Gurultulu məHƏBBƏT



Yüklə 354,7 Kb.
səhifə2/3
tarix21.10.2017
ölçüsü354,7 Kb.
#6294
1   2   3

DÖRDÜNCÜ ŞƏKİL
Mərdanın evi. Şəlalə evi səliqəyə salaraq oxuyur.
Ş ə l a l ə. Qətran saçlarında gecədir hər an,

Gözlərin qəlbimə daim nur saçır.

Sən mənim günəşim gur işığımsan.

Mənə lazım deyil nə şöhrət, nə şan,

Təkcə sən varsansa, kifayətimdir,

Həyatda fəxrimsən, yaraşığımsan

Bəzən həsrət ilə görüşən zaman

Dolaşır boynuma ağ biləklərin,

Təsəvvür edirəm sarmaşığımsan.
Bəsirə gəlir.
B ə s i r ə. Sənin işindən heç baş açmıram.

Ş ə l a l ə. Nə üçün, anacan? Mən neyləmişəm?

B ə s i r ə. Daha neyləyəcəksən. Oturub dizinə döyməkdənsə, evdə fır-fır fırlanıb mahnı oxuyursan. Barı o səni istəyən oğlanın halına yansana. Utanmırsan?!

Ş ə l a l ə. Ana, indicə elə onun sözlərini oxuyurdum. Bu şeri İsi mənə həsr etmişdi. Sonra vermişdi bir bəstəkar dostu musiqiyə salmışdı. Deyirdi ki, bu mənim birinci və sonuncu şerimdir. Daha yazmayacağam.

B ə s i r ə. Sən də bu tezliklə çıxartdın onun məhəbbətini ürəyindən, hə? Etibarsız!

Ş ə l a l ə. Təqsir məndədir? Sən atamı razı sal, elə bu saat oynaya- oynaya gedim.

B ə s i r ə. Eh... Zəmanə qızları! Bu gün dəlicəsinə birinə vurulursunuz, sabah aranızda pişik asqıran kimi ayrılıb hər şeyi unudursunuz.

Ş ə l a l ə. O pişiyə demək lazımdır ki, asqırmasın. (Atasını yamsılayır.) “Mən jurnalistə qız vermərəm” Niyə?! Təqsiri nədir?! Uşaqlarçun bağça tikdirməyə buraxılan pulları yeyəndə yaxşı idi, haqqında jurnalist felyeton yazanda pis?! İndi mən o tifillərin üzünə baxa bilmirəm. Balaca da olsalar ağılları kəsir. Fikirləşirlər, bəs müdirimiz Şəlalə nə üçün atasını bu yoldan çəkindirməyib?

B ə s i r ə. Eh... Tülkü yeyəni aslan da qusdura bilməz. Yaxşı, atanın qonaqları kimlərdir?

Ş ə l a l ə. Tanımadım

B ə s i r ə. Quzunu tələm-tələsik kəsdirməyindən bilirəm ki, gələn hər kimsə ona lazımlı adamdır. Keçəcəyi olmasa, Mərdan qonağa bir stəkan çay da verməz.
Maşın siqnalı eşidilir. Mərdan hövlnak içəri atılır..
M ə r d a n. Keçin, keçin, qonaqları qarşılayın. (Şəlalə gülə -gülə anasını həyətə çəkir Kamal Rəsulzadə, Dadaş daxil olurlar.) buyurun yuxarı başa yoldaş Rəsulzadə. Ev- eşiyimiz, güzəranımız sizə layiq olmasa, gərək bağışlayasınız.

D a d a ş. (əlindəki vedrəni göstərir). Bəs bu balığı neyləyim?

K a m a l. Ver Mərdan kişiyə buraxsın həyətdəki hovuza, heyvandır.

M ə r d a n. Bəlkə bişirsinlər, yoldaş ...

K a m a l. Yox, canım. Mənim ona çıxmağım ehtiyac üzündən deyil, məşğulatdır.
Şəlalə vedrəni alıb aparır.
B ə s i r ə. (Kamala), Bağışla, qardaş, adın nədir?

D a d a ş. Adı yoldaş Rəsulzadədir.

B ə s i r ə. (çımxırır). Ə sən onun dilmancısan? Özü bəyəm laldır?

K a m a l.(ehtiyatla). Bacım, siz mənə elə “qardaş” deyin. Nə buyurursunuz?

B ə s i r ə. (tərəddüdlə). Heç! Sonraya qalsın, çörəyinizi yeyin, sizə deyəsi bir-iki sözüm olacaq! (Gedir. Kamal özünü itirir.)

M ə r d a n. Xahiş edirəm keçin süfrə başına.

K a m a l. Mərdan kişi, sən burda nə böyük dəsgah açmısan.

M ə r d a n. Gərək bağışlayasınız, bir az tələsiyə düşdü.


Otururlar. Şəlalə içəri girir.
Ş ə l a l ə. Ata, Həsən gəlib səni həyətə çağırır.

M ə r d a n. De gəlsin, bura

K a m a l. Lazım deyil, canım. Bəlkə bizim məxfi bir söhbətimiz oldu.

M ə r d a n. (Şəlaləyə.) Deyinən yatıb.


Şəlalə çıxır

K a m a l. Mərdan kişi, nə əcəb qızı ərə verməmisən?

M ə r d a n. İstəyəni çoxdur, yoldaş Rəsulzadə. Ancaq heç kimi bəyənmir. Srağa gün Bakıdan elçilər gəlmişdi. Qız razılıq vermədi.

D a d a ş. Niyə?

M ə r d a n. Oğlan lütün biri idi.

K a m a l. Tanıyırdın onu?

M ə r d a n. Yox... Bəs jurnalist necə olacaq İşi – gücü də mərdiməzarlıq

D a d a ş. Elə əcəb eləyib verməmisən

M ə r d a n. Əşi, qabağa düşənləri oğlanın dayısı idi. Özü də artist. Gərək görəydin, burda nə teatr çıxarırdı. Yoldaş Rəsulzadə, vallah allah atan Sədiyə rəhmət eləsin, atalar nahaqdan deməyib: Yaxşı igid dayısına oxşar. Fikirləşdim ki, belə dayının bacısı oğlu nə təhər olar.
Gülürlər. Mərdan qədəhlərə konyak süzür.
D a d a ş. Mən yox...

M ə r d a n. Ə, bir-iki yüz qrama nə var ki.

D a d a ş. Sən nə danışırsan. Kişini Bakıya aparmalıyam.

M ə r d a n. Əlli qram.

D a d a ş. Əmi, məndən kənar ol, vermə şərab, qoyma içim.

İçərəm keflənərəm, əyri gedər “Moskviç”im

Ürəyim ayrı şey istəyir.

M ə r d a n. Nə istəyirsən de, utanma. Sən yaxşı oğlansan.

D a d a ş. Qatıq. (Mərdan qalxıb getməyə hazırlaşır.) Mərdan əmi, əzgiliniz olmaz?

M ə r d a n. Ə, indi əzgil vaxtıdır? (Gedir.)

D a d a ş. Axşama düşdük. Məncə bu vədə yola çıxmağın mənası yoxdur.

K a m a l. Bəs neyləyək?

D a d a ş. Gecəni burda Cahan bibimgildə qalarıq. Səhər sübdən gedərik.

K a m a l. Ağıllı məsləhətdir. Onda iç. (Tərini silir.)

M ə r d a n. Mən indiyə kimi belə çətin rol oynamamışdım.
Mərdan qatıq gətirir.

M ə r d a n. Buyur, Dadaş.


Kamal qədəhini qaldırıb otaqda gəzişir.
K a m a l. Məlum məsələdir ki, bütün insanların fizionomiyası əsasən skeletdən və ətdən ibarətdir. Dadaşın da, Mərdan kişinin də, hətta o cümlədən lap elə mənim özümün də. Bir sözlə bütün bəşəriyyətin cismini varlığını təşkil edən bu iki amildir.

M ə r d a n. Qızıl sözlərdir!

D a d a ş. Sss!

K a m a l. İnsanlar hələ lap körpə ikən həm daxilən, həm də zahirən bir-birinə çox bənzəyirlər. Lakin sonralar hərə bir tərbiyə mühitində böyüyüb yaşa dolunca onların siması da xisləti də büsbütün dəyişir, tanınmazlaşır. Kimi mərd, kimi qorxaq, kimi məğrur, kimi doğru, kimi oğru olur...

M ə r d a n. Əhsən!.. Allah atan Sədiyə rəhmət eləsin!

K a m a l. Təklif edirəm bu qədəhləri içək sümüyü iliklərinə qədər doğruluqla, mərdliklə dolu..

M ə r d a n. (qalxır). Sağ olun. Siz mənə lap xəcalət verdiniz.
Kamal ehmalca onun çiynindən basıb, davam edir.

K a m a l. Sümüyü iliyinə kimi mərdliklə dolu, təmiz, namuslu insanların sağlığına!

M ə r d a n. Gözəl sağlıqdır. Elə insanların biri də siz özünüzsüz, yoldaş Rəsulzadə. İstərdim... sizdən nə gizli, çörəkli bir yer olsun.

D a d a ş. Pekarni?

M ə r d a n. Yox... Belə nə qoyub, nə götürdüyümü özüm biləydim. Bir də...bundan sonra daha mənə yaraşmaz ki, durum gedim bir başqasına müavin işləyim.

D a d a ş. Əlbəttə, müdir. Rəis. Rəhbər vəzifə.

K a m a l. Aydındır.
Mərdan qədəhləri doldurur.
M ə r d a n. Deyirəm, Dadaşın da sağlığına içsək pis olmaz

K a m a l. Mütləq. Dadaşın xətri mənim yanımda həmişə əzizdir.

D a d a ş. Sağ olun. Minnətdaram.
İçirlər. Mərdan yenə konyak süzmək istəyir.
K a m a l. Kifayətdir, Mərdan kişi.

M ə r d a n. Yox, indi də söz verilsin Dadaşa, görək o nə deyəcək.

D a d a ş. Mənim deyəsən sözüm yoxdur.

M ə r d a n. (gülür). Bəs... Bəs mənim sağlığım?

D a d a ş. Yoldaş Rəsulzadənin sağlığı, elə hamımızın sağlığı deməkdir.

M ə r d a n. Doğrudur. (Tək içir.) Ə, Dadaş, o fotoaparatı niyə gəzdirirsən, çəksənə şəklimizi, bu süfrənin başında.

K a m a l. Çək, Dadaş. Bu gündən bir xatirə kimi, pis olmaz.

M ə r d a n. Yoldaş Rəsulzadə, icazə verin arvad-uşaq da gəlib sizinlə birlikdə çəkdirsin.

K a m a l. Bu nə sözdür. Mərdan kişi, əlbəttə...

M ə r d a n. (qapı arasından). Ay uşaq, bəri gəlin. (Şəlalə içəri atılır. Bəsirə yaxınlaşıb astanada dayanır. Kamal astanada stulda oturur.)

K a m a l. Qızım, Şəlalə, sən mənim yanıma gəl. (Şəlalə keçib onun sağında durur.)

D a d a ş. Bəsirə bacı., siz də irəli buyurun

B ə s i r ə. Mənim şəkil şəkdirməkdən zəhləm gedir.

K a m a l. Bunu biz xahiş edirik!

B ə s i r ə. Nahaq yerə!
Dadaş fotoaparatı stulun başına bərkidir. Özü üçün Kamalın solunda yer saxlayır. Mərdanı isə dalda dayandırır.
D a d a ş. Hə, bax belə. (Aparatı qurub yerinə qaçmaq istəyəndə Mərdan Dadaşa yan alır.)

M ə r d a n. (Astadan.) Otuz verim yerimizi dəyişək.

D a d a ş. Bir kəlmə... əlli. (Mərdan pul çıxarıb onun cibinə basanda Kamal təəccüblənir).

M ə r d a n. Bura bax, elə çək ki, stoldakı yemək – içmək də düşsün.


Mərdan keçib Kamalın solunda dayanaraq əlini ləzzətlə onun çiyninə qoyur)
M ə r d a n. Hə, indi şaqqıldat. (Dadaş aparatı qurub yerinə qaçır.) Saxla! Yoldaş Rəsulzadənin alnına milçək qonub. (Milçəyi qovur.) Hə, şaqqıldat. (Dadaş aparatı qurub təzədən yerinə qaçır.) Saxla!

D a d a ş. Yenə nə oldu?

M ə r d a n. (tək səbir gətirir.) Allah xeyrə calasın, hə, şaqqıldat gəlsin.
Dadaş qaçıb arxada dayanır. Şəlalə ucadan qəhqəhə ilə gülür. Şəkil çəkilir.
M ə r d a n. Dadaş, xərci mənim boynuma, indi bir dənə də yoldaş Rəsulzadənin şəklini ayrıca çək.

D a d a ş. O da baş üstə.


Rəsulzadənin tək şəklini çəkir.

M ə r d a n. Dadaş, bu şəkildən bir dənə mənim üçün bilirsən nə boyda çıxardarsan...

D a d a ş. Nə boyda?

M ə r d a n. Arvad, o evdə çarpayının altındakı ramkanı gətir bura.


Bəsirə gedir.
Ş ə l a l ə. (Kamala). Siz anamdan inciməyin, o doğrudan da şəkil çəkdirməyi xoşlamır.
Bəsirə içərisində nəhəng cüssəli pəhləvan şəkli olan yekə bir çərçivə gətirir.
M ə r d a n. Bax, bu boyda! Bunu çıxardıb, yoldaş Rəsulzadəni salacağam ora.

K a m a l. (bayıra baxır). Doğrusu, sizin bu yerlərin səfası, mənzərəsi mənim çox xoşuma gəldi.

M ə r d a n. Qurbandır bu yerlər öz səfası ilə, öz mənzərəsilə yoldaş Rəsulzadə.

K a m a l. Təşəkkür edirəm... Mərdan kişi, əgər bilsəydim sizə narahatçığı olmaz, beş – altı günlüyə qızım Nərgizi göndərərdim qalardı burada, havasını dəyişərdi.

D a d a ş. Sizin qızınız – rayon? Gəlməz.

M ə r d a n. Ha vaxt gəlsə, belə gözüm üstdə yumşaq yeri var. Beş –atı gün yox, lap beş-altı ay qalsın.

K a m a l. Məncə vaxtdır, daha getmək lazımdır. (Kağıza nəsə yazıb Mərdana verir.) Bu mənim evimin telefon nömrəsidir. Haçan lazım olsam zəng çalarsan.

M ə r d a n. Siz bizə həmişə lazımsız. Belə canım çıxar zəng də çalaram, axtarıb taparam da. Qoy, deyim, gəlib arvad- uşaq da xudahafizləşsin. (Yan otağa keçir).

K a m a l. (ciddi) Dadaş, səni başa düşə bilmirəm. O nə işdi, Mərdandan pul aldın?

D a d a ş. (gülür). Əlli burda, əlli də göl qırağında. Cahan bibim mehmanxanada işləyəndə bu Mərdan borc adı ilə arvaddan yüz manat rüşvət alıb. Aparıb ona verəcəyəm.


Mərdan, Bəsirə və Şəlalə gəlir.
Ş ə l a l ə. (sevincək Kamala). Atam deyir qızınızı bura göndərəcəksiniz, elədir?

K a m a l. Görək də... Çalışaram dilə tutum.

Ş ə l a l ə. Biz də çalışarıq qızınız üçün burda xoş keçsin.

K a m a l. Mən sizin rayona gəldiyimdən çox razı qaldım.

Ş ə l a l ə. Biz də.

M ə r d a n. Elə hamımız.

B ə s i r ə. Ancaq mən yox.

M ə r d a n. Arvad!!

K a m a l. Bu narazılığın səbəbini bilmək olarmı, Bəsirə xanım?

B ə s i r ə. Qardaş, əvvəla siz kimsiniz, nəçisiniz – tanımıram. Düzü, heç maraqlanmıram da. Çünki bir müəllimə kimi mənim başqalarında keçəcək işim yoxdur. Gələn qonağa hörmət eləmək də ev sahibinin borcudur. Ancaq... onu bilin ki... (Ərinə işarə ilə.) Sizə xidmət göstərən bir adama inanmaqda çox boyük səhviniz var.

M ə r d a n. Bəsirə!

K a m a l. Mane olma, Mərdan kişi. Bəsirə bacı, siz təmamilə haqlısınız. Lakin mən həmişə belə deyiləm. Ikinci dəfə yolum bu tərəflərə düşəndə siz məni daha yaxından tanıyarsınız. Onda bilərsiz ki, kiməm və necə adamam.

M ə r d a n. Siz çox sadə adamsınız, yoldaş Rəsulzadə. Dadaş səndən də xahiş edirəm, çalış yoldaş Rəsulzadə qızını bura tez göndərsin.

D a d a ş. Baş üstə, çalışaram.

M ə r d a n. Yaxşı ki, sən varsan, ay Dadaş. Yoxsa... (Astadan qulağına.) Yoxsa, bu işləri belə səliqə-sahmanla yoluna qoya bilməyəcəkdim.

M ə r d a n. Bu tanışlıq bayram oldu bizimçün,

Dərdi, qəmi unutdurdu büsbütün.

Şadlıqdan özümə gələ bilmirəm.

B ə s i r ə. Xəbərdar olsam da az-çox hər işdən,

Baş açmadım bu gəlişdən, gedişdən.

Məqsədiniz nədir, bilə bilmədim.

Ş ə l a l ə. Çox razıyıq sizin kimi qonaqdan,

Sevincimdən oynayırdım bayaqdan,

İstəyirdim güləm, gülə bilmədim.

K a m a l. İcazə verin...

D a d a ş. Sizi tərk edək,

Salamat qalın.

Görüşənədək...

M ə r d a n. Şadlıq gətirdiz.

Ş ə l a l ə. Bu evimizə

Xoşbəxt olasız

Yaxşı yol sizə...


P ə r d ə

İKİNCİ HİSSƏ
BEŞİNCİ ŞƏKİL
Mərdanın həyəti. Ağac altda stol, stul və telefon qoyulmuşdur. Həsən gəlir.
H ə s ə n. Görəsən əmim məni niyə çağırib. Hər halda xeyir olmaz. Qəribədir, özü də telefonla tapşırdı ki, əməlli geyin gəl. (çağırır.) Mərdan əmi! Mərdan əmi! (Mərdan çıxır) Salam, əmi.

M ə r d a n. Ay əleyküm, qardaşoğlu, işlərin necədir?

H ə s ə n. Iş var ki, necəliyi də olsun? Klubu eləyiblər anbar, altı aydır əllərinm cibimdə bekar gəzirəm.

M ə r d a n. Rəhmətliyin oğlu, məvacibini ki, alırsan, nəyinə gərəkdir. Nə isə... Qardaşoğlu!..

H ə s ə n. Bəli.

M ə r d a n. Qulaqlarını aç, diqqətlə qulaq as, gör nə deyirəm:istərdinmi səni o klubdan götürüb eləyəydilər mədəniyyət sarayının müdiri?

H ə s ə n. Məni ora qoyan kimdir?

M ə r d a n. Istəyərdinmi gözəl ev-eşik sahibi olaydın, içində də əntiqə, cavan, nazlı bir xanımın pərvanə tək, başına hərlənsin?

H ə s ə n. Əmi, sən nağıl danışırsan, nədir?

M ə r d a n. Qardaşoğlu, istəyərdinmi bu eşitdiklərin sabah dönüb gerçək olsun?

H ə s ə n. Mənim istəməyimlədir?

M ə r d a n. (ciddi). Atan yoxdursa da, əmin Mərdan hələ sağdır! Subay gəzdiyin yetər. Sənə əla bir yerdən qız tapmışam.

H ə s ə n. O... nə qızdır? Kimin qızıdır, əmi? Adı nədir?

M ə r d a n. Yoldaş Rəsulzadənin! Adı da Nərgizdir.


Şəlalə həyətə çıxır.
Ş ə l a l ə. Ata, vaxtdır, mən gedim qonağı qarşılamağa?

M ə r d a n. Keç, içəri! Söhbətimizi qurtaraq, sonra. Özün də vağzala tək yox, Həsənlə gedəcəksən.


Şəlalə evə keçir.
H ə s ə n. Mən neyləməliyəm, əmi?

M ə r d a n. Dediyim Nərgiz xanım bu gün Bakıdan bizə gəlir. əvvəl başdan qabağına çıxıb onu hörmətlə qarşılamalısan. Sonra o fintifluşka ilə əlaqəni kəsməlisən.

H ə s ə n. Laləzarı deyirsən?

M ə r d a n. Bəli. O sənə yaraşan qız deyil. Cincanlı şeydir.

H ə s ə n. Onunla dünəndən üzülüşmüşük. Çamadanının, itini götürüb getdi mehmanxanaya. Ancaq deyəsən, tələsdim. Barı hərdən darıxanda məşğulat eləyirdim.

M ə r d a n. Adə, ölməmişəm, nə çoxdur qız. Statistika məlumat verir ki, hər kişinin payına üç yarım arvad düşür.

H ə s ə n. Eh!.. Sənin də elə boş-boş vəd verməyin var. Əli aşından da oldum, Vəli aşından da.

M ə r d a n. Elə danışma. Bu sevdada uduzmayacaqsan.

H ə s ə n. Həsən əmi, sən Rəsulzadənin qızını görmüsən?

M ə r d a n. Qızınü görməmişəm, ancaq özünü ki, görmüşəm. Keçən həftə onu evimə qonaq çağıranda bu məsələyə əncam çəkmişdim.

H ə s ə n. Bəlkə qızı idbardır, səfehin biridir?

M ə r d a n. Axmaq. Təki sən o ailə ilə qohum olasan. Qızın ağlı, gözəlliyi nəyinə gərəkdir?. (Saatına baxır.) qatarın gəlməsinə az qalır. (Çağırır.) Şəlalə! (Həsənə.) Heç nədən çəkinmə. Eşitdin! Zirək tərpən. Çalış elə vağzalda qızı məngərlə.


Şəlalə əlində gül dəstəsi çıxır.
Ş ə l a l ə. Ata, axı Həsənə niyə zəhmət verirsən? Elə özüm tək gedib...

M ə r d a n. Nə deyirəm, ona qulaq as! Mənim bir sözümü iki eləmə. Gələndə qızı maşınla gətirərsiz. (Həsənlə Şəlalə gedirlər.) Eh... Bircə o Nərgizi Həsənə calaşdıra bilsəydim. Arxasız, dayaqsız vallah yaşamaq çətindir. Balaca külək əsdimi, müvazinətini itirib yıxılırsan. Ancaq Rəsulzadə kimi arxan olandan sonra mənə heç kim, heç kim bata bilməz. (çırtma çalıb oynayır.)


Bəsirə gəlir.
M ə r d a n. Deyirəm, kişi sözündə nə möhkəm adammış. Səhər zəng çalmışdı ki, bu gün qızımı rayona yola salıram, qabağına çıxın.

B ə s i r ə. Hə kişi?

M ə r d a n. Yoldaş Rəsulzadə.

B ə s i r ə. Zəhləm o Rəsulzadədən gedir, səndən də!

M ə r d a n. Arvad, dilini gödək saxla. Çaşıb qızın da yanında o sayaq danışarsan, biabır olarıq.

B ə s i r ə. Dayan, qoy hələ gəlsin. Mən o qıza bir sifət göstərim ki, günü sabah düz dədəsinin xarabasına qayıtsın.

M ə r d a n. Bəsirə, adam işıq gələn yerə pambıq tıxamaz. Başqaları yoldaş Rəsulzadə kimiləri ilə yaxınlıq eləməyə can atır. Bizim evə kişi öz ayağı ilə durub gəlmişdi. Sən...

B ə s i r ə. Mən təmiz adımı ləkələmək istəmirəm. Indicə elə o Rəsulzadənin üstündə maarif şöbə müdiri ilə dalaşmışam.

M ə r d a n. Niyə? Nə olub ki?

B ə s i r ə. Başqalarının dərsindən kəsib mənim adıma yazdırmışdı. Buna nə ad vermək olar?

M ə r d a n. Ey dünya!.. Felyetona düşəni o maarif müdiri salamımı bığı ilə alırdı. Indi gör nə canyananlıq edir. (Şəlalə ilə Həsən gəlirlər.) Bəs Nərgiz xanım hanı?

Israfil əlində çamadan həyətə girir.


H ə s ə n. Buyur, bu da Nərgiz xanım.

İ s r a f i l. Salam!

M ə r d a n. (təəccüblə). Biy!.. Sən!..

Ş ə l a l ə. Yox, bu Nərgiz deyil, onun qardaşıdır.

İ s r a f i l. Eh! Bacım yaman tərs qızdır. əvvəcədən razılıq vermişdi. Sonra qatarın yola düşməsinə azacıq qalmış fikrini dəyişdi. Onun əvəzinə mən gəldim. Onsuz da istirahətə getməyə bir yer axtarırdım.

M ə r d a n. Belə əcəb eləmisən, xoş gəlmisən!

Sənə qurban bu əmin,

Yüngül olsun qədəmin.

Bu kasıb daxmamıza

Həmişə sən gələsən.


Bilirik qiymətini,

Saxlarıq hörmətini.

Çəkərik hər nazını,

Qoymarıq incələsən.


At o dəftər-kitabı,

Ye doyunca kababı.

Gəz, dolan, kef elə bir,

Sən gərək dincələsən.


Heyif Mərdan kişini,

Bu cür insan kişini,

Dədənin dostu kimi

Tanımırsan hələ sən.


İ s r a f i l. Tanış olaq. (Mərdanla, Bəsirə ilə görüşür.) İsrafil, İsrafil.

B ə s i r ə. (kinayəli). Gərək elə bacın da səninlə gələydi. Dədəni də gətirəydin, nənəni də. Nə var o isti Bakıda qalıblar.

İ s r a f i l. Düz deyirsiz, xalacan, şəhər yaman bürküdür. Atam sizin rayonu tərifləməkdə səhv etmirmiş. Buralar çox səfalı yerdir.

B ə s i r ə. Hələ çox qalacaqsan burda.

İ s r a f i l. Haçan darıxsam onda gedəcəyəm, xala.

M ə r d a n. Qoymarıq darıxasan, qadası.

B ə s i r ə. Elə darıxacaq. Günü sabah deyəcək ki, məni Bakıya ötürün.

Ş ə l a l ə. Ana, bəs mən nəyəm? Bir qonağı da saxlaya bilmərəm?

İ s r a f i l. Çalışaranm burada çox qalım, Bəsirə xala. Rayonunuzun kitabxanası, mədəniyyət sarayı, klubu...

H ə s ə n. Mədəniyyət sarayında ay yarımdır “Fantomas” kinosunun ikinci, üçüncü seriyası gedir. sabahdan da birinci seriyası başlayacaq. Klubumuzdan gözünü çək. Oranı anbar eləyiblər. Müdiri də güya mənəm.

İ s r a f i l. Neçə? Anbar eləyiblər? Yox...Klubu boşaltdırıb camaatın istifadəsinə vermək lazımdır.

H ə s ə n. Ay boşaltdılar ha...

M ə r d a n. Bunlar bir yana, kişinin səhhəti, kefi, əhvalı, işi, gücü necədir?

İ s r a f i l. Heç barədə şikayəti yoxdur. Bəsirə xaladan yaman razılıq edir.

B ə s i r ə. O, məndən razılıq edir?

İ s r a f i l. Bəli, sizi tərifləyirdi ki, cəsarətli, sözü üzə deyən adamsınız.

M ə r d a n. Yaxşı, qadası, Yoldaş Rəsulzadə ilə çəkdirdiyimiz o şəkilləri gətirmisən, ya yox?

İ s r a f i l. Gətirmişəm. (Çamadanı açıb iki fotoşəkil çıxarır.) Buyurun.

M ə r d a n. Bəh!.. . Bəh!.. . Bəh!.. Nə yaxşı düşmüşük Sağ ol ay Dadaş! (Şəklə, sonra İsrafilə baxır.) fikir verirsiz İsrafil bala dədəsinə necə oxşayır? Gözləri... Qaşları...

Ş ə l a l ə. Burnu.

H ə s ə n. Alnı.

B ə s i r ə. Qulaqları

M ə r d a n. Lap elə bil yoldaş Rəsulzadənin sütül vaxtıdır. Yaxşı, səndən bir şey soruşum, İsrafil bala, dədənlə olursan, ya öz ev-eşiyin var.

Ş ə l a l ə. Subaydır, ata. Dədəsi evində olur.

B ə s i r ə. Ay qız, sən bunu hardan bilirsən?!

İ s r a f i l. Elədir. Subayam. Ancaq atam, anam məni yaman tələsdirir.

M ə r d a n. Əlbəttə, bu saat evlənmək sənə hər şeydən vacibdir. Kişi xeylağına nə lazımdır: su, hava, günəş, bir də arvad.

B ə s i r ə. Bir də vəzifə...

H ə s ə n. Əmim qızıl kimi söz deyir

M ə r d a n. Həsən, əngə vermə, sən get kabab hazırla, toqqanın altını bətkidək

İ s r a f i l. Əziyyət çəkməyin, Mərdan əmi, mən kabab yeyən deyiləm.

B ə s i r ə. Əziyyəti qoyunu kəsib soyanda çəkiblər.

İ s r a f i l. Bilirsiniz, Bəsirə xala, bir də mən elə dadlı yeməklərə öyrəşməmişəm

M ə r d a n. Niyə oğul, mədən xəstədir?

Ş ə l a l ə. Yoox... Mədəsi lap sazdır.

B ə s i r ə. Ay qız, sən nə bilirsən mədəsi necədir?!

İ s r a f i l. Neçə vaxtdır tələbə yeməkxanasının yağsız xörəklərinə açışmışam. Borş, kotlet, makaron, vermişel... Birdən birə məcazımı dəyişə bilmərəm.

Ş ə l a l ə. Bəs xətrin nə istəyir?

İ s r a f i l. Çıxıb göl qırağını gəzmək, təmiz hava udmaq.

Ş ə l a l ə. Gedək! Göl qırağını sənə mən göstərəcəm.

B ə s i r ə. Otur yerində! (Həsənə). Apar onu təmiz hava udmağa

İ s r a f i l. Əgər Şəlalənin ürəyi istəyirsə, icazə verin elə üçlükdə gedək

B ə s i r ə. Yox! Onun ürəyi çox şey istəyə bilər!

M ə r d a n. Eybi yoxdur, qızım, sən də qoşul onlara. Mən icazə verirəm


Hər üçü gedir. Darvazadan çıxanda Həsən ayrılır.
Ş ə l a l ə. Həsən, sən bizimlə getmirsən?

H ə s ə n. Məsəl var, treti lişnıdir.

B ə s i r ə. (ərinə). Axı sən niyə belə edirsən? O, qızı aldadıb yoldan çıxarar! Nə üçün mənimlə məsləhətləşmirsən?!

M ə r d a n. Rəhmətlik Ömər İbn Xəttab deyib ki, məşləhətləşməyə başqa adam tapmayanda öz arvadınla da məşləhətləşə bilərsən. Ancaq bir şərtlə: onun dediyini tərsinə eliyəsən. (Ciddiləşir.) Ev, idarə - fərqi yoxdur, onun bir böyüyü olmalıdır!


Həsən həyətə girir.
H ə s ə n. (əli ilə göstərir). Əmi, o qoyunu “Doğru yol” kolxozunun sədri Əmirqulu gətirdi. Doqqazın ağzında verdi qucağıma ki, Mərdan kişinin qonağı gəlib, lazım olar.

B ə s i r ə. Sən Şəlaləni onunla tək qoyub qayıtdın?!

H ə s ə n. Bəs mən qucağımda erkək, yanlarına düşüb rayonu gəzəcəkdim? Bu da Laləzarın “Karapuzik”i deyil ki...

B ə s i r ə. Bu dəqiqə götür o qoyunu, apar bir baş Əmirqulunun kabinetinə burax.

H ə s ə n. Baş üstə!

M ə r d a n. Dayan! Göndərilən payı geri qaytarmazlar.

B ə s i r ə. O pay deyil. Kolxozun malıdır. Rüşvətdir!

M ə r d a n. (Həsənə). Apar onu burax bizim tövləyə. (Bəsirəyə), Başqaları kolxozun heyvanını şişə çəkəndə halal olur, bizə gələndə rüşvət? Yoldaş Rəsulzadənin oğlu kimin evinə düşsəydi, bu erkəyin biri yox, beşi kəsiləcəkdi.

H ə s ə n. Mən heç Əmirqulu kişini belə bilmirdim. Balam, qanacaqlı adammmış! (Gedir).

B ə s i r ə. Ah... Mərdan! Sən neyləyirsən?! Bu işlərin axırı necə olacaq!

M ə r d a n. Nə qədər ki, yoldaş Rəsulzadənin kölgəsi üstümüzdədir. Yaxşı olacaq. (Bəsirə acıqla gedir. Mərdan tək qalır.) Eh vəzifə! Vəzifə! Hərdən oturub fikirləşirəm ki, kaş bu lotoreya biletlərinin uduşuna vəzifə də düşəydi. Papağımacan bütün var –yoxumu satıb lotoreya biletinə verməsəydim, nakişi idim. Əzizim, canım, ciyərim, vəzifə! Səndə elə güclı hikmət var ki, adamı başqalarının gözündə ağıllı göstərirsən. Danışmaq üçün ona yaxşı dil verirsən.

M ə r d a n. Şöhrəti var, şöhrəti var vəzifənin,

Qiyməti var, qiyməti var vəzifənin.
Kim dadıbsa, yaxşı bilir,

Ləzzəti var, ləzzəti var vəzifənin.


Dost tanışlar məclisində,

Hörməti var, hörməti var vəzifənin.


Hər nə desən sözün keçir,

Qüdrəti var, qüdrəti var vəzifənin.


Həqiqəti nə gizlədim,

Dövləti var, dövləti var vəzifənin.


Nakam qaldım, ürəyimdə

Həsrəti var, həsrəəti var vəzifənin.

Amma yaman vəfasızsan vəzifə! Hələ bir kişidə axıraca sədaqətlə qalmamısan.
Telefon zəngi. Mərdan dəstəyi götürür.
M ə r d a n. Kimdir?

T e l e f o n. (Rəsulzadənin səsi). Allo! Kommutator, mənə Mərdan kişinin evini calaşdırın.

M ə r d a n. Ay adam, calaşdırıblar. Bura elə onun evidir. Mərdan kişi də mənəm. Sözünü de.

T e l e f o n. Mərdan kişi! Baho... Salam... Danışan Rəsulzadədir.

M ə r d a n. (dəyişir). Hə?! Kim?.. Yoldaş Rəsulzadə! Zarafat eliyirsiz. Lap özü olmaz.

T e l e f o n. Şəxsən özüdür

M ə r d a n. Həmişə səsinizi eşidək, yoldaş Rəsulzadə. Sizlərdən nə əcəb bizi yada salmısınız?

T e l e f o n.Nə danışırsan Mərdan kişi. Mən səni unuda bilərəmmi?

M ə r d a n. Çox sağ olun. Inanın ki, bu dəqiqə şadlığımdan sinəmdə ürəyim mayallaq atır.

T e l e f o n. Bəsirə bacı, Şəlalə necədir?

M ə r d a n. Şəklinizə baxıb, canınıza dua eliyirlər, yoldaş Rəsulzadə

T e l e f o n. Bizim uşaq sağ-salamat gəlib çıxdı?

M ə r d a n. Bəli. Ancaq qızın yerinə oğlan gəlib ha, xəbəriniz var?

T e l e f o n. Bilirəm. Nərgiz getmək istəmədi. Israfil neyləyir a...

M ə r d a n. Elə bu dəqiqə əmlik ətindən doyunca kabab yeyib, göl qırağına gəzməyə getdi, Şəlalə ilə.

T e l e f o n. Şəlalə ilə?

M ə r d a n. Bəli, necə?

T e l e f o n. Mərdan kişi sən nahaq yerə elə iş tutursan. Görürsən, mən indi İsrafildən nigaran qalacağam.

M ə r d a n. Xətircam olun, yoldaş Rəsulzadə bizim qız sizin oğlana heç zad eləməz. Rayona haçan gəlirsiz?

T e l e f o n. Sağlıq olsun ayın başında ordayam. Israfildən muqəyyət ol, Mərdan kişi. Xudahafiz.

M ə r d a n. (tələsik). Xudahafizdən qabaq siz İsrafil barədə heç nigaran qalmayın, yoldaş Rəsulzadə. Bəsirə də, Şəlalə də lap elə bizim Həsən də pərvanə kimi başına dolanırlar İsrafilin. Məndən sizə, ailənizə, ondan sonra da ki, Dadaşa salam! Hə indi xudahafiz. (Dəstəyi qoyub, tərini silir.) Ha... ha... ha...
P ə r d ə.
ALTINCI ŞƏKİL
Səhərdir. Göl qırağı. Təzə tikilmiş möhtəşəm bir binanın divarları görünür. İsarafil təpə üstdə dayanmışdır.

İ s r a f i l. Sevmişəm mən səni xeyli zamandır,

İntizara necə dözüm, Şəlalə?

Bilməzdim hicranın belə yamandır.

Yollarda qalmışdı gözüm, Şəlalə.
Yandım həsrətinlə hər gün, hər gecə,

Eşqimin sirrini saxlayım necə?

Gəl sənə dərdimi deyim gizlicə,

Ürəkdə çırpınır sözüm, Şəlalə.


Bir lalə yanaqlı qönçəsən, gülüm,

Qönçədən lətifsən, incəsən, gülüm.

Hamıdan gözəlsən, məncə sən, gülüm,

Sənə qurban olum özüm, Şəlalə.

Başa düşmürəm, vüsal olan yerdə də hicran olarmış?! Mən Şəlaləyə həm yaxınam, həm də ondan çox uzağam.
İsrafil tapança alışqan çıxarıb papiros yandırır. Cahan yoldan keçəndə onu görüb ayaq saxlayır.
İ s r a f i l. Şəlalə! Şəlalə! Mən gündə milyon dəfə bu kəlməni təkrarlasam da yorulmaram. Sənin adın uca dağlar zirvəsindən qıjıltı ilə axan büllur suları xatırladır. O şəlalə sulardan odlu ürəyimə sərinlik yayır.

C a h a n. Odur. Özüdür ki, var. Keçən ay Şəlaləyə elçi göndərən oğlandır!

İ s r a f i l. Sənin adın məhəbbətdə tilsimli tellərinə dolaşdığım uzun, qara hörükləri xatırladır. O Şəlalə hörüklərdə bihuşedici ətirlər duyuram.

C a h a n. Çox ürəyi yanıqlı danışır. Yəqin qızı qaçırmağa gəlib.

İ s r a f i l. Sənin adın xoşbəxt bir qəlbin qəhqəhəsini yada salır. O şəlalə qəhqəhələrdən özümü ən bəxtəvər insan sanıram. Eh!.. Bircə sən mənim olsaydın.

C a h a n. Bıy, başıma xeyir! Əlindəki də tapançadır!


İsrafil aşağı enəndə Cahan götürülür. Laləzar gəlir.
L a l ə z a r. Bağışlayın, İsrafil sizsiniz?

İ s r a f i l. Bəli, mənəm.

L a l ə z a r. Axir ki, tapdım sizi. Tanış olaq. (Əlini uzadır.) Laləzar!

İ s r a f i l. (Görüşür). Çox şadam. Nə qəşəng də adınız var, Laləzar!

L a l ə z a r. Demək, ancaq adım xoşunuza gəldi?

İ s r a f i l. Hələlik özünüz barədə bir söz deyə bilmərəm.

L a l ə z a r. Fu! Sizin nə qəribə zövqünüz varmış. Heç şəhər adamına oxşamırsınız.

İ s r a f i l. Elədir. Mən uşaqlıqdan kənddə böyümüşəm.

L a l ə z a r. (kənara). Bəxtimdən bu da belə çıxdı!

İ s r a f i l. Siz məni hardan tanıyırsınız?

L a l ə z a r. Mərdan kişinin qardaşı oğlu Həsənin söhbətlərindən. Mənim bu rayona gəldiyin az vaxtda çox şeylərdən xəbərdaram. Hətta onu da bilirəm ki, Şəlaləni sənə verməyəcəklər.

İ s r a f i l. Ha... ha... ha...maraqlıdır.

L a l ə z a r. Bəli, gülməyin, qızın atası bu işə qəti etiraz edir.

İ s r a f i l. Əgər Şəlalə məni sevirsə...

L a l ə z a r. Şəlalə əvvəl də bir başqasının dərdindən ölürmüş.

İ s r a f i l. Bəs sonra nə olub?

L a l ə z a r. Sonrasını siz daha yaxşı bilərsiniz. Mərdan kişi qızını əvvəlki oğlandan ayırıb, indi atanıza görə sizə sırımaq istəyir. Məni yandıran odur ki, Şəlalə də bu işə razılıq verir.

İ s r a f i l. Mən bunlardan tamam xəbərsizəm...

L a l ə z a r. Mən sizi özümünki bilib, can yandırdığım üçün dedim. Heyifsiniz. Bir də eşitdiyimə görə Mərdanı işdən götürməyə hazırlaşırlar. Bəli, bəli, mənə inanın.

İ s r a f i l. Göstərdiyiniz qayğıya görə təşəkkür edirəm.

L a l ə z a r. (kənara). Bircə bunu yola gətirə bilsəydim! Atasının köməyilə yerim institutda hazır idi. (Şəlalənin gəldiyini görür.) Privetçik. (Gedir. Şəlalə hövlnak daxil olur.)

İ s r a f i l. Şəlalə! Sənə nə olub? Niyə belə həyəcanlısan?

Ş ə l a l ə. Hər şey yüz səksən dərəcə tərsinə çevrilib. Əvvəl bizim evlənməyimizə anam razı idi, atam razı deyildi. Indi atam razıdır, anam yox. Dünən gecə sən otağına çəkilib yatandan sonra arvad evdə qiyamət qoparmışdı. Deyir ki, Şəlalə birinci oğlana dönük çıxdı, mən də onu Rəsulzadənin oğluna verməyəcəyəm.

İ s r a f i l. Şəlalə, başqa çarəmiz yoxdur. Anana açıb deməlisən ki, İsrafil elə mənə elçi göndərən oğlandır.

Ş ə l a l ə. Onda da qurduğumuz oyun pozulacaq. Sənin burada qalmağın mümkün olmayacaq. Eh, bunların işindən baş çıxarmaq çətindir.

İ s r a f i l. Ay qız, onlar məgər bizim işimizdən baş çıxara bilirlər? Hazırkı vəziyyətdə ananın məndən nə qədər zəhləsi getsə, mənim ondan bir o qədər xoşum gəlir. (Onu oxşayır. Təzə tikilmiş binanı göstərir.) Görürsən də, maşallah, ev deyil, səadət sarayıdır. Bunu atana tikdirməkdə bilirsən nə qiyamət eləmisən?!

Ş ə l a l ə. Mən nə elədiyimi yaxşı bilirəm.

İ s r a f i l. Səndə də ürək varmış ha!.. Qır-saqqız olub yapışdın kişinin yaxasından ki, göl qırağında tikdirdiyin imarət bizim olmalıdır, yoxsa evlənməyimiz baş tutmayacaq. Ha!.. ha!.. ha!..

Ş ə l a l ə. O təkcə Rəsulzadəyə görə hər güzəştə getməyə hazırdır.

İ s r a f i l. Rayonda başqa tikililər illərlə yubanır, ancaq bu...

Ş ə l a l ə. Bəs sən vəzifəpərəst yaltaqları, qorxaqları nə bilmisən? Atam onlardan daş, kərpic, taxta, şalban istəyəndə “baş üstə” deyib həmin gün göndərirdilər. Bəziləri heç pul da götürmürdü. Niyə? Çünki ispalkomun dostu idi. Arxası vardı...

İ s r a f i l. Bu rayona gəlməyim bir jurnalist kimi mənim üçün ən gözəl ezamiyyət oldu. Bir para şəxsiyyətsiz şəxsiyyətləri yaxşı tanıdım. Səni indidən əmin edirəm, Şəlalə, işləməyə başqa yerə getməyəcəyəm. Xahiş edəcəyəm, elə məni bura, sizin rayona müxbir göndərsinlər.

Ş ə l a l ə. Doğru deyirsən?

İ s r a f i l. Bəli. Mütləq! Öz həyatını yaltaqlıq, qorxaqlıq, riyakarlıq təməli üstündə quran, yaşamağın mənasını qarnı dolusu kababda görən adamciyəzləri abırdan salacağam. Qabarlı əllərilə, alın tərilə, namuslu zəhmətilə dolananların haqqını müdafiə edəcəyəm!

Ş ə l a l ə. Mən sənə inanıram, İsrafil.
Uzaqdan uşaqların mahnısı eşidilir.
Səhər olcaq qızıl günəş

Qonaq gələr bağçamıza.

Pəncərədən qucaq-qucaq

Nur səpələr bağçamıza.

Ş ə l a l ə. Oxuyan mənim uşaqlarımdır. Bir bağçanın çiçəkləri... yolumu gözləyirlər. Heç bilirsənmi onları nə qədər sevirəm. Hələlik, İsrafil.

İ s r a f i l. Mən burada atanı gözləməliyəm, Şəlalə. Bu görüşümüzdən çox şey asılıdır. Qoy, heç olmasa səni bir az ötürüm.


Gedirlər. Əlində İsrafilin çamadanı olan Həsən, Bəsirə və Cahan gəlir.
C a h a n. Bax... elə burdan keçirdim, gördüm Şəlaləni istəyən o əvvəlki oğlan, əlində par-par parıldayan tapança, saçları pırpız, Məcnun kimi dayanıb təpənin başında. Gözlərindən qan damır... Deyir: Şəlalə! Şəlalə! O vaxtdan ki, sənə aşiqəm, adın dilimdən düşmür. Məhəbbətindən ciyərim alışıb yanır. Bircə səni götürüb aradan çıxsaydım, ta dərdim olmazdı. Yoxsa qıracağam bu işdə qabağımı kəsənlərin hamısını.

B ə s i r ə. (fikirli). Mən bu günü yəqin eləmişdim: əgər o vəfalıdırsa, gec-tez Şəlalənin dalınca gəlməlidir.

H ə s ə n. Kişi adammış, balam. Tələbə olasan, bu cəsarətdə?

C a h a n. Bəs məhəbbəti nə bilmisən? Qız girinə keçən kimi vurub qoltuğuna, qaçırdacaq Bakıya. Hə... özü deyirdi... Bu qulaqlarımla eşitdim...

H ə s ə n. Qorxuram, İsrafil məsələdən xəbər tuta, araya qan düşə.

B ə s i r ə. Mən tezliklə İsrafili buradan qovmalıyam!

C a h a n. Amma, insafən, şəkil kimi oğlandır. Baxırsan, tamahın qıdıqlanır. Boy-buxun... elə bil iraykom katibidir.

B ə s i r ə. O mütləq burdan getməlidir! Indi çoxları bizə ağzında süd iyi gələn bir uşağa görə hörmət eləyir. Namusu, heysiyyəti olan adama başqasının adı, şöhrəti lazım deyil!

H ə s ə n. Sən öləsən, əmim aləmi qarışdırmayıb bir-birinə?

B ə s i r ə. Həsən, ardımca gəl!


Gedirlər. Mərdan gəlir.
M ə r d a n. Bu İsrafili dilə tutub beş-on gün də burada saxlaya bilsəydim, Bəsirənin hirsi soyuyardı. (Təzə tikilmiş binaya baxır.) Öz aramızdır, elə vaxtında tikdirib qurtardım bu binanı. Yoxsa, felyetondan sonra bunu başa vura bilməyəcəkdim. Indi arada Rəsulzadə olanda kim mənə nə deyəcək? İsrafil də burada qalan deyil. Evləndimi, qızı aparacaq Bakıya. Bu mülk hər zaman puldur... (İsrafil gəlir.) Qadası, bayaq dədən zəng çalmışdı. Belə bilirəm işin nə yerdə olduğundan duyuq düşüb.

İ s r a f i l. Hansı işin?

M ə r d a n. Əşi, səninlə Şəlalənin əhvalatından da..

İ s r a f i l. Mərdan əmi, sizdən çox təvəqqe edirəm, hələlik bu məsələnin üstünü açmayın.

M ə r d a n. Qadası, gec –tez bu məsələnin üstü də açılacaq, altı da. (Binanı göstərir.) bu boyda zurnapeti görmürlər? Bilmirlər sizə bağışlayacağam? Mənim Şəlalədən savayı kimim var?

İ s r a f i l. Xətrinizə dəyməsin, eşitmişəm siz bir az qırdı-qaçdı adamsız. Deyirlər məndən qabaq da Şəlaləni Bakıdan bir oğlan istəyib. Əvvəl razı olmusuz, sonra dəbbələmisiz.

M ə r d a n. Doğrudur, Amma, ay qadası, in koça, on koça – o hara, sən hara.

İ s r a f i l. Axı, o oğlam kimdi, nəçiydi?

M ə r d a n. Ə, tüllübın biri! Kələntərzadə! Mərdüməzarın dal ayağı. Yenə yadıma saldın, qanım qaraldı.

İ s r a f i l. Mən necə arxayın ola bilim ki, siz bu dəfə öz sözünüzün üstündə duracaqsınız?..

M ə r d a n. Qadası, mən boyda kişiyə inanmırsan?!

İ s r a f i l. Necə deyim... Düzünə qalsa, yox. Arada sizin rəsmi razılığınız olmalıdır.

M ə r d a n. Başa düşmürəm, rəsmi razılıq deyəndə, yəni sənə dilimdən iltizamnamə verməliyəm?

İ s r a f i l. Bəli. Bir parça kağız. İndi adamlardan çox kağıza inanırlar.

M ə r d a n. Sən nə istəyirsən yaz, mən qol qoyum.

İ s r a f i l. Xeyr. Öz dəsti-xəttinizlə. (Kağız qələm çıxarıb ona verir.) Buyurun. (Mərdan düşünür.) Çətinlik çəkirsiz, kömək edə bilərəm.

M ə r d a n. Hə ürəyindən keçir, de gəlsin

İ s r a f i l. Yaz: Mən, Mərdan Daşdəmirov, qızım Şəlaləni İsrafilə...

M ə r d a n. İsrafil Rəsulzadəyə...

İ s r a f i l. Rəsulzadə yazmayın

M ə r d a n. Niyə?

İ s r a f i l. Mən pasportda familsiz gedirəm.

M ə r d a n. Ay qadası, sənin yaraşığın elə o Rəsulzadə idi, onu da ixtisara salmısan?

İ s r a f i l. Qızım Şəlalənin İsrafil Camal oğluna getməsinə razıyam və heç vaxt da bu fikirdən dönməyəcəyəm.

M ə r d a n. (Gülür). Yadıma bilirsən nə düşdü? Məşədi İbadla Sərvərin əhvalatı. Fərq təkcə burasındadır ki, onlardan biri razı idi, biri yox. amma biz ikimiz də razıyıq. Yazdım.

İ s r a f i l. (kağızı alır.) Hə... İndi arxayın oldum.

M ə r d a n. Məni demirsən ürəyim buz kimi sərinləndi. Ancaq qoy hələlik Bəsirə bunu bilməsin. O, bu məsələyə bir az pəl vurur. Arvaddı da əvvəlcə atılıb-düşəcək, sonra rahətlukum kimi yumşalacaq.
Şəlalə qaça-qaça gəlir.
Ş ə l a l ə. (İsrafilə). Indicə anam bağçaya gəlmişdi. Səni xəbər alırdı. Bilmirəm nə eşidib, hirsindən dili-dodağı əsirdi.
Bəsirə Həsənlə daxil olur.
B ə s i r ə. Hə... yaxşı ki, elə üçünüzü də bir yerdə tutmuşam! (İsrafilə.) Qonağa üz verərsən, malına ortaq çıxar. Dayın Rəsulzadədir, hər kimdir, mənə dəxli yoxdur. Nə qədər ki, gec deyil...

Tez ol yığış, get evinizə,

Sən qonaq yox, bir cəncəlsən!

Dağıdaram mən aləmi,

Bu yanlara bir də gəlsən!
Ürəyimi alışdırdın,

Düz işləri qarışdırdın.

Şəlaləni sən çaşdırdın,

Gör nə sayaq bəd əməlsən!


Başımızdan çək xatanı,

Oyatma gəl hər yatanı.

Bəsirəni yaxşı tanı,

Mən bilirəm nə əngəlsən!

Ş ə l a l ə. Ana, sən neyləyirsən?!

M ə r d a n. Bəsirə, nə danışdığını bil!

İ s r a f i l. Axı, bir deyin görək nə olub? Mən nə qəbahət işlətmişəm, Bəsirə xala?

B ə s i r ə. Qəbahətin odur ki, gözlə-qaş arasında qızı aldadıb yoldan çıxardın. Indi də Şəlaləni istəyən oğlan əli tapançalı rayonun küçələrində gəzir.

H ə s ə n. Doğru deyir də, treti lişnidir.

Ş ə l a l ə. Ana, mən başa düşmürəm sən hansı oğlanı deyirsən, tapança nədir?!

İ s r a f i l. Bəsirə xala təmamilə haqlıdır.

M ə r d a n. İsrafil heç yana getməyəcək.

B ə s i r ə. Mən də qızımı ona verməyəcəyəm!

M ə r d a n. İndi ki, söhbət o əndazəyə qalxdı, qoy Şəlalə özü desin, kimi istəyir.

H ə s ə n. Hə, bax düzü budur.

B ə s i r ə. O ağlını itirib, nə elədiyini heç özü də anlamır.

M ə r d a n. Qizim, sən ananın hədə-qorxusuna fikir vermə. Burda özgəsi yoxdur. Düzünü de, İsrafili istəyirsən, ya o əvvəlki oğlanı?

Ş ə l a l ə. Bunu.

M ə r d a n. Gördün? Daha nə sözün?! Uşağı zorla başqasına verməyəcəksən ki!
İsrafil Şəlaləyə nəsə pıçıldayır.
B ə s i r ə. Qızım, bax... ağlını başına yığ. Nə atanın, nə mənim - ürəyinin səsinə qulaq as. Bu İsrafilin sənə xəlvətdə dediklərini də yaddan çıxar. Bir kəlmə düzünü söylə: onu istəyirsən, bunu?!

Ş ə l a l ə. Elə ikisini də...

B ə s i r ə. Nə dedin?!

H ə s ə n. Sən ölməyəsən, Laləzarın nəfəsi rayonun havasını tamam korlayıb!

Ş ə l a l ə. Çaşdım ana, onu, onu...

B ə s i r ə. (ərinə.) Eşitdin?! Sabah yox, birisi gün qızın elçiləri təzədən gələcək, nişan gətirəcəklər.

M ə r d a n. Dəxli mətləbə yoxdur! Mən İsrafilə öz razılığımı vermişəm!

İ s r a f i l. Mərdan əmi, mübahisə etməyin. Mənə hər şey aydındır.

B ə s i r ə. Onda xoş getdin! (Çamadanı İsrafilə tərəf itələyir. Şəlalənin əlindən tutub onu aparır.)

H ə s ə n. Mən dedim də, treti lişnidir. (Gedir.)

M ə r d a n. Sənin məhəbbətindən heç baş açmıram, Şəlalə, bu nə iş idi tutdun?

İ s r a f i l. (şən bir tərzdə). Mərdan əmi, mən gedirəm! Siz əsla narahat olmayın. Şəlaləyə o cür cavab verməyi mən öğrətdim, hər şey yenə bizim xeyrimizədir!

M ə r d a n. Mənim də!

İ s r a f i l. Sənin də!

M ə r d a n. Heç nə anlamıram.

İ s r a f i l. Birisi gün mən də öz elçilərimi göndərəcəyəm! Görək hansımız qalib gələrik!

M ə r d a n. (şadlıqla gülür). Ha...ha...ha...

Uşaq zadam mən məgər,

Yaxşıca düşdüm başa,

Ha...ha...ha...

İ s r a f i l. İstəmərəm Mərdanın

Gülləsi getsin boşa,

Ha...ha...ha...

M ə r d a n. Arxayın etdin məni,

Ay qadası, min yaşa

Ha...ha...ha...

B i r l i k d ə. Qoy o biri elçilərin,

Oxları dəysin daşa.

Ha...ha...ha...


Yüklə 354,7 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə