Hövzə Ayətullah Xameneinin sözlərində


Tədqiqat müdiriyyətinin sözünü qəbul etmək



Yüklə 203,38 Kb.
səhifə5/10
tarix30.10.2018
ölçüsü203,38 Kb.
#76216
1   2   3   4   5   6   7   8   9   10

Tədqiqat müdiriyyətinin sözünü qəbul etmək

Bu müdiriyyət hövzənin bütün işlərində söz deyə bilməli və özünün fikri olmalıdır; o cümlədən tədqiqat məsələsində nəzəri olmalıdır ki, bu iş pərakəndəlikdən xilas olsun. Tədqiqatla məşğul olanlar, böyük alimlər, dəyərli şəxsiyyətlər, təqlid müctəhidləri və digərləri harada olsalar, bunu qəbul etsinlər. Yəni müdiriyyətin bu səlahiyyətini - tədqiqat mərkəzlərini lazımi mövzulara yönəldib boşluqları doldurmasını hamı qəbul etsin. Bu, vacib işdir.122


Yerində saymaqdan qurtuluş

Bildiyiniz kimi, tədqiqat, yenilik və dərinlik olmadan insan heç bir sahədə uca məqsədlərə çata bilməz. Əgər bu yenilik – yəni dərin tədqiqat və araşdırma olmasa, nəticədə yerimizdə sayacaq və dünyadan geri qalacağıq.123


Tədqiqatlara dini hidayətin hakim olması

Bir məsələni xatırladım: Xahiş edirəm xüsusən düşüncə məsələlərində tədqiqat aparan qardaşlar dini hidayət xəttinin itməsinə qoymasınlar. Biz dini kitab yazan elə şəxslər gördük ki, məqsədləri xalqı azdırmaq deyildisə də, nəticə elə oldu. Din adı, din məqsədi ilə və din üçün görülən bəzi işlər sonda xalqı dindən uzaqlaşdırır. Çalışın tədqiqat sahələrinin heç birində belə ziyan və faciə yaranmasın. Çünki o zaman bunun bəlası qurtarmaq bilməyəcək.124


Tədqiqata diqqətin Qum hövzəsinin yaxşı addımı olması

Qumda görülən yaxşı işlərdən biri müxtəlif tədqiqat işlərinə diqqətdir. Keçmişdə belə deyildi; tələbələr uzaqbaşı öz dərslərini dərindən oxuyur, araşdırır və mütaliə edirdilər. Yəni nadir hallar istisna olmaqla, müxtəlif elmi üfüqlərə açıq baxış mövcud deyildi. Peyğəmbərin (s) məktubları kitabını yazan mərhum Əhmədi Miyanəcinin işi hövzədə bir fenomen sayılırdı. Bu məsələ bir hövzə tələbəsini maraqlandırır, Peyğəmbərin (s) məktublarını araşdırır, yüz dəfə özünü danlayır – adətən insan özünü danlayır və deyir ki, bunun fiqhə, üsula və dərsə aidiyyəti yoxdur - və bu işi sona çatdırır. Bu, nadir bir məsələ idi. Əlbəttə, rical istisnadır və bəzi şəxslər, məsələn, Hacıağa Musa və digərləri onu araşdırırdılar. Çünki rical hər halda, fiqhi araşdırmanın şərtlərindəndir. Lakin hövzə işinin kənarında olan digər tədqiqatlar əsla adət olmamışdı. Mərhum Bürucerdi müxtəlif sahələrə dair aydın baxışa malik olsa da, bu iş praktik olaraq hövzədə görülməmişdi və bizim dövrümüzdə belə bir şey yox idi.

Bu gün isə belə deyil; Allaha şükür, hövzədə olduqca çoxlu tədqiqat mərkəzləri fəaliyyət göstərir. Mən Quma son səfərimdə tədqiqat mərkəzlərinin sərgisinə baxdım. Onların işləri haqda bir siyahı düzəltmişdilər. Sərgidən qabaqkı gecə yorğun olsam da, oturub onların hamısını əvvəldən axıra qədər oxudum. Düzdür, o işlərin bəzilərinin mövzusu çox da dəyərli deyildi, bəzisi də təkrar idi. Amma onların arasında çox yaxşı işlər də vardı. Bu, Qumun yeni baxış tərzini göstərir. Bu, çox gözəldir. Sizin işiniz də bu məqsədlə görülən yaxşı işlərdəndir. Bunu davam etdirin.125
Tədqiqat kompleks olmalıdır!

