Güntay Gəncalp (Cavanşir)



Yüklə 1,37 Mb.
səhifə1/14
tarix19.07.2018
ölçüsü1,37 Mb.
#57347
  1   2   3   4   5   6   7   8   9   ...   14


Güntay Gəncalp (Cavanşir)

Səfəvilər

Tarix üzərinə təktərəfli yanaşmalar və ona mədhiyələr yağdırmalar, tarix bilincinin inkişafını önləyərək düşüncə imkanlarını qısıtlamışdır. Bu əsərdə Türk tarixi üçün bilinməyən “şüubiyə”nin fəaliyəti üzərində durulmuş, Səfəvilərlə şüubiyə hərəkətinin əlaqələri geniş ölçüdə araşdırılmışdır. Kitabda Səfəvi kimliyinin doğuşu və iqtidara yüksəlişi bir çox qaynaqlar araşdırılaraq incələnib dəyərləndirilmişdir.



Heç bilənlə bilməyən bərabər olurmu?

Quran-Kərim 39-cu surə (Zumər) 9-cu ayət.



İçindəkilər:

  • Ikinci yayına ön söz

  • Ön söz

  • Giriş

  • Islamda məzhəblərin doğuşu

  • Şeyx Səfiəddin Ərdəbilli

  • Anadoluda durum

  • Şeyx Cüneyd Anadoluda

  • Şeyx Heydər dönəmi

  • Şah İsmayıl

  • Şüubiyə

  • İsmayılın meydana çıxması

  • Təbrizin işğalı

  • Səfəvi dövlətinin tətbiqatı

  • Yeni savaşlar

  • Türküstan saldırıları

  • Çaldıran savaşına doğru

  • Çaldıran savaşı

  • Çaldıran savaşı sonrasında

  • Sultan Səlimin Misiri fəth etməsi

  • Şah Təhmasib

  • Mollalıq qurumunun ortaya çıxması

  • Səfəvilərin sonu

  • Nadir Şahın girişimləri

  • Son söz

  • “Səfəvilər” kitabına tamamlama

  • Səfəvilər kitabı üzərinə söyləşi

  • Qaynaqlar


İkinci yayına ön söz
“Səfəvilər” kitabının birinci yayını oxucular tərəfindən yaxşı qarşılandı. Kitabı alqışlayan və tənqid edənlər oldu. Birinci yayında bir çox yazı xətaları da mövcud idi. İkinci yayında bu xətalar qaldırılmışdır. Ancaq bəzi yazı quralları ortaq Türkçəyə görə düşünülmüşdür. Bunlar imla xətaları olaraq görülməməlidir. Türkçənin ortaq tələffüzünə və ortaq imlasına doğru atılan addımdır. Örnəyin “ğu, ğun” əklərinin yerinə ağzımızda tələffüz etdiyimiz kimi “qu-qun” qullanılmışdır. “Duyğu-uyğun” kimi sözlər daha yumşaq tələffüz biçiminə görə “duyqu-uyqun” olaraq yazılmışdır. “Ğ” hərfi bu kimi törəmə sözlərdə dilimizdəki tələffüzü Türkçənin genəl musiqisindən ayıraraq Ərəbcənin və Farsçanın tələffüz biçiminə yaxınlaşdırır. Bunun dışında geniş ölçüdə kitabda Türk dilinin “ünsüzlərin bənzəşimi” quralına uyulmuşdur. Türk dilində əklərin ilk hərfini kök sözün son hərfi özünə bənzəşdirər. Kök sözün son hərfi küysüz ünsüz isə, ona əklənən ək də küysüzləşər. Küylü isə, əkin də ilk hərfi küylüləşər. Bu, Türkçənin ahəng və bənzəşim quralıdır. Bütün sözlərə “çı” əki əkləmək dilin musiqisini pozmaqdadır. Burada əkin “cı”, ya da “çı” olmasını kök sözün son hərfinin küylü, ya da küysüz olması bəlli edər. “Balıqcı-yalancı-dəmirci-yabancı” kimi sözlərdə ək doğru olduğu kimi “siyasətçi, bəkçi, savaşçı” kimi sözlərdə də doğrdur. “Gi-ki” əkləri də bənzər biçimdə qullanılmışdır. Sonu küysüzlə bitən kök sözə “gi” və sonu küylü ilə bitən kök sözə “ki” əklənmişdir. “Bilgi, silgi” və “etki, təpki” örnəklərində olduğu kimi. Bu kitabın ortaq Türkçənin oluşumunda və tarix bilgilərimizin sorqulanmasında etkli olmasını ümid edirəm.

guntay_1@yahoo.com



Ön söz
Tarix yazarlığı bir aydınlanma hərəkətdir. Keçmişi və indiki zamanı aydınlığa qovuşdurma çabasıdır. “Aydınlanma nədir?” sorusunu soran Kant düşüncələrini açıqlayaraq bu sualı özət olaraq ağlın qullanılması şəklində cavablamışdı. Aydınlanma geniş anlamı ilə həm də tarixi aydınlatmaqdır. Çünkü tarixdən gələn dürtülər günümüzdə insan ağlını öz basqısı altında tutaraq ağıl düzənəyinin (mexanizmasının) çalışmasını öz etkisi altına almaqdadır. Batıda Renesansla başlayan sürəc tarixdəki olumsuzluqların indiki zamanı əsir almaması yönündə çalışmalar bütünü olmuşdur. Bu nədənlə tarixi aydınlatmaq insan ağlının görəvlərindən biri olsa gərək. İnsan qurtuluşu, dolayısıyla tarixin qurtuluşu ilə mümkündür. Keçmiş zamanlarda bəsit inancların karizmatik öndərlərinin uyquladıqları yaşam biçimi sonsuza qədər insan həyatını öz etkisi altına almamalıdır. Dini mətnlər üzərinə yapılmış olan açıqlamalar hər zaman ağlın yarqısına açıq olmalıdır. Olmazsa, bütün dönəmlər keçmişdəki bəlli bir dönəmin əsarətində bulunar. Doğuda və batıdakı orta çağ qaranlığı da bu olmuşdur. Bütün dönəmlər bəlli bir dönəmin əsarətinə keçmişdir.

Bu açıdan tarix yazarlıq, yalnızca zamanlama sırasıyla olayların ard-arda düzüşümü deyildir. Tarix yazarlıq bunun yanı sıra bir də insan ağlının tarixiliyini göz önündə bulunduraraq aydınlanma görəvini də üstlənməlidir. Aydınlanmanın tək yolu soru sormaqdır. Çünkü böyük həyəcanlarla qurulmuş olan sistemlər öz içində qapanmışlığı arxasınca gətirər. Toplumsal quruluşlar bu şəkildə olmuşdur. Sovet devrimindən tutmuş başqa quruluşlara qədər bənzər yazqı yaşamışlar. Səfəvilik də, Osmanlılıq da qapanmışlıq içində davam edən sistemlər olmuşlar. Osmanlı qapanmışlığı ortadan qaldırılmışdır.* Ancaq Səfəvi qapanmışlığı çox güclü bir şəkildə davam etməkdədir. Həm düşüncələrdə, həm gələnəklərdə, həm də sosial-siyasi bir düzən olaraq İran ortamında davam etməkdədir. Bu qapanmışlıq davam etdikcə də heç bir qurtuluş söz qonusu olamaz.

Qapanmışlıq heç bir zaman insan tərəfindən açılmaz. Yalnız insan çabası olmadan da kəndi başına açılamaz. Qapanmışlığın açılması üçün necə hazırlıq yapıla bilər? Hər halda suallardan qaçaraq deyil, soru soraraq bu qapanmışlığın açılımına olanaq sağlamaq olar. Soru sormaq qapanmışlığın içində nəyin egemən olduğunu düşünməkdir.1 Bu açıdan tarix fəlsəfəsinin əsas amacı tarixi aydınlatmaq, tarixə ışıq tutmaqdır. Tarixi oluşdurmaq və ya tarixi yenidən qurmaq deyildir. “Işıq aydınladar, oluşdurmaz.”2 Keçmişin doğrularını kəşf etmək və doğru olmayanları ifşa etmək, yalnız bu ışıq dolayısıyla mümkün ola bilər. Bu açıdan tarix, keçmiş olayların bitmişliyi haqqında bilgidən ziyada günümüzdə ağlımızı qurcalayan və yeni soruları ilə bizdən cavablar bəkləyən düşündürücü yataq kimi qarşımıza çıxar. Martin Heidegger “keçmişin kökü gələcəkdədir”3 söylər. Tarixi aydınlatmaq bu açıdan gələcəyə doğru aydınlatma çabaları içinə girməkdir. Tarixi incələmək onun bataqlıqlarında ilişib qalmaq deyil, gələcəyə doğru yeni bir yol açmaqdır. Yoxsa günümüzdə davam edən əskiliklər gələcəkdə də öz basqıcıl yöntəmlərini sürdürəcək, düşüncələri susduracaqdır. Bu bağlamda tarixi bir olqunu fenomenolojik yanaşma ilə dəyərləndirməkdə yarar var. Yəni “bilincə görünən şeyi incələmək”4 və görünənlərdən görünməzlərə doğru hərəkət. Olayı bilgilərinə, davranışlarına və ülkülərinə görə incələmək gərəkir. Bu kitabda mən Səfəvi olayına bu açıdan yanaşmağa çalışmışam. Səfəviyətin tarixi gəlişmə sürəci necə olmuşdur? Səfəviyətin bilgiləri və din üzərinə açıqlamaları necə olmuşdur? Səfəviyətin ülküləri, idealları nələr olmuş və nələri gerçəkləşdirmək istəmişlər? Gerçəkləşdirdiyi ülküləri bölgə həyatının gələcəyini, özəlliklə Azərbaycanın gələcəyini necə etkiləmişdir? Bilgiləri və ülküləri arasındakı davranış şəkilləri necə olmuşdur? Fenomenolojik yaxlaşım olayı “bilgi, davranış və ülkü” üçlüyü bağlamında incələr. Bu yöntəmlə səfəviyəti incələməyə çalışmışam. Bu yöntəm kəndiliyindən tənqidi yanaşmanı da bərabərində gətirəcəkdir.

Hər tarixi olqunun mərkəzində kəsinliklə güclü bir inac mövcud olmuşdur. Mərkəzdə duran bu inanc kəndi yan dirəklərini, yəni siyasi, əxlaqi, iqtisadi və kültürəl söyləmlərini oluşdurmuşdur. Bu bağlamda tarixi fenomenin arxasında gizlənmiş olan inancın incələnməsi bir çox sorulara cavab verə bilər. Yalnız siyasi dönüşümlər (transformasion) üzərinə dayanaraq tarixin aydınlığa qovuşması mümkün olmayacaqdır. Bu açıdan tarix metdolojisi olaraq aşağıdakı yöntəmlə olayları bir bütün şəklində incələmə bir çox sorular oluşdurar və bir çox sorulara cavab verməyə çalışar:

1- Siyasi dönüşüm tarixi. Siyasi iqtidarın şəkillənmə sürəcini incələmə, yalnızca durumun olqunlaşmış şəklini incələməklə yetinməməlidir. Toplumun içindəki siyasi duyqunun dialektik etmənlərini (faktorlarını) ələ alaraq sorular sormalı, sorqulamalıdır. Siyasi niyyətin tarixi və dini köklərinin toplumsal yaşamdakı yeri bəlirlənməlidir. Örnəyin yurdunu və varını-yoxunu Anadoluda buraxıb Azərbaycana qoşan qızılbaşların siyasi yüksəlişlərinin tarixi niyəti nə idi?

2- Dini dönüşüm tarixi. Məzhəbi və dini inancların içəriyi incələnmədən siyasi hərəkətliliyə nədən olan əxlaqi dürtülər də bilgi olaraq bilinməyəcəkdir. Bütün mədəniyətlərin orta dirəyi bir inanc olmuşdur. Bu inanc bir din və ya məzhəb biçimində somutlaşmışdır. “Mədəniyət, bir inanc və əxlaq düzəni olaraq kültür doğuran ruh enerjisi və ilham qaynağıdır.”5 Heç bir siyasi və toplumsal hərəkət inancsız oluşmamışdır. Böyük Moğol imperatorluğunun mərkəzində bir inanc durmuşdu. Çingiz Xan azınlıqda olan Moğollara böyük bir inanc aşılamışdı. Bu inanc və bu inanca bağlı siyasi və əxlaqi düzən çərçivəsində dünyanın ən böyük imperatorluğu azınlıqda olan bir qövm tərəfindən qurula bilmişdir. Müxtəlif qəbilələr biçimində Sasani və Bizans əlində oyuncaq olaraq qullanılan Ərəbləri də İslam inancı bütünləşdirərək dövlət və imperatorluq qurma yoluna sövq etmişdi. “İnanc və iman insan həyatında biolojinin doğurduğu psikolojik bir ehtiyacdır.”6 Sosial psikolojinin qaynaşması və coşması olmazsa, heç bir siyasi hərəkət olmaz, heç bir dəyər icad ediləməz. Siyasi qalxınmalar və dəyərlərin icadı bir inanc mehvərli gəlişmələrin ürünüdür. Bu bağlamda səfəviliyi tarixə soxan inanc nə idi? Hansı imkanları öz yapısında barındırmaqda idi? İnanc həm viran edici, həm də yüksəldicidir. Bunun örnəklərinə tarixdə çox rast gəlinməkdədir. Ələvi inancındakı coşqular nəyi icad etdi? Nədən icad etdi? Nədən icad edilən miras qızılbaşların özünə qalmadı da başqa bir etnosu yüksəldib tarixə soxdu? “Tarixin verdiyi ən önəmli dərs budur ki, dinin min canı var. Hər ölümündən sonra yenidən dirilib canlanar.”7 O zaman hər dirilişində və ya hər yüksəlişində bu qədər zərərli olmaması üçün dinin ussallaşdırılması (rasionalizasionu) necə mümkün ola bilər? Tarix bir çox rəqabətlərə meydan olduğu kimi bu rəqabət inanclar arasında daha qanlı olaraq canlılığını sürdürmüşdür, sürdürməkdədir. Bir dinin öz içindən parçalanaraq məzhəblərə dönüşməsi, daha sonra o məzhəbin yenidən başqa təriqətlərə və məzhəblərə dönüşməsi bu rəqabətin göstərgəsidir.

3- Düşüncələrin dönüşüm tarixi. Doğuda tarixi sürəcdə düşüncənin ya rolu olmamış, ya da axsaq olmuşdur. Doğu tarixi düşüncə yatağından daha çox inanc yatağı olmuşdur. Mövcud düşüncələr də siyasi həyatı etkiləməmişdir. Sadəcə inancın qurallarına uymaq düzeyində insan ağlı qullanılmış, bunun ötəsinə çıxmaq istəyən ağıl susdurulmuşdur. Doğu tarixində siyasi fəlsəfənin doğmaması da bu üzdən olmuşdur. Siyasi fəlsəfə ussal (əqli) çalışmaların ürünüdür, inancsal çalışmaların deyil. Siyasi fəlsəfə soru sormağa imkan tanıyan siyasi ortamlarda gəlişə bilər. Siyasi fəlsəfə mütləq qurallar üzərində inşa ediləməz, düşüncələrin düşünülməyə açıldığı ortamda ortaya çıxar. Şərq tarixinin siyasi fəlsəfədən yoxsun olaraq modern çağda batılılaşmağa üz tutmasının səbəbi bu olmuşdur. Bu baxımdan düşüncə tarixi açısından Doğu tarixində yoxsunluq açıqca görünməkdədir. “Tarix, tarix haqqında bilginin və düşüncənin oluşduğu yerdədir.”8

4- Elmin dönüşüm tarixi. Burada tarixi sürəc içində elmi buluntular ortamının incələnməsi ilə tarixə elmi yanaşma bir yerdə ələ alınır olsa gərək. Elmi tapıntılar öz qoşulları içində gəlişmiş olur. Elmi buluntular və tarix üzərinə elmi incələmə söz qonusudur. Elmin tarixi və tarix elmi. Tarixin elmi analizi səbəb araşdırmaq, nəticəni gözləmləmək, səbəb-nəticə ilişkilərinin dialektik bağlantılarını incələməklə mümkündür. Bunun təməlini tarixdə İbni-Rüşdün dərin etkisi altında olan İbni-Xəldun qoymuşdur. Yalnız elmi incələmə ilə də tarix aydınlatılamaz. Çünkü “tarixdə də elm və siyasət kimi nisbilik hakimdir və bütün verilərə şübhə ilə yanaşmaq gərəkir.”9 Elmin oluşduğu tarixi ortamların incələnməsi tarixi gerçəklərin anlaşılması doğrultusunda ipucları verə bilər. Ancaq “tarix qismən elmdir. Elmdən daha çox sənət və fəlsəfədir.”10 Gerçəyi bulma sənətdir.

5- Sənətin dönüşüm tarixi. Sənət türlərinin tək-tək incələnməsi tarixi fenomenin idrakına qolaylıq sağlar. Bu açıdan tarixə yanaşma özü də bir sənətdir. Sənətçi bir ruh halı və sənətçi dünya görüşü ilə sənətsəl verilərin incələnməsi üzərində durulduğunda tarixi gerçəklərin alqılanma imkanları artmış olur. Bütün dövlətlər əsasən öz inanc və iqtidar imkanlarını memarlıqlarında sərgiləmişlər. Memari bir əsər siyasi iqtidarın iqtisadi imkanlarının, onun dünyaya baxışının və inancının göstərgəsi olmuşdur. Bu bağlamda üç tür memarlıqla qarşı-qarşıya gəlməkdəyik: 1- Dini memarlıq. 2- Savunma nitəlikli hərbi memarlıq. 3- Sivil memarlıq. Bu üç memarlıq sənəti eyni zamanda bir yerdə olmaya bilər. Ancaq hər halda zaman durumundan asılı olaraq hansısa daha ön planda olmuşdur, ya da bir yerdə olmuşlar. Örnəyin Səfəvi dövləti oturuşduqdan sonra sünni dünyagörüşünün, sünni məzhəbinin memarlıq görüntülərini sərgiləyən camiləri yıxdı, şiə məzhəbinin memarlıq görüntüsünü onun yerinə icad etdi. Bir şeir parçası, bir rəsm əsəri, ədəbi bir mətn də dönəmin sosial psikolojisində çağlayan duyquların, inancın içəriyi haqqında bilgi verə bilər. Bu sənət türlərindəki görüntülər bəlli tarixi sürəcdəki durumun metafizik baxışlarını açıqlamış olar. Metafizik baxışlar özəlliklə dildə qavramsallaşdırılar. Örnək üçün Səfəvilərdən sonra türk dilindəki metafizik qavramlar kökdən dəyişimə uğradı. Türk dilinə əskidən mövcud olmayan anlamsız və anlamsızlaşdırıcı yabancı sözlər əkləndi. Səfəvi dövlətinin quruluşuna gətirib çıxaran dil ürünlərinin incələnməsi ilə Səfəvi sonrası dil ürünlərinin incələnməsi iki fərqli pozision ortaya qoymaqdadır. Birinci sürəc Ələvi yüksəlişidir və ikinci sürəc Ələvilərin siyasətdən və mədəni həyatdan uzaqlaşdıran fars şiəçiliyinin yüksəlişdir.

İngiliz Filosof Maykl Okşat* ilginc bir tarix metodolojisi gəlişdirmişdir. Okşata görə təcrübə dünyası fəlsəfə, tarix, elm və əməli bir yerdə bir bütün olaraq içərməkdədir.11 Fəlsəfi təcrübə önvarsayımsız bir təcrübədir, mükəmməlliyə doğru yönəlişdir. “Fəlsəfədə parçanı bütünün ışığında görməyə çalışırıq. Tarix fəlsəfəsində indiki zamanı keçmişin ışığında görmək və yorumlamaq istəyirik.”12 Təcrübə düşüncələrdən oluşan bir dünyadır. Fəlsəfə bu təcrübələrin bütününü içinə alar. Tarix, elm və əməl üzərinə fəlsəfi bir baxışla yanaşa bilərik. Ancaq fəlsəfəni elmi, tarixi və əməli olaraq yorumlaya bilmərik. Bütün təcrübənin qonusu düşüncələrdir. Təcrübənin bir yönü olaraq tarix, tarixçinin ürünüdür. Olduğu kimi keçmiş zamanı anlamaq mümkün deyildir. Tarix bir fenomen olaraq mövcddur. Fenomen olaraq nə olduğunu anlaya bilmərik, anlamağa çalışarıq. Bir də bilgi olaraq insan qafasında tasarlanan tarix mövcuddur. Tarix bilgisi olaraq. Tarixçilər həm tarixi yaradırlar, həm də yaratdıqları tarix haqqında obyektiv meyarlar oluşdurmağa çalışırlar. Ancaq tarixçinin təsvir etdiyi keçmiş zamanla keçmişdə insanların təcrübəsi olaraq gerçəkləşən tarix arasında fərq vardır. Tarix keçmişi keçmiş üçün açıqlamaqdır. Tarixi yazmaq onu oluşdurmanın tək yoludur. Əməl dünyası da təcrübənin bir başqa boyutudur. Əməl, iradəni təhrik edən bir düşüncə şəkli olaraq açıqlanmalıdır. Ancaq əməl dünyasında düşüncənin həqiqəti, tarixi, elmi və fəlsəfi təcrübədəki düşüncənin həqiqətindən fərqlidir. Məzhəb və əxlaq da təcrübənin əməl qatına aiddir. Çünkü bunlar yaşantının ayrılmaz parçalarıdır. Okşata görə hər məzhəb əməli yaşam üçün bir sürü davranışları caiz sayar. Hər məzhəbin də gerçək üzünü onun metafizik anlayışında deyil, əməldə uyqulamaq istədiyi davranış biçimlərində axtarmaq gərəkir. Çünkü məzhəblər əslində düşünmə metodları deyil, yaşama metdodurlar. Elmi təcrübə səbəb-nəticə dialektikası bağlamında ələ alına bilər. Elmi düşüncənin “yalnız əqli çərçivə var və insanın bütün tanımlarını onun içində yerləşdirmək olar” kimi iddiası, özəlliklə tarix planında qəbul ediləməz. Təcrübənin elmi qatının digər qatlara üstünlük təşkil etdiyini savunmaq olmaz. Təcrübələrin müxtəlif dünyaları var və hər dünyanın da öz daxili tarixi və məntiqi vardır. Fəlsəfənin də təməl amacı təcrübənin müxtəlif yönlərini kəşf etməkdir. “İnsan qüdrət arxasınca qoşan varlıq olaraq zamana bağlıdır, keçmişinə görə tutum sərgilər və buna görə bir gələcək istər.”13 Bəzi keçmişlərə görə tutum sərgiləmək indiki zamanı və gələcəyi də tutumsuzluğa batırmış olar. Keçmişə görə tutum sərgiləmək yerinə, keçmişin indiki zaman müdaxiləsini mümkün olduqca əngəlləmək gərəkir.

Yaşantı olaraq davam edən tarixi, açıqlamaq çətin olmasa gərək. Çünkü gələnəklər zaman içində qeyri-şüuri olaraq gəlişər və təcrübənin özəlliklərini özündə əks etdirər. Səfəvilik hələ tarixə gömülməmişdir. Onun gələnəkləri davam etməkdədir. Yaşantı və gələnəkdə davam edir. Örnəyin Osmanlı artıq tarixin arşivində, ancaq Səfəvilik öz törələri, nifrəti, lənəti, “təbərra”, “təvəlla” və “təqiyyə” kimi gələnəyi ilə davam etməkdədir, özəlliklə İrandakı İslam Devrimi Səfəviliyi güncəlləşdirdi. Bu bağlamda bu gələnəyi yaşadanların bu sürəclə zehnlər arası ilişkiləri incələnərək səfəviyət üzərinə geniş bilgi əldə etmək mümkündür. Burdaca tarix fəlsəfəsinin önəmli düşünürlərindən biri olan Kolinqvudun** bu anlatısını xatırlatmam gərəkəcək. Kolinqvud deyir ki, bilimin doğanı açıqlaması kimi, tarix fəlsəfəsinin tarixi anlama və açıqlama çabası olmalıdır.

Bu zehniyətlə Səfəvilər üzərinə araşdırmalarımı mətnləşdirmək qərarına gəldim. Ümumən rəsmi tarix görüşləri tarixi öz çıxarları doğrultusunda və duyqusal ehtiyacları gedərmək amacı ilə açıqlayıb, bəzən də onu idealizə edib yaşayan nəslin zehnini tarixin dumanlığında həbs edər. Tənqid gerçəklərin ortaya çıxışına zəmin yaradar. Doğu ölkələrində yayqın olan tarixpərəstlik bu türdəndir. Nitşe Almanların tarix heyranlığına qarşı savaş başlatmış və Heidegger kimi onun davamçıları da bu yolda yürümüşlər. “Almanların tarix heyranlığı bir tür cahilcə məftunluqdur.”14 Tarix heyranlığından qurtuluş olmadan tarixi gerçəkləri anlamaq və dolayısıyla gələcəyə doğru aydınlıq ortamı oluşdurmaq da mümkün olmayacaqdır. Çünkü anlam və anlamsızlıq oluşdurmaq da bu yolla mümkün olur. Teodor Lisinq* “Tarix anlam və anlamsızlıq oluşduran bir durumdur”15 deyir. Tarix üzərinə yanaşım biçimi ilə indiki zamanı dərinləşdirmək və düşüncəni hərəkətləndirmək də olar, indiki zamanı keçmişin nostaljisi içində duyqulanıb duran duruma da çevirmək olar. Bu məntiqlə yola çıxaraq bizim nəsil üçün də tarixlə qarşılaşmanın zamanı gəlmişdir. Yeni tarixə girmənin də yolu bu tarixlə inancda və düşüncədə qarşılaşmaqdan keçməkdədir.



Nədən Səfəvilər üzərində durmamın bir cavabı vardır. Mənə görə İslam sonrası türk tarixinin ontolojisi və sürəci içərisində səfəviyət yer almamaqdadır. Türk tarixi və türk kimliyi Səfəvilərlə eyni zamanda öz mehvərindən çıxaraq yabancıya təslim edilmişlik sürəci içərisinə girmişdir. Özəlliklə bu sürəc, nəticəsi etibarı ilə başqa bir istiqamətə yönəlmişdir. Bölgə tarixi yanlış yönə sapmışdır. Bu sürəcin nəticəsi öncə İran Pəhləvi və daha sonra molla rejimi olmuşdur. 19-cu əsrin sonlarına doğru ortaya çıxan milli düşüncə və modern dövlət yapısı oluşdurma doğrultusunda İranda və Qafqazlarda düşünsəl çalışmalar ortaya çıxmışdır. Səfəviliyin nəfəsi ilə zəhərlənmiş, düşüncəsi devşirilmiş türklər modern fars milliyətçiliyinin əsasını oluşdurdular. Yüzlərcə oxumuş insandan oluşan bu qələm sahiblərinin içində fars insanı yox dərəcəsindədir. İranda sayı 1-2 milyon arasında olan türkmənlər fars milliyətçiliyinin fikirsəl oluşumu yolunda qatqıda bulunmadılar. Bir tək türkmən, kürd, bəluç və ərəb yoxdur bu axımın içində. Yalnız Səfəvi tətbiqatı sürəcində Səlcuqluya, Elxanlıya, Qaraqoyunluya, Bayındırlıya mənsubiyət duyqusunu itirmiş və tarixi hafizəsi zədələnərək səfəviyətə qapanmış olan türklər fars milli dövlətinin quruluşu yolunda fikrən, hissən və təşkilatçılıq olaraq siyasi fədakarlıqda bulundular. Tək səfəvizədə türklər bu gün, hətta ana dilində yazıb-oxuma kimi ibtidai haqlardan yoxsunlar. Səttar Xan kimi qəhrəmanlar yetişdirmişdir Səfəviyət. Nə istədiyinin bilincində olmayan. “Nədən savaşırsan?” sorusuna Səttar Xan “Nəcəfi-əşrəfin ayətullahlarının buyuruqları yolunda cihad edirəm”16 cavabını vermişdi. Türk-İslam tarixində qurulan dövlətlər əsasən bir türk boyunu təməl alaraq qurulmuşdu. Səlcuqlar qınıq, Osmanlılar qayı, Bayındırlılar bayındır, Qaraqoyunlular baharlı boyundan olmuşlar. Yalnız Səfəvilər bu gələnəyin dışına çıxaraq özlərini ərəb soylu bilmiş, soylarını şiənin 7-ci imamı olan Musa Kazıma bağlamışlar. Bu, Səfəvilərin türklük orbitindən çıxmasının başlanqıc nöqtəsi olmuşdur.

Təbriz mərkəzli məşrutə nə istəyirdi? Məşrutənin hazırladığı ana yasanın birinci maddəsi bu idi: “Məclisə girən və dövlət orqanında çalışan hər kəs fars dilini bilməlidir.” Səttar Xan özü də fars dilini bilmirdi. O zaman nəyin yolunda savaşırdı? Sadəcə Səttar Xan deyildi nə istədiyini bilməmiş olan. Məşrutənin məramnaməsini yazan da səfəvizədə türklər idi. Hansı millətin tarixində belə şey var ki, nə yazıldığını bilmədiyi istəklər yolunda fədakarlıq etsin? Səfəvilik bizi öyləsinə farsın məzhəbi tuzağına soxmuş ki, fars öz yerində rahatca oturmuş, ağlı devşirilmiş səfəvizədə türk isə, onun böyük bir dövlətə sahib olması yolunda hər növ fədakarlıq etmişdir. Etnik mənsubiyət duyqusu səfəvilərdən başlayaraq sönməyə doğru getmişdir. “Etnik təşxisin təməlində insanın duyqusu yer alar. İnsan daha çocuqluq yaşda kəndi etnosuna aid olduğunu anlar.”17 Səfəviyət bu doğal duyqunu türk ulusunda söndürmüşdür. Közərən qismini də bu duyqusu sönmüş və söndürülmüş olan ağlı devşirilən oxumuş türklər özləri söndürməyə çalışmışlar. Tarixsəl sosial psikoloji inanc dəyişimi sırasında kökündən dəyişmiş ola bilir. Çünkü məzhəb dəyişimi ilə milli bilincaltı təxrib edilə bilir. “Hindistanın yerlisi müsəlmanlığı qəbul etdikdən sonra hindli olmaqdan çıxmışdır, çünkü vətəndaşları arasından qopmuş və zümrələr dışında qalmışdır.”18 Milli bilincaltının dəyişməsi ilə etnik ölümə doğru sürüklənmə olayı baş qaldırmış olur. “Etnik ölümlər biolojik olmaqdan daha çox sosial bir olaydır.”19 Son 500 illik zaman sürəci içində bütün toplumsal hərəkətliliklərin təməlində səfəviyətin devşirdiyi toplum və ağıl gerçəyi durduğundan sürəkli fars kimliyi yolunda çabalara tanıq olmuşuq. Sosial hərəkətliliklər etnik intihar əməliyatı olmuşdur. Sanki Səfəvilərdən öncə nə bayındırlı Dədə-Qorqud mədəniyəti olmuşdur, nə Səlcuqlu. Hər şey silinib süpürülmüşdür. Oyanış demək sözün gerçək anlamında türklüyün Səfəvilər öncəsi bilincaltını aydınlığa qovuşdurmaq deməkdir. Dədə Qorqudu var edən tarixi bilinci kəşf edib onarmaq deməkdir. Toplumdan topluma aydınlanmanın fərqi vardır. Bu açıdan aydınlanma Səfəvi devşirməçiliyindən öncəki dönəmi diriltmək anlamında olsa gərək. Toplumların həyatındakı bütün dəyişimlər onun dilinə yansıyar. Səfəvi sonrası tariximizdə Dədə Qorqudun sayqınlığa və dostluğa çağrış öyüdlərinin yerini nifrət, kin, yalan və böhtan kimi sözlər almışdır. Dilimizdə nifrət, kin və lənət dalğalanmağa başlamışdır. “Dilin tarixi, minlərcə ilin axışı içində, bölüm-bölüm izlənər”20 Səfəvi dönəmi dilimiz incələndiyində nifrətdən, lənətdən, kindən başqa heç bir şeyə rast gəlmirik. “Əbubəkirə lənət”, “Ömərə lənət”, “Osmana lənət”, “Ayişəyə lənət”, “Yəzidə lənət” kimi nifrət çağrışdıran ifadələr dildə dalğalandı. İnsanı ikiüzlü və riyakar olmağa zorlayan “təbbərra” və “təvəlla” qavramları irqçiliyi və içə qapanmışlığı çağrışdırdı. Bu qədər nifrət içində əlbəttə ki, fərdin və toplumun psikolojisi pozular. Bu nifrət ortamında doğruluğun nə olduğu bəlli olmaz. Çünkü doğruluq, çeşidli yollarla (bir tək yolla deyil) sürəkli hərəkətlilik ortamında gerçəkləşən eyləmdir, dialoqdur. Səfəvi nifrəti gözləri kor, qulaqları kar etdi. 500 il bu ifadələr camilərdə xalqın şüuruna yerləşdirilərək onun davranışlarına yansıtıldı və alışqanlıq halına gəldi. Çocuq bu nifrət kültürü ortamında dünyaya göz açır. Bu açıdan baxıldığında milli oyanış həm də bu tarixi xəstəliyə çarə bulmaq anlamında olsa gərək.

Səfəvilər üzərinə araşdırmam və bu kitabı hazırlamam bununla da sınırlı deyildir. İran-İraq savaşında əsgər idim. Əsgərlikdə İranda yaşayan bütün qövmlərin gəncləri ilə istər-istəməz rastlanırdım. Burada rastlandığım türkmən gəncləri ağlımda bir çox sorular oluşdurdular. İranda 1-2 milyon arasında türkmən olduğunu söylədim. Onlar da fars dilində oxumuşlar. Ancaq mənim türkmən əsgər arxadaşlarım ailələrinə türkməncə məktub yazır və onlara ailələrindən gələn məktub türkməncə olurdu. Bir tək səfəvizədə türk ailəsinə türkcə məktub yazmaz, ailələrindən gələn məktub da türkçə olmazdı. İranda şiələşən türk, yalnızca tarixi hafizəsini itirərək Fars tarixi hafizəsinə sahiblənməmişdir. Öz dilində yazma imkanları Səfəvilərdən bəri tamamən yox edilmişdir. Dil düzyazıya (nəsrə) keçmədikcə öz imkanları haqda bilgi birikdirə bilməz. Şeirdəki cümlə quruluşu ilə düzyazıdakı cümlə quruluşu başqadır. Bizim dilimizdə, özəlliklə əruz vəznində yazılan şeirlər Fars dilinin cümlə quruluşuna və tarixi təcrübəsinə təslim edilmişdir. Bunun özü də dili daha da axsaq duruma soxmaq üçün bir basqı aracıdır. “Bir ölkədə nə qədər şair çoxsa, o ölkə düşüncə baxımından bir o qədər geridədir. İnsanlar və millətlər yaşlandıqca şeirin yerinə nəsr keçər.”21

Bu kitab dolayısıyla, böyük bir iddiada bulunmuşluğum söz qonusu deyil. Yalnızca Səfəvi tarixinə başqa bir açıdan baxmağı denəməyə çalışmışam. Bu yöndən də baxaraq bilgilənmənin yararı olacağına inanıram. “Bilmə və təcrübə heç bir şəkildə doğrulama və kontrol altına alma demək deyildir.”22 Tək amacım Səfəviyət zindanında həbs edilmiş türklərin ağlına azadlıq qazandırmaq olmuşdur.

Millətlərin tarixi, şəxsiyətlərin həyatına sığmasa da, istər-istəməz tarixi araşdırmalarda ilk olaraq şəxsiyətlərin düşüncə, inanc və davranışları incələnir. Çünkü iqtidar bir şəxsiyətin çevrəsi ilə qurduğu ilişkilər yumağından ibarətdir. Hansı güc millətlərin hərəkət və əməllərinə hakimdir? Şəxsiyətin kütlə tərəfindən qəbul edilməsinin qoşulları nədir? Tarixi araşdırmalardan amac azadlıq düşüncəsinin tanımlanması olmalıdır. Çünkü “Tarixin məzmunu azadlıqdır.”23 Insanın bütün çabaları maddi və mənəvi olaraq azadlığını artırmaq üçündür. Tarixi veriləri ağlın imkanları ilə araşdırmaq zorundayıq. Ancaq onun günümüzdəki təsiri qonusunda vicdanın da verilərindən yararlanmaq məcburiyətində qalırıq. Çünkü indiki zamanda yaşayan insan öz azadlıq imkanlarını genişlətmək istər. “Tarix, azadlığı ağlın qanunları ilə tanımlayır. Bu üzdən də azadlığın bu qanunlarla tanımlandığı yerə qədər tarix elm sayıla bilər.”24 “Tarixi olayların səbəbini və hərəkətin qanunlarını anlamaq tarix elminin amacını təşkil etməkdədir.”25 “Tarix elmi öz dönüşüm (transformasion) sürəcində sürəkli kiçik birimləri incələməyə çalışaraq doğrulara yaxınlaşmağa çalışmaqdadır.”26

Bu kitabın təpkilərlə qarşılanacağının bilincindəyəm. Mən bir türk olaraq sorularıma cavab bulmaq amacı bu kitabı yazmaq zərurəti hiss etdim. 15 ildən artıq oxumalarım və ağlımda dolaşan sorular bir yandan, İran mühitində çoxluq oluşduran, ancaq heç bir tarixi düşünsəl qaynağı olmayan türklərin içlər acısı durumu digər yandan bu kitabı yazmama səbəb oldu. Səfəvilərdən sonra sanki yer dəlinmiş və Səfəvi nəfəsi toxunan yerlərdə türklərin dilini, tarixi xatirələrini udub yox etmiş. Nələr olmuşdur əcəba? Təbrizdə heç bir əqrəbası, tarixi xatirələri olmadığındanmı qızılbaşlar bu qədər insanı qətl edib, başda Təbriz olmaqla bütün Azərbaycan şəhərlərini türk kimliyindən bomboş buraxmışlar? Tarixdə hansı, hökmdar Şah İsmayıl kimi öz millətini bu qədər asanlıqla və “haq məzhəbi!” adına qətl etmişdir? Bayındırlı oğulları arasındakı iqtidar savaşı üzündən Təbriz və digər Azərbaycan şəhərləri güvənlik yarada biləcək dövlət arzulamaqdaydılar. Ticarət güvənlik icab edər. Ticarət mərkəzi olan Təbriz sırf bu üzdən ölkəyə güvənlik gətirər deyə Şah İsmayıla dirənmədən təslim oldu. Ancaq tarixdə heç bir fateh könüllü olaraq təslim olan əhaliyə toxunmamışdır. İsmayıl isə, Təbriz əhalisini sırf sünni olduqlarından dolayı qətl etdi. Yüzillər boyunca Təbrizdə və digər şəhərlərdə ortaya çıxmış memari abidələri kafirliyin görünütüləridir deyə tarixdən sildi. Venizli tacirlər Şah İsmayılın davranışını Neronla müqayisə etmişlər. Şah İsmayılı bu işə zorlayan pərdə arxasında əllərmi varmış? Bunlar kitabın axışı sırasında sorular və açıqlamalar şəklində bəyan edilmişdir.

Ədəbiyata çox həvəsli olduğumdan dolayı gəncliyimin ilk başlarından Şah İsmayılın şeirlərini oxudum, onlarcasını əzbər olaraq anılarımda daşıdım. İran-İraq savaşında Şah İsmayıl xürafələrindən yararlanaraq minlərcə türk gəncini anlamsız savaşda İsmayılın 20-ci əsr modeli olan Xomeyni ölümə göndərdi. Şah İsmayılın uyduruq haq məzhəbinin qorunması adına gənclərimiz dəstə-dəstə öldü, öldürüldü. Bu savaşda mən də yaralandım. Savaş sürəsincə Səfəviyətin əsasını qoyduğu “haq məzhəbinin!” mollaları Səfəvəiyə ədəbiyatından əsgərlərə bol-bol danışar, Məclisidən, Kərəkidən anlatılar anladardılar. Yaşım və bilgilərim artdıqca Səfəviyə tərəfindən köləliyə məhkum edilmişliyimizi kəşf etdim. Bu kəşfdə bulunduqdan sonra vicdanımın çağrılarına qulaq asmalı idim. Bu üzdən də bu kitab Səfəviyətə qarşı bir etiraz manifestidir. Düşüncənin sorqulamasıdır. Düşüncəni bizlərə yasaq etmiş Səfəviyətə qarşı düşüncənin və soru sormanın ürünü olaraq anlaşılmalıdır bu kitab. Azərbaycan türklüyü yabancı Səfəviyət xürafələrini ağlından silmədikcə düşünmək yerinə, hər gün daha sürüləşəcək, aydınlanmaq yerinə daha da qaranlıqlara gömüləcəkdir. Kimlərinsə bu kitabı oxuduqdan sonra saxta tarix bilgiləri üzərinə qurmuş olduğu dünyası dağıla bilər və dağılacağına əminəm. Çünkü bu kitabdakı sorulara hər bir oxucu cavab verməlidir. Türklüyün və İslamiyətin düşüncələrdən və inanclardan silinməsini tasarlayan Səfəviyət ağlın məhkəməsinə sunulmuşdur. Türklüyün və İslamiyyətin bağrına vurulmuş olan səfəviyət adlı qarayaranı onarmanın zamanı gəlmişdir.



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə