Hardasan, ay subayliq 3 pərdəli komediya Iştirak edirlər


Novruzəli ayağa qalxır. Hamını gülümsər nəzərlərlə süzür, o, xasiyyətnaməni göstərərək, səliqə ilə büküb cibinə qoyur



Yüklə 244,84 Kb.
səhifə3/3
tarix02.01.2018
ölçüsü244,84 Kb.
#19431
1   2   3

Novruzəli ayağa qalxır. Hamını gülümsər nəzərlərlə süzür, o, xasiyyətnaməni göstərərək, səliqə ilə büküb cibinə qoyur.
N o v r u z ə l i. Bu mənim xasiyyətnaməm! (Özündən məmnun halda gülür.) Atalığımın canı üçün, bu gün siz mənə böyük xəcalət verdiniz, əslində heç danışmaq fikrində deyildim. Indi ki, belə oldu görün mən nə deyirəm?!

Bu vaxtadək doğrusu,

Bilmirdim öz qədrimi.

Istəyirmiş, sən demə,

Hamı mənim xətrimi.

And içirəm vicdana,

Getmirəm heç bir yana.

Orkestrdə qalıram,

Əvvəlki tək çalıram.

H a m ı. Necə? Necə? Qalırsan? Orkestrdə çalırsan?

T ə b i l v u r a n. Qalır?

G i t a r a ç ı. Qalır?

S a k s a f o n ç u. Qalır?

Q. S ə d a. Qalır?

N o v r u z ə l i. Qalıram, orkestrlə də qohum oluram.

H a m ı. Bay!!!...


Musiqi

N o v r u z ə l i. İşləyirəm sizinlə

Mən xeyli bir zamandır.

Fikirləşib görürəm,

Bu ayrılıq yamandır.

And içirəm vicdana,

Getmirəm heç bir yana.

Orkestrdə qalıram,

Əvvəlki tək çalıram.

H a m ı. Necə? Necə? Qalırsan? Orkestrdə çalırsan?

T ə b i l v u r a n. Qalır?

G i t a r a ç ı. Qalır?

S a k s a f o n ç u. Qalır?

Q. S ə d a. Qalır?

N o v r u z ə l i. Bəli, qalıram, sabah yox birisi gün də hamınızı toyuma çağırıram.

H a m ı. Bay!!!...


Pərdə

ÜÇÜNCÜ PƏRDƏ
Pərdə qabağında. Təzə kostyum geymiş Novruzəli, hər iki əlində zənbil oxuyz-oxuya gəlir.
N o v r u z ə l i. Tələsmişəm, baxmamışam,

Görməmişəm necə qaradır.

Dərə xəlvət, tülkü də bəy,

Gecə qaradır, cücə qaradır.

Məhəbbətin gözü kor olar,

Almamışam vecə, qaradır.

Dərə xəlvət, tülkü də bəy,

Gecə qaradır, cücə qaradır.


Musiqi fonunda
Bıy!.. Yoruldum, əldən düşdüm. (Şeyləri yerə qoyub, skamyada əyləşir.) Mən indiyəcən belə ağır yük altına girməmişdim. (Cibindən bir kağız çıxarıb baxır.) Qoy görüm Gülyanağın tapşırıqlarından yaddan çıxanı yoxdur ki? (Siyahıdakıları sadalamağa başlayır.) Almışam beş şüşə konyak, üç araq, bir də ki, əmmaməsi ağ dörd dənə şampan, pah atonnan, gəl alış yan, nə yaman çıxdı yadımdan limmonad, çaşdırıb arvad məni, ey dad, şokolad yaxşı ki, aldım, limonad yox, su içərlər! Adə, bəs yağ!? (Qalxıb gedərkən qarşıda pişik görüb dal-dalı çəkillir.) Pişd-pişd! Sən ölməyəsən, bu hardan çıxdı? Adə, pişdə! Heyif deyil it, tutub bağlayalar... Pişdə,.. pişdə!.. Sahibinə lənət! Keçdi qabağımdan, allah xeyrə calasın!
Gedir, pərdə açılır, dəhlizin zəngi çalınır. Gülyanaq gəlib qapını açanda N o v r u z ə l i hər iki əlində zənbil içəri girir.
G ü l y a n a q. Novruzəli, gərək bağışlayasan, bu gün sənə lap əziyyət verdim

N o v r u z ə l i. Gülya, atalığımın canıyçün, bir də belə danışsan inciyərəm. Bəs kişi neyçündür? Mən dura-dura bazara sən gedəcəksən?

G ü l y a n a q. Dediyim şeylərin hamısını aldın?

N o v r u z ə l i. Hamısını. Amma yağ yadımdan çıxmışdı. Yarı yoldan qayıdıb, təzədən bazara cummuşam.

G ü l y a n a q. Görürəm, tərləmisən.

N o v r u z ə l i. İçkini bir az da çoxaltdım. Fikirləşdim, həm Əhmədağanın yaş günüdür, həm də ayıb olmasın, bizim ixtilat günümüzdır. Dedim, qoy məclisimiz təmtəraqlı keçsin. Verdiyin pulların axırıncı qəpiyinə qədər xərclədim. Məsləhət üçün sənə telefon elədim, evdən cavab verən olmadı.

G ü l y a n a q. Kişidən aliment pulu gəlmişdi, poçta getmişdim.

N o v r u z ə l i. Aldın?

G ü l y a n a q. Aldım. Yaxşı, verdiyim ünvana uşağa teleqram vurmaq yadından çıxmadı?

N o v r u z ə l i. Elə şey də yaddan çıxar? Vurdum, atasını da yandırdım.

G ü l y a n a q. Nə yazdın?

N o v r u z ə l i. Yazdım ki, gözümüzün işığı, ömrümüzün yaraşığı, Əhmədağa bala! Bu gün necə bir bayram, həm də sənin dünyaya gəlməyin münasibəti ilə evimizdə vur-çatlasındır. Sənə təbrik, dərslərinə beş! Day boq, svadba. Daha onu yazmadım ki, ananı alıb sənə ata oluram... Bilirsən... hələ kəbinimizi ki, kəsdirməmişik, özümü naməhrəm sanıram. Bu dəqiqə həyətinizə qədəm qoyanda inan ki, bir köynək ət tökdüm.

G ü l y a n a q. Əşi, arada təmiz məhəbbət olandan sonra kəbin nəyimizə lazımdır?!

N o v r u z ə l i. Orası elədir, Gülya... Ancaq mənim şakərim pisdir. ZAQS-sız yüz il də yaşasaq, sənin qolundan demirəm, heç çeçələ barmağından da tutmağa əlim qalxmaz... Başa düşürsən məni?!

G ü l y a n a q. Başa düşürəm. Darıxma. Hələ bir-iki gün bayramdır. ZAQS –bağlı olacaq. Bu axşam, inşallah, evlənməyimizi qeyd edərik. Sonra gedib rahatlıqla kəbinimizi kəsdirərik. Yaxşı, qonaqlar nə vaxt yığılacaqlar?

N o v r u z ə l i. Bir azdan gələrlər. Orkestrdəkilərin hamısına xəbər vermişəm.

G ü l y a n a q. Ağıllı iş görmüsən. Sən dincəl, mən gedim aynabənddə stolu düzəldim.
Gedir. Novruzəli dər-divara baxır.
N o v r u z ə l i. Novruzəli, daha sənə nə lazımdır?! Ölmək istəyirsən, ket Mazandarana. Maşallah əcəb ev –eşiyi var. Belə arvadın qoyarlar canına soyuq dəysin? Sağlıq olsun, bir azdan Gülyanağın aliment pulundan Sənubərin alimentini ayırıb göndərəcəyəm ona. Qalanını da səliqə ilə qatlayıb basacağam cibişdanıma. Ondan sonra orkestrdən çıxıb oturacağam evdə. Heç BXŞMB - yə də getməyəcəyəm. On iki ildir filəyirəm, daha bəsdir. Məndən Bethoven olmayacaq, canım sənə desin... O birisindən, adı nədir?.. Ondan olmayacaq. Dünən oturub hesablamışam. Manaflı xanımın sayeyi-mərhəmətindən, o balaca qızın hesabına düz on altı il sərasər aliment alacağam. Zatıma lənət əgər Səltənəti, atamın adını qoyduğum Atobbadan az istəyirəm! Qərəz... Sənubəri buraxıb Gülyanağı tutmaqda çox ağıllı hərəkət etmişəm.

Məhəbbətdə aləmə səs salmışam,

Mən təzə sevdada yaman çalmışam.

Saxlayacaqdır məni bu kefi çağ,

Doşab almışam, bal çıxıbdır Gülyanaq.

Mənimkidir mənzil, həyət, bağçabağ.

Gedim bir həyət-bacasına tamaşa edim. Görüm sabah maşın alsam, qaraj üçün yerim var, yoxsa yoxdur?
Gedir. Qonaqlar iki-bir, üç-bir həyətə toplaşırlar.
Q. S ə d a. (yanındakılara). Mən indi başa düşdüm ki, Novruzəli nə üçün orkestrdən ikiəlli yapışıb. Fikirləşirdim gedər BXŞMB - yə, qulağımız sakit olar. Sən demə, bunun başqa azarı varmıış! Demirəm Gülyanaq pis qadındır. Xeyr!.. Axı öz aramızdır, o, Norruzəliyə bab deyil.

S a k s f o n ç u. Uzağa getmirəm, bax elə bu yaşadığımız şəhərdə sənə yüzlərlə cavan oğlan göstərərəm, nənəsi yaşında dul arvada sığınıb, onun hesabına dolanır.

G i t a r a ç ı. Bu da bir növ məhəbbət dəbidir. Bəs atası yaşında kişilərə ərə gedən qızları neyçün demirsən?

Q. S ə d a. Məlum məsələdir hər iki variantda uduzan cavanlar olacaq. Sonrakı peşmançılıq isə fayda verməyəcək.


Rəşidlə çalğıçılar pıqqıldaşıb gülüşürlər. Q.Səda şəklənir.
Bura baxın, siz heç düz adama oxşamırsınnız. Məni də zorla dartıb gətirdiniz. Qorxuram burada bir kələyiniz olsun. Doğrudanmı biz uşağın yaş gününə gəlmişik?

A y n a. Yaş günü olmağına yaş günüdür. Amma... (Gülür, sözünün dalını gizlədir.)

R ə ş i d . Mayestro, siz heç tələsməyin. Görün bir nələr olacaq?

S a k s f o n ç u. Nə əcəb Nora yoxdur?

Q. S ə d a. Arxayın ola bilərsiniz. Nora orkestrdən getdi. Sağ əli Novruzəlinin başına.

S a k s f o n ç u. Sizi şad xəbər olasınız! Mayestro, hara, nə işə gedib?

Q. S ə d a . Restoranda oxuyacaq.

G i t a r a ç ı. Axir ki, o qız öz yerini tapdı.

R ə ş i d . Nora işini yaxşı bilir.

Q. S ə d a. Ancaq onu kim əvəz edəcək?!

A y n a . Rəxşəndə!

Q. S ə d a. Demək asandır. Rəxşəndə bir həftəyə Noranın repertuarını hansı mahnılarla dolduracaq?

R ə ş i d. Gözəl Azərbaycan mahnıları ilə. Son vaxtlar Ayna ilə də, onunla da məşğul olmuşam. Rəxşəndə qastrola çıxmağa tam hazırdır.

A y n a . Mayestro, biz bura gəlməmişdən əvvəl bir daha ona qulaq asdıq. Rəxşəndə çox gözəl, çox məlahətli oxuyur.

Q. S ə d a . Sağ olun, məni nigarançılıqdan qurtardınız.

R ə ş i d. Mayestro, bizim çalışdığımız yalnız ona görədir ki, orkestrimizin ruhu, kollektivimizdəki adamların zövqü, qəlbi təmiz olsun.

Q. S ə d a. Nə isə, gedəyin içəri.

S a k s f o n ç u. Mayestro, qoy zəngi basım sonra...


Saksafonçu zəngi basır. Gülyanaq və Novruzəli qonaqları qarşılamaq üçün həyətə çıxırlar.
N o v r u z ə l i. Əziz qonaqlar,

Sənət dostları,

Salam əleyküm,

Qalxın yuxarı.


Hamı ilə əl tutub görüşür.
G ü l y a n a q. Qapım açıqdır,

Daim üzünüzə.

Xoş gəlibsiniz,

Hamınız bizə.

H a m ı. Mübarək olsun sizin, oğlunuzun ad günü,

Ömrünüzü uzatsın, ailənizin şad günü.

N o v r u z ə l i. Buyurun süfrə başına, mənim əzizlərim, bala-bala böğazını yaşladıb bir –birimizi tərifləyək.
Yuxarı qalxan qonaqlar hədiyyələrini Gülyanağa verib, onu təbrik edirdilər. Növbə Ayna ilə Rəşidə çatanda onlar həyətdə dayanmış Novruzəliyə yaxınlaşırlar.
A y n a. (bağlamanı gülə-gülə ona ötürür) Novruzəli, heç əməlli –başlı bilmədik ki, bu gün Əhmədağanın yaş günüdür... yoxsa sizin toyunuzdur. Elə bir oyuncaq alıb gətirdik. Gərək bağışlayasınız.

N o v r u z ə l i. Gədə oyuncaqlıq deyil a... yekədir.

T ə b i l v u r a n. (Geri qayıdır). Gülyanaq bacı, sizi telefona çağırırlar.

G ü l y a n a q. Kimdir?

T ə b i l v u r a n. Tanımadım. Bir kişidir.
Gülyanaq və qonaqlar evə keçirlər.
N o v r u z ə l i. (Tək qalır) daha üstünü vurmayım. Atalığımın canıyçün, bu saat gördüklərimə, eşitdiklərimə inanmıram. Elə bil qanadsız bir mələyəm, vaz atıb, cənnnətə düşmüşəm. (Gülyanaq həyətə enəndə Novruzəli ona yaxınlaşır.) Gülya, səni telefona çağıran kim idi?

G ü l y a n a q. Kişi idi. Uşağın ad gününü təbrik edirdi.

N o v r u z ə l i. Adamın allahı var, elə məndən qabaqkı ərin də... Səltənətin atasını deyirəm ey, mənim kimi qabiliyyətli adama oxşayır.

G ü l y a n a q. Sən xərifləmisən nədir? Səltənət anasız uşaqdır. Atası da mənim qardaşımdır.

N o v r u z ə l i. Necə? Səltənət sənin qızın deyil?! Sən alimenti ona görə almırsan?

G ü l y a n a q. Yox, amma onu doğma balamdan da çox istəyirəm

N o v r u z ə l i. Sən nə danışırsan?

G ü l y a n a q. Eşitdiklərini. Alimenti mənə Əhmədağanın atası göndərirdi. İndi maşallah uşağın on səkkiz yaşı tamam olur. Bu gündən də aliment haqq-hesabı qurtardı...

N o v r u z ə l i. (özünü itirir.) Necə? Sən daha aliment almayacaqsan? Bıy!!! (Səndələyib yıxılır).

G ü l y a n a q. Ay camaat, köməyə gəlin Norruzəli əldən getdi (Qonaqlar həyətə tökülüşürlər. Novruzəlini yıxılmış görüb heyrətlənirlər.)

R ə ş i d . Buna nə olub? Bu niyə uzanıb?

G ü l y a n a q. Birdən birə əhvallı dəyişdi gedənin.

Q. S ə d a . (Təbilvurana) Ket su gətir. (Saksafonçuya) Sən də bir şey tap yellə! Bekar dayanma. (Saksafonçu gedib manqalı yrlləyir) Adə, manqalı yox ey, Novruzəlini yellə! (Novruzəlinin nəbzini yoxlayır.)

A y n a. Gülyanaq bacı, bir danışsana, buna nə oldu?

G ü l y a n a q. (Gülür.) Söhbət alimentdən düşdü. Elə ağzımı açdığımı gördüm... Dedim bu gün Əhmədağanın on səkkiz yaşı tamam oldu, alimentim qurtardı. Hə! Gərək onda tamaşa eləyəydiniz şalban kimi necə tir-tap sərildi yerə. Mən bunun qarnının ağrısını çoxdan bilirdim. O, elə güman edirdi ki. Mən alimenti Səltənətə görə alıram.

Təbilvuran gəlib suyu Q. Sədaya verir.
T ə b i l v u r a n. Al içirt ona, ayılsın.
Q. Səda stəkanı Novruzəlinin boğazına boşaldan kimi o çırpınıb ayağa qalxır. Qonaqlar heyrətlənirlər.
Q. S ə d a. (stəkanı iyləyir). Adə, evin yıxılsın. Sən su əvəzinə araq gətirmisən ki!

T ə b i l v u r a n. Suları gəlmir, mayestro!

G ü l y a n a q. Eybi yoxdur, şollar suyu içsəydi belə dikəlməzdi.

Q. S ə d a. Bu Novruzəlini mən yaxşı tanıyıram. O, əzrayıla da bir nömrə gəlib aradan çıxar.

R ə ş i d. Novruzəli, getdin o dünyanı gəzdin gəldin? Bir danış görək o yanlarda nə var, nə yox... Xam arvad- zad tapmadın?
Hamı gülür. Çıxılmaz vəziyyətdə qalan Novruzəli çəkilib əzgin halda qıraqda dayanır.
G ü l y a n a q. Lənət sənin vicdanına!

Q. S ə d a. Əgər varsa!

G ü l y a n a q. Bax, adama belə divan tutarlar. Kələyini çoxdan duymuşdum. Iç üzünü açmağa fürsət axtarırdıq. Nəhayət əlimizə məqam düşdü.

R ə ş i d. Biz bu komediyanı məclisin axırında göstərmək istəyirdik, ancaq Gülyanaq tələsdi.

G ü l y a n a q. Mən yox, Novruzəli tələsdi. (Novruzəliyə.) İndi get bir özündən de, bir də Əhmədağanın anası mən Gülyanaqdan!

Q. S ə d a. Sağ ol, Gülyanaq! Məni də nigarançılıqdan qurtardın. (Gülyanaq ona yaxınlaşır).

G ü l y a n a q. Bağışlayın, mayestro, hər şeydən xəbərdaram. O gün kafenin qabağında bir balaca... anlaşılmazlıq olub.

Q. S ə d a. Yenə gec deyil. Səhvimizi düzəldərik. Ancaq bundan sonra ikilikdə mənə mayestro demə...

G ü l y a n a q. Qüdrət Səda?

Q. S ə d a. Sədasız, ay vəfasız! (ona yaxınlaşıb qımışır.)

N o v r u z ə l i. Yenə dul kişi kimi qaldım arvadların əlində çakahaçəkdə!

Hardasan, ay subaylıq

Yox sənə tay, subaylıq!

Q. S ə d a. Novruzəli, sən heç bu zorbalıqda xoruz buraxmamışdın.


Hədiyyə gətirilən xoruz oyuncağı çıxarıb Novruzəlinin qoltuğuna dürtür. Hamı gülüşür.
H a m ı. Saf məhəbbət dar ürəkdə çağlamaz

Novruzəli, özü yıxılan ağlamaz.

Qeyrətli kəs özgəyə bel bağlamaz...

Novruzəli, özü yıxılan ağlamaz.


Novruzəli çəkilə-çəkilə qorxaq bir tərzdə, gülüş sədaları altında uzaqlaşır.
P ə r d ə


Yüklə 244,84 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə