Günah lüğət elmində


ÜÇÜNCÜ FƏSİL İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR



Yüklə 3,25 Mb.
səhifə14/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

ÜÇÜNCÜ FƏSİL

İMAMA XAS OLAN SİFƏT VƏ ŞƏRTLƏR


İşarə:

İmam və Peyğəmbərin (s) canişinin öhdəsinə düşən ən ağır məsuliyyətlərə diqqət yetirdikdə, onun çox mühüm xislətlərə də malik olması labüd görünür. İmamın malik olduğu xislətlər mütləq Peyğəmbəri-əkrəmin (s) spesifik xüsusiyyətlərinə az-çox oxşamalıdır. Çünki hər ikisi bir məqsədə qulluq edir və eyni məsuliyyət daşıyırlar. Peyğəmbər (s) ilkin rəhbər, imamlar isə onun ardıcılları sayılır.

“Nübüvvət” məqamının tələbi, Peyğəmbərin (s) öhdəsinə düşən ağır və mühüm məsuliyyətə əsasən, insanları zəlalət təhlükəsindən xilas etmək, etiqad və əxlaqda, ictimai nizamda xeyir və təkamülə çatdırmaq, ilahi qayda-qanunları qorumaq üçün yüksək elm və biliyə ehtiyac var. Bundan əlavə, insan ictimai-psixoloji dünyagörüşü və bəşərin tarixi inkişaf prosesi haqqında geniş məlumata malik olmalı, bir sözlə, ümumbəşəri təlim-tərbiyə üsullarını bilməlidir. Peyğəmbərlərin elmi məlumatlara uyğun düzgün proqramlar hazırlaması üçün gələcək hadisələrdən az-çox xəbərdar olması da lazımdır. Çünki risalət vəzifəsi ümumbəşəri xarakter daşıyır.

Bu məsələlər azacıq fərqlə məsum imamlar və peyğəmbərlərin canişinlərinə də aiddir. Çünki onlar peyğəmbərlərin məram və yolunu davam etdirir. Beləliklə, dini-şəri proqramlar ilahi canişinlər vasitəsilə möhkəmləndirilir, inkişaf etdirilir.

Həmçinin məsum imamlar ilahi peyğəmbərlər kimi, dini göstərişləri səhvsiz və azğınlığa düşmədən camaata çatdırmalıdır. Əgər onlar xəta və günahdan uzaq olmasalar, onların təyini faydasızdır.

Peyğəmbərlər din və dünya işlərinə rəhbərliyi əllərinə aldıqlarından onlarda nifrət doğuran zahiri və batini çirkin sifətlər olmamalıdır. Belə ki, həmin sifətlər işlərinə maneçilik törətməsin və kimlərisə məqsəddən yayındırmasın.

Bunlar eynilə məsum imamlara da şamildir. Onlar nəinki nifrət oyadan xislətlərdən uzaq, həm də düşüncə və qəlbləri cəzb edən əxlaqi səciyyə və gözəlliklərə malik olmalıdırlar.

Hər şeydən öncə imamın elminin hüdudları ilə tanışlıq yüksək əhəmiyyət daşıyır:


İMAMIN ELMİ


Qurani-kərimin bir çox ayələrində bu məsələ diqqət mərkəzində durur, o cümlədən, bu ayədə buyurulur:

وَإِذَا جَاءهُمْ أَمْرٌ مِّنَ الأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُواْ بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُوْلِي الأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنبِطُونَهُ مِنْهُمْ وَلَوْلاَ فَضْلُ اللّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لاَتَّبَعْتُمُ الشَّيْطَانَ إِلاَّ قَلِيلاً

Onlara qələbə və ya məğlubiyyət xəbəri gəldikdə, dərhal (təhqiq etmədən) onu yayarlar. Halbuki əgər bunu Peyğəmbərə və ya özlərindən (kifayət qədər elm və qüdrətə malik) olan əmr sahiblərinə desəydilər, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslər bilərdilər. Əgər Allahın lütf və mərhəməti üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyardınız!”1

Başqa bir ayədə belə buyurulur:

فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ

Əgər bilmirsinizsə, elm əhlindən soruşun!”2

***

Birinci ayədə göstərilir ki, bəzən müsəlmanlar münafiqlər və İslam düşmənləri tərəfindən yayılan şayiələrlə üzləşirdilər. Onlar hərdən qələbəyə və məğlubiyyətə, hərdən də digər məsələlərə aid şayiə və xəbərlər yayırdılar. Bu da bəzən onların arasında iğtişaş törədir və ruhdan düşmələrinə səbəb olurdu. Belə hallarda Qurani-kərim onlara belə məsləhət görür: “Müsəlmanların xəbərsiz olduğu mühüm ictimai məsələlərdə İslam peyğəmbərinə və ya əmr sahiblərinə müraciət olunsun!”



“Ulil-əmr” “əmr və fərman sahibləri” deməkdir. Şübhəsiz, burada bu söz ordu sərkərdələri mənasını bildirilir. Çünki ayənin davamında buyurulur: “Əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan şəxslərə desəydilər, onlar bilərdilər.” Deməli, xəbərsiz olanlar onlara müraciət etməlidirlər. (Diqqət yetirmək lazımdır ki, “yəstənbitunəhu” “nəbət” sözündən götürülmüş, əslində “quyudan çəkilən ilk su” mənasını ifadə edir. Müxtəlif dəlil və şahidlərin araşdırılmasına “istinbat” deyilir.)

Bu sifət başçı və ordu sərkərdələrinə yox, alimlərə aiddir. Beləliklə, müsəlmanlara xəbərdarlıq edilir ki, həssas və mühüm hadisələrdən agah olan “əmr sahibləri”nə müraciət etsinlər.

Ayədə qeyd edilən “ulil-əmr”in (əmr sahiblərinin) kimlər olduğu barədə təfsirçilər arasında fikir ayrılığı var. Əvvəldə qeyd etdiyimiz kimi, bəziləri onu (xüsusilə Peyğəmbərin (s) iştirak etmədiyi müharibələrdəki) ordu sərkərdələrinə, bəziləri fəqih və alimlərə, bəziləri ilk dörd xəlifəyə, bəziləri vəzifə sahiblərinə, bəziləri də məsum imamlara aid etmişlər.

Bu beş təfsir arasında sonuncusu daha münasibdir. Çünki ayənin davamında “əmr sahibləri” üçün qeyd edilən iki xüsusiyyətə görə, onu məsumlardan başqasına aid etmək olmaz.

Birinci xüsusiyyət belə vəsf edilir: “Xəbərin mahiyyətinə varan əmr sahiblərinə müraciət etsələr, onlara yol göstərərlər!” Uyğun xüsusiyyətin zahiri mənası budur ki, əmr sahiblərinin elmi əsla nöqsan, şəkk-şübhə və xətaya uğramaz. Bu isə məsumlardan qeyrisinə aid deyil.

İkinci xüsusiyyətdə, əmr sahiblərinin varlığı bir növ ilahi lütf və mərhəmət hesab edilir. İnsanlar onlara itaət etməklə şeytana uymaqdan yayınırlar.

Məlum olduğu kimi, məsum imamlara itaət şübhəsiz, azğınlıq və şeytana uymağın qarşısını alır. Çünki məsum olmayanların özləri də xəta və günaha, şeytanın tələsinə düşə bilərlər!

Əhli-beyt (ə) və əhli-sünnə mənbələrindən bizə gəlib çatan bir çox rəvayətlərdə “əmr sahibləri” məsum imamlar kimi təfsir edilmişdir.

Mərhum Təbərsi “Məcməül-bəyan” kitabında imam Baqirdən (ə) nəql etmişdir ki, onlar məsum imamlardır.1

“Təfsiri-Əyyaşi”də imam Rizadan (ə) nəql olunan bir hədisdə belə buyurulur:



يَعْنِى آلَ مُحَمَّدٍ، وَهُمُ الّذِينَ يَسْتَنْبِطُونَ مِنَ الْقُرآنِ وَيَعْرِفُونَ الْحَلالَ وَالْحَرامَ وَهُمْ حُجَّةُ اللهِ عَلى خَلْقِهِ:

Məqsəd Məhəmmədin (s) övladlarıdır. Onlar Quranı izah edənlər, halal və haramı tanıyanlar və insanlar üzərində ilahi höccətlərdir!”1

Şeyx Səduq “Kəmalud-din” kitabında2 imam Baqirdən (ə) belə nəql edir: “Allahın vilayət (rəhbərlik) və ilahi elminə yiyələnənləri Peyğəmbərin Əhli-beytindən başqasına aid edən kəs Allahın əmrinə qarşı çıxmışdır.”

***


İkinci ayədə (Qurani-kərimin “Nəhl” və “Ənbiya” surələrindəki “Fəsəlu əhləz-zikr, in kuntum la tələmun” ayəsində) isə bütün insanlara göstəriş verilir ki, bilmədiklərini elm və bilik əhlindən soruşsunlar.

Şübhəsiz, ayədə qeyd olunan “zikr” sözü “elm, bilik və məlumat” mənasını bildirir. Ümumiyyətlə, “əhləz-zikr” sözü bütün elmli, bilikli və məlumatlı şəxslərə aid edilə bilər. Buna görə də təqlid məsələsində bir şəxsin alimə müraciətinin zəruriliyini sübut etmək üçün bu ayəyə istinad olunur. Lakin onun tam mənada həqiqi timsalı elmini Allah və Peyğəmbərdən (s) irs alanlardır. Onların elmi xəta və səhvdən uzaq, ismət məqamı ilə birgədir. Məhz buna görə də həmin ayə Əhli-beyt və məsum imamlara təfsir edilmişdir. Belə ki, imam Rizadan (ə) nəql olunan bir hədisdə bu ayə ilə əlaqədar sualın cavabını belə vermişdir: “Elm və bilik əhli bizik və (hər şeyi) bizdən soruşmaq lazımdır!”3

Diqqət yetirmək lazımdır ki, bu və buna oxşar fikirlər əhli-sünnənin on ikiyə yaxın təfsir kitabında nəql olunmuşdur. Həmin təfsir kitabları aşağıdakı alimlərin əsərləridir: Əbu Yusif, İbn Həcər, Müqatil ibn Süleyman, Vəki ibn Cərrah, Yusif ibn Musəl-Qəttan, Qəttadə, Hərbut-Tai, Südey, Mücahid, Müqatil ibn Həyyan, Əbu Saleh və Məhəmməd ibn Musa Şirazi.

Bu təfsir kitablarında İbn Abbasdan nəql olunur ki, “Elm əhlindən soruşun” ayəsində məqsəd Məhəmməd (s), Əli, Fatimə, Həsən və Hüseyndir (ə). Onlar elm, bilik və əql sahibləri, Peyğəmbərin Əhli-beytidir!1

Bir sözlə, ayənin məfhumu geniş olsa da, onun kamil nümunəsi elmi xəta və səhvdən uzaq məsum imamlardır. Ayə keçmiş peyğəmbərlərin nişanələri, Tövrat, İncil, yəhudi və məsihi alimlərindən sualla əlaqədar nazil olsa da, onun mənası deyilənlərlə heç bir ziddiyyət təşkil etmir.

Bildiriş:

Əvvəldə deyildiyi kimi, peyğəmbərlər insanların bütün maddi və mənəvi yönlərdə hidayəti, onların dünya və axirət səadəti ilə bağlı vəzifələri layiqincə yerinə yetirmək üçün mütləq qeyri-adi elm və biliyə malik olmalıdırlar. Peyğəmbərin canişinləri olan imamlar da belədir. Onların öhdələrinə düşən ağır məsuliyyətə görə qeyri-adi elm və biliyə yiyələnmələri zəruridir. Çünki insanlar onlara etimad etməli, dində rəhbərliyi onlara tapşırmalıdırlar.

Bu elm və bilik xəta, səhv və nöqsandan uzaq olmalıdır. Əks təqdirdə insanların etimadını qazana bilməzlər, onlar öz fikir və nəzərlərini peyğəmbər və imamın nəzərindən üstün tutarlar. Peyğəmbər və imamın xəta və səhvi qeyd-şərtsiz təslimçiliyə yol vermir. Mütləq etimad qazanmaq üçün onların ismət məqamında olması zəruri görünür.

Qurani-kərimdə Bəni-İsrailin rəhbəri seçilən Talut haqda belə buyurulur:



إِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَزَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ

Allah-taala sizdən ötrü onu seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük verilmişdir!”2

Allah-taala Bəni-İsrailin “biz hökmdarlığa daha layiq ikən və

ona var-dövlət verilmədiyi halda o necə bizə padşah ola bilər”3 sözləri müqabilində buyurdu ki, ilahi rəhbərlik elm və qüvvə ilədir və ona kifayət qədər elm, qüvvə bəxş etmişik.

Həzrət Yusif (ə) Misirin hökumət işində “beytül-mal”a (ümumi əmlak) müdiriyyətə layiq görüldükdə elm, bilik və əmanətdarlığına istinad edərək buyurdu:



اجْعَلْنِي عَلَى خَزَآئِنِ الأَرْضِ إِنِّي حَفِيظٌ عَلِيمٌ

Məni Misirin xəzinələrinə məmur təyin et, çünki mən qoruyan və bilənəm!”1

Peyğəmbərlərin elmi barəsində qeyd etdik ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirmək üçün mütləq qeyb aləmindən xəbərdar olmalıdırlar. Bu elmə imamlar da malikdir. Onların vəzifələri cahanşümul olduğundan dünyanın bir çox sirlərindən, o cümlədən, keçmiş və gələcəkdən də xəbərdar olmaları zəruridir. Ola bilərmi ki, keçmiş və gələcəkdən xəbərdar olmadıqları halda, vəzifələrini layiqincə yerinə yetirsinlər?! Onların işi zahir və batin, daxil və xariclə birbaşa əlaqədardır. Belə mühüm işləri qeyb aləmindən xəbərsiz yerinə yetirmək qeyri-mümkündür. Bunu imam Sadiqin (ə) diqqəti cəlb edən buyuruğunda görmək olar:

مَنْ زَعَمَ اَنَّ اللهَ يَحْتجُّ بِعَبْدٍ فِى بِلادِهِ ثُمَّ يَسْتُرُهُ عَنْهُ جَميعَ ما يَحْتاجُ اِلَيهِ فَقَدِ افْتَرى عَلَى اللهِ:

Hər kəs yer üzündə bir bəndənin Allahın höccəti olduğunu, sonra isə Allahın bu bəndənin ehtiyac duyduğunu ondan gizlətdiyini güman edərsə, Allaha iftira yaxmışdır!”2

Bəli, keçmiş, bu gün və gələcəklə əlaqəli hadisələrin sirlərindən agah olmaq ilahi höccətin xüsusiyyəti, eləcə də, insanların hidayəti ilə bağlı əsas vəzifələrin yerinə yetirilməsi üçün bir vasitədir. Bir sözlə, imamət məqamının ilk şərti qeyri-adi elmə yiyələnmək, bütün dini maarifdən, cəmiyyətin ehtiyaclarından, onların təlim-tərbiyəsi, hidayət və idarəsi ilə əlaqədar məsələlərdən tam xəbərdar olmaqdır. Qeyri-adi elm və biliksiz belə ağır məsuliyyəti (imamət məqamını) kimsəyə tapşırmaq olmaz.

***


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə