Güney şairlərinin poema yaradıcılığında tarixilik və müasirlik



Yüklə 53,79 Kb.
tarix26.09.2017
ölçüsü53,79 Kb.

Güney şairlərinin poema yaradıcılığında tarixilik və müasirlik
Təbii ki, sürətli inkişaf tempi ilə səciyyələndirilən XX əsr Azərbaycan ədəbiyyatının inkişaf istiqamətləri, poemalarda müasirlik və yeniləşmə meyarının səciyyəvi hal alması sovet dövrü ədəbiyyat tənqidçilərinin gəldiyi qənaətdən çox asılı idi. Həm o dövr, həm də sonradan yetişən tənqidçilər ordusu poema janrının spesifik xüsusiyyətlərini tarixilik və müasirliyin vəhdətində təhlil etməklə, həm də janrda yeniləşmə faktorunu mühüm cəhət kimi qabardırdılar. Bu da ədəbiyyat üçün xarakterik olan keyfiyyət məsələsinin yüksəlməsinə meydan verirdi. Güney Azərbaycan ədəbiyyatında da tarixilik və müasirlik prinsipləri əsas etibarilə, XX əsrin 30-cu illərindən başlayaraq maddiyyat və mənəviyyat kodeksi çərçivəsində özünü daha qabarıq əks etdirə bilmişdir. O illərdə tədqiqatçılar arasında poema janrına münasibətin birmənalı olmaması ədəbiyyat aləmində tarixilik və müasirlik məfhumlarının düzgün şərh edilməsinə də mənfi təsir göstərmişdi. Belə bir vaxtda isə ədəbiyyatda müasirlik anlamı başlıca olaraq poeziyada öz bədii inikasını tapırdı. Poemalara münasibətin kəskin xarakter aldığı vaxtlarda bir sıra ədəbiyyat xadimləri bu janrın müasir anlamda təzahürünü ciddi qəbul etmir, poemalarda yalnız qeyri-leqal xarakter daşıyan hisslərin ifadəsinə çalışırdılar. Özbək şairi Rəmzi Babacanın bu fikirləri də görünür həmin nəticədən doğmuşdu: «Poema janrının vəziyyəti həyəcan doğurur. O, öz köhnə simasını itirib, yeni keyfiyyətləri isə hələ özününküləşdirə bilməyib.”(Бабаджан Р. Лучше старая картина.// «Литературное обозрение», 1974, № 1, с. 45.)

Tənqidçi A.Mixaylov poemada yalnız lirikaya üstünlük verir və onu şeirdən yalnız həcmi ilə fərqlənən bir janr kimi təqdim edirdi. E.Umanskaya isə poema janrına münasibətdə heç də birmənalı fikir yürütmür, poemalarda epizmi əsas və konkret meyar hesab edirdi. Təbii ki, belə mübahisələr bir tərəfdən ədəbiyyatın inkişaf istiqamətlərinin düzgün müəyyənləşməsinə xidmət edirdisə, digər tərəfdən ədəbiyyat aləmində “küstah ruhların baş qaldırmasına” zəmin yaradırdı. Nəticədə, bir sıra şair və yazıçılar bədii cəhətdən zəif əsərlər ortaya qoyur, tənqidçilər arasında çaşqınlıq salırdılar. Amma o dövrlərdə Y.Martsinkyaviçyus kimi ədəbiyyat tədqiqatçıları bu janrda yaranmış əsərlər üzərində ciddi araşdırmalar aparır və obyektiv elmi nəticələrə gəlirdilər. Belə hallar poema janrına münasibətin dəyişməsinə zəmin yaradır, ictimai-siyasi hadisələrin təsirindən asılı olaraq poemalarda müasirlik - yeniləşmənin labüdlüyünü hiss olunacaq aspekt və ölçülərlə aşkara çıxarırdı.

İranda baş vermiş inqilabların, xalq hərəkatı dalğalarının, çətin ictimai-siyasi mübarizələrin kəskin xarakter aldığı vaxtlarda Güney Azərbaycanın şair və yazıçıları əsərlərində o illərin ağrı-acılarını xronoloji ardıcıllıqla sıralamış, hadisələrin hər dövrə uyğun xarakteristikasını müəyyənləşdirməyə çalışmışlar. Ümumiyyətlə, bütün mərhələlərdə Quzey Azərbaycanda, Güneydə və İranda ədəbi hərəkat ardıcıl və davamlı şəkildə izlənmiş, ədəbi nümunələr süzgəcdən keçirilmişdir.

Güney Azərbaycan ədəbiyyatı, xüsusilə poema yaradıcılığı hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq özünəməxsusluğunu, milli koloritini, tarixi ənənələ-rini qoruyub saxlamışdır. Şübhə yoxdur ki, «söz sənəti nə qədər, təbiətlə, insanın lirik duyğu və düşüncələri ilə bağlıdırsa, bir o qədər də həyatla, ictimai proseslərlə, cəmiyyət quruculuğu və siyasi mübarizələrlə bağlıdır». (İbrahimov M. “Ümid və kədər poeziyası”, “Azərbaycan”, 1988, 4 sayı, s.136)



Əlbəttə, ədəbiyyatda tarixilik və müasirlik prinsiplərinin gözlənməsi mühüm əhəmiyyət daşıyan cəhətlərdəndir. Tarixi hadisələri və tarixi şəxsiyyətləri geniş şəkildə özündə əks etdirən əsərlər əsas etibarilə zaman və tarix baxımından səciyyələndirilir. Belə əsərlər oxucunu ictimai ədalətsizliklərlə barışdırmağa, onun düşüncəsini istismar dünyası ilə mübarizə zərurətindən uzaqlaşdırmağa və onda bu mübarizənin əhəmiyyətsiz olduğu barədə yanlış təsəvvür yaratmağa çalışan əsərlər deyil. Əksinə, bu tərz əsərlərdə qələm adamları ilk əvvəl tendensiya yaratmağa cəhd edir və sonda oxucunu mükəmməl bir ədəbiyyat nümunəsi ilə üz-üzə qoyurlar. XX əsrin 60-cı illərindən başlayaraq Güney Azərbaycan ədəbiyyatı nümunələrində intuisiya, hiss və duyğuların dili ilə danışmaq xüsusi meyar kimi diqqət mərkəzinə çəkilir. Ədəbiyyatda intuisiya müasirlik və tarixilik kontekstində yaranan yüksək sənətkarlığın dayaqlarından biridir. Güney şairlərinin yaradıcılığında müasirlik və tarixilik prinsiplərinin sanki ahəng qanununa uyğunlaşdırılması həm o dövr, həm də yeni mühitdə sənətkarlığın başlıca məqsədi idi. Bu tendensiya bir sıra güneyli şairlərin, o cümlədən Həmid Nitqinin poemalarında da aydın şəkildə müşahidə edilir. H.Nitqinin kəskin xarakterli, yığcam, müasir dünyamızın mənzərəsini oxucunun gözləri qarşısında aydın cızan əsərləri insanın daxili yaşantıları, iç dünyası ilə xarici aləm arasındakı münasibətləri açmaqla, həm də müasirlik və tarixilik prinsiplərini özündə ehtiva edir. Real hadisə və tarixi faktlarla zəngin əsərlər yaradan Həmid Nitqi (1920-1999) xəyali qavramlara, fantastik düşüncələrə aludə olmamış, utopiyanı ədəbiyyatın kənar həddi kimi qəbul etmişdir. O, iman adamı idi və Allahın insan övladına, bütöv bəşəriyyətə bəxş etdiyi ilahi eşqi dərk edir, duyur və hər bir canlı varlığın yaşam haqqının yalnız böyük Yaradanın onlara lütfü olduğu həqiqətini anlayırdı. Onun üçün yalnız bəşəriyyət - irqindən, dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq bəşər övladı anlamı vardı. Həmid Nitqi türkoloq alim kimi dəyərli araşdırmaların müəllifi olsa da, fitrətən şair idi və dünyada baş verən hər hansı bir olaya, ictimai-siyasi hadisəyə bir vətəndaş kimi biganə qalmır, baş verənlərə poetik münasibət bildirirdi. O, Allahın bəxş etdiyi ruhun, qəlbin, kainatın, maddi və mənəvi dünyanın qədrini, qiymətini bilmədiyinə, sosial-siyasi mövqeyinə görə bir-birindən kəskin fərqlənən insan övladının özünə qənim kəsilməsinə, qardaş qanı axıdılmasına, zülm və əsarət, zorakılıq üzərində xoşbəxtlik axtarmalarına təəssüflənirdi. Çünki bütün bunlar onun gözləri qarşısında baş verirdi. Tanrı nemətlərinin müqabilində yenə də nəfsə uyub şeytanın fitnəsinə aldananlar insanlığını məkrli, rəzil, əzazil duyğulara dəyişir və elə onun kimi yaşam hüququ verilmiş həmcinslərinin hüquqlarını tapdalayıb, haqlarını əllərindən alır, özlərini isə qul, kölə hesab edirdilər. Bu haqsızlıq sinəsində böyük dünyaya əbədi məhəbbət daşıyan ədibin ürəyinin bəlkə də heç vaxt sağalmayacaq yarası idi. Heç bir çərçivəyə sığmayan ilhamı, poetik ruhu bəzən poetik imkanları xaricinə çıxan şair xalqının haqq səsini dünyaya çatdırmaq üçün başqa yol tapa bilmir, yaradıcı ruhuna tapınırdı. İnsanlıq adına yazmış olduğu bütün ədəbi nümunələrini, bəlkə də elə bu məqsədlə də yaradırdı.

Həyatıın gerçəklikləri, təzadlı anları onun yaradıcılığında parlaq lövhələrlə canlandırılır. İnqilab fədaisinin xarakterik obrazlarla zəngin «Təbriz», «Dastan ölməz», «Günəş», “Tarix deyə bilmərəm”, “Haqq” poemalarında müasirlik və tarixilik prinsipləri-nin gözləndiyi aydın müşahidə olunur. «Şeyx Məhəmməd Xiyabani gözlərini həyata yumduğu gün mən dünyaya göz açdım», - deyən Həmid Nitqi qələmə aldığı poemalarda tarixiliyin müasir anlamda təzahür etdiyini çox ustalıqla oxucu idrakına sığışdıra bilir. O da bir sıra Güney şairləri kimi, ana dilində əsərlər yazmağın, türkdilli ədəbiyyat formalaşdırmağın vacibliyini anlayırdı. İnqilabi mübarizələrin əhəmiyyətini tarixi perspektivdə verə bilmək və bu kontekstdə müasirlik prinsiplərini qoruyub saxlamaq meyarı Həmid Nitqinin yaradıcılığına da xasdır. Şairin son dərəcə düşündürücü notlarla köklənmiş “Təbriz” poeması tarixi ənənələrin müasirlik müstəvisində geniş bədii təqdimatıdır. “Təbriz” poemasına güclü inqilabi ruh hakimdir. Şair ilk olaraq bu qədim şəhərin şanlı tarixini vərəqləyir, ardınca ağır illərin hadisələrini sıralayır. Oxucu təsəvvüründə zaman-zaman xain əllərin bu yurda aramsız zərbələr vurduğunu, bu dönəmlərdə çıxılmaz vəziyyətlərə düşən Təbrizin nə qədər çətin günlər yaşadığını, lakin sonralar vəziyyətinin nisbətən yaxşılaşdığını müxtəlif istiqamətlər üzrə sistemləşdirir. Ən əsası isə sonda Təbrizin əzab-əziyyətlərə sinə gərən, sınaqlardan mərdanəliklə çıxan şəhər qəhrəman olduğunu asanlıqla dərk edir. Poema bədii cəhətdən zəif olsa da, güclü məntiqi, dərin ideya-məzmun mündəricəsi-nə görə dəyərlidir. Vətəndaş şair sanki oxucunun əlindən tutaraq şəhərin şanlı tarixinə səyahətə çıxarır və böyük ruhun gücüylə onu inqilabi mübarizələrin əhəmiyyətinə, Təbrizin azadlığa çıxdığına inandırmağa nail olur. Şair bu hadisəni sevinc hissilə bəyan edir:


29 Bəhməndə fəcr əli ilə qaranlıq

Üfüqlərdən silindi.

bir il keçmədi ki,

İnqilab Günəş kimi qaranlığa son verdi.

Bizə bahar gətirdi. Həmid Nitqi. Seçilmiş əsərləri,s,139

Poemalarda tarixiliklə müasirliyin vəhdətinin ən müsbət cəhəti real həyat hadisələrinə tarixi-xronoloji ardıcıllıqla yanaşan müəllifin əsərin sonunda oxucunu yazdıqlarına inandıra bilməsidir. Həmid Nitqi “Təbriz” poeması ilə oxucunun qəlbində böyük qüdrətə tapınmaq inamı aşılaya bilir. “Təbriz” poeması H.Nitqinin müasirlərinə tutarlı bir ismarıcıdır. Şair bəlalı yurdunun və xalqının əsrlər boyu başına gətirilmiş faciələrdən və buraxılan səhvlərdən nəticə çıxarmağı, örnək götürməyi tövsiyyə edir. Axı, həqiqətən «İnsan üçün böyük dərslərdən biri də tariхdir. Aç qabağına tariхin səhifələrini və əgər gördün ki, bir vaхt İnsanlar bir para işlərdə səhv еdiblər, dəхi sən həmin səhvi еtmə» (Məmmədli Q. Хiyabani. «İnqilab və mədəniyyət», 1947, №2., s.288).

Şairin «Dastan ölməz» poemasında da eyni məntiq izlənir. O, poemada tarixiliyin kəskin xarakterini və bu meyar üzərində tarixi qaynaqlarda yatan anti insani hərəkətləri, ağlasığmaz vəhşilikləri qabarıq əks etdirə bilib. Poemanın baş qəhrəmanı Maqandalın ölümü – diri-diri yandırılması, təbii ki, tarixən insanın insana qarşı törətdiyi vəhşiliklərin bir səhifəsidir. Amma əsəri oxuyanlardan heç kəs Maqandal kimi mərd, mübariz bir qəhrəmanın ölümünə heç kəs inanmır. Şair poemanın sonluğunda oxucunu elə bu kontekstdə nikbin notlarla kökləyir:

…Bir aralıq ildırımlar şaxdığında,

Eşidildi bir kehilin kişnəməsi.

Hamı susdu.

Cingildədi qulaqlarda «O»nun səsi.

Hər kəs bildi:

O törənə Maqandal da gəlmiş idi. Həmid Nitqi. Seçilmiş əsərləri,143

Şairin «Günəş» poemasında inqilabi mübarizənin həyati əhəmiyyəti tarixilik və müasirlik prinsipləri kontekstində əks olunmuşdur.

Həmid Nitqi tarixi məqamları poemalarında daha geniş aspektdə nizamlayır və bu ardıcıllıqda müasirlik prinsiplərini vacib və əhəmiyyətli kodeks kimi dəyərləndirir. Ədəbiyyatda xəlqilik real məzmunun ifadəsində əsas meyardır. Əsərlərində dövrünün bütün ağrı-acılarını, məzmununu tarixi kontekstdə oxuculara çatdıran şair, demək olar ki, bu istəyinə də çatır. “Günəş” poeması şairin ürəyinin odundan, ilahi eşqindən yoğrulmuş, əbədiyyət üfüqlərində bərq vuran, heç zaman sönməyən günəşin Vətən səmasında doğaraq bir daha qaranlıqları aydınladacağına sarsılmaz inamının təzahürü kimi yaranmışdır. Əsərlərində daha çox dövrün ziddiyyətli hadisələrini ustalıqla qələmə alan şairin qənaətinə görə, cəmiyyətdə yaranmış hər hansı anomal hadisələrə elə cəmiyyət tərəfindən qiymət verilir və ən pis halda, qınaq obyektinə çevrilir. “Günəş“ poemasında da əqidəsinə sadiq qalan dövrün ziddiyyətli məqamları, anlaşılmazlıqları, insan haqlarının tapdalanması ön plana çəkilir. Analitik təfəkkürü, unikal yaddaşı, geniş dünyagörüşü, hadisələrə düşünülmüş yanaşaraq düzgün nəticə çıxaran Həmid Nitqi insanları bir-birindən ayıran rejimi, quruluşu tənqid etməklə zəmanəni, dövrü qınaq obyektinə çevirmir, əksinə dövranı və rejimi bütün zamanlarda bu vəziyyətə gətirib çıxaran, rəzalət törədən qüvvələri - nəfsinin qulu olan ünsürləri-özündən müştəbehləri, diktatorlari, şovinistləri ifşa edir... Ümumiyyətlə isə öz xalqının oğlu olan və xalqın, millətin taleyinə heç bir vəchlə biganə qalmayan mübariz şairin yenə də son qənaəti belə olur: - Heç bir vətəndaş əsla bu rəzalətə boyun əyməməli, bütün hallarda öz sözünü deməyi bacarmalıdır.

O da sözünü fələyin divanına deyir, Tanrının yaratmış olduğu gözəlliklərin ayrı-ayrı qoluzorlulara deyil, heç bir ayrı-seçkilik qoymadan bütün bəşər övladına məxsus olduğunu, xalqının bu gözəlliklərə olan haqqını mənimsəyən ağaların, müstəbid rejimin aldığı insan haqlarının cavabını isə öz həyatları bahasına ödəyəcəklərini hayqırır... Belində misri qılınc, altında Qırat olmasa da, şair özünü xalqının sazı sanmış, bağrı dağlanmış, dili bağlanmış könlü yanıq, ancaq iman günəşinin nuruna boyanmış sinəsində arzu, ümid dolu bir xəzinə daşıyan ozanı sayır. Ürəyi yanıb köz olan bu ozan ümidlərinin doğrulacağına, istiqlal arzularının göyərəcəyinə əmindir. Əslində “Günəş” poeması psixoloji və real hadisələri özündə əks etdirən bir əsərdir. Ədib bu mənada cəmiyyətin qurucuları-insanlar arasında olan fərqli tərəflərin müqayisə-sini aparır və Tanrı nemətlərinin də tarixən yalnız bu müqaisə obyekti olan insanlara məxsus olduğunu vurğulayır. Ancaq bu insanlar özlərini iki qütbə - ağalar və qullara, hakimlər və məzlumlara ayırıblar. Hakimlər üçün “gecə-gündüz dağlar aşan qatar-qatar karvanlar Çindən növbənöv ipəklər, çini boşqablar, Şamdan şüşə, Misirdən buğda, arpa, dənizlər-dən inci, çöllərdən xurma, altun külçə, Afrika ellərindən fil dişləri, faxir xəzlər, quzey sahillərindən, Hindistandan ədviyyatlaər, dərmanlar gətirilir”, ancaq ac gözləri doymur, daha çox sərvət arxasınca qaçaraq insanları aramsız olaraq istismar edirlər:

Gecə-gündüz dağlar aşan karvanlar qatar-qatar...

Qat-qat üstə imarətlər, saraylar,

Göz işlədikcə gül, çiçək, yarpaq, budaq, çardaq ...

Fəvvarələr, şəlalələr, çeşmələr, arxlar, çaylar...

Orda huridən dəstələr, burda qılmandan alaylar ...

Lakin bura çatmaz bizim dünyamızdan ərşə çıxan

Ahlar, vaylar, haraylar...

Qapıları dəmirdəndir, qıfılları poladdan,

Dörd dövrəsi daş divarlar

Hər daş üstə silahlı bir pəhləvan

Qılınc, qəmə, toxmaq, nizə, qalxan, ox, kaman...

Sanki hər şey qorxu, qorxu

Sanki hər yan deyir: - Qan, Qan.

Ölüm iyi verir hər yer

Darvazalar, hasarlar (Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri, Bakı: “Avrasiya Press”, 2005, 152s.144,145)

Həmid Nitqi “Günəş” poemasındakı bu misralarla oxucunun nəzərinə çatdırır ki, qadir Tanrı hər şeyi-bütün naz-nemətləri insana bəxş edib. Göylərə ucalan imarət, qəsr və saraylar, gözqamaşdıran cah-cəlal, quş südünün belə tapıldığı zəngin süfrələr, atlas yataqlar aşağı təbəqənin zəhməti, zilləti hesabına başa gəlib. Lakin insanın zəhməti, qul əməyinin istismarı müqabilində toplanan sərvəti, var-dövləti mənimsəyən hakim rejimin səlahiyyət sahibləri bütün bunların yalnız onlara məxsus olduğunu düşünür, bu dəbdəbəni yaradanları isə adam yerinə qoymur, ən adi insan haqlarını tanımırlar. Şair demək istəyir ki, ”ağalar və qullar“ dünyasının girdabında çabalayan aşağılanmış, təhqir olunmuş insanlar bu haqsız rejimin qurbanına çevrilərək mənən və cismən əzilir, məhv edilirlər. Cah-cəlallı sarayların qan qoxulu, ölüm qorxulu daş divarlarının çölündəki məzlumların ərşə dirənən ahı, fəryadı hökmdar və əyanların qulağına çatmır. Analitik təfəkkürü, unikal yaddaşı, geniş dünyagörüşü, hadisələrə düşünülmüş yanaşması ilə düzgün nəticə çıxaran Həmid Nitqi insanları bir-birindən ayıran rejimi, quruluşu tənqid etməklə zəmanəni, dövrü qınaq obyektinə çevirmir, əksinə dövranı və rejimi bütün zamanlarda bu vəziyyətə gətirib çıxaran, rəzalət törədən qüvvələri - nəfsinin qulu olan ünsürləri-özündən müştəbehləri, diktatorlari, şovinistləri ifşa edir. Belində misri qılınc, altında Qırat olmasa da, şair özünü xalqının sazı sınmış, bağrı dağlanmış, dili bağlanmış könlü yanıq, ancaq iman günəşinin nuruna boyanmış sinəsində arzu, ümid dolu bir xəzinə daşıyan ozanı sayır. Ürəyi yanıb köz olan bu ozan ümidlərinin doğrulacağına, “almas qaşlı Misri qılıncın belində, polad dırnaq kəhər atın” cilovlarının yenə də əlində olacağına, istiqlal arzularının göyərəcəyinə əmindir:

Mən də sizin dilinizdən hər gün fələk divanına

Bəxt əlindən tumar-tumar ərizələr yazanıyam...

Mən də sizin bağrı dağlı, dili bağlı ,

Sazı sınıq, könlü yanıq ozanıyam.

Almas qaşlı Misri qılınc beldə yox.

Polad dırnaq kəhər atın cilovları, əldə yox.

Arzularla, umudlarla doldurulmuş xəzinəm var.

Kainatı qaranlıqlar tutduğunda, mənim iman günəşilə İşıqlara qərq olacaq bir sinəm var. (Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri, 146.

Arzu və ümidlərə sığınan bir ürəyin, böyük amallar uğrunda çarpışan ruhun, ilahi eşqlə döyünən və “İman günəşi”lə dopdolu bir qəlbin-ümid xəzinəsinin yolu sonsuzadək uzanan, bitib-tükənməyən, işıqla, nurla süslü azadlıq yolunadır. Mütəfəkkür şair “Günəş” poemasında qəlbləri riqqətə gətirən inamı və günəş tək sönməz eşqilə insanları ruhdan düşməyə qoymur, əksinə, sirr qapılarını bizim qəlb dünyamızın üzünə taybatay açan ilahi duyğuların ardınca addımlamağa çağırır, dünya zövqünə aldananların, aldadıcı ehtirasların quluna çevrilən ağaların daxili məninin olduqca miskin və rəzil olduğunu sübuta yetirən misallar gətirir:

Bu dağ günəş sönmədikcə

Şaxtalarda ruhumuzu buz tutmaz.

Göyqurşağı görsəndikcə,

Şam yelləri ümidlərin rişəsini qurutmaz (Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri, 146

Ümidlərin yalnız insanın cismani ölümündən sonra öldüyünə inanan şair, bu dövranın da sona qədər belə davam etməyəcəyinə, azadlıq günəşinin tezliklə doğacağına və insanlığın qələbə çalacağına, zülmətin həmin inamın işığında tezliklə yox olacağına ümid bəsləyirdi.

Bir axşamdı:

Bilinməyən bir zamanın yaylarından

Pərdə-pərdə aşıb gəldin ilk baharın nəğməsi.

Çox keçmədən cavab verdi ona coşqun

Bir bəstə ilə tar səsi. (Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri, 147.

Xəyal dünyasına baş vuran şair təxəyyülü ilahi zühurun təcəllasını səbrlə gözləyir və bir anda zülmətləri yaran günəşin doğmasını görmək və ona heyrətlə tamaşa etmək istəyir. Bu günəş insanın ömrü boyu içindən başladığı bir zərrənin, qəlbindən ruhuna süzülən bir işığın son anda insanın kainatın başı üzərində bərqərar olması və əbədiyyətə qədər parlaması deməkdir. Hadisələrin bu ruhda cərəyan etməsi ədibin sənətkarlığından və ilahi duyumunun mükəmməlliyindən xəbər verir.

Bu iki səs yavaş-yavaş

Arzuların divarından boylandı,

Bizim evə calandı.

Eynən Musa əsası tək

Xəyalatları yıxdı,

Tilsim batil oldu (Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri,s.147

Təpədən-dırnağa soykökünə bağlı olan milli düşüncəli şair ilahi qurtuluşun möcüzəsinə inanırdı. İnanırdı ki, iblislərin meydan suladığı bir zamanda ilk bahar nəğməsi ilə tarın səsi-milli zəminin-gücün Musa Peyğəmbərin əlindən yerə atması ilə əjdahaya çevrilib Fironu cəhənnəmə vasil edən əsası tək tilsimləri qıracaq, xalqı köləlikdən, mərhumiyyətdən azad edəcək. Şair düşünür, xilas yolları axtarır. Haqq nurunun zühur etməsi ilə onun zərrəsindən süzülən günəşin insan dünyasına o xoşbəxtliyi nəsib edəcəyini qeyd edir. Təzadlarla dolu insan dünyasının yeni məqamlarını “Günəş” poemasında eyham poetik fiqurlar vasitəsilə göz önünə gətirir.

O səs mənim qulağımdan

Bir arx kimi ürəyimin susuz çölünə axdı.

Orda illlərdən bəri

Quruyub qovrulan bir göl.

Bu nəğmənin səsi ilə

Titrəyərək ağır ölüm yuxusundan oyandı. (Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri,s.147

Şair ruhun, torpağın, təbiətin oyanışını simvolik olaraq mənalandırdıqca, bəlkə də ilahinin söylədiyi bir müqəddəs “Ol“ kəlməsinin qüdrətilə hər şeyin yenidən başlayacağı-nı, yeni biçimdə, yeni ruhda qayıdacağını və bu dünyanın məhz böyük Yaradana, onun yaratdıqlarına aid olduğunu vurğulayır və insanın qəlbinin hərarətindən yaranan alovu Tur dağındakı əbədi alovla simvolizə edir:

Qocaman bir alovda

Turdakı kol misali,

Bir günəş oldu yandı. Həmid Nitqi (Aytan). Seçilmiş əsərləri, s.147

Əslində Həmid Nitqi bununla Mahatma Qandi kimi, “Tanrı sevgidir” deyənlərə qatılır. Çünki “Tanrı məhəbbətdir, ancaq həm də məhəbbətin ötəsidir, həqiqətdir. Həqiqətə qovuşmanın ən yaxın yolu eşq və məhəbbətdir. Yalnız ali, ilahi məqama yüksələn yeganə əməl insanlıq adına görülən iş və müqəddəs əməllərdir.” (Mahatma Qandi. Bütün insanlar qardaşdır, Tərcümə: Güntay Gəncalpındır, Bakı, Qanun Nəşriyyatı, 2012. 248 s., s.45,.)



Həmid Nitqinin də əsərləri milli yaddaş, milli özünüdərk üzərində köklənmişdir. O, bəşəri ideyalara söykənərək insanı ilahiləşdirmiş, ən ali məqama yüksəltmiş və dəyərləndirmişdir. Humanist duyğularla köklənən və ümumən insanlığa ünvanlanan, zorakılığın, haqsızlığın, azmanlığın məzlum xalq üzərində əbədi bərqərar olmayacağını, buna cəhd edənlərin isə gələcək nəsillərin lənət simvoluna çevriləcəyini, həyatda yalnız gözəlliyin və işığın qalib gələcəyini ifadə edən “Günəş“ poeması məhz bəşəri məzmunu ilə böyük tarixi əhəmiyyət kəsb edir.   Ümumiyyətlə, tarixi mövzularda yazılmış poemalarda tarixi və ədəbi şəxsiyyətlərin həyat və fəaliyyətinin, ictimai-siyasi hadisələrin bədii inikası, mövzu seçimi, tarixilik, muasirlik və sənətkarlıq məsələləri və s. poeziyanın həmin kateqoriyalara aktual mövqeyindən irəli gəlir. Timurçin Əfəndiyеvin də dediyi kimi, «Müasirlik sənətkarın yaşadığı dövrün özünü tariх kimi təsvir və təcəssüm imkanıdır», yaхud «tariхilik оnun yalnız tariхi mövzuda yazılmasından asılı оlmadığı kimi, müasirlik də yalnız dövrün hadisələrini nə səviyyədə təcəssümü ilə ölçülmür, ...tariхilik də, müasirlik də sənətkarın еstеtik münasibətinin fоrmalarıdır» (Əfəndiyеv T. Rоmantik dramaturgiyada tariхilik və bədiilik. Еlmi məruzə, B., 1999., s.40).


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə