Gurultulu məHƏBBƏT



Yüklə 354,7 Kb.
səhifə1/3
tarix21.10.2017
ölçüsü354,7 Kb.
#6294
  1   2   3

GURULTULU MƏHƏBBƏT

Iki hissəli komediya

İştirak edirlər:

Mərdan –Kommunal təsərrüfat idarəsinin müdiri

Bəsirə - onun arvadı, müəllimə

Şəlalə - Bəsirənin qızı, bağça müdirəsi

İsrafil – gənc jurnalist

Kamal – İsrafilin dayısı, həvəskar aktyor

Nemət – İsrafilin əmisi, neftçi

Mürsəl – İsrafilin qohumu, inşaat ustası

Dadaş – Kamalın dostu, fotoqraf

Cahan – Dadaşın bibisi

Laləzar – şəhərli qız

Həsən – Mərdanın qardaşı oğlu, klub müdiri.


BİRİNCİ HİSSƏ

Birinci şəkil
Mərdanın evi. Ortada stol, ətrafında kreslolar düzülmüşdür.
M ə r d a n (gəlir. O, yuxudan təzə durmuşdur). Sənin kimi mərdüməzarın evi dağılaydı, ay jurnalist Kələntərzadə! Məni görən yerdə gözlərin kor olaydı! Ax!.. Ax!.. Ax!.. De görüm, o felyetonu yazıb məni abırdan salmaqda cibinə nə girdi, hə? Ax!.. Hər şey əlimdən çıxacaq! Keçəydin girimə, yıxardım səni altıma, o ki, var əzişdirərdim.
B ə s i r ə gəlir.
B ə s i r ə. Öz-özünə niyə danışırsan, ay kişi?

M ə r d a n. İndicə yenə o jurnalist şeytan timsalında yuxuma girmişdi. Elə şirin yatmışdım ki... Eh!.. Bütün təqsirlər o jurnalistdə oldu!

B ə s i r ə Jurnalistin nə günahı? İspalkomla əlbir olub dövlətin uşaq bağçası tikdirməyə buraxdığı pulları yemisiz...

M ə r d a n Bəsdir! Sus!

B ə s i r ə Tifillər yenə köhnə, uçuq binada qalacaqlar. Sabah qışda soyuqdan tir-tir əsəcəklər. Onu bil ki, səni də gec-tez o ispalkom kimi işdən qovacaqlar.......

M ə r d a n. Bəsirə, mənim işlərimə qarışma! Müəlliməsən, get colma-cocuqlara dərsini de! Onların tərbiyəsilə məşğul ol. Mənim başıma ağıl qoyma! (Çıxmaq istəyir.)

B ə s i rə. Yaxşı. Məşədi İbad kimi özündən çıxma, hirslənməyin elə bu günə qalmışdı? Keç paltarını dəyiş. Adam göndərmişəm Həsəni də çağırsınlar... Bir azdan qıza elçilər gələcək.

M ə r d a n.Elçilər?

B ə s i r ə. Bakıdan bir dəstə adam gəlib, mehmanxanaya düşüb. Ertədən zəng çalmışdılar.

M ə r d a n. Kimdir qızı istəyən?

B ə s i r ə. Bir tələbədir. Eşitmişəm çox tərbiyəli oğlandır.

M ə r d a n. Şəlaləni hardan tanıyır?

B ə s i r ə. Qız Bakıda oxuyanda tanış olublar.

M ə r d a n. Tələbə... Heç onu fikirləşirsənmi tələbənin ağız-burnunu düzəldib adam arasına çıxmasına neçə il vaxt lazımdır? Onun tərbiyəsi mənim nəyimə gərəkdir! Qızı öz xoşuna buraxarsan, ya halvaçıya gedər, ya da zurnaçıya. (Yan otağa keçir.)

B ə s i r ə. Eh!.. Mərdan! Mərdan! Əməllərinə görə xəcalətdən adam arasına çıxa bilmirəm.
Ş ə l a l ə gəlir.
Ş ə l a l ə. Anacan gözümə bikef görünürsən?

B ə s i r ə. Yox, qızım... Mənə sözün vardımı?

Ş ə l a l ə. Bəli, sənə onu demək istəyirəm ki...

Mənə elçi göndərən

Sədaqətli oğlandır.

Sözündə mərd –mərdanə,

Cəsarətli oğlandır.

İnan mənə, anacan,

Ləyaqətli oğlandır.

Ürəyi tər-təmizdir,

Sevgisi bir dənizdir.

Canım qədər əzizdir,

Dəyanətli oğlandır.

İnan mənə, anacan,

Ləyaqətli oğlandır.

Bu gün gəlir elçilər,

Razı olsan sən əgər,

Görərsən ki, nə qədər

Nəzakətli oğlandır.

İnan mənə, anacan,

Ləyaqətli oğlandır.

Yalvarıram, ana, çalış atam da razılıq versin

B ə s i r ə. (fikirli). Axır vaxtlar Mərdanın xasiyyəti tamam dəyişib. Söz demək olmur... Ancaq... bu məsələyə bəd vurmaz, qızım.

Ş ə l a l ə. Mən də elə bilirəm, ana. Hansı ata öz qızının xoşbəxliyini istəməz?! Siz hələ o İsini tanımırsız. O.. o bütün oğlanlardan yaxşıdır. Hamısından qoçaqdır, hamısından ağıllıdır! Ana, Bakıda mənə elə söhbətlər edirdi ki, sonra gecələr də yuxum ərşə çəkilirdi. Eh!.. Hansını danışım... Heç özüm də bilmirəm nə üçün həyəcan keçirirəm.

B ə s i r ə. Ürəyini qısma, Şəlalə. Sənin xoşbəxt günlərin hələ qabaqdadır.

Ş ə l a l ə. Ana, bilirsən, İsi də elçilərlə gəlib. Istəyir onu siz də görüb tanıyasız.

B ə s i r ə. Yox, qızım. Elçi adəti var. Hələ o bu tərəflərdə dolanmasın. Özün də get samovara od sal.

Ş ə l a l ə. Samovar bayaqdan üç dəfə qaynayıb, ana.


Şəlalə anasını öpüb qaçır. Paltarını dəyişmiş Mərdan içəri girir.
M ə r d a n. Yaxşi, bir de görüm, bunlar yəni əməlli başlı bir-birini sevirlər? Oğlan necə yerdəndir?

B ə s i r ə. Hamını öz arşınınla ölçmə, Mərdan. Ona qalsa, mən çox arzu edərdim Şəlaləni istəyən oğlan kasıb yerdən olaydı..

M ə r d a n. Niyə? Firavən yaşamaq pisdir? Soğan –çörək yeməyə gedir?

B ə s i r ə. Halal zəhmətlə qazanılan soğan – çörək də bal dadar.

M ə r d a n. Nə dediyini yaxşı anlayıram. Sabah işdən çıxarsalar, ciblərimə müryana düşər!

B ə s i r ə. Axı tamahını cilovlasan, heç işsiz də qalmazsan. Misal var: Əyri hələlik yaxşıdır, düz həmişəlik.


Küçə qapısı döyülür. Bəsirə çıxır. Bayırdan onun səsi eşidilir. “Buyurun, buyurun içəri” Bəsirə, ardınca Kamil, Mürsəl və Nemət içəri girirlər. Şəlalə qapı arasından onlara baxır.
K a m a l. Əssalamun və əleyküm, Bakıdan elçilərik. Biri Nemət, biri Mürsəl, biri mən – üç nəfərik.

M ə r d a n. Gördüm sizi, şad oldum ürəkdən.

Ev sahibi Mərdan kişiyəm mən.

M ü r s ə l. Axşamın xeyir ola, Mərdan kişi, keyfin necədir? De görüm bir bizə əhvalı – şərifin necədir?

M ə r d a n. Lap yaxşıyam, hörmətli qonaqlar.

Hər vaxt gözüm üstə yeriniz var.


Yaxınlaşıb onunla əl tuturlar.
N e m ə t. Hər vaxtınız xeyir, Mərdan kişi.

M ü r s ə l. Mən axırıncı dəfə on iki il qabaq bu rayonda olmuşam. Pah atonnan! İllərə bax ey... Elə bil lap srağa gün idi.

M ə r d a n. Keçin əyləşin.

B ə s i r ə. Hamınız xoş gəlibsiz.


Elçilər yerbəyer olurlar. Kamal ayağa qalxır.
K a m a l. Mərdan kişi müsaidənizlə qonaqları sizə təqdim edim.

M ə r d a n. Elə görək.

K a m a l. Özümdən başlayıram. Bəndəniz Yusif Kamal. Sizin gələcək kürəkənin dayısı. Xalq teatrında istedadlı aktyor. “Pəri cadu” da İblis. (Rola girir. Bu vaxt Həsən gəlir. Kamal onun çiyinlərindən yapışıb qəhqəhə çəkir.)” Ha... ha... ha... ha... ha... Yenə qulağıma qisas sədası gəlir, razıyam cəmi qoşunumla, cəmi kainatı təzəlzülə gətirən bir nifrətdən əmələ gəlmiş bəni insanı neçə yüz firqəyə bölüb və onların arasına ila- inqirazi – aləm cəngü-cidan salam”

H ə s ə n. Əmi bu nə teatrdır?

K a m a l. “Xəyyam” da xərabəti! (Rola girir)

Dün kərə, ah dalmış idim uyquya.

Bir də nə gördüm ki, yanır kainat.

Hər yanım atəş, mənə yoxdur nicat...

M ə r d a n. Aydındır, Keç o birilərə.

K a m a l. Sağımda, bizim və eyni zamanda sizin bəydadaşın əmisi Nemət, abostrofian – Tağızadə, Əzizbəyovneft mədəni. Ad, san, şan, şöhrət, plan, filan- hamısı öz qaydasıynan.

M ə r d a n. Bu da məlum.

K a m a l. Solumda Mürsəl İsabəyli. Tikinti ustası. Taxta, şalban, daş, torpaq, palçıq, mikrorayonlar, uca binalar, plan, filan- hamısı öz qaydasıynan.

M ü r s ə l. Pah atonnan! Illər necə gəldi getdi a... Elə bil lap srağa gün idi. İllərə bax ey...

M ə r d a n. (Kamala) Qurtardın?

K a m a l. Bəli.

M ə r d a n. (Qalxır). Icazə verin indi bizim tərəfin camaatını sizə təqdim edim.

Q o n a q l a r. Buyuracaqsan, buyuracaqsan.

M ə r d a n. Məni tanıdınız. Sonrasına qalanda bu da bizim arvaddır. Bəsirə (Oturur.)

Q o n a q l a r. Çox gözəl... Hamımız tanış olduq...

K a m a l. (Qalxır.) Elə bilirəm indi əsl söhbətimizə başlamaq olar.

B ə s i r ə. Əlbəttə, buyurun.

H ə s ə n. Eyib şeydir ki, keçin mətləbə.

K a m a l. Bizim bu qastrol səfərində... Üzr istəyirəm... Qastrolsuz Bizim bu səfərdə, yəni sizə təşrif gətirməkdə məqsədimiz hamıya məlumdur.

M ü r s ə l. Demək belədir də...Sizin qız Bakıda bağça müəllimliyi texnikumunda oxuyanda bizim qardaşoğlu ilə tapışıblar. Məsələni bir yerə qoyublar ki, özləri üçün sevişsinlər. Uşaqciyəzlər necə deyiblər, elə də eləyiblər.

N e m ə t. Başına gələn başmaqçı olar. Bu məhəbbət şoqərib hörümçək toru kimi bir şeydir. Yaxan ki, ona ilişdi ha... Hərləşdirib, hərləşdirib axırı salır səni öz tilsiminə. Sonra ha çalış, ha dartın, çıx oradan görüm necə çıxırsan.

H ə s ə n. Əmi, məhəbbət barəsində elə danışırsan ki, adamın canına vahimə dolur.

M ə r d a n. Soruşmaq ayıb olmasın, oğlanın atası kimdir?

M ə r d a n. Oğlanın atası –Camal, belə canlara dəyən alicənab bir kişidir.

N e m ə t. O kənddə olur, bu saat işinin qızğın vaxtıdır. Kolxozda kombaynçı işləyir.

K a m a l. Pambıq, yığım, plan, filan- hamısı öz qaydasıynan

B ə s i r ə. Bəs anası?

K a m a l. Anası Göyçək xanım . Qanadsız bir məleykə. Rayonda gözəl toxucu, fabrik, dəzgah, sap, kətan, parça, şərəf lövhəsi plan, filan- hamısı öz qaydasıynan.

M ü r s ə l. Pah atonnan! İllər necə də gəldi keçdi...Elə bil lap srağa gün idi. Illərə bax ey!..

K a m a l. Bizim sözümüz çox, yolumuz uzaq, vaxtımız məhduddur.

N e m ə t. Uşaqciyəz də... Oğlanı deyirəm ey.. Şöferlə mehmanxanada oturub, intizardadır.

M ü r s ə l. Məsələ aydındır da... Söhbəti rezin kimi dartıb uzatmağın nə mənası.

K a m a l. Belə zənn edirəm ki, Bəsirə bacı razılıq əlaməti olaraq bizim hərəmizə bir rumka.. üzr istəyirəm...bir stəkan şirin şay verər, içərik...

M ü r s ə l. Ondan sonra biz mürəxxəs. bir də haçan məsləhət bilsöz dəm –dəsgahı ilə sizin qulluğunuzda hazır.

N e m ə t. Allah xeyir versin

H ə s ə n. Çox mübarəkdir, əmi, təbrik edirəm!

B ə s i r ə. Xoşbəxt olsunlar.

E l ç i l ə r. Toylarına gələk, inşallah.


Bəsirə qalxır.
M ə r d a n. Bəs heç demədinia oğlan özü nəçidir?

K a m a l. Oğlan bu il universiteti bitirir. Hələ çox gənc də olsa mahir qələm sahibidir.

M ə r d a n. Nə sahibidir?

K a m a l. Qələm sahibi. Yazmaq, pozmaq, qəzet, jurnal, felyeton, filan – hamısı öz qaydasıynan. Yəni jurnalistdir.

M ə r d a n. (ayağa qalxır). Nədir?! Jurnalist?!

Mən ölsəm də jurnalistə qız...

Yox! Yox! Yox! Vermərəm! Vermərəm! Vermərəm!

Evdə yüz il qalsa da yalqız...

Yox! Yox! Yox! Vermərəm! Vermərəm! Vermərəm!

E l ç i l ə r. Səbir elə bir, ay kişi,

Insafın olsun barı.

Korlama gəl haqq işi,

Ayrı salma onları.

M ə r d a n. Mən ölsəm də jurnalistə qız...

Yox! Yox! Yox! Vermərəm! Vermərəm! Vermərəm!

Tənqid rdiblər məni haqsız...

Yox! Yox! Yox! Vermərəm! Vermərəm! Vermərəm!

E l ç i l ə r. Elçiliyə gəlmişik,

Hörmətin olsun sənin.

Bizlərə qız verməyə

Minnətin olsun sənin.

M ə r d a n. Mən ölsəm də jurnalistə qız...

Yox! Yox! Yox! Vermərəm! Vermərəm! Vermərəm!

Bax, belə lap göyə də çıxsanız...

Yox! Yox! Yox! Vermərəm! Vermərəm! Vermərəm!

H ə s ə n. Əmim dedi, qurtardı!

B ə s i r ə. Mərdan, qonaqlara bu nə hörmətsizlikdir?

K a m a l. Sənin kimilərə bilirsən nə deyirlər? Əzazil? Sadist?

M ə r d a n. Oturmayacağam! Elə ayaq üstə danışacağam!

K a m a l. Eybi yoxdur, gedəyin. İndi ki, belə oldu, məsələni ayrı cür həll edərik!

M ə r d a n. Xox! Baxarıq! Xoş gəldiniz!

Ş ə l a l ə. (irəli atılir). Ata, sən neynədin!..


Elçilər çıxır.
M ə r d a n. Mən ölsəm də jurnalistə qız...

Yox! Yox! Yox! Vermərəm! Vermərəm! Vermərəm!



İKİNCİ ŞƏKİL
Mehmanxananın qarşısı. Dadaş maşının açarlarını oynadaraq oxuyur:
Saqi, məndən uzaq ol, vermə şərab, qoyma içim,

İçərəm, keflənərəm, əyri gedər ”Moskviç”im.

Əlində çamadan, qucağında it tutmuş Laləzar gəlir.
L a l ə z a r. Bağışlayın, o AZU 70-68 sizin maşındır?
Dadaş fitlə “ Bəli” deyir.
L a l ə z a r. Bekarsız?
Dadaş fitlə “ Yox” deyir.
L a l ə z a r. Bir xahiş etsəm, sözümü yerə salmazsız?
Dadaş fitlə “nə bilim” deyir.
L a l ə z a r. Adınız nədir? Ancaq xahiş edirəm onu fitlə deməyin.

D a d a ş. Adım Dadaşdır.

L a l ə z a r. Mənimki də Lalazardır.

D a d a ş. Çox şadam. Buyurun, xahişiniz nədir?

L a l ə z a r. De daş, bizi yaxın bir kəndə apararsız?

D a d a ş. Biz deyəndə siz neçə nəfərsiz?

L a l ə z a r. İki.

D a d a ş. O biri kimdir?

L a l ə z a r. Karapuzik.

D a d a ş. Həyat yoldaşınızdır?

L a l ə z a r. (Gülür). Yox. De daş, itimdir.
Dadaş fitlə “Yox” deyir.
D a d a ş. Siz kənddə yaşayırsınız?

L a l ə z a r. Allah eləməsin! Bu rayonda Həsən adlı bir klub müdiri işləyir Atası atamla müharibədə bir yerdə vuruşub. Onlarda qalacam.

D a d a ş. Başa düşdüm.

L a l ə z a r. De daş, mənim xətrim üçün... Bakıdan gəlincə avtobus bizi lap əldən salıb, yorulmuşuq...

D a d a ş. İkinizində xətri yanımda əzizdir. Ancaq üz vurmayın, aparan deyiləm.

L a l ə z a r. Fu!.. Sonra deyirlər işləməyə rayona niyə getmirsiz Buyur! Bu da bunların mədəniyyəti!

D a d a ş. Mən də o saat sizin şəhərli olduğunuzu bildim.

L a l ə z a r. Nədən bildiniz?

D a d a ş. Qucağınızda rayona gətirdiyiniz mədəniyyətdən.

L a l ə z a r. Fu!.. Gözüm atırdı sizin tozlu-torpaqlı rayonunuz üçün. Bir həftə burda işləyib, yenə şəhərə qayıdacağam. Mənə instituta girməyə staj lazımdır. Başa düşdün?

D a d a ş. Mən də şəhərdə yaşayıram. Onu bilirəm ki, Bakının küçələrində taxıl, pambıq əkib becərmirlər.

L a l ə z a r. Nə demək istəyirsiniz?

D a d a ş. Sizin kimilərə demək istəyirəm ki, bəyənmədiyiniz rayonlarımızın taxılı olmasa, ac qalarsınız.

L a l ə z a r. Sonra?

D a d a ş. Sizin kimilərin ağız büzdüyü rayonlarımızın pambığı olmasa, çılpaq gəzərsiz.

L a l ə z a r. Fu!.. Biz Karapuziklə birlikdə gündə üç yüz əlli qram çörək yeyirik.. Geyinməyə qalsa... mini yubka üçün mənə bir metr parça gen-bol bəsdir, anladın? (uzaqlaşır).


Dadaş getmək istəyəndə İsrafil gəlir.
İ s r a f i l. Dadaş, gərək bağışlayasan, sənə yaman əziyyət veririk

D a d a ş. Niyə ki?

İ s r a f i l. Dünəndən səni işindən, gücündən avara eləmişik. Bakıdan bura gəlməyi zarafat sayırsan? Axı sən şofer deyilsən, hörmətli bir qəzetin fotoqrafısan...

D a d a ş. İsi, hər şeydən əvvəl biz dostuq. Şələlani gəlin gətirib qapıdan ötürüncəyə qədər əziyyətinə dözməyə hazıram. (O, yan-bu yana baxır.) Bəs bu harda qaldı, gəlib çıxmadı?

İ s r a f i l. Kim?

D a d a ş. Mənim burda Cahan adlı qoca bibim yaşayır. Dalınca adam göndərmişəm... Eşitsə ki, şəhərdən gəlmişəm, mərəkə qoparar.

İ s r a f i l. Hə... İndiyə yəqin ki, Mərdan kişidən Şəlalənin razılığını alıblar. Oturub çay içirlər, mehriban-mehriban söhbətləşirlər. Qəribədir, özlüyümdə yüz faiz arxayınam ki, anası da, atası da bu məsələyə etiraz etməyəcək. Amma yenə ürəyim narahatlıqla döyünür. (Gülür.) Şəlalə mənə deyir, institutdan xahiş elə təyinatını bu tərəflərə versinlər. Gəlib rayon qəzetində işlərsən. Mən bağçamdakı uşaqlardan ayrılmaq istəmirəm. Biz evləndikdən sonra Bakıya köçsəm, onlarsız darıxacam.
Cahan gəlir.
D a d a ş. Bibi, səni xoş gördük! (Onu öpür.) Necəsən? Canın.. başın?

C a h a n. Sağ ol, ay bala, canım da, başım da hələlik öz yerindədir. Sizinkilər necədir?

D a d a ş. Hamısı əlini öpür. İsrafil, bibimlə tanış ol.
İsrafil Cahanla görüşür.
C a h a n. Xoş gəlmisən, ay bala. Barı xeyirdirmi?

İ s r a f i l. Xeyirdir, xala.

L a l ə z a r. Bibi, dostum İsrafil bu rayondan qəşəng bir qıza vurulub. Onunçün elçi düşmüşük.

C a h a n. Ay Allah mübarək eləsin.

D a d a ş. Özün necəsən ey, bibi?

C a h a n. Belə də.. Bir təhər.

D a d a ş. Daha adam iki təhər olmaz ki.

C a h a n. Deməyə də utanıram, ay bala...

İ s r a f i l. Məndən çəkinmə, xala...

C a h a n. Neçə ildi bu mehmanxanada təsərrüfatçı işləyirdim. Döşəkağıdır, balışüzüdür, otaqların xalça-palazıdır, canım sənə desin, qrafinkə, stəkan- bunlara mən baxırdım. Yazda kolxozumuzun sədri Mərdan...

İ s r a f i l. Mərdan?!

C a h a n. Bəli, tanımazsan. Çağırdı məni kabinetinə. Dedi: “Cahan arvad, səndən möhkəm şikayət var ha.. heç saqqala salam-zad vermirsən”. Nəfəsini çəkən kimi qarnının ağrısını bildim. Soruşdum: “Nə xəbərdir, başına dönüm?” ürəyimdə dedim: “Başın batsın!” Qımışdı: “İşini yoxlasaq, - dedi, - yəqin ki, əngəlin filanın çıxacaq. Gərək bir Mərdan qardaşının bığının altından keçəsən”,

D a d a ş. Nə qədər qopardı səndən?

C a h a n. Yüzcə manat! Özü də borc adıynan. Verdim, amma ürəyimdə dedim: “Heç sağ yeyib, salamat gəyirməyəsən”.

İ s r a f i l. Bəs sonra? Qaytarmadı?

C a h a n. Sonra yenə istədi, vermədim. Çıxartdı məni işdən, yerimə kababçı Xudayarın oğlunu qoydurdu.

İ s r a f i l. (Həyəcanlı). Cahan xala, bəlkə sən səhv edirsən?!

C a h a n. Oğlum, mən daha bu ağbirçək vaxtımda durub yalan danışmayacağam ki. Siz o Mərdanın işləklərindən xəbərdar deyilsiz. Indi durmasın, ispolkom da onun dalında durmuşdu. Yaxşı, bunlar bir yana, kimin qapısına elçi gəlmisiz?

D a d a ş. Tələsmə, sonra özün hər şeyi biləcəksən, bibi.

C a h a n. Yaxşı mən gedim, Həyət-bacanı tək qoymuşam. Axşam tərəfi yolunuzu gözləyəcəyəm. Ürəyiniz nə istəyir, deyin hazırlayım.

D a d a ş. Zəhmət çəkmə, bibi.

İ s r a f i l. Xala, heç bir şey lazım deyil. Bir azdan Bakıya getməliyik.

C a h a n. Bu yaxşı olmadı, neynək... Sağ olun. (Ayaq saxlayır). Dildə xudafizləşirəm, ancaq ürəyimdə deyirəm evə gəlsəydilər bir-iki çolpa kəsərdim, oturub yeyərdilər. (Gedir.)

İ s r a f i l. Demək Şəlalənin utana-utana atasından giley-güzar etməsi nahaqdan deyilmiş... Mərdan belə Mərdanmış!


Kamal, Nemət və Mürsəl gəlir.
K a m a l. Bacıoğlu, sənin bu qaynatan, üzdəniraq, nə qanmaz adammış! Xəbər alır, oğlan nəçidir, deyirəm qələm sahibi. Yazmaq, pozmaq, qəzet, felyeton, jurnal, filan. Hamısı öz qaydasıynan!..

N e m ə t. Siftədən söhbətimiz çox əntiqə başladı. Arvadı, Bəsirə, ana, bacım olsun, lap axıracan bizə tərəf qaldı...

M ü r s ə l. Sonra elə bil Mərdan kişiyə həmzad toxundu, sıçradı yerindən. Dayın ona dedi: “Sadist”, o da dedi, öldür məni, oturmaram. Biz də qalxdıq, dağılışdıq, çıxdıq, gəldik.

D a d a ş. Bəs qızın “həri”sini almadız?

K a m a l. Adə yox ey... Atası dəbbələdi. Az qalmışdı əlbəyaxa olaq.

N e m ə t. Siz mənə fikir vermədiz. Yaman hirslənmişdim. Özü də, uşaqlıqdan şakərimdir, hirslənəndə bildirmirəm.

M ü r s ə l. Əh!.. Biz üç, onlar iki - əzişdirəcəkdik də.

D a d a ş. İsi getdik!

İ s r a f i l. Hara?

D a d a ş. Qızı basaq maşına, birbaş Bakıya!

İ s r a f i l. Elə yaramaz.

K a m a l. Siz yola düşün. Mən Dadaşla burada qalıram.

M ü r s ə l. Qalıb neyləyəcəksən?

K a m a l. Bu işi yarımçıq qoymaq olmaz!

N e m ə t. Qalxaq mehmanxanaya, məsləhətləşək, görək nə tədbir görürük.

K a m a l. Mən hər şeyi fikirləşmişəm. Oynayacağımız tamaşanın əvvəlini, axırını da görürəm!..

İ s r a f i l. Eh!.. Mərdan! Mərdan! Özün iyirminci əsrdə yaşasan da, şüurun hələ çox geridə sürünür.
Gedirlər. İsrafil tək qalır. Şəlalə tənginəfəs gəlir.
Ş ə l a l ə. Ürək sevibdirsə nədir günahım,

Neyçün eylədilər peşiman məni.

Təkcə sənə qalıb, indi pənahım,

Qıyma ki, soldursun bu hicran məni.

İ s r a f i l. Bulud gələr, keçər gedər, sevgilim,

Ömrüm, günüm sənə qurban, darıxma.

Çəkmə heç nahaqdan kədər, sevgilim.

Tapılar hər dərdə dərman, darıxma.

Ş ə l a l ə. O and-peymanımız getməsin hədər,

Istəyirəm səni öz canım qədər.

Niyə bəxtimizə üz verdi kədər,

Qoydular eşqində nigaran məni.

İ s r a f i l. Qəlbimi yandıran məhəbbətindir,

Ümidim, təsəllim, sədaqətindir.

Səni məndən ayrı salmaq çətindir,

Üzülər möhnətdir canım, darıxma.

Ş ə l a l ə. (kənara baxır). İsi! Atam dalımca gəlir! Gedək! Gedək, bizi bir yerdə görməsin!
Şəlalə başındakı örpəyi açıb, çərşabsayağı örtür. İsrafillə uzaqlaşır.
ÜÇÜNCÜ ŞƏKİL
Göl qırağında məzərəli bir yer. Laləzar Həsənlə gəlir. Həsənin əlindəki tranzistor musiqi çalır.
L a l ə z a r. Qasançik.

H ə s ə n. Bəli, Laləzar xanım

L a l ə z a r. Sən məni doğrudan sevirsən? Yoxsa elə vaxtını keçirirsən?

H ə s ə n. (gülür). Hi.., hi.., hi... Təbiətin qanunudur da Bilirsən... Bilirsiz... Laləzar, mən sizə necə müraciət eləyim? “Sən” deyim, yoxsa “siz”?

L a l ə z a r. “Sən” de.

H ə s ə n. Hə, bilirsən...biz ona görə görüşürük ki.., qaydadır da, cavan qızın yanında gərək bir oğlan, arvadın da yanında gərək kişi xeylağı olsun

L a l ə z a r. (oturur). Onda yaxın əyləş.

H ə s ə n. Xətrinə dəyməsin, Laləzar xanım çimçəşirəm ey, üst-başından it iyi gəlir.

L a l ə z a r. Sənin paxanın da çox qəribə adamdır!

H ə s ə n. Niyə?

L a l ə z a r. Deyir, mən atanla cəbhə dostu olsam da, sənə saxta arayış verə bilmərəm ki, iki il burada işləmisən. Ona görə tezliklə çıxıb şəhərə getməliyəm...

H ə s ə n. Axı niyə qalıb işləmirsən? Bura bəyəm pis yerdir? Gözəl mənzərəsi, təmiz havası... İtin də yanında.

L a l ə z a r. Mən yazıq bilmirəm axşamlar hara gedim. Burada kafe yox... Restoranda orkestr çalmır. Sən insafsızda bir demirsən ki, maşın tutum, aparım Laləzarı Tbilisidə gəzdirim, gətirim.

H ə s ə n. Aaz... heç bilirsən burdan ora neçə kilometrdir?

L a l ə z a r. Fu!.. Məhəbbət kilometrə baxmır. (Qalxır.) Eh!.. Biz başqa-başqa adamlarıq!
Tranzistorda caz çalınır.
L a l ə z a r. Bu musiqi mənim lap sümüylərimə düşdü. Oynamaq istəyirəm. (Rəqs eləməyə başlayır.) Qasançik, niyə oynamırsan! Yaxın gəl, utanma. (Həsən də rəqsə qoşulur.)

L a l ə z a r. Halım pərişandır, gözlərim xumar,

Eşq-məbəbbətdir məst edən məni,

məst edən məni,

Hər kəs ürəyimi ovlaya bilsə,

Qurtarar həsrətdən, qüssədən məni,

qüssədən məni.

Bacardiğim bir şey var, sevgidir,

Olmayıb sevdada öyrədən məni.

öyrədən məni.

Mənasız baxışlar nəyə gərəkdir?

Süzməsin böş yerə hər ötən məni,

hər ötən məni.

Bağçada həm güləm, həm də çiçəyəm,

Neyçün istəməyir bu Həsən məni,

bu Həsən məni...


Rəqs bitir. Əlində tilov olan Kamal və çiynindən fotoaparat asmış Dadaş gəlir. Parik və süni bığ qoymuş Kamal, gözünə sarı eynək taxdığından tanınmaz olmuşdur.
K a m a l. Dadaş, indi gör o Mərdanın başına nə oyun açacağam. Ancaq məni familiyamla çağır, tanımasınlar.

L a l ə z a r. (onları görür). Oho... De daş, salam!

D a d a ş. Salam.

L a l ə z a r. Yanınızdakı centlmen kimdir?

H ə s ə n. (diksinir). Hə?! Rəsul...zadə?

D a d a ş. Bəli, şəxsən Rəsulzadə özüdür.

Həsən götürülür. Laləzar da ardınca qaçır.
K a m a l. Qəribədir, onlar niyə hürkdülər?

D a d a ş. Nə bilim, görünür səni kiməsə oxşatdılar.

K a m a l. Biz çalışmalıyıq ki, gəlişimizi Mərdanın ailəsindən başqa heç kəs bilməsin. Yoxsa, buna ayrı rəng verərlər. Qaş düzəldən yerdə vurub göz çıxardarıq.

D a d a ş. Elədir. Camaata bir hay lazımdır. Ikicə gün ərzində rayona söz yayılar ki, Bakıdan gələn birisi özünü vəzifəli şəxs kimi qələmə verib, dələduzluq edir.

K a m a l. Dadaş, gəlsənə elə burda məskən salaq

D a d a ş. Yaxşı yerdir.

K a m a l. (tənəyə qalxır). Bayaq Mərdanın dalınca göndərdiyin uşağa nə dedin?

D a d a ş. Tapşırdım, desin ki, şəhərdən bir hörmətli yoldaş gəlib, göl qırağında səni gözləyir. Vəssalam. (Zarafatla.) Yoldaş Rəsulzadə, siz... (Mərdanla Həsən gəlir, tez sözünü dəyişir.) siz yəqin bilirsinizmi bu göldə xoşladığınız balıqlardan olacaq?

K a m a l. Güman edirəm ki, hər halda əliboş qayıtmayacağıq.

H ə s ə n. (astadan). Əmi, eşitmişdinmi rayonumuza ispolkom Rəsulzadə adlı birisi gələcək?

M ə r d a n. Eşitmişdim. Ancaq deyəsən o zadəsiz idi.

H ə s ə n. Əmi, elə budur, mən ölüm. Balıq ovu bəhanədir. Rayonu razvedkaya çıxıb!

M ə r d a n. Sən ölməyəsən, elədir ki, var! Sən get, duyuq düşməsin. Mən bir ağzını arayım. (Həsən gedir. Mərdan yaxınlaşır.) Salaməleyküm. Siz bizim tərəflərə xoş gəlib, səfa gətirmisiz.

K a m a l. Dadaş, bu kişi kimdir?

D a d a ş. Onu mən çağırtdırmışam, yoldaş Rəsulzadə. Yerli adamdır. Gölün hansı yanında balıq olub-olmadığını bizə desin.

K a m a l. Afərin, Dadaş ağıllı iş görmüsən

M ə r d a n. Elə seçdiyiniz yer lap əladır. Buranın dibi ki dərindir, balıqlar hamısı ora yığışır.

K a m a l. Kişi, adın nədir?

M ə r d a n. Adım Mərdandır.

K a m a l. Hansı məzhəbə qulluq edirsən?

M ə r d a n. Mən kommunal təsərrüfat idarəsinin müdiriyəm

D a d a ş. Əmican, eviniz yaxında olur?

M ə r d a n. Hə... Budu bax... o bağça, o həyət bizimkidir.

D a d a ş. Zəhmət olmasa, get, kişi üçün oturmağa bir stul gətir.

M ə r d a n. Belə mənim bu gözlərim üstə! (Gedib qayıdır). Sənin adın Dadaş oldu?

D a d a ş. Bəli, bir yaxşı çay da dəmlətdirsəydin qiyamət edərdin.

M ə r d a n. O da baş üstə. Bəlkə yeməyə...

D a d a ş. Yox, zəhmət çəkmə, heç nə lazım deyil.


Mərdan tələsik gedir.
K a m a l. Bizim meşələrdə, bizim dağlarda,

Ceyrandan savayı, maral gərəkdir.

D a d a ş. Hicran atəşilə yanan aşiqə,

Ayrılıqdan sonra vüsal gərəkdir.

K a m a l. Göz –qaşı sürməli nazlı gözəlin,

Mərmər yanağında bir xal gərəkdir.

D a d a ş. Dilbərin gözü məst, dili şipşirin.

Qönçə dodaqları qənd – bal gərəkdir.

K a m a l. Mərdan kimilərin canın almağa,

Mənimtək aktyor Kamal gərəkdir.

D a d a ş. Mərdan kişi nömrəmizi yeyib, səsə salma! Mən bunu onun gözlərindən oxudum.

K a m a l. Bunu da bacarmasam, onda mən bir qəpiklik aktyor deyiləm!

D a d a ş. Ss... Gəlirlər!
Mərdanla Şəlalə əllərində stul, süfrə, çay dəsgahı daxil olur. Şəlalə Kamalı tanıyınca gülməkdən özünü güclə saxlayır.
K a m a l. Mərdan kişi, bu uşaq kimdir?

M ə r d a n. Qızımdır, yoldaş Rəsulzadə. (Şəlaləyə.) Keç əmilərlə tanış ol. (Şəlalə yaxınlaşıb Dadaşla görüşmək istəyəndə Mərdan çımxırır.) Ay qız! Əvvəlcə o birisi ilə, böyük əmi ilə. (Şəlalə Kamalla əl tutur.)

Ş ə l a l ə. Şəlalə.

M ə r d a n. Hə bax elə...

Ş ə l a l ə. (Dadaşla görüşür.) Şəlalə.

D a d a ş. Dadaş.


Şəlalə süfrə düzəldir. Kamal ona yaxınlaşır.
K a m a l. Neçə yaşın var, qızım?

Ş ə l a l ə. İyirmiyə az qalıb, əmi.

K a m a l. Maşallah, maşallah. (Mərdana.) Bizim uşaq beş yaş bundan böyükdür.

M ə r d a n. Qızdır, oğlan?

K a m a l. Hə? (Fikirləşir.) Qızdır

M ə r d a n. Allah saxlasın, Adı ndir?

K a m a l. Hə? (Fikirləşir.) Adı... Nərgizdir...

M ə r d a n. Adı ilə böyüsün

K a m a l. (Şəlaləyə.) Oxuyursan, qızım, yoxsa...

Ş ə l a l ə. İşləyirəm, əmi. Bağça müdirəsiyəm.

K a m a l. Çox gözəl. (Mərdana.) Mənimki filoloqdur.

M ə r d a n. Allah başacan eləsin. O gün olsun filosof olsun.

K a m a l. (Şəlaləyə), İşdə səni incitmirlər ki?

Ş ə l a l ə. Yaman incidirlər, əmi.

K a m a l. Necə?! Kim?!

Ş ə l a l ə. Bağçamdakı uşaqlar.

K a m a l. Uşaqların şıltaqlığı da bir ləzzətdir. Məgər biz balaca vaxtımızda valideynlərimizi azmı incitmişik?

M ə r d a n. Şəlalə, sən daha get. (Astadan). Anana de əldən zirək tərpənsin. (Şəlalə yubanır.)

K a m a l. Ovumuz yaman müvəffəqiyyətsiz keçir, Mərdan kişi, tilova balıq gəlmir.

M ə r d a n. Balıq lazımdırsa, həyətimdə hovuzda diriləri var...

D a d a ş. Yox, canım. Qirmaqla tutmağın dilxoşluğu başqadır. Ona qalsa, elə Bakıda mağazadan alardıq.

M ə r d a n. Rəhmətliyin oğlu, elə danışırsan ki, bişmiş toyuğun gülməyi gəlir. Bakıda balıq?! Bir də, hara tələsirsiz, yoldaş Rəsulzadə, siz bir stəkan çay için, balıq da gələr. (Şəlaləyə.) Sən cum, hovuzdakı balıqlardan birini tut sal vedrəyə, gətir bura!

Ş ə l a l ə. Sağ olun, əmilər.

K a m a l. Xoş getdin, mənim qəşəng qızım. (Şəlalə qəhqəhə çəkib uzaqlaşır.) Tərbiyəli uşağa oxşayır.

M ə r d a n. Mal yiyəsinə oxşamasa, haramdır. Ancaq yamanca güləyəndir.

D a d a ş. (stulu göstərir). Buyurun əyləşin, yoldaş Rəsulzadə, dincinizi alın.

M ə r d a n. (astadan Dadaşa., Çaydanın birinə çay doldurmuşam...birinə konyak, hansından süzüm?

D a d a ş. Rəsulzadə üçün çay süz, mənim üçün hansından istəsən. (Mərdan stəkənlardan ikisinə konyak, birinə çay süzür.) Mərdan əmi çayı nə tez dəmlətdirdin?

M ə r d a n. Elə hazır dəmdə idi. Daha soyutmayın.

Kamal stəkanlardan birini götürüb, dodaqlarına yaxınlaşdırcaq üz-gözünü büzüşdürür.


K a m a l. Mərdan, bu ki konyakdır, sən neylədin?!

M ə r d a n. Siz, Dadaşın stəkanını götürdüz. Bağışlayın. (Gülə-gülə öz stəkanını qaldırır.) Onda sağ olun. Mən də getdim. Şəxsən sizin can sağlığınaza, yoldaş Rəsulzadə...

K a m a l. Təşəkkürlər. (İçib, üstündən konfet yeyir). Dadaş Mərdan kişi mənim çox xoşuma gəlir. Böyük qabiliyyət sahibidir.

D a d a ş. Düz buyurursunuz, siz adam tanımaqda sərrafsınız.

M ə r d a n. (Stəkanları doldurur). Nə fikrə getmisiniz, yoldaş Rəsulzadə?

K a m a l. Fikirləşirəm, dünyanın işinə bax, sənin kimi bir şəxs kommunxoz işləyir. Sual edirəm: Niyə? Nə səbəbə?

M ə r d a n. (dərdi təzələnir). Ona görə ki, arxam yoxdur. Siz dərdimi bilmirsiniz. Mən... Mən... Eh... Vəfasız dünya!.. (Başina ikiəlli qapaz salır). Nə isə... çayınızı soyutmayın. Sonraya qalsın...

K a m a l. Sonraya niyə qalsın! (Götürüb stəkanını boşaldır, O birilər də içir.) Mərdan kişi, səhv etmirəmsə, sənin barəndə bbir felyeton yazmışdılar... O nə məsələdir?

M ə r d a n. Axx!.. Güya mən kimlərləsə əlbir olub hökümətin filan qədər pulunu həzmi- rabedən keçirmişəm.

D a d a ş. Mərdan Əmi, başa düşmədim. O “həzmi-rabe” nə olan şeydir?

M ə r d a n. Əvvəl mən də bilmirdim. Sonra öyrəndim ki, kövşəyən heyvanlarda yemi dördüncü mədədə həzmə vermək deməkdir.

D a d a ş. Sən dövlətin pulunu yemisən? Dünyasında inanmaram!

M ə r d a n. İndi məni işdən götürmək istəyirlər. Ax... o Kələntərzadə əlimə keçsəydi...

D a d a ş. Hirslənmə.

K a m a l. Mərdan kişi, yəqin ki, Sədini tanıyırsan?

M ə r d a n. (tərəddüdlə). Hə... Lap yaxşı.

K a m a l. Rəhmətlik deyib ki, hirs atəşinin ilk odundan qəzəb sahibi yanır.

M ə r d a n. Gözəl sözlərdir.(Dadaşa.) Sədi atasıdır? (Dadaş başını tərpədir.) Allah rəhmət eləsin, siz o kişiyə çox oxşayırsınız.

K a m a l. Sən elə şeyləri ürəyinə salıb əsəbiləşmə.

M ə r d a n. Bəs neyləyim, yoldaş Rəsulzadə?

K a m a l. Allahına dua elə, mənim tilovuma yaxşı bir balıq ilişsin. Kefim açılsın...

M ə r d a n. Sonra?

K a m a l. Sonra... Səni ürəyin istəyən bir işə düzəltmək nə çətin məsələ imiş ki...

M ə r d a n. (şadlanır). Yoldaş Rəsulzadə, sizi təbrik eləmək olar?

K a m a l. Nə münasibətlə?

M ə r d a n. Ey... hər şeyi bilirəm. Siz bizim rayona ispolkom sədri gəlirsiniz...

K a m a l. Nə? Bu nə sözdür, məndən ispolkom sədri olar?..

D a d a ş. Mərdan kişi, bunu ayrı yerdə desən, sənə gülərlər.

M ə r d a n. Mən uşaq deyiləm, hər şeyi başa düşürəm. Siz ondan da yüksək vəzifəyə layiqsiniz.

K a m a l. Yalandır, canım, xahiş edirəm bunu başqa yerdə danışıb eləməyin.

M ə r d a n. Baş üstə. (Stəkan –nəlbəkini süfrəyə yığır. Oğrun-oğrun gələn Şəlalə vedrədə balıq gətirir. Mərdan süfrəni onun qoltuğuna dürtüb yola salır.)

K a m a l. Dadaş, deyəsən Mərdan kişinin bəxti gətirmədi. Bu çayda balıq adlı şey yoxdur.

M ə r d a n. Siz nagüman olmayın, yoldaş Rəsulzadə. (Dadaşı işarə ilə kənara çağırır.) Bir iş var, başına dönüm. Amanın günüdür, gərək mənə kömək edəsən.

D a d a ş. O nə işdir?


Mərdan vedrədən iri bir balıq çıxarır.
M ə r d a n. Səndən çox təvəqqe edirəm, paltarlarını soyun, baş vur suya, bu balığı altdan ilişdir yoldaş Rəsulzadənin qırmağına.

D a d a ş. Əşi, sən nə danışırsan?

M ə r d a n. Dadaş, elə bil ölmüşəm, meyidimi yerdən götürürsən.

D a d a ş. Mərdan əmi, bu havada mən gölə necə girim?

M ə r d a n. Nə olar, qadası, axı mən üzmək bacarmıram

D a d a ş. Naxoşlaram, Mərdan əmi

M ə r d a n. Dadaş, naxoşlasan da, naxoşlamasan da dərman pulun məndə. Başa düşdün?

D a d a ş. Düşdüm. Sən bilən, neçə manatlıq naxoşlaram?

M ə r d a n. Altdan konyak vurmusan, çox soyuq olmaz. İyirmi... beş manatlıq

D a d a ş. Yox. Onu bil ki, mənim suya girməyim, səni o sudan çıxarmaq deməkdir. Başa düşdün?

M ə r d a n. Düşdüm, yaxşı soyun, otuz məndə.

D a d a ş. Əllidən aşağı soyunmaram

M ə r d a n. Çarəm nədir. Ancaq belə elə ki, o səni görməsin... (Cibinə pul basır.)

D a d a ş. Arxayın ol. (Soyunur, Balığı götürüb suya girir.)

K a m a l. Kişi, deyirsən yəni, bu göldə yaxşı balıq olur?

M ə r d a n. Baho... Siz nə danışırsınız...

Gördüyünüz bu göldə

Səhər, axşam hər zaman

Gözəl balıqlar üzər

Insanı eylər heyran

Rəngləri əlvan-əlvan

Suyun dibində süzər.

K a m a l. (tilovu çəkib ucadan səslənir.) Balıq! Balıq! Özü də lap yekəsindən! Dadaş, hardasan?!

M ə r d a n. Dadaş çimməyə getdi.


Kamal balığı qırmaqdan ayırır. Dadaş sudan çıxır.
K a m a l. Hə... Bəxtin gətirdi, Mərdan kişi!

M ə r d a n. Yəni, sizi necə başa düşüm?

K a m a l. Düşdü tamam qaydasına

Yaxşı gedir işlərimiz

Sizinki də, bizimki də.

D a d a ş. Sahmana saldım hər işi

Gətirdi bəxtin, ey kişi.

B i r l i k d ə. Düşdü tamam qaydasına

Yaxşı gedir işlərimiz

Sizinki də, bizimki də.

K a m a l. Tez çatarıq faydasına,

Vicdanımız olsa təmiz,

Sizinki də, bizimki də.

D a d a ş. Sahmana saldım hər işi

Gətirdi bəxtin, ey kişi.

B i r l i k d ə. Tez çatarıq faydasına,

Vicdanımız olsa təmiz,

Sizinki də, bizimki də.


Yüklə 354,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə