Heydər Əliyev: Azərbaycanı özlərinin tarixi Vətəni hesab edən insanlar sarsılmaz birlik nümayiş etdirməlidirlər



Yüklə 158,07 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü158,07 Kb.
#63947


“Xalq qəzeti”.-2011.-1 yanvar.-N 1.-S.5.

Heydər Əliyev: Azərbaycanı özlərinin tarixi Vətəni hesab edən insanlar sarsılmaz birlik nümayiş

etdirməlidirlər

Vətəndən  kənarda  yaş ayan  soydaş larımızın  ürəkləri  gərək  daim  Azərbaycanın  nəbzi  ilə  bir  vursun.

Harada  yaş amasından,  vəziyyətinin  ağır  və  çətinliyindən  asılı  olmayaraq,  gərək  hər  kəs  öz  Ana  Vətəni

haqqında düşünsün. Azərbaycanlılar artıq bilirlər və daha çox bilməlidirlər ki, indi bizim, nəhayət müstəqil

dövlətimiz - Azərbaycan Respublikamız var. Bu, müqəddəs  Azərbaycan torpağıdır, deməli, harada olursan

ol,  hansı  ölkədə  yaşayırsan  yaşa,  ancaq  Azərbaycan  haqqında,  Azərbaycanın  müstəqilliyi,  ərazi  bütövlüyü

haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən...

Bütün  dünya  azərbaycanlılarının  ümummilli  lideri,  müstəqil  Azərbaycan  Respublikasının  xilaskarı  və  banisi

Heydər Əliyev 16 il bundan əvvəl - 1994-cü il fevralın 23-də Londonun "Hilton" otelində bu fikirləri söyləyərkən,

tam səmimi deyirəm, fərəhdən gözlərim yaşardı. Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində ulu öndər həmin gün

vaxt tapıb Londonda yaşayanlarla görüş keçirirdi. Həmin görüşdə Heydər Əliyev bizimlə çox səmimi söhbət etdi və

 əslində, xaricdə yaşayan azərbaycanlılar aparılacaq  işin, dövlət  siyasətinin  ilk  konturlarını nəzərimizə  çatdırdı və

dəyərli tövsiyələrini verdi. Bu barədə bir qədər sonra...

Əvvəlcədən  qeyd  etmək  istəyirəm  ki,  zəmanəmizin  siyasət  nəhəngi  və  təcrübəli  dövlət  xadimi  olan  Heydər

Əlirza  oğlu  xalqın  iradəsi  və  təkidi  ilə  hakimiyyətə  qayıtdığı  ilk  gündən  bəyan  etdi  ki,  müstəqil  Azərbaycan

Respublikası müxtəlif səbəblər üzündən dünyanın ayrı-ayrı ölkələrində yaşayan bütün azərbaycanlıların Vətənidir.

Odur  ki,  həm  Vətəndə,  həm  də  qürbətdə  yaşayan  bütün  soydaşlarımızın  həmrəyliyinə  nail  olmaq  lazımdır.  Elə

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması da bu müqəddəs amala xidmət edir. Təsadüfi deyil

ki, ulu öndər dünyanın hansı ölkəsinə rəsmi, dövlət və işgüzar səfərlərə gedirdisə, ilk növbədə həmin məmləkətdə

yaşayan  soydaşlarımızla  görüşməyə  çalışır,  fikir  mübadiləsi  aparır,  onları  bir-biri  ilə  və  Vətənlə  əlaqələrini

gücləndirməyə səsləyirdi.

Ümummilli lider  1994-cü  il  yanvarın 9-da  xaricdə  yaşayan soydaşlarımızın bir  qrupunu  Bakıda  qəbul  edərkən

xüsusi olaraq vurğuladı ki, ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, and içəndə

də mən təkcə Azərbaycanın ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara müraciət

etdim. Bildirdim ki, respublikanın bu ağır dövründə hər bir azərbaycanlı, damarlarında azərbaycanlı qanı olan hər

bir insan gərək bu gününə yansın, münasibətini bildirsin, kömək etsin. Çünki azərbaycanlının Azərbaycandan başqa

Vətəni yoxdur. Almaniyada yaşaya bilərsiniz, həm də çox firavan yaşaya bilərsiniz. Fransada, Amerikada da yaşaya

bilərsiniz,  varınız  da,  dövlətiniz  də  olar.  Amma  o  ölkələr  sizin  Vətəniniz  ola  bilməz...  Hər  bir  millətin,  hər  bir

insanın  ana  torpağı  onun  Vətənidir.  Azərbaycanlıların  da  Vətəni  Azərbaycandır...  İndi  şükürlər  olsun  ki,

Azərbaycan müstəqil bir dövlətdir. Nə Rusiyanın, nə Sovetlər Birliyinin, nə də başqa bir dövlətin tərkibində deyil.

Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır.

Heydər  Əliyev  əlavə  etdi  ki,  bu  yaxınlarda  mən  Prezident  Fransua  Mitteranın  dəvəti  ilə  Fransaya  səfərə

getmişdim...  Fransaya  gedəndə  xahiş  etdim  ki,  orada  yaşayan  azərbaycanlılar  toplaşsın  və  onlarla  görüşüm.  Hava

limanından  birbaşa  öz  iqamətgahıma  gəldim  və  Fransada  ilk  görüşüm  orada  yaşayan  azərbaycanlılarla  oldu.  Az

adam  toplaşmışdı.  Bu  o  demək  deyil  ki,  Fransada  azərbaycanlılar  az  yaşayır.  Xeyr,  çox  yaşayır.  Amma,  sizin

dediyiniz kimi, pərakəndə, dağınıqdırlar, bir-biri ilə əlaqələri azdır, birləşməyiblər, bəziləri hələ də, öz vətənlərini

tanımır, öz vətənləri olduğunu dərk etmirlər.

Fransadakı  soydaşlarımızdan  fərqli  olaraq  İngiltərədə  yaşayan  azərbaycanlıların  mütəşəkkil  şəkildə  bir  yerə

toplaşaraq ulu öndərin ziyarətinə gəlməsi onu son dərəcə məmnun etdi. Öz çıxışında bunu xüsusi qeyd etdi ki, sizin

təşəbbüsünüzlə  olan  bu  görüşə  görə  çox  sevindim.  Birincisi  ona  görə  ki,  başqa  ölkələrdə,  Avropada  olan

azərbaycanlılarla  görüşmək mənim  üçün  çox  mühüm  hadisədir.  İkincisi  də  düşündüm  ki,  azərbaycanlılar  bir  yerə

yığışıb, demək, bir-biri ilə əlaqə saxlayıb görüşə bilərlər.

Ümummilli  lider  çıxışında  belə  bir  etiraf  da  etdi:  "Xalqımızın  çox  gözəl  xüsusiyyətləri,  ənənələri  var,  qədim

tarixi var. Ancaq qüsurlu cəhətləri də var. O da bundan ibarətdir ki, bir-birimizlə möhkəm əlaqə saxlaya bilmirik.

İnciməsəniz  deyə  bilərəm  ki,  düşdüyünüz  mühitdə  bəziləri  əriyib  başqalarına  qarışır,  öz  milli  mənliyini  saxlaya

bilmirlər. Bu, bizim nöqsan cəhətimizdir.  Hesab  edirəm ki,  indi  Azərbaycan  müstəqil  dövlət  olandan  sonra,  digər

ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycan kimi bir Ana Vətəni olduğunu dərk edəndən sonra bu çatışmazlıq, bu

nöqsan da aradan götürülə bilər... Mən bugünki görüş münasibətilə sizi təbrik edirəm və hamınıza bir-birinizlə daha

sıx əlaqələr saxlamağı, bir-birinizlə mehriban olmağı, yaxın olmağı, bir-birinizə dayaq olmağı arzulayıram".

Ulu öndər dərin məzmunlu, proqram xarakterli çıxışında müstəqilliyin ilk mərhələsində rəhbərliyin səriştəsizliyi

nəticəsində  Azərbaycandakı  mövcud  durumun  acınacaqlı  olması  barədə  ətraflı  məlumat  verdi.  Bildirdi  ki,

Azərbaycan  sosial-iqtisadi  böhran  içərisindədir,  son  illərdə  iqtisadiyyat  dağılmışdır.  Vaxtilə  yaradılmış  böyük

sənaye,  kənd  təsərrüfatı potensialı bərbad  vəziyyətə  düşmüşdür,  elm,  təhsil  ocaqlarının çoxu  pis  gündədir.  Sosial

sahə  çox  ağır  vəziyyətdədir.  Ermənistanın  Azərbaycana  qarşı  silahlı  təcavüzü  nəticəsində  Azərbaycanın  Dağlıq

Qarabağ vilayətindən savayı, 7 rayonu - torpaqlarımızın 20 faizi işğal olunmuşdur.  Bu rayonlardan bir milyondan



artıq vətəndaşımız qaçqın düşmüş, ev-eşiyini, var-dövlətini, el-obasını itirmişdir.

Heydər Əliyev  Azərbaycandakı o  vaxtkı real  mənzərəni  gözlərimiz  önündə  canlandırandan  sonra  bizim  nə  cür

ağır hisslər keçirdiyimizi duyaraq, əlavə etdi ki, o, gələcəyə ümidlə, nikbinliklə baxır. Arxayın ola bilərsiniz, sizin

qarşınızda  bunu  tam  cəsarətlə  deyirəm:  Prezident  kimi  mən  xalqımızın  bütün  imkanlarını  hərəkətə  gətirərək,

Azərbaycan  Respublikasının  müdafiə  qüdrətini  möhkəmləndirməyə  çalışıram  və  çalışacağam.  Azərbaycan  öz

torpaqlarını uğurla qoruyacaqdır. Hər birimiz Vətən yolunda, dövlətimizin yolunda, müstəqil Azərbaycanın yolunda

şəhid  olmağa  hazırıq və  heç  kim  bizi  bu  yoldan  döndərə  bilməyəcəkdir...  Azərbaycan  xalqı aciz  xalq  deyil,  onun

qəhrəmanlıqla  dolu  keçmişi  var...  Əsrlər  boyu  başına  gəlmiş  bəlaların  hamısından  xalqımız  öz  gücü,  cəsarəti,

qəhrəmanlığı sayəsində çıxmışdır və indi də çıxacaqdır.

Ümummilli lider xarici dövlətlərdə Azərbaycan diasporunun yaradılması, formalaşması məsələsinin vacibliyinə

diqqətimizi  yönəldərək  qarşımızda  konkret  vəzifələr  qoydu:  "Azərbaycandan  kənarda  yaşayan  həmvətənlərimizin

vəzifəsi Azərbaycana kömək etməkdən ibarətdir. Yenə də deyirəm, kimin nə imkanı varsa, kimin əlindən nə gəlirsə,

onu  da  etməlidir.  Xüsusən  Azərbaycanın  indiki  vəziyyətini  dünya  ictimaiyyətinə,  Avropa  ölkələrinə,  dövlət

dairələrinə,  informasiya  orqanlarına  doğru-düzgün  çatdırmağa  çalışmaq  lazımdır.  Belə  hesab  edirəm  ki,  xaricdə

Azərbaycan  diasporu  formalaşır,  o,  gündən-günə  inkişaf  edəcək  və  Azərbaycana,  öz  Vətəninə  köməyini  heç  kəs

əsirgəməyəcəkdir.  Ümidvar  olduğumu  bildirmək  istəyirəm  ki,  siz  burada,  İngiltərədə  yaşayan  azərbaycanlılar  da,

haradan  gəlməyindən  asılı olmayaraq,  daha  sıx  birləşəcək,  bir-birinizlə,  Azərbaycanla  əlaqə  saxlayacaqsınız, ona

əlinizdən gələn köməyi əsirgəməyəcəksiniz".

Heydər Əliyev təqribən dörd ildən sonra - 1998-ci ilin iyul ayında Böyük Britaniyaya növbəti səfəri zamanı da

orada  yaşayan  soydaşlarımızla  yenə  görüşdü.  Lakin  bu  dəfə  tamam  başqa  mənzərə  idi.  Onun  tapşırıq  və

tövsiyələrinə əməl  edərək, biz orada diaspor fəaliyyətini gücləndirmiş, bir sıra  uğurlara imza atmışdıq.  Bu  barədə

ulu öndərə məlumat verəndə o, çox məmnun qaldı.

Yeri  gəlmişkən  deyim  ki,  hər  iki  görüşdə  ümummilli  liderin  hüzurunda  Böyük  Britaniyada  yaşayan

azərbaycanlılar adından çıxış etmək səadəti mənə nəsib oldu.

Ulu  öndərin  birinci  görüşdəki  tarixi  çıxışından  sonra  mən  söz  alaraq  bildirdim  ki,  Azərbaycanın  bu  ağır

günündə,  müstəqilliyinin  ikinci  dəfə  itirilməsi  təhlükəsinin  yarandığı  bir  vaxtda  Sizin  kimi  dünya  səviyyəli

siyasətçinin  xalqın  tələbi  ilə  dövləti  idarə  etməyə  razılıq  verməsi  xarici  ölkələrdə  yaşayan  bütün  soydaşlarımızın

ürəyincə olmuşdur. Biz artıq hiss edirik ki, Vətənimizi üzləşdiyi böhrandan çıxarmağa  qadir, hər cür xəta-bəladan

qurtarmağı  bacaran,  dünya  siyasətinə  dərindən  bələd  olan  ağıllı,  təcrübəli  liderimiz  var.  Biz  xalqımızın  yaman

günündə belə bir çətin missiyanı üzərinizə götürdüyünüzə görə Sizə öz minnətdarlığımızı bildiririk. Və bəyan edirik

ki,  biz  həmişə  Sizin  yanınızdayıq.  Sizin  bu  tarixi  çıxışınız,  tövsiyələriniz  diaspor  fəaliyyətimizdə  bizim

proqramımız  olacaqdır.  Doğma  Vətənimiz  üçün  nə  lazımdırsa,  onu  etməyə  hazırıq.  Qarabağın  işğal  olunması

xalqımızın  tarixinə  qara  ləkədir.  Biz  öz  torpaqlarımızı  geri  qaytaracağıq.  Mən  özüm  də  silah  götürüb  müqəddəs

torpaqlarımız uğrunda müharibəyə getməyə həmişə hazıram. 

Həmin  tarixi  görüşdən  xeyli  vaxt  keçir.  Bu  müddətdə  Azərbaycan  ulu  öndər  Heydər  Əliyevin,  2003-cü  ildən

sonra isə onun siyasi kursunu yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm

uğurlara imza atmışdır.

Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti, zəngin dövlətçilik təcrübəsi və  yenilməz iradəsi  nəticəsində

ölkədə  siyasi  proseslər  normal  məcraya  düşdü,  Azərbaycanda  siyasi  sabitlik  tam  şəkildə  bərqərar  oldu,  güclü

iqtisadi inkişaf üçün etibarlı baza yarandı. Son illərdə Azərbaycan iqtisadi artım baxımından birinci yerə çıxdı, bir

neçə il dalbadal dünyada iqtisadi artım sürətinə görə lider dövlət oldu. Ölkəmiz indi də qabaqcıllar sırasındadır.

Bu  inkişaf  xaricdə  yaşayan  soydaşlarımızın  fəallığında,  Azərbaycan  diasporunun  fəaliyyətində  də  özünü

göstərdi.  Bu  sahədə  fəallığın  artmasına  daha  bir  güclü  təkan  2001-ci  il  noyabrın  9-10-da  ümummilli  liderimizin

təşəbbüsü  və  rəhbərliyi  ilə  Bakıda  Dünya  Azərbaycanlılarının  I  qurultayının  keçirilməsi  oldu.  Həmin  möhtəşəm

tədbirdə  dünyanın  36  ölkəsindən  seçilmiş  1105  nümayəndə,  habelə  906  qonaq  iştirak  edirdi.  Heydər  Əliyev  həm

noyabrın 9-da qurultayda, həm də noyabrın 10-da "Gülüstan" sarayında qurultay nümayəndələrinin şərəfinə verilən

ziyafətdə son dərəcə əhatəli nitq söylədi. Bu çıxışlarda Azərbaycan diasporlarının, ayrılıqda hər bir azərbaycanlının

sonrakı fəaliyyət proqramlarının konturları öz əksini tapmışdı. 

"Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam". - Dahi şəxsiyyətin bu fikri böyük qürur

hissi ilə səsləndirməsi bütün salonu ayağa  qaldırdı.  Mən elə o  vaxt  əmin  oldum  ki,  rəhbərin  bu  alovlu  çıxışı hələ

qəflət  yuxusunda  olan  dünya  azərbaycanlılarını  silkələdi,  özünü,  mənsub  olduğu  xalqın  böyüklüyünü,  şərəfli

keçmişini duymağa, başa düşməyə sövq etdi.

Həmin  qurultayda  qəbul  edilən  qətnamə  Azərbaycan  diasporu  üçün  istiqamətverici  sənəd  oldu.  Qurultayda

xüsusi  olaraq  vurğulandı  ki,  müstəqil  Azərbaycan  Respublikası  bütün  dünya  azərbaycanlıları  üçün  cazibə

mərkəzidir.  Harada  yaşamasından asılı olmayaraq,  hər  bir  azərbaycanlı bilməlidir  ki,  onun  arxasında  Azərbaycan

dövləti  durur.  Azərbaycanı  özlərinin  tarixi  Vətəni  hesab  edən  insanlar  milli  dövlətçilik  ideyaları  ətrafında

birləşməli, sarsılmaz birlik nümayiş etdirməlidirlər.

Bu  da  xüsusi  qeyd  olundu  ki,  müstəqil  Azərbaycan  dövlətinin  əsas  ideyası  azərbaycançılıqdır.  Hər  bir

azərbaycanlı öz  milli  mənsubiyyətinə  görə  qürur  hissi  keçirməlidir.  Biz  azərbaycançılığı,  milli-mənəvi  dəyərləri,

adət-ənənələri yaratmalıyıq.




Ümummilli lider öz nitqində ana dilimizin qorunub inkişaf  etdirilməsi zərurəti üzərində daha geniş dayandı. O

dedi: "Arzu edirik ki, hansı qitədə, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini

də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan

dilini yaşatsın və inkişaf etdirsin. Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa

bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona

görə  də  mən  arzu  edərdim  ki,  hər  bir  ölkədə  Azərbaycaq  icmasında  azərbaycanlılar  həmrəy  olsunlar,  bir-birinin

dərdinə yansınlar və bizim milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər... Azərbaycan

dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar.

Birinci  qurultayda  məhz  ulu  öndərimizin  təşəbbüsü  ilə  Dünya  Azərbaycanlılarının  Əlaqələndirmə  Şurası

(DAƏŞ)  yaradıldı.  Bu gün də fəxr edirəm ki,  ümummilli  liderimiz  həmin  forumda  mənim  namizədliyimi  "mənim

dostum Qulamrza Səbri Təbrizi" kimi, DAƏŞ sədrinin birinci müavini vəzifəsinə təklif etdi. Mənim üçün həyatda

bundan böyük və qiymətli mükafat olmayıb. 

Onu da qeyd edim ki, xaricdə yaşayan soydaşlarımızın fəallığının artmasında, diasporlarımız arasında əlaqələrin

yaradılmasında  və  onların  fəaliyyətinin  bir  məcraya  yönəldilməsində  DAƏŞ-in  çox  mühüm  rolu  olmuşdur.

Dünyanın bir sıra  ölkələrində, o cümlədən İngiltərədə, ABŞ-da, Norveçdə... Azərbaycan dilini öyrənən məktəblər,

dərnəklər, kurslar təşkil etdik və oraya yüzlərlə dərs vəsaiti, bədii və tarixi əsərlər göndərdik. Azərbaycanın mədəni

irsinin qorunması ilə bağlı müxtəlif tədbirlər, konfrans, seminar və simpoziumlar keçirdik.

Digər tərəfdən, Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemi ilə bağlı, habelə xalqımıza qarşı törədilmiş

haqsızlıqlar  -  20  Yanvar  faciəsi,  Xocalı  soyqırımı,  soydaşlarımızın  Qərbi  Azərbaycandan  deportasiyası,  güneyli

bacı və qardaşlarımızın hüquqlarının pozulması və s. barədə əsl həqiqətləri dünyaya çatdırmağa çalışmışıq. Bundan

başqa,  Azərbaycanın geniş  iqtisadi  potensialını, təbiətini,  turizmin  inkişafı üçün  gözəl  imkanlarını təbliğ  etməklə

doğma Vətənimizə həm də xarici sərmayədarları cəlb etməyə səy göstərmişik.

Şəxsən mən, ömrünün 50 ildən çoxunu mühacirətdə keçirmiş və həyatını Azərbaycan diasporunun yaranmasına

və  inkişafına  sərf  etmiş  bir  azərbaycanlı  kimi,  çox  sevinirəm  ki,  ulu  öndərimiz  Heydər  Əliyevin  siyasi  kursu

möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız diasporlarla işin təşkilini,

bu sahədə daha səmərəli yollar axtarılmasını daim diqqət mərkəzində saxlayır.

Dünya  Azərbaycanlılarının  ikinci  qurultayı  məhz  Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  keçirildi.  Həmin

qurultayda çıxış edən cənab İlham Əliyev xaricdə yaşayan soydaşlarımızın fəallığının  artdığını, ayrı-ayrı ölkələrdə

fəaliyyət göstərən diasporların işindəki uğurları qeyd etməklə yanaşı, əsas diqqəti qarşıda duran vəzifələrə yönəltdi.

Qeyd etdi ki, xaricdə yaşayan soydaşlarımız daha da güclənməlidirlər, təşkilatlanma prosesi daha sürətlə getməlidir.

Onlar  yaşadıqları ölkələrin  siyasi  dairələrinə,  siyasi  təsisatlarına  daha  fəal  inteqrasiya  etməlidirlər.  Eyni  zamanda

biznes aləmində yüksək mövqe qazanmaq üçün bütün imkanlardan istifadə etmək lazımdır.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  bu  sahədə  çox  böyük  xidmətlərindən  biri  də  bu

oldu  ki,  2007-ci  ilin  mart  ayında  Bakıda  Dünya  Azərbaycan  və  türk  diaspor  təşkilatları rəhbərlərinin  I  forumunu

təşkil  etdi.  Həmin  forumda  Azərbaycan  Prezidenti  öz  nitqində  bildirdi  ki,  biz  bu  tədbiri  Türkiyə-Azərbaycan

diaspor forumu kimi nəzərdə tutmuşduq. Fəqət bu gün 48 ölkənin nümayəndəsi Azərbaycandadır və geniş mənada,

bu gün beynəlxalq birlik Azərbaycandadır, bizim ətrafımızdadır. Bu, bizi daha da zənginləşdirir.

Prezident İlham Əliyev öz nitqində dedi: "Bugünkü forumun ən böyük önəmi və deyə bilərəm ki, tarixi nailiyyəti

ondadır  ki,  artıq  biz  öz  fəaliyyətimizi  birləşdiririk.  Əminəm  ki,  bu  gündən  sonra  türk  və  Azərbaycan  diaspor

təşkilatları  vahid  orqanizm  kimi  çalışacaqlar.  Bütün  işlərdə  öz  fəaliyyətini  əlaqələndirəcək,  bizimlə,  dövlətlərlə

məsləhətləşmələr aparacaqlar...

Bizi narahat edən problemlər də var. İlk növbədə, bir daha demək istəyirəm ki, bizə - Türkiyəyə, Azərbaycana

qarşı çox mütəşəkkil, böyük maliyyə imkanlarına malik olan dünya erməni diasporu, erməni lobbisi işləyir.

Bəlkə  də  yeganə  ölkələrik  ki,  bizim  əleyhimizə  dünyanın  istənilən  yerində  güclü  təbliğat  maşını,  yenə  də

deyirəm, böhtan, yalan və tarixi təhrif edərək, bizi ləkəmələk istəyən qüvvə işləyir.

Bir  tərəfdən,  bu  problem,  digər  tərəfdən,  Azərbaycanın  işğal  olunmuş  torpaqları,  Türkiyəyə  qarşı  əsassız

ittihamlar,  qondarma  "soyqırımı"nın  tanıdılması  cəhdləri  -  bütün  bunlar  bizim  xalqlarımıza  qarşı  yönəldilən

əməllərdir.  Xocalı  soyqırımını  törədən  vəhşilər  bizi  soyqırımda  ittiham  edirlər  və  bəzi  hallarda  onların  yalan

təbliğatı  uğurlar  gətirir.  Bir  çox  hallarda  xarici  ölkələrin  onlar  tərəfindən  pulla,  rüşvətlə  ələ  alınmış  riyakar

siyasətçiləri  onların  səsinə  səs  verirlər.  Bu,  ədalətsizliyin  zirvəsidir.  Bu,  mənəviyyatsızlığın  zirvəsidir.  Biz  buna

qarşı  mübarizə  aparmalıyıq,  aparmalıyıq  və  aparmalıyıq!  Türk  diplomatlarını  qətlə  yetirən,  onlara  qarşı  terror

aktları törədən  erməni  terorist  təşkilatları nədənsə  qınaq  obyektinə  çevrilmir.  Onların  məkrli  hərəkətləri  nədənsə,

qınaq  obyektinə  çevrilmir.  Avropa  ölkələrində  həbs  olunmuş  erməni  terrorçuları  bir  müddətdən  sonra  azadlığa

buraxılırlar.  Bəs  orada  qətlə  yetirilən  bizim  soydaşlarımız  insan  deyilmi?  Biz  bu  ikili  standartlara  nə  qədər  göz

yummalıyıq?  Biz  bununla  nə  qədər  barışmalıyıq?  Biz  görürük  ki,  bəzi  hallarda  ədalət  prinsipi  tamamilə  aradan

qaldırılır.  Biz  bunun  qarşısına  nəyi  çıxarmalıyıq?  Ancaq  göz  gücümüzü,  başqa  amil  yoxdur!  Biz  güclənməliyik,

hərtərəfli - hərbi, iqtisadi, siyasi cəhətdən, bütün cəhətlərdən və birgə fəaliyyət göstərməliyik!"

Bu  gün  dünyada  fikir  Azərbaycanın  xeyrinə  dəyişir.  Daha  ermənilərin  hay-küyü,  yalanı,  timsahsayağı  göz

yaşları, yaltaqcasına onun-bunun əlini-ayağını yalamaları keçmir. Bizlərdə belələri barədə deyərlər ki, "daha onların

hənasının rəngi gedib". İndi Avropada vay-şivənə, qara-qışqırığa yox , təmkinli, məntiqi çıxışlara, konkret faktlara




söykənən  ağıllı təbliğata  inanırlar.  Ermənilər  yüz  ilə  yaxındır  ki,  dəridən-qabıqdan  çıxırlar  ki,  qondarma  "erməni

soyqırımı"nı dünyaya sırısınlar. Hələ ki, bir şey alınmır, Heç alınmayacaq da. Dünya artıq "başıbəlalı, fağır millət"

qiyafəsinə girmiş ermənilərin canavar xislətinə, yırtıcı təbiətinə bələddir. 

Deməli, Azərbaycan dövlətinin xarici siyasəti, dünya azərbaycanlılarının və diasporlarımızın fəaliyyəti  düzgün

istiqamətdədir. 

Bu  əziz  bayramda  bütün  soydaşlarımızı Dünya  Azərbaycanlılarının Həmrəyliyi  Günü  münasibətilə  təbrik  edir,

onlara  xoşbəxtlik,  firavan  həyat,  ailə  səadəti  arzulayır  və  fikrimi  ümummilli  liderimiz  Heydər  Əliyevin  Dünya

azərbaycanlılarının  I  qurultayındakı  son  sözləri  ilə  bitirmək  istəyirəm:  "Qoy,  çaylarımız  qurumasın!  Qoy



ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!" Amin!

Qulamrza Səbri TƏBRİZİ, 

Dünya Azərbaycanlıları Konqresinin sədri, 

Böyük Britaniyanın Edinburq Universitetinin professoru

 

Yüklə 158,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə