HəRBİ-SƏhra komandiRİNİn meymunu



Yüklə 63,91 Kb.
tarix21.06.2018
ölçüsü63,91 Kb.
#50387

Əjdər Ol

HƏRBİ-SƏHRA KOMANDİRİNİN MEYMUNU

(hekayə)
Hərbi-səhra komandirinin balaca, suyuşirin ipək meymunu yenə də kresloda yayxanıb əyləşmiş sahibinin çiyinlərində gəzirdi. Meymunun başa düşdüyü o idi ki, komandir dincəlməyə başlayıb. Son aylarda onun başının ağasının dincəlməyi getdikcə mərasim şəklini alırdı. Həftə səkkiz, mən doqquz qərargahda məclislər qurulur, süfrələr açılırdı. Xüsusi zövqlə bəzədilmiş və üstü hər cür naz-nemətlə doldurulmuş bu şah süfrələrində dadlı yeməklər, şirniyyatlar, çərəzlər, meyvələr, bahalı içkilər, siqaretlər bir-birilə bəhsə girirdi. Məclislərdən musiqiçilər, meyxanaçılar, rəqqasələr, yüngül, dingiş qadınlar əskik olmurdu.

Meymun az vaxtda çox görüb-götürmüşdü, öz yerini yaxşı bilirdi. Döyüş mövqelərindən top, güllə səsi eşidiləndə elə ki, görürdü qərargahda ara qarışıb məzhəb itib, ortada həyəcan, qanqaraçılığı var, tez aradan çıxırdı. Onun gizlənməsi üçün böyük daldanacaq lazım olmurdu: komandirin çarpayısının altı, şinelinin qoltuğu, meyvə səbətinin bir küncü, dəmir sobanın arxası... Hərdən qorxuya düşmüş meymunbala sahibinin iri qış papağında büzüşüb asılqandan asılırdı.

Meymunun adı “Atəş” qoyulmuşdu. Çünki hərdən gecələr düşmənə xox gəlmək üçün toplar guruldamağa başlayanda “Atəş” əmrini döyüş mövqeyinə çıxarılmış meymun verirdi. Əhliləşdirilmiş heyvan sahibinin əlinin işarəsilə ciyildəyən kimi lüləsi düşmən tərəfə tuşlanmış toplar alışdırılırdı.

Cəmi üç ayın tanışı və dostu olsalar da, Atəş hərbi-səhra komandirinə adyutantı qədər yaxın idi. Sahibi meymun dostuna bir necə kostyum tikdirmişdi. Bunların içərisində ən fısqırığı hərbi geyim idi. Hərbi-səhra komandiri düşməni lərzəyə gətirən növbəti atəşfəşanlıqdan sonra Atəşə mayor rütbəsi vermişdi və bu təltif də xüsusi təmtəraqla qeyd olunmuşdu. Meymunun paqonlarda parıldayan ulduzlar lap göz deşirdi.

Əvvəllər Atəş hərbi geyimdə daha çox görünərdi. Son vaxtlar isə onu kef məclislərinə qara kostyumda çıxardardılar. Hətta meymunun boynunda kəpənək qalstuk, döş cibində yaylıq da olardı.

Atəş məclisin yaraşığı idi. O, təkcə hərbi-səhra komandirini deyil, süfrə arxasında əyləşənlərin hamısını əyləndirərdi. Onlar meymunla qənşər-qənşərə əyləşib düt deyincə vurardı. Meymuna badələri toqquşdurmağı da öyrətmişdilər.

Meymunun anaşa çəkməyi lap dəsgah idi. Xudmani çarpayısında uzanıb nazbalışa dirsəklənəndə forsu adamı öldürürdü. Qıçını qıçının üstünə elə aşırırdı ki, lap bəzən hərbi-səhra komandirinin meymun variantına çevrilirdi. Yüz ilin nəşəxoru onun kimi anaşa darta bilməzdi. Elə ki, Atəş hallanırdı, bir oyunlar çıxarırdı ki, gəl görəsən.

Hərbi-səhra komandirinin sərt cizgiləri olan sifətinin qırışığını yalnız onun hoqqabazlıqları açırdı. Meymunun siqaret tüstülətməyi, süfrədəkilərin başında gəzməyi, kəndirbaz hərəkətləri, məzəli rəqsi güllələri boşaldılmış tapançanı havada atıb-tutmağı sahibi üçün bütün gördüklərindən maraqlı idi. Axır zamanlar hərbi-səhra komandiri Atəşi qadına dadandırmışdı. Hər dəfə yanına gətirilən ayağısürüşkən qadınla yatıb-durandan sonra meymununu onun üstünə salışdırırdı. Qadınlar çimçəşə-çimçəşə olsa da, ehtiraslı heyvancığaza təslim olurdular. Hətta, bəzən Atəşə ayrıca qadın düşürdü. Adam güllələmiş, qan tökmüş, kəsik baş təpikləmiş hərbi-səhra komandiri meymunun qadına girişməsinə ləzzətlə tamaşa eləyirdi. Atəş özünü onun ixtiyarına buraxmış qadının alt tumanını elə cəld və ustalıqla soyundururdu ki...

Hərbi-səhra komandirinin əsəbləri pozulmuş, içi-içalatı bir-birinə qarışmışdı. Daha ağzının ləzzəti qaçmışdı, istədiyini yeyə bilmirdi, canının təpəri günü-gündən azalırdı. Yaşı qırxı təzəcə adlasa da, gendən baxan ona azı iyirmi yaş artıq verərdi. Sanki o, meymun vasitəsilə dünyadan güc və həzz almağa çalışırdı. Elə bil meymun məhz onun yerinə “Atəş” əmri verir, geyinir, yeyir, içir, kef çəkirdi. Meymunu bəsləmək elə özünü bəsləmək kimi görünürdü ona.

Hərbi-səhra komandiri üç il bundan qabağa qədər yaşadığı kiçik şəhərdə aptekçi kimi tanınırdı, dərman işinə baxırdı. Hərbi təlimi yalnız əsgərlikdə görmüşdü. Ancaq xaraktercə möhkəm idi, gözünün qorxusu yoxdu. Elə ki, Qarabağ uğrunda qonşu Ermənistanla münaqişə başladı və sürətlə qızışdı, bir də onda ayıldı ki, qonşu ölkə ilə həmsərhəd olan öz bölgəsində əsgərlərə başçılıq edir. O zaman mərkəzi hökumət dişsiz olduğuna görə bütün cəbhə boyu münaqişənin ağırlığı könüllü özünümüdafiə dəstələrinin üzərinə düşmüşdü. Hər gün güllə, top səsləri eşidilirdi, ölən, yaralanan, əsir, itkin düşən olurdu. Qarşı tərəfdə də vuruşmanı idarə edən hərbi-səhra komandirləri idi. Bu qarşıdurmanın özəl cəhətləri vardı. Döyüş bitən kimi tərəflər rabitə vasitəsilə əlaqəyə girir, əsirləri, meyidləri ya pula, ya benzinə, ya da başabaş dəyişirdilər. Hər iki tərəf gülləni, tüfəngi, topu, qumbaranı, zirehli maşını, hətta tankı rus ordusundan satın alırdı. Rus generalları səxavətlə hər iki tərəfi silahlandırırdı. Bu hərbi ticarətin başında daha çox hərbi-səhra komandirləri dururdu. Vətənpərvər əhalidən, idarələrdən, təşkilatlardan, xeyriyyə cəmiyyətlərindən ianə, yardım kimi toplanan pullar onların əlində cəmləşirdi. Onlar da getdikcə qənimətlər, toplanan pullar, qeyri-məhdud səlahiyyətlər hesabına idarəolunmaz fiqura çevrilirdilər, güllələnməyə qədər cəza verə bilirdilər. Hətta bəzən hər iki tərəfin səhra komandirləri mərkəzə tabe edilmək üçün öz hökumətləri tərəfindən sıxışdırılanda qabaqcadan razılaşıb xırda qələbə hücumları və ya geriçəkilmələr təşkil edirdilər. Belə dava-dava oyununda ayaq altda qalanlar, yaralananlar, ölənlər hesaba alınmırdı.

Bizim hərbi-səhra komandiri daha yorulmuşdu. Getdikcə yaxşı başa düşürdü ki, bu vuruş acı bağırsaq kimi uzanacaq. Çünki qarşıdurmanın taleyi, deyəsən, vuruşan tərəflərin əlində deyildi. Ancaq başqa həmkarları kimi o da hökmlərindən əl çəkmək istəmirdi. Axıra qədər vuruşmaq istəyirdi, harda qırıla-qırıla... Hətta təxribat olacağından qorxub evinə də getmək istəmirdi. Gedəndə də yüngülcə arvad-uşağa baş çəkib geri dönürdü. Onun ev işlərinə baxanlar var idi. Yan-yörəsində silah alverini, əsgərlərin ərzaq, geyim, başqa xırım-xırda məsələlərini yoluna qoyanlar öz yerlərini möhkəmlətmişdilər. Əlinin altında işləyib pul-para qazananların, ona arxalanıb ora-bura əl atanların sayı barmaq hesabını çoxdan keçmişdi.

Evinə getməyi seyrələndən bəri hərdən onun xanımı bir-iki saatlığa olsa da, qərargaha gəlib ərinə baş çəkərdi. Son aylarda o da buralarda görünmürdü. Bir dəfə o, ərinə demişdi ki, buranın şəraiti ər-arvadlıq deyil.

Hərbi-səhra komandiri kreslodan qalxıb köməkçisini səslədi. Köməkçi içəri girən kimi sual gözləmədən sanki əzbərlədiyi cümlələri hüdüləyib tökdü:

- Komandir, mövqelərimizdə sakitlikdir. Rubengil xeyir işimizdən xəbərdardır. Bu gecə atışma olmayacaq.

O, köməkçidən yeni bir şey eşitməyib qımışdı. Çünki Rubenlə özü danışmışdı. İrişə-irişə dedi:

- Toya başlayırıq?

Köməkçi qancıqlandı:

- İndi bəyi hamama aparacayıq. Sağdış-soldış onu gözləyir. Gəlinin paltarı da hazırdır. Axşam saat altıda gəlini gətirəcəklər.

Hərbi-səhra komandiri gərnəşdi:

- Gecikdirməyin. Toy gərək bəyin adına layiq olsun.

- Baş üstə, komandir! Bəy elə bəydir ki...

Həmişə köməkçisinə ələkçinin qıl verəni kimi baxan və hərdən onun yastı danışığına qıdığı tutan komandir, sanki məzə üçün çımxırdı:

- Çərənləmə! Buyur, bas bayıra!

Köməkçi qaş-göz oynatdı, quyruğu olsaydı, quyruq bulayardı.

Atəş köməkçinin him-cimini göydə tuturdu. Sanki bu günün xüsusi gün olduğunu və belə vaxtda şən və qıvraq görünməyin vacibliyini yaxşı anlayırdı. Bütün meymunlar kimi Atəşin də ağzı açılanda dişləri çöldə qalırdı. İndi də elə idi. Amma bu mənzərəni görüb “Meymun dişlərini ağardır” demək olmazdı. Bu görünüşün təsvirinə iki söz lazım idi: “Meymun gülür”.

Atəş gülə-gülə hoppanıb köməkçinin qucağına mindi və onlar qapıdan çıxdılar.

Yəqin ki, başa düşdünüz?! Axşam Atəşin toyu olacaqdı. Meymun toyu olsa da, hazırlıq zamanı mərasimin bütün incəlikləri nəzərə alınmışdı. Köməkçi Atəşi bəy hamamına aparırdı. Hamam uzaqda deyildi, qərargahın həyətində idi. Ara qarışandan sonra əhalisi köçürülmüş bu balaca kəndin ən böyük evində yerləşən qərargahın geniş, bağ-bağatlı həyətində bir azdan iri süfrə açılacaqdı, bəylə gəlin toy libasında süfrənin başında əyləşəcəkdi, musiqiçilər mərəkə qaldıracaqdı, aşbazlar tər tökəcəkdi, xidmətçilər var-gəl etməkdən yorulub əldən düşəcəkdi, Atəş həm bəylik, həm də meymunluq edəcəkdi, buranın yolunu yaxşı tanıyan gənc fahişə gəlin rolu oynayacaqdı, araq su yerinə axacaqdı, videokamera, fotoaparat vurhavur işləyəcəkdi, sağlıqlar səhra komandirində başlayıb, bəylə gəlində qurtaracaqdı və axırda toplardan yaylım atəşi açılacaqdı.

Bu tamaşa hərbi-səhra komandirindən ötrü qurulurdu. İdeya müəllifi də onun özü idi.

“Allah mübarək eləsin!” – deyə hərbi-səhra komandiri dodaqaltı mızıldana-mızıldana əlini saqqalına çəkib güzgünün qabağına keçdi və güzgüdə özünə baxa-baxa indikindən tamamilə fərqlənən köhnə görkəmini və keçmiş şəkillərini xatırladı. İlahi, insanın belə düşməsi, bədən üzvlərinin eyni vaxtda qocalması nə asan məsələ imiş. Dəyişən təkcə onun görkəmi deyildi, bütün həyatı, düşüncələri idi. Gör, zəmanə hara gəlib çıxmışdı ki, dünənin sıravi bir aptekçisi rus generalları ilə çaşka-loşka olub onlardan tank, top satın alırdı və o, əlinin içi kimi yaxşı bilirdi ki, həmin o silah-sursata verilən pul onların əsl qiymətinin heç yüzdə biri də deyil. Hər iki vuruşan tərəfə su qiyətinə silah-sursat satılması onu çoxdan şübhəyə salmışdı. Hətta o, tam inanırdı ki, satışdan yığılan pullar generalların öz cibinə gedir. Bu özü də xüsusi siyasətlə aparılan bulaşıq bir işə oxşayırdı. Havayı silah-sursat paylamazlar. Onluq nə qalırdı? Sadəcə vəziyyəti idarə etmək. Ən dəhşətlisi o idi ki, dünənin vətənpərvər döyüşçüləri artıq boşalmışdılar, münaqişə həyatına öyrəşmişdilər. Eyni yerdə lövbər salıb su kimi iylənirdilər. Elə bil işlərinə, evlərinə qayıtmaq hissinə yadırğamışdılar. O, silah yoldaşlarına baxıb düşünürdü ki, bu adamlar burada, döyüş həyatında ötəri sərbəstlik, azadlıq və səlahiyyət qazanıblar, komandirlərindən başqa heç kimdən asılı deyillər. Yalnız silahdan möhkəm yapışıblar. Silah təkcə düşmənə tuşlanmır. Silah qarşısında düşmən də, dost da eyni qorxunu keçirir.

Həyətdən qarışıq musiqi səsləri eşidilməyə başladı. Musiqiçilər alətlərini kökləyirdilər. O, güzgüdən, daha doğrusu, öz aləmindən ayrılıb əynini dəyişdi, üst-başını səliqəyə saldı. Zarafat deyildi, toy başqasının olsa da, hamının bir gözü ona zillənəcəkdi. Oxuyan da, oynayan da, sağlıq deyən də, arada-bərədə gəzənlər də onun xoşuna gəlməyə çalışacaqdı.

Qərargahın həyətindəki ağacların geniş və sıx kölgəsi havanın bürküsünü tam sındırmamışdı. Avqustun çıxmağına beş-altı gün qalırdı.

Toyun başlanma vaxtı ötürdü, ancaq ona xəbər gətirəcək köməkçidən səs çıxmırdı.

Birdən-birə onun hövsələsi daraldı, ratsiya ilə köməkçisini çağırdı. Köməkçi içəri girib özünü günahkar kimi göstərdi. Yazıq-yazıq dilləndi:

- Biz hazırıq, amma gəlini rayonun mərkəzindən gətirib çıxartmayıblar. Deyirlər, gəlin hələ hamamlanır. Tapşırdım tələsdirsinlər... İndilərdə gələrlər.

Hərbi-səhra komandiri soruşdu:

- Bəs bəy hardadır?

- Atəşin bəy paltarını geyindirmişik – köməkçi cəld cavab verdi.

- Toyu başlayırıq! - O, bu kəlməni lap “Hücuma başlayırıq!” tonunda dedi. Sonra bir az laqeyd şəkildə əlavə etdi:

- Bərk acımışam. Atəşi bəy taxtında oturdaq. Gəlin də... haçan gələr gələr.

Hərbi-səhra komandiri köməkçisi ilə həyətə çıxdı. Toya yığışmış təxminən iyirmi beş-otuz yaxın döyüş yoldaşı və onun məclislərini görmüş musiqiçilər ayağa qalxıb farağat dayandılar. Həm onlar, həm musiqiçilər hətta toyda da komandirdən çəkinirdilər. Xüsusilə də komandirləri ayıq olanda. Adətən yemək-içmək məclisi qızışandan sonra canlarına istilik gəlirdi.

Hərbi-səhra komandiri keçib süfrənin başında əyləşdi və ondan sonra hər kəs məclisdə öz yerini tutdu. Köməkçinin işarəsilə musiqiçilər “Vağzalı”ya dəm verdilər. Başçıları ritmlə əl çalmağa başlayan kimi məclisdəkilər ona qoşuldular. Alqışlar musiqini müşayiət edirdi. Musiqiçilər daha da qızışıb çalğılarında xırdalıqlara baş vururdular.

Bəy, yəni Atəş tək-tük bəyə qismət olan bahalı və şıq geyimdə meydanda göründü. Sağdış və soldış onu “bəh-bəh”lə gətirib taxtında əyləşdirərək çəkildilər.

Musiqiyə ara verildi. Meymun ki, meymun, yerini rahatlayan kimi bu boyda dəmdəsgahı üç qəpiklik eləyib, görməmiş kimi süfrənin üstündəki meyvəqabına əl atdı. Deyəsən, o da bərk acıbmış. Bir göz qırpımında götürdüyü bananı içəri ötürə-ötürə bic-bic ətrafı süzdü və ona uzadılan yuxaya bükülmüş lüləkababı alıb rahathülqum kimi asanca çeynəyib içəri ötürdü. Sonra dalını məclisdəkilərə göstərib, bir əlini yanına döyəclədi. Bu azmış kimi çevrilib, əlini şalvarının qabağında gəzdirərək şelləndi. Başda komandirləri olmaqla məclisdəkilər pıqqıldaşdılar. Bu, Atəşin dəfələrlə göstərdiyi təlxəkliklərdən biri kimi həmişə hamını güldürürdü.

Sonra meymun əlini onun üçün süzülüb hazır qoyulmuş badəyə atdı. Bu da tanış nömrə idi. Sağlıq deyilən kimi badəni başına çəkəcəkdi və arağın acılığından zingildəyə-zingildəyə ağzına duzlu bir şey atıb gəvələyəcəkdi. Belə də oldu. Buranın adamları üçün tanış sima olan müəllim-tamadanın dediyi sağlıqdan sonra Atəş arağı başına çəkdi və süfrədən götürdüyü duzlu xiyarı ağzına atdı.

Musiqiçilər yenidən tüğyan etməyə başladılar. Hamı yemək-içməyə girişdi. Xidmətçilər qaynaşırdı. Növ-növ yeməklər süfrəyə daşınırdı. Sağlıqlar, mahnılar, oyun havaları növbəyə düzülmüşdü.

Atəşi də kişi saysaq, məclis kişi məclisi idi. Ona görə də arada şit, biədəb sözlər eşidilirdi. Hərbi-səhra komandirinin özü də ağızdan yava idi. O, hətta sevimli meymununu da tez-tez söyüşlə yuyub sərirdi.

Tez-tez məclisə girib-çıxan köməkçi çox narahat görünürdü. Toyun məsuliyyəti onun boynunda olduğuna görə Atəşə, musiqiçilərə, xidmətçilərə, aşpazlara, əl-ayaq verənlərə göz qoyurdu, buyruq buyururdu, iradlar edirdi. Amma onu ən çox hövsələdən çıxaran gəlinin gecikməsi idi. Gəlini gətirməyə gedənlər onun ratsiya çağırışına nə qədər “Gəlini gətiririk!” desələr də, gəlin gəlib çıxmırdı. Gah deyirdilər gəlin hamamdadır, gah deyirdilər gəlin gözəllik salonundan çıxmayıb, nə bilim, paltar belə gəldi, ayaqqabı elə getdi. Yazıq lap başını itirmişdi.

Bu vaxt sərxoş hərbi-səhra komandiri ayağa qalxmaqla musiqiçilərə “Dur” işarəsi verib, üzünü köməkçiyə tərəf tutaraq qışqırdı:

- Ə, boşboğaz, hanı gəlin? Harda qaldı o şortu?

Atəş də ciyildədi. Sanki o da bəy kimi gəlinin gecikməyindən qəzəblənmişdi.

Köməkçi başını aşağı dikib dodaqlarını sürüdü:

- Komandir, bəlkə özüm gedim gəlin maşınının dalınca?

Komandiri onun təklifini sanki eşitməyib zarafata keçdi:

- Ə, görmürsən, Atəş qızıxıb arvad istəyir?!

Atəş yenə ciyildədi.

Məclisin sahibi sözünə davam etdi:

- Eşitdin? Bəy sözümü təsdiq edir. Heç olmasa bu yazığa bir baş anaşa doldurun, çəkib uysun.

Atəşin “bəy” sözünə hələ qulağı öyrəşmədiyinə görə deyiləni başa düşmədi və xumar gözlərini məclisə dolandırdı. Sanki, komandirinin dediklərini ona başa salacaq adamı axtarırdı. Atəş həmin adamı tapmasa da, çıxış yolunu tapdı. Sıçramaqla yerindən tullanıb, musiqiçilərin qabağına gəldi. Musiqiçilər bu anı çoxdan gözləyirdilər. Atəş dingildəyə-dingildəyə həmişə oynadığı “Tərəkəmə”sini tələb edirdi. Ona təzəcə eşilib-bükülmüş anaşa uzatdılar və Atəş papirosu damağına qoyan kimi onu alışdırdılar. Atəş uyuşdurucudan dörd-beş qullab aldı. Oyun havası çalınan kimi meymun qollarını açıb ortaya düşdü. Mən bu səhnəyə indi də videokassetdə tamaşa edəndə “Tərəkəmə” sümüyümə düşür. Atəş arabir elə akrobatik hərəkətlər edib, elə sındıra-sındıra oynayır ki, məclisdəkilərin hayıl-mayıl olub ona ürəkdən əl çaldıqlarına baxdıqca yerində dingildəyirsən. Mən də o toyda olsaydım, Atəşi alqışlayardım.

Köməkçinin yüngül işarəsilə musiqiçilər “Tərəkəmə”dən zənci rəqsinə keçdilər. Bu rəqs çalınanda Atəş əsl meymunluq eləyirdi. Zəncilər kimi gah əzilib-büzülür, gah da atılıb-düşürdü. Bəlkə də ona görə ki, meymunların əksəri qaradərili olduğu üçün rəqs məsələlərində onlar irq baxımından zəncilərə oxşamağa daha çox üstünlük verirlər.

Atəş oynaya-oynaya gəlib hərbi-səhra komandirinin çiyninə tullandı və yerini rahatladı. İndi o, sağlıq deyəcəkdi. Meymun ona uzadılmış badəni alıb, ara verə-verə ciyildədikcə tamada guya bu sevimli məxluqun dilmanclığını edəcəkdi. Məsələn, bugünkü sağlığın tərcüməsi belə başlayırdı:

- Əziz qonaqlar! Ey bizdən törəyənlər! Başda sevimli komandirimiz olmaqla hamınızı toyumda görməkdən məmnunam. Zəhmət çəkib toyumda iştirak etdiyiniz üçün bütün dünya meymunları adından hamınıza təşəkkür edirəm. İlk meymunam ki, siz mənə toy edib gözəl bir xanımla evləndirirsiniz...

Hər məclisdə Atəşin sağlığının məzəli hissəsi xüsusi düzülüb-qoşulurdu və vəziyyətə uyğunlaşdırılırdı.

Bu dəfə sağlıq toy mövzusundan kənara çıxmırdı. Tamadanın naqqallığı davam edirdi:

- Meymunlar arvad məsələsinə insanlardan fərqli yanaşırlar. Ancaq mən öz Allahımıza and içib söz verirəm ki, yataqda öz xanımıma hörmətlə yanaşacaq, onun qadın hüquqlarını pozmayacağam. Meymunlar kimi öz arvadımı cəld və çevik altıma basıb işini bitirməyəcəyəm. Əvvəlki vərdişlərimdən əl çəkib, xanımımı onun icazəsilə soyunduracaq, yatağa uzadacaq...

Tamada danışdıqca Atəş başını bulayıb, onun dediklərinə züy tuturdu. Həyətin çölündən eşidilən maşın siqnalının səsi sağlığı yarımçıq qoydu. Hamının qulağı şəkləndi.

Kimsə qışqırdı:

- Gəlini gətirdilər!

Məclis uğuldadı. Guya fövqəladə bir şey baş vermişdi. Buradakıların hamısı gəlini yaxşı tanıyırdı, təkcə onu gəlin paltarında görməmişdilər. Qadının, necə deyərlər, dəyişəyi, qabı, “upakovka”sı ayrı idi. O, dəfələrlə başının dörd-beş nəfərlik kəpənək dəstəsilə hərbi-səhra komandirinin lirik məclislərinin altından girib üstündən çıxmışdı. Hətta Atəş də onun dadına baxmışdı. Günlərin bir günü kefi duran komandir öz sevimli meymununa arvad axtardığını deyəndə şəstlə Atəşə ərə getməyə razı olduğunu bildirən elə bu xanım olmuşdu. “Bir kişi tapılmadı gəlinlik paltarı geyindirsin mənə, əlac meymunçaya qalıb” - bu sözləri də o demişdi. Onda hərbi-səhra komandiri onlara xudmani bir toy edəcəyini boynuna götürmüşdü.

“Vağzalı” məclisin səsini batırdı.

Həyət qapısının arxasındakı əsas fiqur sanki musiqi səsinə can atdı. Qapı açıldı. Yüngül, nazik paltarda içəri girən yaraşıqlı cavan qadın beş-altı addım atıb dayandı, nə baş verdiyini anlamağa çalışdı. Məclisin aurası deyəsən onu vurdu, üzündəki təbəssüm dondu. Gözü itik axtardı.

Həmin anda komandir də çaşbaş düşdü. Başını sirkələyib beynindən sərxoşluq dumanını qovmağa çalışdı. Boğazı tutulduğundan səsini çıxarda bilmədi. Qadını yaxşı tanıyan köməkçi komandirin ağzına baxdı. Özbaşına nəsə bir hərəkət etməyə cəsarəti çatmadı. Məclisdəkilərin bəziləri qadınla göz-gözə gəlməməkdən ötrü başlarını aşağı saldılar. Musiqi səsi də öləziyib kəsildi.

Son aylarda qadın görən kimi üstünə cummağa öyrədilmiş Atəş sahibinin çiynindən yerə tullanıb qadına sarı götürüldü. Meymun ona çatan kimi qadının ağappaq qıçlarını ehtirasla öpməyə, ağzının suyunu tökə-tökə onun dizlərini yalamağa başladı. Qadın Atəş barədə az-maz eşitmişdi, onun varlığından qiyabi xəbəri vardı. Hətta ərinin əhliləşmiş meymununu görmək də istəmişdi. Ona görə də meymun onun üstünə gələndə özünü itirmədi. Ancaq meymunun ildırım sürətilə ona sarmaşmağı qadını təəccübləndirdi və qorxutdu.

Meymun qadının alt paltarına əl atıb aşağı çəkəndə qadın müqavimət göstərərək qıyya çəkdi. Bu dəhşətli səs məclisdəkiləri içki havasından və donuqluqdan ayıltdı.

Hərbi-səhra komandiri yerindən sıçrayıb, on-on iki addımlıqda onu haraylayan arvadına çatınca meymun qadının alt tumanını iti diş-dırnağı ilə cırıq-cırıq edib yerə atdı. Atəş əvvəllər də onu özünə yaxın buraxmaq istəməyən fahişələrin alt tumanlarını cırıb dağıdırdı. Bundan buradakıların xəbəri var idi. Özünü itirən komandir meymunun paltarından yapışıb özünə tərəf necə dartdısa, bəyin pencəyinin düymələri qırıq-qırıq oldu və pencək onun əlində gəldi. Meymun qadının bir qıçından möhkəm-möhkəm yapışdı. Həmişə yiyəsinin bir sözünü iki eləməyən Atəşin bu dəfə tərsliyi tutmuşdu və sürüşkən balığa dönmüşdü. Deyəsən, arağın və anaşanın təsirindən ağlını itirmişdi bədbəxt.

Adamlar biri-birinə dəydi. İrəli duran yox idi. Arvadına toxunmamaqla Atəşlə süpürləşən komandirə necə yardım edəydilər?

Meymun əllərini dişdəm-dişdəm eləyib qanatsa da, hərbi -səhra komandiri yeni həmləsində Atəşi arvadından güc-bəla aralayıb üç-dörd addım kənarda yerə çırpdı və belindəki tapancasına əl atdı. Yiyəsi silahı qoburdan çıxardıb ona tuşlayana qədər meymun tapancanı tanıdı və bir anlıq kövrək baxışla qatili olacaq insana baxmağa və ciyildəməyə macal tapdı. Amma bu ciyiltidə dünənəcən “Atəş” əmrini bildirən səsdən əsər-əlamət yox idi. Birinci güllə Atəşi qarnından tutdu, çünki o, yıxılıb arxası üstə qalmışdı. Yaralı ölgün-ölgün tərpəşincə qisasçı ikinci gülləni onun nişan alınması çox asan olan tərpənməz gicgahına sıxdı. Atılan üçüncü, dördüncü, beşinci güllə artıqdı, Atəş bayaqdan ölmüşdü. Meymunun aşsüzənə dönmüş bədənindən şoruldayan qan ortada göllənirdi. Yazığın bəylik köynəyi və qısa şalvarı qana bulaşmışdı. Səhra komandirinin cırmaqlanmış və dərin dişlənmiş sol əlindən qan damcılayırdı. Onun əlindən damcılayan qanın meymunun qan gölünə düşməsi deyəsən, adamları üşəndirirdi. Heç kəs cınqırını çıxartmırdı. Komandirin arvadı baş vermiş hadisəni bir dilbilməz heyvancığazın vəhşiliyi və hoqqabazlığı kimi qavrayırdı, o qədər də pisikməmişdi, key-key ətrafındakı adamları gözdən keçirirdi. Ancaq hərbi-səhra komandiri və onun adamları əhvalatın arxasında nələr yatdığını bircə-bircə bildiklərinə görə sınmışdılar.

Komandir qanrılıb arvadına baxmaq istəyəndə hasarın o üzündən maşın siqnallarının səsi gəldi. Onun arvadından başqa bu siqnalların nə hoqqa olduğunu buradakıların hamısı başa düşdü. O, cəbhədə olduğu son üç ildə belə bir axmaq vəziyyətə heç düşməmişdi. Bu biabırçı səhnədən çıxmaq, heç olmasa, olmuşları keçmişə çevirəcək onca dəqiqəlik qabağa qaçmaq, yaddaşını əzən düşüncələri unutmaq nə qədər çətin idi. Nə varmış əsgərlərə əmr verməyə, güllə, top atdırmağa, tank sürdürməyə?!

Gəlin və onun başındakı dörd-beş özükimilər hay-küylə həyətə girdi. “Atəşim məni bağışlasın, çox gözlətdim onu. Hanı mənim sevgilim?” – deyə çığıran gəlin şaqqanaq çəkdi. Ancaq o və onu gətirənlər heykələ dönmüş adamların arasında quruyub qaldılar. Bir an sonra gözləri alacalanmış gəlin Atəşi qan içində gördu və dərhal xoşagəlməz bir əhvalatın baş verdiyini anladı. O, hərbi-səhra komandirinin yanında dayanmış qadına nəzər yetirəndə dalağı sancdı ki, hər halda burada nə olubsa, onun ucbatından olub. Bir istədi, səhra komandirinin könlünü almaq üçün özünü o yerə qoymayıb öldürülmüş meymuna – bəyə canıyananlıq eləsin, yalançı vay-şivən salsın, tamaşa düzəltsin, ancaq çəkindi, susmağa üstünlük verdi.

- Rədd olun başımdan!

Hərbi-səhra komandirinin bu bağırtısı bayaqdan gözə görünməməkdən ötrü buradan qeyb olmaq, buxarlanmaq, hətta qarışqaya, milçəyə, parabüzənə, ağac qurduna çevrilmək istəyənlərin hamısının ürəyindən oldu. Bircə dəqiqədən sonra həyətdə onunla arvadından başqa heç kəs qalmamışdı.

Çox qəribədir ki, hərbi-səhra komandiri də bir anlıq yay havasında uçan, tərpəşən, ağaclara yapışan həşəratları ondan qaçıb gizlənməyə çalışan döyüşçülərinin cırtdan görüntüsünə oxşatdı. Qulağının dibində vızıldayan haf, onun bütün çikini-bikini bilən köməkçisini xatırlatdı. Komandir uşaqlıqda yaşıdları kimi çöldə-bayırda haf tutanda bu boşboğaz həşəratın dalına çöp soxub havaya buraxardı və ona elə gələrdi ki, haf bundan həzz alır. Yəqin haflar uşaqların onların başına gətirdikləri oyundan ləzzət almırmışlar, tutulanda ölümdən yaxa qurtarmaq üçün özlərini belə göstərirlərmiş. Əgər elə deyildisə, indi ondan əl çəkməyən haf nə istəyirdi? Yoxsa, bu həşərat vaxtı ilə incitdiyi hafların törəmələrindən idi? Ulu babalarının incik ruhunu ovutmaq üçün qəzəblə vızıldayıb onu məsxərəyə qoyurdu? Bəlkə o, özü-özündən xoflanırdı? Yəni, ütük köməkçi elə cəsarətlənib ki, haf cildinə girib ona dirsək göstərir?

İndi hökm sahibindən adi ərə çevrilmiş hərbi-səhra komandiri əmr verməyə kimsənin olmadığı bir məkanda xeyli miskin görünürdü. Əynində hərbi geyim olmasaydı, o, bir neçə il əvvəlin aptekçisiydi ki, vardı.

Arvadı ərinin əsəblərinin pozulduğunu bildiyindən sanki heç nə olmayıbmış kimi dedi:

- Nahaq meymuna baş qoşdun! Allahın qanmaz məxluqudur, nə elədiyini bilmir.

Hərbi-səhra komandiri mağmın-mağmın dilləndi:

- O, meymun deyildi, mən idim. Mən özümü güllələdim.

Araya sükut çökdü.

Qadın sükutu sındırdı:

- Neçə həftədir evə gəlmirsən. Bilirəm, macalın yoxdur. Nigaran qalmışdım, ona görə sənə baş çəkdim.

Hərbi-səhra komandiri alnını ovuşdurdu:

- Mən dostlarımı, tay-tuşlarımı, cavanları başıma yığıb silahın tətiyinə barmaq qoyanda elə bilirdim tezliklə qalib gələcəyik. Ancaq yanılırmışıq. – O, ah çəkdi. – Eh ...

- Yorğunsan, – arvad ərinin qılığına girməyə çalışdı – gedək evimizə, heç olmasa bir gecə dincəl!

Ər, sanki deməyə başqa söz tapmadı:


  • Gedək, onsuz da bu gecə atışma olmayacaq.

Günəş batmaqda idi...

Həmin gecə saat birə işləmiş hərbi-səhra komandiri cəbhənin təxminən iyirmi kilometrliyində yerləşən evindən top səslərini eşitməyə başladı. Ratsiya ilə özününkülərdən öyrəndi ki, top atan düşmən əsgərləridir. O, qarşı tərəfin səhra komandiri Rubenlə əlaqəyə girmək istədi. Ruben dərhal xəttə çıxıb, yaxşı bildiyi Azərbaycan dilində dedi:

- Ara, narahat olma, gördüm sizdən səs çıxmır, dedim Atəşin toyunun atəşpəşanlığını özüm eləyim. Keçən dəfə bizim Qraqın1 ad günündə sən bizi qabaqlayıb toplardan yaylım atəşləri açdırmışdın. Borcundan çıxıram.

- Hə, - səhra komandiri könülsüz dilləndi, – deyirlər Qraq qoçaq itdir.



Top səsləri kəsiləndən sonra səhra komandiri eyvana çıxıb siqaretini alışdırdı.


Qraq1 - ermənicə “Atəş” deməkdir.

2009-cu ilin yayı
Yüklə 63,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə