Güntay Gəncalp (Cavanşir)



Yüklə 1,37 Mb.
səhifə11/14
tarix13.11.2017
ölçüsü1,37 Mb.
#9844
1   ...   6   7   8   9   10   11   12   13   14

Səfəvilərin sonu
Səfəvi dövləti böyük bir həyəcanla və ələvilərin böyük ümidləri ilə qurulmuşdu. Ələvilər sünni və şiə şəriətinə dayanmayan bir dövlət qurmaq istəmişdilər. Ancaq dövlətin hüquq düzənini və ilkələrini oluşduracaq kitabları yox idi. Yalnız saz çalıb şeir söyləməklə də dövlət idarə olmaz. Yan tərəfdən kitabı və hüquq ilkələri olan biriləri gəlib dövləti qapar. Faruq Sümər kimi bəzi tarixçilər Səfəvi dövlətinin qurucu başının Ərdəbildə və vurucu qollarının Anadoluda olduğunu savunarlar. Ancaq tarixi gerçəklər bunun tərsini göstərir. Səfəvi dövlətinin həm qurucu başı və həm də vurucu gövdəsi hər ikisi də Anadoluda idi. Səfəvi dövlətinin quruluş şəklini təsvir edən Şeyx Bədrəddin olmuşdur. Bədrəddindən 27 il sonra Anadolaya gedən Şeyx Cüneyd sadəcə Bədrəddinin kitablarındakı açıqlamalara uyum sağlamış, nə o, nə də Heydər və İsmayıl özlərindən bir açıqlama kitabı miras buraxmamışlar. Səfəviyəni quran da Bədrəddinin öyrətilərinə uyum sağlamış ələvilər olmuşdur. Azərbaycan isə, açıqca Səfəvilərə dirənmiş, ancaq Bayındırlı dövlətindəki iç savaşlar və güclü bir liderin Bayındırlılar içindən çıxa bilməməsi dövlət boşluğu yaratmış. Bu boşluqdan İsmayıl kimi kimliyi bəlli olmayan karizmatik bir gənc yararlanaraq Səfəvi dövlətinin quruluşuna girişmiş. Daha sonra Anadoludan Azərbaycana axın edən Anadolu qızılbaşları.

Səfəvilər hızla başlayıb, hızla da yox oldular. Qızılbaşlar özlərindən heç bir miras buraxmadan tarixdən çəkildilər, həm də çox acıverici şəkildə çəkildidlər. Qurduqları dövləti İranlaşdıraraq çəkildilər. Türküstan və Anadolu arasında ideolojik bir sınır oluşduraraq tarixdən çəkildilər. Türkləri İrani-Sasani kimliyə təslim edərək çəkildilər. Tarixdə belə bir örnək olmamışdır. Min fədakarlıqla dövləti qurub başqa etnosa buraxmaq örnəyi, yalnız qızılbaşlara özgüdür. Səfəvilərdən miras qalan sadəcə yas və ağlaşma, şaxsey-vaxsey törənləri oldu. Bir daşı daşın üstünə qoyub yapdıqları bir şey olmadı. Bayındırlıdan və əskilərdən nə qədər memarlıq abidələri vardısa, hamısını yox etdilər. Sanki türk yurdlarını, türk kimliyini yox etməklə görəvlənmiş bir hərəkət imiş. Ölkəni imamzada məzarları ilə doldurub yoxa çıxdılar.

Səfəvilərin bitişindən sonra Nadir Şah iqtidara gəldi. Əfşarlarda Səfəvi gələnəyinin tərsinə olaraq “şah” sözü isimdən öncə deyil, isimdən sonra gəlmişdir. “Şah” sözünün isimdən öncə gəlməsi fars dilinin tərkibi və isimdən sonra gəlməsi türk dilinin cümlə yapısıdır. Nadir Şah iqtidara gəldikdən sonra türk-İslam Birliyi qurmaq yolunda bir işlər görmək istər. Bu yolda Osmanlıdan yardım bəklər.

Nadir Şah, Osmanlı hökmdarı Birinci Mahmuda göndərdiyi məktublarda Osmanlı və özünün türkmən qövmünün ən böyük ailəsi olmasından yazar və tez-tez qövmi qohumluqdan bəhs edər. Osmanlı divanından alınan məktublarda Nadirin duyqularına laqeydlik vardır.422 Osmanlı da özünə türk deməkdən hürkməkdə idi. Səfəvilik şüubiyənin saxta hədislərinə uyub tarixdən silindiyi kimi Osmanlı da Əməvilərin saxta hədislərini doğru olaraq qəbul etdiyindən türk dilinə ehtiyac duymamaqda idi. Əməvilərin saxta hədislərində cənnətin dilinin Ərəbcə olacağı vurqulanırdı. Əməvi-ərəb irqçiliyinin uyduruq hədisləri qarşısında Osmanlı təslim olmuşdu. Cənnətin dili ərəbcə olacaqsa, nədən bu dünyanın da dilini ərəbcə etməyəlim düşüncəsi saxta “Osmanlıca” dili doğurdu. Birdən-birə “cənnət dili!!!”nə keçmək mümkün deyilsə, o zaman yavaş-yavaş keçilməli idi. Osmanlıca deyilən və heç bir dilbilgisinə tabe olmayan saxta dil, saxtakarlığın və Əməvi-ərəb irqçiliyinin oyunbazlığından başqa bir şey deyildi. Doğru olmayan tarixdən silinir, tarix özü saxtakarlığı qəbul etmir. 600 il tarix qarşısında çox da uzun bir zaman deyil. Ancaq gəl gör ki, Osmanlını da tarix öz məzarlığına sürüklədiyində bu 600 ildən heç bir şey miras qalmadı. Nə bir Hafiz, nə bir Əttar, nə bir Mövlana. Heç bir şey. Qara rüzgar kimi əsib keçmişlər.



Cənnətin dilinin Ərəbcə oluşu kimi önəmli bir qonunu Tanrı açıqca Quranda nədən duyurmamışdır? İbni-Ərəbi deyirdi ki, peyqəmbər öz dönəminin tibbi, fiziki, kimyəvi bilgiləri haqda heç bir bilgisi yox idi. Buna görə də İbni-Ərəbini təkfir edən, kafir sayan olmadı. Quranda açıqca söylənir ki, “Səndən ruh haqqında sorarlar. De ki, ruh Tanrının biləcəyi işdir. Sizə bu haqda çox az bilgi verilmişdir.”423 Cənnət-cəhənnəm ölümdən sonra isə, ruhlar dünyasına aid isə, bu haqda Quranın möhkəm ayətləri ortada ikən peyqəmbər Qurana tərs olan sözləri necə söyləyə bilərdi? Cənnətin dilinin ərəbcə olacağını necə söyləyə bilərdi? O zaman cəhənnəmin dili hansı dil olacaq? Yoxsa cəhənnəmdə dil lazım olmayacaq? Cənnətin dilinin ərəbcə olacağını söyləmişsə, cəhənnəmdə hansı dilin olacağını nədən söyləməmiş? Əslində suçlular sorqulanacaqsa, dil cəhənnəmdə lazım olar, cənnətdə deyil. Günahlarına insanlar cavab verməlidirlərsə, bunu bir dildə anlatmalıdırlar. Yoxsa cənnətə gedənlərə dil lazım deyil, sorulara da cavab yox, hər şey Tanrı qatından bilinməkdə. Keşkə bu Osmanlıda ağıl olsaydı və “cəhənnəmin dili türkçə olacaq” deyə bir hədis uydursaydı. Ərəblər daxil bütün müsəlmanlar türk dilini öyrənərdilər. Çünkü müsəlmanların çoxunun yerinin cəhənnəm olacağı bəlli. Nə kitab oxuyan var, nə elmlə uğraşan var. Tanrının verdiyi ağıl imkanlarını qullanan yoxdur. İslam “oxu!” ilə başlarkən, oxuyan yox. Bu necə müsəlmanlıq? Allah o dünyada sormazmı ki, bu ağılı nədən o dünyada düşünsəl çalışmalara adamayaraq geri gətirdin? Ancaq nə etmək olar ki, insan bir yanlışa da inandığında ondan vaz keçməsi çətin işdir. Osmanlı bu batilə iman gətirmişdi. Batil inanclar həm Osmanlının, həm də Səfəvinin soyunu qurutdu. Səfəvi şüubiyə batilinə, Osmanlı da Əməvi irqçiliyinin uyduruq hədislərinə iman gətirmişdilər. Bütün dillər Tanrı iradəsinin ürünü deyilmi? Nədən Tanrının yaratdığı türk dili xor görülmüşdür? Bu, Tanrı iradəsinə qarşı açıqca savaşmaqdan başqa bir şey deyildir və Tanrı da onları tarixdən öyləsinə sildi ki, heç bir izləri qalmadı. Tanrı iradəsinə qarşı çıxdıqlarından dolayı o dünyada cəhənnəm atəşində yaxılıb yaxılmadıqlarını bilmirik. Hər şeyi bilən Allahdır. Ancaq suçlular cəzalanmalı. Osmanlı da Səfəvi kimi tarixdən silindi. Heç bir iz buraxmadan tarixdən yox oldular. Qalan izlərinin dilini onun varisləri bilməməkdədir və heç bir zaman da bilməyəcəklər. O saxta dili bilməyə gərək qalmamışdı. Ayrıca, o saxta dildə ərəb-Əməvi və Osmanlı devşirmələrinin xəstə xəyallarından başqa heç bir şey yoxdur. Əslində Səfəvi dövlətinin quruluşu və Azərbaycanda türklüyün İrani kimliyə təslim edilişinin ana səbəbi Osmanlının öz soyunu sevməməsi idi. Osmanlının bu soy sevməzliyi üzündən Əmir Teymur da Anadoluya saldırdığında Anadolu bəylikləri Teymurdan yana oldular, çünkü Əmir Teymurda milli şərəf və qürur hissi var idi. Osmanlının dilini Anadolu türkmənləri anlamırdı. Dilini anlayacağı bir dövlətə ehtiyac duymuşdu. Başında devşirmələr durmayan və devşirmə katiblərin qullandığı saxta bir dil olmayan dövlət düzəninə türkmənlərin bilincaltında bir ehtiyac var idi. Olayların ortaya çıxış qaynağı bu ehtiyac idi. Ancaq Osmanlı sarayında əməvi irqçilyinin uydurduğu hədislər yuvalanmışdısa, Səfəviləri də 700 yüz illik təcrübəsi olan şüubiyə ələ keçirdi. Anadoluda hər etnos öz haqqını istərkən türklərə qarşı nifrət duyqusu əsasında teorilər ürətdilər. Müsəlman ərəblər bilə, türkləri sevməz oldular. Bu olaylar Osmanlıda türklük bilincinin doğuşuna gətirib çıxaracaqdı. Ancaq Səfəviyədə bu ehtimal da olmadığından sonuc fərqli oldu. Türklüyün belini səfəvilik qırdı. Milli oyanış Qərbdə dini mətnlərin ulusal dillərə tərcüməsi ilə başlamışdır. Bu açıdan və sözün renesans anlamında Bayındırlı dövləti türk ulusal oyanışının başlanqıcı idi. Çünkü ilk dəfə olaraq Quran bayındırlı dönəmində türk dilinə tərcümə edildi. Şah İsmayıl adlı bir dəlinin Təbrizdə sünni əsərləri yandırma sırasında bu tərcümə də digər türkçə ədəbiyatla bir yerdə yanıb yox oldu.

Nadir Şahın girişimlərinə işarə etmişdik. Nadir Şah Osmanlıdan yardım gəlmədiyini görüb tək başına bu işi çözməyə girişdi. İslam Dünyasının sünni və şiə alimlərini dəvət etdi. Onlar üçün hər türlü rahatlıq və qolaylığı sağladı. Əmr verdi ki, oturub dartışsınlar və vardıqları sonucu ona bildirsinlər. Əgər şiə İslam kökənli isə, onu beşinci məzhəb olaraq duyuralım, yox deyildirsə, ortadan qaldıralım. Şiə və sünni alimlər dartışdılar. Bu dartışmalar “Hücuci-qətiyyə” adı ilə kitablaşdırıldı. Şiə alimlərinin söyləyəcək sözü qalmamışdı. Sonucu Nadir Şaha bildirirlər və Nadir bu elmi dartışmaya dayanaraq “Fərmani-Şahi” adında ölkəsində bir genəlgə yayımladı. Bu genəlgədə Əbubəkiri, Öməri, Osmanı, Ayişəni sövmək yasaqlanır və Şah İsmail kötülərin kötüsü olaraq duyurulurdu. Bu genəlgəni olduğu kimi burda verəlim:



Fərmani-Şahi
Öncə Allah təalaya sığınıram. Biliniz ki, Şah İsmayıl Səfəvi, 1501-ci ildə zühur etdi. Cahil xalqdan bir qismini yanına topladı. Bu alçaq dünyanı və nəfsinin istəklərini ələ keçirmək üçün müsəlmanlar arasına fitnə və fəsad soxdu. Əshabi kirami söyməyi, şiəliyi ortaya çıxardı. Böyləcə müsəlmanlar arasına böyük bir düşmanlıq soxdu. Münafıqlik və düşmənlik bayraqlarının açılmasına səbəb oldu. Öylə oldu ki, kafirlər, rahat və qorxusuz yaşayır, müsəlmanlar isə, bir-birlərini yeyir. Bir-birlərinin qanlarını, namuslarını tələf edir. İştə bunun üçün, Muğan meydanındakı toplantıda, böyük-kiçik həpiniz, məni şah yapmaq istədiyiniz zaman bu istəyinizi qəbul edərsəm, siz də, Şah İsmayıl zamanından bəri, ölkəmizdə yerləşmiş olan pozuq inançlardan və boş sözlərdən vaz keçəcəyinizi bildirmişdiniz. Qiymətli dədələrinizin məzhəbi olan və mübarək adətlərimiz olan, dörd xəlifənin haqq və doğru olduğuna qəlb ilə inanacağınızı və dil ilə də söyləyəcəyinizi, bunları söyməkdən, kötüləməkdən saqınacağınızı və dördünü də sevəcəyinizi söyləmişdiniz. Iştə bu xeyirli işi qüvvətləndirmək üçün seçilmiş alimlərdən, dininə bağlı yüksək zâtlardan soruşdurdum. Həpsi dedi ki, Peyqəmbərimizin haqq yoluna çağırdığı gündən bəri, səhabe-i raşidin olan dörd xəlifənin hər biri, dini-mübinin yayılması üçün canlarını və mallarını fəda etdilər. Bu uğurda çoluq-çocuqlarından, əmi və dayılarından ayrıldılar. Hər sözə, iftiraya, oxa qatlandılar. Bundan dolayı, Rəsulullah əfəndimizin xüsusi söhbətləri ilə şərəfləndilər. Böyləcə (mühacirlərdən və ənsarlardan, iləri olanlar) məalindəki ayəti-kərimə ilə mədh və sənaya qovuşdular. Yaxşıların əfəndisi vəfat etdikdən sonra ümmətin işlərini görən, Əshabi-kiramın böyüklərinin sözbirliyi ilə xilafətə gəldilər. Birinci xəlifə mağara arxadaşı Əbubəkr Sıddıq oldu. Bundan sonra xəlifənin təyini və Əshabi-kiramın qəbul etməsi ilə Ömər Faruq oldu. Ondan sonra altı kişi arasından sözbirliyi ilə Osman ibni-Əffan oldu. Daha sonra Allahın aslanı, arayanların aranılanı, şaşılacaq şeylərin xəzinəsi Əli ibni Əbutalib xəlifə oldu. Bu dört xəlifədən hər biri kəndi xilafətləri zamanında bir-biriləri ilə uyqun, hər türlü ayrılıq ləkəsindən təmiz idi. Qardaşlıq və birlik üzərə idilər. Hər biri İslam məmləkətlərini şirkdən və müşriklərin kinindən qorudular. Bu dörd xəlifədən sonra müsləmanlar iman və etiqadda birlik idi. Hər nə qədər zaman və əsrlər keçməsi ilə islam alimlərinin oruç, həc, zəkat və başqa yapılacaq işlərdə ayrılıqları oldusa da, fəqət inanılacaq şeylərdə və Rəsulullahı və onun Əshabını sevməkdə və həpsini xalis olaraq tanımaqda heç bir qüsur, əksiklik və pozuqluq olmadı. Şah İsmayılın ortaya çıxmasına qədər bütün İslam məmləkətləri böylə saf və təmiz idi. Sizlər səlim ağlınızla və təmiz qəlblərinizin irşadı ilə sonradan çıxarılan Əshabı-kiramı söymək və şiə olmaq yolunu çox şükür buraxdınız. Dini-islam sarayının dörd təməl dirəyi olan dört xəlifənin sevgisi ilə qəlblərinizi süslədiniz. Bunun üçün mən də bu söz verdiyimiz beş qərarımızı göylər kimi yüksək, qaraların və dənizlərin xaqanı, hərəmeyni-şərifeynin xidmətçisi, yer üzünün ikinci Zülqərneyni, böyük İslam padşahı, qardaşımız, Rum məmləkətlərinin sultanına bildirməyi söz verirəm. Bu işi arzumuza uyqun olaraq bitirəlim. Bu yazdıqlarımız Allah təalanın yardımı ilə çabuq meydana çıxsın! Şimdi bu xeyirli işi qüvvətləndirmək üçün Mollabaşı Əli Əkbər və başqa yüksək alimlərimiz bir təzkirə yazdılar. Böyləcə bütün şübhə pərdələrini yırtdılar. Yaxşıca anlaşıldı ki, bütün bu iftiralar, bidətlər və ayrılıqlar, Şah İsmayılın çıxardığı fitnələrdən doğmuşdur. Yoxsa ondan öncəki zamanların hiç birində və İslamın başlanqıcında bütün müsəlmanların imanları, düşüncələri tək bir yolda idi. Bunun üçün Allah təalanın yardımı ilə və Onun qəlblərimizə sunması ilə bu şərəfli və yüksək qərarı almış bulunuruq. İslamiyyətin başlanğıcından ta Şah İsmayılın çıxmasına qədər bütün müsəlmanlar, xüləfayi-raşidini haqq, doğru xəlifə bilirdi. Hər birini haqlı olaraq xəlifə oldu bilirlərdi. Bunları söyməkdən, kötüləməkdən çəkinirlərdi. Xətib əfəndilər və böyük vaizlər minbərlərdə və dərslərdə bu xəlifələrin yaxşılıqlarını, gözəl hallarını, üstünlüklərini söylərlərdi. Mübarək ismlərini söylərkən və yazarlarkən ehtiramla yad edilərdi. Dərin alim və üstünlərin özü (Mirzə Məhəmməd Əli) həzrətlərinə əmr eylədim ki, bu Frmani şahimizi bütün ölkə şəhərlərinə yaysınlar. Millətim də eşitsin və qəbul eyləsin. Buna uymamaq, qarşı gəlmək, Allah təalanın əzabına və şahənşahın qəzəbinə səbəb olacaqdır. Böylə bilələr.424

Ancaq nə Səfəvilrdən, nə də Nadir Şahdan və nə də digərlərindən gələcək nəsillər üçün heç bir maddi-mənəvi sərmayə miras qalmamışdır. Savaşlar və yağmalarla dövlət budcəsi doldurulmuş və türklər sərmayə ürətimi qonusunda heç bir təcrübəyə sahib olamamışlar. Çünkü sərmayə ürətimi başqalarına buraxılmış və türklər, yalnızca savaş makinası kimi qullanılmışlar. Savaş teknolojisi gəlişdikdən sonra da türklərin qılıc savaşmalarına ehtiyac qalmamış, əlində heç bir sərmayə olmadan yazqısızlığa tərk edilmişlər. Günümüzdə də əlində sərmayə olan türklər sərmayə qazanımı sürəcində asimilə olmuşlar. Çünkü sərmayənin qazanım dili türkçə olmamış, türkçəyə ehtiyac bilə duyulmamışdı. Ona görə də qurduğumuz böyük dövlətlərin ürətim etkəni ya olmadı, ya da türklər orada yer almadılar. Modern tarixə girdiyimizdə əllərimiz bomboş idi. Nə əlimizdə bir şey var idi, nə də dilimizdə. Əsarətə təslim olmanın iki qoşulları mövcud idi. Nə beyin təcrübəsi vardı, nə ticari və iqtisadi təcrübə. Hızlı asimilasionun səbəbi də bu olmuşdur. Dirənəcək maddi-mənəvi gücümüz olmamışdır. Türkçə yazanlar da adam yerinə qoyulmamış. Füzuli türk dilini yüksəltmə zərurətini anlamışdı. Osmanlı rüşvətxorları doqquz ağçasını da vermədilər. O da Sultan Süleymana gözəl türkçə də “Şikayətnamə” adında bir məktub yazdı. Məktubuna cavab gəlmədi. Ehtiyac içində eşələnsə də türkçə yazmaqdan vaz keçmədi.




Son söz
Atalar doğru söyləmişlər: “Niyyət hara, mənzil ora.” Heç bir millət yüzillər boyu bağrında daşıdığı niyətin dışına çıxa bilmir. Bəlkə istisnalar ola bilər. Örnəyin bugünkü Azərbaycan Cümhuriyəti Rus kolonizasionunun məhsuludur. Ora da İran tərkibində qalsaydı bugün Bakının əhalisi Tehrandakı kimi Fars dilli olacaqdı. Toplumları millət yapan onların tarixi və coğrafiyasi deyildir. Bunlar yan etkənlərdir. Toplumları millət yapan onların niyətləridir. Hər kəs əkdiyini biçər. Modern türk ulusçuluğu tarixin qaranlığında qalıb eşələnməməlidir. Bunları bilgi olaraq bilmənin zərəri yoxdur. Çağdaş türk ulusçuluğu toplumun bütün qatmanlarını içinə alacaq yeni bir niyət, yeni bir amac bəlirləyərək buna görə düşünsəl ürünlərini gerçəkləşdirməlidir. Bu yeni amaca doğru hərəkətin bir tək dili olmalıdır: Türkçə. Türkçələri dəyişik ağızlarına görə fərqli adlarla səsləndirmək türk ulusunun modern niyəti ilə bağlaşmaz. Bu, türk dilinin və türk ulusunun tarixdən silinməsinə xidmət edər. Dilimiz türkçədir. Bütün varlığımızın, duyqusal və düşünsəl amaclarımızın yansıyış yeri türk dili olmalıdır. Atatürkün türk dilini Osmanlı və Osmanlıca əsarətindən qurtarma çabası yaxşı sonuc vermiş, Anadoluda türk dili öz yapısı üzərində gəlişmə və evrənsəlləşmə sürəci yaşamışdır. Sözdağarcığı genişləmişdir. Bu, kəndiliyindən bizim üçün bir fürsətdir. Türkiyədə dilin təcrübələri göz önündə bulunaraq hızlı biçimdə tək türkçəyə doğru hərəkət edilməlidir. Bunu başarmaq çətin iş deyildir, çox asandır. Yetər ki, bunu ulusal namus və milli heysiyət kimi alqılayalım. Hansı dildə oxumağımıza baxmayaraq anlatım, anlatışım və ilətişim dilimiz türkçə olmalıdır. İslamiyət də bunu deyir. Allah insanlığı fərqli qövmlər biçimində yaratdığını açıqca söylər. Qövmü bəlirləyən ana özəllik onun dilidir. Dilini itirib başqa millətin dilində düşünən adam etnik kimliyini də itirmiş olur. Bu da Tanrı iradəsinə qarşı davranmaqdır.

Səfəviyə dönəmindən başlayaraq toplumsal inancda yayqınlaşan “təbərra”, “təvəlla”, “təqiyə” kimi qavramlar və bu qavramların kültürəl ürünləri türkün modern niyətində yer alamaz. Bu qavramlar nifrəti, düşmənliyi çağrışdırmaqdadır. Evrənsəl insan haq və özgürlüklərinə qarşıdır. Bu qavramlar və bu inanc yalançı, fitnəkar, riyakar insanlar tərbiyə etməkdədir. Bu da toplumsal psikolojinin xəstələnməsinə olanaq sağlamaqdadır. Bu qavramların keçərli olması üçün ölkədə zülm, fəsad, diktatorluq olmalıdır. Qorxu hakim olmalıdır ki, insan təqiyəyə sürüklənsin. Bu qavramlar qorxu və cinayət üzərində qurulmuşdur. Kitabımın axışı içində bu qorxunun necə şəkillənməsinin ayrıntılarını anlatdım. Modern Səfəviyə olaraq günümüzdə hakim olan Xomeynizm qorxu üstündə qurulmuşdur. Bu, onun “təbərra” və “təvəlla” anlayışından qaynaqlanır. Təvəlla və təbərra qavramları öz etibarını tarixdə qoruduqca Şah İsmayıl və Xomeyni kimi qatillər uyqun fürsətlərdə ortaya çıxacaqdır. İslamda irqçilik yoxdur, təvəlla və təbərra isə, açıqca irqçilikdir. Allah Hz. Məhəmmədə oğul versəydi və o oğullarından da evladlar törəsəydi, təbərra və təvəlla irqçiliyi daha geniş boyutlara ulaşa bilərdi. Peyqəmbərin soyu olmaz, olamaz. Peyqəmbərin vəhyə dayanan öyrətiləri olar və önəmli olan da budur. Yoxsa hamımız adəm soyundanız. Mövlana demiş, gözəl demiş və biz də Mövlananın bu deyişi ilə bitirəlim:

Biz ki, həp adəm soyundan gəlmişiz

İlk əzəldən varlığa sərpilmişiz.*

08.03.2012

Səfəvilər” kitabına tamamlama



Ən önəmli sual budur: tarix nədir? Gerçək olan budur ki, insan tarixi mövcudluqdur. Yalnız insan tarixi mövcudluqdur. Belədirsə, olayların ortaya çıxışını tarixilik planında incələmək gərəkir. Günümüzü işğal edən tarixi olaylar və tarixi şəxsiyətlərə yüklənən saxta və qeyri-tarixi dəyərlər düşünmənin, inkişafın önündə ən böyük əngəldir. Tarix ərəbcə bir söz olaraq “ibrətli keçiş” anlamındadır. Hər hansı olaydan ibrət dərsi alınmamışsa, o, tarix və tarixi deyildi. Günümüzdə öz xətalarını və basqılarını sürdürməkdə olan bir hadisədir. Xalqların və fərdlərin də azadlığını məhdudlaşdıran sırf bu olaydır. Özəlliklə Şərq xalqları keçmişin nostalgiyası içində duyğulanıb durmaqdan xoşlandıqlarından gələcəyə doğru yönəlmişlikləri olmaz. Çünkü gələcəyə doğru yönəlmişlik indiki zamanda yaradıcılıq və təlaş gərəkdirər. Modernitənin əsas gətirisindən biri həm fərdə, həm də millətlərə indiki zamanda yaşayabilmə cəsarəti verməkdir. Kantın “Düşünmə cəsarətin olsun!” fikri tənqid və etiraz cəsarətini də doğurar əlbəttə. İndiki zamanda yaşaya bilmək üçün düşüncə dünyasında və tarix mövzusunda tənqidi işbirliyi gərəkməkdədir. Tarixin determinist basqılarına qarşı düşüncə azadlığı önə çıxmalıdır. Toplum üçün final bir hədəf bəlli edilməlidir. Determinizm arxadan öz iradəsini tətbiq etməyə çalışarkən, finalitə isə öndən yeni oluşum və yenilik üçün imkanlar sağlar. Determinizm olmuşları gələcəyə daşıyar, finalitə yeni oluşum sağlar. Determinizm və finalizm indiki zamanda kəsişərək qarşılaşarlar. Sosial və tarixi dialektikanın da anlamı bu olsa gərək. Dünənlə sabahın bu gündə dialoqları. Yəni tarixdən gələnlə tarixdə olacaqların qarşılaşması. Toplumu millət edən isə, nə onun təbiətidir, nə də tarixi. Toplumu modern anlamda millət edən onun final hədəfidir. Bu tarixi gerçək bizim atalar sözümüzdə “niyyət hara, mənzil ora” şəklində özətlənmişdir. Ancaq atalar sözündə yayqın olan bu fəlsəfə milli-siyasi iradəyə təsir etməmişdi. Əsas məsələ də budur. Modern anlamda millətləşmə dalğaları dünyada ortaya çıxdıqdan sonra istisnasız olaraq tarixlə düşüncədə və inancda hesablaşma gərəyi ortaya çıxmışdır. Millətlərin təkamülündə tarixi görüşlərin, baxış açılarının dəyişməsi və modernləşməsi böyük rol oynamışdı. Japoniyada, Almaniya. Rusiyada bunun örnəklərini görmək mümkündür və bu haqda tarix sosiologiyası üzərinə yazılmış bolca kitablar vardır.

Dünya tarixində belə nümunələr ortada ikən, nədən bizim sosial gerçəkliyimizdə də bu istiqamətdə düşüncələr ortaya qoyulmamalıdır? Azərbaycan türkləri olaraq bizim gerçəkliyimiz başqa millətlərinkindən fərqlidir. Quzey Azərbaycanda fərqli sosial və siyasi pozisiya, Güney Azərbaycanda da fərqli sosial və siyasi pozisiya mövcuddur. Bəlli tarixi hadisələrdən dolayı Quzey Azərbaycan Səfəvi tarix mühitindən ayrılmışdır. Ancaq yenidən o qaranlığa düşmə təhlükəsi var. Bunu “parçalanmış Azərbaycan” mərsiyyəsi ilə xatırlamaq da doğru deyil. Çünkü İran-Səfəvi mühitindən qopuş özü-özlüyündə bir qurtuluşdur. Çünkü Səfəvi tarixi mühiti sırf fars milliyətçiliyi ilə təchiz edilmiş, donatılmış bir ortamdır. O mühitdə türk milli kimliyi və milli şüuru doğa bilməz. Doğmamışdır da. Səfəvi dövləti qurulduqdan bəri İran türklüyü fikrən, hissən və inancda məğlub duruma düşmüşdür. Fikir və inanc sahəsindəki məğlubiyyəti ortadan qaldırmaq asan iş deyil. Modern dövlətə keçiş sırasında da fars milliyətçiliyi əsasında bir ölkə təsis edildi. Çünkü bunun əsası Səfəvi dövləti qurulduqdan sonra qoyulmuşdu. Bir də tarixə bu açıdan baxmanın bir yararı olacağına inanıram. Nədən yalnız səfəvizədə mühitdə milli türk dövləti qurulmadı? Səfəvilərdən öncə Kitabi-Dədə Qorqud kimi əsər yaradan və öz tarixi milli xatirələrini bu şəkildə canlı tutan bu xalqa Səfəvilərdən sonra nə oldu ki, bütün keçmişini unutdu? Nə oldu ki, oğuz dastanları yerini Səfəvilərdən sonra Şahnamə, Kərbəlayilik, və Məşhədilik aldı? Səfəvilərdən sonra ərənlik, alpərənlik anlayışlarının yerini nələr almış? Səfəvilər zamanında təsis edilən “Hüseyniyyə”lərdə musiqimiz yas mərasimlərinə dönüşdü. Mərsiyə və növhəxanlıq musiqimizin ruhunu işğal etmədimi? Üzeyir Hacıbəyli Səfəvilərin “Hüseyniyyə”lərində “qina”nın yasaqlandığına işarə edər. Qina, zəngulənin yasaqlanmasıdır. Yəni insanın muzikal estetik səsinin həbs edilməsi. Üzeyir Hacıbəyli bu Səfəvi tabusunu musiqimizdə qırdı. Üzeyir Hacıbəylidən sonra başqa musiqi şəkli ortaya çıxdı. Ancaq baxsaq Güney Azərbaycana və İranın dəyişik yerlərində yaşayan səfəvizədə türklərə mərsiyyədən başqa heç bir şey yox. Hara getdi Dədə Qorqud qopuzu? Nə oldusa köklü bir dəyişiklik olmuş. Bu dəyişklik haqqında kitabda bilgi verilir. Bu istiqamətdə səfəviliyin rolu nədir? Səfəviyəti doğru-dürüst incələdiyimizdə dilimizin, kimliyimizin sapmasında onun böyük rolunun olduğunu görürürk. Millət olaraq bu istiqamətdə düşünməyimiz bizi modern dünyanın bir parçası edə bilər. “Səfəvilər” kitabı bu zərurət üzündən yazılmışdır. İçinə düşdüyümüz bu kötü durumun tarixi kökləri bu kitab araşdırılmışdır. Gerçəkdən Səfəvilər adında “möhtəşəm!” bir Azərbaycan-Türk dövləti olmuşsa, o zaman nədən biz bu gündəyik? Haradadır Səfəviliyin mədəni, mənəvi və dil mirası? Nələr qalmış o möhtşəm tarixdən? 4-5 “Mən Heydər oğluyam” demək ədəbi miras sayılarmı? Haradadır gerçəkdən o “möhtəşəm!” səfəvi ədəbi, mədəni mirası? Hansı inanc şəklini bizə miras buraxmış Səfəvilər? Onların mirası üzərinə biz bir projə gəlişdirmək istəsək, İranda olduğu kimi farslaşarıq, yoxsa modernləşərikmi? Səfəviyət Quzey Azərbaycanı içdən-içə təhlükəyə sürükləyirmi? Bu təhlükənin fərqindəyikmi? Quzey Azərbaycanda sayıları artan ağbaş mollalar bir təhdid deyilmi ölkəmiz üçün? İslamda mollalıq qurumu olmamışdır, bu, sırf Səfəvi icadıdır.

Keçən əsrin əvvəlindəki bütün aydınlarımız istisnasız olaraq Səfəviyətə qarşı çıxmışlar. S. Ə. Şirvani, Həsən bəy Zərdabi, Rəsulzadə, Əhməd Ağaoğlu, M. Ə. Sabir, Nərimanov və digər bütün aydınlar. Seyid Əzim Şirvani bir neçə qəzəlində Səfəvi kültürünü tənqid atəşinə tutar. Bir qəzlində yazar:

Əli vəsfin qılırsan, çəkməsən həcvi-Ömərdən əl,

İlahi, xəsmin olsun ruzi-məhşərdə Ömər, vaiz.

Bu misralarda Seyid Əzim Şirvani minbərdə Hz.Əlini alqışlayıb, Hz. Öməri sürəkli lənətləyən Səfəvi molla tayfasına üz tutaraq deyir ki, sən Ömərdən daha yaxşı işmi görürsən ey Öməri lənətləyən molla, umarım ki, o dünyada Ömərlə qarşılaşarsan.

Hüseyn Cavid səfəviliyi “ipsiz dəlilik” adlandırmış. Bugün Azərbaycan bayrağındakı İslamlaşma da antisəfəvi və dürüst bir İslam anlayışını çağrışdırmaqdadır. Səfəvilər tərəfindən fars milliyətçiliyi ilə iç-içə girən İslam anlayışı deyildir. Müsavatçılıq Azərbaycanda yenildikdən sonra Səfəvi heyranlığı oluşdurulmuş. 70 il Səfəvi heyranlığı və tarixi gerçəklərlə bağlılığı olmayan yalan və iftiralar xalqımıza milli tarix kimi təqdim edilmiş. Bu yalanların ifşası millət olaraq inkişafımıza səbəb ola bilər. Çünkü yalanların və iftiraların mühasirəsində bulunan milli şüur heç bir zaman çağdaşlaşa bilməz. Zatən çağdaşlaşmanın əsas amaclarından biri də tarixin qaranlıqlarını elmin, bilginin, fəlsəfənin işığı ilə aydınlatmaqdır. Uluslaşmaq istəyirsək, öz tariximizlə “Türkləşmək, çağdaşlaşmaq və İslamlaşmaq” məntiqi ilə üz-üzə gəlməliyik. Bu, özəlliklə İran-Səfəvi mühitində sürətlə asimilə edilən türklüyün qaranlığa gömülmüş düşüncəsini aydınlada bilər. Çünkü indiki İran İslam Rejiminin təməlini Şah İsmayıl atmışdır. Bugünkü dini qurumların strukturu Səfəvilər dönəmində qurulmuşdu.

“Səfəvilər” kitabı metafizik sistemləşdirmədən uzaq durmağa çalışan bir yöntəm gəlişdirmişdir. Çünkü biz “Şah İsmayıl haqq idi, içində imamların ruhunu daşıyırdı” dediyimizdə, artıq ağlın sual soruşma haqqını və düşüncəni susdurmuş oluruq. Tarix fəlsəfəsi bunu qəbul etməz. 13 yaşlı İsmayıl adında bir çocuq ortadadır. Bir insan nə qədər dahi olsa da, 13 yaşında üstün tarix bilgisinə sahib ola bilməzdi. Burada ya gerçəkdən də Şah İsmayılın imam olduğuna və metafizik güclər tərəfindən ona yardım edildiyinə inanmalıyıq, ya da tarixi olquları ağlın ışığında dəyərləndirməliyik. Birinci durumu tarix fəlsəfəsi qəbul etməz. Belə inanacaq olarsaq, artıq sual soruşmaq da yasaqlanar. Şah İsmayılın özü belə, Çaldıran savaşında məğlub olduqdan sonra yenilməz imam olmadığına, ruhunda Allah iradəsini daşımadığına inandı. Uşaq ruhuna təlqin edilən yenilməzlik duyğusunu tamamən itirdi. Allah tərəfindən yönləndirilmədiyinə inandı. Çaldıran savaşından sonra ruhən öldü və onda fövqəladə təbiətüstü gücün olmadığına inandı. Ayrıca, tarix fəlsəfəsi bu növ yanaşmanı qəbul etməz, bunu xürafat sayar. Çünkü metafizik sistemləşdirmə düşüncəni və ağlı susdurmaqdır. Sual sormağı yasaqlamaqdır. O zaman bir tək gerçək ortada qalır: Şah İsmayıl adında 13 yaşlı çocuq pərdə arxasındakı güclər tərəfindən idarə edilmişdir. Onun çocuq ruhuna doldurulan fövqəladəliyə və mütləq haqlı olmağa Şah İsmayılı inandırmışlar. Bu yolda hər növ cinayət törətməyə, hətta anasını belə öldürməyə qədər ona səlahiyyətlər tanımışlar. Ona mütləq haq yolunda bütün əngəlləri ortadan qaldırmağı ilahi missiya kimi təlqin etmişlər. Ancaq bu mütləq haq, əslində yüzillər boyunca təcrübə qazanmış, ədəbiyat oluşdurmuş şuubiyyənin irançı mənafeyindən başqa bir şey olmamışdı. Bu kitabda pərdə arxasında Şah İsmayılı hazırlayan şuubiyyə amili üzərində durulmuşdur. Şuubiyyə, dağlarda yaşayan və öndər arayan, aşırı dərəcədə lider mərkzli davranan Anadolu qızılbaşları vasitəsi ilə İran-fars kimliyini qurmaq istəmişdi. Bu haqda kitabda ayrıntılı bilgi verilmiş. Şuubiyyənin istəkləri Səfəvilərin sonrakı tətbiqatında əməldə özünü göstərir.

Sosial bir hərəkətdə toplumun yüksələn həyəcanının tarixi önəmi olmaz. Bu həyəcanlar qısa sürədən sonra sönər. Necə ki, İran inqilabında, sovet inqilabında kütləvi həyəcanlar söndü və qalarğı olan həyəcanların arxasındakı ideyalar oldu. Necə ki, qızılbaşlardan bir qismi varsaqlar kimi peşman olub geri döndülər. Sosial bir hərəkətdə o hərəkətin məğzi olan ideya incələnməlidir, çünkü qalarğı olan ideyadır. Səfəvi ideyası İranda türk tarixini işğal etdikdən sonra ərənlik, oğuz kimliyi türklük şüurunu tərk etdi və bunun yerini şaxsey-vaxsey tutdu. Kütləni saxta vədlərlə həyəcana gətirmək mümkündür. Şuubiyyənin uyduruq ideyasına yazıb-oxuması olmayan, sosial varlığı köçəriliyə dayanan və lidermərkəzli davranan qızılbaş kütləsi inanmışdı. Bu inanışın cəzasını sadəcə özləri çəkmədi. Bizlər də çəkməkdəyik. Şuubiyyə oyuncağı olan qızılbaş kütlənin qalxınması gələcək soyların da yazqısını çıxılmaz quyuya soxdu. Qızılbaşların Şah İsmayıla qarşı çıxıb onun təyin etdiyi fars valiləri terror etmələri göstərdi ki, onlar xəta etdiklərini anlamışlar. Ancaq artıq iş-işdən keçmiş və qızılbaşlar şuubiyyə ideyasının əsiri olmuş, tələyə düşmüşdülər. Qızılbaşların duyğuları, arzuları şuubiyyə məmuru olan Şah İsmayıl tərəfindən əsir alınmışdı. Fars-şuubiyə məmuru Şah İsmayıl qızılbaşlar vasitəsi ilə farslar üçün bir ölkə təsis etməli idi və əsas plan da bu idi. Türk tarixində bütün dövlətlər bir boyun əsasında qurulmuşdur. Səlcuqlar Qınıq boyu, Osmanlılar Qayı boyu, Ağqoyunlular Bayındırlı boyu və... əsasında qurulmuşdur. Səfəvilər bu arada istisna təşkil etməkdədir. Yalnız Səfəvi dövlətinin qurucuları soylarını türklərə bağlamamış, ərəbə-farsa bağlamış və özlərini 7-ci imam Musa Kazım soyundan bilmişlər. Bu, əslində özünü Sasani soyuna bağlamaqdan başqa bir şey deyildi. Çünkü şüubiyə inancında Əlioğlu Hüseynin güya Sasani padşahının qızı olan Şəhrbanu adında qadını olmuş və imamət də bu qadından olan soydan törəmişdir! Şiə-şüubiyə məzhəbində sasani və peyqəmbər soyu “mehdi” varlığında davam edər.

Kitabda olay fenomenoloji bir yöntəmlə incələnmişdir. Şüura görünən şeyi incələməyə çalışan fenomenoloji metodun üç prinsipi vardır: 1- Olayı bilgilərinə görə incələr. 2- Olayı davranışlarına görə incələr. 3- Olayı ülküsünə (ideyasına, amacına) görə incələr. Səfəvilər kitabında səfəviliyin bilgiləri tarixi ayrıntıları ilə incələnmişdir. Bu istiqamətdə nə qədər başarılı olunmuşdur məsələsi başqa mövzudur. Şah İsmayılın din üzərinə bilgiləri sapıq bilgilərdi. Nifrət və kin çağrışdırırdı. Bu bilgiləri 900 il zaman ərzində şuubiyyə uydurmuşdu. “Səfəvilər” kitabında şuubiyyənin ideyası incələnir. Nədir bu ideya? Gerçəkləşən bu ideyanın “təbərra” (əhli-beyti sevməyənləri sevməmək və fürst olduğunda öldürüb Hz. Hüseynin intiqamını almaq. Sanki sünnilər əhli-beyti sevməmişlər) və “təvəlla” (Əhli-beyti sevənləri sevmək) anlayışları nələr olmuş? Şah İsmayıl Lahicanda yetişmişdi. Özünü Sasani kimliyinə mənsub bilən kiçik bir dövlətin kontrolunda olan mühitdə yetişmişdi. Yəni şüubi mühitdə. Bu inanc və ideyalarla yetişdirilir. Onun üçün tək düşmən sünnilər idi və qətl edilmələri vacib idi. Bu nifrət duyğuları ilə yetişdirilər. Müsəlman türkləri qətl edərək türksüz bir Sasani İranı oluşdumağı bir inanc kimi Şah İsmayıla aşılamışdılar. Şah İsmayılın əzbər bildiyi Şahnamə misraları da bu görüşü ona təlqin etmişdi. Şahnamə tam olaraq bir şüubi kitabıdır. Çünkü türksüz bir İran təşkil etmək şuubiyyənin əsas hədəfi olmuşdu. Türksüz İranı təşkil etmək üçün Anadoluda Osmanlı ilə sorunlu olaraq yaşayan və şüubi Şeyx Heydərin təşəbbüsü ilə özünü qızılbaş olaraq tanımlayan türkləri də istifadə etmək olardı və belə də oldu. Fars tarixçiləri Şah İsmayılı möhtəşəm Sasani dövlətini yenidən quran dövlət adamı kimi görürlər və haqlıdırlar. Hətta İslam da Sasaniləşdirildi. Davranış, bilginin və ideyanın ortasında yer alar. Şah İsmayıl bu bilgilərə və onun ruhuna doldurulmuş ideyaya görə davranmışdı. Onun Təbrizdə, Şirvanda və digər türk yurdlarında törətdiyi soyqırımlar sırf bu üzdən olmuşdur.

İstər Azərbaycanda olsun, istərsə Türkiyədə olsun bəzi araşdırmaçılar İslam öncəsi türk gələnəyinin daha çox qızılbaş hərəkətində etkili olduğunu yazarlar və milli duyğulardan yola çıxaraq şuubiyyə-fars amilini görməyərək qızlbaşlığı möhtəşəm türk tarixi kimi təqdim edərlər. İslam öncəsi türk tarixini araşdırmanın metodu ilə İslam sonrası tarixi araşdırmanın metodu kökündən fərqli olmalıdır. Bu insanlar öncə İslam öncəsi türk gələnəyini ideallaşdırırlar. Yəni öz xəyallarındakıları tarixdə varmış kimi göstərərirlər. Əslində isə, belə deyildir. Türk milləti Ziya Göyalpın da təsbitinə görə İslamın qəbulu ilə Şərq mədəniyyətinin bir parçası olmuşdu. Ayrıca, Ələvilik və qızılbaşlıq eyni olay deyildir. Qızılbaşlıq siyasiləşmiş və içi boşaldılmış ələvilikdir. Zatən ələvilərin hamısı da qızılbaşlaşmadılar. Bu gün də Anadoluda qızılbaşlıq yox dərəcəsindədir, ancaq ələvilik yayqın bir həyat şəklidir. Türk dilində mövcud olan dərin ədəbiyatın oluşmasında qızılbaşlığın heç bir təsiri olmamışdır. Heç bir ədəbi ürün ortaya qoymamış. Kaşqarlı Mahmud, Kitabi-Dədə Qorqud, Füzuli, Nəvai, Yunis Emrə və digərlərinin qızılbaşlıqla heç bir əlaqəsi olmamışdı. Qızlıbaşlıqdan bir ovuç şüarlardan başqa heç bir estetik dərinliyi olan ədəbiyyat miras qalmamışdı. Qızılbaş ədəbi mirasında bir tür aşırı dərəcədə irqçilikdə var. Bənihaşim soyu (imamların) dərindən dərinə övülər. Bir soy lənətlənər (Bəniüməyyə), digər soy alqışlanar. Bu baxımdan bu ədəbi mirasın hümanizmlə uzaqdan-yaxından əlaqəsi yoxdur. Islamiyətlə də əlaqəsi yoxdur. Çünkü İslamda irqçilik yoxdur.

Bir acı gerçəklə qarşı-qarşıyayıq. İranda türklüyün onurqasının qırılması və farsa təslim olması Səfəvilərlə başlamışdı. Bu sürəc davam edərsə İranda türk deyə bir varlıq qalmayacaq. Səfəvilərdən sonra bir tək ədəbi örnək ortaya çıxmamışdır. Bir Dədə Qorqud səviyəsində ədəbi və milli örnək, ya da Bayındırlı zamanında türkçəmizə tərcümə edilmiş Quran kimi bir örnək olmamışdır. Bayındırlı dövləti tərəfindən Quran türk dilinə tərcümə edilir, Kitabi-Dədə Qorqud kimi əsərlər Bayındılrı mədəniyyətinin məhsuludur. Şah İsmayılın sünni ədəbiyatı yandırdığı sıralarda bunların çoxu yox olmuş.

“Səfəvilər” kitabında tarixi sənədlər eynidir. Tarixi bəlgələri başqa kitablarda da görə bilərik. Ancaq bu bəlgələrdən yola çıxaraq ortaya qoyulan açıqlamalar modern yöntəmlə edilməyə çalışılmışdır. Bizim tarixçiliyimiz üçün də önəmli olan budur. Tarixin hermenevtiyi necə edilməlidir? Bu, çox önəmli bir sualdır və bu haqda bizim tarix bilgilərimiz modernliyə dayanmalıdır. Nədən yalnız səfəvizədə türklər milli kimlik və milli dövlətdən məhrum durumdalar? Bugünkü Azərbaycan Respublikasının milli dövlət olması da bir təsadüfün nəticəsi. Səfəvi mühitində qalsaydı bu da olmayacaqdı. Bunu Rəsulzadə açıqca etiraf edər. Ancaq tarix və zamanların axışı doğruları ortaya çıxaracaq. Kitabda bu acı gerçəyi isbat etməyə çalışmışam: Səfəvilərdən sonrakı dönəmdə ayağımızı basdığımız mənəvi məkan möhkəm olmamış, bu məkan fars duyğu və düşüncələri ilə eləsinə doldurulmuş ki, Səttar Xanlar, Xiyabanilər və digər Azərbaycan türkünün tanınmış adamları fars milliyətçliyinin yolunda canfəşanlıq etmişlər. Ancaq bu gün sadəcə İran-səfəvi mühitində Azərbaycan türkləri fars milliyyətçiliyinə yem edilmirlər. Azərbaycan Respublikasında da səfəviyət dövlətçiliyimiz üçün bir təhdid oluşdurmaqdadır. İran, Azərbaycan Respublikasında təhlükə törədə bilməsi üçün şiə-şuubi-səfəvi geopolitikasını qullanmaqdadır. Bu, yalnızca indiki durum deyil. 1918-ci ildə Azərbaycan adında dövlət qurulduğunda Səfəvi varisi İran dövləti və hətta Səfəvi mollası Şeyx Məhəmməd Xiyabani də buna qarşı çıxdı. Bu mövzular üzərinə düşünmək “uzman” tarixçilərin işi deyildir. Bu, milli bir savaşın intellektual oluşumudur. Tarixin modern düşüncə süzgəcindən keçərək dəyərləndirilməsi modern millətləşmənin zərurətlərindən biridir. Iranda türklük şüurunun doğması və Türk Dünyası ilə inteqrasiyaya girə bilməsi üçün Səfəvi problemi çözülməlidir. Önəmli olan düşüncəmizi öz əsarətində saxlayan tabuları qırmaqdır və bu kitab sırf bu amacla yazılmışdır.

07.06.2012



Səfəvilər” kitabı üzərinə söyləşi

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə