Harold Pinter Ad Günü


MəkKen. Eynəyin kənarları sınıb.  Qoldberq



Yüklə 335,44 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix26.10.2017
ölçüsü335,44 Kb.
#6789
1   ...   7   8   9   10   11   12   13   14   15

MəkKen. Eynəyin kənarları sınıb. 

Qoldberq. Bu necə oldu? 

MəkKen. O eynəyini gözünə taxmaq istəyirdi. Onu bu vəziyyətdə tərk etdim. 

Petey. (Mətbəx qapısında görünür). Bəlkə ona kömək lazımdır? 

 

Petey və MəkKen dönüb ona baxırlar. 



 

Qoldberq. Xeyr, xeyr, lazım deyil. Hər şey yaxşıdı, mister Bols. Bu onu bir müddət 

sakitləşirəcək, fikrini başqa şeylərdən yayındıracaq  



Petey. Bəs həkim necə?  

Qoldberq. Onun üçün hər şey edilib.  

 

MəkKen ayaqqabı rəfinə tərəf gedir, fırçanı götürüb ayaqqabılarını təmizləyir.  



 

Petey. (Stola tərəf gedir) Məncə, ona həkim lazımdır.  

Qoldberq. Düzdü. Onun üçün hər şey edilib. Biz ona bir az vaxt verəcəyik hazırlaşsın, 

sonra mən onu Montiyə aparacam.  



Petey. Sən onu həkimə aparacaqsan?  

Qoldberq. (Diqqətlə ona baxır) Əlbəttə. (Sükut. MəkKen ayaqqabılarını təmizləyir). 

Deməli, missis Bols bizə dadlı bir şey hazırlamaq üçün gedib?  



Petey. Elədir.  

Qoldberq. Təəssüf ki, biz o vaxta qədər qala bilmərik.  

Petey. Gedəcəksiz?  

Qoldberq. O vaxta qədər bəlkə getdik.  

 

Sükut 



 

Petey. Yaxşı, düşünürəm ki, bu arada gedib bağda əkdiklərimə baş çəksəm pis olmaz. 

Qoldberq. Bu arada?  

Petey. Yəni Stenlini gözlədiyimiz müdətdə. 

Qoldberq. Nəyi gözləyənə kimi? (Petey arxa qapıya tərəf gedir) Siz dənizə 

getməyəcəksiz?  



Petey. Xeyr, hələ yox. O, aşağı düşəndə mənə xəbər verin, mister Qoldberq.  

Qoldberq. Bu cür havada dənizdə çox adam olacaq. Hamı özünü günə verəcək, dənizdə 

çiməcək. Bəs oturacaqlar? Onlar hazırdır?  



Petey. Mən səhər onları bayıra qoydum.  

Qoldberq. Bəs biletlər? Biletləri kim alacaq?  

Petey. Hər şey yaxşı olacaq. Buna görə narahat olmayın. Mən indi gələcəm.  

 

O gedir. Qoldberq qalxır, pəncərəyə yaxınlaşır və onun arxasınca baxır. Mak stulda 



əyləşir və kağızı hissə-hissə kəsməyə başlayır.  

 

Qoldberq. Hər şey hazırdır?  



MəkKen. Əlbəttə.  

 



Qoldberq ağır-ağır gəzir. O, sağ tərəfdə əyləşir və MəkKenə baxır.  

 

Qoldberq. Bir də belə etmə.  



MəkKen Nə?  

Qoldberq. Sən niyə həmişə belə edirsən? Bu, mənasız bir şeydir.  

MəkKen. Bu gün sənə nə olub?  

Qoldberq. Suallar, suallar. Mənə belə suallar vermə. Səncə mən nəyəm?  

 

MəkKen ona baxır. Sonra kəsdiyi hissələri qəzetin içərisinə qoyub, qəzeti bükür.  



 

MəkKen. Yaxşı?  

 

Sükut. Qoldberq stula söykənir və gözlərini yumur.  



 

MəkKen. Yaxşı?  

Qoldberq. Nə yaxşı?  

MəkKen. Biz gözləyəcəyik, yoxsa gedib onu götürəcəyik?  

Qoldberq. (Astaca) Sən onu aparmaq istəyirsən?  

MəkKen. Mən buna son qoymaq istəyirəm.  

Qoldberq. Başa düşürəm.  

MəkKen. İndi biz gözləyəcəyik, yoxsa onu götürüb aparacağıq?  

Qoldberq. (Onun sözünü kəsərək) Bilmirəm niyə, ancaq mən özümü yorğun hiss edirəm. 

Mən bir az ...heç özüm də başa düşmürəm.  



MəkKen. Doğrudan?  

Qoldberq. Nə isə qeyri adi bir şeydir.  

MəkKen. (Yavaşca qalxır və Qoldberqin stulunun arxasına keçir. Pıçıltı ilə) Gəl bitirək 

və gedək. Gəl buna son qoyaq və gedək. Bu qanlı işi sona çatdıraq. (Sükut) Yuxarı 

qalxım? (Sükut) Net! (Qoldberq stulda əyləşir. Mak ona tərəf əyilir). Simi!  

Qoldberq. (Gözünü açır) Sən məni necə çağırdın?  

MəkKen. Kim?  

Qoldberq. (Əsəbi şəkildə) Məni bir də belə çağırma! (MəkKenin boğazından tutur) HEÇ 

VAXT MƏNİ BELƏ ÇAĞIRMA! 



MəkKen. (Boğularaq) Net! Net! Mən sənə “Net” dedim. And içirəm ki, mən sənə “Net” 

dedim. Sual verirdim, ancaq bir sual.  



Qoldberq. (Onu kənara itələyir) Nə sual?  

MəkKen. Yuxarı qalxım?  

Qoldberq. (Qəzəblə) Yuxarı? Mən elə bilirdim sən daha ora getməyəcəksən?  

MəkKen. Nəyə görə?  

Qoldberq. Özün belə demişdin.  

MəkKen. Mən belə söz deməmişəm.  

Qoldberq. Deməmisən? 

MəkKen. Kim dedi bunu? Mən belə söz deməmişəm! Mən indi yuxarı qalxıram! 

 

O, sürətlə yuxarı qalxır və sol tərəfəki qapıya yaxınlaşır. 



 


Qoldberq. Gözlə! (O, ayağını stulun yaqlarına tərəf uzadır). Bura gəl. (MəkKen yavaş-

yavaş ona yaxınlaşır). Mən sənin fikrini öyrənmək istəyirəm. Mənim ağzıma bax. (Ağzını 

geniş açır). Yaxşı bax. (MəkKen baxır). Bilirsən mən nə demək istəyirəm? (MəkKen 

diqqətlə baxır). Bilirsən, mənim heç vaxt dişim düşməyib. Doğulduğumdan bəri biri belə 

düşməyib. Heç nə dəyişməyib. (Ayağa qalxır) Buna görə mən bu mərtəbəyə gəlib 

çatmışam, MəkKen. Mənim bütün həyatım eynidir. Atana, anana hörmət elə. Tutduğun 

yol boyu get və sən heç vaxt səhv etməyəcəksən. Sən fikirləşirsən ki, mən hər şeyi özümə 

borclu bilən adamam? Xeyr! Mən həmişə mənə deyilən yerdə oturmuşam. Məktəb. Heç 

vaxt mənə məktəb haqda danışma. Nə üçün? Çünki mən sənə deyirəm, mənim yolumla 

get. Mənim ağlımla hərəkət et. Əzbərdən öyrən. Heç vaxt heç nəyi yazma. Heç vaxt suya 

yaxın getmə. Onda sən görəcəksən ki, mən dediklərim düzdür. 

Çünki mən əminəm ki, dünya...(laqeyid halda). 

Çünki mən əminəm ki, dünya...(ümidsiz halda). 

Çünki mən əminəm ki, dünya...(bədbin halda). 

 

O, stulda əyləşir. 



 

Otur, MəkKen, burada otur ki, səni görə bilim. 

 

MəkKen stulun qarşısında dizi üstə çökür. 



 

(Gərgin halda, artan əminliklə) Atam dedi: bura gəl, Beni. O ölürdü. Mən dizi üstə 

çökdüm. Orada daha kim vardı. Bağışla, Beni, o dedi və öz həyatını yaşa. Evə, aradının 

yanına get. Gedəcəm, Ata. Mən ömrümü digərlərinə xidmət etməklə keçirdim və buna 

görə peşman deyiləm. Öz işini layiqincə gör və öhdəlikləri yerinə yetir. Heç vaxt ailəni 

unutma. Onlar üçün dayaq ol, onlar sənin üçün həmişə əsas olsun. Əgər nə vaxtsa 

çətinliyə düşsən, Berni əmi sənin köməyinə gələcək. Mən dizi üstə çökdüm. (O, dizi üstə 

çökür və MəkKenlə üz-üzə dayanır). Müqəddəs kitaba and içirəm. Mən tanıdığım dünya 

– Hörmətdir. 

 

 



 

Sükut. O yavaş-yavaş qalxır. 

 

Buna görə mən bu mövqeyə gəlib çatmışam. Mən həmişə deyiləni eləmişəm. Mənim 



şüarım - çox çalış və çox qazan. 

 

Qoldberq əyləşir. 



 

Qoldberq. Mənə bir az hava ver. (Sükut) Ağzıma nəfəs ver. 

 

MəkKen qalxır, əyilib Qoldberqin ağzına nəfəs verir. Qoldberq dərindən nəfəs alır və 



gülümsəyir.  

 

Qoldberq. Yaxşı. 




 

Lulu içəri girir. MəkKen ona baxır və qapıya tərəf gedir. 

 

MəkKen. (Qapının ağzında) Mən sizə beş dəqiqə vaxt verirəm. (Çıxır) 

Qoldberq. Bura gəl.  

Lulu. Nə olub? 

Qoldberq. Bura gəl. 

Lulu. Xeyr, çox sağ ol. 

Qoldberq. Nə olub sən Net əmidən incimisən? 

Lulu. Mən gedirəm. 

Qoldberq Sənin kimi bir qız belə çıxıb getməməlidir. 

Lulu. Səncə, mən digər qızlara oxşayıram? 

Qoldberq. Digərləri də sənin kimidir? 

Lulu. Mən başqaları haqda heç nə bilmirəm. 

Qoldberq. Mən də həmçinin. Mən heç vaxt başqa qadına toxunmamışam. 

Lulu. (Pərişan halda) Atam bilsə, nə deyəcək? Bəs görəsən Eddi nə fikirləşəcək? 

Qoldberq. Eddi? 

Lulu. O mənim ilk məhəbbətim idi. O heç vaxt mənim otağıma gecə çanta ilə gəlməzdi! 

Qoldberq. Çantanı kim açdı, mən, yoxsa sən? Gəl məni öp və hər şey düzəlsin.  

Lulu. Mən sənə toxunmayacam. 

Qoldberq. Mən bu gün çıxıb gedirəm. 

Lulu. Gedirsən? 

Qoldberq. Bu gün.  

Lulu. (Daha da əsəbləşərək) Sən məndən bir gecə üçün istifadə etdin. 

Qoldberq. Kim səndən istifadə etdi?  

Lulu. Sən hiylə ilə aldadıb məndən istifadə etdin. 

Qoldberq. Kim səni aldatdı? 

Lulu. Sən. Sən öz çirkin ehtirasını söndürdün. 

Qoldberq. İndi sən kifayət qədər böyümüsən. Nəyə görə şikayət edirsən? 

 

 



 

MəkKen tez içəri girir. 

 

Lulu. Sən məni özümə görə qiymətləndirmədin. Ancaq öz çirkin ehtirasını södürmək 

üçün istifadə etdin. Net, nəyə görə belə etdin? 



Qoldberq. Sən özün istədin ki, mən belə edim, mən də etdim. 

MəkKen. Kifayət qədər düzgündür. Siz yaman çox yatdız, missis. 

Lulu. Mən? 

MəkKen. Siz yataqda çox vaxt keçirirsiz. 

Lulu. Nə demək istəyirsiz? 

MəkKen. Siz boynunuza alacaqsız. 

Lulu. Nəyi? 

MəkKen. (Qəzəblə) Boynunuza alacaqsız. 

Lulu. Nəyi boynuma alım? 


MəkKen. Dizi üstə çökün və boynunuza alın! 

Lulu. O nə danışır? 

Qoldberq. Boynuna al. Sən nə itirə bilərsən? 

Lulu. Nəyi? 

Qoldberq. O altı ay əvvəl keşiş olub. 

MəkKen. Diz çök, qadın və baş verənləri danış! 

Lulu. (Arxa qapıya doğru çəkilərək) Mən bütün olanları görmüşəm. Mən bilirəm burada 

nə baş verir. 



MəkKen. (İrəli çıxaraq). Səni Kəşl qayasının yaxınlığında dayanıb davranışlarınla 

torpağı murdarlayan gördüm. Rədd ol! 



Lulu. Gedirəm. 

 

O gedir. MəkKen sol tərəfdəki qapıya tərəf gedir və çölə çıxır. O, Stənliyə kömək edir. 



Stənli qara pencək və ağ köynək geyinmişdir. O, sınıq eynəyini əlində saxlayır. Onun üzü 

təraş olunmuş, səliqəlidir. MəkKen onu gətirir və qapını örtür. Qoldberq Stənlini 

salamlayır və onu stulda əyləşdirir. 

 

Qoldberq. Necəsən, Stən? (Sükut). Sən indi özünü yaxşı hiss edirsən? Sükut. Sənin 

eynəyinə nə olub? (Əyilib baxır). Eynəyin sınıb, nə pis oldu. 

 

Stənli sakitcə döşəməyə baxır. 



 

MəkKen. (Stolun yanında) O, indi yaxşıdır, elə deyil? 

Qoldberq. Çox yaxşıdır. 

MəkKen. Elə bil yeni adamdır. 

Qoldberq. Bilirsən biz nə edəcəyik? 

MəkKen. Nə? 

Qoldberq. Biz ona başqa eynək alacağıq. 

 

Sonrakı ardıcıllıqla Stənli reaksiya göstərmir. Oturduğu yerdən tərpənmir. 



 

Qoldberq. Stən, bir azdan sənə yeni eynək alacağıq. 

MəkKen. Sən yaxşı görə bilmirsən. 

Qoldberq. Sən uzun müddətdir ki, pis görürsən. 

MəkKen. İndi daha pis görürsən. 

Qoldberq. Düzdür. İndi sənin vəziyyətin daha da pisləşib. 

MəkKen. Pisdən pisdir. 

Qoldberq. Sənə sağalmaq üçün vaxt lazımdır. 

MəkKen. Sən havanı dəyişməlisən. 

Qoldberq. Haradasa mənzərəli bir yerdə. 

MəkKen. Elə bir yerdə ki, ora hətta mələklər belə gedib çıxa bilmir. 

Qoldberq. Tamamilə doğrudur. 

MəkKen. Sən adət etmisən. 

Qoldberq. Anemiyalı xəstələrə oxşayırsan. 

MəkKen. Revmatik. 


Qoldberq. Myopik. 

MəkKen. Epilepsiyalı. 

Qoldberq. Sən artıq son həddə çatmısan. 

MəkKen. Sən artıq ölmüsən. 

Qoldberq. Ancaq biz səni xilas edə bilərik. 

MəkKen. Bu cür pis taledən biz səni qurtara bilərik. 

Qoldberq. Düzdür.  

MəkKen. Bu inkaredilməz bir faktdır. 

Qoldberq. Bundan sonra biz sənin dayağın olacağıq. 

MəkKen. Biz sənin həyatını yeniləyəcəyik. 

Qoldberq. Çay pulunu verəcəyik. 

MəkKen. Sənə hər şeydə güzəşt edəcəyik. 

Qoldberq. Sənin qeydinə qalacağıq. 

MəkKen. Məsləhət verəcəyik. 

Qoldberq. Səni düzgün müalicə edib, sağaldacağıq. 

MəkKen. Sən klub barından istifadə edəcəksən. 

Qoldberq. Sənin üçün ayrıca stol saxlayacağıq. 

MəkKen. Çətin günlərin öhdəsindən gəlməyi öyrədəcəyik. 

Qoldberq. Sənə pirojnalar hazırlayacağıq. 

MəkKen. Diz çökmək lazım olanda, diz çökməyi öyrədəcəyik. 

Qoldberq. Sənə azadlıq verəcəyik. 

MəkKen. Hər kəs səninlə fəxr edəcək. 

Qoldberq. Sən əsl kişi olacaqsan. 

MəkKen. Hər şeyə nail olacaqsan. 

Qoldberq. Sən fəal olacaqsan. 

MəkKen. Əmrlər verəcəksən. 

Qoldberq. Qərarlar qəbul edəcəksən. 

MəkKen. Sən maqnat olacaqsan. 

Qoldberq. Dövlət adamı olacaqsan. 

MəkKen. Sənin çoxlu yaxtan olacaq. 

Qoldberq. Heyvanların. 

MəkKen. Heyvanların. 

 

Qoldberq MəkKenə baxır. 



 

Qoldberq. Mən heyvanlar dedim. (Stənliyə tərəf çevrilir). Sən həm yaradacaq, həm də 

məhv edəcəksən. (Sakitlik. Stənli sakit dayanır). Nə deyirsən? 

 

Stənli çox astaca başını qaldırır və Qoldberqə baxır. 



 

Qoldberq. Nə fikirləşirsən? 

 

Stənli gözlərini yavaş yumub-açır. 



 

MəkKen. Sənin bu haqda fikrin nədir? 


 

Qoldberq. Bu haqda fikrin nədir, Stən? (Stənlinin eynəyi tutan əli titrəməyə başlayır). 

Sənin buhaqda fikrin nədir? Ey, Stənli. 

 

Stənli fikrini cəmləşdirir, ağzını açır və nə isə demək istəyir, ancaq bacarmır. 



 

Stənli. Uh – gg ... uh – gg ...eeehhh – ggg ... 

 

MəkKen və Qoldberq ona baxır. O, dərindən nəfəs alır və bədəni tirəyir. Fikrini 



cəmləşdirir. 

 

Qoldberq. Yaxşı Stənli, nə deyirsən? 

 

Onlar ona baxırlar. O, başını aşağı salır. 



 

Stənli. Ug – gg ... uh – gg ... 

MəkKen. Sənin fikrin nədir, mister? 

Stənli. Caaa...caaa... 

MəkKen. Sizin fikriniz nədir, mister Uebber? 

Qoldberq. Sənin fikrin nədir, Stən? Bu haqda nə fikirləşirsən? 

MəkKen. Bu haqda nə fikirləşirsən? 

 

Stənlinin bədəni titrəyir. O, başını aşağı dikir və yenə də əvvəlki kimi sakit dayanır. Petey 



sol tərəfdəki qapıdan içəri girir. 

 

Qoldberq. Yenə də əvvəlki Stəndir. Gəl bizimlə. 



MəkKen. Gəl bizimlə gedək. 

Petey. Siz onu hara aparırsız? 

 

Onlar çevrilirlər. Sakitlik. 



 

Qoldberq. Biz onu Montiyə aparırırq. 

Petey. O burada da qala bilər. 

Qoldberq. Axmaq olmayın. 

Petey. Biz onun qeydinə qala bilərik.  

Qoldberq. Nəyə görə siz onun qeydinə qalmaq istəyirsiz? 

Petey. O mənim qonağımdır. 

Qoldberq. Ona xüsusi qulluq lazımdır. 

Petey. Biz bir adam taparıq. 

Qoldberq. Xeyr. Monti ən yaxşı yerdir. Gətir onu, MəkKen. 

 

Onlar ona stuldan qalxmağa kömək edirlər. Üçü də soldakı qapıya tərəf gedir. 



 

Petey. Buraxın onu! 

 



Onlar dayanırlar. Qoldberq ona baxır. 

 

Qoldberq. (Hiyləgərcəsinə) Mister Bols, nəyə görə bizimlə gəlmirsiz? 



MəkKen. Hə, nəyə görə bizimlə gəlmirsiz? 

Qoldberq. Gəlin bizimlə gedək. Maşında yer var. 

 

Petey sakitcə dayanır. Onlar onun yanından keçib qapıya tərəf gedirlər. MəkKen qapını 



açır və çamadanları götürür. 

 

Petey. (İncik halda) Stən, imkan vermə ki onlar sənə nə edəcəyini desinlər. 

 

Onlar çıxırlar. Sakitlik. Petey qalxır. Qarşıdakı qapı çırpılır. Atomobilin səsi eşidilir. Səs 



uzaqlaşır. Sakitlik. Petey yavaş-yavaş stola tərəf gedir. O, sol tərəfdəki stulda əyləşir. 

Qəzeti götürüb açır. Kağız hissələri yerə tökülür. Petey onlara baxır. Meq arxa qapıdan 

içəri girir. Petey qəzetin ön səhifəsinə baxır. 

 

Meq. Maşın artıq gedib? 



Petey. Hə.  

Meq. Onlar gediblər? 

Petey. Hə. 

Meq. Onlar yeməyə gəlməyəcəklər? 

Petey. Xeyr. 

Meq. Nə pis oldu. (O, çantasını stolun üstünə qoyur) Bayırda hava çox istidir. (Paltosunu 

asır) Sən nə edirsən? 



Petey. Oxuyuram. 

Meq. Hər şey yaxşıdır? (Meq stolun yanında əyləşir). (Sükut). Sten hələ aşağı düşməyib? 

Petey. Xeyr ...o... 

Meq. O hələ yataqdadır? 

Petey. Hə, o...hələ yatır. 

Meq. Hələ yatır? Səhər yeməyinə gecikəcək. 

Petey. Qoy yatsın. 

 

Sükut. 



 

Meq. Dünənki şənlik gözəl deyildi? 

Petey. Mən orada deyildim. 

Meq. Şənlikdə yox idin? 

Petey. Mən bir az gec gəldim. 

Meq. Oh. (Sükut). Çox gözəl şənlik idi. Mən çoxdan idi ki bu qədər gülmürdüm. Biz 

oxuyuruq, oynayırdıq. Bir də oyunlar. Sən orada olmalı idin. 



Petey. Gözəl idi? 

 

Sükut. 



 

Meq. Mən gecənin gözəli idim. 


Petey. Doğrudan? 

Meq. Hə. Onlar hamısı belə deyirdi. 

Petey. Mən inanıram ki, elə idi. 

Meq. Bu həqiqətən belə idi.  

Petey. Mən əminəm ki belə idi. 

 

  



 

 

 



 

 

PƏRDƏ. 



 

Yüklə 335,44 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə