Həyatin gerçƏK


Həyatın mənşəyi mövzusu ilə bağlı



Yüklə 1,73 Mb.
səhifə34/72
tarix17.09.2017
ölçüsü1,73 Mb.
#453
1   ...   30   31   32   33   34   35   36   37   ...   72

Həyatın mənşəyi mövzusu ilə bağlı

təkamülçü səylər


Hər şeydən əvvəl, əsas cəhəti yadda saxlamaq lazımdır: təkamül prosesinin hər hansı bir mərhələsinin qeyri-mümkün olduğunun üzə çıxması nəzəriyyənin kökündən səhv olduğunu və əsassızlığını göstərməsi üçün kifayətdir. Məsələn, sadəcə zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkünlüyünün sübut edilməsi təkamülün daha sonrakı mərhələlərə aid bütün digər iddialarını da təkzib etmiş olur. Bundan sonra insan və meymun kəllə sümükləri üzərində fərziyyələr qurmağın da heç bir mənası qalmaz.

Canlıların cansız maddələrdən necə əmələ gəlməsi uzun müddət təkamül nəzəriyyəsi tərəfdarlarının üzərində çox durmaq istəmədikləri problem idi. Ancaq daima görməməzliyə vurduqları bu problem getdikcə gizlədilməyəcək problemə çevrildi və bu problemi XX əsrin ikinci rübündə başlayan bir sıra tədqiqatla həll etməyə çalışdılar.

İlk sual bu idi: ibtidai dünyada ilk canlı hüceyrə necə meydana gəlmişdi? Daha doğrusu, təkamülçülər bu suala necə açıqlama gətirməliydilər?

Bu mövzuya ilk dəfə müraciət edən şəxs “kimyəvi təkamül” anlayışını ortaya atan rus bioloq Aleksandr İ.Oparin oldu. Oparin bütün nəzəri fəaliyyətlərinə baxmayaraq, həyatın mənşəyini açıqlama baxımından heç bir nəticə əldə edə bilmədi. 1936-cı ildə nəşr etdirdiyi “Həyatın mənşəyi” (Origin of life) adlı kitabında belə deyirdi:

Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsini tamamilə əhatə edən ən qaranlıq cəhəti təşkil edir.251

Oparindən sonra təkamülçülər hüceyrənin təsadüflərlə əmələ gələcəyini sübut etmək üçün saysız-hesabsız təcrübə, tədqiqat və müşahidə apardılar. Ancaq aparılan hər tədqiqat hüceyrədəki kompleks yaradılışı daha hərtərəfli üzə çıxararaq təkamülçülərin fərziyyələrini daha da təkzib etdi. Almaniyadakı İohannes Qutenberq Universitetinin Biokimya İnstitutunun rəhbəri prof. dr. Klaus Douz bu barədə belə deyir:

Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənşəyi mövzusunda otuz ildən çox davam etdirilən bütün təcrübələr həyatın mənşəyi probleminə cavab tapmaqdansa, problemin nə qədər böyük olduğunun qavranmasına səbəb oldu. Hal-hazırda bu mövzudakı bütün nəzəriyyələr və təcrübələr ya çıxılmaz vəziyyətlə bitir, ya da məlumatsızlıq etirafları ilə nəticələnir.252

Təkamülçü elmi yazıçı Con Horqan da “Elmin sonu” (The end of science) adlı kitabında həyatın mənşəyi mövzusu haqqında: “Bu, müasir biologiyanın əsasını təşkil edən ən zəif hissədir”, -deyir.253

San Diyeqo Skripps İnstitutundan geokimyaçı Cefri Badanın aşağıdakı sözləri isə XX əsrin sonunda təkamülçülərin bu dərin çıxılmaz vəziyyət qarşısındakı çarəsizliklərinin ifadəsidir:

Bu gün XX əsri geridə qoyarkən hələ də XX əsrə daxil olduqda üzləşdiyimiz ən böyük həll olunmamış problemlə qarşı-qarşıyayıq: həyat yer üzündə necə başlamışdır?254

İndi təkamül nəzəriyyəsin bu “ən böyük həll edilməmiş problemini” təfərrüatı ilə nəzərdən keçirək. Əvvəlcə, məşhur Miller eksperimentini təhlil edək.

Miller eksperimenti


Həyatın mənşəyi ilə bağlı təkamülçü mənbələrin ən çox etibar etdikləri tədqiqat isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən keçirilən Miller eksperimentidir. (Təcrübə Millerin Çikaqo Universitetindəki müəllimi Harold Yureyin köməyinə görə “Yurey-Miller eksperimenti” kimi də tanınır). Təkamül prosesinin ilk mərhələsi kimi irəli sürülən “kimyəvi təkamül” tezisinə “dəlil” kimi irəli sürülən yeganə cəhd elə bu təcrübədir. Aradan təxminən yarım əsr keçməsinə və böyük texnoloji irəliləyişlər əldə edilməsinə baxmayaraq, bu məsələdə heç bir yeni cəhd edilməmişdir. Bu gün hələ də dərsliklərdə canlıların ilk dəfə əmələ gəlməsinin təkamül baxımından açıqlaması kimi Miller eksperimenti öyrədilir. Çünki bu cür səylərin nəzəriyyələrini dəstəkləmədiyini, əksinə daima təkzib etdiyini anlayan təkamül tədqiqatçıları buna bənzər təcrübələrə əl atmaqdan xüsusilə çəkinirlər.

Stenli Millerin məqsədi milyard illər əvvəlki cansız dünyada zülalların tərkib hissələri olan amin turşularının “təsadüfən” əmələ gəldiklərini göstərən təcrübi dəlil ortaya qoymaq idi. Miller təcrübəsində ibtidai dünya atmosferində mövcud olduğunu fərz edilən (daha sonralar isə mövcud olmadığı məlum olan) ammonyak, metan, hidrogen və su buxarından ibarət qaz qarışığından istifadə etdi. Bu qazlar təbii şərtlər daxilində bir-biri ilə reaksiyaya girmədiklərinə görə təcrübəyə kənardan enerji müdaxiləsi edildi. İbtidai atmosfer mühitində ildırımlardan əmələ gəldiyi düşünülən enerjini süni elektrik mənbəyi vasitəsilə təmin etdi.

Miller bu qaz qarışığını bir həftə boyu 100°C temperaturda qaynatdı, bir tərəfdən də qarışığa elektrik axını verdi. Həftənin sonunda Miller sınaq şüşəsinin dibindəki qarışıqda əmələ gələn kimyəvi maddələri ölçdü və zülalların tərkib hissələrini təşkil edən 20 növ amin turşusundan üçünün sintezləndiyini müşahidə etdi.

Təcrübə təkamülçü dairələrdə böyük sevinc yaratdı və çox böyük uğur kimi təqdim edildi. Hətta müxtəlif KİV-lər hadisədən məst olaraq “Miller həyatı yaratdı” başlığı altında fərziyyələr dərc etdilər. Lakin Millerin sintezlədiyi ancaq “cansız” molekullar idi.

Bu təcrübədən topladıqları cəsarətlə təkamülçülər dərhal yeni ssenarilər uydurdular. Amin turşularından sonrakı mərhələlər də dərhal uyduruldu. Ssenariyə əsasən amin turşuları daha sonra təsadüflər nəticəsində uyğun ardıcıllıqda birləşmiş və zülalları əmələ gətirmişdilər. Təsadüf nəticəsində meydana gələn bu zülalların bəziləri də özlərini bir şəkildə (!) əmələ gəlmiş hüceyrə qılafına bənzər formaların içinə yerləşdirərək hüceyrəni meydana gətirmişdilər. Hüceyrələr də zaman ərzində yan-yana gəlib birləşərək canlı orqanizmləri əmələ gətirmişdilər.

Halbuki bu ssenarinin ən böyük əsası olan Miller eksperimenti hər cəhətdən əsassızlığı sübut edilmiş bir cəhddən başqa bir şey deyildi.


Miller eksperimentini əsassız edən dörd səbəb


Millerin ibtidai dünya mühitində amin turşularının öz-özünə əmələ gəldiklərini sübut etmək məqsədi ilə keçirdiyi təcrübə bir çox cəhətdən əsassızdır. Bunları belə sıralaya bilərik:

1- Miller təcrübəsində “soyuq tələ” (cold trap) adlı bir mexanizmdən istifadə edərək amin turşularını əmələ gəldikləri anda dərhal həmin mühitdən təcrid etmişdi. Çünki əks təqdirdə amin turşularını əmələ gətirən mühitin amilləri bu molekulları əmələ gəldikdən dərhal sonra məhv edəcəkdi.

Halbuki ibtidai dünya mühitində, əlbəttə, bu cür şüurlu mexanizmlər yox idi və bunlar olmadan hər hansı amin turşusu əmələ gəlsə belə, bu molekullar eyni mühitdə dərhal parçalanacaqdılar. Kimyaçı Riçard Blissin bildirdiyi kimi, “bu soyuq tələ olmasa, kimyəvi məhsullar elektrik mənbəyi tərəfindən məhv ediləcəkdi”.255

Belə ki, Miller soyuq tələ yerləşdirmədən apardığı daha əvvəlki təcrübələrdə bircə amin turşusu da əldə edə bilməmişdi.

2- Millerin təcrübəsində canlandırmağa çalışdığı ibtidai atmosfer mühiti həqiqi deyildi. 1980-ci illərdə elm adamları ibtidai atmosferdə metan və ammonyak əvəzinə azot və karbondioksid olduğu haqqında ortaq fikrə gəldilər.

Bəs Miller nə üçün bu qazlar məsələsində israr etmişdi? Cavab sadədir: ammonyak olmadan heç bir amin turşusunun sintezlənməsi mümkün deyil. Kevin MakKin “Discover” jurnalında dərc etdirdiyi məqalədə bu vəziyyəti belə izah edir:

Miller və Yurey dünyanın qədim atmosferini metan və ammonyakı qarışdıraraq süni şəkildə əvəz etdilər... Lakin son elmi tədqiqatlarda o zamanlar dünyanın çox isti olduğu və ərimiş nikel ilə dəmirin qarışığından meydana gəldiyi məlum olmuşdur. Beləliklə, o dövrdəki kimyəvi atmosfer tərkibi daha çox azot, karbondioksid və su buxarından ibarət olmalıdır. Halbuki bunlar üzvi molekulların əmələ gəlməsi üçün ammonyak və metan qədər uyğun deyillər.256

Belə ki, amerikalı elm adamları C.P.Ferris və Ç.T.Çen karbondioksid, hidrogen, azot və su buxarından ibarət qarışıqla Millerin təcrübəsini təkrar həyata keçirdilər və tək bir amin turşusu molekulu da əldə edə bilmədilər.257



3- Millerin təcrübəsini əsassız edən digər mühüm cəhət də amin turşularının əmələ gəldiyi irəli sürülən dövrdə atmosferdə amin turşularının hamısını parçalayacaq sıxlıqda oksigen olması idi. Millerin görməməzliyə vurduğu bu həqiqət yaşı 3.5 milyard il olan daşlardakı oksidləşmiş dəmir və uran qalıqları ilə məlum oldu.258

Oksigen miqdarının bu dövrdə təkamülçü nəzəriyyəçilərin iddia etdiklərindən çox fərqli olduğunu göstərən başqa tapıntılar da üzə çıxdı. Araşdırmalar o dövrdə dünya səthinə təkamülçülərin təxmin etdiklərindən 10 min dəfə çox ultrabənövşəyi şüalar çatdığını göstərdi. Bu sıx ultrabənövşəyi şüalar atmosferdəki su buxarı və karbondioksidi parçalayaraq oksigeni ayırırlar.

Bu vəziyyət oksigen nəzərə alınmadan keçirilmiş Miller eksperimentini tamamilə əsassız edirdi. Əgər təcrübədə oksigendən istifadə edilsəydi, metan karbondioksid və suya, ammonyak isə azot və suya çevriləcəkdi. Digər tərəfdən, oksigenin olmadığı mühitdə-hələ ozon təbəqəsi olmadığı üçün – ultrabənövşəyi şüualara birbaşa məruz qalan amin turşuları dərhal parçalanacaqdı. Nəticədə, ibtidai dünyada oksigenin olması da, olmaması da amin turşuları üçün məvhedici mühit deməkdir.

4- Miller eksperimenti nəticəsində canlıların quruluş və funksiyalarını pozan xüsusiyyətlərə malik çox miqdarda üzvi turşular da əmələ gəlmişdi. Amin turşuları təcrid edilməyib bu kimyəvi maddələrlə eyni mühitdə qaldıqda isə onlarla kimyəvi reaksiyaya girərək parçalanacaq və müxtəlif birləşmələrə çevriləcəkdilər.

Bundan əlavə, təcrübə nəticəsində ortaya bol miqdarda sağ əlli amin turşusu çıxmışdı.259 Ancaq bu amin turşularının varlığı belə təkamül nəzəriyyəsini öz məntiqi içində batırmaq üçün kifayət idi. Çünki sağ əlli amin turşuları canlıların orqanizmində istifadə edilməyən amin turşularıdır. Beləliklə, Millerin təcrübəsindəki amin turşularının əmələ gəldiyi mühit canlılar üçün əlverişli deyil, əksinə, meydana gələn yararlı molekulları parçalayan, yandıran turşu qarışığından ibarət idi.

Bütün bunların göstərdiyi yeganə konkret həqiqət var: Miller eksperimenti canlıların ibtidai dünya şərtləri daxilində təsadüfən meydana gəldiyini dəstəkləmir. Təcrübə amin turşusu sintezləməyi hədəfləyən şüurlu və nəzarətli laboratoriya işidir. İstifadə edilən qazların cinsləri və tərkibi nisbətləri amin turşularının əmələ gəlməsi üçün ən ideal ölçülərdə müəyyən edilmişdir. Mühitə verilən enerjinin miqdarı nə əksik, nə də artıqdır, tamamilə lazımi reaksiyaların baş verməsini təmin edən şəkildə tənzimlənmişdir. Təcrübə aparatı ibtidai dünya şərtlərində mövcud olan hər hansı zərərli, məhvedici və ya amin turşusunun əmələ gəlməsinin qarşısını alan ünsür ehtiva etməyəcək şəkildə izolyasiya edilmişdir. İbtidai dünyada mövcud olan və reaksiyaların gedişatını dəyişdirən heç bir element, mineral və ya birləşmə sınaq şüşəsinə qoyulmamışdır. Oksidləşmə səbəbi ilə amin turşularının varlığına mane olan oksigen bunlardan sadəcə biridir. Hazırlanan ideal laboratoriya şərtlərinə gəlincə, “soyuq tələ” (cold trap) adlı mexanizm olmadan amin turşularının eyni mühitdə parçalanmadan qalmaları mümkün deyil.

Əslində, Miller eksperimenti ilə təkamülün “həyatın şüursuz təsadüflər nəticəsində meydana gəlməsi” iddiasını təkzib etmişdir. Çünki təcrübə amin turşularının ancaq bütün şərtləri xüsusi şəkildə tənzimlənmiş laboratoriya mühitində, şüurlu müdaxilələrlə əldə edilə bildiyini göstərir.

Miller eksperimenti Türkiyədəki bəzi mənbələrdə hələ də mühüm elmi kəşf kimi göstərilsə də, əslində təkamülçü dairələr tərəfindən müdafiə edilmir. Son illərdə qərbin elmi jurnallarında təcrübənin həyatın mənşəyini açıqlamaq baxımından bir məna ifadə etmədiyi bildirilir. Məsələn, 1998-ci ilin fevral ayında dərc edilən məşhur təkamülçü elmi jurnalı “Yer”dəki (Earth) “Həyat küpü” adlı məqalədə bu cümlələr işlədilir:

Bu gün Millerin ssenarisi şübhəylə qarşılanır. Bir səbəbi geoloqların ibtidai atmosferin əsasən karbondioksid və azotdan ibarət olduğunu qəbul etmələridir. Bu qazlar isə 1953-cü ildəki təcrübədə (Miller eksperimentində) istifadə edilənlərdən daha az aktivdirlər. Millerin fərz etdiyi atmosfer mövcud olsaydı belə, amin turşuları kimi bəsit molekulları daha mürəkkəb birləşmələrə-zülallar kimi polimerlərə çevirəcək lazımi kimyəvi dəyişikliklər necə əmələ gələ bilərdi ki? Miller özü belə problemin bu yerində əllərini irəli uzadıb: “Bu bir problemdir”, -deyərək dərindən ah çəkir: “Polimerləri necə əmələ gətirəcəksiniz? Bu, o qədər asan deyil...”.260

Göründüyü kimi, Millerin özü belə bu gün təcrübəsinn həyatın mənşəyini açıqlamaq baxımından bir məna ifadə etmədiyini anlayır. “National geographic”in 1998-ci il mart sayındakı “Yer üzündəki həyatın mənşəyi” adlı məqaləsində isə bu mövzuyla bağlı belə sətirlər yazılmışdır:

Bir çox elm adamı bu gün ibtidai atmosferin Millerin irəli sürdüyündən fərqli olduğunu təxmin edir. İbtidai atmosferin hidrogen, metan və ammonyakdan çox karbondioksid və azotdan ibarət olduğunu düşünürlər. Bu isə kimyaçılar üçün pis xəbərdir! Karbondioksid və azotu reaksiyaya saldıqda əldə edilən üzvi birləşmələr olduqca dəyərsiz miqdardadır. Böyük üzmə hovuzuna atılan bir damla qida boyası ilə eyni nisbətdə olan sıxlığa bərabərdir... Elm adamları bu qədər duru şorbada həyatın əmələ gəlməsini təsəvvür etməyi belə çətin hesab edirlər.261

Qısaca desək, nə Miller eksperimenti, nə də başqa heç bir təkamülçü səy yer üzündə həyatın necə əmələ gəlməsi sualını cavablaya bilmir. Bütün tədqiqatlar həyatın təsadüflərlə əmələ gəlməsinin qeyri-mümkün olduğunu sübut edir və beləliklə, həyatın yaradıldığını göstərir. Təkamülçülərin bu açıq həqiqəti qəbul etməmələri isə elmə tamamilə zidd ön mühakimələrə malik olduqlarına görədir. Belə ki, Miller eksperimentini tələbəsi Stenli Miller ilə birlikdə təşkil edən Harold Yurey bu mövzu ilə bağlı belə etiraf edir:

Həyatın mənşəyi mövzusunu araşdıraraq nə qədər çox tədqiq etsək də, həyatın hər hansı bir yerdə təkamül keçirməyəcək qədər kompleks olduğu nəticəsinə gəlirik. (Ancaq) hamımız bir inanc kimi həyatın bu planetdə ölü maddədən təkamüllə əmələ gəldiyinə inanırıq. Lakin komplekslik o qədər böyükdür ki, necə təkamül keçirdiyini təsəvvür etmək belə bizim üçün çətindir.262




Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə