GüLÜstan prospekti Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələri



Yüklə 2,21 Mb.
səhifə13/14
tarix30.12.2017
ölçüsü2,21 Mb.
#18442
1   ...   6   7   8   9   10   11   12   13   14

On dördüncü fəsil: Ata ulduzu


Əli ağanın şəhadətinin qırxıncı və hətta əllinci gününə qədər bütün vilayətdə ona məclis keçirdilər.

İlk günlərdə ailəliklə məclislərdə iştirak edirdik, amma ikinci həftədən sonra yalnız ağa Nasir və Hacı Sadiq gedirdilər. Daha sonra isə növbə ilə getməyə başladılar.

Yavaş-yavaş qəribə yuxular dövrü başlandı. Qohum və qonşular onu yuxuda görür və həvəslə bizə danışırdılar. Yuxuları eşidəndə həm ona daha çox darıxırdıq, həm də ürəyimiz sakitləşirdi. Hamı Əli ağanı yuxuda ən yaxşı yerlərdə və ən yaxşı geyimlərdə görürdü. Yuxular göstərirdi ki, Əli ağanın vəziyyəti yaxşıdır. Lakin biz yerdəkilərdən, xüsusən də anasından nigaran idi.

Əli ağa şəhid olandan sonra Mənsurə xanımın xəstəliyi ağırlaşdı. Qırxdan bir neçə həftə sonra Hacı Sadiqlə ağa Nasir onu Tehrana aparmağa məcbur oldular. O günlər Həmədanın ən soyuq günləri idi. Qar və buzdan heç kim evdən bayıra çıxa bilmirdi. Buna baxmayaraq, mən də əşyalarımı topladım və Məhəmmədəlini bir neçə uşaq ədyalına büküb anamgilə köçdüm.

Ata-anam həmişəki kimi məni gülərüzlə qarşıladılar. Orada özümü daha yaxşı hiss edirdim. Düşünürdüm ki, Əli ağa hələ döyüş zonasındadır və tezliklə qayıdacaq. Soyuq qış günləri ağır keçirdi. Tehrandan gələn xəbərlər də ürəkaçan deyildi. Mənsurə xanımın böyrəkləri işdən düşmüş, şişlər həddən artıq böyümüşdü. Həkimlər çıxış yolunu dializdə görürdülər. Beləliklə, Mənsurə xanımın ağrılı dializləri başlandı.

Bir gün axşamüstü ata-anamla evdə oturub pəncərədən dayanmadan yağan qara baxırdıq. Anam Məhəmmədəliyə paltar tikirdi. Atam soruşdu: “Firiştə, nə işlə məşğul olmaq istəyirsən?”

Atamın sualına təəccüblənib dedim: “Necə yəni?! Məhəmmədəlini böyütmək istəyirəm”.

Atam soruşdu: “Elə bu?”

Dedim: “Məmmədəlini böyütmək bir ömür iş deməkdir”.

Anam söhbətə müdaxilə etdi.

- Firiştə, sən həm də oxumalı, təhsilini davam etdirməlisən.

Təhsilə həvəsim qalmamışdı.

- Bundan sonra uşaqla dərs oxuya bilmərəm.

Anam dedi: “Biz kömək edərik. Mütləq oxumalısan”.

Atam mənə və anama baxıb dedi: “Tutaq ki dərs də oxudun. Bəs sonra?”

Atamın məqsədinin nə olduğunu bilirdim. Dözə bilməyib kövrəldim, məni ağlamaq tutdu. Məhəmmədəli yerdə yatmışdı. Dördəlli Məhəmmədəliyə yaxınlaşıb qəhər içində və yavaşcadan dedim: “Daha heç nə. Ömrüm bitəcək”.

Anam narahat halda mənə yaxınlaşdı. Yerimdən qalxdım. Otaqdan çıxmaq istəyəndə atama dedim: “Ata, yadındadır toyda Əli ağaya nə dedin?! Dedin ki, qızının bir mərdlə bir gecə yaşaması bir namərdlə bir ömür yaşamasından yaxşıdır. Bu bir il səkkiz ay ildırım sürətilə ötdü. Mənim üçün bir gecə idi. Mən bir gecə bir mərdlə yaşadım və bitdi. Daha Əli ağa kimisinin tapılacağını düşünmürəm”. Sonra yenə qəhər içində və ağlaya-ağlaya əlimdəki nişan üzüyünə baxıb dedim: “Ata, sən Əlidən daha mərd birini tanıyırsan?!”

Atam qalxıb mənə yaxınlaşdı. Gözləri qızarmış və dolmuşdu. O vaxta qədər onu belə görməmişdim. Məni qucaqlayıb öpdü və dedi: “Yox, qızım, vallah, görməmişəm. Əli ağa çox mərd adam idi. Tayı-bərabəri yox idi və yoxdur”.

Atam başını çiyinlərimə qoydu. Mən gözlərimi nişan üzüyümüzə dikib nikah mərasiminin alış-veriş xatirələrini xatırlayırdım. Dedi: “Firiştə, mən və anan sənin və oğlunun qulluqçularınıq. Əgər layiq olsaq, sizin ayaqlarınız bizim gözlərimiz üstə!”

Məni ağlamaq tutdu. Anam da ağlayırdı. Səsimizə Məhəmmədəli oyandı. Anam onu qucağına götürüb öpdü. Atam gedib pəncərənin önündə dayandı. Qar həyəti ağ yorğana bürümüşdü. O dedi: “Baharda damda ikinci mərtəbəni tikəcəyəm. Gərək yerbəyer olasan. Gərək müstəqil olasan. Nə çatışmazlıq olsa da, özümə deyərsən, alaram. Qızım, heç nədən narahat olma. Biz sənə, Əli ağaya və oğluna çox borcluyuq”.

Novruzdan sonra havalar qızan kimi atam bir neçə fəhlə və bənna çağırdı. İnşaat materiallarını dama yığdırıb orada bir yataq otağı, bir mətbəx və bir hamam-tualet tikdirdi. Damın qalan hissələri bizim həyətimiz oldu.

Məhəmmədəli bir qədər böyüyəndən sonra yay gecələrində damda, yəni həyətimizdə yatırdıq. Məhəmmədəli hərdən atasını istəyirdi.

- Mənim ata canım haradadır?

- Gedib Allahın yanına.

- Mənim yanıma nə üçün gəlmir?

- Çünki yuxarıdan bizdən muğayat olur.

- Axı sən deyirdin Allah bizdən muğayat olur! Üstəlik, nənəm, babam və sən də məndən muğayat olursan.

Cavab çatdıra bilmir, həmişəki kimi sözü dəyişdirirdim.

- O ulduzu görürsən?

Məhəmmədəli sevincək deyirdi: “Hə”.

- O ulduz ata canındır.

Məhəmmədəli sevinir, atasını qucaqlamaq üçün əlini uzadırdı. Amma olmurdu, bacarmırdı və ağlamağa başlayırdı; nə edirdimsə, sakitləşmirdi. Onu qucaqlayıb öpürdüm. Əli ağanın ətrini verirdi. Onun xatirəsinə uşağımı Əli can çağırırdım. Hamı Əli ağaya görə Məhəmmədəliyə Əli deyirdi. Oğlum Əli can çox vaxt ağlayandan sonra yuxuya gedirdi.



On beşinci fəsil: Şagird ana


Məktəbə gedirdim. Yenə də onuncu sinfi oxumağa məcbur idim. 1986-cı ildə nikaha və toyumuza görə imtahanlardan keçə bilmədim. Sonra da Dezfula getdik. Lakin 1988-1989-cu dərs ilində anamın israrı ilə üçüncü dəfə onuncu sinfə adımı yazdırdım. Anam dərzilik işini azaltmışdı, səhərlər evdə qalıb Əli cana baxırdı. Bir il belə ötdü. Təhzib peşə liseyinin direktoru körpəsi olanlara görə liseyin bir otağını ayırıb kiçik bir uşaq bağçası düzəltdi.

Səhər digərlərindən tez məktəbə gedib Əlini tərbiyəçiyə tapşırır, günorta da hamıdan sonra gedib götürürdüm ki, şagirdlərin heç biri ailəli və uşaqlı olduğumu bilməsin. Növbəti ildə isə qınaqlardan uzaq qalmaq üçün Əlini məktəbdən kənarda bir uşaq bağçasına qoydum.

Belə bir şəraitdə diplom aldım. Əlinin dörd yaşı olmuşdu. Anam israr etdi ki, müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak edim. Elə də etdim, qəbul oldum və Həmədanın Çərmsazi məhəlləsində yerləşən 22 Bəhmən adlı oğlan ibtidai məktəbində müəllimə kimi xidmətə başladım.

On altıncı fəsil: Ağac cərgələrinin arxasında


16 avqust 1995-ci il idi. Bir neçə gün idi Mənsurə xanım Ekbatan xəstəxanasında yatırdı. Böyrək köçürmə əməliyyatı uğurla başa çatsa da, bu dəfə ürək ağrısından yatağa düşmüşdü.

Anamla onu ziyarət etməyə getdik. Məryəm də orada idi. Çox narahat idi. Bizi görən kimi ağlamağa başladı.

- Firiştə can, Vəcihə xanım, anamın halı çox pisdir.

Sonra anama yalvararaq dedi: “Vəcihə xanım, sən Allah, onun üçün dua edin”.

Məryəmin vasitəçiliyi ilə anamla mən Kardiologiya şöbəsinə girdik, özü isə bayırda qaldı. Mənsurə xanım arıqlamış, rəngi qaçmışdı. Qoluna və burnuna çoxlu serum qoşulmuşdu. Yanında ürək döyüntülərini göstərən kiçik bir monitor vardı. Döyüntülər çox aritm idi: 200, 120, 100, 180, 105. Əlini tutdum. Soyuq idi. Nigaran halda anama baxdım. Anam təəssüflə başını yellədi və həmişə üstündə olan dəri cildli Quranını çıxarıb dedi: “Firiştə, bir stəkan su gətir”.

Sonra mehribanlıqla Mənsurə xanıma dedi: “Mənsurə xanım, necəsiniz?”

Stəkan gətirməyə getdim. Pəncərənin yanındakı soyuducunun üstündə dolça və büllur stəkan vardı. Stəkanı soyuducunun içindəki sərin su ilə doldurub qayıtdım. Mənsurə xanım yavaşca gözlərini açdı. Məni görən kimi çətinliklə soruşdu: “Firiştə can, necəsən? Əli can necədir? Haradadır?”

Özümü itirib dedim: “Salam. Necəsiniz? Şükür Allaha. Əli canı gətirmək istəyirdim, qorxdum ki, içəri buraxmazlar. İşçilərlə danışıb sabah mütləq gətirəcəyəm”.

Mənsurə xanım gözlərini bağladı. Gözlərindən bir neçə damla yaş süzülüb balışın üstünə düşdü. Sonra yenidən gözlərini açıb qəhər içində anama dedi: “Vəcihə xanım, əgər ölsəm, Əmiri və Əlini görəcəyəm?”

Anam heç bir problem yoxmuş kimi yavaşca və mehribancasına dedi: “Allah eləməsin, Mənsurə xanım! Əmin ol ki, onlar indi burada, sənin yanındadırlar. Biri bu tərəfində dayanıb, biri o tərəfində. Onlar tez sağalman üçün kömək edirlər. Əli can böyüyüb maşın alacaq, məni və sizi mindirib gəzməyə aparacaq. Hələ yaşamalısan. Allah uzun ömür versin!”

Mənsurə xanım ah çəkib dedi: “Yox, Vəcihə Xanımcan, daha bitdi. Daha uşaqlarımdan ayrılığa dözə bilmirəm. Səkkiz ildir uşaqlarımı görmürəm. Getmək istəyirəm. Onlardan ötrü çox darıxmışam”.

Kövrəldi. Gözlərini bağladı və daha açmadı. Anam cəld Quranın dörd tərəfini stəkana batırdı. Stəkanı mənə verib dedi: “Salfetlə dodaqlarını islat”.

Stolun üzərindən bir kağız əl dəsmalı çəkib stəkanın suyu ilə islatdım və yavaşca Mənsurə xanımın dodaqlarına vurdum. Mənsurə xanım gözlərini yavaş-yavaş yarıya qədər açdı, halsızca mənə baxdı və yenidən gözlərini yumdu. Anam ayaqlarını göstərdi. Başqa bir dəsmal götürüb islatdım və yorğanı kənara çəkdim. Əlimi Mənsurə xanımın ayaqlarının üstünə qoydum. Buz kimi soyuq idi. Qorxu içində anama dedim: “Ana, ayaqları niyə bu qədər soyuqdur?”

Görünür, anam nə baş verdiyini bilirdi. Quranı açdı. Əlini yavaşca Mənsurə xanımın ürəyinin üzərinə qoyub oxumağa başladı. Gözüm monitora sataşdı: 30, 25, 20, 32. Şaquli xətlər get-gedə qısalırdı. Mənsurə xanımın buz kimi soyuq əlini tutdum. Alnında və dodağının üstündə tər damcıları vardı. Xırıltılı səslə nəfəs alırdı. Nigaran halda anama baxdım və qorxub bayıra qaçdım. Bir tibb bacısı gəlirdi. Ona dedim: “Xanım! Xanım Əltafi! Qayınanamın halı çox pisdir...”

Tibb bacısı otağa qaçdı. Başqa bir neçə tibb bacısı da qaçıb Mənsurə xanımın çarpayısının ətrafına toplaşdı. Anam çarpayının yanında stulun üstündə oturub yavaşca Quran oxuyurdu. Sanki kimsə əlini boğazıma dolayıb məni boğur və kimsə ürəyimi çəngələyirdi. Hər yerdən qəm-qüssə yağırdı. Dünya kiçilmiş və dəyərsiz olmuşdu. Aman Allah! Yəni Mənsurə xanım belə tez getdi?! Otaq daralmışdı və tibb bacılarını görmürdüm. Gözüm pəncərəyə sataşdı. Əli ağa ilə Əmir uzaqlarda göydə, hündür yaşıl ağac cərgələrinin arxasında idilər. Otağa qəm-kədər qoxusu dolmuşdu. Dünyadan doymuşdum. İnanmırdım ki, Mənsurə xanım bizi belə tez tək qoyacaq.

Tibb bacıları bizi otaqdan çıxardılar. Şok aparatı gətirib ona şok verdilər. Bir neçə həkim otağa qaçdı. Amma az sonra dəhlizdən serumları Mənsurə xanımdan ayırdıqlarını gördüm. Gözlərimə inamırdım.




Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə