56
Yenə bir şey başa düşmədim.
Qoca yenə fikirlərimi oxuyaraq:
-İnsanın iki gözü olar, - dedi, -Seçilmişlərin qafasının içində üçüncü göz də var -
bəsirət gözü. Bu gözüylə başqalarının görmədiyini görür. Üçüncü göz o adamların
kəlləsinin içindədir. Amma Təpəgözün tək gözü alnındadır, çöldədir. Bu gözlə
dünyanın bütün murdarlığını görür, amma bəla ondadır ki, dünyanın murdarlığına,
Şərinə Şərlə qalib gəlmək istəyir. Yer üzündə bütün Şəri, Bəlanı törədən insanlığın
kökünü kəsmək istəyir, bunu edəndən sonra dünyada tək qalıb, tənhalığa dözməmək
üçün intihar etmək fikrinə düşür.
«Əcəb işə düşdük, - deyə düşündüm. - Mən sirli, əfsanəvi bir varlığı görməyə
can atırdım, bunun yerində folklorşünaslıq haqqında mühazirə dinləməli oldum».
Bu dəfə də fikrimi oxuyub:
-Tələsmə, Hörmüzd, - dedi. Bu səfər səsi arxamdan gəlirdi, halbuki, önümdə
əyləşmişdi.
- Haçansa gələcəyini bilirdim. Gözləyirdim. Sənin gözlərinin sirri var, şəklinə
baxan kimi gördüm bunu. Şəkildə hər şeyi dəyişmək olur, amma gözün ifadəsi
təkrarsızdır, barmaq izləri kimi, gözün baxışı da yalnız tək bir şəxsə mənsubdur,
başqa heç kəsə, - səs indi də yan tərəfdən gəlirdi, elə bil otağa müxtəlif səmtlərdə
qoyulmuş dinamiklər vardı, Diri Babanın danışdıqları hər dəfə ayrı yandan eşidilirdi.
Adama elə gəlirdi ki, danışan əfsanəvi qoca yox, bu qaranlıq hücrənin özüdür,
divarlarıdır, döşəməsidir, tavanıdır. Divarlar, tavan soruşurdu:
- Dünyanın bəlası nədi?
-Mən nə bilim, o qədərdir ki, dünyanın bəlası.
- Bəla odur ki, dünyada pis göz, yaman göz yaxşı gözdən çoxdur və güclüdür.
Yaxşı gözün yüz baxışla edə bilmədiyi yaxşılığı yaman göz bir anın içinə darmadağın
edə bilir. Göz dəymək, gözə gətirmək, gözdən salmaq, gözü götürməmək deyirik,
gözü düşmək, gözüm su içmir deyirik... Göz, göz, göz... Nədən belə deyirlər? Çünki
hamısı gözdəndi. Xeyir də, Şər də, Hörmüzd.
-Mənə nədən Hörmüzd deyirsən, baba?
57
-Sən Hörmüzdsən, hələ özün bunu bilməsən də. İnsan özü özünü yaradır, istəsə,
özünü Hörmüzd kimi, istəsə, Əhriman kimi yetişdirə bilər. İnsanın içində hər ikisi
var - Hörmüzd də, Əhriman da...
Birdən başqa gözlənilməz sual verdi:
- Allaha inanırsan?
-Allaha? -bilmirdim bu suala necə cavab verim ki, qocanı narazı salmayım.
Mənim yerimə özü cavab verdi:
-İnanırsan, amma Allaha çoxlu sualların da var. Necə olur ki, müsəlmanların da,
isəvilərin də, musəvilərin də qadir Allahı dünyada bu qədər ədalətsiliyə, haqsızlığa,
zülmə yol verir, yəni şeytanın öhdəsindən gələ bilmir heç cür? Doğrudur, ərənlər
deyib ki, gərək qəlbində Allaha o qədər məhəbbətin olsun ki, orda İblisə yer
qalmasın. Amma Şeytan, İblis kimdir ki, Allahın yaratdığı dünyada belə at oynatsın?
Bu sualına bilirmisənmi kim səlis cavab verib?
-Bilmirəm.
-Hardan biləsən... hələ də qəflət yuxusundasan. Bəşərin bu ən böyük sorusuna
babamız Zərdüşt cavab verib. Zərdüşt, bax, bu torpaqda basdırılmış Nuh
peyğəmbərin nəvəsi, mənim də uludan ulu babamdır.
Yenə də başımdakı fikri oxuyub.
-Yox, dəli olmamışam, - dedi. - Zərdüşt babamız öyrədir ki, dünyanı iki qüvvə
idarə edir - Xeyir və Şər. Xeyri ya Şəri seçmək isə, insanın özündən asılıdır... Bu gün
də dünyada Hörmüzdlə Əhriman bir-biriylə çarpışır, cəng edir. Gah o üstün çıxır, gah
bu... Sənin gözündə Hörmüzd işığını gördüm. Amma qarşına çox sınaqlar çıxıb və
çıxacaq. Əhriman hər zaman səni öz tərəfinə çəkməyə çalışacaq. Ta uşaqlıqdan
ömrün boyu rastlaşdığın ədalətsizlikləri, təhqirləri, incikliklərini bir-bir yadına
salacaq, bunların qisasını almağa təhrik edəcək səni. Amma bilməlisən ki, Şərə qarşı
Şər üsullarıyla savaşmaq Şəri artırmaqdır... Qələbə nifrət yaradır. Məğlub öc almaq
ehtirasıyla yaşayır. O da intiqam alıb qalib gələcəksə, bu zənciri heç vədə qırmaq
mümkün olmayacaq. Hüzura qovuşmaq qələbədən də, məğlubiyyətdən də imtina
etməkdi. Birisi döyüşdə min adama qalib gəlibsə, başqa birisi yalnız öz üzərində
zəfər çalıbsa, məhz odur ən böyük qalib.
58
«O məni təhqir etdi, alçaltdı, incitdi». Bu fikirləri içində saxlayan adamın kini-
küdurəti azalmır. Belə fikirlərdən azad olan insanın nifrəti bitir, içi asudələşir.
Dünyada heç vaxt nifrət nifrətlə məğlub edilmir.
Qədim çinlilər daha müdrik idilər, deyirdilər ki, nə Xeyrin, nə Şərin tərəfində
dur. Hələ Xeyirlə Şərin çarpışdığı dünyaya gəlməmişdən öncə necəydinsə onu yadına
sal, o cür ol. Çinlilərə görə, əslində, nə Xeyir var, nə Şər. İkisi birdir.
-Onda bəs bəd əməlləri savab işlərdən necə ayırasan, baba?
-Qəlbinin səsiylə. Qəlbini dinlə. Doğru seçimi qəlbin edəcək. Allah qəlbinin
içindədi. Dədəm Qorqudu sal yadına. «Çox cahillər səni göydə arar, yerdə istər, Sən
xud mömünlərin könlündəsən».
Diri Baba əlini uzadıb divardan iri bir şey götürüb mənə uzatdı, baxdım ki, göz
muncuğudu. Heç vaxt bu yekəlikdə göz muncuğu görməmişdim.
- Evində asarsan. Zərdüşt babamızın əyyamından nəsil-nəsil gəlib mənə yetişib.
Bu göz muncuğu səni Əhrimanın fitnələrindən qoruyacaq. Sən də insanları
Əhrimandan qoruyacaqsan.
Döndüyün şəhərdə bir alim var, dünyanın ən qədim xalçası onun əlindədi. Bu
xalçanın naxışlarında kainatın bütün sirləri, dünyanın əvvəli və axırı barədə bilgilər
toxunub. Onları da yaman gözdən qoruyacaqsan. Əshafi kəfə çıxarsan. Ondan sonra
nə olacağını demirəm. Özün görəcəksən.
Diri baba haçan susdu, haçan qeybə çəkildı, bilmədim. Bütün varlığım sanki
müc olub qalmışdı. Otaqda bir mən idim, bir çılpaq divarlar, həsir üstündə boş qalmış
döşəkcə, bir də öləziyən, amma hələ də sönməyən şam. Şamın işığı da titrəyib söndü.
Göz-gözü görməyən zifiri qaranlığa qərq oldum. Birtəhər qapını tapıb çölə çıxdım.
Çöl də zil zülmət idi. Cecə haçan düşmüşdü, yəni doğrudanmı bütün günü burda
olmuşdum?
Məni bura gətirən yuk maşını da yoxdu. Gecə yarısı, bayquşlar ulayan, əcaib
kölgələr dolaşan bu vahiməli yerdən necə qurtulacaqdım?
O gündən, o gecədən neçə illər keçib, amma hələ də dəqiq deyə bilmərəm, bu
görüş doğrudanmı baş vermişdi, ya mənə elə gəlmişdi, yaxud da yox, diri gözlü
Dostları ilə paylaş: |