GüLÜstan prospekti Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələri



Yüklə 2,21 Mb.
səhifə11/14
tarix30.12.2017
ölçüsü2,21 Mb.
#18442
1   ...   6   7   8   9   10   11   12   13   14

On birinci fəsil: Toxuculuq


Sentyabrın əvvəllərində Həmədanın payızı soyuq küləklə birgə özünü yetirdi. Əli ağa aşuradan sonra cəbhəyə getdi. Mən Mənsurə xanımın evində qaldım. Çox tez pəncərələri bağladıq, isti paltarları bağlamalardan çıxardıq. Külək ağacların yaşıl paltarlarını insafsızca tökürdü. Yarpaqlar hələ saralmadan ağaclar çılpaq qalırdı. Hamımız bilirdik ki, bizi uzun və ağır payız və qış gözləyir. Uzun payız gecələrində yolda olan körpəyə paltar toxuyurduq. Mənsurə xanım mil və ipləri şkafından çıxarmışdı. Həzin zümzümə və ağılarla qəşəng bir köynək toxuyurdu. Münirə xanıma da öyrətmişdi. Bir yerdə yoldakı körpəyə bir neçə köynək, şalvar və papaq toxuduq.

On ikinci fəsil: Çatlaq narlar


Noyabrın 18-i idi. Əli ağa bir neçə gün idi Həmədana gəlmişdi və artıq cəbhəyə qayıtmaq istəyirdi. Bu bir neçə gündə Mənsurə xanımla ağa Nasirə bacardığı qədər məhəbbət göstərmişdi. Əmirin şəhadətindən sonra Mənsurə xanımın xəstəliyi pisləşmişdi, hər gün bədəninin bir yeri ağrıyırdı. Hamısından çox ağrıyan isə böyrəkləri idi, günü gündən pisləşirdi. Əli ağa onu bir neçə dəfə xəstəxanaya apardı, xəstəliyi barədə bir neçə təcrübəli həkimlə söhbət etdi, amma nəticəsi olmadı.

Dəhlizdə oturmuşduq. Əli ağa ayağa qalxıb köynəyinin qollarını çırmadı. Şalvarının balağını bir neçə dəfə qatlayıb dəstəmaz almağa getdi. Həmişə mətbəxdə dəstəmaz alırdı. Ardınca getdim. Sanki kimsə deyirdi: "Firiştə, ona yaxşı-yaxşı bax". Onun əzələli boy-buxununa, enli və iri çiyinlərinə baxdım. Enli və güclü boynu vardı. Boynunun arxası başına bitişmişdi. Yeriyəndə iri çəhrayı dabanlarını yerə möhkəm vururdu. Başına və ayaqlarına məsh çəkdi. Mənim də dəstəmaz almaq istədiyimi zənn edib əlüzyuyanın qabağından çəkildi. Diqqətlə bütün hərəkətlərini izləyirdim. Heç nəyi unutmamalı idim. Mətbəxdən qonaq otağına keçdi. Köynəyinin cibindən kiçik canamazını çıxarıb həzin səslə azan və iqamə deməyə başladı. Gəlib arxasında oturmuşdum və qəhər içində ona baxırdım. Başını əyib qorxu və təzimlə namaz qılırdı. Qünutda üç dəfə dedi: "İlahi! Öz yolunda şəhidlik səadətini mənə nəsib et!"

Namazdan sonra gəlib ağa Nasirin yanında oturdu və sifarişlərinə başladı.

- Ağa can, bu dəfə gec qayıdacağam; bəlkə iki aydan sonra. Bəlkə uşaq olanda da gələ bilmədim. Uşaqların birinə tapşırdım kənddən onun üçün kərə yağı gətirsin. Dedim ki, diri qoyun da gətirsinlər. Mən olmasam, onun üçün qurban kəsin.

Sifarişləri bitəndən sonra mənim yanıma gəldi.

- Firiştə, albomumu gətir.

Otaqdan albomu gətirməyə getdim. Otaqdan çıxanda qapının çərçivəsinin üstündə onunla toqquşduq. Gülüb dedi ki, gəl burada oturaq.

Oturduq və Əli ağa albomu açıb vərəqlədi. Şəhid dostlarının şəkillərini görüb ah çəkirdi. Hərdən deyirdi: "Hanı Şəhid Nəzəri?! Şəhid Təkərli! Allah sənə rəhmət eləsin, Şəhid Şah Hüseyni!" .

Üzü qızarmış, gözləri yaşarmışdı. Albomu alıb kənara qoymaq istədim. Buraxmayıb dedi: "Gülüm, burax, bu albom mənim bütün həyatımdır. Mənim qalıb vuruşmağıma səbəb budur".

Dedim: "Özünə əziyyət verirsən".

Göz yaşları gilə-gilə yanaqlarına damırdı.

- Firiştə, bunların hamısı İmam Hüseyn aşiqi idilər. Ağaya görə çox tər tökdülər, çox yaralandılar, çox yuxusuz qaldılar, çox aclıq-susuzluq çəkdilər, günəşin altında çox yandılar, amma bir dəfə “yorulmuşuq”, “susamışıq”, “yuxumuz gəlir” demədilər. Bu şəkillərə baxıram ki, yorulmuşamsa, şəhid Qaragözlünü xatırlayım. O, gecələr yatmaq və istirahət etmək yerinə gecə namazı qılıb Aşura ziyarətnaməsi oxuyur, zar-zar ağlayırdı. Bunlara baxıram ki, nə vaxtsa ev və ailə arzusunda olsam, Museyibin bu sözlərini xatırlayım: "Çox arzu etməyin, çünki ölüm sizin arzularınıza gülür". Yadında olsun ki, bu gün arzu və söz zamanı deyil, əməl vaxtıdır. Kimin başı varsa, başını hədiyyə verməlidir, qolu varsa, qolunu. Əgər qocadırsa və cəbhəyə gedə bilmirsə, arxa cəbhədə çalışıb yardım etməlidir.

Yorğun və kədərli olduğunu bilirdim. Özü demiş, müharibənin əvvəlindən bir batalyon dostu şəhid olmuşdu. Yanında oturdum və birgə şəhidlərin şəkillərinə baxdıq. O, məndən çəkinmədən ağlayırdı. Mən də onun ağlamasından kövrəlib ağlayırdım. Axşam yüngül şam yeyib dedi: "Gülüm, yatmaq istəyirəm. Saat üçün yarısı məni oyadarsanmı?"

Həmişə getməsindən bir neçə saat öncə dünyanın bütün qəm-kədəri qəlbimə çökürdü. Çox pis idim. Heç bir işə hövsələm yox idi. Yatağını sərib işığı söndürdüm. Bilirdim ki, səhərə qədər maşında yata bilməyəcək. Otaqdan çıxdım. Münirə xanım mətbəxdə idi. Mənsurə xanım, ağa Nasir və Hacı Sadiq televizora baxırdılar. Şəhid Xərrazi haqda sənədli film gedirdi. Kamera onun kiçik oğlu Mehdinin üzünü yaxınlaşdırmışdı. Həyat yoldaşı xatirələrindən danışırdı. Ürəyim doldu, pis oldum. Öz-özümə fikirləşdim ki, Allah eləməmiş, Əli şəhid olar və bizim uşağımız da belə atasız qalar. Ayağa qalxıb otağa keçdim. İşığı yandırdım. Əli ağa tez yuxuya getmişdi. Yuxusu o qədər dərin idi ki, lampanın güclü işığı gözlərini qamaşdırmadı. Başının üstə oturdum. Ürəyim sınmışdı. Şəhid dostlarına görə kövrəldiyini xatırladım. Yuxuda üzü necə də məzlum olmuşdu. Sanki kimsə mənə deyirdi: "Firiştə, ona doyunca bax! Firiştə, bu üzü, bu simanı yaxşı yadında saxla - ömürlük!" Gözümü onun üzünə, alnındakı və gözünün ətrafındakı qırışlara dikdim. Axı 25 yaşda alında bu qədər qırış olmaz! Ayaqları ədyaldan bayıra çıxmışdı. Fikirləşdim diqqətlə baxmalıyam ki, yadımdan çıxmasın. Ayaq barmaqlarının vəziyyəti, ətli barmaqları, iri bir ağacın köklərinə bənzəyən çoxlu mavi damarlar... Bədəninin bütün xırdalıqlarını əzbərləmək istəyirdim. Əzələli qollarının formasını, boy-buxununu, uzun sarı saqqalını, mavi gözlərini, qarışmış qaşlarını və heç vaxt düz-əməlli daranmayan cod saçını yadda saxlamalı idim. Qaşları niyə bu qədər tez uzanırdı?! Hərdən qayçı götürüb ardınca qaçır və deyirdim ki, qoy qaşlarını səliqəyə salım. O isə qoymurdu. Mənim israrımla əllərini isladıb qaşlarına çəkirdi. O mavi gözlər heç vaxt doyunca yata bilmədi. Sanki bir gözü yatmışdı, bir gözü oyaq idi. Bu gecə isə qəribə idi. Çox dərin yuxuya getmişdi. Uzun müddət başının üstündə oturdum. Sonra qalxıb bayıra çıxdım. Çantasını hazırladım. Nar və naringi mövsümü idi. Ona iki böyük çatlaq nar qoydum. Hacı Sadiq, Münirə xanım və uşaqları öz yataq otaqlarında idilər, ağa Nasirlə Mənsurə xanım da dəhlizdə yatmışdılar.

Mətbəxə keçdim. Ağlaya-ağlaya qabları yudum, şkafın üstünə dəsmal çəkdim. Yuxum gəlmirdi. Halım yaxşı deyildi. Yenə ürəyim alt-üst olmuşdu və bulanırdı. O qarınla, ağır yorucu halımla şlanqı tutub mətbəxin ağ metlaxlarını yaxşıca yudum. Çox istəyirdim ki, tez evimiz olsun. Ona-buna verdiyimiz əziyyətlərdən yorulmuşdum. Düşündüm ki, yox, yorğun deyiləm, etirazım da yoxdur. Əli ağa yanımda olsa, bir ömür belə yaşamağa razıyam.

Qabları qurudub şkafa yığdım. Yuxum gəlmirdi, yatmaq istəmirdim. Tez-tez mətbəxdəki saata baxıb daha da həyəcanlanırdım. Çadramı başıma atdım, gedib balkonda dayandım. Güclü külək əsirdi. Ətrafdakı evlərin işıqları sönmüşdü. Rahat yatmış adamlara qibtə edirdim. Hava soyuq idi, çox soyuq. Balkonda qala bilməyib içəri girdim. Mətbəxdə, dəhlizdə və qonaq otağında gəzişir, nə edəcəyimi bilmirdim. Otağa qayıdıb yenidən başı üstə oturdum. İşıq sönmüşdü və otaq qaranlıq idi. O otaqda olduğunu və nəfəs aldığını bilməyim mənə bəs idi. Sakitləşdim. İstəyirdim ki, o anda zaman dayansın və heç vaxt getməsin, heç vaxt...

Lakin saatın əqrəbləri tərslik edirdilər. Həmişəkindən daha tez fırlanır, fırlanırdılar. Gecə saat 02:15 dəqiqə oldu. Yavaşca əlimi çiyinlərinə qoyub silkələdim.

- Əli, Əli can, oyan.

Tez oyandı. Yatağında oturub həyəcanla soruşdu: "Saat neçədir?"

Yavaşca dedim: "Qorxma, üçə işləyir".

Gedib dəstəmaz aldı. Paltarını geyindi. Çantasını verdim.

- İkimizin xatirəsinə sənə iki nar qoymuşam. Hər nar dənəsini yeyəndə məni xatırla. Sən Allah, bu dəfə tez gəl!

Mənə baxıb dedi: "Çox tez gələcəyəm, amma anama demə".

Soruşdum: "Məsələn, nə vaxt?"

- Tez, bir neçə günə. Öz aramızda qalsın, heç kimə demə. Çox çəksə, bir həftəyə.

Bu sözə sevindim. Mənsurə xanım da oyandı. Əli ağa narahat halda dedi: "Ana, niyə oyandın? Ehtiyac yox idi".

Əli ağa əyilib Mənsurə xanımın üzündən öpdü. Mənsurə xanım oğlunun boynunu qucaqladı. Başını onun sinəsinə qoyub dedi: "Əli can, oğlum, özündən muğayat ol. Get, Allaha əmanət!"

Əli ağa dedi: "Ana, özündən çox muğayat ol".

Ağa Nasir də oyanmışdı. Əli ağa onu da öpüb dedi: "Ağa, sən də hər şeydən muğayat ol, sifarişlər yadından çıxmasın. Anamdan muğayat ol!"

Əli ağa əlləri ilə anasının çiyinlərini tumarlayıb üzündən öpdü. Sonra saatına baxdı və tələsik çəkmələrəninin bağını bağladı. Mənə və Mənsurə xanıma dedi: "Siz gedin içəri, hava soyuqdur".

Lakin biz onun ardınca getdik.

Bayırda hava soyuq idi. Əynimdə nazik paltar vardı. Titrəyirdim, dişlərim bir-birinə dəyirdi. Maşın küçədə dayanmışdı. Boğazımı qəhər tutmuşdu. Qışqırıb demək istəyirdim: "Əli, getmə! Əli ağa, mənə və uşağına görə getmə!"

Çığırıb demək istəyirdim: "Ay qonşular, oyanın, ərimi, bütün xoşbəxtliyimi getməyə qoymayın. Siz Allah, bir adam onu saxlasın!" Lakin bu qədər kövrəlməmə rəğmən, həmişəki kimi sağollaşanda dedim: "Əli can, şəfaət yadından çıxmasın..."

Mənsurə xanımın yanında uşaqdan danışmağa qorxdum. Yavaşca dedim: "Tez qayıt".

Əli ağa gülümsəyib mənalı baxışlarla məni süzdü və dedi: "Gülüm, Firiştə can, haqqını halal et".

Mənsurə xanım yenidən qollarını açıb Əli ağanı möhkəm qucaqladı. Onu çoxlu öpüb ətrini qoxuladı. Mən dayanıb o öpüşlərə baxırdım. Əli ağa anasının başını sinəsinə qoyub qulağına nəsə deyirdi, gözü isə mənə baxırdı. Gözlərini qarnıma zilləmişdi. Nigaran idi. Məndən və uşağından nigaran idi. Bizi tapşırırdı. Eşitmirdim. Əli ağa cəld maşına minib motoru işə saldı, qaza basdı və maşın yola düşdü. O maşında çoxlu xatirəmiz vardı. Gedə-gedə mənə əl yelləyirdi. Birdən dövrə vurub yarıyoldan qayıtdı. Yavaşca gəlib yanımızdan keçdi. Şüşəsi aşağıda idi. Narahat halda dedi: "Girin içəri, hava soyuqdur".

Maşın döngədən dönənə qədər orada dayandıq. Əli ağa qaranlıqda bizə əl yelləyirdi.

Mənsurə xanımla içəri girdik. Həyətlə binanın arasındakı yol nə qədər uzanmışdı. Heç birimiz danışmadıq. Dərin sükut içində yavaş-yavaş və qəmli halda işıqları söndürdük. Mən Əli ağanın yatağında uzandım. Ədyalı başıma çəkdim. Ədyal və yataqdan onun ətri gəlirdi. Daha kişi və tər iyindən ürəyim bulanmırdı. Yorğanın altında zar-zar ağlamağa başladım.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə