Dissertasiya işlərinə opponentliyə görə
əməyin ödənilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 22
Bakı şəhəri, 2 fevral 2011-ci il
Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə aşağıdakı həcmdə saat normaları müəyyən edilsin:
1.1. elmlər doktoru elmi dərəcəsi üzrə - 40 saat;
1.2. fəlsəfə doktoru elmi dərəcəsi üzrə - 20 saat.
2. Rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 205 nömrəli qərarına uyğun olaraq, ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdirilsin.
3. Müəyyən edilsin ki, dissertasiya işləri üzrə opponentliyə görə saathesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə
Dostları ilə paylaş: |