Gərək tədqiqat qrupları məsələnin kökünə qədər gedib araşdırsınlar. Fərziyyənin doğru və ya yanlışlığına dair elmi faktların hamısını qeyd edib yekun nəticə çıxarsınlar.126


Alimanə tədqiqin əhəmiyyəti

Mən iki məqamı xüsusilə vurğulamaq istəyirəm: tədqiqat və incəsənəti. Tədqiqat işi çox mühümdür. Alimanə araşdırma ilə görülən iş hətta avam camaat üçün də dəyərli və gözəl olur. Sözsüz ki, alimanə iş böyük sözlər danışmaq deyil, elmi əsaslı və düzgün iş görməkdir; hamının başa düşdüyü və avam dillə deyilsə də. Eşitdiyiniz kimi, bəzi inkişaf etmiş ölkələrdə elmi araşdırmaların bütün sahələrinə böyük büdcələr ayrılır. Milli medianın işlədiyi mədəni məfhumlarda və müxtəlif məsələlərdə araşdırma aparmaq çox mühüm işlərdəndir.127


Düşüncə istehsalı baxımından geriliyin qarşısını almaq

Başa düşməliyik ki, biz geridəyik. Düşüncə bazarında - istər əqli, istər ictimai elmlərdə, istər hüquq və fiqhdə, istər tarixi və digər sahələrdə düzgün və ya səhv olmasından asılı olmayaraq, hər gün yeni söz ortaya qoyulur. Bizim işləyib çalışmadığımıza və görməli olduğumuz işi görmədiyimizə görə dünyanın fikir mərkəzləri də dayanıb gözləmirlər, daim istehsal edirlər. Düzgün və haqq, eləcə də səhv və batil məhsullar istehsal olunur. Gözləmək olmaz ki, dünyanın düşüncə məhsulları tərcümə olunsun, onlara əl gəzdirilsin, bir müddət ötəndən sonra buraya çatsın, universitetdə, yaxud elm hövzəsində bizim gəncimizi cəlb etsin və biz ondan sonra ziyanı və təhlükəni uzaqlaşdırmaq barədə fikirləşək. Xeyr, bu fikirləri qarşılamaq və uyğun düşüncə mərkəzləri ilə üz-üzə gəlmək olar.128


Çoxluq yerinə dərinlik

Hər bir qurumun məhsulları bir meyardır. Sizin məhsullarınız yaxşı və məqbuldur. Qeyd etdiniz ki, üç yüzdən artıq əsər çap olunmuşdur. Bu, dəyərli işdir, amma demək istəyirəm ki, məsələləri dərindən incələmək onların azalmasına səbəb olsa da, eybi yoxdur. Yəni meyar məhsulların həcmi yox, keyfiyyəti olmalıdır. Əlbəttə, bəllidir ki, işin özü istifadə üçündür. Çünki fayda götürülməyən elmin elə də dəyəri yoxdur. Gərək istifadə olunsun və təbii ki, cəmiyyətin, bizim gənclərimizin və inkişaf etməkdə olan nəslimizin arasında yayılsın. Lakin birinciliyi bu məsələyə vermək olmaz. Birinciliyi işin düzgünlüyünə, rəftarda insafa və işdə dərinliyə vermək lazımdır.129


Düzgün üslubla dində yenilik imkanı

Bəzi adamlar elə bilirlər ki, dində yenilik imkansızdır. Bizim islami və dini mənbələrimizin xəzinəsi tükənməzdir. Biz öz imkanlarımız qədərincə bu çağlar bulaqdan yanlız bir neçə vedrə su götürmüşük; çalışırıq müxtəlif sahələrdə yeni düşüncə və sözlər istehsal edək. Quran tükənməz bir okeandır. Onda çoxlu həqiqətlər var. Bəlkə də biz dünyanın əksər həqiqətlərini Qurandan öyrənə bilərik, hələ öyrənməmişik. Düşünmək, araşdırmaq, yenilik etmək və müsəlman mütəfəkkirlərin qarşısına yeni söz qoymaq bizim işlərmizdən biridir.

Təbii ki, bütün işlər kimi bu iş də öz üsulu və yolu ilə görülməlidir. Bunun bir metodu var və o metoddan xaric bir iş görmək olmaz. İşdə mütəxəssis olmayan bir şəxsə heç zaman demək olmaz ki, bu fəndə yenilik et. Bu, kitab və sünnə ilə tanış olan mütəxəssislərin işidir.

Bizim bütün sahələrdə, hətta fiqhdə də yeni və aydın düşüncələri olan imam kimi bir şəxsimiz var. Siz görürsünüz ki, müsəlman İranın təqdim etdiyi İslam xalqlara şəkər kimi şirin gəlir və hər yerə yayılır.130


İslam yeniliyində yanlış üsul

(Quruluşun) ən əsaslı xətlərindən biri onun islamçılığı, biri xalqınkı olması, biri də yeniliyi və yaradıcılığıdır.

İslamçı olmağın müxtəlif xüsusiyyətləri vardır... Onun mühüm bir cəhəti budur ki, İslam ictihadı bütün ehtiyaclara cavab verə, fəqih, mütəkəllim və filosofların elmi dəstəyi yollar aça bilər.

Biz İslam həqiqətlərini bəyan edərkən İslam yeniliklərini digərlərinin səhv əsasları ilə uyğunlaşdırmaqla bu gözəlliyi məhv edib korlamamalıyıq. Biz digərlərindən öyrənməkdən utanmırıq; bilmədiyimizi öyrənirik, digərlərinin söylədiyi yaxşı sözü də qəbul edirik. Bu, İslamın əmridir. Lakin İslamın sözünü bəyan edərkən əsl İslam sözünü deməliyik.131


Fəqihlərin vasitəsi ilə fiqhi iş

Biz müşahidə edirik ki, ölkəmizdə bəzi qadın və kişilər qadına aid beynəlxalq konvensiyalarla uyğunlaşmaq üçün İslam hökmləri ilə oynamağa, onları azaldıb-çoxaltmağa çalışırlar. Bu səhvdir. Mən demək istəmirəm ki, qadınlara aid fiqh hökmlərimizdə deyilən məsələlərin hamısı mütləq son sözdür. Xeyr, mahir və peşəkar bir fəqihin vasitəsi ilə aparılan bir tədqiqatla bu gün qadın barədə mövcud olan hansısa fiqh hökmünün dəyişməsi mümkündür. Bunun eybi yoxdur. Bu mümkündür və baş vermişdir.

Buna əsasən, fiqh məsələlərində belə bir şey mümkündür. Lakin görülməli iş fiqh əsaslarına yiyələnmiş mahir bir fəqih tərəfindən görülməlidir; özü də fiqh metodikasına əsasən və fəqahət üslubu ilə. Kimsə qərblilərlə, hansısa beynəlxalq konvensiya ilə - onları hazırlayanlar düşüncə təməlləri baxımından İslam əsasları ilə yaşayan və İslama etiqadlı bir xalqdan fərqlidirlər - uyğunlaşmaq üçün İslam hökmlərinin bir tərəfini yonub kəsməməlidir. Bu tamamilə yanlışdır, əsla başadüşülən deyil.132
Tədqiqi fiqh hökmlərinin doğruluğu

Əziz bacılar! Qadın məsələləri sahəsində fəaliyyət göstərən, düşünən və çatışmazlıqları görənlər çıxış yolunu İslamın hökmlərini dəyişdirməkdə görməsinlər. Xeyr, İslamın hökmləri tədqiqatla əldə olunduğu və İslamın əsaslarına uyğun olduğu təqdirdə tamamilə düzgün və məsləhətə uyğundur. Hansısa beynəlxalq təşkilatda, beynəlxalq iclasda hansısa qərarın çıxarıldığına və məsələn, hansısa beynəlxalq konvensiyanın qəbul olduğuna görə biz gəlib qorxu ilə qarışmış dar baxışla öz təfəkkürlərimizi və fiqhimizi dəyişdirməliyik?! Bu, mənim fikrimcə, düzgün deyil.133


Qədir-Xum məsələsində tədqiqatın zəruriliyi

Əziz qardaş və bacılar! Qədir-Xum məsələsi bir neçə cəhətdən diqqətəlayiqdir.

Məsələnin bir cəhəti İslamın və İslam hərəkətinin istiqaməti məsələsidir. Bu bizim etiqadlarımızdan olan vilayət cəhətidir. İmamət məsələsinə və Peyğəmbər (s) - yəni əslində Allah-Taala tərəfindən imamın təyin olunmasına etiqad məsələnin bir cəhətidir. Əgər müsəlmanlar bu hadisəyə tədqiqi gözlə baxsalar, təsdiq edərlər ki, Peyğəmbərin (s) son həccindən qayıdarkən səhranın ortasındakı bu böyük hərəkətinin, bəlli müqəddimə və sonluqla Əmirəlmömininin (ə) adını çəkməsinin, "Mən kimin mövlasıyamsa, Əli onun mövlasıdır" - deyə təqdim etməsinin əziz Peyğəmbərin (s) vəfatından sonra İslamda hökumət və vilayət xəttinin təyinindən başqa heç bir mənası yoxdur. Mənası yalnız budur.

İslam dünyasının tədqiqatçıları tarix boyu bu hadisədən və Peyğəmbərin (s) bu sözündən bu mənanı anlamışlar. Bəlli olur ki, İslama görə hökumət məsələsi yalnız kimlərinsə İslam cəmiyyətinin başında durması, dövlətin idarəsi və xalqın həyatının nizam-intizama salınması deyil. İslama görə məsələ yalnız bundan ibarət deyil. İslamda hakimiyyətin imamət mənası vardır.134


Kuleyni dövründə Şiənin elmi hərəkəti

Kuleyni dövrü də həssas və çətin dövrdür. O, hicri tarixi ilə təxminən 260-cı ildə dünyaya gəlmişdir. Bu, İmam Həsən Əsgərinin (ə) vəfat etdiyi və kiçik qeybətin başlandığı ildir. Onun hicrətin 329-cu ilində vəfat etdiyini nəzərə alsaq, deməli, həyatı Şiə tarixinin ən mürəkkəb və ən həssas dönəmlərindən olan kiçik qeyb dövrünü tam əhatə edir. Şeyx Kuleyni ömrünün təxminən son iyirmi ilini İmam Mehdinin (ə) dörd naibinin yaşadığı Bağdadda keçirmişdir. Kuleyninin həyatında olan bu xüsusiyyətlər Şiənin elmi hərəkəti barədə araşdırma aparanlar üçün diqqətəlayiqdir.135


Kafi kitabının elmi qaynaq olması

Kafi kitabı 1100 illik bir dövrdə - mərhum Kuleyninin hicrətin 329-cu ilindəki vəfatından dövrümüzə qədər ötən min ildən artıq müddətdə elmi qaynaq olmuş, şiə cəmiyyətləri arasında əl-əl gəzmiş və heç zaman heç bir şiə fəqihi, mütəkəllimi, yaxud təfsirçisi ona ehtiyacsız olmamışdır.136



Altıncı fəsil: Zamanı tanımaq və ehtiyacı anlamaq

Hövzənin informasiya arxivi haradadır?

Bizə vurulan ittihamlara, verilən söyüşlərə, əleyhimizə yazılan kitablara uyğun olaraq ehtiyacları bilməliyik. Hövzənin informasiya mərkəzi və arxivi haradadır ki, bunlara baxsın, o mövzular barədə tədqiqat aparıb yazsın. Hövzənin görməli olduğu işlərdən biri budur. Yəni bir mərkəzi olsun və dünyada inqilab haqda yazılan bütün kitabları toplasın; həm birbaşa inqilab barədə olanları, həm inqilabla əlaqədar olaraq Şiəliyi və ya İslamı təhqir edənləri, həm də bizi tərifləyən və bəzən özümüzün diqqət yetirmədiyimiz üstün cəhətlərimizi xatırladan kitabları.

Bu mərkəzdə çalışan hövzə tədqiqatçıları bu kitabların ölkə daxilindəki oxşarlarını da toplamalı və araşdırmalıdırlar. Tədqiqatçı deyəndə tez əldən düşmüş qoca kişilər yada düşməsin. Sizin özünüz kimi gənc tədqiqatçılar oturub bunları qisimlərə bölsünlər, inqilab təfəkkürünü, zehniyyətini, avropalıların ifadəsi ilə desək, inqilab ideologiyasını - təəssüf ki, hələ bu sözün farsca ekvivalentini tapmamışıq – yazsınlar, onu bir cild kitabla və bir sözlə yox, geniş şəkildə bayıra ötürsünlər. Əgər bizdən "inqilabınız nədir?" deyə soruşsalar, deyək ki, budur. Bu işi siz görməsəniz, əksərən səlahiyyəti çatmayan digər şəxslər görəcəklər.137
Hövzənin beyin məsələlərində məhdud olması və dünya hadisələrindən xəbərsizliyi

Qərb dünyasında elmi tədqiqatın zirvəsi sayılan on doqquzuncu əsr dindən ayrılmaq və dinin həyatdan çıxarılması əsridir. Bu təfəkkür ölkəmizdə də təsir buraxdı və bizim universitetimizin bünövrəsi qeyri-dini təməllər əsasında quruldu. Din alimləri universitetdən üz çevirdilər, universitet də din alimlərindən və elm hövzələrindən. Bu kədərli məsələ həm elm hövzələrinə, həm də universitetlərə pis təsir buraxdı.

Elm hövzələrinə pis təsir buraxdı; çünki din alimlərinin fəaliyyətini yalnız və yalnız dinin zehni məsələlərində məhdudlaşdırdı və onları xarici dünyadan xəbərsiz etdi. Elmi inkişaflar onlar üçün məchul qaldı. Yeniliyə təmayül ruhu, İslam fiqhində və dini hökmlərin araşdırılmasında yeniliyin zərurəti hövzələrdə aradan qaldırıldı, yaddan çıxdı. Dinin və İslam fiqhinin tədqiqində bu dəyişkənlik həmişə mövcud olmuşdu. Çünki fiqh cəmiyyətin ehtiyacını təmin etmək üçün Quran və sünnəyə əsaslanır. Hövzələr həyat reallığından, dünyada baş verən hadisələrdən və həyata keçən nəhəng dəyişikliklərdən xəbərsiz qaldı və bir sıra fiqhi, əksər hallarda cüzi məsələlərlə məhdudlaşdı. Fiqhin əsas məsələləri, o cümlədən cihad, hakimiyyət, İslam cəmiyyətlərinin iqtisadiyyatı, xülasə, dövlət fiqhi təcrid oldu, yaddan çıxdı, tərk edildi. Cüzi, çox cüzi və əksər hallarda həyatın mühüm məsələlərindən uzaq məqamlara daha artıq diqqət yetirildi. Bu, elm hövzələrinə vurulan zərbə idi. Siyasi qüvvələr də bundan istifadə etdi və təbliğatla, şeytan üsulları ilə hövzələri bacardıqları qədər həyat yeniliklərindən uzaq saxladılar.138
Alimin səmərəlilik şərtlərindən biri

Bu gün siz çox təqvalı alim olsanız, lakin zamanınızı tanımasanız, təhlükə və səhvə qabiliyyətli və az faydalı olacaqsınız. Bunun hekayəsi çox uzundur: "Zamanını tanıyan alimə şübhələr hücum etməz".139 Biz elə alimlər gördük ki, İslam və müsəlmanlar üçün faydalı ola bildikləri dövrdə fayda yetirmədilər, bəzən hətta zərər və zərbə də vurdular. Deməli, belə oldu: elm, təqva, siyasi və ictimai ayıqlıq. Bu ayıqlıq sizin ixtiyarınızda olan bir silahdır. Bu üç xüsusiyyətlə ön xəttin əsgərləri olmalısınız.140


Dünyada yeni yaranmış düşüncələr qarşısında hazırlıq

Hövzə dünyanın elmi hadisələrinin içində olmalıdır. Bu gün siz bilməlisiniz ki, misal üçün, sosiologiyada dünyada hansı nəzəriyyə və fikirlər var, hansı düşüncələr irəli sürülür. Bəzən bu fikirlərdə yaxşı məqamlar olur, onları götürün; xoşagəlməz nöqtələr də var, onlar buraya gəlməzdən öncə münasib müdafiəni hazırlayın və cəmiyyətin beynini vaksinləyin. Belə olmasın ki, gələndə, bir qrup gedib oxuyanda və tərəfdarı olanda biz deyək ki, bəli, filankəs filan məsələ barədə belə deyib və bu söz filan-filan dəlillərə görə düzgün deyil. Bu, mübarizə yolu deyil. Deməli, tədqiqat, araşdırma, dünya həqiqətlərindən, bilgilərindən, dünyanın elmi vəziyyətindən xəbərdar olmaq elm hövzəsinə lazım olan işlərdəndir.141


Hövzənin dünyanın elmi hadisələrində iştirakı

Elm hövzəsi dünyanın elmi iş və hadisələrindən kənarda qalmamalıdır. Elmi hadisələrin içində olmaq lazımdır. Əlbəttə, bu o demək deyil ki, sabah Qumdakı tələbələrin hər biri desin: çox gözəl, biz dünyanın elmi hadisələrinin içində olmaq istəyirik, deməli, dərslərimizi kənara qoyaq, əvvəlcə bir qədər xarici dil öyrənək və sonra gələk. Xeyr, ümumilikdə hövzə belə olmalıdır, tələbələrin hər biri yox. Hövzə dünyanın elm və düşüncə kanallarından ayrı düşmüş bir hovuz olmamalıdır; bəzi axınların qoşulduğu və bəzi axınların xaric olduğu böyük bir dəniz olmalıdır; bəzi düşüncələr ona daxil olmalı və bəzi düşüncələr ondan xaric olmalıdır. Siz dünyanı doyurmalısınız. Hövzə kənarda qala bilməz. Bunlar Qum Elm Hövzəsi ilə bağlı bizi düşündürən məsələlərdir.142


Elmi inkişaflardan, xüsusən də humanitar elmlərdən xəbərdar olmaq

Qum və digər hövzələr dünya hadisələrindən kənarda qalmamalıdırlar. Hövzəyə rəhbərlik edən şəxslər bir şey düşünüb elə etsinlər ki, tələbələr dünya məsələlərindən xəbərdar olsunlar. Bunlar dünya inkişaflarından, dünya hadisələrindən, müxtəlif sahələrdə - istər təbii elmlərdə, istər xüsusən də humanitar elmlərdə yeni kəşflərdən və elmi mövzulardan uzaq qalmamalıdırlar. Nə üçün? Ona görə ki, fətva vermək üçün mühüm bir şərt mövzunu tanımaqdır. Əgər fəqih mövzunu tanımasa, şəriət dəlillərindən ilahi hökmü layiqincə əldə edə bilməz.143


Şiə fiqhini tanıtdırmaq

Şiə fiqhi tanınmır və çox zaman qeyri-müsəlmanların İslam fiqhi barədə araşdırmalarında yer almır. Qeyri-şiələr tərəfindən yazılan elmi fiqh kitablarında Şiə görüşləri çox zaman diqqətdən kənarda qalır. Dünya və hətta İslam ensiklopediyalarında bu fikirlər çox zaman məzhəblərin fiqh görüşləri arasında itib-batır. Bu fiqh çox geniş, dərin və mütərəqqidir. Bəlkə demək olar ki, İslam məzhəblərinin heç biri təklikdə bu üç xüsuyyətli fiqhə malik deyil. Bu fiqhi tanıtdırmaq, dünya toplumlarına, digər İslam məzhəblərinin fiqh kitablarına və dünyanın hüquq araşdırmalarına daxil etmək elmə və alimlərə xidmətdir. Bu iş düzgün və məntiqli şəkildə görülməlidir.144


Hövzə dərslərini ehtiyacları aradan qaldırmağa yönəltmək

Elm hövzəsinin əsasən insan kapitalından ibarət imkanlarının bir zərrəsi də hədər getməməli, dərsin bir saatı da faydasız, əbəs və bəlli ehtiyaclara diqqətsiz keçməməlidir. Hövzədə dərs oxuyan tələbə ehtiyaclardan birini aradan qaldırmaq istiqamətində hərəkət etməlidir; yəni ya ölkənin daxili, ya xarici üçün, ya kitab yazmaq, ya tədqiqat aparmaq, ya da tədris etmək üçün özünü hazırlamalıdır.145


Dinə qarşı yeni şübhələrlə tanışlıq

Bugünkü dünya dünənki dünyadan fərqlidir. Bugünkü dünya qəribə bəşəri bilgilərin mövcud olduğu dünyadır. Bu dövrdə də çoxlarının məsələn, əlli il öncəki kimi az savadlı olması mümkündür, lakin sizin dinləyiciləriniz yalnız bunlar deyillər, həm də alim və mütəfəkkirlərdir. Siz dinin sözünü məntiqi əsasla, güclü və ən yaxşı formada tənzim və təqdim etməlisiniz. Bunun üçün dünyanı yaxşı tanımanız, onun inkişaflarından xəbərdar olmanız, bizə və dinimizə qarşı irəli sürülən şübhə və iradları bilməniz gərəkir. Çünki bu gün dinlə mübarizə üçün daha İbn Kəmmunənin şübhələrini, yaxud yox olanın yenidən yaranması şübhəsini irəli sürmürlər. Bu gün digər şübhələr var. Ruhanilər onları öyrənməli və bilməlidirlər.146


Siyasi və mədəni cərəyanları tanımaq

Ayıqlıq başqa bir məsələdir. Ayıqlıq dedikdə məqsədim siyasi məsələlərdə ayıqlıqdır. Ayıqlıq - həyat cərəyanlarını tanımaqdır. Ayıqlığın elmlə yanaşı olması zəruri deyil. Elə alimlər var ki, ayıq deyillər, başqa sözlə desək, dünya məsələlərindən, həyatın axarından, siyasi və mədəni hadisələrdən bir şey anlamırlar; əksinə, alim olmayan elə insanlar var ki, bu məsələləri dərk edirlər. İnqilab dövründə ayıq insanların bir təbəqəsi ölkənin hadisələrini, hakim rejimi, mübarizəni və düşməni tanıyırdılar, amma heç bir elmi ixtisasları yox idi. Adi xalqın çoxu ayıq idi. Onların müqabilində yüksək elmlərə yiyələnmiş bəzi müəllimlər, alimlər, hətta din alimləri də var idi ki, həyatın axarını, mübarizəni, siyasəti, hegemonizmi və o dövrün mənfur rejimini tanımırdılar. Buna əsasən, elm və ayıqlıq məsələləri bir-birindən ayrı məsələlərdir.147


Keçmiş Şiə alimlərinin zamandan geri qalmaması

Siz görün o zaman bizim alimlərimizin elmdə, fiqhdə və kəlamda öz dövrlərinin xalqı üçün nə qədər əsərləri vardı. Keçmişdə yaşamış azsaylı alimlər böyük işlər görmüşlər. Əgər ozamankı Bağdada nisbətən İslam dünyasının uzaq bölgələri olan Nişapurda, Bəlxdə, Həratda, yaxud Tusda yaşayan bir neçə nəfər şiənin fiqhə, yaxud kəlama aid sualları olurdusa, Şeyx Müfid Bağdaddan onlara yol göstərirdi. Yəni Şeyx Müfid öz zamanından geri deyildi.

Yaxud Şeyx Tusinin dövründə Əhli-beyt məktəbinin düşməni "sizin kitabınız yoxdur" – deyən kimi Şeyx Tusi özü təklikdə işə başladı, ən böyük rical kitabını xülasə etdi, özü də ayrı bir rical kitabı və bir də biblioqrafiya yazdı. Yəni gecikmədən Kəşşinin rical kitabını xülasə etdi, özünün ər-Rical və əl-Fihrist kitablarını yazdı.

Hələ “fiqhiniz yoxdur” deyən şəxsin iradı evindən bayıra çıxmamışdı ki, birdən o zamanın səviyyəsinə görə sanballı və güclü tədqiqat əsəri olan Məbsut təqdim olundu. Əgər Məhəmməd ibn Zəkəriyya Razinin dilindən üş-dörd ateist sözü çıxırdısa, Seyid Mürtəza Razi cəld onun əleyhinə kitab yazırdı və sözünün cavabsız qalmasına imkan vermirdi. Əgər Əhli-beytin inadkar düşməni olan hansısa yazıçı bir kitab yazıb Şiə həqiqətlərini və əməllərini ələ salırdısa, Əbdülcəlil Razi Qəzvini dərhal ən-Nəqz kitabını yazıb qarşısına qoyurdu. Buna əsasən, fiqh və kəlam sahələrində şiəyə kim bir söz desəydi, qüdrətlə və elmi dillə ona cavab verirdilər, rəqibin və düşmənin sözü təsirsiz qalırdı.

Son dövrlərə qədər vəziyyət belə olmuşdur. Hindistanda bir nəfər peyda olub Şiə əleyhinə, şiələri məzəmmət etmək üçün və guya Əhli-beytin mədhində “Töhfə İsna əşəriyyə” kitabını yazdı. Seyid Hamid Hüseyn ona cavab olaraq dəyərli Əbəqat kitabını yazdı. Səhv etməsəm, “Töhfə İsna əşəriyyə” kitabına cavab üçün təxminən on kitab yazılmışdır.

Mən hindistanlı şiə alimlərinin kitablarına aid bir mündəricata baxırdım. Onların arasında birinci dərəcəli alimlər də vardı. Fikrimcə, bu kitabın əleyhinə on və bəlkə də daha artıq kitab yazılmışdır. Elm hövzələri öz dövrlərindən geri qalmırdılar. Bir nəfər peyda olub əlyazma formasında olan bir kitabında bir söz yazırdı, digəri onun bir nüsxəsini yayırdı, başqa birisi oxuyurdu. Bu müddətdə dörd-beş nəfər ondan xəbərdar olurdu. Şiə alimi tez həmin işə eyni yolla cavab verirdi. Bəzən daha sərt və daha sürətli olurdu, ondan daha yaxşı çalışırdı və geri qalmırdı.

Şəhid Əvvəlin (Birinci şəhidin) dövrünə qədər əllamənin və Fəxrülmühəqqiqinin kitabları kimi fiqh kitablarımız adətən özündə Əhli-sünnənin görüşlərini də ehtiva edirdi. Amma o dövrdən sonra Şiə alimləri adətən Əhli-sünnənin görüşlərini yazmırdılar. Siz görürsünüz ki, həmin kitablarda Əhli-sünnə fəqihlərinin nəzərləri müxtəlif dəlillərlə cavablandırılmışdır. Təkcə Xilaf kitabına baxmayın, Şeyx Tusi orada təkcə icma dəlilinə söykənmişdir. Əllamənin və digərlərinin, eləcə də Şeyxin özünün kitablarının adətən möhkəm və geniş dəlilləri var.148
Elm hövzəsinin zamandan geri qalması

Bu gün isə belə deyil. Bu gün elm hövzəsi öz dövründən çox geridədir, bir addım, iki addım söhbəti deyil. Sanki ata minmiş iki nəfər bir yerdə birgə gedirlər. Birinin atı digərinkindən daha iti qaçır. Atı zəif qaçan sonradan avtomobil tapır. Təbiidir ki, atı iti qaçan onun tozuna da çatmaz. Bu gün vəziyyət belədir. Hal-hazırda fiqh, fəlsəfə, kəlam və hüquq dalğaları dünyanı bürümüşdür. Bizsə özümüzə baxdıqda görürük ki, zamanla məsafəmiz çoxdur. Hətta əxlaqda da belədir.149


Prinsiplər üzərində təkid və ehkamçılıqdan çəkinmək

Ehkamçılığı prinsip və dəyərləri qorumaqla səhv salmayın. Hövzə prinsipləri qorunmalıdır. Bu, ehkamçılıqdan fərqli bir şeydir. Ehkamçılığın mənası odur ki, biz elmi hərəkətimiz üçün zəruri və vacib ehtiyaclarımızı görməzdən gələk. Ehkamçılığın mənası budur. Əgər sizin elmi inkişafınız üçün nəsə lazımdırsa, onu təmin etməlisiniz. Əgər qısa, təhlükəsiz, yaxud daha səmərəli bir yol varsa, o yolu tapmalı, sonra da onun nəqliyyat vasitələrini əldə etməlisiniz. Bunun oyan-buyanı yoxdur. Əgər iki ayağınızı bir başmağa dirəyib "xeyr, mən həmişə bu tərəfdən getmişəm, ində də bu tərəfdən gedəcəyəm" - desəniz, təbii ki, iş korlanacaq. Hövzələrdə doqmatizm olmamalıdır. Hövzələrin ən yeni düşüncəli alimləri tələbələr üçün ən səmərəli şəxslər olmuşlar.150


Hövzələrin İslam düşüncələri və elmlərində sıçrayışının zəruriliyi

Biz bu gün elm hövzələrinə bağlı şəxslər kimi bu qlobal fenomenə diqqət yetirib İslam mövzularında öz elmi rəftarımız barədə yeni bir düşüncəni, hərəkəti və sıçrayışı planlamalı, onun bünövrəsini qoymalıyıq. Əsasında bu siyasi hərəkətin vücuda gəldiyi bir elmin - yəni İslam bilgilərinin, İslam kəlamının və İslam fiqhinin bu gün dünyanın elmi və siyasi mərkəzlərində bu qədər diqqət mərkəzində olduğunu müşahidə ediriksə, biz daha çox düşünməli, daha diqqətli olmalı, dini fikir sahibləri və din alimləri kimi öz işimizin əhəmiyyətini yenidən dəyərləndirməliyik.151


Yüklə 203,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə