Ş.Cəmşidov daha qədim tarixi kök­lə­rə bağlı olan bu deyimin məğzini duya bilmədiyindən, riyazi dillə desək, dəyi­şənlə də­yiş­­­məyənin yerini qarışıq salmışdır. Dəyişən hakimiyyət, dəyişməyən isə tay­­fa böl­gü­südür. Başqa sözlə, Üç Oq – Boz Oq bölgüsü sabit, İç Oğuz – Taş Oğuz böl­güsü dəyi­şəndir. Yaranmış ənənəyə görə, nəsilliklə Boz Oq­la­­ra çatan İç Oğuz bəzən tarixin gözlənilməz gərdişi nəticəsində Üç Oq­la­ra keçə bilmişdir ki, bunu nəzə­rə almadan həmin münasibəti də­qiq­ləş­dir­mək qeyri-mümkündür. Boyların məz­mu­nundan Üç Oq­ların İç Oğuzu, Boz Oqların isə Taş Oğuzu təmsil etdiyi meydana çıxır ki, bu da M.Ergin qə­naətinin daha obyektiv olduğunu göstərir.

Qorqud kəlamının tarixi əhəmiyyəti bir də bundadır ki, o, boyların han­sı dövrü, tarixin hansı mərhələsini əhatə etdiyini, təxmini də olsa, də­qiq­ləşdirməyə imkan yara­dır. Əsasən, yarandığı, formalaşdığı və ilk dəfə ozan dilindən yazıya alındığı, qismən isə, sonradan ka­tib və ya katiblər tərəfindən üzü köçürüldüyü dövr­lərin tarıxı hadisə­lərini özün­də əks etdirən boylar toplusu şəklində zəmanəmizə gəlib çat­mış “Də­­də Qorqud” eposu əslində Üç Oqların hakimiyyətdə olduğu 32 (ya­xud 35) illik bir çağı əhatə edir ki, bu da ulu Qorqudun yaşadığı əsrlə üst-üstə düşür. Ma­raq­­lıdır ki, bir qərinəlik, yəni əsrin üçdə bir hissəsini təş­kil edən bu tarixi mərhələ abidənin mətnində poetik boyalarla əksini tap­mış bir nəslin ömür yoluna tam uyğun gəlir. Bunu prof. M.H.Təh­ma­si­bin incəliyinə qədər izlədiyi, abidənin “VI və IX boy­larında mötəbər qəh­rəman kimi adı çəkilən, II və IX boylarda iştirak edən, III, XI və XII boy­ların isə əsas qəhrəmanı olan Bamsı Beyrəyin” (87, 154) həyat sal­na­mə­sinin tim­salında əyani şəkildə görmək mümkündür.

Buradan aydın olur ki, Oğuz bəylərinin alqışı ilə dünyaya gəlib 16 ya­şında ilk qəhrəmanlığını göstərən, beşikkərtmə adaxlısı Banı Çiçəklə ev­lənmək məqsədilə təş­kil olunmuş toyunda 39 yoldaşı ilə kafir düşmən tə­rəfindən əsir götürülən və 16 illik əsirlikdən sonra öz yurduna qayıdıb sev­gilisinə qovuşan Bamsı Beyrəyin ömür kitab­çası XII boyda Aruzun xə­yanəti nəticəsində tamamlanır. Adi riyazi hesablama Üç Oq­la­rın ha­ki­miyyət dövrünün həm gerçək, həm də dastanlaşmış variantlarda olduqca ya­xın olduğunu üzə çıxarır ki, bu da bir daha göstərilən Qorqud deyi­mi­nin tarixi real­lıqla bağlı olduğunu söyləməyə əsas verir.

Qədim oğuz tarixinin ibrətamiz səhifələrindən birini ümumiləşdirən Qor­qud atanın “Axır zamanda xanlıq gerü Qayıya dəgə, kimsənə əllə­rin­dən almaya, axır zaman olub qopuca” deyiminə öz məlumat səviyyəsinə uy­ğun “Bu dedügi Osman nəslidir, işdə sürülüb gedə yorır” şərhini verən nüs­xə kati­binin dilində getmiş “yorır” felinin oxunuşu mətnşünaslıqda fi­kir ayrılığı yaradan məqamlardandır. O.Ş.Gök­yayın özündən əvvəlki söz­lə birlikdə “gideyürür” şəklində oxuyub, “gidip duruyor, devam edib gi­di­yor” kimi açıqladığı (107, 19, 297) bu arxaizm H.Araslı və Ş.Cəmşidov nəşr­lərində də bütöv söz forma­sı kimi düşünülərək “gedəyüdir” va­ri­an­tın­da (23, 279; 59, 14) əks olunmuşdur. Maraqlıdır ki, H.Araslı onu “get­mək­­də­dir” kimi şərh etsə də, Ş.Cəmşidov, ümu­miy­­yətlə, münasibət bil­dir­məmişdir. F.Zey­­nalov-S.Əlizadə birgə nəşrində, eləcə də S.Əlizadənin müs­təqil tərtib etdiyi nəşrdə yaxın mənalı feillərin birləşməsindən ya­ran­mış “gide-yürir” mürəkkəb feili kimi tranksripsiya edilən bu sözlər (60, 31; 61, 30) son dövrlərdə işıq üzü görən S.Tezcan-H.Boeschoten və O.F.Sert­kayanın nəşr­lə­rində “gede yörür” formasında verilmişdir (110, 31; 116, 29). Qeyd olunan arxa­iz­min oxunuşu üzərində ayrıca da­ya­nan O.F.Sert­kaya onun qalın və ya incə saitlə verilməsini seçim edərkən na­şir­lər­dən çoxluğun qəbul etdiyi fikri əsas tutur­sa, “-ö-, yoxsa -ü- ilə oxun­malıdır?” sor­ğu­sunu cavablandırarkən Osmanlı türkcə­sini önə çə­kə­rək “yörür” variantının daha uy­­ğun olacağı qənaətinə gəlir (110, 51-52). Düzü, bu cür təhlillə razılaşsaq, onda Azər­baycan klassik ədəbiyyatının di­lin­də daha ge­niş yayılmış “yürür//yürir” (-r za­man şəkilçisidir) varian­tı­nın hansı əsasla qəbul edil­məyəcəyini düşünmək mə­ntiq­siz görünür. Bu hal­da düşünməli olur­san: “Bəs gerçək olan hansıdır?”

Yazılı türk dilinin ilkin qaynaqlarından olan Orxon kitabələrininn də­rin bilicilərindən biri olan M.Ergin tarixi gerçəklikdən çıxış edərək qo­şa işlənmiş bu söz­ləri “gide yorır” şəklində vermiş və tərtib etdiyi söz­lük­də “yorı-” variantında baş­­lığa gətirməklə göstərilən işlənmə məqa­mın­dakı mənanı “yor-” yardımçı feili kimi açıqlamışdır (101, Ic, 73; IIc, 339). Bizim də tərəfində olduğumuz bu oxunuş­da “yorı-” əslində -ə feili bağlama şəkilçisi qəbul etmiş “get-” feili ilə birlik­də tərkib yaratmışdır ki, bu, “Kitab”ın dili üçün xarakterik feil formaların­dandır. Məsələn:

Sarp yorırkən Qazılıq ata namərd yigit binə bilməz, binincə bin­mə­sə yeg! (D-4, 4-5).

Gəldiñ ol kim solduran soydur, sabadanca yerindən uru turar, əlin-yü­zin yu­ma­dan toquz bazlammac ilən bir küvlək yoğurd gəvzələr, to­yun­ca tıqa-basa yer... (D-7, 12-13).



Çaya baqsa şalımlu, çal qaraquş ərdəmlü bir gözəl yaxşı yigit oldı. (D-70, 4-6).

Bamsı Beyrək birini qova getdi. (D-76, 3) və s.

Bu faktlar “gedə-” feili bağlama formasının “yorır” kimi oxu­du­ğu­muz əsas feili tərz baxımından izah etdiyini şübhə altına almır. Bəs “yü­rir” və “yörir” oxu­nuşu ilə müqayisədə daha qədim “yorır” variantının se­çim edilməsi nə ilə bağlı­dır?

Araşdırmalar sübut edir ki, bu boylar toplusu yaranma baxımından VI-VII əsr­lərə qədərki bir dövrü əhatə edirsə də, ən kamil nüsxə hesab edi­lən Drezden əl­yaz­ması XI əsrdə yazıya alınmış daha qədim əl­yaz­ma­dan üzü köçürülən variant­dır. Ona görə də abidənin mətnində həm boy­la­rın yaradıcısı, düzüb-qoşanı sayılan “Rəsul əleyhissəlam zamanına ya­qın” yaşamış Qorqud atanın, həm sonrakı dövr­lər­də onun şifahi formada ya­yıl­masında müstəsna xidmətləri olan söyləyici ozan­la­rın, həm də öz döv­rünün anlam səviyyəsini nəzərə alaraq ona şüurlu müdaxilə edən nüs­xə katiblərinin dilinə məxsus sözlər paralel şəkildə işlənməkdədir. Üç­mər­hə­ləli ar­xaikləşmə kimi şərh etdiyimiz bu dil hadisəsinin ilkin qatı, təbii ki, Dədə Qorqu­dun yaşadığı zamanla, yəni V-VII əsrlərlə bağlıdır (ətraflı bax: 41). İstər söyləyici ozan, istərsə də nüsxə katibləri bəzən daha arxaik qatı əvəzləmək yolu ilə mətnin di­lini müasirləşdirməyə ça­lış­mış­­­lar ki, bu meyli çağdaş naşirlərin iş üsu­lunda da sez­mək mümkündür. Haqqında danış­dığımız “yorı-” feili nüsxə katibinin dilinə məx­­sus cüm­lə­də işlənilməsinə baxmayaraq, məhz arxaik qata aid sözlərdən­dir. “Yü­rüş et­mək, getmək, hərəkət etmək” kimi məna çalarlarında işlənən bu söz Orxon-Yenisey abidələrinin dilində mütəmadi rast gəlinən arxaizm­lər­dən­dir. Mə­sə­lən:

Kañım bağa teñrikən tiyin anta yorımıs, isig, küçin bermis... (Ongin abi­dəsi, ön tərəf , 5). (74, 53)

...yorıyup tiyin kü esidip balıkdakı tağıkmıs, tağdakı inmis, tirilip yetmis ər bolmıs. ( Kül tigin, şərq tərəfi, 12). (74


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə