Гязянфяр пашайев 75



Yüklə 399 Kb.
səhifə2/4
tarix22.07.2018
ölçüsü399 Kb.
#58420
1   2   3   4

YUBİLEY TƏDBİRİ
Muxtar Kazımoğlu: Hörmətli həmkarlar, əziz dostlar! Biz bu gün biz Məhəmməd Füzulinin adını daşıyan bir elm ocağında professor Qəzənfər Paşayevin görüşünə gəlmişik. Mən Məhəmməd Füzuli ilə Qəzənfər Paşayevin adını bilə­rək­dən qoşa çəkirəm. Belə hesab eləyirəm ki, burada bir rəmzi mə­na var. Məhəmməd Füzuli Kərkük elimizdən çıxan dünya miqyaslı şairimizdir. Qəzənfər müəllim də Kərkük sevdalı ali­mi­mizdir. Qəzənfər müəllim yalnız ədəbiyyatşünas, folk­lor­şünas deyil, həm də tanınmış dilçidir. Hamınız bildiyiniz ki­mi, Qəzənfər müəllim həmçinin, tanınmış publisist və tər­cü­mə­­­çidir. Bizim bugünkü məclisin qəhrəmanı professor Qə­zən­fər Paşayev həm də bu cəhətlərin hamısını bir istiqamətdə birləşdirib: o, Azərbaycan türklərinin mənəvi varlığını coğrafi sərhədlər tanımadan qarış-qarış, addım-addım, sətir-sətir öy­rə­nir, tədqiq eləyir və tədqiq elədiyi predmetə mənəvi bü­töv­lük meyarı ilə yanaşır. Təkcə yazılarında yox, həmkarlarına, uşaqdan-böyüyə tanıdığı-tanımadığı müxtəlif insanlara müna­si­bətində də Qəzənfər müəllim həlimdir, mülayimdir. Burda oturanların hər biri təsdiq eləyə bilər ki, bizim çevrəmizdə Qə­zənfər müəllim kimi təmkinli, yumşaq təbiətli, ən sərt söz­lərini belə yağla, balla qatıb söyləyən, ifadə eləyən adam tap­maq çətindir. Qəzənfər müəllim öz yazılarında ən sərt po­le­mik söhbətlərini son dərəcə yüksək mədəniyyətlə aparır. Kefi yaxşı olanda da, pis olanda da Qəzənfər müəllim bir həmka­rını görəndə hardansa gözəl bir söz tapıb deyə bilir. Qəzənfər müəllim insanlar haqqında danışanda güldən ağır söz işlətmək istəmir. Bu mənada Qəzənfər müəllim gözəl alim olmaqla ya­naşı, nəcib və xeyirxah bir insandır. Qəzənfər müəllim öz ya­zı­sı ilə, özünün şifahi söhbətləri ilə yaşadığı günün tarixini ya­ratmağa can atan bir ziyalıdır. Bizim də borcumuzdur ki, professor Qəzənfər Paşayevin 75 illiyini bəhanə edib onun gö­rüşünə gələk və o görüşdə Qəzənfər müəllim haqqında söz deyək. Mən arzu edirəm ki, bu görüş Qəzənfər müəllimin özü­nün xasiyyətinə, xarakterinə, məramına, məsləkinə uyğun şəkildə keçsin, haydan-küydən uzaq, səmimi sözlər fonunda keçsin. İnanıram ki, belə də olacaq.

Bir cəhəti də qeyd edib, istəyirəm sözü həmkarlarıma verim. Qeyd etmək istədiyim sözlərdən biri də ondan ibarətdir ki, Azərbaycanın mənəvi həyatında müəyyən rol oynamış çox az adam tapmaq olar ki, Qəzənfər müəllim onun haqqında bu və ya digər dərəcədə söz deməsin və yazmasın. Mən Nizami, Nə­­simi, Füzuli kimi dahiləri bir tərəfə qoyuram. Bu gün yaşa­yan, həmçinin yaxın zamanlara qədər yaşamış ədəbiyyatşünas və dilşünas alimlərimiz haqqında, ədiblərimiz, yazıçılarımız, şairlərimiz haqqında Qəzənfər müəllim qədər geniş ürəklə ya­zan, bəlkə də, ikinci həmkarımıza rast gəlmək çətindir. Qə­zən­­fər müəllim kimlərdən yazmayıb? Akademik Bəkir Nəbi­yev­dən, Yaşar Qarayevdən, akademik Məmmədağa Şirəli­yev­dən, Tofiq Hacıyevdən, şairlərdən Hüseyn Arifdən, Tofiq Bay­­­ramdan, yazıçılardan İsi Məlikzadədən və şifahi xalq ədə­biyyatının tanınmış nümayəndələrindən. Qəzənfər müəllim vaxtının azlığına baxmayaraq, imkan tapıb aşıq Mikayıl Azaf­lının haqqında böyük bir kitab yazıb. Bu kitab həm aşığın şeirlərindən, həm də Qəzənfər müəllimin o şeirlərə yazdığı şərhlərdən ibarətdir. Qəzənfər müəllim Kərkükü bizə həm də o elin yetirdiyi şəxsiyyətləri vasitəsilə tanıdıb. Qəzən­fər müəl­limin Kərkük aləmindən əxz edib bizim ədəbiyyat­şü­naslığı­mıza, folklorşünaslıq elmimizə gətirdiyi fikirlər həm də o şəxsiyyətlərin adı ilə bağlıdır. Məsələn, Qəzənfər müəllim bi­zə Əta Tərzibaşı kimi görkəmli bir ədəbiyyatşünas alimi tanı­dıb, Əbdüllətif Bəndəroğlu kimi ziyalımızı tanıdıb. Qə­zən­fər Paşayev həm o şəxsiyyətlərin yazdıqları, həm də özü­nün qa­rış-qarış gəzib Kərkük kəndlərindən topladığı material­lar əsa­sında tədqiqatlar aparıb, Azərbaycan folklorşünaslığına yeni-yeni töhfələr verib. Azərbaycan bayatılarına Qəzənfər müəl­limin təqdim elədiyi Kərkük müstəvisində yeni gözlə bax­­mışıq və başa düşmüşük ki, biz bayatıları bəzən düz araş­dır­mırıq, düz tərtib eləmirik. Yəni biz Kərkük folkloru ilə mü­qa­yisədə bütövlükdə Azərbaycan folkloruna yenidən qiymət ver­­­­məli olmuşuq, öz araşdırmalarımızda düzəlişlər eləmişik, toplama işlərimizdə düzəlişlər aparmışıq. Bütün bunlar Qə­zən­­fər Paşayev “Kərküknamə”sinin bizə verdiyi töhfələrdir, bəh­­rələrdir. Burada mən dilçi alimimiz Qəzənfər Kazımovu gö­rürəm, tərcüməçi alimimiz Şahin Xəlilovu görürəm. Mən bi­­lirəm ki, buradakı həmkarlarımız Qəzənfər müəllimin həm həyatının, həm də yaradıcılığının müxtəlif yönlərindən danı­şa­­caqlar. Odur ki, vaxtınızı çox almadan Qəzənfər müəllimə Folklor İnstitutunun təbrik məktubunu oxumaq istəyirəm (Təb­rik məktubu oxunur). Qəzənfər müəllimə bizim balaca bir hədiyyəmiz də var. Mən bunun tarixçəsi haqqında bir-iki cüm­­lə deyim və hədiyyəni Qəzənfər müəllimə təqdim edim.

Keçən ilin axırında biz belə qərara gəldik ki, Azər­bay­can aşıqlarının ən məşhur ifalarından ibarət bir musiqi albomu tərtib edək. Tərtib işində Elxan Məmmədli ilə Rafiq İmra­ni­nin böyük zəhməti oldu. Beş diskdən ibarət olan bu alboma 1950-2011-ci illər arasında ən nəhəng aşıqlarımızın, qocaman sənətkarlarımızın, cavan nəslin nümayəndələrinin ifasında ya­zı­ya alınmış say-seçmə aşıq ifaları və iki dastan daxil edildi. Bu musiqi albomunu Qəzənfər müəllimə bağışlamaq, elə bili­rəm ki, yerinə düşər. Yerinə düşər, ona görə ki, Qəzənfər müəl­­lim aşıq sənətinin çağladığı bir mühitdə boya-başa çatıb. Bu sözləri deyirəm və Qəzənfər müəllimin mühit haqda bir sö­­zünü yada salıram. Deyir, Tofiq Bayram bir müddət Qazax mü­­hitində yaşadığına görə onun şeir yaradıcılığına aşıq şeiri janrları daxil olub. Qəzənfər müəllim də məşhur aşıqlar vətəni Tovuzda doğulub, ərsəyə gəldiyindən, şübhəsiz ki, onun da­mar­larından aşıq musiqisi bizdən qat-qat bol axır. Qoy Qə­zən­fər müəllim bu disklərdən Aşıq Əsədin, Aşıq Əmrahın, Aşıq Əkbərin... səsinə qulaq asıb, ötən günlərə qayıtsın, gələn günləri könül xoşluğu ilə qarşılasın (Hədiyyə təqdim edilir).
Qəzənfər Paşayev: Bundan gözəl hədiyyə ola bilməz. Məni heç bir hədiyyə belə razı sala bilməzdi, inanın mənə. Çox təşəkkür edirəm.
Muxtar Kazımoğlu: Beləliklə, biz bu görüşümüzü baş­la­yırıq. Mən ilk sözü dilçi alimimiz Qəzənfər Kazımova ve­ri­rəm.. Ona görə ki, onun adaşı elmi yaradıcılığa ilk növbədə dilçi kimi başlayıb.
Qəzənfər Kazımov: Mən yaxın dostum Qəzənfər Paşa­yev haqqında üç məqalə yazmışam. Onun yeddi cildlik «Se­çil­miş əsərləri» haqqında da çox geniş yazı yazmışam. Ya­ra­dı­cılığı mənin üçün çox aydındır, çünki biz həmişə yaxın ol­mu­şuq. Yəqin ki, ədəbiyatçılar onun ədəbi görüşlərindən da­nı­şa­caq­lar. Ona görə də bu gün istəyirəm onun daha çox dil­çi­lik sa­həsində xidmətlərini nəzərinizə çatdıram. Qəzənfər müəl­­­limi da­ha çox ədəbiyyatşünas alim kimi səciyyə­ləndi­rir­lər, amma doğru olaraq siz elə sözə başlayanda etdiniz ki, Qəzənfər müəl­lim həm dilçidir, həm ədəbiyyatşünas alimdir. Amma Qəzənfər müəllim yaradıcılığa dilçi kimi başlayıb. Dil­çilikdən ədəbiy­yat­şünaslığa keçmək nisbətən asandır, ədə­biy­yatşünaslıqdan dil­çiliyə gəlmək çətindir. Çünki dilçilik konkret elmdir. O kon­kretliyi öyrəndikdən sonra ədəbiyyat alə­minə girmək mümkün­dür. Qəzənfər müəllim elmi yara­dı­cı­lığa dilçi kimi başladığı üçün ədəbiyyat aləmində də son də­rə­cə dəqiqdir. Mən yazı­la­rımda qeyd eləmişəm ki, Qəzənfər müəl­lim yaxşı öyrənmədiyi, dəqiqləşdirmədiyi, özü üçün tam aydın etmədiyi məsələ haq­qın­da heç vaxt yazı yazmaz. Özü də yazılarında nə şişirtmə olar, nə də kiçiltmə. Fakta həmişə ob­yektiv yanaşır. İndiki dövr­də bu ən mühüm məsələlərdən biridir.

Mən onun dilçilik sahəsindəki xidmətləri barəsində da­nış­­maq istəyirəm. Hələ keçən əsrin 60-cı illərinin ortaları idi. Qəzənfər müəllim İraqdan məzuniyyətə təzə qayıtmışdı, bi­zim kafedraya – rəhmətlik Əbdüləzəl Dəmirçizadənin yanına gəl­di. Kafedrada söhbət elədi ki, İraq ərazisində yaşıyan azər­bay­can­lıların şivə xüsusiyyətləri haqqında dissertasiya yaz­maq istəyir. Professor da bunu çox təqdir elədi, bizim yol­daşlar da. Çünki Gürcüstan ərazisində, Ermənistanda, Dağıs­tan­da olan azərbay­canlılara əlimiz çatırdı, öyrənə bilirdik. Am­ma ora hələ nə ağıla gəlirdi, nə də hər an getmək mümkün idi. Bundan bir neçə il sonra – 1969-cu il ildə Qəzənfər müəl­lim kafedraya artıq dis­ser­tasiya ilə gəldi. Başda professor Də­mirçizadə olmaqla dis­sertasiya çox geniş müzakirə olundu. Mən o zaman kafedranın katibi idim. Vəziyyət belə idi ki, ka­fed­raya gələn dissertasi­ya­la­rın hamısına mən rəy yazırdım və o da mənim üçün elmi baxımdan çox xeyirli idi. İndiki kimi deyildi. Dissertasiya çox ciddi şəkildə oxunub müzakirə edi­lir­di. Mən dissertasiyanı diq­qətlə oxuyub, kafedra əmək­daş­la­rının fikirlərini də nəzərə al­maqla yaxşı bir rəy yazdım. Qə­zən­fər müəllim o rəyi “Bu sev­da ölüncədir” kitabında Dəmir­çizadənin və mənim adımdan çap etdirib. Dissertasiya haq­qın­da rəyi verdikdən sonra ona dedim ki, adaş, bu dis­ser­ta­siyada elə bir fakt var ki, sən onu ya hələlik gizlət, dissertasiyadan çı­xart, ya da təcili onun haqqında bir məqalə yaz, ondan sonra ortalığa çıxart. İndi sözümə baxır hərdən, amma o vaxt sözü­mə baxmadı, çıxartmadı. Az sonra hə­min fakt haqqında M.Şi­rə­liyevin məqaləsi çap olundu. O fakt nə idi? Çox yoldaş bilir ki, türkologiyada feli birləşmələr haqqında müxtəlif fi­kirlər var. Kononov, Qordlevski, Dəmirçi­zadə kimi çox bö­yük alim­lər feli birləşmələri budaq cümlə he­sab etmişlər. Bir sıra alim­lər isə onu budaq cümlə saymır, cüm­lənin mürəkkəb üzvü hesab edir. Onların da əsas dəlili odur ki, feli bir­ləş­mə­nin əsas tərəfi şəxslər üzrə dəyişmir: «mən gələn­də, sən gə­lən­də, o gələndə» və s. Heç bir türk dilində feli bağ­lama şəxs­lənmir. Lakin adaş böyüklü-kiçikli qırxa qədər türk dilləri içə­risində birinci dəfə tapmışdı ki, İraq-Türkmən əhali­sinin dilin­də feli bağlama şəxslənir: «mən gələndəm, sən gə­ləndom, o gələndə, biz gələndək, siz gələndəvüz, onlar gələn­dələr». Bu, bütün türkologiya aləmində çox mühüm bir faktdır və bunu mənim adaşım Qəzənfər Paşayev tapmışdı. Mən de­dim ki, adaş, bunu ya gizlət, ya da özün şərh et. Adaş elə­mədi, Şirə­liyev onun haqqında məlumat verdi.

Dissertasiyada ilk dəfə olaraq İraq azərbaycanlılarının danışdığı dialektin fonetik xüsusiyyətləri çox diqqətlə araş­dı­rılmışdır. Amma adaş bununla kifayətlənmədi, sonrakı gediş­də – 1972-1975-ci illərdə daha çox material topladı. Sizə mə­lum­dur ki, folklorun kiçik janrlarının hər birinə aid, demək olar ki, bir kitab buraxıb: «Kərkük bayatıları», «Kərkük atalar sözləri», «Kərkük tapmacaları», «Kərkük mahnıları», böyük janrlardan «Arzu Qənbər» dastanı. Nəsiminin divanını tapıb çap elədi. Sonra folklor antologiyasının ikinci cildi. Bunlar çox zəngin material verdi və bizim dilçiləri maraqlandırmağa başladı. Səyyarə Mollazadə, Seyfi müəllim, Şövkət Kərimov bu materiallar əsasında yaxşı yazılar yazdılar. İş o dərəcədə nə­zəri cəlb elədi ki, bir gün Ağamusa müəllim dialektologiya şöbəsini məsləhət görür ki, bu əsərlərin dili üzərində işləmək lazımdır. Bir neçə illik işinizi Qəzənfər Paşayevin həmin bu əsər­lərinin üzərində qurun. Şöbə düz üç ilə qədər onun çap etdiyi əsərlərin dili üzərində işləmişdir. Mən şöbəyə müdir gə­ləndə sonuncu il idi. Şöbə əməkdaşları çap materiallarından çox, Qəzənfər müəllimin əlyazmalarından istifadə edirdilər. Qə­zənfər müəllim materialları uzun dəftərlərə yazmışdı. Çap materallarından ona az istifadə edirdilər ki, çapda mətnlər bir qədər ədəbiləşdirilmişdi. Əlyazmalarda hər şey olduğu kimi idi. Şöbə bu yazılardan istifadə edib böyük bir əsər hazır­la­mış­dı. Bundan bir az əvvəl dialektologiya şöbəsinin müdiri ki­mi, Qəzənfər müəllimə məsləhət görmüşdüm ki, namizədlik dissertasiyasını çap etsin. O da yeni materiallar əsasında onu nəzərdən keçirdib, “Kərkük dilinin fonetik xüsusiyyətləri” adlı yaxşı bir monoqrafiya buraxdı. Bunu da daxil elədik İraq-Türkmən ləhcəsinin içərisinə. Qəzənfər müəllim bizim işlə­dik­lərimizə də baxdı, yaxşı bir giriş yazdı, mən də bir ön söz yazdım və onun yaradıcılığı əsasında “İraq-Türkmən ləhcəsi” adlı çox qiymətli bir kitab çap etdirdik.

Bu əsərin əhəmiyyəti nədən ibarətdir? Əhəmiyyəti, şüb­həsiz ki, çox idi. Azərbaycanlıların bir qolu olan bu camaatın dili, şivə xüsusiyyətləri ilk dəfə öyrənilirdi. Amma başqa mü­hüm məsələlər də vardı. Məsələn, bizim görkəmli alim­lə­ri­miz, akademiklər tarixi məsələlərini yaxşı bilmədikləri üçün, gö­rür­sən, bu xalqı düzgün xarakterizə edə bilmirdilər. Aka­de­mik­lər­dən biri yazır ki, öz yurdunda olan azərbaycanlılarla öz yur­dunda olmayan azərbaycanlılar var. Guya İraq-Türkmən əha­lisi öz yurdunda olmayan azərbaycanlılardır. Halbuki Azər­baycan-türk xalqının mənşəyi daha çox ora ilə bağlıdır. Qəzənfər müəllim o tarixə yaxşı nəzər salıb. Qeyd edir ki, bir vaxt Araz çayı şimal ilə cənubu iki yerə böldüyü kimi, 1746-cı ildə Nax­çı­vandan üzü aşağı çəkilən xətlə Azərbaycanın cənub hissəsi də iki yerə bölünüb, bir hissəsi qalıb İraq əra­zi­sində. Çoxları elə bilirlər ki, bunlar ora köçüb gediblər. Qa­zax­dan, Gəncədən kö­çüb gedənlər var, amma bunlar orada ya­şayan köklü əhalidir. İkinci bir əhəmiyyəti odur ki, bunlar özlərini də türkman ad­lan­dı­rırlar, bizi də türkman adlan­dı­rır­lar. İndi çox maraqlıdır ki, bu türkmanlarla Türkmənistan türk­mənlərinin nə əlaqəsi var? Bunlar 1746-cı ildən Türkiyə türklərinin nəzarəti altında olub­lar. Osmanlıların bunlara nə tə­siri olub? Bunların ikisinə də Qəzənfər müəllim həmin əsə­rin girişində geniş faktlarla cavab verib. Göstərir ki, bunların türkmənlərlə heç bir əlaqəsi yoxdur. Osmanlı türkləri isə o vaxtdan bəri bunlara ağalıq eləsələr də, on­ların dilindən bir sı­ra sözlər keçsə də, bunların dili xalis Azər­baycan dilidir və Tür­kiyə əhalisinin dili ilə bunların ara­sında çox ciddi fərqlər var. Hətta bir vaxt türklər məsələ qal­dı­randa ki, onlar bizim əhalidəndir, ingilislər buna etiraz ediblər ki, düz deyil, İraq türk­manları Azərbaycan türkləri ilə bağlıdır, osmanlı türkləri ilə deyil.

Əsərdə, materiallarda dilimizin tarixini öyrənmək üçün çox zəngin faktlar var. Məsələn, Dədə Qorqudda “qavat” sözü var. “Qavat” sözü bizim heç bir şivəmizdə işlənmir, amma orda “qəvvad” sözü «yaramaz», «alçaq» mənasında işlənir. Biz «dör-döşək» deyirik. Elə bilirik, «dör-döşək» qoşa söz­dür. O əhalinin dilində «dör» sözü «qonaq otağı» məna­sın­da­dır. Belə faktlar çoxdur.

Qəzənfər müəllimin yaradıcılığı çox zəngindir. Mən onun, dediyim kimi, yeddi cildliyini ətraflı təhlil etmişəm. Özü də çox oxunaqlıdır, adam əlinə aldıqda yerə qoymaq istə­mir. Qəzənfər müəllim çox səmimi yoldaşdır, çox mehriban yoldaşdır. Mən Qəzənfər müəllimin bütün uğurlarını həmişə öz uğurum kimi qiymətləndirmişəm. Çünki bu millət də hə­mi­şə bizi qarışdırır. Ona görə də onun elədiyi bir çox hallarda məni adıma, mənim elədiyim onun adına çıxılır. Bu barədə bir lətifə də deyə bilərəm. Mən bir institutda Hüseyn Ariflə gö­rüş keçirmişəm. Görüşün sonunda Hüseyn Arif rektorluğa, müəllimlərə, tələbələrə təşəkkür edib qurtardıqdan sonra indi mənə təşəkkür edir. Mən də durmuşam yanında. Deyir ki, sağ olsun Qəzənfər Paşayev, çox yaxşı məclis keçirdi. Sağ olsun Qəzənfər Paşayev, mənim haqqımda yaxşı sözlər dedi. Mən də hirslənib “əşi, mən Paşayev deyiləm” – deyəndə o da mənə hirslənir ki: “Sən də bir kiri görək. Dünən bir ayrı məclisdə onun əvəzinə səni tərifləmişəm”.

Mən Qəzənfər müəllimə uzun ömür, can sağlığı arzu­la­yıram. Səksənilliyində, doxsanilliyində özü ilə birlikdə iştirak edəsiniz.
Muxtar Kazımoğlu: Əziz dostlar, mən bir mətləbə də toxunub, sonra sözü İsrafil müəllimə – İsrafil Abbaslıya ver­mək istəyirəm. Bu mətləb ondan ibarətdir ki, Qəzənfər müəl­lim Şimali Azərbaycan sərhədlərinə sığmayan mənəvi varlı­ğı­mızı tədqiq edəndə iki məsələyə həmişə xüsusi diqqət yetirir. O məsələlərdən biri dil məsələsidirsə, ikincisi folklor məsə­lə­sidir. Qəzənfər müəllim Borçalı türklərindən yazanda da, Dər­bənd türklərindən yazanda da, Kərkük türklərindən yazanda da, Qars türklərindən yazanda da bu iki amili ön plana çıxarır. Mən istəyirəm, Qəzənfər müəllimin folklorşünaslıq fəaliy­yə­tindən danışaq.
İsrafil Abbaslı: Qəzənfər müəllim haqqında danışmaq mənim üçün çox çətindir. Çünki biz uzun illər boyu ünsiy­yət­də olmuş, çap olunmuş kitablarımızı bir-birimizə bağışlamış, bir-birimizin qabiliyyəti, elmi yaradıcılığı ilə maraqlanmışıq. Bu­rada Qəzənfər müəllimin çoxyönlü elmi fəaliyyəti haq­qın­da xüsusi danışdılar. Mən çox fikirləşdirdim ki, onun çoxşa­xə­li yaradıcı fəaliyyətini, kitablarını, araşdırmalarını ümumi şəkildə necə adlandırmaq olar ki, bir anlam, ya bir istilahla onu ifadə etmək mümkün olsun. Mən belə qənaətdəyəm ki, Qə­zənfər müəllim Azərbaycanşünas alimdir, onun bütün bu fəaliyyəti də «Azərbaycanşünaslıq» adı altında ümumi­ləş­di­ri­lə bilər.

Mən Qəzənfər müəllimin bəzi görünməyən tərəfləri haq­­qında danışmaq istəyirəm. Qəzənfər müəllimin bütün bu fəaliyyətləri haqqında həddindən artıq söz deyilə bilər. Onun kitablarını oxuyan adam istər bizim ölkəmiz daxilində olsun, istər ölkəmizin hüdudlarından kənarda onu qiymətləndirə, də­yər­ləndirə bilər. Bir də var onun görünməyən tərəfləri. Bunu onunla sıx ünsiyyətdə olanlar deyə bilərlər. Mən bu gün bu ba­xımdan bir neçə məqama toxunmaq istəyirəm.

Bu gün AMEA-nın Folklor İnstitutu özünü tanıtmış, otu­­ruşmuş institutdur. Amma bu institutun yaranmasında müəy­­yən bir qrupun, bazanın rolu olmuşdur. Burda Qəzənfər müəl­limin də özünəməxsus xüsusi yeri vardır. Onu qeyd edim ki, mən Qəzənfər müəllim haqqında düşüncələrə dalanda fi­kir­ləşirdim ki, bunu necə qiymətləndirmək olar. Peyğəm­bə­ri­mizin belə bir kəlamı yadıma düşdü. İnsan üç şeyi unutmalı, üç şeyi isə həmişə yadda saxlamalıdır. Yadda saxlayacağı şey­­lərdən biri ölümdür. Unudacağı şeylərdən birincisi elədiyi yaxşılığı unutmaqdır. İkincisi, sənə olunan pisliyi unut­malı­san. Bu gün Qəzənfər müəllimin 75 illiyini qeyd edəndə mən düşünürəm ki, bax bu kəlamlar onun həyatına uyğun gəlir. Çün­ki Qəzənfər müəllim belə bir həyat tərzi keçirməsəydi o, bu gün gəlib 75 yaşına çatmazdı və bu da az-az insanlara qis­mət olan ömür yoludur.

Folklorşünaslar, ümumiyyətlə elm sahəsinin adamları ke­çid dövründə, hamınız yaxşı bilirsiniz, çox acılı bir güzaran keçirdirdilər. Bu təbii bir gediş, tarixi mərhələ idi. Vəziyyət o dərəcəyə gəlib çatmışdı ki, pul vahidi çatışmırdı. Onun yerinə istiqraz vərəqələri verirdilər, ona da mağazaların heç birindən ərzaq almaq olmurdu. Məcbur olurduq ki, istiqraz vərəqələri ilə veteranlar dükanından müəyyən qədər mal alaq ki, pulun qa­­lığını qaytaranda ona ərzaq ala bilək. Belə bir dövrdə Qə­zənfər müəllim tez-tez bizim şöbəyə gəlib gedirdi. Bir gün o, şöbənin rəhbəri kimi mənə dedi ki, İsrafil, bu şöbədə neçə nə­fər işləyirsiniz? Dedim, Qəzənfər müəllim beş-altı nəfərik. Bi­zim söhbətimiz bununla bitdi. Bu açıqlamanı birinci dəfədir məclisdə səsləndirirəm. Bunu etiraf eləməliyəm. Bir müd­dət­dən sonra Qəzənfər müəllim gəldi, zərfdə mənə nəsə verdi, de­di ki, bunu özün necə istəyirsən şöbədə bölərsən. Dedim, nədir? Dedi, müəyyən qədər puldu. Mən bunu şöbənin bir əmək­daşına verdim və tapşırdım ki, bunu beş-altı nəfər ara­sın­da fərq qoymadan bölsün. Bu, uzun müddət davam etdi. Son­ra gördük ki, bu vəziyyət artıq vərdiş şəkilini alır və mən Qəzənfər müəllimdən xahiş elədim ki, mənim xətrimi istə­yir­sinizsə bu pul işini dayandırmaq lazımdır. O da sözə baxdı, bu işi dayandırdı. Amma o balaca kollektiv sonra oldu Folklor İns­ti­tutuna çevrildi. Belə güzaranlarımız çox olub.

Mənim Qəzənfər müəllimin xeyriyyəçiliyi ilə bağlı baş­qa bir epizod da yadımda qalıb. Qəzənfər müəllim gələndə ins­ti­tu­tu gəzirdi, baxırdı kimin vəziyyəti necədir. Bir nəfər çox pis və­ziyyətdə idi. O, mənə bir məbləğ verib dedi ki, bəs bunu apar ver filankəsə. Mən də götür-qoy elədim, dedim, mən verə bil­mə­rəm, özünüz verin. Mən bilirdim, bu nədir, am­­ma miqdarını bilmirdim. Fikirləşdim ki, mən bunu aparıb həmin şəxsə çatdır­sam, bəlkə o adam götürmədi. Onda Qə­zən­fər müəllimlə mə­nim aramda bir şübhə yeri qalar ki, o məb­lə­ği mən ona çat­dır­mamışam. Mənə dedi ki, yox, mən sənə inanıram, sən bunu apa­­rıb verməlisən. Mən də apardım verdim o şəxsə. Ona dedim ki, Qəzənfər müəllimə təşəkkür etsin və paketdəki məbləği ona bildirsin. Deməyim odur ki, Qəzənfər müəllimin belə xeyirxah əməlləri çox olub, bunlar haqqında çox danışmaq mümkündür. Belə bir rəvayət var. De­yirlər, bir adam ölkəni tərk edəndə, yeni bir yaşayış məs­kə­ni seçəndə həmişə orda iki şeyi nəzərə alma­lıdır. Birinci qə­biristanlığa getməlidir. Orda müəyyən edilə bilər ki, bu xalq öz keçmişinə, öz ağsaqqalına nə dərəcədə hörmət edir. Ondan sonra bilər ki, burda yaşamaq mümkündür. Burda hörmət var, izzət var, soykökün, ağsaqqalın yeri bilinir. İkincisi, ba­zara getməlidir, görsün, orda bolluqdur, ya yox. Bu söhbəti mən Qə­zənfər müəllimə tətbiq etmək istəyirəm. Qə­zənfər müəl­li­min görünməyən çox fəaliyyəti olub. Qaçqınlara, Qarabağ mü­­haribəsi əlillərinə ev tikdirib. Bir çox kitablara sponsorluq edib. Hətta eşitdiyimə görə, Qurani-Kərimin nəşrin­də də fəa­liy­yəti olub. Bir sıra ziyalılarımız olub, dünyasını dəyişəndə onla­rın ailələrinin mərhuma abidə qoymaq imkanları olma­yıbdır. On­ların qəbrinin üstünü Qəzənfər müəllim götüz­dü­rüb. Fəxri xi­yabanda bir gözətçi var. Ora baş çəkəndən soru­şur ki, Qəzən­fər müəllimi tanıyırsan? Bax, filan, filan abidələr Qəzənfər müəl­limin xidmətidir. Qəzənfər müəllim öz fəaliy­yəti, xeyir­xah­lığı, xeyriyyəçi işləri ilə o dünyasını bu dünyada qazanmış ziyalıdır.

Bilirsiniz ki, prof. Xalıq Koroğlu bizim «Koroğlu» epo­su­nun Moskvada nəşri ilə bağlı Azərbaycana çox güzar elə­yir­di. 1986-cı ildə mən doktorluq dissertasiyasını müdafiə edən­­də respublikada bir nəfər də olsun mənə opponent ol­ma­ğa razılıq vermədi, hamısı imtina etdi. Ona görə də mən ağır vəziyyətdə kənardan opponent gətirdim. Daşkənddən, Tif­lisdən, İrəvandan və s. Həmin dövrdə mən prof. Xalıq Ko­roğ­luya Moskvada fəaliyyət göstərən bir ziyalı kimi opponentlik təklif edəndə o razı oldu. İki-üç gündən sonra biz institutda görüşəndə dedi ki, İsrafil, səndən bir şey soruşacağam, amma sual vermə. Dedim, buyur. Dedi ki, mən sənə opponent olma­ya­cağam. Amma mən and içirəm oğlumun canına ki, AAK-da sənə kömək edəcəyəm. Belə də oldu. Lakin mən özümü həmi­şə borclu sayırdım, ürə­yimdə dolandırırdım. Tale elə gətirdi ki, biz Kareliyada – Pet­rozavodskidə müşavirədə Xalıq müəl­lim­lə görüşdük. Mən Xa­lıq Koroğluya dedim ki, Xalıq müəl­lim, siz belə bir xeyirxah addım atdınız. Fikirləşdim ki, yəqin, siz Bakıya gələrsiniz, biz oturub dərdləşərik, sizə təşəkkür edə­rəm. Dedi ki, İsrafil, mən səni yaxından tanıyıram. Sən ki onu ürəyində dolandırırsan, o mənim üçün kifayətdir. Mən bu söhbəti də Qəzənfər müəllimə yönəltmək istəyirəm. Sizin əl tutduğunuz adamlar istər elmdə, istər ayrı-ayrı şəxslərin sima­sın­da olsun, siz onların ürəyində dolanırsınız. Elə o, sizin üçün kifayətdir. Sizə uzun ömür, can saglığı, sevincli illər ar­zu edirəm.



Muxtar Kazımoğlu: Mən belə hesab edirəm ki, folk­lor­şünas alim kimi Qəzənfər müəllimin ən böyük xidmətlərindən biri ondadır ki, o, Kərkük xoyratlarını, mahnılarını, digər folk­­lor janrlarını ifa prossesi ilə vəhdətdə götürüb. Və gös­tərib ki, insanlar mahnını, xoyratı ifa prossesində bizə çatdı­rıb­lar, bu nümunələri heç də oturub evdə şeir kimi yazma­yıb­lar.

İstəyirəm sözü Türkiyədən olan dostumuz Seyfəddin Al­taylıya verim.


Seyfəddin Altaylı: Muxtar müəllim, siz Qəzənfər Paşa­yevin, hörmətli alimimizin adını Fizuli ilə əlaqələndirdiniz. Çox düzgün bir əlaqələndirmə idi. Qəzənfər müəllimə hör­mə­tim böyükdür. O, mənim dissertasiya işimin müdafiəsində icla­sın rəhbəri idi. Buna görə də ona minnətdarlığımı bil­di­rirəm.

Bizə görə Qəzənfər Paşayev kimdir? Təbii ki, sizlər onu Azərbaycanda bir alim kimi, bir folklorşunas kimi dəyər­lən­di­rirsiniz. Amma Türkiyədən biz ona ayrı pəncərədən baxırıq. Yə­ni bir insan bizim dünyamıza nə verib və nə verəcəkdir: bu prizmadan yanaşırıq. Qəzənfər müəllim təkcə Azərbaycanın və Kərkükün deyil, bütövlükdə türk dünyasının görkəmli ali­midir. Onun elmi ədəbiyyata və ictimai ədəbiyyata gətir­dik­ləri Tür­kiyədə çox yaxşı bilinir. Məsələn, burda bir şəx­siy­yətin adını qeyd etmək istəyirəm. Rəhmətlik Abbas Zama­no­va Səlçuq uni­versiteti fəxri doktorluq adı vermiş və onu Tür­ki­yəyə dəvət et­mişdi. Onu VİP zalında böyük bir təntənə ilə qəbul etdik, Türk Standartlar Inistitunun qonaq evində yer­ləşdirdik. Ora düşən kimi Asiya xanıma yox, birbaşa Qə­zən­fər müəllimə zəng elədi. Dedi, Qəzənfər mən Ankaraya çat­dım. Mənə 4 mərtəbəli bir bi­na veriblər, burda tək başıma qa­lacağam. Bu, Abbas müəl­li­min Qəzənfər müəllimə gös­tər­di­yi diqqət idi. Abbas müəllim Türkiyədə, sadəcə olaraq, bir alim kimi tanınmayıb, Türkiyə ilə Azərbaycan arasında sözün hə­qi­qi mənasında körpü rolunu oynayan, körpü yaratmış bir in­sandır. O öz məhəbbəti, biliyi ilə Türkiyə ilə Azərbaycanı bir-birinə yaxınlaşdırıb və kitabxa­na­sı­nı Atatürk Uni­versi­te­ti­nə bağışlayıb.

Mən o vaxt Qəzənfər müəllimin adını eşitmişdim. Am­ma sevinirəm ki, o, 90-cı ildə Türkiyəyə gələndə əyani tanış oldum və o zamandan bu yana onun gördüyü işlərə baxaraq fi­­kirləşirəm ki, Qəzənfər müəllim, sadəcə, Azərbaycanın, Kər­­­kükün yox, bütövlükdə türk dünyasının sərvətidir. Tanrı hər insanı yaratdığı zaman onu bir missiya yükləndirir. Qə­zən­fər müəllimin də boynuna türk dünyasının görkəmli bir ali­mi, görkəmli bir ictimai xadimi olmaq kimi bir missiya qo­yulub.

Qəzənfər müəllimi təbrik edirəm və Folklor İnstitutuna da təşəkkür edirəm ki, bu cür alimlərimizi qiymətləndirir, də­yərləndirir və bu, gələcək nəsillər üçün də görk olur.


Yüklə 399 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə