GüLÜstan prospekti Şəhid komandir Əli Çitsazianın həyat yoldaşı Zəhra Pənahinin xatirələri


On yeddinci fəsil: On iki barmaq bağırsağı



Yüklə 2,21 Mb.
səhifə14/14
tarix30.12.2017
ölçüsü2,21 Mb.
#18442
1   ...   6   7   8   9   10   11   12   13   14

On yeddinci fəsil: On iki barmaq bağırsağı


Həmin illər həyatımın ən ağır illəri idi. Həmişə ildırım sürətilə ötən günlər çox çətinliklə keçirdi. Mənsurə xanımın vəfatından sonra isə daha da çətinləşdi və biz daha yalqız qaldıq.

Əli ağanın şəhadətindən sonra ağa Nasirlə Hacı Sadiq bir ev alıb birgə yaşayırdılar. Həftəsonları Əli canla mən onların yanına gedirdik. Bu rejim Mənsurə xanımın vəfatından sonra da davam etdi. İrsi xəstəlik səbəbindən Hacı Sadiq də böyrək köçürmüşdü; həm də onu yoluxmağa gedirdik. Mənsurə xanımın vəfatından sonra güclü bir dayağımızı itirdik. Buna baxmayaraq, həyat davam edirdi; çətinliklə, qəm-qüssə ilə, yalqızlıqla və darıxmaqla.

1998-ci ildə Əli canın on bir yaşı vardı və beşinci sinifdə oxuyurdu. Bir neçə ay idi xəstələnmişdi. Mədəsi ağrıyır, ürəyi bulanırdı. Günortadan sonralar anamla mənə bir iş əlavə olunmuşdu. Hər gün Əli canın əlindən tutub həkimə gedirdik. Bir neçə doktor USM, MRT və endoskopiya edəndən sonra diaqnoz qoydular: on iki barmaq bağırsağında xora var.

Bunu öyrənəndə sanki dünya başıma uçdu. Anamla mən bu uşağı qu tükü üzərində böyütmüşdük, hər şeyinə fikir vermişdik. Niyə belə olmuşdu?!

Əli ağanın ili yaxınlaşırdı. Əli ağa noyabrın 25-də şəhid olmuş, 29-da dəfn edilmişdi. Hər il 25-i ilə 29-u arasında ona il keçirirdik. Bu günlərin biri həftəsonuna düşəndə çox yaxşı olurdu.

Anam il mərasiminin işlərini görürdü; evi təmizləyir, divan-kresloları toplayır, stəkan-nəlbəkiləri, boşqab, bıçaq və duzqabıları yuyurdu. Çoxlu qonaq çağırmış, meyvə və halva sifariş vermişdi.

Həmin günlər həm də Əli canın xəstəliyinin ən ağır günləri idi. Son zamanlar elə olmuşdu ki, hətta su belə içə bilmirdi. Noyabrın 25-də il mərasimini saxlayıb 29-na saldıq. Başqa çarə yox idi. Sonuncu həkim müxtəlif tibbi analizlərdən sonra demişdi: “Şəkildə on iki barmaq bağırsağında kiçik bir xora görünür. Xəstəni tez Tehrana aparın”.

Noyabrın 27-də çox sorğu-sualdan sonra Tehranın ən yaxşı mədə həkimlərindən birinin ünvanını öyrəndik, növbə aldıq və gecə ikən avtobusla Tehrana yola düşdük.

O zaman hələ hamıda mobil telefon yox idi. Dostların biri öz telefonunu bizə əmanət verdi. Əli can heç nə yemirdi, ürəyi bulanırdı. Avtobusda halı o qədər pis idi ki, ön və arxa oturacaqlardakı sərnişinlər bizə kömək etməyə çalışırdılar. Bununla yanaşı, Əli can mənə təskinlik verib deyirdi: “Ana, mənə heç nə olmayıb, yaxşılaşıram”.

Özümlə bir bağlama paltar aparmışdım. Əli qusurdu, mən də tez-tez əl-üzünü yuyub paltarını dəyişdirirdim. Həmin gecə bizə çox çətin keçdi. Altısaatlıq Tehran yolu bitmək bilmirdi.

Nəhayət, səhərə yaxın Tehrana çatıb Müəllim evində bir otaq tutduq. Ora xəstəxanaya yaxın idi. Əlini təcili yardım bölməsinə apardıq. Müayinə edib ona bir resept yazdılar. Atam dərmanları almağa getdi. Mən də Əli ilə birgə müəllim evinə getdim.

Əlinin qızması 43-ə yaxın idi. Nə edirdimsə, düşmürdü. Əlimdən bir şey gəlmirdi. Atam da hələ aptekdən dönməmişdi. Özümdən aslı olmadan ağlamağa başladım. Oğlum daha danışmır və mənə təskinlik vermirdi. Gözlərini bağlamışdı, qızdırma içində yanırdı. Mələfələri isladıb bədəninə, alnına və ayaqlarına qoydum. Təcili yardıma zəng vurdum. Soruşdular ki, problemi nədir. Dedim: “Qızdırması var”.

Cavab verdilər: “Ayaqlarını suya qoyun. Təcili yardımlıq deyil”.

Telefonda ağlayıb yalvardım.

On beş dəqiqədən sonra gəldilər. Onlar da heç nə etmədilər. Sakitləşdirici iynə vurub dedilər: “Əgər çox narahatsınızsa, xəstəxanaya aparıb yatızdırın”.

Onlar gedəndən sonra yenidən ayağını suya qoydum. Əziz oğlumun halı yaxşılaşmırdı, qızdırması düşmürdü. Əlim də bir yerə çatmırdı, atam hələ qayıtmamışdı. Bu illərdə heç kəs mənim etirazımı eşitməmişdi. Onda isə ağlayıb qışqırmağa başladım: “Əli ağa, bəs sən haradasan?! Sən atasan, bir iş gör. Əli ağa, sənə əziz olan hər şeyə, çox sevdiyin həzrət Zəhraya and verirəm. Sən indi şəhidsən, yuxarılardasan, bizi görürsən. Bilirəm ki, mən günahkaram, üzüqarayam. Sən Allahdan istə uşağımıza şəfa versin. Yadındadır, nə qədər ürəyin istəyirdi ki, uşağımız tez dünyaya gəlsin?! İndi gəlib. Sən ona ad qoymaq istəyirdin. Biz sənin adını ona qoyduq ki, həmişə bizimlə olasan. Əli ağa, indi uşağımız əldən gedir. Qurban olum, bir iş gör. Uşaq əldən getdi. Sən qabiliyyətli və mərifətli idin, hamıya ürəyin yanırdı, əsirlə özümüzünkünü bir tuturdun. Oğlumuz sağ-solu tanıyandan bəri gecənin olmasını və səni göydə ulduzların arasında tapmasını istəyir. Əli ağa, sən mənim canım, sən Firiştənin canı, sən Zəhra xanımının canı, yuxarıdan aşağı gəl, bu axşam mənim və uşağının dadına çat. Bu axşam özünü oğlumuza göstər. Yuxarılardan bir az ayrıl. Əli ağa, sən Allah, mənə kömək et. Əli ağa, mən Əli canımı səndən istəyirəm. Əli ağa, sən Allah...”

Nə etdiyimi və nə dediyimi bilmirdim. Əllərimi göyə qaldırıb qışqırırdım. Bütün üzümdən yaş axırdı və “Əli! Əli!” deyirdim. Nə qədər ötdüyünü bilmirəm, amma başımı çevirəndə Əli canın yatağının yanında oturduğumu gördüm. Əlindən tutub başımı onun balışına qoymuşdum. Balış göz yaşlarımla islanmışdı. Əli canım rahatca yatmışdı. Əlimi alnına qoydum. Qızdırması düşmüşdü. Mən isə əl çəkmirdim. Dəstəmaz alıb namaz çadramı başıma atdım və namaza başladım. Həmin gecə neçə rəkət namaz qıldığımı, neçə dəfə Təvəssül duasını və Aşura ziyarətnaməsini oxuduğumu bilmirəm, amma yaxşı xatırlayıram ki, hər namaz və duadan sonra səcdəyə gedib ağlayır və yalvarırdım: “Əli, sən dedin ki, Zeynəb kimi yolunu davam etdirim. Allaha and olsun, öz canına and olsun, Zeynəb kimi və dözümlə davam etdim. Başıma nə gəldiyinə, arxamca nə danışdıqlarına əhəmiyyət vermədim və deyinmədim. Mən hələ səni və birgə həyatımızı sevirəm. Sənin xatirələrinlə yaşayıram. Heç kimə könül vermədim və verməyəcəyəm. Bu dünyada sənin xatirələrindən, fikir və xəyallarından sonra ürəyimin yeganə sevinci oğlumuz olub. Əli can sənin yadigarındır, vücudunun bir parçasıdır. Buraya qədər yadigarına yaxşı baxdım. Allahın kölgəsindən başqa başının üstə başqa birisinin kölgəsinin olmasını qoymadım. Əli can, onu Allaha tapşır. Onu mənə qaytar. Bilirəm ki, bizi sənin qədər heç kim istəmir. Gəl bu axşam mənim sözümə qulaq as, mən bir ömür səni dinləyərəm. Söz verirəm. Əli, xahiş edirəm əlimi boş qaytarma. Əli, sən Allah, xahişimi yerə salma. Əlindən bir iş gəlirsə, gör. Hanı mehriban əlin, Əli?! Darıxıram. Mehriban əlini başıma çək, Əli can!”

Həmin gecə bir ömür darıxmaq qədər ağladım. Ağlamağım və kövrəlməyim bitmirdi.

Namaz və dualardan sonra oğlumun yanına getdim. Uşağım dərin yuxuda idi. Yavaşca nəfəs alırdı. Alnından öpdüm. Yazıq iki ay idi ağrı çəkirdi. İki ay idi bu ağrıya görə məktəbə getmirdi. Əlimi yavaşca qarnına qoydum. Boş idi və batmışdı. Qarnını öpüb qəhər içində dedim: “Əli can, bilirəm ki, buradasan. Oğlumuzu sənə tapşırıram. Ondan muğayat ol. Bilirəm ki, sağ olsaydın, bütün atalar kimi uşağını çox sevərdin. Hərçənd, bütün atalardan daha sağ və daha yaxında olduğuna əminəm”.

Ertəsi gün Əlini növbə aldığımız həkimə apardıq. Həkimdən qabaq kompüterli tomoqrafiya müayinəsindən keçməsini istədilər. Məni onunla getməyə qoymadılar. Uşağımı tək apardılar. Bir az sonra bir tibb bacısı tez bayıra çıxıb məni səslədi. Otağa çatana qədər yüz dəfə ölüb-dirildim. Oğlum qusub bütün paltarlarını bulamışdı. Qəhər içində cəld paltarlarını dəyişdirdim. Ona deyirdim: “Əli can, qorxma, əzizim, indi yaxşı olacaqsan”.

Oğlum o vəziyyətdə də mənə ürək-dirək verib deyirdi: “Ana can, mənim halım yaxşıdır. Çox yaxşılaşmışam, ağrım azalıb”.

Ertəsi gün günorta cənab Doktor Məlikzadənin qəbuluna gəlməyimizi söylədilər. Təsadüfən, həmin gün Əli ağanın ili idi. Anam tez-tez mobil telefona zəng vurub Əlinin halını soruşur və mərasimin hər bir anı haqda məlumat verirdi: “Bütün qonaqlar gəliblər. Ev adamla doludur. Əli can üçün Təvəssül duası oxuyuruq. Qulaq as: “Ya Vəcihətən indəllah! İşfəi ləna indəllah!”

Ürəyimdə tufan idi. Əli ağanı yanımda daha çox hiss edirdim. Yanımda, mənimlə oğlumun arasında oturmuşdu. Növbəmiz çatana qədər onunla danışırdım.

Telefonun zəngi çalındı.

- Firiştə, niyyət et.

Qadınların xorla səsi gəlirdi: “Ya Əbəl-Həsən! Ya Musa ibn Cəfər! Əyyuhəl-Kazim! Yəbnə Rəsulillah”.

Nəhayət, növbəmiz çatdı. Mədə-bağırsaq mütəxəssisi Doktor Məlikzadə çox şəxsiyyətli və vüqarlı bir adam idi. Hörmətlə və rəsmi şəkildə danışırdı. Əlinin qalın tibb qovluğunu stolun üstünə qoydum. Şəkillərə, analizlərin və endoskopiyanın nəticələrinə baxdı. Əli canı müayinə edib dedi: “Xanım, mənim bu qovluq və nəticələrlə işim yoxdur. Zəhmət olmasa, xəstəni hazırlayın, o biri otaqda yenidən endoskopiya müayinəsindən keçsin”.

O zaman əlli min tümən böyük pul idi. Onu ödədik. Bir neçə tibb bacısı oğlumun əlindən tutub apardılar. Bir qədər sonra bir tibb bacısı məni çağırdı: “Məhəmmədəli Çitsazianın yanında gələn kimdir?”

Yenə qusmuşdu. Çantamdan bir dəst paltar çıxardım. Paltarlarını dəyişə-dəyişə ağlayıb dodaqaltı Əli ilə danışırdım: “Əli ağa! Əli can, mən dünən sənə o qədər yalvardım. Eybi yox, yəni bizə ürəyin yanmır, amma iraqlı əsirlərə ürəyin yanırdı və kürkünü çıxarıb onlara geyindirirdin. Mənim və uşağının halına bax, gör necə əzab çəkirik! Bax, uşağın əldən gedir. Əli ağa, haqlısan; yuxarılarda vəziyyətin yaxşıdır, bizimlə nə işin var?!”

Göz yaşlarımı güclə saxladım. Əli canın paltarlarını birtəhər geyindirdim və otaqdan çıxan kimi ağlamağa başladım. İncə bədənli gözəl tibb bacısı arxamca gəldi. Deyəsən, mənə yazığı gəlmişdi. Dedi: “Xanım Çitsazian, bu qədər narahat olmayın. Mühüm bir şey deyil, yaxşı olacaq”.

İncə mehriban səsi vardı. Gedib atamın yanında oturdum. Anam zəng vurdu: “Firiştə, Cövşən-kəbir duası oxuyuruq, sən də oxu”.

Telefondan xanımların səsi gəlirdi: “İlahi! Mən Səndən istəyirəm bu adlarının hörmətinə: Ey Qoruyan! Ey Yaradan! Ey Xilaskar! Ey Qalib edən! Ey Dəf edən! Ey Zəmanət verən! Ey Əmr edən! Ey Çəkindirən! Sən bütün eyib və nöqsanlardan uzaqsan, ey Yeganə Allah! İmdada çat! İmdada çat...”

Birdən ağlamağa başladım. Darıxırdım. O anlarda Əli ağanın yanımda olmasını çox istəyirdim. Onun çiyinləri mənimkilərdən güclü, ürəyi daha geniş və halı həmişə yaxşı idi. O, sakit idi və Allaha çox təvvəkkül edirdi. Yanımda olması necə də yaxşı olardı! Olmaması isə... Dodaqaltı sızladım: “Əli, nə tez məni tək qoydun! Yanımda olsaydın, daha sakit olardım, mənə Allaha təvəkkül etməyi öyrədərdin. Əli, indi də varsan; bilirəm ki, varsan. Əgər varsansa, bir yolla özünü göstər. De ki, varsan, o zaman olduğu kimi, yenə diqqətin məndədir. De ki, mən hələ dul qalmamışam. De ki, kölgən başımın üstədir. Əminəm ki, şəhidlər sağdırlar, Allahın yanında hörmət və etibarları var. De ki, buna daha çox inanım. De ki, bizi heç vaxt tək qoymayacaqsan. De ki, bütün atalar kimi indi uşağından ötrü narahatsan. De ki, oğlunu çox sevirsən. De ki, bizi sevirsən. Əli, sən Allah, bu gün mənim işimi bəlli elə. Əli can, özünü mənə göstər!”

Mehriban tibb bacısı andoskopiya otağının qapısını açıb təbəssümlə məni çağırdı.

Oğlum çarpayıda uzanmışdı. Doktor rəsmi və səliqəli görkəmdə stolunun arxasında oturmuşdu. Hörmətlə mənə yer göstərdi, sonra isə ciddi şəkildə və əminliklə dedi: “Xanım Çitsazian, sizin oğlunuzda xüsusi bir problem yoxdur. Bağırsağında çox zəif iltihab var. Bu da sadə bir qida rejimi ilə aradan qalxar. Sizə yazacağam. Lakin bir neçə ay əsla çiy meyvə yeməsin. Hələlik ona dənli bitkilər, sulu xörəklər, şorba, bozbaş, göyərti, ədviyyat, istiot və qazlı içki qadağandır”.

Doktor danışa-danışa yazır, mən də inanmadan ona baxırdım.

- Bir neçə dərman da var, iki ay içməlidir.

Dedim: “Cənab doktor, üzr istəyirəm, Həmədandakı andoskopiyanı başqa bir neçə doktor da gördü və hamısı dedi ki, on iki barmaq bağırsağında yara var, əməliyyat olunmalıdır”.

Doktor Həmədandan gətirdiyim qalın qovluğu hörmətlə stolun üzərindən götürüb mənə verdi.

- Xanım Çitzasian, bəli, bu analizlər yaranı təsdiqləyir, amma mən öz andoskopiyama inanıram. Siz deyirsiniz mən gözlərimə inanım, yoxsa bu qovluğa?!

Atam yavaşca və tərəddüdlə dedi: “Cənab doktor, yəni deyirsiniz ki, Həmədanın doktorları səhv ediblər, yoxsa analizlər dəyişilib?”

Doktor başını yelləyib əminliklə dedi: “Yox, əsla. Mən belə bir söz demədim. Lakin biz işimizə inanırıq. Bizim andoskopiya müayinəmiz keçənaykı andoskopiya və analizlərin nəticələrini təsdiqləmir”.

Deməyə bir söz qalmamışdı; qalmasını istəmirdim də. Doktor Məlikzadənin sözlərinə bütün vücudumla inanmaq istəyirdim. Bir anlığa bütün vücudumu sevinc hissi bürüdü. Ayağa qalxdım. Çarpayıya uzanmış oğlumu qucaqlayıb öpdüm. Həmədandakı andoskopiyanın nəticəsi mühüm deyildi. Mühüm olan doktor Məlikzadənin sözləri idi və o, deyirdi ki, oğlunuzun problemi yoxdur. Mühüm bu idi ki, oğlun sağalmışdı. Mühüm bu idi ki, Əli ağa mənim sözlərimi eşidirdi və bizdən muğayat idi. Mühüm bu idi ki, Əli ağa bir dağ kimi bizim yanımızda dayanmışdı. Mühüm bu idi ki, mən dul deyildim, Əli ağa hələ də mənim həyat yoldaşım idi və həyat yoldaşım olaraq qalacaqdı. Mühüm bu idi ki, oğlumun ondan həmişə muğayat olan mehriban atası vardı. Mühüm bu idi ki, Əli can yetim deyildi. Mühüm bu idi ki, Əli ağa hər bir halda bizə nemət və bərəkət idi.

Qəribə sevinc içində idim. Əli ağa məni eşitmişdi. Sevincək Əli canı öpdüm. Qəribə şəkildə Əli ağanın ətrini almışdı. Başımı sinəsinə qoyub onu qoxuladım. Hələ də barmağımda olan nişan üzüyünü xatırladım. Onu dodaqlarımın üstünə qoydum, gözlərimi bağlayıb ürəkdən öpdüm.



Müqəddəs Məşhəd şəhərinə ilk səfərim, 1971-ci il. Anam, mən, atam və Röya.




Nikah mərasimi. Əqdi oxuyan: Ayətullah Nəcəfi



Atam, Əli ağa və mən əqd süfrəsində

Sağdakı anamdır.

Sağdan: Atam, Əli ağa, mən və Mahmud dayım.

1986-cı ilin novruzu, nikah mərasimi. Sağdan: Şəhid Məhəmmədəmir Çitsazian, Şəhid Əli Çitsazian, Sadiq Çitsazian. Altınəfərlik Çitsazian ailəsindən yalnız Hacı Sadiq yaşayır. Allah uzun ömür versin!

Sağdan: Şəhid Məhəmmədəmir, ağa Nasir Çitsazian, Əli ağa, Məryəmin həyat yoldaşı Həmid ağa və Sadiq Çitsazian.

Mənsurə xanım və Əli ağa

Ağa Nasirlə atam 1986-cı ilin yayında Həmədanda bizim toyumuzda. Ağa Nasir 2011-ci ildə haqqın rəhmətinə qovuşub Həmədanın Cənnət bağı məzarlığının şəhid ailələri hissəsində torpağa tapşırıldı. Atam təqaüdə çıxıb və anamın vəfatından sonra uşaqlıq yadigarımız olan evdə tək yaşayır.

Sağdan: Mən, Əli ağa, atam, anam, bacım Nəfisə və Şəhid Hadi Fəzlinin qızı Zeynəb. Dezfuldakı evin həyəti, 1987-ci ilin novruzu.

Şəhid Hadi Fəzli və Əli ağa.




1987-ci ilin fevralında mən Əhvazda olanda Əli ağa yaralanmışdı və onu Şiraza hospitala aparmışdılar. Bir gecə qabaq yuxuda onun yaralandığını görmüşdüm. Mahmud dayımla ağa Məhəmməd Xadim Həmədana qədər bu xəbəri məndən gizlətdilər. Bu şəkildə Əli ağanın toyumuzdan sonra Qazian küçəsindəki evini təmənnasız olaraq bizə vermiş dostu Nasir Hüseyni onun sağ tərəfində dayanıb. Sol tərəfindəki isə Seyid Mürtəza Musəvidir.

Əli ağa müharibə boyu dəfələrlə yaralanmışdı. Onun üç dəfəsi bizim müştərək dövrümüzə təsadüf edir. Bu şəkil 1983-cü ilə, Vəlfəcr-2 əməliyyatından sonraya aiddir. Yanındakı Şəhid Həbib Bəxşidir.

Hüseyn köməkçiləri (Ənsarül-Hüseyn) briqadası, 1984-cü il, Bədr əməliyyatı. Şəhid Türk və Əli ağa.



Şəhid Museyib Məcidi və Əli ağa.

Sağdan: Şəhid Eynəli, Şəhid Museyib Məcidi, Şəhid Hatəmi, Seyid Möhsün Fürutən, Əli ağa, Nüsrət Naini, Hüseynəli Muradi, Şəhid Məhəmməd Rəhimi, Mürtəza Azun, Məhəmməd Yusifi, yeniyetmə döyüşçü Firudin Rövşənai - Şəhid Məhərrəmi düşərgəsi, 1984-cü il, Bədr əməliyyatı

Əli ağa Vəlfəcr-2 əməliyyatında yaralanandan sonra

1985-ci il, Vəlfəcr-8 əməliyyatı, Fav-Ümmülqəsr yolu




Sağdan: Hüseyn Rəfii, Hüseynəli Muradi, Şəhid Abbas Salehi, Şəhid Bəhram Ətaiyan, Əli ağa.

Sağdan: Əmim oğlu Vəhid, Əli ağanın döyüş yoldaşı Hacı ağa Əhmədian və atam - Dezfull, 1987-ci ilin baharı


Sağdan: Şəhid Əli Əsgər Tahiri, Əli ağa, Məhəmməd Xadim - 1986-ci il, Məcnun adası


Əli ağa 10 sentyabr əməliyyatından öncə döyüş yoldaşları ilə birgə - 1986



Sağdan: Əhməd Həbibi, Şəhid Əli Şah Hüseyni, Əli ağa, Seyid Möhsün Həsəni, Haci Cavadi - 1986-ci ilin payızı, Tehranın Sasan xəstəxanası

Sağdan: Səid Sədaqəti, Əli ağa, Şəhid Məhəmməd İbrahim, ..., Əli Bəxtiyari


Əli ağanın qardaşı Şəhid Məhəmmədəmir Çitsazianla vidalaşması


Əli ağa şəhid qardaşı Məhəmmədəmir Çitsazianın dəfn mərasimində çıxış edərkən – Cənnət bağı məzarlığı, Həmədan, 1987.


Əli ağagilin Həmədanın Hünəristan prospektində yerləşən ata evləri, 1987. Qardaşı Məhəmmədəmir Çitsazianın şəhadət günləri.


Şəhadətindən bir neçə gün öncə Banədə - 1987-ci ilin payızı



Əli ağanın şəhadətindən bir saat sonra döyüş yoldaşı Məhəmməd İranpur onunla vidalaşarkən - Banə, Mavut bölgəsi



Həmədan vilayətinin şəhidpərvər əhalisi Əli ağanın dəfn mərasimində. Görənlərin dediyinə görə, bu dəfn o günə qədər Ayətullah Molla Əli Məsumi Həmədanidən sonra Həmədanın ən izdihamlı dəfn mərasimi olmuşdur.

Əli ağanın şəhadətindən iki ay sonra. Məhəmmədəli o zaman qırxgünlük idi.


Məhəmmədəlinin iki yaşı tamam olarkən. Sağdan: Əli ağanın yeganə xalası Fatimə xala, Hacı Sadiqin qızı Leyla, Mənsurə xanım, Məhəmmədəli nənəsinin qucağında və mənim nənəm. Mənsurə xanım 1995-ci ildə, cəsədi tapılmayan Məhəmməd Dəştinin anası da 2005-ci ildə haqqın rəhmətinə qovuşdu.


Altıyaşlı Məhəmmədəli ilə mən Həmədanın Şəriəti dördyolunda yerləşən Risalət ibtidai məktəbində. Mən məktəbdə direktor müavini idim, Əli isə hazırlığa gedirdi.


Sağdan ayaq üstə duranlar: Məryəmin həyat yoldaşı Həmid ağa, qızı Məhya, Əli ağanın bacısı Məryəm (Məryəm 2005-ci ildə ürək xəstəliyindən, Həmid də 2010-cu ildə yol qəzasında dünyasını dəyişdi), mən, Münirə xanım. Sağdan oturanlar: Hacı Sadiqin qızı Leyla, Məhəmmədəli, Hacı Sadiqin qızı Şima, Məryəmin qızı Muna, Xanımcan və Mənsurə xanım Həmədanın Əlisədr mağarasında.


Soldan: Atam, Məhəmmədəli, Məhəmmədəlinin həyat yoldaşı, anam, Nəfisə və mən. 2010-cu ilin novruzu. Anam 2011-ci ildə uzun sürən xəstəlikdən sonra bizi tərk etdi.


Mən, Əli və oğlu Arman - novruz 2015


Məktublar








Əli ağanın şəxsi əşyaları, təsbeh dənələri, İmam Xomeynidən təbərrük etdiyi parça, xatirələrimi yazdığım dəftərçə və 1986-cı ilin təqvim kitabı.


Bizim nişan üzüyümüzün də macəraları olub. O, Əli ağa ilə mənim qovuşma rəmzimiz idi... Onu heç vaxt özümdən ayırmamışam, bu otuz ildə həmişə birgə olmuşuq. Bir neçə il öncə həmkarlarımla ezamiyyətdə ikən onu itirdim. Bütün heyət onu axtarmağa başladı, amma tapılmadı ki tapılmadı. Məyus olmuşdum. Avtobusa qayıtdıq. Bir nəfər dedi ki, gəlin avtobusun içini də axtaraq. İnanılmaz şəkildə oturacaqların birinin altından tapdıq.



Bir dəfə də 2015-ci ildə şübhəli şəkildə itdi və ya oğurlandı. Onu əldə etməyə heç bir ümidim yox idi. Yeddi ay ötdü. Hər yadıma düşəndə heyfsilənir və ah çəkirdim. Nəhayət, yeddi aydan sonra gözlənilməz və möcüzəvi şəkildə bir nəfər vasitəsilə mənə qaytarıldı.





Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə