Həyat və yaradıcılığı
Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) - Azərbaycan
şairi, dramaturq. Ruhani ailəsində doğulmuş, ibtidai təhsilini
Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin
"Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-
1898).
1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin
"Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul
Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda,
sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik
etmişdir.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı
ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr
Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.
Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik
şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk
mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk
şer kitabı 1913-cü ildə çap olunmuşdur.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun
fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası
forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni
bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına
da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi
səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri,
böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri
əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə
olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə
qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır.
Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına
gəlib çıxmışdır.
Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum
faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana
qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni
vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı
müharibələrə lənət yağdırılmışdır.
1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində
yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks
etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar
yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925)
əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935)
tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə
baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı
azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab
çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də
vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz"
dramı, 1930; "Kor Neyzən" poeması, 1930).
Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn
Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva
bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə
boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir
buzlaqlarına sürgün edilmiş və orada həlak olmuşdur. (5.12.1941,
İrkutsk vilayəti) Şairin anadan olmasının 100 illik yubileyi geniş
qeyd olunmuşdur. Naxçıvanda ev-muzeyi yaradılmışdır (1981).
Yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən
Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir.
Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.
Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili
ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu
sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu
formalaşdırmışdı. “Gözəllik namına, sevqi namına” yazan böyük
sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada
səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu
süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu
süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına
olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı.
Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.
Azərbaycan Şekspiri dörd əsr gecikmişdi. Ona yazmaq,
yazmaq, yazmaq lazım idi. Ağ vərəq, mürəkkəb və qələm. Vaxt
onu qovurdu. Söz və fikir zadəganı. Keçmişdə qalmış dəbdəbə və
təmtərağı, yüksək ehtirasları tərənnüm edərək, həm də onlara yas
saxladı. Beləcə əsilzadə, köklü-soylu zadəgan əlacsızlıq və
ümidsizlikdən ürəyi partlaya-partlaya, gözləri görə-görə öz kralını
eşafota yola salır. Bu günə qəti ümidi yox idi. Bütün keçmişi —
yaxşı tanıdığı və sevə-sevə oxşadığı o böyük keçmişi yalnız
gələcəyə etibar edə bilərdi.
Əsilzadələrə bu dünyada yer yoxdur. Onlar öz padşahlarının
ölümü ilə bacarıb bu dünyanı tərk eləməlidirlər. Yoxsa cütçülərə,
çobanlara, sərsərilərə yoldaş ola bilərlər. Son məqam isə başı uca
tutma məqamı, son döyüş isə özünə qarşı yonəltdiyin qılıncdır.
Cütçünün yoldaşı cütçü, çobanın yoldaşı çoban olmalıdır.
Sənin ən böyük təsəllin odur ki, sən sonunculardansan. Səndən
sonra sənə oxşar olmayacaq. Hər şey qaynayıb-qarışacaq bir-
birinə. Bir-birinin içində itəcək. Fərq etməyəcək kim kimdir. Fərq
etmədiyinə görə də nəsillərin təbii axarının ardıcıllığı qırılacaq; bu
təbii axarın gah qarşısı kəsiləcək, gah da sonrakı davamla qatı
açılacaq. Mənən çobanlar ədəbiyyata “gərgin” əməklə gələcək və
onlar adlarını sənətkar qoyub o süni misralar dənizinin təlatümünü
getdikcə daha artıq şiddətləndirəcəklər. Burda ayıb olan heç nə
yoxdur: yerlər dəyişik düşə bilməz, çoban çoban olaraq
qalmalıdır. Belə olmayanda belə olur. Sənin ən böyük təsəllin:
Sonunculardansan! Sonuncu söz və fikir zadəganlarindan.
Mişkinaz Cavidin həyat yoldaşıdır.
Cavid Müşkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan ş. –
16.11.1976 Bakı) Hüseyn Cavidin ömür-gün yoldaşı. H. Cavidin
ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. “İblisin intiqamı”
pyesinin onun xətti ilə köçürlmüş surəti olmasaydı, böyük şair və
dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər
də itəcək. Hüseyn Cavidin həbsindən sonar tikiş artelində işləmiş,
mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin
bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək
dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə
bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük
şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Hüseyn Cavidin
Naxçıvandakı məqbərəsində, ərinin və oğlu Ərtoğrulun qəbrləri
ilə yan-yanadır.
Ərtoğrul Hüseyn Cavid oğlu
Ərtoğrul Hüseyn Cavid oğlu 22 noyabr 1919 Bakıda anadan
olmuşdur. Hüsey Cavidin oğludur. Azərbaycan Pedaqoji
İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940).
Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942
Ü. Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılımış
“9 Lariasiya” dır. (1941-42 Ü. Hacıbəyova ithaf olunub) . Skripka
ilə fortepiano üçün poema (1941) Nizaminin “Sevgili yar gəlmiş
idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, Türkmən şairi
Kəminənin “Leylanın vəsfi”. T. Rəsizadənin “Səninlə olaydım” və
s. Şerlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən
müharibəsi başlarkən “Sərhəddən məktub” simfonik balladasının
və marşlar yazmış, “Şeyx Sənan”, “Məshəti” operaları bir sıra
kamera və intrumental əsərləri yarımçıq qalmışdır. 1939-42 illərdə
Az-n Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq
musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış burada
musiqi folkloru nüm-nin toplamasında işt etmiş, 1941-42 – ci
illərdə konservatoriyasının nəzdindəki musiqi məktəbində dərs
demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus
bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və
mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şerləri, pyesi və
rəsmləri var. 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu
sıralarına çağrılmış, “Xalq düşməni”nin oğlu olduğu üçün
cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə
göndərilmişdi. 14 noyabr 1943 Naxçıvanda vəfat etmişdir. Məzarı
Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası
M. Cavidin qəbrləri ilə yan-yanadır.
Hüseyn Cavidin xatirə muzeyi
21 iyul 1981-ci ildə Azərbaycan KP MK-nın "Hüseyn Cavidin
anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda Bakı
və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin
yaradılması, Bakı şəhərinin İstiqlaliyyət (keçmiş Kommunist)
küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşamış
olduğu 8 saylı evin fasadının təzələnməsi və ona yazıçının xatirə
lövhəsinin vurulması göstərilirdi. Bu qərar əsasında Mədəniyyət
Nazirliyninin 14 avqust 1981-ci il tarixli 228 saylı əmri ilə
Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15 dekabr
1981-ci il tarixli 522 saylı əmri ilə Bakı şəhərində Hüseyn Cavidin
memorial muzeyinin açılması nəzərdə tutulurdu. Mədəniyyət
Nazirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən adı çəkilən
binanın 5 otağı Hüseyn Cavidin ev muzeyi üçün ayrılmışdı. Lakin
bina həmin bina olsa da, ayrılmış 5 otaq Cavidlərin yaşamadığı
otaqlar idi. 10 iyun 1995-ci ildə Azərbaycan prezidenti Heydər
Əliyevin yanında tarixi müşavirə keçirildi və 14 illik fasilədən
sonra Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev
muzeyinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu və
dərhal öz həllini tapdı. Bununla əlaqədar Nazirlər Kabinetinin 10
iyul 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin ev muzeyinin
yaradılması, onun Azərbaycan EA-nın tabeliyinə verilməklə
ədibin yaşadığı binanın, (İstiqlaliyyət küçəsi,8) 2-ci mərtəbəsində
giriş də daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn
Cavidin ev muzeyi adlandırılması məsələsi həll olundu. H.Cavidin
ev muzeyi 245 kv metr sahəni əhatə edir və onun 130 kv metrində
ekspozisiya yerləşir. Ekspozisiyada 600-dən artıq eksponat
nümayiş etdirilir. Bu eksponatlar içərisində məhz Cavidlər
ailəsinə məxsus məişət və geyim əşyaları, Hüseyn Cavidin
müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar,
dram əsərlərinin tamaşalarından proqram, afişa və fotolar,
Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi
əsərlərinin notları, bunlardan Ü. Hacıbəyova həsr etdiyi fortepiano
üçün "9 variasiya", "Eşq olsun", "Skripka ilə fortepiano üçün
poema" və s. əsərləri, daha sonra vallar, müxtəlif sənədlər,
məktublar vardır. Həmçinin Turan Cavidin fəaliyyəti ilə bağlı olan
materiallar nümayiş edilir. Hüseyn Cavidin yazı masası, Mişkinaz
xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir
çox eksponatlar ekspozisiyada əsas yer tutur. Ekspozisiyanın
tərtibatı zamanı bir neçə görkəmli sənət xadimlərinə süjetli əsərlər
sifariş olunmuş və bu əsərlər ekspozisiyanı daha da
zənginləşdirmiş, onu baxımlı və maraqlı etmişdir. Bunlardan
Oqtay Sadıqzadənin "Cavid dünyası" triptixi, "Mişkinaz xanım"
portreti, Ömər Eldarovun "Hüseyn Cavid", "M. Cavid", "Ə.Cavid"
mərmər büstləri, A. Hacıyevin "Son yay" və "Hüseyn Cavid"
əsərləri, İ.İbrahimovun "Naxçıvandakı məqbərənin maketi", A.
Kərimovanın süjetli - "Cavid" xalçası, R.Əsədovun «Ə.Cavid»
portreti, Ə. Əliyevin «İblis operasının yaranması» əsəri, S. və F.
Məmmədvəliyevlərin ağacdan Hüseyn Cavidin ərəb qrafikası ilə
adı və soyadı yazılmış miz və üstündə «Azər»dən parçalar olan
gümbəz şəkilli fiqur, Cavid əsərlərinin adlarının ağac üzərində
oymaları və s. əsl sənət nümunələrini göstərmək olar. Muzeydə
məxsusi olaraq 1 otaq, Cavidin iş otağı, repressiya otağı kimi
ayrılıb. Bu otaqda O. Sadıqzadənin böyük ürək yanğısı ilə işlədiyi
«1937-ci ilin repressiya qurbanları» əsəri və V. Ucatayın «Zordan
üstün» əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər
repressiya qurbanlarının xatirəsinə rekviem kimi qəbul olunur.
Muzeyin əsas fondunda 5000, elmi-köməkçi fondda isə 300 əşya
qorunub, mühafizə olunur. Bunların sayı yeni materiallar hesabına
daima artır. Muzeyin fonotekası da Hüseyn Cavidə həsr olunmuş
yeni radio, televiziya verilişlərinin, video və audio kasetlərin,
müsahibələr və səhnə tamaşalarının lent yazıları hesabına daim
zənginləşir. Təəssüflər olsun ki, 2000-ci il noyabrın 25-də Bakıda
baş vermiş zəlzələ nəticəsində muzeyin ekspozisiya sahəsi
zədələndiyinə görə muzey bir müddət ekspozisiyasını aça bilmədi.
Muzeyin ekspozisiya sahəsi bir daha təmir olunduqdan sonra bu
mümkün oldu. 23 oktyabr 2002-ci il tarixdə Prezident Heydər
Əliyev «Hüseyn Cavidin 120 illik yubileyi haqqında» sərəncam
imzaladı. 24 oktyabr 2002 – ci il tarixdə, Hüseyn Cavidin 120 illik
yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev Hüseyn Cavidin ev muzeyinin açılış lentini kəsərək,
ekspozisiya ilə tanış olub, muzeyin rəy kitabına ürək sözlərini
yazdı və gələcək fəaliyyətinə xeyir-dua verdi. Beləliklə, 24
oktyabr 2002-ci il tarixdən Hüseyn Cavidin ev muzeyinin
ekspozisiyası qapılarını geniş tamaşaçı auditoriyasının üzünə açdı.
Bu müddət ərzində, məhz Hüseyn Cavidin 120 illik yubileyi ilə
əlaqədar verilmiş sərəncama müvafiq olaraq, muzeyin
ekspozisiyasında günümüzlə səsləşən müəyyən yeniləşmə işləri
aparılmış, rəssamlardan A.Kərimovaya və R.Əsədova yeni
sifarişlər verilmişdir. Ekspozisiya üçün sujetli «Ana» və «Ərtoğrol
Cavid» xalçaları sifariş olunmuş (A.Kərimova), «Ə.Cavid»
portreti, «Topal Teymur» televiziya tamaşasına işlənmiş 7 eskiz
alınmışdır (R.Əsədov). Azərbaycan, rus və ingilis dillərində
«Hüseyn Cavidin ev muzeyi» və «Ə.Cavid» bukletləri sifariş
olunmuşdur. Muzeyin fondu üçün Hüseyn Cavidin yeganə iri
həcmli əlyazma nüsxəsi, 158 səhifəlik 20 parçadan ibarət «Azər»
poemasının əlyazması, M.Cavidin «Hüseyn Cavid haqqında
xatirələri» (102 səhifəlik dəftər) əldə edilmişdir. Hazırda bu
qiymətli nümunələr muzeyin fondunda qorunub, mühafizə olunur.
Hazırda Hüseyn Cavidin ev muzeyi tam hüquqla tərkibinə daxil
olduğu Milli Elmlər Akademiyasının elmi idarələrindən biridir.
Artıq neçə ildir ki, burada elmi əməkdaşların fəaliyyətini
koordinasiya edən Elmi Şura fəaliyyət göstərir. Muzey böyük
təbliğat və təşviqat işləri aparır, muzeydə çoxsaylı qonaqlarla
müxtəlif dillərdə izahatlar aparılır, məktəblərdə, litseylərdə, digər
təhsil ocaqlarında, qaçqın yataqxanalarında tədbirlər keçirilir,
Cavidlərə həsr olunmuş mühazirələr oxunur, səyyar sərgilər
nümayiş etdirilir. Muzeydə Cavidlər ailəsinin doğum və anım
günləri hər il bu ailəyə məxsus bənzərsiz, ilıq və munis bir ab-
havada keçirilir. Hüseyn Cavidin ev muzeyi Naxçıvanda yerləşən
Hüseyn Cavidin ev muzeyi ilə mütəmadi yaradıcılıq əlaqələri
saxlayır, ona lazımi metodiki yardım göstərir. Hüseyn Cavidin ev
muzeyi gələcəkdə də Cavidlər irsinin tədqiqi, öyrənilməsi,
qorunması və təbliği istiqamətində öz fəaliyyətini müvəffəqiyyətlə
davam etdirəcək
Dostları ilə paylaş: |