Hər gün ömürdən gedir



Yüklə 257,09 Kb.
səhifə2/5
tarix30.12.2017
ölçüsü257,09 Kb.
1   2   3   4   5

  • Starik, getdik!

Beş dəqiqə sonra şəhərdən ayrılıb geniş yola çıxdılar. Göygöz oğlan öz-özünə mızıldandı:

  • Hə... demək belə-belə islər... – Və yanında küncə qısılmış döşü-başı açıq, dodaqları boyalı gombul qızdan soruşdu:

  • Yaxsı, bu axsam planımız necədir?

  • Restorandan çıxıb Jannagilin bağlarına gedəcəyik. Ata-anası Kislovodskidədir...

Sarışın qız rəfiqəsinin sözünə düzəliş verdi:

  • Yesuntukidə.

  • Onun nə mənası var? – deyə göygöz əlavə etdi. – Təki evləri bos olsun.

Sonrakı söhbətlərdən Seyfəl başa düşdü ki, yanında oturan hər kimsə, vəzifəli adamdır. Tanınmamaq üçün qara çeşmək taxmışdır.

  • Mən heç sabah da evə qayıtmayacağam, – deyə o, arada gülə-gülə qızlara eşitdirdi. – “İki günlüyə Şamaxıya komandirovkaya gedirəm”. Arvada belə demişəm.

Gombul, yanındakı oğlanı öpə-öpə ona cavab verdi:

  • Biz sabah səhər qayıdarıq, siz restorandan yemək-içmək götürüb o biri gecəni də Janna ilə qalarsız bağda. Ara xəlvət, tülkü bəy...İşıqları da yanmır...

  • Lampamız var da... Amma, deyəsən neftimiz yoxdur.

Seyfəlin yanındakı qara çeşməkli yenə “adamişkəsinə” sarı çevrildi:

  • Neftimiz yoxdur, lampaya araq töküb yandırarıq. Onun fikrini çəkirsən?..

  • Necədir sənin üçün Janna? – deyə gombul, turac kimi qaqqıldadı. – Belə oğlanlar da var ey!..

Bayaqdan eşitdiyi bayağı, iyrənc söhbətlər, qondarma gülüşlər Seyfəli bezikdirmişdi. Qınayan olmasaydı, maşını saxlayıb onları yarı yolda düşürərdi. Ancaq... daha çox qalmamışdı, çatmışdılar.

  • Ay kisi, sənə adres versək, sabah səhər dalımızca gələ bilərsən? – deyə başını gombulun çılpaq qolları arasından zorla xilas edən göygöz oğlan dilləndi. Seyfəl sözlərinə acılıq qataraq dilləndi:

  • Xeyir! Gələ bilmərəm!!

  • Niyə? – deyə qara çeşməkli ona sarı döndü. – Haqqını artıqlaması ilə verərik.

  • Pulu bəyəm küçələrdən yığırsan?

  • Gəlir də... Ordan... burdan...

  • Əgər varın çoxdursa, xərclə bu ismətli, bu tərbiyəli xanımlar üçün!.. Mənə lazım deyil!

Seyfəl yaman əsəbiləşmişdi. Çırtma vursaydın qanı çıxardı. Oğlu yaşında cavanlar onun yanında hörmətsizlik edirdilər!

Göygöz donquldandı:



  • Əvvəldən belə bilsəydik sənin masınına əyləsməzdik!

  • Mən də belə bilsəydim, sizi heç maşınıma götürməzdim!

Restoranın qənşərində dayandılar. Qaraçeşməkli bir iyirmibeşlik çıxarıb onun üstünə atdı.

  • Starik, sən gedə bilərsən!

Seyfəl sayğaca baxdı. Haqqını çıxıb pulun artığını qaytardı.

–Ay kisi, ancaq yaxsı tanımadın biz kimik! – deyə göygöz aşağı enəndə söz atdı. – Yoxsa çaşıb belə hörmətsizlik eləməzdin.



  • Mən sizi çox yaxşı tanıdım! Hər kimsinizsə, dördünüz də bir yuvanın quşusunuz!

Maşın yerdən götürülüb geri dönərək sürətlə uzaqlaşdı... Bu əhvalat çoxdan, üç il əvvəl olmuşdu...

***


Şənbə günü axşamçağı qəfildən Fidanla Şəfiq darvazadan həyətə girdi. Onları birinci görən Müşfiqə xanım oldu. Cəld irəli cumub oğlunun, gəlininin boynuna sarılaraq üzlərindən öpdü.

  • Xoş gəlmisiz, ay bala. Necəsiz? Yaman darıxmışdıq sizin üçün. Elə ürəyimə dammışdı ki...

Şəfiq anasının sözünü kəsdi:

Səsə Seyfəl də gəldi. Oğlu ilə, Fidanla əl tutdu, keflərini xəbər aldı.

  • Siz yoxlayanı yaxşıyıq, – deyə gəlin qaynatasına zarafatla cavab verdi.

Onlar danışa-gülə eyvana sarı addımladılar. Müşfiqə xanım samovara od salmağa hazırlaşanda Fidan irəli keçdi.

  • Mama, sən zəhmət çəkmə, – deyərək kibriti ondan alıb öz işgüzarlığını göstərmək istədi. Seyfəl tövlənin dalına keçdi, doğranmış odun və çırpı gətirdi. Fidan tez-tələsik samovarı alışdırdı. Əlləri qoynunda qıraqda dayanmış Müşfiqə xanım zənnlə gəlininə baxaraq gülümsədi. Fikirləşirdi: “Necə də Şəfiqə yaraşır!”

Fidan ucaboylu, şux qamətli qızdı. İri, ala gözləri şölə saçaraq alışıb yanırdı. Mərmər yanaqları, hamar alnı, kaman kimi gərilmiş qara qaşları vardı. Üzünü elə bil südlə yumuşdu. Qırmızımtıl ətli dodaqlarına daim bir təbəssüm çökmüşdü. Əyninə biçilmiş qəhvəyi yun paltarı sağrılarına, dolğun dik döşlərinə darısqallıq edirdi. Toydan sonra Fidan sanki bir az da gözəlləşmişdi, ətə-cana dolmuşdu.

  • Mama, axşama nə bişirəcəksən bizim üçün? – deyə gəlin arada qayınanasına sarı dönərək şıltaqlıqla xəbər aldı. – Axı bu gün birinci gəlişimizdir...

Seyfəl qımışdı: “Bu nə şeytan qızdır!” Müşfiqə Fidanın ərkyanalığına sevindi:

  • Xətrin nə istəsə, adına qurban! Plovla aran necədir?

  • Lap yaxşı!

Bir azdan samovar qaynadı. Müşfiqə evə keçib yemək stolunun üstünə süfrə saldı. Qənd, konfet gətirdi. Fidan stəkanlara çay süzdü...

Seyfəl tez qalxdı.



  • Mən bir bazara dəyim, gəlirəm, – dedi. Zənbilini götürüb getdi.

Qadın bu dəfə nəzərlərini Şəfiqə tuşladı.Onu ancaq indi görürmüş kimi hündür boy-buxununu qürurla süzüb öyündü: “Göz dəyməsin, oğlumuz da yaraşıqlı cavandır. Sıx saçları, qalın qaşları, topa bığları qap-qara. Fidan belə qəşəng, ağıllı oğlan hardan tapacaqdı?! Namxuda-Maşallah, sinəsi, çiyinləri də enlidir. Pəhləvana oxşayır. Şəfiq danışığının, hərəkətinin yerini biləndir. Otuz yaşı var, hələ bir dəfə nə mənim, nə də atasının sözündən çıxmayıb. Yoldaşları, dostları xətrini çox istəyir. Nə qədər subaydı, bu əndamı yanmış qızlar telefonumuzu dağıdırdılar. Tez-tez zəng vurub, Şəfiqi görüşə çağırırdılar. Oğlumuz da ağıllı tərpəndi, onlara uymadı, özü seçib-sevdiyi Fidana evləndi. O vaxt Şəfiq mənə bir aləm sevinc bəxş elədi. Xoşbəxt yaşasınlar... Oğullu-uşaqlı olsunlar!!”

Araya çökən sükutu Şəfiqin səsi pozdu:



  • Ana, atam darıxmır ki? – soruşdu.

  • Yox ay bala, bir hovur rahat oturmur. Hər gün özünə təzə iş tapır...

  • Bəs şəhərə haçan gələcəksiz?

Müşfiqə mənalı tərzdə gülümsədi.

  • Atan deyir... daha həmişəlik burda qalacağam.

  • Necə? Bəs sən?

  • Mən onu bağda tək qoyub getməyəcəyəm ki.

Fidanla Şəfiq döyüküb qaldılar, sual dolu gözlərlə bir-birinə baxdılar. Gəlin pərtliyini gizlədə bilmədi:

  • Bəlkə... Mənim gəlişim yerinizi dar eləyib?..

  • Yox... yox! Elə fikirləşmə, adına qurban. Seyfəl daha yaşa dolub, dinclik, sakitlik istəyir. Mən, çoxdan – deyir, – belə həyat sürməyin həsrətində idim...

Şəfiq danışmağa söz tapmadı. “Atası niyə belə edirdi? Məqsədi nə idi? Yoxsa hər şeyi əvvəlcədən ölçüb-biçərək bu qərara gəlmişdi...”

Müşfiqə xanım şama bütün dəsgahı ilə ləzzətli plov bişirmişdi. Seyfəl konyak, şampan şərabı da alıb gətirmişdi. İlk dəfə olaraq dördlükdə yemək stolunun arxasında əyləşdilər. Birinci sağlığı, təbiətinə uyğun çox yığcam şəkildə Seyfəl dedi:



  • Qızım Fidan! Oğlum Şəfiq! Sizin şərəfinizə! Xoşbəxt olun!

... Az danışmaqda, təvazökarlıqda Şəfiq də atasına çəkmişdi. Səhərdən bəri öz memarlıq qələbəsi barədə onun Seyfələ, Müşfiqəyə bir söz demədiyini, ağzına su alıb susduğunu görən Fidan məsələni açaraq söylədi:

  • Papulya! Mamulya! Şəfiqi təbrik edə bilərsiniz!

Kişi soruşdu:

  • Nə münasibətlə?

Qadın maraqlandı:

  • Xeyir ola?..

Fidan uşaq kimi cəld bir hərəkətlə oturduğu stulun üstünə qalxıb ucadan bəyan etdi:

  • Bakıda qoyulacaq təzə heykəlin ətrafındakı ansambla görə Şəfiqin verdiyi layihə müsabiqədə birinci yeri tutub!

Qız “urra!” çığıraraq əl çaldı. Ata-ana hərə bir tərəfdən oğlanlarının boynunu qucaqladı, üzündən öpmək istəyəndə Fidan mafar vermədi:

  • Şəfiq Seyfəl oğlu min beş yüz manat məbləğində mükafat alıb! – deyə sözünə əlavə etdikdən sonra aşağı hoppandı.

... Sabahısı şəhərə gedəndə cavanlar Müşfiqəni də dilə tutub özləri ilə apardılar.Məqsədləri bu idi ki, bağda tək qalan kişi bəlkə darıxaraq evə qayıtsın.

... Onları darvazayadək yola saldıqdan sonra Seyfəl otağa gircək özünə çay süzüb içmək istədi. Və fövrən qənddanın altında beli bağlı bir dəstə pul gördü! Təzə qırmızı onluqlar idi: min manat!

***

Şəfiq institutun dördüncü kursunda oxuyurdu. Çevik, diribaş, hər sahədən məlumatlı olan tələbə idi. O, heç vaxt sakit yeriməzdi, həmişə, harasa tələsərdi. Boylu-buxunlu, xoşalgəlimli cavandı.



Dərslərarası fasilələrdə Şəfiqi dəhlizdə görən qızlar baş-başa verib onun barəsində pıçıltı ilə çox şeylər danışardılar. Hərə bir söz deyərdi:

  • Yapışıqlı oğlandır... amma tamam-kamal normal adama oxşamır. Daim protfeli əlində elə hey... ora bura qaçır...

  • Sizi bilmirəm, balam, mənim yaman xoşum gəlir Şəfiq. Kəlləsi ensiklopediyadır onun. Nə soruşsan, o dəqiqə cavabı hazırdır...

  • Ağıllı da olsa, ruhi-balqabağdır. Bu qədər gözəl-göyçək qızın içində olasan, birinə də gözünün ucu ilə baxmayasan?!

  • Nə bilmək olar, bəlkə nişanlısı var.

Bəzi forslu qızlar üzdə özlərini laqeyd göstərsələr də, əslində onunla tanış olmağın həsrətini çəkərdilər.

Şəfiqin paltosunun cibindən, kitablarının arasından tez-tez imzalı-imzasız qəribə məktublar çıxardı: “Mən sizinlə paralel kursda oxuyuram. Adım Zaminədir. Xahiş edirəm haçan imkanınız olsa mənə bu nömrəyə zəng çalın (...). Sizə deyəsi vacib sözüm var. Dəstəyi özüm götürəcəm”.

“Dərs ili başlanandan sizinlə, demək olar ki, hər gün vestibüldə üz-üzə gəlirəm, salamlaşıram. Bir dəfə də ayaq saxlamamısınız, mənimlə danışmamısınız. Həmişə yel kimi ötüb keçmisiniz. Bu qədər insafsızlıq olmaz!

Adımı yazmağa ehtiyat edirəm. Məktub başqasının əlinə keçə bilər... İmza T.”

“Sizi, rejissoru atam olan tamaşanın premyerasına dəvət etsəm gələrsinizmi? İnstitutda ən uzun saçlı qız.”

Hələ evlərinə evlərinə edilən telefon zəngləri təkcə Şəfiqi deyil, ata-anasını da təngə gətirmişdi. Başa düşə bilmirdi ki, bu tələbə qızlar ondan nə istəyirlər...

Bakıda yayın bürkülü günləri başlanmışdı. İstidən nəfəs almaq olmurdu, adam təntiyirdi. Şəhərlilər bağlara yaylaqlara köçmüşdülər. Müşfiqə hər dəfə Seyfəllə çinarın kölgəsində oturub çay içəndə, çörək yeyəndə intizarla yollara baxırdı.

Şəfiq qət etmişdi: Bu gün mütləq bağa gedəcəkdi! Bir müddət çertyojlardan, yazı-pozudan ayrılıb dincələcəkdi.

...O evdən çıxandan sonra tələsik instituta dəydi. Vacib işi vardı.

Qəbul imtahanlarına gəlmiş yüzlərlə qız, oğlan həyətdəki seyrək ağacların kölgəsinə toplaşmışdı. Arada valideynlər də görünürdü. Abituriyentlərin çoxu həyəcan içində idi. Danışırdılar, mübahisə edirdilər...

Institutun qapısı ağzında da, dəhlizdə də adam əlindən tərpənmək olmurdu. Şəfiq yaxınlaşıb çətinliklə içəri girdi. Tələbə yoldaşlarından heç kimlə rastlaşmadı. Hamısı təzə gələn gənclər idi.

Dəftərxananın qabağında beş-altı qız dayanmışdı. Yəqin sənədlərini verməyə növbə gözləyirdilər.Onların arasında... Şəfiq o günü indi də nağıl kimi xatırlayır... – bir gözəl,nərmə-nazik, uca boylusu vardı. İri ala gözləri şölə saçıb yanırdı. Gödək vurulmuş saçlarına, qara çatma qaşlarına rəğmən ağ paltar, ağ tufli geymişdi. Aydın, nurlu sifətində bər-bəzək xətrinə rəngdən-boyadan əlamət yox idi.

Şəfiq onu görəndə sanki tilsimə düşdü. Yerindəcə donub qaldı. Qız da bunu duydu. Uzun, qara kirpiklərini qaldırıb mənalı tərzdə yandırıcı baxışlarını ona yönəltdi və xəfifcə gülümsündü. Şəfiqi həyəcan çulğadı, ürəyi titrədi, özünü itirdi. Qu quşuna bənzətdiyi bu qızın baxışından, gülümsəməsindən yanındakılar xəbər tutmadı.

Ancaq Şəfiq yaman sarsılmışdı!

Rəfiqələrinin “Fidan” – deyə çağırdıqları həmin gözəl abituriyent kim idi, hardan gəlmişdi, hansı fakultəyə daxil olmaq istəyirdi. İndi bunların hamısı Şəfiq üçün çox maraqlı idi...

O, bağa getməkdən vaz keçdi və günortayadək institutun binasından çıxmadı. Fidan hara fırlandısa nəzərləri ilə onu müşaiət etdi.

Axşam sərsəri vəziyyətdə evə qayıtdı. Artıq o, səhərki adam deyildi. Bu günədək ən gözəl qızlara etinasız, laqeyd olan Şəfiq, təsadüfən qarşılaşdığı Fidanın ani baxışından sarsılmışdı. O, gah otaqda gəzindi, gah üzüquylu çarpayıya sərələndi, gah da yaxasını açaraq eyvana çıxıb özünü sərinə verdi.

Şəfiq həyatında ilk dəfə şeir yazmaq xülyasına düşdü. Fidanın gözlərinə, baxışına, saçlarına, kirpiklərinə şairanə sözlər qoşmağa ürəyində bir ehtiyac duydu. Vurnuxdu... çırpındı... lakin bacarmadı. Fidan onun təsəvvüründə ən gözəl şeriyyətin fövqündən də yüksəkdə idi!

Sabahısı yenə instituta yollandı. Aradı... axtardı... Fidanı tapmadı. Başqa gün də getdi, o yox idi. Dördüncü dəfə... Fidanı yenə rəfiqələrinin əhatəsində gördü!

İndi Şəfiq ap-aydın hiss edirdi ki, o vurulmuşdur! Əgər belə deyildisə, bəs düşdüyü bu təlatüm, keçirdiyi bu həyəcanlar nədəndi?!

Nəyayət, bir dəfə... yadına salanda indi də bədəni əsir... – qürurunu sındırıb, cəsarətini toplayaraq qızların dəstəsindən kənarda dayanmış Fidana yan aldı:


  • Bağışlayın... – deyə dili-dodağı əsə-əsə ona müraciət etdi. – Sizi bir dəqiqə olarmı?...

Fidanın qaşları gərildi, heyrətlə qarşısındakı oğlana baxdı.

  • Məni? .. Buyurun... – O, azacıq irəli adladı.

Şəfiq görürdü: qızlar onları izləyirdilər. Əlbəttə, belə şəraitdə Fidanla danışmaq o qədər də münasib deyildi.

  • Bəlkə... sonraya qalsın... – deyə qızın rəfiqələrinə işarə ilə, pərt halda ayaq saxladı.

  • Niyə ki?.. Yox... onlardan çəkinməyin..

Şəfiq ürəkləndi:

  • Fidan xanım... Siz sənədlərinizi hansı fakultəyə vermisiniz?

  • Tikinti mühəndisliyinə... necə ki?..

  • Birinci imtahanınız haçandır?

  • Ayın ikisində.

  • Mən... mən sizə instituta girməkdə kömək etmək istəyirəm...

  • Onu bajararsız?

O dəqiqə ləhcəsindən bildi: Fidan Qarabağ tərəfdəndi.

  • Bacarmaq deyəndə... mən sizi heç kimə tapşırmaq fikrində deyiləm. Etiraz etməsəniz, sizi imtahanlara hazırlamaq istəyirəm.

Fidan susdu. Sonra gülümsədi, gözləri balacalaşdı.

  • Olmaya burada müəllimsiniz.

  • Xeyir, mən də tələbəyəm. Dördüncü kursda, memarlıqda oxuyuram...

  • Hamımızı? Yoxsa tək məni hazırlamaq istəyirsiniz?

Şəfiq çətin vəziyyətdə qaldı. Nə deyəydi? Desəydi, tək sizi, qızı hürküdə bilərdi.

  • Əlbəttə, sizi yaxın rəfiqələrinizlə birlikdə...

Fidan uşaq kimi şadlandı:

  • Nə yaxşı!.. Bu dəqiqə gəlirəm! – dedi.

Tez qaçaraq, bayaqdan onlara sarı marıtlayan rəfiqələrinin yanına getdi...

...Həmin axşam iş növbəsinin axırında “taksi” maşınını evlərinin qapısında saxlayıb oğluna baş çəkməyə gələn Seyfəl içəri girəndə qəribə bir səhnənin şahidi oldu. Böyük otaqdakı dəyirmi stolun dövrəsində, qabaqlarında dəftər, kitab, çay, peçenye olan altı qız dövrə vurub oturmuşdu. Yuxarı tərəfdə əyləşmiş oğlu, onlarla müəllim kimi dərs keçirdi...

***

Müşfiqə doqquz-on gün şəhərdə oğlunun, Fidanın yanında qaldı, ərinin yolunu gözlədi. Axırda Seyfəldən bir xəbər çıxmadığını görən qadın özü onunçün darıxaraq bağa qayıtmağa məcbur oldu. Həyətə girəndə arvad təəccüb elədi: Darvaza açıq idi. Evin qapısından kilid asılmışdı. Hər yanda sakit bir qəriblik hökm sürürdü. Keçib tövləyə baxdı. Fayton yerində yox idi. “Qəribədir! Bəs Seyfəl hardadır?”



Qabaqcadan şərtləşdikləri kimi həmişə qapını kilidləyib gedəndə açarı çinarın dibində daş altına qoyardılar. Müşfiqə yaxınlaşıb yoxladı. Açar yerində idi. Bəs fayton? Onu ki, qoşqusuz aparmaq olmazdı!

“Bu Seyfəlin də qəribə xisləti var! – deyə arvad ərinin dalınca gileyləndi – Bir iş görəndə heç kimə heç nə deməz! İndi kim bilir hara gedib! Kişi təqaüdə çıxanı lap xarab olub!..”

Müşfiqə eyvanın səkisində oturub məhzun bir görkəm alaraq fikrə daldı.

Bağlara axşam düşürdü. Çinarın əydəmli günəşdən uzanan kölgəsi həyətdən keçib qonşu hasarının o tayına aşmışdı. Çarhovuzun həndəvərində cücərən otlar qıyıq boyda böyümüşdü. Tövlə divarının dibində hələ inişil yazda Seyfəlin əkdiyi kəvər yarpaqlı nərgiz kolları püstəyə oxşar sarı tumurcuqlar bağlamışdı.

Gözlərini açıq darvazaya dikmiş Müşfiqənin sakitlikdən qulaqları küyüldədi. Əsən mehdən birdən-birə bədəni üşüdü. Arvad qalxıb evin qapısını açaraq içəri keçdi, işığı yandırdı. Radionu qurdu. Nəzakət xanım məlahətlə oxuyurdu. Müşfiqə xanım xeyli vaxt ona qulaq asdı. Müşfiqənin şaqraq səsinə kiçik otaqların divarları, alçaq tavanı darısqallıq edirdi... Konsert təzəcə qurtarmışdı ki, həyətdən hənirti eşidildi. Pəncərənin pərdəsini çəkib baxanda qaranlıqda Müşfiqənin gözlərə iki fənər işığı dəydi. Sonra qoşa ağ atlı fayton göründü. Qozlada oturan da... – O, cəld həyətə atılıb yaxından baxdı, – Seyfəl idi!

3

Müşfiqə şəhərə gedəndən sonra Seyfəl bir cüt at sorağı ilə qonşu kəndləri gəzdi, keçmişdə araba, qazalaq, fayton saxlanılan həyətlərin qapısını döydü, niyyətini dedi. Tapa bilmədi. Köhnə tövlələrin çoxunu qaraja çevirib maşın saxlayırdılar. Nəhayət, ona Altıağacda yaşayan bir nəfərin ünvanını verdilər. Seyfəl sabahısı avtobusla ora yollandı. Deyilən adamı tapdı, atlarına baxıb çox bəyəndi, ikisi də ağ idi. Bu Seyfəlin ürəyincə oldu. O, maşının da bəyaz rəngini xoşlayırdı.



Atlar cavandı, təzəcə nallanmışdılar. Qısa sövdələşmədən sonra qiymətdə razılığa gəldilər.

  • Allah xeyir versin! – deyə at sahibi daş kimi sərtəli ilə Seyfəlin ovucunu elə şappıldatdı ki, sanki tapança atıldı. – Sağlığla işlədəsən. – Haqqını alandan sonra kişi bir daha xeyir-dua verərək sözünə əlavə etdi: – Halal xoşun olsun. Ancaq, onu da bil ki, mən bu ağ tərlanları sənə satmadım a... müftə verdim!

O, danışa-danışa tövləyə tərəf addımladı və Seyfəli dalınca çağırdı:

  • Al, üstəlik, bunları da sənə peşkəş edirəm, – deyə bir təzə yəhəri və iki dəst ucu dəhnəli qantarğanı ona bağışladı. – Bundan daha mənə lazım olmayacaq. Oğlum maşın almaq həvəsinə düşdüb.

...Sabiq “taksi” sürücüsü evinə qayıdanbaş yəhərlənmiş atın tərkinə qalxanda qeyri-adi bir qürur hissi keçirdi. Uzun illərdən bəri ürəyində yuva salmış həsrətdən az qala qanadlanıb uçmaq istədi.

“Dünyanın işi qəribədir, – fikirləşdi Seyfəl. – Biri atlarını satıb maşın almaq həvəsinə düşür, digəri maşından bezikdiyi üçün ata, faytona meyl salır...”

Ana yola çıxcaq Seyfəl “tərlanları” yoxlamaq istədi. Elə altındakını dəhmərlədiyini gördü: atların ikisi birdən səyirtdi; ahəngdar löhrəm yerişə başladılar. Yedəyindəki də əsla geri qalmırdı, paçasını gen açaraq fınxırtı ilə yanaşı yorturdu.

Seyfəl gülümsədi, uşaq kimi sevindi: “Belə atlar üçün Altıağac nədir, lap Vladivastoka getməyinə dəyərdi!” – O, meşin kepkasının günlüyünü aşağı endirib yəhərin üstə şax oturaraq qarşısındakı nəhayəti görünməyən gen düzlərə baxır, qürrələrindi. Atlar irəli çapdıqca Seyfəl cavanlaşırdı. Bunu o, mənzil başına yetişcək yəhərin qaşından yapışıb yerə atılanda da hiss elədi...

***

Seyfəl Gəncədə tələbə idi. Kənd təsərrüfatı institutunda oxuyurdu. Aqronom olmaq həvəsi onu Bakıdan çəkib bura gətirmişdi. Qaraşın, qıvraq, şumal bir oğlan olan Seyfəl həmişə başıaşağı gəzər, özünü ağır aparar, yersiz danışıb gülməzdi. Yaxşı mütaliəsi vardı, kitab əlindən düşmürdü. Müəllimlər, professorlar xətrini istərdilər.



Seyfəli aqronomluğa atası həvəsləndirmişdi. Bağda yer belləyəndə, ağaclara qələm vuranda, meynə başı kəsəndə, əkəndə, becərəndə Əziz kişi öz təcrübəsini oğluna öyrədərdi.

  • Mən elə bilirəm, bundan gözəl, xeyirxah sənət yoxdur, – deyərdi. – Aqronom doktorluq kimi bir şeydir. Dərindən fikirləşəndə görürsən ki. Doktor insanlara şəfa verir, onları çox yaşatmağa çalışır. Aqronom da təbiətin yaşıl canlılarını hifz edib onların ömrünü uzadır...

Ancaq Seyfəl arzusuna çata bilmədi. Müharibə başlandı. O. Təhsilini yarımçıq qoyub cəbhəyə getdi... Süvarilər dəstəsinə düşdü... Gəncliyinin neçə ilini odun-alovun içində, atların tərkində keçirən Seyfəl, dəfələrlə bu düşüncəli, ağıllı heyvanların sədaqətini, mərdliyini gördü, həyatda insan kimi zəhmətkeş, hər şeyi duyan, anlayan, ancaq danışmaqdan məhrum olan ikinci şüurlu bir məxluqun varlığına inandı! Atı özünə etibarlı dost sandı və onu sevməyə başladı.

Bir dəfə...

Qarlı, çovğunlu qış gecəsi idi. Seyfəl güclü gülləbarana düşdü. Ətrafda dalbadal neçə mərmi partladı, qəlpələr vıyıldadı. O atın üstdə qıçından ağır yaralandı. Baldırından qan su kimi axdı. Taqəti kəsildi. Yerə enib yarasını sarımağa iqtidarı olmadı. Seyfəl, atı dəhmərləyib səyirtmək istədi, bacarmadı. Güllə, qəlpə yağışı altında azacıq yubansaydı məhv ediləcəkdi. Ölüm təhlükəsini duyan heyvan fövrən qulaq batırıcı bir kişnərti qoparıb, dördnala çapdı. Sağ ayağı üzəngidə, sol ayağı havada asılı qalmış Seyfəl huşunu itirib irəli aşaraq, atın boynunu qucaqladı və sonra... daha heç nə xatırlamadı...

Səhərə yaxın gözlərini açanda... özünü təhlükəsiz bir yerdə – yandırılmış alman tankının yanında uzanmış gördü. Ayağını, Seyfəlin öz dolağı ilə kimsə möhkəmcə sarıyıb getmişdi. At isə matəm içində başını aşağı dikərək böyründə dayanmışdı, onun keşiyini çəkirdi...

(Kaş insanlar da belə dəyanətli, belə sədaqətli olaydılar!)

Seyfəli hərbi xəstəxanaya aparanda, onu ölümün caynağından qoparıb qaçıran atın başını qucaqladı, ağlaya-ağlaya üzündən, gözündən öpdü... Sol baldırında sümüyə qədər işləmiş irili-xırdalı qəlpələri çıxardılar. Seyfəl xeyli vaxt yatdı. Qan çox itirmişdi.

Yaraları sağalandan sonra xeyli müddət qıçını çəkməyə başladı: Bakıya qayıtdı, bir il keçdi, anası öldü. Əziz kişiyə baxan olmadı. Seyfəl halal südəmmiş bir qızla evlənib özünə həyat qurdu...

Həmişə soyuq havalarda maşında qıçı sancanda ağıllı cəbhə dostu – o sədaqətli heyvan yadına düşərdi.

İllər keçdi... Müharibə, ömrünün dəhşətli xatirəsi kimi uzaqda qaldı. Lakin sabiq cəbhəçinin qıçındakı ağrılar kəsilmədi. Nəhayət, müraciət elədiyi cərrah həkim onu müayinədən sonra başını bulayıb dedi:


  • Qılçanızda, ələngə sümüyünün böyründə qəlpə qalıb. Kəsilib çıxarılmasa, o sizə həmişə əziyyət verəcək.

Həkim səhv etməmişdi. Sonralar Seyfəl axsamağa başladı. İkinci dəfə cərrah stolunda uzanmağa isə ürək eləmədi... Vaxtı çatdı... Təqaüdə çıxdı.

İndi nahaqdan deyildi ki, ayağını yerdən götürmək üçün meylini ata-faytona salmışdı...

***

Uzaq yoldan gəlmiş “tərlanlara” Seyfəl bir gün dinclik verdi. İllərdən bəri tövlədə hərəkətsiz qalan faytonun təkərlərindəki rezin qurşaqlar köhnəlib çürümüşdü, onları dəyişmək üçün səriştəli usta axtarmalı idi. Ancaq eləsi kimi hardaydı? Bilmirdi. Seyfəl köhnə kənd bazarına yollandı. Buralar ona çoxdan tanışdı. Qədimdə necə vardısa, eləcə də qalmışdı. Bazar, dalana oxşar darısqal bir yoldan başlanırdı. Əvvəllər qarşısında at, eşşək, araba, qazalağ dayanan bu daşlı-palçıqlı, çoxlu gediş-gəliş olan bu yerdən keçmək mümkün olmazdı. İndi şəhərdən, kəndlərdən gələn müştəri maşınlarının dayanacaq meydançası olan bura asfalt döşənsə də, yenə öz ibtidai görkəmini dəyişməmişdi. Bazar yolu sayılan ensiz keçidin sağ tərəfində yöndəmsiz ərzaq, pinəçi, papaqçı, dərzi dükanları darısqallıqdan bir-birinin böyrünə qısılmışdı. İrəlidə, həmin səmtdə daim tərəvəz, göy-göyərti, yay mövsümündə isə qovun-qarpız, küdü, balqabaq, şamama satılan hissə alçaq taxta hasara alınmışdı. Üzbəüzdəki çayxana divarının böyrü, altına daş qoyub oturmuş, ayaq üstdə dayanmış, yerə çömbəlmiş xırda alverçilərin daimi məskəni idi. Burada büllur qab-qacaqdan, çəngəl-bıçaqdan, bağçılıq alətlərindən tutmuş sabuna, üzqırxan titəyə, can kisəsinə, günəbaxan tumuna qədər nə desən satılırdı.



Bazarda, həmişə olduğu kimi bu gün də qələbəlik idi. Dərzi dükanından tikiş maşının, pinəçi köşkündən ayaqqabı altı döyəcləyən çəkicin... küçədən avtomobil siqnallarının və ətrafdakı müştərilərin qarmaqarışıq səslərindən anlaşılmaz bir xaos yaranmışdı.


: download -> povesti
download -> Materiał nauczania z języka polskiego Rok szkolny 2016/2017 klasa I starożytnośĆ
download -> Ilona Gołębiewska Szkoła Główna Gospodarstwa Wiejskiego w Warszawie Katedra Edukacji I Kultury Charakterystyka okresu przedszkolnego
download -> Hellada – tak Grecy (Hellenowie) nazywali w starożytności swoją ojczyznę, ta górzysta kraina nie stanowiła wtedy jednolitego państwa, lecz była podzielona na niewielkie państwa – miasta (polis) Hellada
povesti -> Bir adsız əsər var, onu məndən başqa heç kəs oxumayıb. O getdi, ətri otaqda qaldı
povesti -> Ülkər-Aytəkin
povesti -> MüQƏDDƏs yalan
povesti -> Xəzərin qabarıq köksündə fəcrin qızıllı-çəhrayı parıltısı göz qamaşdırırdı. Üfüqlə
povesti -> Heç kəsin ağlına gəlməzdi ki, o gecəki telefon zəngindən sonra elə qəribə, gözlənilməz bir hadisə baş verəcəkdir!


Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə