Güntay Gəncalp Yağız qarışqalar



Yüklə 0,53 Mb.
səhifə3/5
tarix14.01.2018
ölçüsü0,53 Mb.
#20522
1   2   3   4   5

Son sözlərini deyərkən, gözlərinin yaşını tuta bilmədi. Bilay dədə oğlunu böyük diqqətlə dinləyirdi. Sevinclə kədər Bilay dədənin içini sarmışdı. Sevinclə kədər və dadlı bir kədər. Oğluna nə deyəcəyini bilmirdi. Oğlunun danışmasını, içini boşaltmasını istəyirdi. Yaşlanmış alpərən, gənc oğlunun içini sarmış olan sevgi atəşinin savrulmalarını duymaq istəyirdi. Bilirdi ki, sevgi sözlərlə anlatılamaz, ancaq yenə də duymaq istəyirdi. Bu duyğular onun üçün çox tanış idi. Yaşlı alpərən bu an boyuzların əsarətində olan Ülgənin anasını böyləsinə sevmişdi. Əski anılarını anımsayırdı. Oğlunun içindəki yanqın dilimləri, sanki onun da içində baş qaldırırdı. Gəncliyini anımsayırdı. Uzaqlarda, çox uzaqlarda qalmış gəncliyini. Köləliyi qəbul etmədiyi üçün öz sevgisindən ayrılmaq və illər boyu yalnızca yaşamaq zorunda qalmışdı. Yaşlı alpərən yalnızlıq illərində öz sevgisindən bir an da ayrılmamışdı. Yuxularında da öz sevgisi ilə bir yerdə olurdu. Yuxularında bə´zən gənclik anılarını görüb diksinərək, oyandığı qaranlıq gecələri anımsayırdı. Bütün bu ağrılı-acılı günlərdə sevgisinin onu güclü tutduğunu, yenilməz etdiyini anımsayırdı. Yaşlı alpərən oğlunun danışmasını istəyirdi. Çünkü oğlu danışdıqca, öz gənclik günlərinin sevgi coşquları onun içində oyanırdı. Gözlərinin önündə Ülgənin anasının gənclik gözəlliyi dururdu. Yaşlı alpərən oğlunun danışmasını istəyirdi. Evlad sevgisi ilə başqa sevgiləri də bir-birinə qarışmışdı. Yaşlı alpərən oğlunun danışmasını istəyirdi. Ancaq Ülgən susmuşdu. Ülgən səssizcə, dərin yuxuya dalmışdı. Yaşlı alpərənin düşləri çox uzaqlarda dolaşırdı. Göz yaşlarını tuta bilmədi. Alpərənlər yalnız sevgi və gözəllik qarşısında ağlardılar. Alpərənlik törəsində ağlamaq da güclülükdən, sevginin doğurduğu gücdən qaynaqlanırdı. Bilay dədənin göz yaşları axıb gedirdi.


***
Qar hər tərəfi sarmışdı. Göz işlədikçə hər tərəf ağ-appaq görünürdü. Yağızlar yerin altına çəkilmiş birikdirdikləri taxıldan qıdalanaraq yaşayırdılar. Yuvanın ağzını örtmüş qarı nəfəsləri ilə əridib kiçicik dəlik açmışdılar. Ağ-appaq qarın üstündən yansıyan günəş ışınları dalğalanıb yuvanın içinə dolur, yuvada gizəmli bir aydınlıq oluşdururdu. Yağızlar taxıl dənələrinin qabığını çıxarıb, qabıqsız arpa-buğdanı yuvanın güvənilir bir yerində birikdirmişdilər. Şüvərən yarpaqlarından yumşacıq yataq yerləri düzəltmişdilər. Gənc yağızlar sabahdan gecənin gec vaxtlarına qədər yağız kimliyi, yağız tarixi, yağız uyqarlığı100 ilə ilgili Bilay alpərəndən dərs alırdılar. Həftələr, aylar, fəsillər keçdikçə, gənc yağızların bilincləri aydınlanmaqda, bilgiləri atrmaqda, gövdələri güclənməkdə idi. Bir neçə il arxada buraxmışdılar. Gənc yağızlar bədən görünümü olaraq da dəyişmiş, gəlişmiş, güclənmişdilər. İndi də bir uzun qış gecəsi idi. Çərənbil dağının doruğunda yerin altında gənc yağızlar Bilay alpərəni çevrələmiş onu dinləyirdilər. Bilay alpərən, yağızların uyqarlıq tarixi haqqında onlara çoxlu bilgi vermişdi. O gecə yağız musiqisi haqqında həm bilgi verir, həm də öyrətdiyi muqsiqi türlərini ifa edərək, onlara melodiləri anladırdı. Bilay alpərən çögürünü kökləyib “Mən indi bir “qatar” muğamı oxuyacağam. Siz musiqi bitdikdən sonra istədiyiniz qonu haqqında soru sora bilərsiniz. Çünkü qonular bir-birinə qarışdığında daha yaxşı anlaşılır. Bütün qonuların içdən-içə bir-bir ilə ilişik olduqlarını bilməliyik. Bilginin və uzutun101 qaynağı birdir. Bir olanın türlü biçimdə bilgi və sənət ürətdiyi söz qonusudur. Əvət, mən indi sizə bir “qatar” muğamı oxuyacağam” dedi. Bilay alpərən çögürünü alıb bir “qatar” muğamı oxumağa başladı:

“Könlümüz təklik əlindən sıxılar olsa da, bil!

Sevgi ummaq kötülərdən yenə də doğru deyil

Dünyanı sarsa qaranlıq biz əyilməz olalım

Doğruluq qarşısına sevgi ilə çıx da əyil!

Bu gözəlliklə dolu varlığı dərk eyləyəlim

Saxta istəklər ilə ömrü hədər eyləmə gil!

Bir uzun yoldu həyat, yolçusuz olmaz ki bu yol

Kəndi eşqinlə bu yollarda toxum ol da əkil!

Sevgidir varlığa vardırmış olan könlümüzü

Sevgisiz bir yaşayışdan çox uzaq dur da çəkil!

Güntayın düşləri səndən düşə bilməz ki, uzaq

Məni sarmış xəyalından ürəyim ayrı deyil.”

Bilay alpərən oxuduğu muğamı bitrimişdi. Gənc yağızlar dərin sevgi dünyasına dalmış kimi görünürdülər. Sanki hər kəsin xəyalında bir şeylər dolaşmaqda idi. Sevilay da bədəninin ağrısını unutmuşdu sanki. Çünkü Sevilay Ülgəni yaraladığından uzun zaman keçməsinə baxmayaraq, hələ də özünü cəzalandırmaq üçün gecələr gicitikanın üstündə yatırdı. Ülgən bir neçə kərə önləmək istəmiş, ancaq Bilay alpərən “Sevilaya mane olmayın istədiyi kimi etsin. Yalnız sevgili qızım, bilmiş ol ki, nəfsi cəzalandırmanın bir sınırı olmalıdır. Nəfsini çox zorlama, çünkü tərs təpki göstərə bilər. Yanılqıları törədən etkənlər içimizdən silinmişsə, cəzalandırmaya gərək yox. Amac, bizi yanılqılara sürükləyən dürtüləri gözətim altına ala bilməkdir” demişdi. Son kəz olaraq Sevilay gecəni sabaha qədər gicitikan yarpağının üstündə yatmışdı. Artıq ruhunun sərbəst və rahat olduğu sezilməkdə idi.

Özay dalqınlığından geri dönüb bir şey sormaq istədi. “Bilay dədə, bəlkə bir az fərqli qonu olacaq. Ancaq ağlımda bir soru dolaşmaqdadır. Alpərənlik törəsində inancın yeri və önəmi nədir?” deyə sordu.

Bilay dədə: Çox gözəl sorudur bu, Özay. İnanc, varlığın gizləri qarşısında heyrət anlamındadır. Varlığın içini görmə çabası və duyuların dar saptamalarından102 qurtulmaqdır. İçgözləm olaraq tanımlaya bilərik. Qəlbin gözü ilə baxış. Inanc denəyimində varlıq, bir giz103, ya da bir həqiqət denəyimciyə görünmüş ola bilər. Bütünün özünü göstərməsi, ya da parçanın bütünü görməsi olaraq anlamaq istədiyimiz budur. Gerçəkliyin ötəsinə yüksəliş. Ya da gerçəkliyin özünügörmə. Gördüklərimizin çoxu gerçəklər və gerçəklik deyildir. Gerçəkliyin sanki kölgəsidir. Gerçəyin və gerçəkçiliyin açımlamaları deyəlim.

Savunal: Çox ilginc və dərin qonudur. Bilay dədə çox gözəl anladırsınız. Bu bilgilərə bizim ehtiyacımız var. Davam edin lütfən!

Güvənal: Bilay dədə, bunun tarixiliklə nə ilişkisi var?

Bilay dədə: Tarix kəndi ötəsinə yüksəlmək istər. Tarix ötəsinin104 tarixin içinə girişi onun oluşumunu və anlaşımını sağlamış olur. Tarix ötəsinin tarixə girişi bəlli qoşullar ortamında gerçəkləşər. Bizim düşlərimiz, sonsuzluğa olan inancımızın da gerçək anlamı budur, yəni tarix ötəsinin tarixiləşməsi. Burada “varolan” və “varlıq” qavramlarını yaxşıca açıqlamamız, anlamamız gərəkəcəkdir. “Varolan” və “varlıq” bənzər eşanlamlı qavramlar deyillər. “Varolan” gördüklərimiz və dudyduqlarımızdır. Bir də gördüklərimiz və duyduqlarımızla ilgili ürətdiyimiz bilgilər bütünüdür. Əski çağlardan günümüzə qədər ürətilən bilgilər. Ancaq “varlıq” bir də görmədiklərimiz, duymadıqlarımız və bilmədiklərimizdir. Gələcəkdə onun haqqında bilgimiz arta bilər, yalnız onu tam olaraq biləməyəcəyik. Varolan tarixidir. Varolan tarixilik baxımından dünü və bu günü içərməkdə105. Varlıq isə, dünü, bu günü və gələcəyi özündə barındırdığından zamansızlıq içində. Varlığın öncəsiz və sonrasız oluşu da bu üzdəndir. Biz sonsuz olanı inanc denəyimləri ilə sezməyə çalışarıq. Çünkü sonsuz olanı sonlu us olanaqları ilə anlamaq mümkün deyildir. Sonsuz olanı sonsuz bir yöntəmlə alqılamağa çalışırıq. Bunun da adı inancdır. Yalnız şunu bilməliyik ki, inanc bireysəl qonudur. Tarixi ağılın onun oluşumunda etkisi azdır. Bireyin öz içindəki dəyişimlərin ürünüdür inanc denəyimləri. Varlığın özünü bireyə göstərməsi bənzərsizdir. Bir bireyə görünmüş olan varlıq başqa bireyə başqa tür görünmüş ola bilər. Bu nədənlə də inanc özgürlüyü və inanc çoğulculuğu inancın öz özəlliyidir. İnanc bireyin içindən varlığa uzanan özgün106 alqılaşım107 türüdür. Tarixin anlamı da budur. Yəni çoğulcu inancın bir tək çatı altında birləşməsi. Onu Tanrı adlandıra bilərsiniz. Ya da istədiyiniz kimi inana bilərsiniz. Önəmli olan bu inancı içimizdə daşıyıb onun ussal dərinliyini oluşduraraq içgüvəninizi sağlamanızdır. Bu inanc bireysəl, gizəmli və gizli olduğundan, iç sıçramalara dayandığından umut və əsin108 qaynağına dönüşər. İştə zamanla yavaş-yavaş bireysəl olanın toplumsal sahəyə yansımasına tanıq oluruq. Tarixi törələr də bu yansımaların ürünüdür. Toplumsal sahəyə yansıyan bu özəlliklər inancın özünə eşit deyildir, olamaz. Toplumsal dayanışma və yardımlaşmanı sağlayan etkənlər olaraq, inancların törələrə dönüşümünə tanıq olmaqdayıq. Tarixilik dediyimiz də budur. Toplumsal və tarixi törələrin özünəözgü quralları var. Buna uymaq zorunda qalarıq. Ancaq bunlar tarixi sürəc içində evrimə və bəzi dönəmlərdə də devrimə uğrar.

Ülgən: Bireysəl inancla törəsəl inanışın ayrıcalıqları nədir?

Bilay dədə: İnanc bireyə yeni bir kimlik bağışlar. Bu yeni kimliyi kimsə görməyə bilər, ancaq birey öz içində bunu görər. Törələr isə, yeni kimlik bağışlamaz tam tərsinə bə´zən də bu yeni kimliyə qarşı çıxar. Törələrin hazır quralları var. Bireyi bu qurallara uymağa zorlar. İnanc və törələr arasında qarşılıqlı bir ilətişim söz qonusu olur. Bu ilətişim uzun tarixi sürəc içində evirilişə nədən olar. Gələcəkdə diləklərimizin gerçəkləşməsində və işlərimizin uğurlu yazqısı açısından heç bir biçimdə inancsız olmarıq. Baxın gənc yağızlar, bizim gələcəkdə qurtuluşumuzla ilgili düşlərimiz və istəklərimiz qəlbimizin dərinliyindən qaynaqlanan inanc verilərinə dayanmaqdadır. Bu inanc olmazsa, istəncimiz və istəklərimiz sönər. İnancında yenilməz olan yağızlar tarixdə tək başlarına böyük devinimlərə, devrimlərə yol açmışlar.

Sevilay: Bizim qurtuluş savaşımızın bir inanc qonusu olduğunumu söyləmək istəyirsiniz?

Bilay dədə: İnanclar tarixi genişlətmişlər. Bizim qurtuluş savaşımızda bilginin və ussallığın çox önəmi var. Ancaq yağız kütləsini hərəkətə keçirmək üçün güclü bir inanc lazım. Çünkü kütlələri qəhrəmana çevirən onların ortaq inancları olmuşdur. Bilgi uzmanlara, seçkinlərə özgüdür. Bizim qurtuluş savaşımıza, yalnız seçkinlər qatılmayacaq. Yağız kütləsi bütünüylə bu savaşa qatılmazsa, biz qurtula bilmərik. Bu nədənlə bütün yağızların ruhuna söylənə biləcək bir inanc yöntəmi oluşdurmalıyıq. Əsarətə alışmış, qurtuluşa olan düşlərini itirmiş yağızları bir inanc çevrəsində yenidən canlandırmaq lazım. Sizin yağızların tarixində edəcəyiniz böyük görəviniz də budur. Köləliyə alışmış yağızların vicdanında qurtuluş inancını oyatmalısınız. Böylə olursa, qurtuluş qaçınılmaz olacaqdır. Bundan sonrakı savaş yağız kütləsinin bütünüylə qatılması gərəkən qurtuluş savaşı olacaqdır.

Gənc yağızlar Bilay alpərəni dinlədikçə, ruhlarında devrim olmaqda idi. Yağızların qurtuluş savaşına qatılmaq eşqi gün keçdikçə, içlərini yandırıb yaxmaqda idi. Ancaq o böyük savaşa qatılmaq üçün uyğun zamanın gəlməsi gərəkirdi. Bilay alpərəndən öz kimlikləri ilə ilgili bütün bilgiləri, savaş yöntəmlərini öyrənməli idilər. Bilay dədə içlərində sevgi dalğalanan gənclərin üzünə baxdı. Gecənin gec vaxtı idi. “Dinlənməliyik. Qarşımızda öyrənəcəyimiz, edəcəyimiz çox işlər var. İndi yatmaq zamandır. Erkəndən yeni işlərimiz olacaq” dedi və “gecəniz xeyirə qalsın!” deyib öz yatağına çəkildi. Gənc yağızlar da “Gecəniz xeyirə qalsın!” Bilay dədə deyib öz yataqlarına çəkildilər.


***

Beş il idi gənc yağızlar son alpərən Bilay bügüdən kimlik dərsi almaqdaydılar. Beş il zaman içində onlar birər alpərənə dönüşmüşdürlər. Cömərdlik, özverilik kimi anlayışlar davranışlarında açıqca sezilməkdə idi. Özlərinə dərin bir güvən oluşmuşdu. Yaşlanmış Bilay dədə gənc yağızlarda alpərənlik davranışlarını gördükçə, içi özgüvənlə dolub-daşırdı. Artıq ölsə də, alpərənlik kimliyini gənc yağızlar yaşadacaqdılar. Gənc yağızların qonuşma biçimləri, düşünüb danışmaları, olqunca davranışları Bilay dədənin diqqətindən yayınmırdı. Gənc alpərən yağızlarda ölüm qorxusu kökündən yox olmuşdu. Bilay dədə ara-sıra öz-özünə “Yağızların qurtuluşu kəsinləşmişdir” deyə pıçıldayırdı. Gənc beş yağız düşüncədə, davranışda və ülküdə109 birər olqun110 alpərən olmuşdular. Özəlliklə onların qılıc savaşının ustası olmaları Bilay dədəni dərindən sevindirirdi. Yağızlar birər qurtarıcı öndərlərə dönüşmüşdürlər. Onların düşüncəsi, duyqları və nəfsləri bu beş il zaman sürəcində alpərənliyə doğru olqunlaşma evrələri yaşamışdı. Bilay dədə ilə içdən-içə sonsuz dostluq bağları qurulmuşdu gənc yağızlar arasında. Güclənmişdilər gənc yağızlar. Böyümüşdülər. Həm ruh, həm də gövdə olaraq böyüyüb güclənmişdilər. Güclülükləri doğruluğa xidmət edər yöndə gəlişmişdi. Qılıclarını hər zaman doğruluq yolunda qullanacaqlarını öyrənmişdilər. Alpərənlik eyitimində qural böylə idi. Heç bir alpərən doğru olana qarşı qılıc çəkəməzdi. Yanlışın yanında olub doğruya qarşı savaşacaq olsalar, alpərənlik ruhu onları tərk edərdi.

Bir sürə idi Bilay dədə xəstəliklərdən canı sıxlmaqda idi. Ancaq bunu dilə gətirmir, xəstəliyinin gənclər tərəfindən görülməsini istəmirdi. Bilay dədə həyatının son anlarını yaşadığının bilincində idi. Bir sabah hər kəs yuxudan oyandı. Hər kəsdən daha erkən yuxudan oyanan Bilay dədə hələ yerində idi. Oyanmamışdı. Gənc yağızlar bu beş il zaman dilimində ilk dəfə Bilay dədənin erkəndən oyanmadığını görürdülər. Yatağına qoşdular. Bilay dədə ağır durumda idi. Nəfəsi zorla gedib gəlirdi. Yağızlar bilay dədəyə durumunu həyəcanla sordular. Bilay dədə “Yardım edin dışarıya çıxalım” dedi. Bilay dədəni çiyinlərinə alıb Çərənbil dağının zirvəsinə çıxardılar. May ayının ilk günləri idi. Hər tərəfdə yaşıllıqlar, rəngli güllər yavaşça əsən küləyin etkisi ilə dalğalanırdı. Bilay dədəni istəyi üzərinə dağın zirvəsində bir daşın üzərinə qoydular. Bilay dədə uzaqlara baxdı. İllər boyu bu yerlərdə təkbaşına, yapa-yalnız yaşadığı çətin günlər gəldi keçdi gözlərinin önündən. Tövşümələri artmışdı “Mənim yaşamımın sonu gəlmişdir gənc alpərənlər. Sizlər artıq birər alpərənsiniz. Soyumuzun özgürlük düşüncəsini daşıyan alpərənlik, artıq ölməyəcəkdir” dedi. Gənc yağızlar susqunca dinləyirdilər. Ülgən diqqətlə atasını izləyirdi. Bilay dədə yenidən uzaqlara-yaxınlara göz gəzdirdi. “Həyat çox gözəldir. Yaşamaq, şərəflə yaşamaq çox gözəldir. Yalnız şərəflə yaşayanlar ölümdən qorxmurlar. Qorxacaq bir şey yox. Şərəfli həyat qorxunu ortadan qaldırar. Qorxaqlıq sağlıqlı olmayan həyat biçiminin ürünüdür111. Gənc alpərənlər, inanın ki, çox içgüvənlə ölümə doğru qoşmaqdayam. Saqın mənim ölümüm sizləri sarsıtmasın. Mən sizləri eyitmədən ölsəydim, o zaman ölüm mənim üçün qorxunc olardı. İndi isə, mənim dəyərsiz vücudum torpağa dönüşəcək. Torpaqdan gəlmişik. Torpağa dönüşücəyik gec-tez. Ancaq mənim ruhum sizlərdə və yağız tarixində yaşayacaq. Sizlər qurtuluş savaşına qatılacaqsınız. O savaşda mənim duyğularım, diləklərim yanınızda olacaq. Sizlərə nə yapmanız gərəkir qonusunda heç bir söz söyləmək istəmirəm. Öz ağlınız var. Nə yapacağınızı özünüzü bəlli edəcəksiniz, qarşılaşdığınız qoşullar bəlli edəcək” dedi.

Bu zaman göylərin dərinliyində qanad çalmadan süzən bir qartala sataşdı arxası üstündə uzanmış olan Bilay dədənin gözləri. Üzünə bir gülücük qondu. Burada yalnız yaşadığı zamanlarda neçə kərə bu qartalı süzərkən görmüşdü. İndi son görəcəyi olacaqdı. Köksünü ötürüb və “Yaşamaq hər qoşulda gözəldir. Son nəfəsə qədər cəsurca və güclücə yaşamaq gərəkir” dedi. Nəfəsi kəsilmək üzrə idi. Yağızlar son kəz olaraq Bilay dədənin əlini öpüb vidalaşmaq istədilər. Öncə Sevilay, Bilay dədənin əlindən öpdü. Bir-bir öpüb yan tərəfə keçirdilər. Ən son Ülgən atasının əlindən öpmək istərkən, Bilay dədə oğlunun əlini əli ilə sıxıb qulağını ağzına tərəf çəkib Ülgənin qulağına “anana söylə ki, heç bir zaman onu unutmadım. Bütün yalnızlıq həyatımda onu ruhumda daşıdım, onunla qonuşub, ona şeirlər oxudum” dedi. Ülgən özünü tuta bilməyib hönkür-hönkür ağlamağa başladı. “Ata, anam da səni sevdi hər zaman. Sürəkli səni anlatdığında sevgi ilə anlatdı...” dedi, ancaq hökürtüləri davam etməsini önlədi. Bilay dədə son nəfəslərini verməkdə idi. Sözlər ağzından çıxmaqda zorlanırdı. Çox çətinliklə son olaraq “Alpərənlər, öldükdən sonra məni atəşdə yaxarsınız. Külümün Limliyə ulaşmasını istəyirəm. Limli, mənim yurdum, sevimli yurdum” dedi. Susmuşdu. Qonuşa bilmirdi. Bilay alpərən ölmüşdü. Ülgən hönkür-hönkür ağlayırdı. Başqa alpərənlərin də göz yaşları axıb gedirdi. Bir sürə böyləcə zaman keçdi. Bilay alpərənin cənazəsi daşın üstündə ortada idi. Sonunda Özay “İçimiz yanmaqdadır, ancaq böylə ağlayıb durmaqla bir şey olmayacaq” dedi.

Güvənal: Əvət, Bilay alpərəni yaxmalıyıq.

Savunal: Odun gətirəlim Bilay alpərəni yaxmaq üçün.

Sevilay: Ülgən, arxadaşım, sən istərsən ağlayıb içini boşalt. Biz odun toplamalıyıq. Ağlaya-ağlaya öndərimizi yaxmalıyıq. Bilay dədənin tutsuğu112 kimi davranmalyıq.

Güvənal: Əvət, gerçəkdən də Bilay dədə cism olaraq aramızdan ayrılmışdır. Onun dəyərlər tutruğu113 bizim yol göstəricimiz olacaqdır.

Gənc alpərənlər odun toplayıb gətirdilər. Bilay dədəni odunun üstünə qoyub yaxdılar. Odun qısa sürədə yanıb kül oldu. Bilay dədənin cismi küllərə qarışdı. Bu sırada Doğudan Batıya doğru külək əsməyə başladı. Külləri alıb savurdu. Limlidə yük daşıyan yağızların üzərinə gizəmli tozlar tökülürdü. Bu günə qədər görmədikləri bir şeylər Limlinin üstündə dolaşırdı.
***
Bilay alpərənin ölümündən sonra artıq gənc alpərənlərin Çərənbil dağında qalmalarının bir anlamı qalmamışdı. Onlar geri dönməli idilər. Geri dönmək üçün gəlmişdilər. Burda olqunlaşıb, yetişib geri dönərək, qurtuluş savaşına girmək üçün bu dağa gəlmişdilər. Bilay dədə yağızların əski anılarını, boyuzlar tərəfindən unutdurulmaqda olan özgün əski anılarını və dəyərlərini onlara öyrətmişdi. Onlar birər alpərən olmuşdular. Gənc alpərənlər. Bu dağda onlar nəfslərini, bədən istəklərini necə sınırlamağı, ən zor qoşullarda dözüm olanaqlarını özümsəmişdilər. Dostluq, vəfa, sevgi, ülkü, yağızcılıq, kimlik qavramları çox dərin və ayrıntılı biçimdə onlara anladılmışdı. Dərin mənəvi dəyərlərlə bir yerdə tikanlardan qılıc düzəltmə sənətini də öyrənmişdilər. Savaşlarının tək amacı eşitlik və dostluq olacaqdı. Qılıcları doğruluq yolunda qınlarından çıxacaqdı. İçləri sevgi, bilgi və inanc dolu alpərənlər geri dönmək istəyirdilər. Beş il boyunca yaşadqıları Çərənbil dağı onlar üçün ikinci yurd olmuşduu sanki. Bu dağda onlar dirənişin sirlərini və yöntəmlərini öyrənmişdilər. Bu dağda onlar sevginin, cömərdliyin, varlığın sirlərinə ərmişdilər. Sərt qayaların arasında bərkimişdi inancları və gövdələri. Çərənbil dağından ayrılmanın kədərini içlərində daşıyırdılar. Ancaq keçici kədərlərə görə başladıqları yolçuluqdan və dirəniş savaşından vaz keçəməzdilər. Onlar Çərənbil dağından ayrılmaq zorundaydılar. Gənc alpərənlər səssizcə, çevrəni süzürdülər. Kədərli baxışları ilə çevrəni seyr edirdilər. Əski günlər, olqunlaşdıqları günlərin anıları gəlib keçirdi gözlərinin önündən. Sevimli dağın zirvəsindən ayrılmaq zamanı gəlmişdi. Qılıcını qoltuqlarının altına taxan Özay çox kədərli səs tonu ilə “Arxadaşlar, getmək zorundayıq” dedi.

Savunal: Getmədən öncə bir dostluq və arxadaşlıq andı içməliyik.

Güvənal: Məncə də. İçimizdə dalğalanan dostluq və güvənin sözlü tanımını yapmalıyıq.

Sevilay: Çox haqlısınız. Böyük bir savaşa girmədən öncə bir-birimizə olan güvənin sözlü anlatımı olmalı. Çünkü bunlar şanlı yağız tarixinin qurtluş ilkələri olacaqdır.

Dalğın və səssizcə görünən Ülgən bir qayanın altına yürüyüb kiçik bir söyüd yarpağı gətirdi. Yarpağın üstündə qum zərrələri ilə kiçik bir hörüt114 yazılmışdı. “Bir dəfə atamla qonuşurkən, onun danışıqlarından alıntılar alıb bu yarpağın üzərinə yazmışdım. Alpərənlərin arxadaşlıq andıdır” dedi və əklədi: İçimizdə tək xanım Sevilaydır. İstərsiniz Sevilay bu kiçik hörütü oxusun bir yerdə təkrarlayalım.

Gənc yağızlar qəbul etdilər. Ülgən söyüd yarpağı üzərində yazılmış hörütü Sevilaya verdi. Sevilay bir kərə hörütü başdan sona qədər oxudu. İndi Sevilayın yüksək səslə söyləyəcəyini gənc alpərənlər təkrarlamalıydılar. Sevilay hörütü oxumadan öncə Savunal “Arxadaşlar, mənim bir önərim var” dedi.

Güvənal: Buyur söylə, Savunal.

Savunal: Qılıclarımızı çıxaralım. Bilay dədəni yaxdığımız qayanın üstündə qılıclarımızın uclarını birləşdirib and içəlim.

Özay: Çox doğru önəridir. Öylə edəlim.

Ülgən: Əvət, öylə edəlim.

Alpərən yağızlar Bilay dədənin yaxıldığı qayanın üstünə çıxdılar. Qılıclarını çıxarıb ucunu qayanın üstündə bir nöqtəyə dayadılar. Beş qılıcın ucları qayanın üstündə bir nöqtədə burun-buruna gəlib bir-birinə toxunmuşdu. Beş qılıc. Beş parlaq qılıc. Sağ əli ilə qılıcını arxadaşlarının qılıcı ilə bir nöqtəyə dayamış olan Sevilay alpərənlərin andını oxumağa başladı. Sevilay söz-söz yüksək səslə oxuyur və dörd gənc alpərən onun söylədiklərini yüksək səslə təkrar edirdilər:

“Biz gənc alpərənlər

Qılıcımıza,

Özgürlüyümüzə

İnancımıza

Şərəfimizə

Alpərənliyimizə

And içirik:

Yağızların

Qurtuluş savaşından

Vaz keçməyəcəyik.

Qılıcımız,

haqsız qan tökməyəcək.

Qılıcımız,

doğruluq yolunda savaşacaq.”

Alpərənlərin andiçmə hayqırışları Çərənbil dağında yanqı bulub geri dönürdü. Mavi göyün dərinliyində qanad çalmadan süzən qartal, yağızların andiçmə hayqırışlarını eşidib bir az duruxsayıb onlara baxdı. Çevrədə uçan böcəklər yağızların bu davranışına şaşırmışdılar. Artıq geri dönmə zamanı gəlmişdi. Geri dönmək çətin deyildi, qolay idi. Yolları əzbər bilirdilər. Yağız alpərənlər qılıclarını qınlarına qoyub Limliyə doğru yola düşdülər.


***
Yazın orta ayının orta günü idi. Günorta çağı yağızlar boyuzların gözətimi altında taxıl daşıyırdılar. Limlidə pıçıltılı dolaşırdı. Söyüd yarpaqlarının üstündə yazılmış qısa sözlər ortalıqda dolaşmaqda idi. Yavaşça əsən küləklər yarpaqları Limlidə dolaşdırırdı. Söyüd yarpaqlarının üstünə yazılmışdı: “Yağızlar, alpərənlər geri dönmüşlər.”, “Yaşasın yağızların qurtuluş savaşı.”, “Yağızlar, alpərənlərin qurtuluş savaşına qatılın!”, “Yağız alpərənlər eşitlik yolunda savaşırlar.”, “Boyuzların basqısına son!”, “Yağız qurtuluş hərəkəti sizi barışçıl başqaldırıya çağırır.”, “Özgülük savaşçılarına qatılın!”, “Yağızlar öz yazqılarını özləri bəlli etməlidir.”, “Yağızçılıq yağızları yüksəltməkdir.”

Yağızlar bir-birlərinə baxıb bu alpərənlərin kimlər olduqlarını baxışları ilə sormaqdaydılar. Boyuzların üst düzeyi yetkililəri tələm-tələsik toplantı keçirmişdilər. Alpərənlərin Limlidə gizlincə, yaşayıb yağızlarla ilişkiyə girdiklərini saptamışdılar. Onların bulunması və onlarla ilişkiyə girən yağızların tutuqlanması qərarlaşdırılmışdı. Ancaq boyuzların “Yağızları Gözətim Qurulu” alpərənlərin gizləndikləri yeri tapa bilmirdilər. Gün keçdikçə də alpərənlərin göndəriləri115 artaraq davam etməkdə idi. Son olaraq həftə başında alpərənlər həftənin duzgünü116 və təkgünlərində günorta çağı Limlinin ortasındakı suquyusunun çevrəsində barışçıl böyük göstəri düzənləyəcəklərini yaymışdılar. Bütün yağızlar bu göstəriyə çağrılmışdı. Yağızlarda böyük qorxu var idi. Boyuzlar qılıcanın117 qılcıqlarından düzəldilmiş süngülərlə donatılmışdılar. Yağızlar boyuzların bu qorxunc silahından çəkinirdilər. Ancaq boyuzların basqısından bezmiş olan yağızlar da az deyildi. Onlar bu göstəriyə getməyə qərar vermişdilər. Duzgünü idi. Taxıl daşıyan bir sürü yağız günorta çağını bəkləməkdəydilər. Günəş Limlinin güneyinin tam ortasında idi. Bu sırada bir yağız qızının səsi yüksəldi: “Yaşasın yağızların özgürlük savaşı!” Bu səsi dinləyən yağızların ruhunda bir titrətmə başladı sanki. Sevilay idi. Sevilay Quyunun çevrəsində bir daşın üstünə çıxmış bir neçə yağıza yüksək səslə söyləv118 söyləyirdi. Bu səsi duyan yağızlar sel kimi quyuya doğru axındılar. Silahlarla donatılmış boyuzlar çalışsalar da, yağız axınının önünü kəsə bilmədilər. Minlərcə yağız qısa bir zamanda quyunun çevrəsində toplaşdı. Durumu bu biçimdə görən Sevilay ruhlanmışdı. Yağızlar çiyinlərindən daşıdıqları taxıl yükünü buraxıb Sevilayın özgürlükçü hayqırtısına doğru yürümüşdülər. Yorğun yağızlar, içlərindən biri olan bu qızın nələr söyləyəcəyini bilmək istəyirdilər. İşçi yağızları görən Sevilay daha da özgüvənlə danışmağa başlamışdı. Onları boyuzların köləliyindən qurtarma duyğusu içində öyləsinə dalğalanırdı ki, bu işçi yağızların hər tək-təkini nə qədər sevdiyini o an anlayırdı. Bu sevgi alovlu söyləv biçimində içindən dışarıya fışqırırdı. Sevilayın çevrəsində başqa dörd silahlı alpərən görünürdü. Sevilay ona zillənmiş yağızların, işçi yağızların yazıqca baxışlarını görürdü. Qurtuluş istəyən baxışlar. Baxışlar sanki səssizcə “Danış alpərən qız, danış! Danış görək nə söyləyəcəksən,? Söylə nə zaman bu əsarətdən qurtulacağıq?” deyə hayqırırdı. Boyuz özəl savaşçıları böyük toplantını quşatmışdılar. Göstərinin necə irəliləyəcəyini gözləyirdilər.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə