Hüquq və İNKİŞAF” İCTİMAİ BİRLİYİ seçKİ HÜquqlarinin müdafiƏSİ VƏ seçKİ ŞİkayəTLƏRİNƏ baxilmasinin monitoriNQİ hesabat



Yüklə 85,89 Kb.
tarix11.07.2018
ölçüsü85,89 Kb.


http://photos.state.gov/libraries/azerbaijan/749085/demcom_2013/300dos_seal.jpg http://t0.gstatic.com/images?q=tbn:and9gctrjq5asxup8e5delpwcq3ima7j4amnfufyzwly-zarpxypkvvl ____________________________________________________________________________________azer_osce_rgblogo_4

HÜQUQ VƏ İNKİŞAF” İCTİMAİ BİRLİYİ



_______________________________________

SEÇKİ HÜQUQLARININ MÜDAFİƏSİ VƏ

SEÇKİ ŞİKAYƏTLƏRİNƏ BAXILMASININ MONİTORİNQİ

HESABAT

_______________________________________

Azərbaycan Respublikası Prezidentinin seçkiləri

9 oktyabr 2013-cü il

BAKI – 2013

  1. Fəaliyyətlərin xülasəsi

“Hüquq və İnkişaf” İctimai Birliyi (HİİB) “Seçki iştitarkçılarının hüquqi müdafiəsi” proqramı çərçivəsində 9 oktyabr 2013-cü ildə keçirilmiş Prezident seçkilərində seçki hüquqları üzrə maarifçilik, seçki hüquqlarının müdafiəsi və seçki şikayətlərinin monitorinqinə dair layihələr həyata keçirib. Bu layihələrə ABŞ German Marşall Fondu (BST layihəsi), ABŞ-ın Azərbaycandakı səfirliyi, ATƏT-in Bakı ofisi tərəfindən dəstək verilib. Layihələr üzrə aşağıdakı fəaliyyətlər həyata keçirilib:

  • Bakıda və ölkənin 20 regionunda üçün seçki hüquqlarının həyata keçirilməsi və müdafiəsi mövzularında 28 maarifçilik xarakterli təlim keçirilib. Təlimlər ümumilikdə 2000 nəfər seçki iştirakçısını (seçicilər, müşahidəçilər, namizədlərlərin vəkilləri və səlahiyyətli nümayəndələri, seçki komissiyası üzvlərini, habelə QHT və media təmsilçilərini) əhatə edib və gənclərə, o cümlədən ilk dəfə səs verənlərə, qadınlara xüsusi diqqət yetirilib.

  • Bakıda və ölkənin 8 regionunda seçki hüquqları üzrə hüquqi yardım mərkəzləri yaradılıb. Bu Mərkəzlərdə seçki iştirakçılarına yardım göstərən hüquqşünaslar və seçki ekspertləri üçün təlimlər keçirilib. Hüquqi yardım həm seçki hüquqlarının həyata keçirilməsi, həm də pozulmuş hüquqların müdafiəsini əhatə edib. Bu Mərkəzlər tərəfindən ümumilikdə 600-ə yaxın seçki iştirakçısına hüquq məsləhəti verilib, seçki komissiyalarına 127 ərizə tərtib olunub. Seçki hüquqlarının pozulmasından isə, seçki komissiyalarına və məhkəmələrə 43 şikayət verilib, 14 iş üzrə ərizəçilər apellyasiya və kassasiya instansiyası məhkəmələrində təmsil olunub. Bu işlər üzrə potensial seçki şikayətləri kimi 2 iş Azərbycan Respublikasının Konstitusiya Məhkəməsinə, 2 iş isə Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanır. 4 iş üzrə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinə şikayət hazırlanır.

  • Seçki şikayətlərinə seçki komissiyalarında və məhkəmələrdə baxılmasının monitorinqi aparılıb. Seçki komissiyalarında şikayətlərə baxılmasının monitorinqi Mərkəzi Seçki Komissiyası və müvafiq dairə seçki komissiyalarında aparılıb. Monitorinqinin aparılması üçün HİİB-in təmsilçiləri MSK-da və müvafiq dairə seçki komissiyalarında xüsusi icazə almış müşahidəçi kimi qeydiyyatdan keçiblər. Məhkəmələrdə şikayətlərə baxılmasının monitorinqi isə Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində seçki şikayətlərinə dair məhkəmə proseslərinin və məhkəmə qərarlarının monitorinqi üzrə aparılıb. Şikayətlərə baxılmasınn monitorinqi eyni zamanda seçki iştirakçılarından, seçki şikayətləri sahəsində hüquq yardımı göstərən qeyri-hökumət təşkilatları və hüquqşünaslar (vəkillər), habelə mediadan məlumatların toplanması və təhlil edilməsi üzrə aparılıb.

  • Seçki komissiyalarına və məhkəmələrə şikayətlərin verilməsi və baxılması qaydaları” adlı kitabça və Seçki Bülletenləri hazırlanıb. Kitabçada seçki komissiyalarına və məhkəmələrə şikayətlərin verilməsi və baxılmasının hüquqi qaydaları izah edilib, bu qurumlara şikayətlərin formaları və nümunələri, habelə seçki hüquq pozuntularına dair inzibati və cinayət məsuliyyəti müəyyən edən normalar verilib. Seçki Bülletenlərində isə seçkilərlə bağlı hüquqi və praktik məlumatlar əks olunub. Kitabça və Seçki Bülletenləri layihənin həyata keçirildiyi ərazilərdə seçki iştirakçıları, siyasi partiya, QHT və media təmsilçiləri arasında yayılıb.

  • www.electionrights.az adlı internet səhifəsi yaradılıb və burada seçki hüquqları üzrə elektron kitabxana yaradılıb. Seçki hüquqları üzrə elektron məlumat bazası yaradılıb və bu məlumatlar mütəmadi olaraq yenilənir. İnternet səhifəsində həmçinin, Azərbaycanda İlk Səsverənlərin Şəbəkəsi yaradılıb. Eyni zamanda “İlk dəfə səsverənlər üçün seçkilərin əhəmiyyəti” mövzusunda məqalə müsabiqəsi keçirilib.

Bu fəaliyyətlərin həyata keçirilməsi prosesində “Demokratiyanı Öyrənmə” İB (Bakı), “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” İB (Bakı), “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi” İB, “Demokratik Gənclər” İB (Sumqayıt), “Seçicilərin Səsi” İB (Gəncə), “Qərb – Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İB (Qazax), “Şirvan Regional Maarifçilik” İB (Şirvan), “Demokratiya və Gənclər” İB (Bərdə) və s. təşkilatlarla, habelə ATƏT DTİHB ilə əməkdaşlıq edilib. Eyni zamanda mediada seçkilərin ayrı-ayrı məsələləri ilə bağlı mütəmadi olaraq hüquqi şərhlər verilib, çıxışlar edilib. Bu media qurumlarına “Azadlıq” radiosu, “Azadlıq”, “Yeni Müsavat”, “Bizim Yol” qəzetləri, “Turan” İnformasiya Agentliyi və s. daxildir.

  1. Seçki hüquqlarının müdafiəsi

“Hüquq və İnkişaf” İctimai Birliyinin seçki hüquqlarının müdafiəsi çərçivəsində hazırladığı müraciətlər və şikayətlər üzrə potensial işlər aşağıdakılar olmuşdur:

  1. Exit-Poll keçirən təşkilatların akkreditasiyası ilə bağlı işlər


1). Mərkəzi Seçki Komissiyasının “Azərbaycan Respublikasında seçkilərdə

exit-poll” keçirən təşkilatların akkreditasiya qaydaları” ının qanunauyğunluğunun yoxlanmasına dair iş

“Hüquq və İnkişaf” İctimai Birliyi (HİİB) Mərkəzi Seçki Komissiyasının (MSK) “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiya qaydaları”ında (Qaydalar) QHT-lərin hüquqlarını məhdulaşdıran 1.3-cü, 2.1-ci, 2.3.-cü bəndlərinin və 2.2.2-ci yarımbəndinin qanunvericiliyə zidd hesab edilərək eibarsız (qüvvədən düşmüş) hesab edilməsi tələbi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibat-İqtisadi Kollegiyasına (BAM) müraciət edib. HİİB öz tələbini belə əsaslandırıb: 1) Qaydalardakı “exit poll” keçirən təşkilatın exit-poll sahəsində ixtisaslaşmış, müvafiq təcrübəyə malik olması, “exit-poll” keçirərkən tətbiq olunmalı qaydalar, üsullar və resurslar (exit-poll keçirən şəxslərin sayı, “exit-poll” keçirilərkən istifadə üçün nəzərdə tutulmuş maddi-texniki vasitələr və s.), “exit-poll”un keçirilməsinə cəlb edilən şəxslərin, əsasən seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud da bu sahədə müəyyən təcrübəsi olan mütəxəssis olması tələbləri “exit-poll” un keçirilməsi üçün sərt tələblərdir və ilk dəfə “exit-poll” keçirmək istəyən hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının hüquqlarını məhdudlaşdırır. Çünki bu tələb exit-poll keçirmək hüququnu mahiyyət etibarı ilə icazəli (lisenziyalı) etməklə, Konstitusiyanın 25-ci maddəsi ilə təsbit olunan hamının qanun qarşısında bərabərlik hüququnu pozur. Çünki “Qaydalar” “exit-pol” keçirmək üçün yalnız geniş təcrübəsi olan təşkilatlara icazə verir və ilk dəfə “exit-pol” keçirmək istəyən təşkilatlara bunu qadağan edir. 2) Bu cür tələb eyni zamanda Konstitusiyanın 56-cı maddəsi ilə təsbit olunan seçki hüququnu məhdudlaşdırır ki, bu da Konstitusiyanın 71-ci maddəsi ilə də ziddiyyət təşkil edir. Konstitusiyanın 71-ci maddəsinin II hissəsində göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İndiki halda isə seçki hüququ Mərkəzi Seçki Komissiyasının (MSK) bu “Qaydalar”ının adıçəkilən normaları ilə məhdudlaşdırılmışdır.

Eyni zamanda “Qaydalar”ın yuxarıda qeyd edilən normalarında qanunvericiliyə zidd olaraq seçki hüquqlarından istifadə ilə bağlı yeni qaydalar müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə görə insan hüquqlaından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalara daxildir. Yəni bu cür məsələlər Azərbaycn Respublikası Milli Məclisinin səlahiyyətlərinə daxildir və qanunla müəyyən edilir. İndiki halda nə Seçki Məcəlləsində, o cümlədən bu Məcəllənin “exit-poll” keçirən təşkilatların MSK-da akkrediasiyası ilə bağlı 25.1.23-cü maddəsində, nə də “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun qeyri-hökumət təşkilatlarının “exit-poll” keçirməsinin təsbit olunduğu 2.4-cü maddəsində, nə də digər qanunvericik aktlarında bu cür qaydalar (tələblər) nəzərdə tutulmamışdır. Belə olan halda Konstitusiyanın 94-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qaununla müəyyən edilməli olan bu normalar (qaydalar) MSK-nın qərarı ilə təsdiqlənən bu “Qaydalar”la müəyyən edilə bilməzdi.

Lakin BAM bu işi səhvən MSK qərarından verilən fərdi şikayət kimi qiymətləndirib və özünün 12.08.2013-cü il tarixli qərardadı ilə iddianı mümkünsüz hesab edərək icraata qəbul etməyib.

HİİB BAM-ın imtina qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə 29.08.2013-cü il tarixli qərarı ilə kassasiya şikayətini təmin edib və işi baxılması üçün BAM-a göndərib. BAM iddianı icraata qəbul edib və növbəti məhkəmə prosesini 18.10.2013-cü il, saat 14-00-a təyin edib. Lakin HİİB-in nümayəndəsi məhkəmə prosesinə gələrkən ona bildirilibdir ki, bu iş üzrə məhkəmə prosesi həmin gün saat 11.00-da MSK-nın nümayəndəsinin iştirakı ilə keçirilib və iddia rədd edilib. HİİB BAM-ın bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Şikayət Ali Məhkəmədə də təmin edilməyəcəyi halda məsələ Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qarşısında qaldırılacaq.



2). “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin

Exit-poll” aparan təşkilat kimi akkreditə edilməsindən imtina barədə iş

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi 9 oktyabr 2013-cü il prezident seçkilərində “exit-poll” aparan təşkilat kimi akkreditə edilməsi üçün MSK-ya müraciət edib. MSK 25.09.2013-cü il tarixli qərarı ilə bu İctimai Birliyi “Exit-poll” aparan təşkilat kimi akkreditədən imtina edib və imtina üçün “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiya qaydaları”nın 1.3 və 2.2.2-ci bəndlərini əsas götürüb. Həmin bəndlər exit-poll keçirən təşkilatın bu sahədə ixtisaslaşmış, müvafiq təcrübəyə malik nüfuzlu olması və “exit-poll”un keçirilməsinə cəlb edilən şəxslərin seçki hüququ və seçki sistemi üzrə mütəxəssis, yaxud bu sahədə müəyyən təcrübəsinin olması tələbini müəyyən edir.

MSK-nın “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyini exit-pol təşkilatı kimi akkredidətən imtina qərarından BAM-a şikayət verilib. BAM 28.09.2013-cü il tarixli qərarı ilə şikayəti təmin etməyib. BAM-ın qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 02.10.2013-cü il tarixli qərarı ilə kassasiya şikayətini təmin etməyib.



Qeyd edək ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiya qaydaları”nın 1.3 və 2.2.2-ci bəndləri HİİB-in qanunvericiliyə zidd hesab edilərək eibarsız (qüvvədən düşmüş) hesab edilməsi tələbi ilə qanunauyğunuğunu mübahisələndirdiyi müddəalardandır.

  1. Prezidentliyə namizədliyin qeydiyyatından

imtina ilə bağlı işlər

  1. Əhməd Orucun işi: MSK Azadlıq Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş Əhməd Orucun namizədliyinin qeydə alınmasından imtina edib və buna əsas kimi düzgün imzaların sayının namizədliyin qeydiyyatı üçün tələb olunan imzalardan az olmasını göstərib. MSK-nın namizədliyin qeydiyyata alınmasından imtina qərarından BAM-a şikayət verilib. BAM 13.09.2013-cü il tarixli qərarı ilə şikayəti təmin etməyib. BAM-ın bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 15.09.2013-cü il tarixli qərarı ilə BAM-ın qərarını ləğv edib və şikayəti yenidən baxılması üçün BAM-a göndərib. BAM imzaların təkrar yoxlanması üçün ekspertiza təyin edib. BAM-ın təyin etdiyi ekspertlər MSK-nın imzaları yoxlayan ekspertləri ilə eyni dövlət qurumunun, yəni Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin əməkdaşları olub. Ekspertizanın nəticələri MSK-da imzaların yoxlanmasının nəticələri ilə təxminən eyni olub. BAM ekspertizanın nəticələrini əsas götürərək 21.09.2013-cü il tarixli qərarı ilə “düzgün imzaların qeydiyyat üçün zəruri imzalardan az olması” əsası ilə MSK-nın qərarını yenidən qüvvədə saxlayıb. BAM-ın bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 25.09.2013–cü il tarixli qərarı ilə kassasiya şikayətini təmin etməyib. İş hazırda seçki hüququnun pozuntusu kimi BMT-nin İnsan Hüquqları Komitəsinə hazırlanır.

  2. Fuad Əliyevin işi: MSK Liberal Demokratik Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş Fuad Əliyevin qeydə alınmasından imtina edib və buna əsas kimi düzgün imzaların sayının namizədliyin qeydiyyatı üçün tələb olunana imzalardan az olmasını göstərib. MSK-nın namizədliyin qeydiyyata alınmasından imtina qərarından BAM-a şikayət verilib. BAM 13.09.2013-cü il tarxili qərarı ilə şikayəti təmin etməyib. BAM-ın qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 15.09.2013-cü il tarixli qərarı ilə BAM-ın qərarını ləğv edib və şikayəti yenidən baxılması üçün BAM-a göndərib. BAM imzaların təkrar yoxlanması üçün ekspertiza təyin edib. BAM-ın təyin etdiyi ekspertlər MSK-nın imzaları yoxlayan ekspertləri ilə eyni dövlət qurumunun, yəni Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin əməkdaşları olub. Ekspertizanın nəticələri MSK-da imzaların yoxlanmasının nəticələri ilə təxminən eyni olub. BAM ekspertizanın nəticələrini əsas götürərək 21.09.2013-cü il tarixli qərarı ilə “düzgün imzaların qeydiyyat üçün zəruri imzalardan az olmsı” səbəbindən MSK-nın qərarını yenidən qüvvədə saxlayıb. Qeyd edək ki, MSK-nın imzaları yoxlayan işçi qrupunun ekspertləri və BAM-ın imzaları təkrar yoxlamaq üçün təyin etdiyi ekspertlər Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin əməkdaşları olmuşlar. BAM-ın bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib. İş hazırda seçki hüququnun pozuntusu kimi BMT-nin İnsan Hüquqları Komitəsinə hazırlanır.

  3. Əli Əliyevin işi: Vətəndaş və İnkişaf Partiyasından prezidentliyə namizədliyi irəli sürülmüş Əli Əliyevin qeydə alınmasından imtina edib və buna əsas kimi düzgün imzaların sayının namizədliyin qeydiyyatı üçün tələb olunana imzalardan az olmasını göstərib. MSK-nın namizədliyin qeydiyyata alınmasından imtina qərarından BAM-a şikayət verilib. BAM 17.09.2013-cü il tarxili qərarı ilə şikayəti təmin etməyib. BAM-ın qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 21.09.2013-cü il tarixli qərarı ilə BAM-ın qərarını ləğv edib və şikayəti yenidən baxılması üçün BAM-a göndərib. BAM imzaların təkrar yoxlanması üçün ekspertiza təyin edib. BAM-ın təyin etdiyi ekspertlər MSK-nın imzaları yoxlayan ekspertləri ilə eyni dövlət qurumunun, yəni Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin əməkdaşları olub. Ekspertizanın nəticələri MSK-da imzaların yoxlanmasının nəticələri ilə təxminən eyni olub. BAM ekspertizanın nəticələrini əsas götürərək 21.09.2013-cü il tarixli qərarı ilə “düzgün imzaların qeydiyyat üçün zəruri imzalardan az olmsı” səbəbindən MSK-nın qərarını yenidən qüvvədə saxlayıb. Qeyd edək ki, MSK-nın imzaları yoxlayan işçi qrupunun ekspertləri və BAM-ın imzaları təkrar yoxlamaq üçün təyin etdiyi ekspertlər Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin əməkdaşları olmuşlar. BAM-ın bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 28.09.2013-cü il tarixli qərarı ilə kassasiya şikayətini təmin etməyib. İş hazırda seçki hüququnun pozuntusu kimi BMT-nin İnsan Hüquqları Komitəsinə hazırlanır.



  1. Seçki gününə qədərki mərhələ üzrə baş vermiş

qanun pozuntuları ilə bağlı işlər


  1. İctimai televiziyanın “Xalq seçir” verilişində baş vermiş qanun pozuntuları ilə bağlı müraciətlər:



  • İctimai Televiziyanın 19 sentyabr 2013-cü il tarixdə efirə gedən “Xalq seçir” verilişində prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənlinin təhqirə və təzyiqə məruz qalması ilə bağlı MSK-ya şikayət verilib. Şikayətdə prezidentliyə qeydə alınmış namizəd Hafiz Hacıyevin qeydiyyatının ləğvi üzrə müvafiq tədbirlərin görülməsi, onun və prezidentliyə namizəd irəli sürmüş “Yeni Azərbaycan” Patiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədovun barəsində hüquq mühafizə orqanlarına müraciət edilməsi, habelə onun istifadə edə bilmədiyi 1,5 dəqiqə vaxtın növbəti debatda bərpa olunması xahiş olunub. MSK bu şkayəti Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədovun şikayəti ilə prezidentliyə qeydə alınmış namizəd, fəaliyyətdə olan Prezident İlham Əliyevin şərəf və ləyaqətinin Cəmil Həsənli tərəfindən təhqir olunması iddiası ilə birgə araşdırıb. Nəticədə MSK 21 sentyabr 2013-cü il tarixli qərarı ilə Cəmil Həsənliyə Prezident İlham Əliyevin şərəf və ləyaqətini təhqir etdiyinə görə ciddi xəbərdarlıq, Hafiz Haclyevə isə, sadəcə xəbərdarlıq edib. MSK-nın bu qərarından BAM-a şikayət verilib. BAM 25.09.2013-cü il tarixli qərarı ilə şikayəti təmin etməyib. BAM-ın qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 28.09.2013-cü il tarixli qərarı ilə şikayəti təmin etməyib. Hazırda bu iş üzrə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (fikri ifadə azadlığının) pozuntusu kimi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlanır.

  • İctimai Televiziyanın 25 və 28 sentyabr 2013-cü il tarixlərdə efirə gedən “Xalq seçir” verilişimdə prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənli özünün və onun namizədliyini irəli sürmüş “Demokratik Qüvvələrin Milli Şurası”nın şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı Hafiz Hacıyev barəsində müvafiq tədbirlərin görülməsi, habelə İTV-nin adıçəkilən verilişinin aparıcısının təhqirlər üçün imkan yaratdığı üçün verilişdən kənarlaşdırılması ilə bağlı MSK-ya şikayət verib. MSK şikayəti araşdırmaqdan yayınıb. MSK-nın qərarından BAM-a şikayət verilib. BAM şikayəti təmin etməyib.

2) Prezidentliyə qeydə alınmış namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatların dərci ilə bağlı müraciət

  • Prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənli MSK-ya müraciət edərək prezidentliyə qeydə alınmış namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcini təmin etməyi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri sənədlərin surətlərinin ona təqdim edilməsi xahiş edilib. Mərkəzi Seçki Komissyası Katibliyi hüquq şöbəsinin müdiri İ. Hacıyeva 29 sentyabr 2013-cü il tarixli, 10/20-777 saylı məktubla “qanunvericilikdə həmin sənədlərin surətlərinin təqdim edilməsinin və bu sənədlərdə əks olunan məlumatların ictimailəşdirilməsi öhdəliyinin nəzərdə tutulmaması” bəhanəsi ilə bundan imtina etmişdir.

Bundan sonra MSK-ya təkrar müraciət edilərək bu cavabın əsassız olduğu və MSK-nın qanunla üzərinə qoyulan vəzifələrin icrasına əməl edilməsi xahiş edilib. Müraciətdə MSK-ya Seçki Məcəlləsinin 60.7.-ci maddəsi ilə MSK-nın üzərinə qeydə alınmış prezidentliyə namizədlər barədə məlumatların qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim etmək vəzifəsinin (öhdəliyinin) qoyulduğu, 40.2.-ci maddəsi ilə qeydə alınmış namizədin seçki sənədlərinin bu məlumatların əks olunduğu seçki sənədlərinin surətlərini almaq hüququnun olduğu və s. kimi normalar bir daha xatırladılıb. Lakin MSK bu müraciəti ümumiyyətlə cavablandırmayaraq adıçəkilən məlumatları dərc etməyib və həmin məlumatların əks olunduğu sənədlərin surətlərini təqdim etməkdən imtina edib.

MSK-nın bu qanusuz hərəkətsizliyindən BAM-a şikayət verilərək MSK-nın üzərinə həmin məlumatların dərc edilməsi və bu məlumatların əks olunduğu sənədlərin surətlərinin verilməsi vəzifəsinin qoyulması xahiş edilib. Lakin BAM 08.09.2013-cü il tarixli qərarı ilə şikayəti rədd edib. BAM-ın bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 12.10.2013-cü tarixli qərarı ilə kassasiya şikayətini təmin etməyib. Hazırda bu iş üzrə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin II hissəsinin (informasiya əldə etmək hüququnun) pozuntusu kimi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlanır.



3). Yaşayış yerlərini müvəqqəti tərk etmiş seçicilərlərin sayı ilə bağlı müraciət

Prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənli 9 oktyabr 2013-cü il Prezident seçkilərində yaşayış yerlərini müvəqqəti tərk etmiş seçicilərin sayı barədə məlumatın verilməsinə dair Mərkəzi Seçki Komisiyasına müraciət hazırlanıb. Lakin Mərkəzi Seçki Komissiyası bu müraciəti heç bir əsas gətirmədən cavablandırmayıb.



  1. Seçkilərin nəticələri ilə bağlı şikayətlər



  1. Seçki günü qanun pozuntuları baş vermiş seçki məntəqələrində seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı iş

Prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı 12 oktyabr 2012-ci il tarixdə MSK-ya şikayət verərək 9 oktyabr 2013-cü il Prezident seçkilərində qanun pozuntularına yol verilmiş seçki məntəqələrində seçkilərin nəticələrinin ləğv edilməsi və baş vermiş qanun pozuntularında cinayət xarakterli əməllər olduğundan müvafiq tədbir görülməsi üçün prokurorluğa müraciət edilməsi xahiş edilib. Bu şikayətə qanun pozuntularını təsdiqləyən aktların surətləri əlavə edilib. Qanun şikayətin aktların surətləri ilə də araşdırılması mümkün hesab etsə də, MSK aktların əslini tələb edib. MSK-ya aktların əslininin 12.10.2013-cü ildə təqdim ediləcəyi bildirilsə də, MSK 13.10.2013-cü il tarixli qərarla aktların əslinin təqdim edilməməsi bəhanəsi ilə şikayəti araşdırmaqdan yayınıb.

15.09.2013-cü il tarixdə MSK-ya yenidən müraciət edilərək şikayətin aktların əslləri üzrə araşdırılması xahiş edilib. Lakin MSK bu müraciəti ümumiyyətlə cavablandımayıb.

MSK-nın şikayətin araşdırılmaması ilə bağlı qərarından BAM-a şikayət verilib. BAM 15.10.2013-cü il tarixli qərarı ilə şikayəti təmin etməyib. BAM-ın qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 17.10.2013-cü il tarixli qəraı ilə kassasiya şikayətini təmin etməyib.

2) 11 saylı Qaradağ seçki dairəsinin bir sıra seçki məntəqələrində seçkilərin nəticələrinin ləğv edilməsi barədə iş

Prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Tamara Eyvazova 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasına müraciət edilərək1, 11, 13, 14, 15, 19, 20, 21, 22, 24 saylı seçki məntəqələrində qutulara topa bülletenlərin atılması, “karusel” əməliyyatları, seçkilərə kənar müdaxilələr, səslərin düzgün hesablanmamas, səlahiyyətli nümayəndəyə zorakılıq edilməsi və s. kimi seçkilərin nəticələrinə təsir göstərən ciddi qanun pozuntuları olduğundan nəticələrinin ləğv edilməsini və baş vermiş qanun pozuntularında cinayət əməli olduğundan prokurorluğa müraciət olunmasını xahiş etmişdir. Şikayətə qeyd edilən qanun pozuntularını təsdiqləyən aktlar və digər sənədlərin surətləri əlavə edilmişdir. Lakin 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyası şikayəti araşdırmayıb və şikayət üzrə heç bir tədbir görməyib.



3) Seçkilərinin nəticələrinin mübahisələndirilməsi ilə bağlı iş

Prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “2013-cü il 9 oktyabrda keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” 38/218 saylı, 17 oktyabr 2013-cü il tarixli qərarını və bu qərarla təsdiqlənmiş 2013-cü il 9 oktyabrda keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunu ləğv edilməsi iddiası ilə BAM-a müraciət edib. Şikayətə 95 seçki dairəsi üzrə 1087 seçki məntəqəsində baş vermiş qanun pozuntuları üzrə tərtib edilmiş 2105 akt, prezidentliyə qeydə alınmış namizəd İlham Əliyevin lehinə işarələnmiş 10 seçki dairəsinin seçki məntəqələrindən 117 seçki bülleteni və 71 saylı Masallı kənd seçki dairəsinin 1 və 19 saylı seçki məntəqələrinin yekun Protokolu (bu Protokolların nəticələri MSK-nın yekun hesabatında dəyişdirilib) təqdim edilib. İşə məhkəmədə baxılarkən isə, qanun pozuntularına dair daha 250 seçki mətəqəsi üzrə eyni sayda akt, 9 seçki dairəsinin yekun protokolu və səsəvermə günü müvafiq seçki məntəqələrində baş vermiş qanun pozuntularını əks etdirən videoyazılar təqdim edilib. Məhkəmə prosesində təqdim edilən bu sübutların məhkəmə iclas protokolunda əks olunması xahiş edilib. Lakin BAM qanun pozuntularına dair aktları, saxta bülletenləri, protokolları və videoyazıları araşdırmaqdan yayınmış və 18 oktyabr 2013-cü il tarixli qərarı ilə şikayəti təmin etməyib. BAM-ın bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmə 20 oktyabr 2013-cü il tarixli qərarı ilə kassasiya şikayətini təmin etməyib. Ali Məhkəmənin bu qərarından Konstitusiya Məhkəməsinə şikayət hazırlanır. Bu iş eyni zamanda seçki hüququnun pozuntusu kimi BMT-nin İnsan Hüquqları Komitəsinə hazırlanır.



  1. Seçki şikayətlərinə baxılmasının monitorinqi

Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Pezidentinin seçkilərində vahid seçki dairəsi rolunu oynadığından, seçki hüquq pozuntularına dair bütün şikayətlər demək olar ki, Mərkəzi Seçki Komissiyasına və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına verilir.

9 oktyabr 2013-cü il Prezident seçkilərində Mərkəzi Seçki Komissiyasında ümumilikdə 20 şikayətə baxılıb. Bu şikayətlərdən 15-i seçkiqabağı təşviqat dövründə, 5-i isə seçki günü baş vermiş qanun pozuntuları ilə bağlı olub. MSK verilən şikayətlərdən yalnız 1-ni təmin edib. Təmin olunuan şikayət seçkiqabağı təşviqat plakatının yayılmasına maneələrlə bağlı işin polis orqanlarına göndərilməsindən ibarət olub.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında 18 seçki şikayətinə baxılıb. Bu şikayətlərdən 2-si exit-polla bağlı, 6-sı namizədlərin qeydiyyatından imtina, 4-ü seçkiqabağı təşviqat, 1-i namizədlərin gəlirlərinin açıqlanması, 5-i isə seçkilərin nəticələri ilə bağlı olub. BAM bu şikayətlərin heç birini təmin edilməyib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında 17 şikayətə baxılıb. Ali Məhkəmə namizədliyin qeydə alınmasından imtina ilə bağlı MSK-nın qərarının qüvvədə saxlanmasına dair 3 iş (prezidentliyə namizədlikləri irəli sürülmüş Əhməd Oruc, Fuad Əliyev və Əli Əliyevin işləri) istisna olmaqla BAM-ın qərarlarını dəyişdirilmədən saxlamışdır. Lakin istisna təşkil edən 3 iş üzrə isənövbəti mərhələdə BAM öz qərarlarını dəyişdirməmiş və Ali Məhkəmə bu qərarları qüvvədə saxlamışdır. Beləliklə də son nəticə etibarı ilə Ali Məhkəmə tərəfindən seçki hüquq pozuntularında dair heç bir şikayət təmin edilməyib.



Monitorinqlər üzrə seçki şikayətlərinin baxılması üzrə qiymətləndirmə aşağıdakı kimi olub.

  1. Seçki komissiyalarında şikayətlərin araşdırılması

Seçki komissiyalarında şikayətlərin araşdırılması obyektiv, ədalətli və qanunvericiliyin tələblərinə uyğun aparılmayıb. Seçki şikayətlərinin araşdırılmasında problemlər əsasən aşağıdakılardan ibarət olub:

  • Şikayətlər seçki komissiyalarına təqdim edilərkən ərizəçilərə şikayətin qəbul edilməsinə dair təsdiqedici sənəd verilməyib: Seçki Məcəlləsinin 112-1. –ci maddəsinə görə seçki komissiyaları şikayəti qəbul edərkən şikayətin qəbul edildiyini təsdiq edən qəbz verməlidir. Lakin seçki komissiyaları şikayəti qəbul edərkən qanunun bu tələbinə əməl etməyiblər.

  • Ərizəçilərə şikayətin baxılma yeri və vaxtı barədə məlumat verilməyib. Seçki Məcəlləsinin 112-1.7-ci maddəsinə görə seçki komissiyası ərizəçiyə şikayətə baxılma yeri və vaxtı barədə 1 gün əvvəl məlumat verməlidir. Lakin seçki komissiyaları şikayətlərə baxılma yeri və vaxtı barədə ərizəçilərə demək olar ki, məlumat verməyib. Bu səbəbdən də ərizəçilər əksər hallarda şikayətlərə baxılması proseslərində iştirak edə və öz tələblərini müdafiə edə bilməyiblər.

  • Şikayətləri araşdıran ekspert qrupları müstəqil və neytral olmayıb. Seçki Məcəlləsinə və MSK-nın müvafiq Təlimatına görə şikayətləri araşdıran ekspert qrupu seçki komissiyası üzvlərindən və seçki komissiyası katibliyinin əməkdaşlarından təşkil olunur. Eksprt qruplarının bu cür təşkili onu müvafiq seçki komissiyalarının, xüsusilə də seçki komissiyalarının sədrlərinin nəzarəti altında fəaliyyət göstərmələrinə gətirib çıxarıb. Bu səbəbdən də ekspert qrupları şikayətləri araşdırarkən müstəqil olmayıb və neytral mövqe nümayiş etdirməyiblər.

  • Şikayətin araşdırılması səthi və qərəzli aparılıb. Ekspert qrupları şikayətləri mahiyyəti üzrə deyil, pozuntuların təsdiqlənməməsi üzrə araşdırılblar. Ekspert qrupları araşdırmanı şikayətdə göstərilən pozuntuların təsdiqlənməməsinə dair formal arqumentlərin axtarışı üzrə aparıblar və nəticə etibarı şikayətlər üzrə qərəzli və əsassız Rəylər veriblər. Bu Rəylər əsasında isə seçki komisiyaları hüquqi əsası olmayan qərarlar qəbul ediblər.

Bundan başqa şikayətlərin araşdırılması və bu barədə qərarların qəbulu maraqlar toqquşması ilə müşaiyət olunub. Belə ki, seçki komissiyalarının üzvləri ekspert qrupunun üzvləri kimi şikayətin araşdıraşdırılması üzrə Rəy veriblər, sonra isə həmin Rəy üzrə qərarların qəbulunda seçki komissiyalarının iclaslarında iştirak ediblər.

  • Şikayətlərin baxılması üzrə seçki komissiyaları qanuni vəzifələrini tam yerinə yetirməyib. Seçki komisiyaları bir sıra hallarda şikayətlərin araşdırılmasından və şikayətin araşdırılması üzrə öz üzərinə düşən vəzifələri tam yerinə yetirməkdən yayınıb. Belə ki, komissiyalar müxtəlif bəhanələrlə şikayətləri araşdırmamış, inzibati xəta və cinayət əməli ehtimal edilən qanun pozuntuları üzrə məhkəmələrə və hüquq mühafizə orqanlarına müraciət etməyiblər. Halbuki, Seçki Məcəlləsinin 88.7-ci və 112-1.6.5 maddələri ilə seçki komissiyalarının üzərinə belə vəzifələr qoyulur.

  • Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinin mübahisələndirilməsi üzrə şikayətin araşdırılmasından yayınıb. Mərkəzi Seçki Komissiyası səsvermə və seçkilərin nəticələrinin rəsmiləşdirilməsi mərhələsində baş vermiş qanun pozuntularını araşdırmaqdan müxtəlif bəhanələrlə yayınıb.

  • Seçki komissiyalarının seçki şikayətlərinə dair qərarları əsaslandırmayıb. Seçki komissiyaları şikayətlərin təmin edilməməsi üzrə gəldikləri nəticəni faktlar və hüquq normaları ilə deyil, formal arqumentlər və subyektiv mülahizələrlə əsaslandırıb. Bu qərarlar nəticə etibarı ilə seçki qanunvericiliyinə uyğun olmayıb.

  1. Məhkəmələrdə şikayətlərin araşdırılması.

Seçki komissiyalarında olduğu kimi Bakı Apellyasiya Məhəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində də şikayətlərin araşdırılması səthi, birtərəfli və formal xarakter daşıyıb. Məhkəmələrdə şikayətlərin mahiyyəti üzrə araşdırılmasına səy göstərməyib və məhkəmə prosesləri bir qayda olaraq 30 dəqiqə ərzində yekunlaşıb. Halbuki, əksər şikayətlər üzrə pozuntuların araşdırılması məhkəmə proseslərinin bundan qat-qat çox müddət ərzində davam etməsini zəruri edirdi.

Bir sıra hallarda şikayətlərə onun məhkəməyə təqdim edildiyi vaxtdan bir neçə saat ərzində baxılıb və məhkəmə prosesinin gedişi hakimlərin işin halları barədə məhkəmə proseslərində tanış olduqları ehtimalını yaradıb.

Şikayətlərin məhkəmə araşdırnası obyektiv və ədalətli aparılmayıb. Proseslərdə tərəflərin bərarbərliyi prinsipi təmin edilməyib və şikayətçilərin qaldırdıqları vəsatətlər əksər hallarda əsas gətirilmədən rədd edilib. Məhkəmələr şikayətlərin dəlillərini və işin hallarını araşdırmağa səy göstərməyib.

Mərkəzi Seçki Komissiyası kimi məhkəmələr də seçkilərin nəticələrinin mübahisələndirilməsi üzrə seçki günü baş vermiş qanun pozuntularını araşdırmaqdan yayınıb.

Şikayətlərin təmin olunmaması üzrə məhkəmə qərarları əsaslandırılmayıb və məhkəmələr demək olar ki, Mərkəzi Seçki Komissiyasının qərarlarında göstərilənləri öz qərarlarına köçürüb.


  1. Nəticələr və tövsiyyələr

9 oktyabr 2013-cü il Prezident seçkiləri göstərdi ki, əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də seçki şikayətlərininin araşdırılması sahəsində ciddi hüquqi və praktik problemlər mövcuddur. Bu seçkilərdə də şikayətlərin araşdırılması seçki qanunvericiliyinin tələblərinə uyğun və ədalətli aparılmayıb. Ümumilikdə isə, seçki hüquqlarının müdafiəsi üzrə hüquqi müdafiə vasitələri səmərəli və güvənli olmayıb. Seçki günü baş vermiş qanun pozuntularının araşdırılmasından yayınma halı isə, hüquqi müdafiə vasitələrini minimuma endirməklə “seçki günü heç bir qanun pozuntusu baş verməyib” görüntüsünü yaratmağa xidmət edib.

Əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də inzibati xəta hesab edilən seçki hüquq pozuntuları üzrə bir neçə hal istisna olmaqla məsuliyyətə cəlb edilən olmayıb. Halbuki, bu cür pozuntular xeyli olub və İnzibati Xətalar Məcəlləsi 26 seçki hüquq pozuntusuna görə məsuliyyət nəzərdə tutur. Cinayət hesab edilən seçki hüquq pozuntusuna görə isə, ümumiyətlə məsuliyyətə cəlb ediən olmayıb.



Seçki şikayətlərinin araşdırılması sahəsindəki hüquqi və praktik problemlərin aradan qaldırılması üçün aşağıdakılar tövsiyyə olunur:

  • Seçki şikayətlərinin tərtib edilməsi və verilməsi qaydaları sadələşdirilməli, şikayətlərin tərtibi hüququ pozulan hər kəs üçün əlçatan olmalıdır;

  • Şikayətləri araşdıran Ekspert Erupları ləğv edilməli və şikayətləri obyektiv araşdıra biləcək müstəqil hüquqşünaslardan ibarət Fakaraşdırıcı Qruplar yaradılmalıdır;

  • Şikayətlərin araşdırılması üçün 3 günlük müddətin əlavə olaraq daha 3 gün müddətində artırılması qaydası ləğv edilməlidir;

  • Şikayətlərinin araşdırılması və araşdırmadan yayınmaya, habelə şikayətin araşdırılması üzrə qanunla üzərinə düşən vəzifləri tam yerinə yetirməməyə görə cinayət məsuliyyəti müəyyən olunmalıdır;

  • Şikayətçinin öz təqsiri və könüllü imtinası istisna olmaqla, şikayətçinin şikayətin araşdırılmasında iştirak etməməsi həmin şikayət üzrə qərarın ləğvi üçün əsas hesab edilməlidir;

  • Seçki hüquqlarının pozulmasına görə inzibati xəta və cinayət hesab edilən əməllərə görə sanksiyalar sətləşdirilməlidir, habelə bu əməllərə görə məsuliyyətin labüdlüyü təmin edilməlidir;

  • Seçki iştirakçılarının inzibati xəta yaradan seçki hüquq pozuntularından yerli məhkəmələrə şikayət imkanları genişləndirilməli, bu pozuntular üzrə icraat sadələşdirilməli və çevik olmalıdır;

  • Seçkilərin nəticələrinin etibarsız hesab edilməsinə dair normalar konkretləşdirilməli və seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsi qaydası ləğv edilməlidir.




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə