Хроника событий



Yüklə 94,38 Kb.
tarix26.09.2017
ölçüsü94,38 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

FƏLSƏFƏ KAFEDRASI

Doktoranturaya qəbul üzrə

Fəlsəfə kursunun
P R O Q R A M I

Bakı – 2011

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

FƏLSƏFƏ KAFEDRASI

Fəlsəfə kursunun

P R O Q R A M I
(Doktoranturaya qəbul üçün)

Bakı – 2011




Tərtibçilər: dos. H.Q.Məmmədov

© “Turan Evi” nəşriyyatı, 2012

Fəlsəfə – xüsusi şüur forması, insanların dünyagörü­şünün əsasıdır. Fəlsəfə varlığın və idrakın ümumi prinsiplərini, insanın dünyaya münasibətini öyrənir. Təqdim olunan bu proqram «Fəlsəfə» kursunun doktoranturaya qəbul üçün əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında bütün ixtisaslar üzrə doktoranturaya qəbul qayda­larında «Fəlsəfə»dən imtahan verilməsi nəzərdə tutulmuşdur. Sözsüz ki, başqa fənlərdə olduğu kimi, «Fəlsəfə»dən verilən imtahan müəyyən proqram əsasında aparılmalıdır. İmtahan sual­ları da həmin proqrama müvafiq olaraq tərtib olunmalıdır. Bunu nəzərə alaraq, BDU-nun «Fəlsəfə» kafedrası müvafiq proqramı təqdim edir.

Bu proqram sözsüz ki, magistratura pilləsinin səviy­yəsinə uyğun tərtib edilmişdir. Proqram tərtib olunarkən, dok­torantura pilləsinə verilən tələblər nəzərə alınmış və üstünlük daha çox elmin fəlsəfəsinə verilmişdir.

Proqramda fəlsəfənin əsas tərkib hissələri – fəlsəfə ta­ri­xi, ontologiya və idrak nəzəriyyəsi, epsitemologiya, sosial fəl­səfə əhatə olunur. Bu proqramı bakalavr səviyyəsindən fərq­ləndirən əsas cəhət onun magistratura səviyyəsinin qarşısında qoyulan tələblərə müvafiq olmasıdır.

Bu proqramın əsas məqsədi doktoranturaya iddiaçının ümumi dünyagörüşünü, nəzəri-metodoloji hazırlığını, seçdiyi elm sahəsində fəlsəfi düşüncələrini aşkar etməkdən ibarətdir.

Mövzu 1: Fəlsəfə insan və insanın dünyada yeri haqqında baxışlar sistemidir

Fəlsəfənin predmeti. «Dünya-insan» münasibətləri fəl­səfənin əsas predmetidir. Fəlsəfə ilə konkret elmlərin nisbəti. Fəlsəfə elmlər elmidir. Fəlsəfi dünyagörüşü. Fəlsəfənin gene­zisi. İlkin dünyagörüşü formaları: mifologiya və din. Dünya­gö­rüşünün əsas səviyyələri. Din və fəlsəfə: oxşar və fərqli cə­hətlər.

Fəlsəfi biliyin strukturu: ontologiya, qnoseologiya, fəl­səfi antropologiya və sosial fəlsəfə.

Fəlsəfənin əsas funksiyaları; dünyagörüşü, qnoseoloji, metodoloji, kulturoloji, aksioloji.

Fəlsəfənin əsas substansiya məsələsi: materializm və idealizm. Fəlsəfədə metod məsələsi: dialektika və metafizika, sinergetik metod.
Mövzu 2: Fəlsəfənin inkişafının əsas tarixi pillələri

Qədim Şərqdə ilkin fəlsəfi təsəvvürlərin meydana gəl­məsi. Qədim Hind fəlsəfəsinin əsas cərəyanları. Vedalar, Upa­nisadlar, Sanxya, Yoqa. Caruocklar fəlsəfəsi. Buddizm. Hind fəlsəfəsində varlıq, insan və idrak məsələləri. Caynizm mək­təbi. Lokayata təlimi.

Qədim Çində fəlsəfi fikir. Konfusiçilikdə fəlsəfi-etik təlimlər. Daosizm fəlsəfəsində dialektika rüşeymləri. Moizmin varlıq və idrak nəzəriyyəsi. Zərdüştçilik dini. «Avesta»nın dini – idealist fəlsəfəsi.

Antik fəlsəfə. Kosmosentrizm. Pifaqor. Antik dialek­tika. Parmenid və Zenon. Atomist təlim. Demokrit.

Yunan fəlsəfəsinin klassik dövrü. Sokrat, Platon, Aris­totel fəlsəfəsi. Aristotelin fəlsəfəsində dualizm – forma ilə məz­munun nisbəti. Plato­nun ideyalar təlimi. Ellinizm fəlsəfəsi. Epi­kur.

Orta əsrlər fəlsəfəsi – teosentrizm. Sxolastika. No­mi­na­lizm və realizm. F.Akvinalının sxolastik təlimi. Orta əsr fəlsəfəsində insan problemi. Zəka və iradə. Orta əsrlərdə İslam Şərq fəlsəfəsi. Məssayun fəlsəfəsi. Əl-Kindi, İbn-Rüşd, İbn-Xaldun. Əl-Fərabinin fəlsəfəsi. Elmlərin təsnifatı problemi. Ə.Bəhmən­yarın ontologiya və qnoseologiya təlimi: «İdrak» ki­tabı. İş­raqlik fəlsəfəsi. Ş.Y.Suhrəvərdi. Sufilik fəlsəfəsi. Su­filikdə əsas ana təlimlər. Hurufulik İ.Nəsimi.

İntibah dövrü fəlsəfəsi. Antroposentrizm. N.Ku­zanski, N.Kopernik, C.Bruno, Q.Qaliley.

Yeni dövr fəlsəfəsi: idrak metodlarının hazırlanması. Ra­­­sionalizm və empirizm. F.Bekon, R.Dekart, B.Spinoza. C.Lok­­­­­kun fəlsəfi təlimi. XVIII əsr fransız maarifçilərinin fəl­səfəsində cəmiyyət və insan problemləri. Volter və Russonun maarifçi ideyaları.

İ.Kant fəlsəfəsində qnoseologiyanın əsas problemləri: «Xalis zəkanın tənqidi» əsəri. Subyektin empirik və tran­sen­dental səviyyələri. Dərrakə və zəka. İ.Kantın əxlaq təlimi. Qəti imperativ. Hegel fəlsəfəsində dünyanın, cəmiyyətin və insanın mahiyyətinin təhlili. Dialektika təlimi: «Məntiq elmi».

«Tarix fəlsəfəsi» - tarixi prosesin fəlsəfi təhlili.

L.Feyerbax antropoloji materializminin mahiyyəti. Əx­laq təlimi və dinə münasibəti. «Xristianlığın mahiyyəti». Mark­sizm fəlsəfəsi fəlsəfi fikirdə mərhələdir. K.Marks və F.Engels. Dia­lektika və tarixi materializm. Marksizmin tarixdə yeri haq­qında baxışlar.

Azərbaycanda maarifçilik fəlsəfəsi: spesifik xüsusiy­yətləri və mərhələləri. M.F.Axundovun, A.A.Bakıxanovun fəl­səfi irsi. H.B.Zər­dabinin təbii-elmi və fəlsəfi baxışları.

Azərbaycan ictimai fikrində mili istiqlal ideyaları (M.Ə.Rə­sulzadə, Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.Topçubaşov, Ü.Hacıbəyli).

XX əsr qərb fəlsəfəsi. Ekzistensializm fəlsəfəsi. İnsan problemi. Ekzistensializm və insan azadlığı problemi.

Fenomenologiya təlimi və onun əsas problemləri.

XX əsr dini-mistik fəlsəfə. Neotomizmin mahiyyəti. Dilin qrammatik quruluşu ilə mühakimə arasında əlaqə. Dilin fəlsəfəsi. F. de Sössürun «Struktur linqvistikası». L.Vitgenş­tey­nin fəlsəfəsi. Hermenevtika fəlsəfi təlimi. F.Şleyermaxer. V.Diltey, Q.Hadamer.

Psixoanaliz təlimi. Z.Freydin fəlsəfi baxışları.

Pozitivizm təlimi. O.Kont.


Mövzu 3: Ontologiya varlıq haqqında təlimdir

Varlıq – insan və dünyanın qarşılıqlı əlaqə və təsirini müəyyən mədəni-tarixi kontekst baxımından təsvir edən mü­hüm fəlsəfi kateqoriyadır. Varlıq ən ümumi reallıqdır. Obyektiv və subyektiv varlıq.

Mövcudluq. Predmet və hadisələrin məcmusunu, yəni varlığın empirik, hissi-təcrübi üsulu ilə anlanılan, başa düşülən xarici predmetli – hadisə formalarının məcmusunu əks etdirən fəlsəfi kateqoriyadır.

Qeyri-varlıq. Qərb fəlsəfəsi ənənələrində «varlıq» anla­yışının əksinə aksioloji (dəyərlər) baxımından işlədilən anla­yışdır. Şərq fəlsəfəsi ənənələrində isə bu anlayış dini fəlsəfi anlayış kimi varlığın mənbəyi və ən yüksək məqsədi kimi işlədilir.

Varlığın əsas formaları:

A) Maddi-predmetli varlıq; birinci təbiət-predmet və hadisələrin təbii varlığı.

B) Sosial varlıq: fərdin sosial subyekt kimi varlığı, cəmiyyətin müxtəlif səviyyəli bir tam kimi varlığı.

C) Mənəvi-ruhi varlıq: fərdiləşmənin mənəvi-ruhi var­lığı, yəni konkret insanın şüuru; fərddənkənar, yəni konkret in­sanın şüuru; fərddənkənar, obyektivləşmiş mənəvi-ruhi varlıq, yəni şəxssiz ideal, mücərrəd universal formalarda mövcud olan varlıq.

Materiya insana duyğularında bəlli olan, insandan asılı olmayaraq mövcud olan obyektiv reallığı əks etdirən fəlsəfi kateqoriyadır. Obyektiv reallıq özü-özünün səbəbidir. Varlıq və materiya anlayışlarının münasibəti. Substansiya anlayışı. Ma­teriya haqqında təsəvvürlərin təbii-elmi biliklərlə əlaqəsi. Müa­sir elm materiyanın sistemli struktur səviyyələri haqqında. Cansız təbiətdə materiyanın əsas struktur səviyyələri. Üzvi aləmdə materiya təşkilinin əsas səviyyələri. Sosial həyatda materiyanın struktur səviyyələri.

Materiyanın sinergetik modeli reallığın dinamik səp­gisini önə çəkir. Dünyanı daim inkişaf edən, dəyişən tamlıq ki­mi sə­ciyyələndirir. Sinergetika modelində «xaos» və «qayda-ni­zam» prinsipi.

Zaman maddi reallığın universal xassəsidir. Zaman maddi varlığın mövcudluğunun ardıcıllığını xarakterizə edir.

Məkan maddi mühitlərin və obyektlərin qarşılıqlı əla­qəsini və qarşılıqlı təsirini, onların məsafəliliyini, struktur­lu­ğunu, birgə mövcudluğunu xarakterizə edir.

Məkan və zamanın əsas xassələri. Məkan və zamanın substansional və relyasion konsepsiyaları. Sosial məkan və so­sial zaman.

Hərəkət maddi varlığın təbii və sosial sistemlərin dəyiş­məsi prosesini və onların qarşılıqlı təsirini xarakterizə edən uni­versal xassəsidir. Hərəkətin əsas formaları, tipləri və formaları.


Mövzu 4: İnkişafın universal əlaqələri.

Dialektika universal əlaqələr haqqında təlimdir. Bu əlaqələr dialektikanın qanunlarında və kateqori­yala­rında ifadə olunur. Dialektikanın sistemi, onun əsas struktur elementləri. Dialektikanın prinsipləri. İnkişaf anlayışı. İnkişafın müxtəlif mo­delləri. Universal əlaqələrin doqmatik və dialektik anlaşıl­ma­sı. Anlayışın nisbiliyi, ziddiyyətliliyi və çevikliyini «sub­yek­tiv dialektika» əks etdirir. Bu halda deyilən cəhətlər anlayışa aid edilir.

Şüurdan asılı olma­yaraq, baş verən proseslər dəyiş­kən­lik, nisbilik və ziddiyyətlər «obyektiv dialektika» anlayışı ilə ifadə olunur. Universal əlaqə anlayışı. Əlaqələrin təsnifatı. Dialektikanın kateqoriyaları uni­versallıqla, atribut­luqla, mahiy­yətliliklə, qütblüklə xarakterizə olunurlar.

Mahiyyət və təzahür, onların qarşılıqlı əlaqəsi. Tam və hissə kateqoriyaları. Sistem, struktur və element anlayışları. Məzmun və forma, onların dialektik vəhdəti. Səbəb və nəticə kateqoriyaları, onların dialektikası.

Determinizm prinsipi. Zərurət və təsadüf kateqoriyaları. Təsadüf zərurətin ifadə forması və tamamlanmasıdır. Zərurət və təsadüf kateqoriyalarının praktiki fəaliyyətdə rolu.

İmkan və gerçəklik, onların qarşılıqlı münasibətləri. İmkanın növləri; formal və real imkan.

Varlığın inkişaf və onun qanunları.

Qanun anlayışı, onların təsnifatı. İnkişaf anlayışı. İnki­şafın əsas konsepsiyaları. Kəmiyyət, keyfiyyət, ölçü anlayışları. Eyniyyət, fərq, əkslik, ziddiyyət anlayışları. Dialektik ziddiy­yətlilik qanunu.

İnkar kateqoriyası. İnkarın dialektik və metafizik anla­mı. İnkişafın tsiklik xarakteri və spiralvarı forması:

a) əksliklərin vəhdəti və mübarizəsi qanunu qarşılıqlı əlaqə prinsipini əks etdirir və inkişafın mənbəyini aşkarlayır, eyniyyət, fərq, əkslik, ziddiyyət anlayışları.

b) qarşılıqlı əlaqə prinsipi və inkişafı forması kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanununda ifadə olunur; kəmiyyət, keyfiyyət, ölçü anlayışları.

c) İnkarı inkar qanunu köhnə ilə yeni arasındakı əlaqəni aşkarlayır və inkişafın meylini ifadə edir. İnkarın metafizik və dialektik anlamı. «Triada» prinsipinin təhlili.


Mövzu 5: Qnoseologiya təlimi

Şüur problemi. Şüur bir sosial subyekt kimi ancaq insana məxsus olan yüksək psixika formasıdır. Şüurun əsas fərqləndirici cəhətləri: a) məqsədlilik; b) azadlıq və yaradıcılıq; c) mücərrəd – məntiqi təfəkkür; ç) mənlik şüuru. Fəlsəfədə şüur probleminin qoyuluşu. Şüurun materiya ilə münasibətlərinin tarixi, qnoseoloji, ontoloji və praksioloji səpgiləri. Ruh anlayışı. Ruh və şüur.

İnikas xarici təsir nəticəsində dəyişən maddi sistemin özünün struktur müəyyənliyini saxlayır, xarici təsirin xarak­te­rini qeydə alır. İnikasın formaları. Şüurun ictimai təbiət və formalaşmasının mənbələri.

Zəka fikri fəaliyyətin mücərrəd – məntiqi səviyyədə baş verən fəaliyyətidir. Düşüncə fikri fəaliyyətin adi biliklər əldə etməyin və davranışın tənzim edilməsinin səviyyəsidir. Şüurun strukturu və onun formaları.

Mənlik şüuru və onun səviyyələri. Şüuri və qeyri-şüuri. Qeyri-şüurunun daxili məzmunu və onun instansiyaları. Z.Frey­din psixoanaliz təlimi.

Qnoseologiya fəlsəfənin biliyin spesifikasını, mahiy­yətini və formalarını öyrənən bölməsidir. İdrak xarici aləm və insan haqqında məlumat və biliklər əldə etmək prosesidir. İdrakın obyekti və subyekti. Bilik və informasiya. Hissi idrak və onun formaları. Məntiqi (rasional) idrak və onun əsas formaları. İdrakın hissi və məntiqi səviyyələrinin dialektikası.

Bilik predmet və hadisələr haqqında məlumatları özün­də cəmləşdirməklə gerçəkliyi adekvat əks etdirən idrak pro­se­sinin nəticəsidir. Praktika gerçəkliyin predmetli-praktiki mə­nim­sənilməsi prosesidir.

Həqiqət biliklərin obyektiv əhəmiyyətə malik, ger­çəkliyə adekvat olan cəmidir. Həqiqət nəzəriyyəsi. Mütləq və nisbi həqiqət. Həqiqətin meyarları. Yalan, dezinformasiya, yal­nışlıq.

Hissi idrak insan və dünya arasında bilavasitə yaranan qarşılıqlı təsirin nəticəsidir; duyğu, qavrayış və təsəvvür for­maları ilə ifadə olunur. Aqnostizm. İ.Kant, C.Lokk.

Rasional idrak anlayışlar, mühakimələr və əqli nəticələr vasitəsilə baş verən idrak formasıdır. Onun məqsədi mahiy­yətləri bütün təmizliyi ilə aşkarlamaqdır.

Mücərrəd təfəkkür, onun xüsusiyyətləri. İdrak prose­sində izahetmə və anlama səviyyələri.
Mövzu 6: Epistemologiya (Elmi idrak)

Elmi idrakın mahiyyət və funksiyaları, səciyyəvi cə­hətləri. Elmi biliyin strukturu. Elmi biliyin inkişafının əsas mərhələləri. Elmi rasionallıq problemi. Elmi idrak sistem kimi və onun əsas elementləri. Elmi idrakın əsas forma və vasitələri. Elmi idrakın empirik və nəzəri səviyyələri. İdeya, problem, hipotez, nəzəriyyə. Nəzəriyyənin mahiyyəti və idrak­da rolu.

Empirik səviyyənin strukturu; müşahidə, eksperiment, empirik fakt. Nəzəri biliyin strukturu – nəzəri modellər və qanunlar, inkişaf etmiş nəzəriyyə.

Elmin əsasları: tədqiqatın idealı və normaları, dünyanın elmi mənzərəsi, elmin fəlsəfi əsasları.

Metod və metodologiya anlayışları, onların idrakda rolu. Elmi idrakın ümumməntiqi metodları: analiz, sintez, induksiya, deduksiya, abstraktlaşdırma, ümumiləşdirmə, analogiya və modelləşdirmə. Empirik tədqiqatın metodları: müşahidə, ölçmə, eksperiment, müqayisə.

Nəzəri tədqiqatın metodları, ideallaşdırma, formallaş­dırma, aksiomatik metod, hipotetik-deduktiv metod, mücər­rəddən konkretə yüksəlmə metodu, tarixi və məntiqinin vəhdəti metodu. Elmin inkişafı, onun əsas konsepsiyaları, elmin etikası, etik səpkinin rolunun artması. İdrakın qeyri-rasional formaları. Yaradıcılıq. İntuisiya. Elmdən kənar biliklər.


Mövzu 7: Fəlsəfi antropologiya

Fəlsəfi antropologiya fəlsəfənin insanın mahiyyəti haq­qında xüsusi bölməsidir. İnsan, ümuminin, xüsusinin və təkin dinamik vəhdətidir. İnsan probleminin fəlsəfi fikir tarixində qo­yuluşu. İnsan haqqında İslan konsepsiyası. İnsanın mənşəyi haqqında təlimlər. Antropososiogenez problemi. İnsanın təka­mülündə əməyin, nitqin, dilin və şüurun rolu. İnsanın mövcud­luğu anlayışı. İnsanın mahiyyəti və mövcudluğu problemi.

M.Şelerin insanın mahiyyəti haqqında təlimləri.

İnsanın tipologiyası və əsas səciyyələri. F.Nitşe.

Sosiallaşma insanın konkret sosiomədəni mühitə uyğun­laşması prosesidir. Fəlsəfi antropologiya insanın əzəldən təbii-bioloji və sosialın vəhdət olduğunu qəbul edir. İnsanda bioloji və sosial tərəflərin nisbəti.

Antropologiyada şüurluluq ilə qeyri-şüurluluğun nisbəti (Z.Freyd, K.Yunq, E.Fromm).

Müasir fəlsəfi antropologiyada insanın mahiyyətini açmaq üçün «şəxsiyyət, fərdilik, fərdiyyət, şəxsiliklə fərdiliyin vəh­dətini ifadə edən «mən», «fəaliyyət», «həyatın mənası», «ölüm və mənası», «ölüm və ölməzlik», «ünsiyyət» və s. anlayışlarından istifadə olunur.

Şəxsiyyət ictimai həyatın mahiyyətli keyfiyyətlərini bir cəm halında özündə ehtimal edən insandır, fərdilik insanda olan unikallığı və təkrarolunmazlığı ifadə edir. «Mən» şəxsiliklə fər­diliyin vəhdətidir.

Həyatın mənası həyatın özündədir, onu axtarıb tapmaq lazımdır. İnsanın həyatının mənası həyatdan kənardadır, insan onu yaratmır. Həyatın mənası onun mənasızlığındadır. Aris­totel, A.Şopenhauer, H.Qartman, Z.Freyd.

Həyatın mənası haqqında iki konsepsiya – «malik olmaq» və «həyatda olmaq» konsepsiyaları mövcuddur.

«Malik olmaq» - var-dövlətə pərəstiş etməkdir. «Hə­yatda olmaq» - var-dövləti özünə xidmətçi etməkdir.

Ölüm bütün canlılara məxsusdur. Ölüm gələcəyin inka­rıdır, ölüm keçmişin əbədiliyə keçməsidir. Həyat ölüm olduğu üçün mənalıdır. Ölməzlik ancaq insana məxsusdur. İnsan, kainat və bəşəriyyət.


Mövzu 8: Təbiətin fəlsəfi anlamı

Təbiətin fəlsəfi anlamı. Biosfer Yerin həyat olan örtü­yüdür. Bu atmosferi, hidrosferi və litosferin üst hissəsini əhatə edir. Təbiət biosferdə insanın bir varlıq olaraq mövcud olması üçün zəruri təbii şəraitdir. Təbii və süni mühit. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri.

Təbiətə antrogen təsir ictimai-iqtisadi inkişafla mütə­nasiblik təşkil edir. Təbiətlə cəmiyyətin qarşılıqlı təsiri ictimai in­kişaf prosesində insanın artan fəaliyyətini özündə əks etdirir. Müasir ekoloji böhran təhlükəsi, onun texniki və sosial sə­bəb­ləri. Azərbaycanda ekoloji vəziyyət. Ekoloji problemin həlli yol­ları.

Coğrafi mühit insanın fəaliyyəti sferasına cəlb olunan və cəmiyyətin mövcud olmasının zəruri şərti olan təbii şərait­dir.

«Coğrafi determinizm» təliminə görə insanların həyatı, əxlaqi, ənənələri, hətta siyasi quruluşları onların yaşadığı coğ­rafi mühitlə müəyyən olunur (Ş.Monteskye və L.N.Qu­mülyevin baxışları).

«Passionar nəzəriyyə» və coğrafi mühitin izahında onun yeri.

Vernadski cəmiyyət və təbiət münasibətlərində insanın əqlə batan fəaliyyətini «noosfer» adlandırmışdır.

Noosferi biosferin bir haldan başqa hala keçməsi kimi və onun yeni keyfiyyət qazanması kimi başa düşmək lazımdır. Ekoloji imperativ.


Mövzu 9: Praksiologiya – fəaliyyət və dəyərlər haq­qında təlimdir

Praksiologiya fəaliyyət və mənəvi dəyərlər haqqında fəlsəfi təlim kimi. Fəaliyyət insanın xarici aləmi məqsədyönlü şəkildə dəyişdirməyə yönəlmiş fəallığıdır. Fəaliyyətin ümumi quruluşu tələbat, motiv, məqsəd və vasitələrdən ibarətdir.

Fəaliyyətin əsas atributları subyektivlik və pred­metlik­dən, şüurluluq və məqsədyönlükdən ibarətdir.

Maddi və mənəvi-ruhi fəaliyyət. Fəaliyyət prosesi və onun nəticəsi maddi və mənəvi-ruhi fəaliyyətin vəhdətini təşkil edir.

Əmək insanın sərf etdiyi fiziki, həm də mənəvi-ruhi ener­jisidir. Fiziki və əqli əmək bir çox ümumi cəhətlərə ma­likdir. Hər ikisi alətlərdən istifadəni, əvvəlcədən planlaşdırılmış nəti­cəni, insanın tələbatı ilə motivləşməsini və s. nəzərdə tutur.

Sərvət insan fəaliyyətinin nəticəsidir. Sərvət xassə deyil, fikir və düşüncə ilə gerçəklik arasında əlaqədir. İnsan üçün müsbət keyfiyyətlərə malik olan sərvətdir. Dəyərlərin təsnifatı, qnoseoloji, etik, estetik və dini dəyərlər.

Sərvətlərin dəyərlənməsinin strukturuna subyekt, pred­met və dəyərləndirmə əsasları daxildir. Şərq və qərb region­larının malik olduğu dəyərlər və onların qarşılıqlı münasibəti.
Mövzu 10: Cəmiyyət sosial sistem kimi

Sosial fəlsəfənin predmeti sosial tamlıq kimi cəmiy­yət­dir, onun mövcudluğunun və inkişafının qanunauy­ğun­luq­ları­dır.

Sosial idrak sosial reallığın cəmiyyət və onun inkişaf qanunauy­ğunluqlarının dərk olunmasıdır. Cəmiyyət, birlik və sosial anlayışları. Cəmiyyətin naturalist, idealist və materialist istiqamətləri. Cəmiyyətə naturalist baxış onun sosial varlıq ol­masını və onun mövcudluğunun təbii-təbiət əsaslarının qırılmaz əlaqəsini qəbul edir.

Cəmiyyətə idealist baxışda sosiallığın sistem təşkil edən amil kimi ya şəxsin iradəsinin təzahürü, ya da kollektiv mü­qaviləni əks etdirən fəaliyyəti qəbul olunur.

Praksioloji baxışda ictimai quruluşun əsası və me­xanizmi kimi fərdlərin sosial hərəkəti qəbul olunur.

Materialist baxışa görə tarix bütöv bir inteqral sistemdir. O, insanların özbaşına hərəkətləri və ya ilahinin uzaq­görənliyi deyildir. Tarixi prosesin mexanizmi obyektiv-maddi amillərdən təşkil olunur. Cəmiyyət özü inkişaf edən və özü təşkil olunan sistemdir. Cəmiyyətin mahiyyətini araş­dırmağı sosiallıq anla­yışının təhlilindən başlamaq lazımdır.

Cəmiyyət qanunlarının təbiət qanunlarından ümumi və fərqli cəhətləri. Sosial atomizm cəmiyyətə insanların və əşya­ların empirik təsvir olunmuş cəmi kimi baxır.

Marksizmə görə cəmiyyət sadəcə fərdlərdən təşkil olun­mur, fərdlər arasındakı əlaqə və münasibətlərin məcmu­sunu əks etdirir.

Cəmiyyət bütöv bir sistem kimi iki metodoloji möv­qedən tədqiq etmək olar: sosial statiklik və sosial dinamiklik. Sosial sistem anlayışı. Cəmiyyət mürəkkəb və öz inkişaf qanu­nauyğunluqlarına malik sistemdir. Cəmiyyətə sistemli yanaşma təsəvvürlərinin yaranması və inkişafı.

Sosial statiklik cəmiyyəti davamlığı təmin edən sabit strukturların cəmi kimi təhlil edir.


Mövzu 11: Cəmiyyətin əsas sferaları

Cəmiyyətin iqtisadi həyatı.

Cəmiyyəti sferalara ayırmağın elmi əsasları. İctimai hə­yatın əsas sferaları: iqtisadi, sosial, siyasi və mənəvi. İqtisadi sfera maddi nemətlərin istehsalını, onların bölgüsünü, mü­ba­di­ləsini, istehlakını həyata keçirən fəaliyyət sahələrini əhatə edir.

İqtisadi-maddi istehsalın qanunları əmək vasitəsi realla­şır. Əməyin maddi təbiəti və ideallıq tərəfi vəhdətdədir. Mül­kiyyət anlayışı. Mülkiyyət növlərinin müxtəlifliyi. Bazar müna­sibətlərinə keçid və mülkiyyətin müxtəlif formalarının bərqərar olması. İqtisadiyyatın idarə olunması anlayışı. İqtisa­diyyatın dövlət tərəfindən tənzim olunması mexanizmi, onun forma və vasitələri. İqtisadi sferanın əsas formalarına təsərrüfat həyatının baş verdiyi məkan, iqtisadiyyatı idarə edən institutlar, nəhayət maddi nemətlərin istehsalı üsulu daxildir.

İstehsal üsulunun iki tərəfi mövcuddur – məhsuldar qüvvələr və istehsal münasibətləri.

Texnika insanın maddi və digər fəaliyyətinin vasitələri sistemidir: istənilən fəaliyyət növündə bacarıq və vərdişlərin cəmidir. İnsan ilə texnika və texnologiya arasında qarşılıqlı tə­sirin əsasında təbii və insanın özünün yaratdığı «İkinci təbiətin» əlaqələndirilməsi durur.

Təbii olanla süni olan arasında, insan ilə texnika arasında əlaqə ziddiyyətlidir. İqtisadi istehsal üsulunun və texnoloji istehsal üsulunun izahı.

Cəmiyyətin sosial strukturu sosial sistemin tərkib his­sələri arasında sabit və nizamlanmış əlaqələrdir. Cəmiyyətin sosial sferaları. Milli-etnik struktur etnosların və digər sosial-etnik birliklərin inkişafını əks etdirir. Sosial-etnik birliklərin ta­rixi formaları: qəbilə, xalq, millət. Qəbilə insanların qan qo­hum­luğuna əsaslanan birliyidir. Qəbilə ərazisi, müəy­yən iqti­sadi ümumilik, vahid dil və s. ilə xarakterizə olunur. Xalq in­sanların sosial-etnik birliyidir, ümumi dil, ərazi, iqtisadi və mə­dəni ümumiliklə xarakterizə olunur. Millət vahid ərazi, iqtisadi əlaqələr, dil, mədəniyyət xüsusiyyətləri ilə xarakterizə olunan insan birliyidir. Sosial-demoqrafik struktur əhalinin cinslər üzrə say nisbətini, əhalinin yaşa görə tərkibini əks etdirir.

Ailə insanların kəbin və ya qan qohumluğuna əsaslanan birliyidir. Ailə cəmiyyətin və onun sosial strukturunun təkrar istehsalının mənbəyidir. Ailənin tarixi inkişafı. Sosial strati­fikasiyanın funksional nəzəriyyəsi, sosial stratifikasiyanın kon­flikt nəzəriyyəsi.

Siyasi sistemə siyasətlə bilavasitə və ya dolayısı ilə bağlı olan təsisatlar və təşkilatlar, müəyyən siyasi funksiyaları həyata keçirən dövlət və qeyri-dövlət təşkilatları daxildir. Cəmiyyətin siyasi sferası anlayışı. Siyasət dövlət işlərində iştirak etməkdə, onun möhkəmləndirilməsi uğrunda və ya hakimiyyəti dəyişdir­mək uğrunda və ya hakimiyyəti dəyişdirmək uğrunda aparılan mübarizə ilə əlaqədar olaraq fəaliyyətdir. Siyasi sistemdə dövlətin yeri və rolu. Dövlət mövcud cəmiyyətin üzvlərinin həyat və fəaliyyətini Konstitusiya və digər hüquqi aktlar əsa­sında tənzim edən orqan və təsisatların toplusudur. Hakimiyyət nüfuz, hüquq, güc vasitəsilə öz iradəsini həyata keçirmək, in­sanların fəaliyyətinə və davranışına müəyyənedici təsir göstər­mək qabiliyyəti və imkanıdır. Siyasi hakimiyyət hakim təbəqə­nin siyasi strategiyasının möhkəmlənməsinə, təbliğinə və mü­da­fiəsinə istiqamətləndirilmiş rəsmi dövlət ideologiyasını hə­yata keçirən sosial institutların məcmusudur. Siyasi rejim av­to­ritar, demokratik, totalitar tiplərdə ola bilər. Hüquqi döv­lətin xa­­rakterik əlamətləri hakimiyyətin bölgüsündən, hüququn siya­sə­tindən üstünlüyündən ibarətdir. Vətəndaş cəmiyyəti sivil qay­da­da sərvətdir, o bir tərəfdən vətəndaşları müxtəlif əsaslarda bir­ləşdirir, onların sosiallaşması üçün əlavə şərait yaradır, digər tə­rəf­dən, cəmiyyətin bir tam kimi daha da inteqrasiyasını təmin edir.

Cəmiyyətin mənəvi-ruhi sferası. Mənəvi-ruhi tələbat cə­miyyətin və insanların mənəvi-ruhi dəyərləri yaratması və on­ların mənimsənilməsidir. Mənəvi-ruhi sferaya daxildir: mənəvi-ruhi fəaliyyət; mənəvi-ruhi sərvətlər, mənəvi-ruhi münasibətlər; insanın fərdi şüuru, ictimai şüur. Mənəvi tələbatlar mənəvi fəaliyyətin əsasıdır. Mənəvi istehsal, mənəvi fəaliyyət, mənəvi istehlak, mənəvi ünsiyyət və mənəvi münasibətlər sistemi.

Cəmiyyətin mənəvi həyatında ictimai şüurun mərkəzi yeri. İctimai şüurun əsas struktur bölgüləri: adi və nəzəri şüur.

İctimai psixologiya və ictimai ideologiya. İctimai şüurun formaları. Kütləvi şüur və ictimai rəy. Adi şüur insanların gündəlik əməli fəaliyyətində yaranır və onların empirik təcrü­bə­sinə əsaslanır. Nəzəri şüur ictimai insanların öz həyatına və ictimai varlığına emosional və qismən də intellektual mü­nasibətidir. İctimai ideologiya böyük insan qruplarının və milli birliklərin əsas mənafeləri və tələbatlarının nəzəri səviyyədə ifadəsidir. İctimai şüuru formalara ayırmağın meyarları. İctimai şüurun əsas formaları: siyasi və hüquqi şüur. Əxlaqı şüur şəx­siyyətlərarası münasibətlərin könüllü tənzimlə­yicisidir. Estetik şüurun mahiyyəti və ifadə formaları. Dini şüurun spesifikliyi. Dini şüurun struktur bölgüləri. Müasir cəmiyyətdə dinin rolu.
Mövzu 12. Mədəniyyət və sivilizasiya haqqında müa­sir fəlsəfi baxışlar

Mədəniyyət insan varlığının fundamental üsuludur. Mə­dəniyyət daxilində insanın özü yaradan və özü dərk edən möv­cudat kimi təşəkkülü baş verir.

Mədəniyyətin fəlsəfi anlamı. Mədəniyyətin izahına dair müxtəlif baxışlar. Mədəniyyət faktların yığımı deyil, onların yaradılması və mənimsənilməsi prosesidir. Ənənə mə­dəniy­yətdə varislik formasıdır, sosiomədəni stabilliyin amilidir, ya­radıcı fəaliyyətin zəmini və proqramıdır. Mədəniyyətin funk­siyaları: insanı bəşəriləşdirən funksiya-fərd mədəniyyətə sahib olmaq prosesinə şəxsiyyət olur, adaptasiya funksiyası – mə­dəniyyət cəmiyyəti dəyişikliklərə uyğunlaşdırır və başqa sivili­zasiyalarla qarşılıqlı əlaqəni təmin edir, qeyri-gentropik funk­siya-cəmiyyətin özünəməxsus keyfiyyəti olan bir fenomen kimi saxlanılmasına xidmət edir. Sivilizasiya sosial fəlsəfənin anla­yışıdır. Bu anlayış insanların sərvət sistemlərini və normalarını, onların gündəlik davranışlarını təyin edən mo­tivləri təsbit edir. Sivilizasiyanın izahına dair baxışlar: a) sivili­zasiya mədəniy­yə­tin sinonimidir; b) sivilizasiya lokal mədəniy­yətlərin inkişa­fında tənəzzül mərhələsidir; c) sivilizasiya bə­şəriyyətin barbar­lıqdan sonra gələn inkişaf mərhələsidir; d) sivilizasiya bu və ya digər regio­nun və yaxud etnosun inkişaf mərhələsidir. Ənənəvi sivilizasiya kapitalizmə qədərki ictimai quruluşlardır. Bu tip sivilizasiya yeniliyi sosial inkişafın əsası və məqsədi ki­mi inkar etməkdir və in­sanların fəaliyyətinin tipik sxemlərini, ünsiyyət formalarını, məişətin təşkilinin, mədəniyyət nümunə­lərinin tək­rar istehsalını əsaslandırmaqdır. İndustrial sivili­za­siya iri sə­na­ye istehsalı dövrü üçün xarakterik olan ictimai quruluş tipidir.

Postindustrial sivilizasiya – ABŞ və Qərbi Avropanın in­ki­şaf etmiş ölkələrində ictimai inkişafın müasir mərhələsidir. Bu mərhələ ekstensiv iqtisadiyyatdan intensiv iqtisadiyyata ke­çidə xarakterizə olunur, istehsalda informasiya texnologi­ya­sının rolu yüksəlir, şəxsiyyətin təhsil və peşə-ixtisas səviyyə­sinin in­ki­şafını söndürür. Həm mədəniyyət, həm də sivilizasiya nor­mativ təbiətə malikdir. Onlar arasında fərq bundan ibarətdir ki, sivilizasiya mədəniyyət prosesi üçün zəmin yaradır, onu tən­zimləyir.

Mədəniyyət öz növbəsində yeninin yaradıcısı olaraq sivi­lizasiyanın inkişafına şərait yaradır. Mədəniyyət və siviliza­siyaların qarşılıqlı münasibətləri. Qərb və Şərq sivilizasiyaları, onların özünəməxsusluqları.
Mövzu 13. Qloballaşan dünyanın problemləri

Ümumbəşəri problemlər qlobal xarakterlidir, onların həlli beynəlxalq səviyyədə qüvvələrin birləşməsini tələb edir. Qlobal problemlər ancaq ayrı-ayrı adamların deyil, bütün bəşəriyyətin taleyi ilə bağlıdır, bu problemlərin dünya inkişafının obyektiv amilləridir və kimsə tərəfindən inkar edilə bilməz. Xüsusi, region, lokal problemlərdən fərqli olaraq qlobal problemlər mobillik xassəsinə çox az malikdir; Qlobal problemlər bir-biri ilə qarşılıqlı əlaqə və təsirdədirlər.



Qlobal problemləri üç qrupa ayırmaq olar: a) Döv­lətlər­arası beynəlmiləl xarakterli problemlər; nüvə mühari­bəsinin qarşısının alınması, yeni beynəlxalq iqtisadi əlaqələrin təşək­külü; b) Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı təsirdən yaranan problemlər: insanları enerji, yanacaq, içməli su və s. ilə təchiz etmək, buraya eləcə də ekoloji problemlər daxildir; c) İnsan cəmiyyət sistemi ilə bağlı olan problemlərdir; demoqrafik prob­lemlər, səhiyyə və təhsil problemləri. «Qlobal şüur», «noo­sfera» anlayışları və qlobal problemlərin əlaqəsi. Qlobal şüurda humanizm özünü müxtəlif xüsusiyyətlərdə; etik normalarda, sosial ideyalarda, mənəvi-ruhi dəyərlərdə, iradə azadlığında, şəxsiyyətin hüququna və ləyaqətinə hörmətdə, ədalət hissində və s. ifadə edir.

«Fəlsəfə» kursunun proqramı üçün təqdim olunan əsas
ƏDƏBİYYAT


  1. Ахмедов Г.М. Философия Азербайджанского прос­ве­щения. Баку, 1983.

  2. Барилин В.С. Социальная философия. М., 1993.

  3. Введение в философию. Под ред. И.Фролова. Учебник. М., 2009.

  4. Гегель Г.Ф. Философия истории. М., 1995.

  5. Гердер И.Г. Идеи к философии истории человечества. М., 1977.

  6. Тойнби А. Постижение истории. М., 1983.

  7. Zeynalov M.B. Fəlsəfə tarixi. Dərslik. Bakı, 1999.

  8. İmanov H.R. Fəlsəfənin əsasları. Dərslik. B., 2007.

  9. İmanov H.R., Əhədov A. Orta əsr İslam Şərqində fəlsəfi fikir. Bakı, 1998.

  10. İsmayılov F. Müasir Qərb fəlsəfəsi. Bakı, 1991.

  11. İsmayılov F. İnsan və dünya. Bakı, 1994.

  12. İsmayılov F. Klassik psixoanalizin əsasları. Bakı, 2003.

  13. Кант И. Критика чистого разума. Сочинения. В 6-ти т. М., 1964.

  14. Кедров Б. Беседы о диалектики. М., 1989.

  15. Кон И. Открытие «Я». М., 1978.

  16. Мир философии. II ч. Хрестоматия. М., 1999.

  17. Моисеев Н. Человек и ноосфера. М., 1990.

  18. Məmmədov Z. Azərbaycan fəlsəfə tarixi. Bakı, 1994.

  19. Məmmədov Ə. Dialektik idrak və ümumelmi tədqiqat me­todları. Bakı, 1997.

  20. Məmmədov Ə. Elmi idrak və onun inkişaf dialektikası. Bakı, 1998.

  21. Məmmədov Ə., İsmayılov V. Müasir fizikaya baxış. Bakı, 2001.

  22. Спиркин А.Г. Философия. Учебник. М., 2000.

  23. Тайлор Е. Первобытная культура. М., 1983.

  24. Şükürov A. Fəlsəfə, cəmiyyətdə onun yeri və rolu. Bakı, 1996.

  25. Hacıyev Z.C. Ontologiya və idrak nəzəriyyəsi. Dərslik. Bakı, 2011.

  26. Hacıyev Z.C. Fəlsəfə. Dərslik. Bakı, 2001.

  27. Hacıyev Z.C., Abbasova Q.Y. Sosial fəlsəfə. Bakı, 2001.

  28. Göyüşov Z. Daxilə pəncərə. Bakı, 1978.

  29. Ясперс К. Смысл и назначение истории. М., 1991.

  30. Əhədov A. Qədim dünya fəlsəfəsi. Bakı, 1977.


Чапа имзаланмышдыр 14.07.2012. Каьыз форматы 60х84 1/16.

Щяъми 1,25 ч.в. Сайы 200.

Бакы, «Туран Еви» няшриййаты,




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə