QARA TELLƏRİNİ TÖKÜB ÇİYNİNƏ
Qara tellərini töküb çiyninə,
Alıbdı dünyanı əlinə gecə.
Geyinib qara bir atlas əyninə,
Ayı kəmər edib belinə gecə.
Parlaq ulduzları boyunbağıdır,
Qara buludları, sanki dağıdır,
Yellərin sinəmdən qəmi dağıdır,
Bir sərinlik axır elinə, gecə.
Odlu vüsallarla bağrın alışır,
Həsrətlə, hicranla könlün barışır,
Toran mehlərinə sevgi qarışır…
Bir yaraşıq verir telinə, gecə.
Çaylar həzin-həzin laylanı çalır,
Qaranlıq boynuna qolunu salır,
Şadiman bu axşam qadanı alır.
Qat tuti dilimi dilinə, gecə.
25.05.1987
NAZLI GƏLİŞİNƏ MƏN OLUM HEYRAN
Nazlı gəlişinə mən olum heyran,
Dərdini, bəlanı alımmı, bahar?
Bu dağlar gülüstan, bu düzlər seyran,
Qoynunda xəyala dalımmı, bahar?
İzin ver dolanım, çölü-çəməni,
Gah lalə qoxlayım, gah yasəməni,
Yenə təlatümə gətirdin məni,
Ud olum bir «Cəngi» çalımmı, bahar?
Dəli leysanlarla yu üz-gözümü,
Yenidən axtarım tapım özümü,
Təkcə cəmalıma heyran sözümü,
Boynuna çələng tək salımmı, bahar?
Eşqi, səadəti əlində gətir,
İtir bu dünyadan bədxahı, itir,
İnsan ağlında təmizlik bitir…
Bu dəli istəklə dolummu, bahar?
22.03.1987
MƏNƏ PAYIZLARI GƏTİRMƏ, ZAMAN
Saralıb tökülən yarpaqlar kədər,
Hər can qarşısında son qoyub Qədər,
Xəzanlı bağ-bağça bağrımı didər,
Alar könlüm evin yenə sis, duman,
Mənə payızları gətirmə, zaman.
Laləli çəmənlər düzlər solanda,
Yamyaşıl ağaclar donsuz qalanda,
Fələk qara geyib yer-göy dolanda,
Doğar ürəyimdə kədər, ah, aman,
Mənə payızları gətirmə, zaman.
Göyün sinəsində qopanda nalə,
Ölür boynubükük bənövşə, lalə,
O sərxoş buludlar dolu piyalə,
Üzər yarpaqları budaqdan yaman,
Mənə payızları gətirmə, zaman.
Şimşəklər atlı tək çapıb keçəndə,
Xəzan bağça-bağın bağrın biçəndə,
Buludlar səmanın qanın içəndə,
Bənzər bir savaşa əldə ox-kaman,
Mənə payızları gətirmə zaman.
Xəzri zilə qalxar ağlar havalar,
gömgöy Xəzərin burnun ovalar,
Torpağın bağrından qopar dualar,
Göylərə əl açar, diləyər, aman,
Mənə payızları gətirmə, zaman.
Xəzəli yetişib Şadimanın da,
Qışın sazağı var donan qanında,
Dünyanın duyulur xəzan canında…
Udur yalquzaq tək yaxşını yaman,
Mənə payızları gətirmə, zaman.
Mənə payızları gətirmə, zaman.
17-18.09.1998
KİM DEYƏR HANSI YAXŞI?
Göyün min bir ulduzu,
Yerin öz dadı, duzu,
Ayın nuru, sal buzu,
Bu İlahi baxışı,
Kim deyər hansı yaxşı?
Adəmin öz nəsili,
Hər nəsilin əsili,
Ömrə düşən fəsili,
Yaz-yayı, payız-qışı,
Kim deyər hansı yaxşı?
Səmanın neçə rəngi,
Şimşəklərin ahəngi,
Dolanda çalar «Cəngi»,
Buludunun yağışı,
Kim deyər hansı yaxşı?
Torpağa nemət bəşər,
İçində xeyr, ya şər,
Yer altında yerləşər…
Canına bəla başı,
Kim deyər hansı yaxşı?
Göy yeri tarazlayar,
Can cismdə nazlayar,
Əzrayıl da yazlayar,
Gələn-gedən də naşı,
Kim deyər hansı yaxşı?
İblis bəşər içində,
Gecə-gündüz biçində,
Ey Şadiman, hər dində-
Tanrının haqq baxıışı,
Kim deyər hansı yaxşı?
24.03.1998
BİR PARÇA DAM, SƏMA,
HEYVA AĞACI
Könülümü titrədən ilhamım qasid,
Dilsiz şərqiləri ruhumun tacı.
Boylanır pəncərəm önündə məsud,
Bir parça dam, səma, heyva ağacı.
Atılır otağa günün işığı,
Titrəyən yarpaqlar yellər aşığı,
Dənizin içində qəlb yaraşığı,
Bir parça dam, səma, heyva ağacı.
Tufanlar əsdirər taxta evciyi
Qərib sular üstə qərib inciyi,
Saxlayar bəlkə də qorxmaz divciyi
Bir parça dam, səma, heyva ağacı.
Soyuq ürəyimə bir ilham verər,
Danışan yarpaqlar ruha kam verər,
Duyğulu könlümə dadı tam verər,
Bir parça dam, səma, heyva ağacı.
O ağ qağayılar hey dövrə vurar,
Dirəklər üstündə, fəqət toy qurar,
Tanrı ətəyindən yapışar durar
Bir parça dam, səma, heyva ağacı.
Hardansa sərçələr çaşıb gələrlər,
Titrək yarpaqları eşqə bələrlər,
Torpaq ağrısıyla, sanki ölərlər...
Bir parça dam, səma, heyva ağacı.
Xəzərim sevgili dənizdir mənə,
Ürkək mələklər tək təmizdir mənə,
Uca saraylardan əzizdir mənə,
Bir parça dam, səma, heyva ağacı.
Burda uzaqdayam mən qayğılardan,
Yalançı, minüzlü o sayğılardan,
Yaranıb sevgili pak duyğulardan-
Bir parça dam, səma, heyva ağacı.
Pəncərəm önündə hər yarpaq şanə,
Verər diləkləri necə nişanə,
Allah, bənzəməsin heç pərişanə,
Bir parça dam, səma, heyva ağacı.
Ürək sükunətin eşqinə uyar,
O gen asimandan gözümmü doyar?
Dalğalar üstündə bu könlümə yar-
Bir parça dam, səma, heyva ağacı.
Sıxma gözlərini, Şadiman, şeh tək,
Oxşayar telini bu dəniz meh tək,
Fəth edib qəlbimi elə fateh tək-
Bir parça dam, səma, heyva ağacı.
30.07.2001.
NEYLƏSİN?
Dağların başını xəzan alanda
Çiçəyi, çəməni, gülü neyləsin?
Duman zirvələrdə yalqız qalanda
Rüzgar ağ qırçınlı tülü neyləsin?
Səf-səf qoşununu düzəndə bulud,
Harayı, həniri bir yanıqlı ud,
Hönkürtü çökəndə hər qovaq, palıd
Ormanın füsnükar yeli neyləsin?
Çiskin bürüyəndə qaya qaşını,
Buludlar tökəndə o göz yaşını,
Salanda kol-kosa ovçu başını,
Kəkliyin, turacın dili neyləsin?
Torpaqda salanda xəzəl naxışlar,
Üzülər niskildən, qəmdən baxışlar,
Yağanda aramsız gurşad yağışlar
Dağların kükrəyən seli neyləsin?
Sapsarı göy, yerdən xəzan da razı,
Soyudar qanını payızın nazı,
Alanda çəməni, düzü ayazı
Üşüyən çiçəyin teli neyləsin?
Qaralar hikkədən, dolar fələklər,
Yalmana, yamaca sazaq ələklər,
Hədəylə əsəndə soyuq küləklər
Dağların üşüyən beli neyləsin?
Yerlərin bağrından açılmaz buzu,
Düzdə anasına sığınar quzu,
Gecələr udanda bulud ulduzu...
Torpaq tir-tir əsən çölü neyləsin?
Yağanda fələyin ağappaq qarı,
Rüzgar inləyəndə hey zarı-zarı,
Donanda dəryanın suları, barı,
Ördəklər, sonalar gölü neyləsin?
Şadiman, payızın, qışın zəhmi var,
Vallah hər fəslin yaxşı fəhmi var,
Allahın bəndəyə, cana rəhmi var,
Bəs məzar içində ölü neyləsin?!...
10.Xll.1999
PAYIZDA GÖYƏRƏN
OTLAR NƏ QƏMLİ?
Payızda göyərən otlar nə qəmli?
Üşüyər çəmənlər, çöllər içində.
Titrək baxışları, gözləri nəmli,
Dumana bürünər yellər içində.
Payızda göyərən otların halı,
Niskilli qəlbimə tökər məlalı,
Fələyin davakar bu qeylü-qalı
Gurşada çevrilər sellər içində.
Yamyaşıl otların hüsnü pərişan,
Alar könlüm evin kədəri nişan,
O gözəl bahardan heç verməz nişan
Sızıltı duyular tellər içində.
Qışı haylayanda qasırğa, Xəzri,
Hər otun şəninə verər yer nəzri,
Sanki göy torpaqdan diləyər üzrü
Payızı danlayar illər içində.
Titrəyər səmanın köksündə şimşək,
Qışın gəlişinə etməz şübhə-şəkk,
Otlar boz düzlərdə üşüyəndə tək,
Ağlayar sonalar göllər içində.
Payızda göyərən hər ot dad edər,
Soyuğun əlindən hey fəryad edər,
Üzün göyə tutar Rəbbi yad edər
Dili haray çəkər dillər içində.
Payızda göyərən otlar ağlayar,
Ümidin Allaha, haqqa bağlayar,
Tikanın, kolun da köksün dağlayar,
Bir həmdəm arayar güllər içində.
Şadiman, zamanın gedişi belə,
Verər hər canlının ömrünü yelə,
Qapını döyəndə əzrayıl hələ
Bir pənah tapmazsan ellər içində.
23.Xl.1999.
PAYIZ ÇİÇƏYİ
Əsdirir başında fələk yelləri,
Ələyir üstünə gurşad selləri,
Solur vücudunun yaşıl telləri,
Saraldır donunu, payız çiçəyi.
Gətirir sonunu, payız çiçəyi.
Sən ki, ormanların bir yaraşığı,
Sarı ot-əncərin oldun aşığı,
Ey bomboz çöllərin həyat işığı,
Nə incə mələksən, payız çiçəyi.
Torpağa ürəksən, payız çiçəyi.
Boylanıb baxırsan çəməndən, çöldən,
Sonalar seyrinə gəlibdi göldən,
De, mən necə doyum yamyaşıl teldən?
Duyğumu coşdurdun, payız çiçəyi.
Sellər tək daşdırdın, payız çiçəyi.
Baxıram göylərə qapqara bulud,
Hətta, xəzan çağı saralır palıd,
Titrək yarpaqların bir yanıqlı ud,
Nə şərqi oxuyur, payız çiçəyi.
Ətrin qəm qoxuyur, payız çiçəyi.
Bağ-bağça ömrünü vurubdu başa,
Fəqət bənzəri var bir cansız daşa,
Şehin ləçəklərdə bənzər göz yaşa!
Qəlbi dağlayırsan, payız çiçəyi.
Yoxsa ağlayırsan, payız çiçəyi?
Kökündən qoparmaq səni çox ağır,
Üstünə fələyin leysanı yağır,
Tufanlara düşsən sən məni çağır -
Bir az sevgi istə, payız çiçəyi.
Alım könlüm üstə, payız çiçəyi.
Sən məndən canımı, ruhumu aldın,
Tənha səma altda kəməndə saldın,
Ovcumun içində ətrinlə qaldın,
Bu da bir eşqimi, payız çiçəyi?
Könülümlə məşqmi, payız çiçəyi?
Xəzanda göyərən otlar mükəddər,
Sənin də üstünü alıbdı kədər,
Sabah qarlı qışı gətirsə qədər...
Heç edər pöhrəni, payız çiçəyi.
Dondurar çöhrəni payız çiçəyi.
Niskilli çöllərin həyat sevinci,
Otlar arasında parlayan inci,
Ağrıyan könlümün qoy çıxsın dinci,
Gəl Şadimana yet, payız çiçəyi.
Könlünü yuva et, payız çiçəyi.
23.Xll.1999
Dostları ilə paylaş: |