Гуранда шаирляр щаггында айя



Yüklə 3,16 Mb.
səhifə7/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   19

BAYRAĞIM

Həsrət ilə xəyallarda alışdığım, yandığım,

Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım,

Vüsalını uyğularda cəfalarla sandığım,

Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım,

O əzablı tale ilə qardaşlaşan bayrağım.


Başın üstən fəlakətlər əsib keçdi yel kimi,

Qabarman da, çəkilmən də dağdan aşan sel kimi,

Taleyin də dərdli imiş bu bəlalı el kimi,

İldırımlar başın üstən çaxıb keçdi, bayrağım,

Bəxt ulduzu göylərindən axıb keçdi, bayrağım.
Yetmiş ildə yağıların əyib bükdü belini,

O əzablı hekayətin yandırdıqca elini,

Bağladılar min bir yerdən qıfıl ilə dilini…

Haqq, ədalət döyülsə də bükülmədi, bayrağım,

Millət qanı nahaq yerə tökülmədi, bayrağım.
Ey üç rəngli ay-ulduzum, məhbus eldə doğuldun,

Fitnələrlə, fitvalarla qara əldə boğuldun,

Fəzilətdən, həqiqətdən, istiqlaldan yoğruldun,

Parla şərəf dünyasında al günəş tək, bayrağım,

Dol bu təşnə ürəklərə bir atəş tək, bayrağım.
Haqsızlığı dolu təki döydün qəfil gəlişlə,

Lənətlədin məhbusluğu üsyankar yüksəlişlə,

Yıxıb-sökdün əsarəti sən mərdanə gəlişlə,

Od yurduna Tanrı oldun şövqün ilə, bayrağım,

Ən şiş zirvə yuvan olsun fövqün ilə, bayrağım!
Məmməd Əmin səmasında doğan parlaq planet,

Sən dalğalan nəhr kimi yetmiş illik kama yet,

Aç azadlıq qapısıını elləri bəxtəvər et,

Gəl, bu dərdli yurdumuzda yıx qəfəsi, bayrağım,

Qoy hayqırsın şimşək təki haqqın səsi, bayrağım.
Yasaq oldun yağı əllə doğulandan dünyada,

Başın üstə kölgələndi haqdan xəbərsiz qada,

Tanrıdamı gücsüz oldu yetişmədi fəryada.

Sən idrakıın bəxş etdiyi mükafatsan, bayrağım,

Sinələrdə üsyan edən hekayətsən, bayrağım.
Tapdalandı yurdun haqqı, millət qalxdı savaşa,

Xəyanətkar əllər ilə oxun dəysə də daşa,

Gec də olsa gəl qovuşdur sən qardaşı qardaşa,

Şəhidlər ruhu eşqinə yıx sədləri, bayrağım,

Torpağımı parçalayan sərhədləri, bayrağım.
Aç qapısın istiqlalın alsın nəhri əlinə,

Bir səadət bəxş eləsin Şadimanın elinə,

Yetsin tamarzı əllərim həmişəlik əlinə,

Məğrur çıx bu savaşlardan pələng təki bayrağım,

Boynumuza həmayil ol çələng təki, bayrağım.
30.10-1.11.1990
ƏSKİ AZƏRBAYCANIN

İYİRMİ SƏKKİZ MAYISAN


Ürəyində dərdləri qubarlanan, bayramım,

Şanlı istiqlal eşqi qamarlanan, bayramım,

İzi-tozu silinib hamarlanan, bayramım,

Bir millətin Tanrıya ucalan ah-vayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
O böyük məmləkətin qazanılan yoluydun,

Əsir, kölə millətin açılmış əl-qoluydun,

Sildilər yaddaşlardan… tarixəsə uluydun,

Dədəm Oğuz bəyinin, sən bozqurd harayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
Yetmiş il dilimizdən aldılar bu kəlməni,

Vətən bayram eylədi yağı eldən gəlməni,

Şeir nədir, xalça da işlədi bu ilməni,

Parçalanmış ölkənin qanlı Araz çayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
Sən ey Məmməd Əminin ən qeyrətli balası,

Azəri türklərinin Dədə Qorqud qalası,

İstiqlal savaşında Vətən haqqı alası,

Aylara rövnəq verən əsrmizin ayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
Doğuldun onsəkkizin o daşnak davasında,

Boğuldun imperyanın əjdaha yuvasında,

İyirmi səkkiz aprelin qırmızı havasında,

Topxanası dağılmış, zəncir qırmış ayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
O iyirmi üç fevral xalqa kölə dügünü,

Bizə bayram dedilər, ərlərə bəxşiş günü,

Düşünən beyinlərə yeritdilər süngünü…

Bəxtiqara Cavidin, Müşfiqin haqq payısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
Gəl, şəhid olmuşların qanını hifz eylə,

Fəda olanlarının canını hifz eylə,

Əsir Qarabağının anını hifz eylə,

Üçrəngli kəhkəşanın ayparası, ayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
Əldən getmiş Kəlbəcər, Laçın əsir yağıda,

Qız-gəlin nalələri parçalayır dağı da,

Bu savaş meydanını dəli nərən dağıda!

Sən əzilən millətin ikiyüzillik hayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
Yenə də qalxıb daşnak istiqlalı boğmağa,

İmperya hamilədir köləliyi doğmağa,

Yuxulu məmləkəti inək təki sağmağa,

Çox millətli bir yurdun oxdan çıxan yayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
Qolu dibdən vurulmuş Babəkini yad eylə,

Qətrə-qətrə soyulmuş Nəsimini ad eylə,

Dünyaya lərzə salan bir dəli fəryad eylə,

Məzarı bəy otağı şəhidlərin sayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
Təbrizimin gözləri qoy yollardan çəkilsin,

Sərhəd deyilən yerə gül-çiçəklər əkilsin,

Çılğın sevinc yaşları xan Araza tökülsün…

Sən böyük bir millətin o tayı, bu tayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
Bu Şadiman ağlının külünü köz eyləyir,

Könlünün qubarını vərəqlərə söyləyir,

İstiqlalsız bu kölə məmləkəti neyləyir?

Azəri xalqlarının azadlıq sarayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.
23.05.1993

BAŞBİLƏNLƏRİMİZƏ

Kürsüsünə sığınıb pulun, malın öyənlər,

Millətin daş-qaşıyla üst-başın bürüyənlər,

Günahsız bəndələri savaşa sürüyənlər,

Cocuqların ürəyi yağı cibində dollar,

Əsirlikdə qız-gəlin bağlı qalıbdı yollar.


Erməni cəlladının dilinə aldanmayın,

Namus ayaqlar altda kişilikdən sanmayın,

Ac-yalavac kütləni bir belə də danmayın,

Körpələrin fəqanı ərşin bağrına bıçaq,

Bəsdir qara camaat əlinizdə oyuncaq!
Əcaba, kürsü-kürsü yabançı çəkişmələr,

Dildə xalqı aldadıb ürəkdə dəyişmələr,

Yağıya əl uzadıb bu üzdə döyüşmələr,

Töküldü millət qanı axdı oldu min dəniz,

Bu şərəfsiz həyatdan böylə utanmazmı üz?
Nədir belə didişmə, ölkədə hal qoymadız?

Bu tökülənlər yetər, tökdükcə qan doymadız,

«Xalq» dedikcə ucaldız, xalqı bir yol duymadız,

Dəbdəbəli imarət, daş-qaş, bol-bol pul-para,

Millətin boynu bükük, millətin köksü yara.
Hanı oğullarınız, gizlənib dər-deşikdə?

Yaşları çox uşaqlar uyuyurlar beşikdə,

El-oba qan içində girlənirlər eşikdə,

Xalqın qoç igidləri şəhid olur torpağa,

Bəzəkli maşınlarda çapırsınız sol-sağa.
«Xalqım, elim» deyənlər isti yataqda yatır,

Erməni körpəmizin ciyərin pula satır,

İlahidən törəməz, artmaz dünyada qatır!

Ey «Vətənim» deyənlər, əlacsız müşkülümüz,

Artdı, çoxaldı, ya Rəb, gündən-günə ölümüz.
İşğalda eli olan bu havanı qoxlamaz,

Qan içində məmləkət xoş günə can saxlamaz,

Güllələr tuş sinəyə, cənablar, göz yuxlamaz,

Yorulduq bu dərdlərin əlacın gözləməkdən,

Boğazlara güc verib hələ hey sözləməkdən.
Şah Xətayi savaşda qılınc çaldı bir zaman,

Bizim Milli Məclis də dilə güc verir yaman,

Ərşə dikəlib, fəqət, bu səfalət ah, aman,

Yumşaq kürsüdən qalxın, kişilər, qeyrət dəmi,

Qurtuluşun yolunda yalnız çalın qələmi!
Bunu sizə yaralı hər ana ahı deyir,

Əsirlikdə çürüyən xalqın günahı deyir,

Azərbaycanın ölüm-qalım sabahı deyir,

Atın umu-küsünü, birləşin bir sırada,

Qırılır xalq kütləsi milçək təki arada.
Torpaq gedəndən sonra sizə kürsü nə lazım?!

Sönüb elin günəşi, qışa dönübdü yazım,

Bu amansız qırğını kağıza necə yazım?!

Əldən getdi məmləkət, sarılın silahlara,

Qayıdın meyxanadan, dönün qibləgahlara.
Ağlayan gözlərindən yaş tökülür Vətənin,

Öz əliylə başına daş tökülür Vətənin,

Ayıl, kişi, yuxudan, bax sökülür Vətənin,

Dağılın kürsülərdən, səngərdə məclis qurun,

Birləşən əlinizlə düşmənin başın vurun.
Bacı, ana namusu erməni yatağında,

Gəlinlər qara geyib gəlinlik otağında,

Məşvərət kimə lazım ölkənin bu çağında?

Güc görməsə yağılar, aldığından dönərmi?

Kişi ölər, öldürər ayaqlara enərmi?
Düz ikiyüz il öncə el o tay, bu tay oldu,

Şuşa, laçın, Kəlbəcər Zəngəzura tay oldu,

Yurdun başbilənləri niyə belə zay oldu?

Dilindən Şadimanı çəkin bugündən dara,

Öldüm, Allahım, yetər, bu yol gedir de hara?…

5-6. 06. 1994




Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə