Hazırlanmış metodik vəsait /tərt ed. K. Səmədzadə; red



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü0,58 Mb.
#53765


 

    



F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 

 

 



 

Ayrılıq nəfəsli, hicran soraqlı şairə Həkimə Billuri 

 

 

(Həkimə Billurinin 90 illik yubileyi münasibəti 

ilə  hazırlanmış  metodik vəsait) 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2016  

 

 

 



 

Tərtibçi:                                  Könül  Səmədzadə 



 

 

Redaktor və 

buraxılışa məsul:                    Zahirə Dadaşova 

 

 

 

 

 



Ayrılıq nəfəsli, hicran soraqlı şairə Həkimə Billuri : H. 

Billurinin  90  illik yubileyi münasibəti ilə respublikamızda 

fəaliyyət göstərən bütün kitabxanaların uşaq şöbələri üçün 

hazırlanmış metodik vəsait /tərt. ed. K.Səmədzadə; red.  və  

burax. məsul Z.Dadaşova; F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası.- Bakı, 2016.- 24 s.

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası  

 

 

 

2016 



 

 



                              TƏRTİBÇİDƏN 

 

Həkimə  Billuri  Azərbaycanın  ikiyə  bölünməsi 



faciəsini  şəxsi  taleyində  yaşayan,  yarım  əsr  doğulduğu 

yerləri,  doğma  ocağı  görmək  həsrəti  ilə  yanıb  yaxılan, 

Təbrizi daim gecələr yuxularında görən, amma yuxuları heç 

çin  çıxmayan  bir  Azərbaycan  şairəsidir.  O,  Güney 

dağlarından  bir  udum  hava,  meşələrindən  bir  tək  yarpaq 

diləmiş,  vətənin  suyundan  bir  ovuc  içmək,  Arazın  o  tayına 

qədəm basmaq həsrəti ilə alışıb-yanmışdır.  

Həkimə  Billurinin  ədəbi  irsinin  oxucular  arasında  

geniş  təbliği  üçün  hazırladığımız  “Ayrılıq  nəfəsli,  hicran 

soraqlı”  adlı  vəsaiti  sizin    ixtiyarınıza  veririk.  Ümüdvaram 

ki,  bu  metodiki  vəsait  kitabxanaçıların  istifadə  edə 

biləcəkləri  vəsaitlərdən  biri  olacaq.  Vəsaitdə  Həkimə 

Billurinin    həyat  və  yaradıcılığı,  əsərlərindən  nümunələr 

verilmişdir. Vəsait iki hissədən ibarətdir.  

I hissə: Həyat və yaradıcılığı 

II hissə: Yubiley tədbirlərinin keçirilməsi 

 

 

 



 

 

 



 

 



 

                                          Bölmə I: 



Həyat və yaradıcılığı: 

 

Mən də bir şairəm, sinəsi dağlı, 

Ayrılıq nəfəsli hicran soraqlı. 

Vətənin qapısı üzümə bağlı, 

Hər axşam bu dərddən alışır sinəm, 

Vətən həsrətliyəm, el həsrətliyəm. 

 

 

 

          Həkimə Billuri 

 

 



Bu  fikir  ömrünün  son  anına  kimi  Həkimə  xanımın 

dilindən  düşməzdi.  Ovqatının  ən  xoşbəxt  cağında  da  yurd 

həsrəti  ona  qənim  kəsilərdi.  Göz  ifadəsi  dəyişərdi.  Sevinci 

çöhrəsində,  təbəssümü  dodağında  donardı.  Əlini  hərarətlə, 

həyacanla  döyünən  ürəyinin  üstünə  qoyardı.  Nə  faydası, 

təskinlik  tapa  bilməzdi.  Varlığı  gizildəyərdi.  Elə  bil  dilinin 

üstünə  od  qoyardılar,  danışmağa  taqəti  olmazdı.  Qalardı 

yana-yana,  qırvrıla-qıvrıla.  Ən  gərgin  anlarında  gücü 

gələcək ümidinə, inamına çatardı. Amma...onları da özü ilə 

haqq dünyasına apardı. 

Həkimə 

İbrahim  qızı  90  il  əvvəl  Cənubi 



Azərbaycanın Zıncan şəhərində dünyaya göz açmışdı. Bütün 

uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə 

yaşına  çatanda  isə  hissləri,  duyğuları  onun  düşüncəsini 

dəyişər,  təfəkküründə  haqqa,  ədalətə  tapınmaq  kimi  fikirlər 

oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı.  10-15 

yaşında  qız  bilmirdi  ki,  nə  üçün  Təbrizdən,  Zəncandan 




 

qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə 



can atır, cənubdan Şimala baş götürüb gedirlər.  

Həkimə  orta  məktəbi  yüksək  qiymətlərlə  bitirdiyi 

üçün ona təklif etdilər ki,  elə orada qalıb müəllim işləsin. O 

bu  təklifdən  fərəhləndi.  İlk  gündən  ona  göstərilən  etimadı 

doğrultmağa  çalışdı.  Lakin  duyub,  anlayıb  görəndə  ki, 

qohum-əqrabaları pərən-pərən düşüb, bəlkə də özündən asılı 

olmayaraq  gileyləndi:  “Dağlar,  ox  olub  gözümə  batırsan. 

Araz,  mənim  qanım  kimi  niyə  bulanıq  axırsan?  Üzün 

dönsün, ay xan Araz, niyə qardaşı qardaşdan ayırırsan?”  

Gənc  Həkimə  sevincini,  kədər  və  intizarını  poetik 

formada  bildirməyi  bacarırdı.  Düzdür,  o,  hələ  gələcək 

qismətini,  necə  həyat  tərzi  yaşayacağını  bilmirdi.    Yalnız 

xəyalında  bu  hisslər  dolaşırdı:  “Zaman,  dövran  ən  ədalətli 

hökmdar,  adil  hakimdir.  Bu,  mütləq  qanunlar  qarşısında  

niyə haqsızlıq qalib gəlir?” Nəhayət, Həkimə də Arazın bəri 

səmtinə  təşrif  gətirdi.  20  yaşında  qız    üçün  bu,  ola  bilsin, 

arzuolunmaz  səfər idi. Ancaq o gəlməliydi, başqa əlacı yox 

idi.  Çəkişmələrdən,  didişmələrdən  can  qurtarmalıydı. 

Qəlbinin kövrəkliyi az keçmiş dil açıb danışdı: 

Kaş Təbriz olaydı, bir də o günlər, 

Qalib gəldiyimiz o aydın səhər, 

Azadlıq olaydı, bir də ki zəfər, 

Qəlblərdə min ümid yandıran atəş, 

Üfiqdən bayraq tək enəydi Günəş... 

Şairə  ilk  şeirlərini  hələ  orta  məktəbdə  oxuyarkən  fars  və 

Azərbaycan  dillərində  yazmışdır.  Onun  Azərbaycan  dilində 

qələmə  aldığı  ilk  şeirləri  və  məqalələri  1945-ci  ildə  İranda 

“Azər”,  “Vətən  yolunda”  qəzetlərində  və  “Azərbaycan” 

jurnalında  dərc  olunmuşdur.  O,  Bakıya  gəldikdən  sonra 



 

bədii  və  elmi  yaradıcılıqla  fəal  məşğul  olmuş,  dövrü 



mətbuatda  müntəzəm  çıxış  etmişdir.  Onun  “Şeirlər”, 

“Azadlıq  baharı”,  “İthaf”,  “Sənin  könül  otağın”  və  başqa 

kitabları    Bakıda  və  Moskvada  nəşr  olunmuşdur.  Həkimə 

xanımın  şeirləri  rus,  ingilis,  gürcü,  özbək,  moldav  dillərinə 

və digər dillərə tərcümə edilmişdir.  

Həkimə  xanım  bədii  tərcümə  ilə  də  məşğul 

olmuşdur.  O,  Səməd  Vurğunun,  Cəfər  Cabbarlının,  Nəbi 

Xəzrinin,  Mirvarid  Dilbazinin  əsərlərini  fars  dilinə  tərcümə 

etmişdir.  Həkimə  Billurinin  elmi  axtarışları    İran 

Azərbaycanı  ədiblərinin  yaradıcılığı  ilə  sıx  bağlı  olmuşdur. 

Onun 

Şəhriyara 



həsr 

etdiyi 


sanballı 

əsərləri 

ədəbiyyatşünaslığımızda  xüsusi  yer  tutmuşdur.  Məhəmməd 

Hüseyn  Şəhriyarın  Həkimə  Billuriyə  həsr  etdiyi  şeirlər 

Billuri yaradıcılığına verilən ən yüksək qiymətlərdən biridir.   

Yurd  həsrəti  insanın  dincliyini  ərşə  çəkir.  Elə  hey 

gözləri  yolda,  qulağı  səsdə  qalır.  Doğrudur,  gənc  Həkimə 

Azərbaycana  gəlməyindən  peşman  deyildi.  O,  Səməd 

Vurğundan,  Mirzə  İbrahimovdan,  Süleyman  Rüstəmdən 

daim  qayğı  görürdü.  1947-ci  ildə  Bakı  Dövlət 

Universitetinin  filologiya  fakültəsinə  qəbul  olundu.  Amma 

ürəyindən  nisgil  çəkilmədi.  1952-ci  ildə  Hökumə  Bülluri 

Şərq  dünyasının  söz,  sənət,  poeziya  korifeylərindən  olan 

Şəhriyara müraciətlə yazmışdı: 

Qoy zaman dolansın, sənsə belə qal! 

Şair dəyişməyə tapmasın macal. 

Təbrizi, Zəncanı sən yadına sal, 

Gəl opüm mübarək, odlu sətrini, 

Səndən Təbrizimin alım ətrini... 



 

Zəmanəsinin  tanınmış  ədəbiyyatşünas  alimi,  son 



dərəcə  həsas,  diqqətcil  insan  Əli  Sultanlı  Həkimə  xanımla 

universitetin  auditoriyasında  tanış  olub,  onun  şeirlərindən 

məmnun  qaldığını  bildirib.  “Qızım,  sənin  yaradıcılığından 

zövq  alıram.  Getdiyin  yol  çətindir,  amma  şərəflidir.  Sənə 

ürəyincə  uğurlar  arzulayıram”  deyib.  Eyni  zamanda  Əli 

Sultanlı  gənc  şairənin  ilk  “Mənim  arzum”  və  “Ölməz 

qəhrəman”  kitabları  haqqında  “Ədəbiyyat  və  incəsənət” 

qəzetində geniş məqalə də dərc etdirib. 

Tələbəlik  illərini  uğurla  başa  vuran  Həkimə  Billuri 

“Azərnəşr”in  Bədii  ədəbiyyat  şöbəsində  işə  qəbul  olundu. 

Yaradıcılığı  məhsuldar  oldu.  “Şairin  yadigarı”,  “Məndən 

uzaqlarda”  şeirlər  toplusu  işıq  üzü  gördü.  Çox  keçmədi 

ictimai-siyasi  fəaliyyətini  nəzərə  alıb  onu  Azərbaycan 

demokrat  Partiyası  Mərkəzi  Komitəsinin  orqanı  olan 

“Azərbaycan”  qəzetinin  baş  redaktoru  vəzifəsinə  təyin 

etdilər. Təxminən dörd il orada işlədi, ürəyindəki arzularını 

poetik  misralarla,  publisistik  qeydlər  vasitəsilə  oxuculara 

çatdırdı.  Lakin  poeziya  onun  varlığından,  damarlarından, 

qanından  süzülüb  gəlirdi.  İstəsə  də,  ondan  ayrıla  bilmirdi. 

Bəzən  düşünərdi:  “Nə  yaxşı  əlim  qələm  tutur,  könlümdən 

keçənləri  yazıb  azacıq  da  olsa,  sakitləşə  bilirəm.  Yoxsa 

ürəyim qüssədən çərləyərdi”.  

Bütöv  bir  insan  ömrünü  həsrət  yükü  altında 

yaşamaqdan  çətin  nə  var,  görəsən  dünyada?!  İnsanın  elə 

kövrək, elə həzin anları  olur ki, bu anda insan o ağırlıqdan 

sanki sına bilər, əyilə bilər. Bəlkə də insanı ağırlıqdan xilas 

edən  içində  şam  şöləsi  kimi  titrəyə-titrəyə  nur  saçan  ümid, 

inam işığıdır. Allah heç kimi ümidsiz, inamsız eləməsin.   

 



 

II Bölmə: 



Keçiriləcək tədbirlər: 

Həkimə  xanım  söz  adamıdır.  Onun  elə  ömür 

sarayının  zinəti  də  sözlərdir.  Bəli,  elə  bu  söz  adamının 

yaradıcılığına bu gün bir daha nəzər salacağıq.  

Yubileyini  qeyd  etdiyimiz  xalq  şairəsi,  tanınmış 

incəsənət  xadimi  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü 

olmuş  görkəmli  insan,  gözəl  xanım  Həkimə  Billuridən 

danışacagıq.  

Həkimə  Billurinin  yaradıcılığını  daha  geniş  təbliğ 

etmək  üçün  ilk  növbədə  kitabxanalarda  kitab  sərgisi 

hazırlanmalıdır.  Sərgi  həm  foto  sərgi,  həm  də  şairin 

yaradıcılığı  ilə  bağlı  olan  kitab  sərgisi  kimi  oxuculara 

təqdim  oluna  bilər.  “Həkimə  İbrahim  qızı  Billuri”  adlı  foto 

sərginin nümunəsini veririk. 

  

Foto sərgi: 

 

             

 

 



 

  



           

 

 



Görkəmli şəxsiyyətlərin söylədikləri sitatlar. 

 

1.

 



Hökumə  xanım  istedadlı  şair,  geniş  bilikli  elm 

xadimi, həssas qəlbli insan kimi hələ də yaddaşımda 

yaşayır. 

 Bəxtiyar Vahabzadə 

Xalq şairi 

 

2.



 

“Qızım, sənin yaradıcılığından zövq alıram. Getdiyin 

yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar 

arzulayıram”. 

Əli Sultanlı 

 

 



 

 

Ədəbiyyatşünas, pedaqoq 



 

3.

 



Həkimə  Billuri  ilk  növbədə  Azərbaycanın  ikiyə 

bölünməsi  faciəsini  şəxsi  taleyində  yaşayan,  yarım 

əsr  doğulduğu  yerləri,  doğma  ocağı  görmək  həsrəti 

ilə  yanıb  yaxılan,  Təbrizi  daim  gecələr  yuxularında 

görən,  amma  yuxuları  heç  çin  çıxmayan,  son 



10 

 

nəfəsində 



belə 

bu 


həsrətlə 

barışmayan  bir 

Azərbaycan şairidir.   

Aybəniz Kəngərli 

 

 

 



 

Filologiya elmləri doktoru 

 

4.



 

Hökümə xanım həzin, kövrək ürəyi, mübariz ruhu ilə 

həyatın ağrılarına üstün gələn, həsrətini içində çəkən 

insandı. 

                                                          Fəridə Ləman 

                                               Filologiya elmləri namizədi 

 

5.

 



Hökumə xanım mühacirət illərini ana nəfəsindən 

uzaqlarda yaşasa da, onun qanadlı misraları 

sərhədləri uçub keçməkdə çətinlik çəkmirdi.  

Sabir Nəbioğlu 

 

 

 



 

   Tənqidçi, ədəbiyyatşünas 

 

6.

 



“Ürək dustaq oldu dərdə, fərağa” desə də, onun 

ömründən bu günümüzə daim anılan unudulmaz 

xatirələr yadigar qalmışdır.  

 

 



 

 

        Telman Mehdixanlı 



 

 

 



 

 

      Jurnalist 



Foto  sərgi  ilə  bərabər  kitab  sərgisinin  də  təşkili 

məqsədəuyğundur.  Kitab  sərgisi  müxtəlif  başlıqlar  altında 

təşkil  edilə  bilər.  Məsələn,  “Həkimə  Billuri-90”,  “Ayrılıq 

həsrətli, vətən soraqlı”, “Apar məni o yerlərə” və s. İndi isə 

“Vətən  həsrətli  Həkimə  Bülluri”  adlı  kitab  sərgisinin 

nümunəsini veririk.  

1.  Başlıq: “Vətən həsrətli Həkimə Billuri” 

2.  Kitablarının nümayişi 




11 

 

3. Görkəmli insanların H. Billuri haqqında söylədikləri  



4. Dövrü mətbuatda nəşr olunan məqalələrin kartotekası 

5. Şeir parçası 



 

Niyə gəldim bu dünyaya, 

Nədən ötrü? 

Kimlər dözdü min əzaba 

Məndən ötrü? 

Düşünürəm gəlmişəm ki, 

Bu dünyaya, insanlara 

Öz borcumu verib, gedim. 

Evlər qurum, bağlar salım, 

Düzənlərə, yamaclara 

Yaşıllıqlar sərib, gedim. 

Ötən 


əsrin 

40-cı 


illərində 

İranda-Cənubi 

Azərbaycanda  baş  verən  milli-azadlıq  hərəkatında  bir  çox 

şair  və  yazıçı  soydaşlarımız  da  ön  sıralarda  yer  almışdı. 

1946-cı  ildə  milli  hərəkatın  qan  içində  boğulması  həmin 

yazarları sovet Azərbaycanına mühacirətə vadar etdi. Onlar 

ömürləri  boyu  şahidi  və  iştirakçısı  olduğu  hadisələri  

ürəklərində  yaşatdılar.  Həmin  şairlərdən  biri  də  Həkimə 

Billuri idi.  

 

Həkimə  Billuri  yaradıcılığını  geniş  oxucu  kütləsinə 



tanıtmaq 

üçün 


kitabxanalarda 

şeir, 


bədii 

qiraət 


müsabiqələrinin  keçirilməsi  məqsədəuyğundur.  Belə 

müsabiqələri  keçirməkdə  məqsəd  oxucuların  şeir  demək 

bacarığını artırmaqla onları bədii qiraətə alışdırmaqdır. Şairə 

Həkimə  Billurinin  “Bakı”  adlı  şeiri  əsasında  bədii  qiraət 

müsabiqəsini təqdim edirik:  

 



12 

 

I Oxucu:  

Bakı, doğma vətənimsən, 

Qızıl güllü çəmənimsən. 

Üzüm gülməz səndən ayrı, 

Gəl heç düşmə məndən ayrı. 

Canım Bakı, gözüm Bakı, 

Mənim şeirim, sözüm Bakı. 

 

İlk bahardır sənin qışın. 



Həm boranın, həm yağışın, 

Həm küləyin xoşdur, inan. 

Sən qardaşlıq dünyasısan. 

Canım Bakı, gözüm Bakı, 

Mənim şeirim, sözüm Bakı. 

 

Neapola bənzədirlər, 



Səni, Bakı, gözəl diyar. 

Baharınsa Vyananın 

Baharını xatırladar. 

Mənsə səni bir dünyaya, 

Dəyişmərəm inan, Bakı, 

Sevimli mehriban Bakı! 

 

II Oxucu: 

Səninlə ilk görüşümdə, 

Kədər saçan gözüm güldü. 

Illər boyu şikayətli 

Olan şeirim, sözüm güldü, 

Sevimli mehriban Bakı, 

Gözəlləş hər zaman, Bakı. 



13 

 

 



Tükənməz bir məhəbbətlə 

Sevdim hər bir bucağını. 

Təbriz, Zəncan sandım hər an 

Doğma ana qucağını. 

Canım Bakı, gözüm Bakı, 

Mənim şeirim, sözüm Bakı. 

Gecələrin zinətidir. 

Ehtişamlı axşamların. 

Bir dünyanın şöhrətidir 

Göyündəki ağ şamların. 

Canım Bakı, gözüm Bakı, 

Mənim şirin sözüm Bakı. 

 

Bu ellərə həyat verən



İlhamıma qanad verən 

Bircə sənsən, bir də Xəzər, 

Sularında axşam, səhər 

Əks eyləyən gözüm gülür, 

Qəlbim gülür, üzüm gülür. 

Canım Bakı, gözüm Bakı, 

Mənim şirin  sözüm Bakı. 

Kitabxanalarda  şairə  H.  Billurinin  yubileyi  ilə  bağlı 

keçirilən tədbirlərdən biri də “Nağıl saatı”dır.  “Nağıl saatı” 

kitabxananın    Nağıl  otağında  keçirilir.  Burada  kiçik  yaşlı 

uşaqlar üçün bir çox tədbirlər keçirilir ki, bunlardan ucadan 

oxu,  səhərcik  və  s.  tədbirləri  misal  göstərmək  olar. 

H.Billurinin  yaradıcılığına  nəzər  saldıqda  görürük  ki,  onun 

qələmə  aldığı  şeirlər  içərisində    balaca  fidan  balalara  aid 

şeirlər  çoxluq  təşkil  edir.  Bunlardan  “Laylay”,  “Mənim 



14 

 

balaca  Leylam”,  “Kim  tez  oyansa”  və  s  şeirləri  misal 



göstərmək  olar.    Nağıl  otağı  meşə  abu-havası  ilə  bəzədilir. 

Yaşıl ağaclar, güllər,  heyvanların dekorasiyaları qarşısında  

kitabxanaçı “Kim tez oyansa” adlı şeiri kiçik yaşlı uşaqlara 

oxuyur.  Bir  qrup  kiçik  yaşlı  uşaqlar  meşə  heyvanlarının 

paltarlarını geyinib səhnəcik göstərirlər.  

 Çaqqal yuxusundan tezdən oyandı, 

Özünü meşənin ağası sandı. 

Hələ yuxlayırdı bütün kainat, 

Yatırdı canlılar, yatırdı həyat. 

Şirin yuxudaydı meşə sultanı. 

Mənə bu dünyada tay olan hanı? 

Deyə düşünürdü qürurla çaqqal. 

Rastına çıxanlar baş əydi dərhal. 

Bürüdü qəlbini şübhələr bütün; 

Bəlkə o hamıdan üstündür, üstün. 

Bəlkə doğrudan da o elə şirdir? 

Axı nə fərqi var, hamısı birdir. 

Ağlı gözündədir görənlərin də, 

Haqqı-həqiqəti bilənlərin də 

Haqq sözü deməyə cürəti catmaz. 

Qaldı ki, dostları çaqqalı atmaz... 

Çaqqal düşünürdü elə bu zaman  

Meşədən bağırıb çıxdı bir aslan. 

Çaqqal görkəmini dəyişdi dərhal, 

Vurnuxub aradan çıxanda çaqqal  

İndi də heyvanlar baş əydi şirə, 

Elə əyildilər, dəydilər yerə. 

Şir ötüb meşədən vüqarla getdi, 

Bir anda büsbütün o gözdən itdi... 



15 

 

Necə qəribədir dünyanın işi. 



Çaqqal da yerisə aslan yerişi  

O da birdən dönüb gözlənilmədən, 

Meşədə şir olur, şir olur, bilsən! 

Həkimə  Billuri  yaradıcılığına  bir  daha  müraciət 

etmək, onun yaradıcılığını geniş oxucu kütləsinə sevdirmək 

üçün  keçirilən  tədbirlərdən  biri  də  ədəbi-bədii  gecə  və  ya 

poeziya  gecəsidir.  Belə  tədbirlər  oxucuların  ən  çox  maraq 

göstərdiyi  və  sevdiyi  tədbirlərdəndir.  Tədbir  müxtəlif  

başlıqlar  altında  keçirilə  bilər.  “Həkimə  Billuri-90”  adlı 

bədii gecənin nümunəsini veririk.  



 “Həkimə  Billuri-90”  adlı  ədəbi-bədii  gecəyə 

kitabxanaçı  bir  ay  qabaqcadan  hazırlaşır.  Tədbirə  bir  çox 

şair  və  yazıçılarla  yanaşı    ədəbiyyat  müəllimlərini, 

kitabxanaçıları,  tələbə  və  şagirdləri  dəvət  etmək  olar.  

Tədbirin ədəbi hissəsi  çıxış və məruzələrlə başlanır.  Bədii   

hissədə    isə  Həkimə  Billurinin  şeirlərindən  parçalar  və 

poemalarından  səhnəciklər  göstərilə  bilər.  Səhnə  gül 

dəstələri ilə bəzədilir. Şairənin  portreti səhnənin divarından 

asılır.  

Aparıcılar səhnəyə daxil olur. 

(“Ayrılıq”  mahnısının  həzin  musiqisi  altında  aparıcılar 

danışır) 



I  Aparıcı:  Həkimə  Billuri  ilk  növbədə  Azərbaycanın  ikiyə 

bölünməsi  faciəsini  şəxsi  taleyində  yaşayan,  yarım  əsr 

doğulduğu  yerləri,  doğma  ocağı  görmək  həsrəti  ilə  yanıb 

yaxılan, Təbrizi daim yuxularında görən, amma yuxuları heç 

çin çıxmayan, son nəfəsində belə bu həsrətlə barışmayan bir 

Azərbaycan  şairəsidir.  Bəli,  Həkimə  Billuri    Güney 

daglarından  bir  udum  hava,  meşələrindən  bir  dənə  yarpaq 

diləyən,  vətənin  suyundən  bir  cam  içmək,  Arazın  o  tayına 




16 

 

qədəm  basmaq  həsrəti  ilə  nəfəs  alan,  vətən  həsrəti  deyilən 



xəstəliyə  mübtəla  olan  faciəvi  taleli  Azərbaycan  şairəsidir. 

Onun taleyi elə Azərbaycanın taleyinə bənzəyir. 

 

Sinəmə ağır bir yükdü ayrılıq, 



Belimi yay kimi bükdü ayrılq... 

 

Həyat gözlərimdə sönmədən qabaq, 



Sizdən bir diləyim olacaq ancaq. 

Tufana, küləyə döndərin məni, 

Göndərin vətənə göndərin məni! 

II aparıcı: 

Həkimə  Billurinin  şeirlərinin  çox  böyük  bir  hissəsi  bu 

ağrının,  bu  böyük  milli  faciənin  doğurduğu  yaşantılardır. 

Həqiqi şairlər  yaşadıqlarını  yazanlardır və  Həkimə  xanımın 

şəxsi  ağrılarından  doğulan  şeirləri  oxucusunun  da  gözünə 

yaş,  qəlbinə  dərd  qoyan  şeirlərdir.  Təsadüfi  deyil  ki,  onun 

şeirlərində  Təbriz,  Araz,  ayrılıq,  Vətən  sözləri  ən  çox 

təkrarlanan  və  duyğularına,  yaşantılarına  həmişəlik  hakim 

olan  anlayışlardır.  Təbriz  haqqında  çox  yazılıb-Təbriz 

həsrəti  bizim  Qarabağ  dərdlərindən  də  qədim  tarixi  olan, 

yanğısı  sinə  göynədən  dərdimizdir.  Hökumə  Büllurinin  

“Təbriz”  şeiri  o  şeirlərin  ən  yaddaqalan,  ən  uğurlu 

nümunələrindəndir.  

 

(Oxucular  səhnəyə  daxil  olur  “Təbriz”  şeirini  söyləyirlər. 



Səhnədə ekranda Təbriz şəhəri canlanır)   

 I oxucu: 

Qolların dolanar boynuna bir gün, 

Yenə baş qoyaram dizinə, Təbriz. 

Həsrətdən, hicrandan cana doymuşam, 




17 

 

Doyunca baxaram gözünə, Təbriz. 



 

Bulanıq suların axsın, durulsun, 

Təzə günlərindən büsat qurulsun. 

Səhənd camalına bir də vurulsun, 

Bir qubar qonmasın üzünə, Təbriz. 

 

Həsrətin yandırar, pörşüdər məni, 



Zərif çiçək kimi üşüdər məni. 

Səsləsəm Savalan eşidər məni, 

Qızınnam oduna, közünə Təbriz. 

 

II Oxucu: 

Gülüstan bağının seyrinə gəlim, 

Lalə yamacında bir də dincəlim

Ötən günlərimə yetişməz əlim, 

Düşüm heç olmasa izinə, Təbriz. 

 

Ana təbəssümün ay işığıdır, 



Qolum qamətinin sarmaşığıdır. 

Şeirin bu dünyanın yaraşığıdır, 

İncisi tükənməz xəzinə, Təbriz. 

III oxucu: 

Sən şair ömrünə vüqar vermisən, 

Solub saralmayan gülzar vermisən. 

Etibar vermisən, ilqar vermisən, 

Hər igid oğluna, qızına, Təbriz. 

 

 



Səttarxan bayrağın göylərə ucalt! 


18 

 

Qara buludları od ağzına at. 



Şair qızının da sözlərini qat 

Şirin söhbətinə, sözünə, Təbriz. 

  

II  Aparıcı:  Həkimə  Billuri  yaradıcılıq  aləminə  əsrimizin 

40-cı  illərinin  kükrəyib  coşan  xalq  hərəkatının  qüdrətli 

dalğaları  qanadlarında  gəlmişdi.  Həkimə  xanımın  keçdiyi 

yaradıcılıq  yollarını  nəzərdən  keçirdikdə  çox  uğurlu  və 

mənalı  bir  mənzərənin  şahidi  oluruq.  Onun  yaşadığı  ömür 

çoxçalarlı, dərəli-təpəli olmuşdur. Digər qələm dostları kimi, 

keçdiyi  yaradıcılıq  yolu,  qarşılaşdığı  acılı-şirinli  həyat 

həqiqətləri onun əsərlərinin başlıca ilham və qida mənbəyini 

təşkil etmişdir. 

I aparıcı: 

Həkimə  Billurinin  ədəbi  irsi  zəngin  və  çoxşaxəlidir. 

Onun klassik üslubda yazdığı qəzəllər və bayatılarla yanaşı, 

müasir  həyatımızla  bağlı  olan  əsərləri  yüksək  sənətkarlıq 

nümunələridir.  Sənətkarın  vətən  həsrətli  şeirləri  iki  yerə 

bölünmüş  ana  torpağın  dərdi  ilə  dolu  idi.  Dərin  həyat 

fəlsəfəsi, vətənpərvərlik ruhu, yüksək humanist ideyaları ilə 

səciyyələnən  Billuri  yaradıcılığı  müasir  Azərbaycan 

poeziyasının parlaq səhifələrindəndir.  

(Oxucular  səhnəyə  daxil  olur  “Azərbaycan”  adlı  şeiri 



söyləyirlər.  Azərbaycanın  gülüstan  yerləri  ekranda 

canlanır

I oxucu: 

Azərbaycan, Azərbaycan, şanlı yurdum, məskənim 

Ey umudum, səadətim, təravətli gülşənim! 

De, oxsadım nəyə səni, ey sevimli Vətənim? 

Qoy yolunda qurban getsin həyatımla bədənim. 



19 

 

Ey dilbərim, ey cananım, ey işıqlı məkanım! 



II oxucu: 

Ey səfalı cənnət yurdum, sən, ey arxam, gümanım! 

Ey pənahım, idealım, sən, ey sönməz şüarım! 

Səndən çalır, səndən deyir mənim şeirim, rübabım. 

Sən işıq ver, ürəyimə qaranlıqlar ərisin, 

Xoşbəxtliyin işıqları gözlərimi bürüsün. 



III oxucu: 

Sən qurtardın əsarətdən məni, gözəl Azərim 

Təməddünə, tərəqqiyə sən olubsan rəhbərim. 

Ey vətənim, nə gözəldir sənin qala dağların! 

Səfalıdır, ana Vətən, dərələrin, bağların. 

Tikilibdir, əziz ölkəm, ay qiyafən gözümə 

Səadətin al şəfəqi səndən düşüb üzümə. 

IV oxucu: 

Camalını görən zaman cuşa gəlir ürəyim. 

Sənlə, Vətən, hasil olur. Muradımla, diləyim. 

Ey Vətənim, göstəribsən bizə mehri-şəfəqqət 

Hümmətinlə yaranıbdır ürəklərdə məhəbbət. 

Qeyrətlidir oğlanların, qəhrəmandır qızların, 

Bil qarşında düşmən bükər acizanə dizlərin. 

Arzum budur yetişəsən muradına hər zaman, 

Yaşayasan görüm səni tarix boyu kamiran. 

Sənsən bizə əzəl gündən Səttar xandan yadiğar, 

Çalışaram mən uğrunda nə qədər ki, canım var. 

II aparıcı:  

Həkimə  Billurinin  şeirlərinin  böyük  bir  hissəsi  milli 

faciənin  doğurduğu  yaşantılar  olub.  Çox  haqsızlıqların, 

faciəvi 


hadisələrin 

iştirakçısı  olmasına  baxmayaraq 

yaradıcılığında sabaha ölməyən bir ümid, inam hissi aparıcı 



20 

 

xətt  kimi  keçir.  “İnanıram  o  parlaq  günə”,  -  deyən  şairə 



Vətənin  bütövləşəcəyinə  və  xalqının  öz  azadlığına 

qovuşacağına  böyük  bir  inam  bəsləyib.  Azərbaycan  onun 

şeirlərində bütövdür, tamdır və bölünməzdir. Vahid və azad 

Azərbaycan  ideyası  onun  həyatının  məzmununu  və 

yaşamının qayəsini təşkil edib. 

Oxucular səhnəyə daxil olur “Mən də” şeirini söyləyirlər.  



I Oxucu: 

Mən də bir şairəm sinəsi dağlı, 

Ayrılıq nəfəsli, hicran soraqlı. 

Vətənin qapısı üzümə bağlı, 

Hər axşam bu dərddən alışır sinəm, 

Vətən həsrətliyəm, el həsrətliyəm. 

 

Həyatın öz səsi, gur səsiyəm mən, 



Varlığın bir səhər nəfəsiyəm mən. 

Haçandır azadlıq təşnəsiyəm mən, 

Qəlbimdə məhəbbət bulağı çağlar, 

Bir gözüm güləndə, bir gözüm aglar. 

 

Səhər oyanmamış, günəş gəlməmiş, 



Arzular üfüqün özütək geniş. 

Torpağa, insana, günəşə alqış. 

İnsan arzuları günəşdən uca, 

Baxdım dan yerinə, baxdım doyunca. 

 

Dəniz ovsunlayıb ayı da alır, 



Çəkir sinəsinə, sular qaralır, 

Qızılı bir şəfəq sularda qalır, 

Açır gözlərini oyanır səhər, 



21 

 

Başlayır uğurlu bir aydın səhər. 



II Oxucu: 

Budur, nəfəs alır küçə, xiyaban, 

Dəniz lap birinci qalxır yuxudan. 

Həyatın zinəti ey ulu insan

Dənizə, günəşə, sənə vurğunam, 

Vurğunam, vurğunam, yenə vurğunam. 

 

Məşəltək alışan bir ürəyəm mən, 



Səhərə nur verən bir diləyəm mən. 

Bir ölməz arzuyam, bir istəyəm mən. 

Dağlardan möhkəməm, zirvədən uca, 

Qalsın arzularım dünya durunca. 

 

O tayda, bu tayda məşəl yandıran, 



Səhərin yolunu işıqlandıran, 

Göylərdə günəşdir, həyatda insan, 

İnsan arzuları, günəşdən uca, 

Baxdım dan yerinə ömrüm boyunca.  



I  aparıcı:Bəli,  elə  o  tayda,  bu  tayda  ömrü  boyu  məşəl 

yandıran  Həkimə  Billuri!  O,  əbədi  ömür  şəhadətnaməli 

mübarizə və qələm dostu oldu... Əbədiyyət dünyasında ona 

Tanrıdan mərhəmət və rəhmət diləyirik.    

Qeyd  edək  ki,  keşməkeşli  həyat  yolu  keçən  şairə 

2000-ci  il  noyabrın  22-də  ömrünün  75-ci  ilində    Bakıda 

vəfat etmişdir.   

 

 



 

 



22 

 

Ə D Ə B İ Y Y A T    S İ Y A H I S I: 



 

www. Google. Az. 

 

 

1.



 

H.  Billuri.  Seçilmiş  əsərləri.  B.:  Şərq-Qərb,  2005.-

224 s. 

2.

 



 H.  Billuri.  Apar  məni  o  yerlərə.B.:  Yazıçı,  1981.- 

120 s. 


3.

 

H. Billuri. Çinar gözləyir məni. B.: Azərnəşr, 1976.-



119 s. 

4.

 



H. Billuri. Istərəm. B.: Azərnəşr, 1969.-314 s. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 


23 

 

Kompyuter yığımı 



və dizayn:                              Könül Səmədzadə 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh., S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır:06.02.2016 

Tirajı:100 

Pulsuz  


 

 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə