Günah lüğət elmində


"SADİQİN" (DOĞRUÇULAR) AYƏSİ



Yüklə 3,25 Mb.
səhifə6/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   2   3   4   5   6   7   8   9   ...   61

"SADİQİN" (DOĞRUÇULAR) AYƏSİ


يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ

Bu ayədə möminlər təqvaya, Allahın əmrindən çıxmamağa çağırılır və onlara göstəriş verilir ki, (azğınlığa düşməsinlər deyə,) sadiqlər və doğru danışanlarla birgə olsunlar.

Ayədə qeyd olunan "sadiqin" sözünün kimlərə işarə olması barədə müxtəlif təfsirlər mövcuddur:

Bəzi ehtimallara görə, məqsəd Peyğəmbəri-əkrəmdir (s) və bu ayə həzrətin öz dövrünə aiddir. Halbuki Qurani-kərimin digər xitabları kimi bu ayənin də ümumiliyi, hər bir dövrə və hər bir məntəqədə yaşayan möminlərə aid olması aydındır.

Bəziləri isə belə deyir: Ayədə qeyd olunan "məə" )birgə) "min" (dan, dən) mənasındadır. Yəni siz sadiqlərdən və doğru danışlardan olun! Halbuki belə yozumlara heç bir zərurət yoxdur və ərəb ədəbiyyatında, ədiblərin kəlamlarında "məə"nin "min" mənasında işlənməsi görünməmişdir.

Ayənin zahiri mənasına əsasən, bütün müsəlmanlar hər bir dövr və əsrdə sadiqlərin sırasında və onlarla birlikdə olmağa çağırılırlar. Məlum olur ki, hər dövrdə sadiq, yaxud sadiqlər var və camaat təqva və pərhizkarlıq yolunu tutmaq üçün mütləq onlarla birlikdə olmalıdırlar.

Yaxşı olar ki, "sadiqin" sözünün mənasını və onların hansı xislətlərə malik olduğunu bilmək üçün Qurani-kərimin özünə müraciət edək. Qurani-kərimin "Hücurat" surəsində buyurulur:

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُوْلَئِكَ هُمُ الصَّادِقُونَ

"Möminlər yalnız Allaha və Onun peyğəmbərinə iman gətirən, sonra isə heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. Məhz belələri sadiq olanlardır!"1

Bu ayədə "sidq" sözü hər növ şəkk-şübhə və tərəddüddən uzaq iman və əməldən ibarətdir.

"Bəqərə" surəsinin 117-ci ayəsində yaxşılıq və xeyirxahlığın Allaha, qiyamət gününə, mələklərə, səmavi kitablara və peyğəmbərlərə imandan, mal-dövləti Allah yolunda yoxsullar və kölələrə xərcləməkdən, habelə namaz qılmaq, zəkat vermək, əhdə vəfa etmək, çətinliklər və cihad zamanı dözümlü, səbirli olmaqdan ibarət olduğu açıqlandıqdan sonra buyurulur: "Belələri sadiq olanlardır!" Beləliklə, sadiqlərin əsas nişanə və əlaməti bütün müqəddəs şeylərə kamil iman gətirmək, hər bir halda Allahın əmrinə tabe olmaq, xüsusilə namaz qılmaq, zəkat vermək, infaq etmək və çətinliklərdə səbir edib dözməkdir. Bu məna "Həşr" surəsinin 8-ci ayəsində də gözə dəyir.

Bu ayələrdən, eləcə də, bəhs etdiyimiz ayənin ümumi mənasından – sadiqlərlə birgə olmağın qeyd-şərtsiz zəruri sayılmasından nəticə çıxarırıq ki, müsəlmanlar iman və təqva, elm və əməl, səbir və dözüm baxımından ən yüksək dərəcəli kəslərlə birgə olmağa məsuldurlar. (Diqqət yetirmək lazımdır ki, ayədə "sadiqlər zümrəsindən olun" yox “onlarla birgə olun” deyilir. Bu da insanların nail ola biləcəyi ən yüksək mərhələni göstərir. (Məsumlar isə onlara nümunə və örnəkdirlər.)

Digər tərəfdən, sadiqlərlə birgə olmaq əmrinin ümumi, mütləq və qeyd-şərtsiz sayılması onların (sadiqlərin) məsumlığına başqa bir dəlildir. Çünki məsum olmayanlara qeyd-şərtsiz tabe olmaq əmri düzgün deyil.

Diqqəti cəlb edən məsələ budur ki, Fəxri-Razi burada bir müqəddimədən sonra ayənin məqsədini belə açıqlayır: "Səhv və xətaya yol verən kəsin məsum şəxsə itaət etməsi vacibdir. Allah-taala da sadiqləri məsum hesab etmişdir. Buna əsasən, səhv və xətaya yol verən kəslərin məsumlarla birgə olması vacibdir və məsumlar onların xəta və səhvlərinin qarşısını alırlar. Bu əmr hər bir zamana aiddir və danılmazdır. Deməli, hər dövrdə məsum insanın varlığı zəruridir."

Sonra əlavə edir: "Biz hər dövrdə məsum və günahsız şəxsin olmasını qəbul edirik. Lakin biz məsum dedikdə bütün ümməti nəzərdə tuturuq. Halbuki siz (şiələr) deyirsiniz ki, məsum yalnız bir nəfər olmalıdır."1

Fəxri-Razi ayənin məzmunca çox aydın olmasına baxmayaraq, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsini danmaqla bütün ümmətin məsum olmasından, yaxud "ümmət icması"ndan söz açmışdır. Halbuki bütün ümmət az məsələdə yekdildir. Sadiqlərlə birgə olmaq məsələsi isə ümumi bir vəzifəni göstərir. Hətta bu ayə nazil olan zaman heç bir ərəbdilli şəxs "sadiqin" dedikdə bütün ümməti nəzərdə tutmurdu. Belə isə onu bu mənaya yozmaq mümkündürmü? Etiraf etməliyik ki, hər bir dövrdə sözlərində əsla xilaf olmayan, səhv və xətaya yol verməyən sadiq şəxsin olması zəruridir və insanlar ona itaət etməlidirlər.



Sual: Burada belə bir sual yaranır ki, "sadiqin" (sadiqlər) sözünün cəm formasında olması hər dövrdə məsumun hüzurunumu göstərir? Bu, Əhli-beyt (ə) məktəbi ardıcıllarının əqidəsinə uyğun gəlmir. Bu sualın cavabını necə vermək olar?

Cavab: Burada bir incə nöqtəyə diqqət yetirməklə şübhənin cavabı aydınlaşır. O da budur ki, cəm formasını bütün zamanlara aid etmək olar və burada "sadiqlər" başqa-başqa zamanlarda yaşamış müəyyən bir qrupu təşkil edir. Bu, eynilə belə bir ifadəyə bənzəyir: "Hər dövrün camaatı ilahi peyğəmbərlərə tabe olmalıdır." Bu o demək deyil ki, bir zamanda bir neçə peyğəmbər yaşamalıdır. Əksinə, hər dövrün insanları öz zamanının peyğəmbərinə tabe olmalıdır. Yaxud "insanlar öz vəzifələrini alim və mərcəi-təqlidlərdən öyrənməlidir" cümləsinin mənası hər kəsin öz zamanında yaşayan alim və mərcəi-təqlidə itaət etməsindən ibarətdir.

Bunun canlı şahidi Peyğəmbəri-əkrəmin (s) özüdür. Belə ki, onun dövründə itaəti vacib olan başqa bir kəs yox idi və ayədəki hökm qəti şəkildə o həzrətə də aiddir. Məlum olur ki, "sadiqlər" sözünün cəm forması təkcə bir zamana aid deyil, bütün zamanları əhatə edir. Bu təhlil ayənin məzmununa daha çox uyğundur.

***

Bir çox sünni təfsirçi və mühəddisləri İbn Abbasdan nəql etmişlər ki, yuxarıda qeyd olunan ayə Əli ibn Əbi Talibə (ə) aiddir. O cümlədən, Əllamə Sələbi öz təfsirində İbn Abbasın bu ayə barəsində belə dediyini nəql edir:



مَعَ الصّا دِقِينَ يَعْنى مَعَ عَلِىِّ بْنِ اَبِيطالِبٍ وَ اَصْحابِهِ

“(Ayədə buyurulan) "Sadiqlərlə birgə olun" ifadəsində məqsəd Əli ibn Əbi Talib və onun səhabələrilə birgə olmaqdır!"1

Həmçinin Əllamə Gənci "Kifayətut-talib" və Əllamə Sibt ibn Cövzi "Təzkirə" kitabında bir qrup alimdən belə nəql etmişlər: "Alimlərin dediklərinə görə, bu ayədə Əli (ə) və onun xanədanı ilə birgə olmaq nəzərdə tutulur." İbn Abbas əlavə edir: "Əli (ə) sadiqlərin rəhbəri, sərvəridir."2

Əhli-beytdən (ə) bizə gəlib çatan müxtəlif rəvayətlərdə də bu məna eynilə təkrarlanır. O cümlədən, Cabir ibn Abdullah Ənsarinin imam Baqirdən (ə) nəql etdiyi bir rəvayətdə deyilir ki, o həzrət “Sadiqlərlə birgə olun” ayəsinin təfsirində belə buyurdu: (اى آلُ مُحَمَّدٍ)"Məqsəd, Məhəmmədin (s) övladlarıdır!"3

Başqa bir rəvayətdə Büreyd ibn Müaviyə həmin ayənin təfsiri ilə əlaqədar o həzrətdən belə nəql edir: "Məqsəd bizik!"4

"Bürhan" təfsirində "Nəhcül-bəyan" kitabından belə nəql edilir: "Rəvayət olunmuşdur ki, Peyğəmbəri-əkrəmdən (s) “sadiqlər” barəsində sual olunduqda, "Onlar qiyamətə qədər Əli, Fatimə, Həsən, Hüseyn və onların məsum, günahsız övladlarıdır", buyurmuşdur.1

Məlum olduğu kimi bütün bu rəvayətlər həqiqətdə (sadiqlərin) xaricdəki fərdlərini tanıtdırır və ayənin ümumi məfhumu ilə heç bir ziddiyyət təşkil etmir. Çünki bu qrupa ilk növbədə Peyğəmbəri-əkrəmin (s) özü, sonra isə müxtəlif zamanlarda yaşayan məsum imamlar aiddir. Beləliklə, bu ayə həm ümumi, həm də xüsusi imamət və vilayəti sübut etmək üçün aydın dəlildir.


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə