Həyat bilgisi 4



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə22/22
tarix02.10.2017
ölçüsü4,84 Kb.
#2950
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22


Cəmiyyətin qlobal problemləri
İnsanlar anlamalıdırlar ki, təbiətə münasibət insanın özü-özünə münasibətidir. Bu
məsələdə laqeydlik göstərmək olmaz. Çünki laqeydlik göstərəndə zaman keçdikcə
problemlər böyüyür və onları həll etmək çətinləşir.
Kosmosdan görünüş
Aral gölü gəmi qəbiristanlığına çevrilmişdir
SUAL VƏ TAPŞIRIQLAR
Aral gölü 1986-cı il
Aral gölü 2010-cu il
1.  Aral gölünü xəritədə tap. Bu göl hansı ölkənin ərazisindədir?
2.  Aral gölü nə üçün qurudu?
3.  Gölün quruması onun ətrafındakı iqlimə necə təsir etdi?
4.  Aral gölü ətrafında iqlimin dəyişməsi nəyə səbəb oldu?
5.  Səncə, Xəzər dənizi Aralın vəziyyətinə düşə bilərmi? Fikirlərini dəftərinə yaz.


TƏBİƏT VƏ CƏMİYYƏT
44. OZON QATI
Ozon qatı atmosferdə olan qoruyucu qaz təbəqəsidir. Ozon qatı Günəşdən gələn
zərərli şüaları udur, onların yer səthinə çatmasına mane olur. Əgər bu qat yox
olarsa, yer üzərindəki bitki və heyvanlar aləmi, eləcə də okeanın canlı aləmi məhv
ola bilər.
Ozon qatının dağılması və atmosferdə karbon qazının çoxalması Yer kürəsində
iqlimin dəyişməsinə təsir edir. Bu dəyişiklik özünü temperaturun artmasında
göstərir. Temperaturun artması «Qlobal* istiləşmə» problemi yaradır. Bu, o
deməkdir ki, Yer kürəsində temperaturun artması nəticəsində qütb sahələrində olan
daimi buzlaqlar sürətlə əriyir. Buzlaqların əriməsi isə okean sularının səviyyəsini
qaldırır. Son yüz ildə okeanda suyun səviyyəsi 15-17 sm artıb. Bu, okean üçün böyük
rəqəmdir.
Ozon qatı nə üçün dağılır?
Elm adamları ozon qatında deşiklərin yaranma səbəbini insanların təsərrüfat
fəaliyyəti ilə bağlayırlar. Bir sıra zavodların fəaliyyəti zamanı havaya müxtəlif qazlar
atılır. Bu qazlar atmosferə yayılıb havanı çirkləndirməklə yanaşı, ozon qatına da
dağıdıcı təsir göstərir. Sənaye inkişaf etdikcə atmosferdə ozon qatını dağıdan


maddələrin miqdarı daha da artır.
Ozon qatının dağılmasına qarşı mübarizə bütün dünya ölkələrinin sıx
əməkdaşlığından asılıdır. Ona görə də BMT tərəfindən 1994-cü ildən etibarən 16
sentyabr Beynəlxalq Ozon Qatının Mühafizə Günü elan edilmişdir. Dünya mətbuatı
həmin gün ozon qatının qorunmasının vacibliyi və bunun yolları barədə çoxlu
materiallar dərc edir. Televiziya və radio kanallarında bu mövzuya həsr
* Qlobal — bütün Yer kürəsini bürüyən


Cəmiyyətin qlobal problemləri
olunmuş verilişlər yaymlanır. Bu verilişlərdə ozon qatının dağılmasının insan
sağlamlığına təsirindən söz açılır. Göstərilir ki, ozon qatının qoruyucu təsirinin
azalması canlılarda immun sistemin zəifləməsinə səbəb olur. İnsanların sağlamlığını
qorumaq üçün ölkələrin tədbirlər görməyə borclu olmaları qeyd edilir.
Azərbaycan Respublikası bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və
həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin
həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi
ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsulların istehsalına,
istifadəsinə, onların saxlanılmasına və zərərsizləşdirilməsinə nəzarət edir.
Ozon qatmı hamımız qorumalıyıq, 
çünki o bizim hamımızı qoruyur!
SUAL VƏ TAPŞIRIQLAR
1) Ozon qatının Yer kürəsi üçün nə əhəmiyyəti vardır? 
2) Ozon qatının dağılması atmosferdə hansı dəyişikliklərə səbəb olur? 
3) «Qlobal istiləşmə» nə deməkdir? 
4) Ozon qatının dağılmasının səbəblərini nədə görürlər? 
5) Canlılarda immun sistemin zəifləməsi nəyə səbəb olur? 
6) «Ozon qatı və ekologiya» adlı esse yaz.


TƏBİƏT VƏ CƏMİYYƏT
45. SƏHRALAŞMA NƏDİR?
Yerin quru səthinin 1/5 hissəsini səhralar tutur. Təbiətşünas alimlərin fikrincə, göz
işlədikcə uzanan qumlu səhraların yerində əvvəllər çöllər və meşələr olub. Sonralar
iqlim dəyişməsi bu ərazilərin yavaş-yavaş səhralara çevrilməsinə səbəb olmuşdur.
Səhraya çox az yağıntı düşür. Bu yağıntı yerin səthini belə islatmır. Bəzən isə ilboyu
bir damcı yağış yağmır. Hava həmişə isti və quraq olur. Yayda əksər səhralarda
gündüz havanın temperaturu 50 dərəcədən çox olur. Tez-tez isti və quru küləklər
əsir. Külək qumu sovuraraq qum təpələri yaradır. Səhraların ərazisi bu gün də
böyüməkdə davam edir.
Bu, dünyanı narahat edən problemlərdən biridir. Afrika savannaları get-gedə
səhralaşır. Bunun qarşısını almaq üçün Böyük Səhra ilə sərhəddə 1500 km-lik meşə
zolağı salınmışdır.
Bu problem tək Böyük Səhrada deyil. Zaman keçdikcə dünyanın hər yerində daha
çox torpaq sahəsi səhralaşır, əkinə yararlılığını itirir. Nəticədə yararlı torpaq sahələri
azalır.
Torpaqlar nə üçün səhralaşır?
Səhralaşmanın bir çox səbəbləri var. Əkin sahələrinin genişləndirilməsi, mal-qaranın
sayının sürətlə artması və həddən artıq otarma təbii bitki örtüyünü məhv edir.
Meşələrin qırılması da səhralaşmanı sürətləndirir.
Digər bir səbəb isə əkin sahələrinə verilən kimyəvi gübrələrlə bağlıdır. Bu cür
gübrələrin tərkibində olan zərərli maddələr torpağı çirkləndirir. Nəticədə belə
sahələr bitkilərin inkişafı üçün yararlılığını itirir, səhralaşıb ot bitməyən əraziyə
çevrilir. Faydalı qazıntıların çıxarılması da torpağı yararsız hala salan səbəblərdəndir.
Səhralaşmanın digər bir səbəbi torpağın sel suları ilə yuyulmasıdır. Təsərrüfat
fəaliyyəti nəticəsində yaranan qazların (xüsusilə karbon qazı) havada çoxalması
planetimizdə istiləşməyə səbəb olur. Qlobal istiləşmə quraqlıq və leysan yağışlarının
saymın artmasına gətirib çıxarır ki, bu da torpaq örtüyünə məhvedici təsir göstərir.
Elə buna görə də səhralaşma bütün dünyanı narahat edir. Hər il iyunun 17-si
dünyada Səhralaşma və Quraqlıqla Mübarizə Günü kimi qeyd olunur.


Hazırda səhralaşma bütün dünyada olduğu kimi, Azərbaycan üçün də vacib
problemlərdən biridir. Azərbaycanda da səhralaşan ərazilərin sahəsi getdikcə
böyüyür. Bunu nəzərə alan Azərbaycan dövləti və Ekologiya və Təbii Sərvətlər


Cəmiyyətin qlobal problemləri
Böyük Səhrada yaşayan əhali uzun və ağ paltar geyinir. Çünki ağ paltar Günəş
şüalarını qaytarır və bədəni istidən yaxşı qoruyur.
Nazirliyi səhralaşma prosesinə qarşı mübarizə tədbirləri görür. Azərbaycanda
ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadə
olunmasına ciddi diqqət yetirilir.
Azərbaycan «Səhralaşmaya qarşı mübarizə» Beynəlxalq Konvensiyasına
qoşulmuşdur. Bu, o deməkdir ki, ölkədə səhralaşmanm qarşısını almaq üçün xüsusi
dövlət proqramları qəbul olunmuşdur. Həmin proqramlara əsasən Azərbaycan
ərazisində hər il minlərlə ağac əkilir, meşələrin bərpa olunması işləri aparılır.
Azərbaycan Prezidentinin fərmanları ilə mühafizə olunan təbiət ərazilərinin ümumi
sahəsi genişləndirilir. Hazırda Azərbaycan ərazisinin 1/10-ə qədəri xüsusi mühafizə
olunan təbiət ərazisi kimi qorunur. Azərbaycanın gələcəyi bu tədbirlərdən çox
asılıdır. Çünki torpaq Azərbaycanın bütün nemətlərinin beşiyidir.
SUAL VƏ TAPŞIRIQLAR
1) İqlim dəyişməsi səhralaşma ilə necə əlaqəlidir? 
2) Səhralaşmanın hansı zərərli cəhətləri vardır? 
3) Azərbaycan dövləti səhralaşmaya qarşı hansı tədbirləri görür? 
4) Səhralaşmanın səbəblərini necə şərh edə bilərsən? 
5) Yaşadığın ərazidə səhralaşma əlamətləri varmı? Fikrini yazıb əsaslandır.


TƏBİƏT VƏ CƏMİYYƏT
46. YAŞIL İQTİSADİYYAT
Televiziya verilişinə baxdığın, yaxud radio dinlədiyin zaman birdən işıqlar sönərsə,
nə baş verəcək? Təbii ki, hər tərəfə qaranlıq çökəcək. Televiziya, radio isə
sönəcəkdir. Bu ona görə belə olur ki, televizor, radio və işıqlandırma lampaları,
elektrik qızdırıcıları hamısı eyni mənbədən qidalanır. Yəni elektrik enerjisi ilə işləyir.
Elektrik enerjisi kəsilən kimi işıqlar sönür, televizorun ekranı qaralır, radio susur.
Elektrik qızdırıcıları işləmir. Ona görə də enerji kəsiləndə biz çox narahat oluruq.
İnsanlar artıq anlamışlar ki, indi gen-bol istifadə olunan enerji mənbələri tükənə
bilər. Dünyada əhalinin sayı artdıqca, tələbat da böyüyür. Təbii sərvətlər daha
sürətlə azalır. Bir müddətdən sonra təbii sərvətlər də, təbii enerji mənbələri də
tükənə bilər.
Yaşıl iqtisadiyyat nədir?
Son zamanlar yaşıl iqtisadiyyatdan çox danışılır. Yaşıl iqtisadiyyat müəssisələrin,
nəqliyyatın, məişətin enerjiyə olan ehtiyacını tükənməyən və təbiəti tullantılarla
korlamayan mənbələr hesabına ödəməyi nəzərdə tutur. Külək təbiət hadisəsidir,
həmişə olub və olacaq. Onun enerjisindən istifadə etmək məqsədilə son vaxtlar bəzi
ölkələrdə külək elektrik stansiyaları yaradılır. Danimarka, Almaniya, Niderland,
Böyük Britaniya, ABŞ və digər ölkələrdə külək enerjisindən daha çox istifadə olunur.
Günəş tükənməyən işıq və istilik mənbəyidir. Günəş enerjisi 30-dan çox ölkədə
istifadə olunmaqdadır.
Bunun üçün bol Günəş işığı düşən ərazilərdə günəş batareyaları quraşdırılır. Bu
batareyalar günəş enerjisini toplayıb istifadə etməyə imkan verir.


Günəş batareyaları
Külək elektrik stansiyası


Cəmiyyətin qlobal problemləri
Yeraltı isti su — qeyzer
Dünyanın inkişaf etmiş ölkələrində termal suların* enerjisindən istifadə olunur.
Məsələn, İslandiyada termal sulardan binaların qızdırılması üçün istifadə edilir.
Çay sularının enerjisini elektrik enerjisinə çevirən su elektrik stansiyaları da (SES)
geniş tətbiq olunur. Azərbaycanda Kür çayı üzərində Mingəçevir Su Elektrik
Stansiyası salınmışdır.
İnsanların enerjiyə olan tələbatlarının ödənilməsi üçün okean sularından da enerji
mənbəyi kimi istifadə etmək mümkündür.
Azərbaycanda hansı təbii tükənməyən sərvətlərdən istifadə oluna bilər?
Azərbaycan Respublikası enerji mənbələri ilə zəngindir. Çünki ölkə ərazisində iti,
gursulu dağ çayları var. Azərbaycanda həm günəş, həm də külək enerjisindən geniş
istifadə etmək üçün imkan var. Çünki bura il ərzində bol günəş şüaları düşür.
Respublikanın bir sıra ərazilərində, məsələn, Abşeron yarımadasında, Qobustanda,
Giləzidə ilboyu küləkli hava olur. Artıq Azərbaycanda Quba—Xaçmaz bölgəsində ilk
külək elektrik stansiyası yaradılmışdır.
İndi yaşıl iqtisadiyyatı XXI əsrin aparıcı qüvvəsi sayırlar. Dünya ölkələrində insanlar
təbiətin qorunması uğrunda mübarizə aparan Ümumdünya Yaşıllar hərəkatına
qoşulurlar. Hərəkat Azərbaycanda da fəaliyyət göstərir. Sən də bu hərəkata qoşulub
təbiətin qorunmasına öz töhfəni verə bilərsən.
Beynəlxalq Məktəbli 
Layihəsinin loqosu
1914-cü ildən fəaliyyət göstərən Norveç Təbiəti Mühafizə Cəmiyyəti on ildən artıqdır
ki, Enerji və Resurslardan* istifadə üzrə Məktəbli Layihəsini (SPARE) həyata keçirir,
Layihənin məqsədi enerjiyə qənaətin, təbii ehtiyatlardan səmərəli istifadənin
zəruriliyini məktəb kollektivlərinin nəzərinə çatdırmaq, onları bu sahələrdə əməli
fəaliyyətə çağırmaqdır. Hazırda proqram 17 ölkədə icra olunur. Azərbaycanda da bu


Proqrama çoxlu məktəbli qoşulmuşdur.
* Termal sular - yeraltı isti sular 
* Resurslar — təbii ehtiyatlar
SUAL VƏ TAPŞIRIQLAR
1) İnsanlar enerjidən necə istifadə edirlər? 
2) Tükənən enerji mənbələrinə nələr daxildir? 
3) Tükənməyən enerji mənbələri hansılardır? 
4) Yaşadığın ərazidə hansı tükənməyən enerji mənbələri vardır? 
5) «Günəş enerjisindən istifadə etməklə hansı layihələri gerçəkləşdirərdim?» adlı
esse yaz.


TƏBİƏT VƏ CƏMİYYƏT
47. MÜHARİBƏ VƏ SÜLH
İnsanlar arasında hər zaman mübahisəli vəziyyət yarana bilir. Mübahisəni münaqişə
yolu ilə həll etmək cəhdi daha böyük münaqişə yaradır. Azərbaycan mədəniyyətinin
görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin «Ordan-burdan» başlığı altında yazdığı
«Qanlılıq» hekayəsi bu baxımdan çox ibrətamizdir. Hekayədə göstərilir ki, Danabaş
kəndinin sakini Kərbəlayi Hümmətəli ilə qonşusu Qoçbala kişinin ailəsi arasında baş
verən kiçik bir münaqişə sonda kəndin davasına çevrilir. Hadisə Qoçbala kişinin çil
toyuğunun Hümmətəligilin bir boşqabını sındırması ilə başlayır. Kərbəlayi
Hümmətəlinin oğlu Həsən boşqabın əvəzini çıxmaq üçün Qoçbala kişinin Alabaş
adlı itini vurub qıçını sındırır. Qoçbala kişi də Hümmətəlinin evinə hücum çəkir.
Hümmətəlinin böyük oğlu Muxtar güllə ilə vurub onu öldürür. Qoçbala kişinin
qardaşı Həsənqulu onun qanını alacağına söz verir. Muxtarı gecə güllə ilə vurub
kənddən qaçır. Muxtarın qanını almaq da əmisi oğlu Səfiyarın boynuna düşür.
Beləcə, kiçik bir qığılcımdan alov doğur. Bir toyuğun boşqabı sındırması ilə başlanan
münaqişə neçə-neçə insanın həyatına son qoyur. Dünyada ən ağır fəlakətlər mənfi
fikirlərdən başlanır. Ona görə də insanlar aralarında baş verən kiçik narazılıqları
böyüməyə qoymamağa, onu dinc yolla aradan qaldırmağa çalışmalıdırlar.
İnsanlar arasında olduğu kimi, dövlətlər arasında da mübahisəli vəziyyət yarana
bilir. Ölkələr bu mübahisəni dinc yolla aradan qaldırmağa cəhd etməyəndə, onlar
arasında müharibə baş verir.
Qədim insanlar öz aralarında bir qarın yemək üstündə vuruşurdular. Qəbilə halında
yaşayan insanlar ov məkanı üstündə dava edir, bir-birini öldürürdülər.
Sonrakı dövrlərdə insanlar metaldan istifadə etməyi öyrəndilər. Ox və kamanın
kəşfindən sonra döyüşlərdə daha çox insan ölürdü.
Orta əsrlərdə həyat nisbətən inkişaf etdi. Ordusu, dəniz donanması olan güclü
dövlətlər yarandı. Həmin dövlətlər dünyanı bölüşdürmək üçün yarışa



Cəmiyyətin qlobal problemləri
girdilər. Bir zamanlar yalnız bir qarın yemək üçün döyüşən insanlar indi dünyaya
ağalıq etmək uğrunda vuruşurdular. Onlar zəif inkişaf etmiş əraziləri bir-birinin
ardınca tutur, insanları qul edirdilər. Belə əraziləri müstəmləkə adlandırırdılar.
Dünya ölkələr arasında bölüşdürülüb qurtardı. Amma çox çəkmədi ki, dövlətlər bir-
birinin payına göz dikməyə başladılar. İyirminci əsrdə iki böyük dünya müharibəsi
baş verdi.
Birinci Dünya müharibəsi 1914-cü ildə başladı. 4 il 3 ay 10 gün davam etdi. Bu
müharibədə 40-a yaxın ölkə iştirak etmişdi. Cəbhələrdə 10 milyona yaxın insan
öldürülmüş, 20 milyon insan yaralanmışdı.
İkinci Dünya müharibəsi 1939-cu ildə başladı və 6 il sürdü. Bu müharibə tarixdə baş
vermiş müharibələrin ən dağıdıcısı idi. Həlak olanların sayı 50 milyona çatırdı.
Yer üzündə sülhü qorumaq üçün nə etmək lazımdır?
Sülhsevər insanlar yer üzərində sülhü qorumağın vacibliyini başa düşür və
müharibəyə yol verməməyə çalışırlar. Buna baxmayaraq, müharibələr hər zaman
baş vermiş və insanlara fəlakətlər gətirmişdir. Bəzən ölkələr özləri istəmədən
müharibəyə cəlb olunurlar. Məsələn, Azərbaycan Qarabağ müharibəsinə istəmədən
cəlb olunmuşdur. Bu müharibədə Azərbaycan torpaqlarının 20 faizindən çoxu
Ermənistan tərəfindən işğal olunmuşdur. Müharibədə 20 mindən çox Azərbaycan
vətəndaşı həlak olmuşdur.
Sülhün simvolu
Azərbaycan xalqı müharibə istəmir. Arzu edir ki, münaqişə sülh yolu ilə həllini
tapsın, Azərbaycan torpaqları tezliklə işğaldan azad olsun.
Son zamanlarda çox güclü silahlar hazırlanmışdır. Bu silahlardan istifadə etmək yer
üzündə həyatı məhv edə bilər. Ona görə də sülh mədəniyyətinə malik olan ölkələr
hər bir münaqişəni zorakılıqla deyil, dinc yolla həll etməyə çalışır. Sülh inkişafa, ətraf
mühitin mühafizəsinə, insanların təhlükəsizliyinə, hər bir insanın dinclik, əmin-
amanlıq şəraitində yaşamasına geniş imkanlar açır.
SUAL VƏ TAPŞIRIQLAR
1.  Münaqişələr necə və nə üçün böyüyür?
2.  Elmi-texniki tərəqqi müharibələrə necə təsir göstərir?
3.  Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hansı yola üstünlük


verir? Nə üçün?
4.  «Qarabağ müharibəsinin Azərbaycanın həyatına təsiri» mövzusunda esse
yaz.


47. MÜHARİBƏ VƏ SÜLH
Dərs ili başa çatır. Sən dördüncü sinfi bitirirsən. 
Bu, o deməkdir ki, artıq ibtidai təhsilini başa vurursan. 
Bu müddətdə nələrə nail olmusan?
Birinci sinfə gəldiyin ilk günü xatırlayırsanmı? O zaman lap kiçik idin. Cəmi 6 yaşın
vardı. İldən-ilə böyüdün. Həm fiziki, həm də mənəvi cəhətdən inkişaf etdin. Çoxlu
dost qazandın. Həyatda sənə lazım olan xeyli bilik və bacarıqlara yiyələndin. Bu dörd
il ərzində «Həyat bilgisi» fənni sənə öz hüquqlarını dərk etməyin yollarını göstərdi.
Hər bir insanın ünsiyyət mədəniyyəti onun şəxsiyyətinin nə dərəcədə
formalaşmasını göstərən aynadır. Ünsiyyət mədəniyyətinə yiyələnmiş insan əhvali-
ruhiyyəsindən asılı olmayaraq, ətrafındakılara qarşı həmişə diqqətli olur, öz
hərəkətlərinə tənqidi yanaşır və bunu davranışlarında nümayiş etdirir. Çünki insan
öz davranışları, ətraf mühitə, özünün və başqalarının həyatına, sağlamlığının
qorunmasına münasibəti ilə cəmiyyətdə hörmət də, nifrət də qazana bilər. Öz
şəxsiyyətinə hörmət tələb edən insan başqalarının da şəxsiyyətinə hörmətlə
yanaşmağı bacarmalıdır. Eləcə də öz hüquqlarını dərk edən insan başqalarının da
hüquqlarına həssas münasibət bəsləməlidir.
«Həyat bilgisi» fənni bu illərdə sənə şəxsiyyəti formalaşdıran düzlük, səmimilik,
zəhmətkeşlik, mərhəmət və bu kimi keyfiyyətləri özündə tərbiyə etməyin yollarından
bəhs etdi. Dinin mahiyyətindən, dini dəyərlərdən söz açdı. Əsas dinlərin
peyğəmbərlərini və onların müqəddəs kitablarını tanımağına, dinə sağlam
münasibətinin formalaşmasına çalışdı. Yaşadığın Azərbaycan cəmiyyətinin dinə
qarşı tutduğu mövqeyi göstərdi.
Sən artıq bilirsən ki, Azərbaycan cəmiyyətinin bərabərhüquqlu üzvüsən. Bu cəmiyyət
qarşısında vəzifələrin var, bu cəmiyyət üçün faydalı işlər görə bilərsən. Çünki
cəmiyyətə fayda vermək dolayısı ilə özünə fayda verməkdir. Əminəm ki, sən artıq
insanla cəmiyyət arasındakı bu əlaqəni dərk edirsən.
«Həyat bilgisi» sənə təbiət haqqında, varlıq və hadisələr, canlılar aləmi barədə çoxlu
məlumat verdi, öyrətdi ki, sən də təbiətin bir zərrəsisən. Təbiəti qorumaq dolayısı ilə
elə özünü qorumaqdır. Ona görə də təbiətə həssas, qayğıkeş münasibət hər bir
vətəndaşın borcudur.


«Həyat bilgisi»nin öyrətdiyi iqtisadi bilik və bacarıqlar sənə məişətdə lazım olacaq,
indi öyrəndiyin bilik və bacarıqlar təhsilin daha yüksək pillələrində öyrənəcəklərin
üçün bünövrə olacaq. Tikilən bina öz bünövrəsi


üzərində ucalır. Bünövrə möhkəm olsa, bina da möhkəm olar. Sən təhsilin,
hüquqların, sağlamlığın və onu qorumağın yolları, təbiət və cəmiyyət, bir sözlə,
həyat haqqında öyrəndiklərini təhsilin daha yüksək mərhələsində inkişaf
etdirəcəksən. Axı sən gələcəyin üçün bünövrə yaradırsan!
Qarşıdan yay tətili gəlir. Çalış ki, yay istirahətindən kifayət qədər faydalanasan. Yeni
məlumatlar topla, maraqlı təcrübələr apar, öz yeni kəşflərini ətrafdakılarla bölüş,
müxtəlif məlumat mənbələrindən istifadə et.
Biz ayrılırıq. Dostlar heç vaxt bir-birlərini unutmurlar. Dördüncü sinifdə öyrəndiyin
faydalı bilik və bacarıqlar həmişə məni sənə xatırladacaq. Sənə gələcəkdə daha
böyük uğurlar arzu edirəm.




GüləƏləkbər qızı Mehdiyeva 
Bahar Əşrəf qızı Kərimova
HƏYAT BİLGİSİ 
(Ümumtəhsil məktəblərinin 4-cü sinfi üçün dərslik)
Bakı, «Aspoliqraf», 2015.
Redaktoru Ülkər Şahmuradova 
Bədii və texniki redaktoru Abdulla Ələkbərov 
Rəssamı Gündüz Ağayev 
Kompüter tərtibatçısı Təhmasib Mehdiyev 
Korrektoru Natəvan Məmmədova
Çapa imzalanmışdır 27.02.2015. Kağız formatı 57x82  / . 
Ofset çapı. Ofset kağızı. Məktəb qarnituru. 
Fiziki çap vərəqi 13. Uçot nəşr vərəqi 11,5. 
Sifariş. 6. Tiraj 131100. Pulsuz.
«Aspoliqraf LTD» MMC 
Bakı, AZ 1052, F.Xoyski küç., 121
e-mail: as_poliqraf@box.az
1
8
B

Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə