Hüquqi Əsaslari qəfərov Midhəd Seyidəhməd oğlu



Yüklə 316,75 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü316,75 Kb.
#65648


“Qanun”.-2015.-№ 2(244).-S.94-104. 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA KONSTİTUSİYA 

MƏHKƏMƏSİNİN YARANMASI VƏ KONSTİTUSİON- 

HÜQUQİ ƏSASLARI 

 

Qəfərov Midhəd Seyidəhməd oğlu



hüquq üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin “Cinayət prosesi” kafedrasının professor əvəzi 

 

Konstitusiya  nəzarəti  cəmiyyətin  inkişafını  təmin  etmək  yolu  ilə  onun  sabitliyinin  qorunmasına,  dövlət 

hakimiyyəti sisteminin təkmilləşdirilməsinə və tənzimlənməsinə qulluq edir, yüksək şüuru və dövlətçilik təfəkkürünü 

formalaşdırır. 

Ulu öndər Hevdər Əlivev 

 

Açar  sözlər:  konstitusiya  nəzarəti,  konstitusiya  məhkəmsi,  konstitusiya,  konstitusiya  nəzarətinin  formaları, 

Konstitusiya Məhkəməsinin Plenumu. 



Ключевые  слова:  конституционная  проверка,  Конституционный  Суд,  Конституция,  формы 

конституционной проверки, Пленум Конституционного Суда. 



Keywords: constitutional check, constitutional court, constitution, forms of the constitutional check, Plenum 

of the Constitutional Court. 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinin  yaradılması  və  onun  mövcudluğunun  səbəb  və 

zərurətini  başa  düşmək  üçün,  ilk  növbədə,  «konstitusiya  nəzarəti»  institutunun  anlayışı  və  əhəmiyyəti  dərk 

edilməlidir.  Adından  göründüyü  kimi,  «konstitusiya  nəzarəti»  institutu  dövlətin Konstitusiyası  -  Əsas  Qanunu  ilə 

əlaqəlidir.  Təsadüfı  deyildir  ki,  bu  institut  yalnız  Konstitusiyaya  malik  olan  dövlətlərin  hüquq  sistemi  üçün 

xarakterikdir. Bütün hüquqi müddəalar kimi, konstitusion müddəaların da sadəcə bəyan edilməsi onların səmərəli 

realizə  edilməsi  üçün  kifayət  deyildir.  Konstitusion  müddəaların  səmərli  realizəsini  təmin  edən  əsas  vasitələrdən 

biri məhz «konstitusiya nəzarətı» institutudur. 

Ədəbiyyatda  haqlı  olaraq  qeyd  edilir  ki,  Konstitusiya  hər  bir  ölkənin  qanunvericiliyində  xüsusi  yer  tutaraq, 

dövlət quruluşunu müəyyən edir, xalqın suverenliyi, konstitusion quruluşun əsası, insan və vətəndaşların hüquq və 

azadlıqları,  hakimiyyətin  həyata  keçirilmə  mexanizmi,  yerli  idarəetmə,  dövlət  təsisatlarının  fəaliyyəti  ilə  bağlı 

mühüm  müddəaları  təsbit  edir,  insan,  cəmiyyət  və  dövlət  arasındakı  münasibətləri  tənzimləyən  əsasları  bərqərar 

edir.  Konstitusiya  bazası  yaradılmadan  hüquqi  dövlət  quruculuğu  mümkünsüzdür.  Bununla  belə,  mükəmməl 

konstitusiya  yazmaq  və  qəbul  etmək  ölkənin  demokratik  inkişafı  üçün  kifayət  deyil.  Dövlət  hakimiyyəti 

orqanlarının  fəaliyyətinin  konstitusiya  çərçivəsindən  kənara  çıxmaması  üçün  müvafıq  konstitusiya  nəzarəti  də 

təmin edilməlidir. Konstitusiya nəzarəti konstitusiya normalarının üstün hüquqi qüvvəsini təmin etməyə yönəlmiş 

fəaliyyət kimi nəzərdə tutulur (1, s. 11). 

[səh. 94-95]

 

Konstitusiya  nəzarəti  konstitusion  müddəaların  aliliyinin  təmin  edilməsi  vasitəsidir.  Onun  əsas  təyinatı 



Konstitusiyanın  müddəalarına  zidd  olan  hüquqi  aktların,  vəzifəli  şəxslərin  hərəkət  və  qərarlarının  müəyyən 

edilməsi və onların aradan qaldırılmasından ibarətdir (6, s. 203). 

Dünya təcrübəsində konstitusiya nəzarətinin həyata keçirilməsinin iki əsas forması mövcuddur: 

a)  Siyasi  konstitusiya  nəzarəti  forması  -  bu  və  ya  digər  qanunun  konstitusiyaya  uyğun  olub-olmaması 

məsələsinin  qeyri-məhkəmə  orqanları  tərəfindən  həll  edilməsini  ehtiva  edir.  Konstitusiya  nəzarətinin  bu  forması 

tətbiq edilərkən, müvafıq nəzarət qeyri-məhkəmə orqanları - prezident, hökümət, parlament və s. tərəfindən həyata 

keçirilir. Məsələn, dövlət başçısının parlament tərəfındən qəbul edilmiş qanuna, onun konstitusiyaya zidd olması 

səbəbindən veto qoymaq hüququnu tanıyan dövlətlərdə tam anlamda siyasi konstitusiya nəzarətindən bəhs etmək 

mümkündür. 

b) Konstitusiya nəzarətinin məhkəmə forması - bu və ya digər qanunun konstitusiyaya uyğun olub-olmaması 

məsələsinin məhkəmə orqanlan tərəfındən həll edilməsini ehtiva edir. 

Dünya  təcrübəsində  konstitusiya  nəzarətinin  məhkəmə  formasının  da  iki  əsas  modelinə  rast  gəlmək 

mümkündür: 



1)  Amerika  modeli  -  bu  model  daxilində  konstitusiya  nəzarəti  ümumi  yurisdiksiyalı  məhkəmələr  tərəfindən 

həyata  keçirilir.  Bu  model,  ABŞ-da  yaranmış,  uzun  illər  konstitusiya  nəzarətinin  məhkəmə  formasının  yeganə 

modeli  kimi  mövcud  olmuşdur,  hazırda  isə  ABŞ-la  yanaşı,  əksər  latın  Amerikası  dövlətlərində,  Skandinaviya 

ölkələrində,  Yaponiyada  və  s.  Dövlətlərdə  tətbiq  edilir.  Konstitusiya  nəzarətinin  məhkəmə  formasının  Amerika 

modelinin  yaranmasının  özənəməxsus  tarixçəsi  vardır.  Məsələ  burasındadır  ki,  bu  model  ABŞ-da  ilk  dəfə  tətbiq 

edilərkən, həmin dövlətdə məhkəmələrin fəaliyyətini tənzim edən normativ aktların heç birində, yəni nə 1787-ci il 

tarixli  ABŞ  Konstitusiyasında,  nə  də  1789-cu  il  tarixli  «Məhkəmə  quruluşu  haqqında»  qanunda  ABŞ-ın  Ali 

Məhkəməsinə konstitusiya nəzarətinin həyata keçirilməsi səlahiyyəti verilməmişdi. Buna baxmayaraq, 1803-cü ildə 

ABŞ-ın  Ali  Məhkəməsində  Merberi  Medisona  qarşı  iş  üzrə  qərar  qəbul  edilərkən,  faktiki  olaraq,  konstitusiya 

nəzarətinin  məhkəmə  formasının  əsası  qoyulmuşdur.  Belə  ki,  qeyd  edilən  iş  üzrə  qərarda  qeyd  edilmişdir  ki, 

Konqresin Konstitusiyaya zidd olan qanunu məhkəmə tərəfindən qeyri-konstitusion hesab edilə bilər, başqa sözlə, 

qeyd  edilən  iş  üzrə  məhkəmə  belə  qərar  qəbul  etməklə  özünə,  yəni  ABŞ-ın  Ali  Məhkəməsinə  qanunların 

konstitusiyaya uyğunluğuna məhkəmə nəzarətini həyata keçirmək səlahiyyətlərini vermişdir(l, s. 14-18). 

Konstitusiya ədalət mühakiməsinin amerikan sisteminin xüsusiyyəti ondan ibarətdir ki, o, adi, mülki, inzibati, 

cinayət  və  digər  konstitusiyaya  aid  olmayan  işləri  həll  edən  ümumi  yurisdiksiyalı  məhkəmələr  tərəfindən  həyata 

keçirilir.  Əgər  ABŞ  məhkəməsi  hansısa  bir normativ-hüquqi aktı  konstitusiyaya  uyğun  olmayan  hesab  edirsə,  o, 

formal  olsa  da  qüvvədə  olmaqda  davam  edir,  lakin  heç  bir  məhkəmə  presendet  səviyyəsində  onu  tətbiq  etmir. 

Konstitusiya  ədalət  mühakiməsinin  Amerika  sistemi  bəzi  digər  ölkələr  tərəfindən  də  götürülmüşdür.  Argentina, 

Yaponiya  və  Norveçdə  ABŞ-da  olduğu  kimi,  Konstitusiya  nəzarəti  hüququna  istənilən  səviyyəli  yurisdiksiyalı 

məhkəmələr malikdir. Avstriya, Hindistan və Maltada isə belə səlahiyyətlərə yalnız yüksək səviyyəli məhkəmələr 

malikdir. Məsələn, Avstraliyada belə məhkəmə Ali Məhkəmə hesab edilir (5, s. 191-192). 

2)  Avropa  modeli  -  bu  model  daxilində  isə  konstitusiya  nəzarəti  xüsusi  yaradılmış,  ixtisaslaşdırılmış 

məhkəmələr və ya məhkəməyə bənzər orqanlar (kvazi-məhkəmə 

[səh. 95-96]

 orqanları) tərəfındən həyata keçirilir. 

Konstitusiya nəzarətinin məhkəmə formasının bu modeli ilk dəfə Avstriyada 1920-ci ildə yaranmışdır. Başqa sözlə, 

Avstriyanın Konstitusiya Məhkəməsi dünyada birinci xüsusi yaradılmış, ixtisaslaşdırılmış Konstitusiya Məhkəməsi 

olmuşdur. 

ABŞ-ın  özü-özünə  konstitusiya  nəzarəti  səlahiyyəti  vermiş  Ali  Məhkəməsindən  fərqli  olaraq,  Avstriya 

Konstitusiya  Məhkəməsinin  müvafiq  səlahiyyətlərinə  dair  müddəalar  Avstriya  Konstitusiyasında  birbaşa  olaraq 

nəzərdə  tutulurdu.  Hal-hazırda  Avropa  modeli  Azərbaycan  Respublikası  da  daxil  olmaqla,  Skandinaviya 

ölkələrindən  və  Fransadan  başqa,  bütün  Avropa  dövlətlərində,  eləcə  də,  Qazaxıstan,  Moldova  və  Türkmənistan 

istisna olmaqla, MDB dövlətlərində, həmçinin, Litvada və s. tətbiq edilməkdədir. 

Bir  qayda  olaraq,  konstitusiya  nəzarətinin  məhkəmə  forması  xüsusi  ixtisaslaşdırılmış  orqan  qismində 

Konstitusiya  Məhkəməsinin  mövcudluğunu  və  fəaliyyətini  nəzərdə  tutur.  Lakin  bəzi  dövlətlətdə  (Məsələn, 

Fransada) həmin funksiya kvazi məhkəmə orqanı (Fransada bu orqan Konstitusiya Şurası adlanır) tərəflndən həyata 

keçirilir. Bu səbəbdən, ədəbiyyatda konstitusiya nəzarətinin kvazi  məhkəmə orqanı tərəfındən həyata keçirilməsi 

konstitusiya nəzarətinin məhkəmə formasının Avropa modeli daxilində müstəqil üsul kimi nəzərdən keçirilir (5, s. 

191). 

Kvazi  məhkəmə  orqanlarının  fərqləndirici  əlaməti  о  hesab  edilir  ki,  onlar  təkcə  növbəti  nəzarəti,  yəni  artıq 



qəbul olunmuş və ya dərc edilmiş aktlara nəzarəti deyil, həm də onlara ilkin nəzarəti həyata keçirirlər (5, s. 194). 

Digər  cəhət  isə  məhkəmə  orqanlari  ilə  kvazi  məhkəmə  orqanlarinin  fəaliyyətinin  tənzimlənməsi  səviyyəsi  ilə 

bağlidir.  Məhkəmə  orqanlarının  fəaliyyəti  qanunla  dəqiq  şəkildə  tənzimlənir,  onların  qərarları  məcburi 

xarakterlidir.  Kvazi  məhkəmə  orqanlarinin  isə  fəaliyyəti  nisbətən  səthi  tənzim  olunur  və  qərarlari  adətən  tövsiyə 

xarakterlidir  (3,  s.  457). Kvazi  məhkəmə  orqanlarina nümunə  kimi  Fransa  və  Qazaxistanda Konstitusiya  Şuralari 

göstərilə bilər. 

Fransa  Konstitusiya  Şurasi  9  il  müddətinə  təyin  edilən  9  üzvdən  ibarətdir,  onların  səlahiyyətləri  artırılmır. 

Şuranın üzvlərindən üçü Fransa Prezidenti tərəfindən, üçü Senatın (Parlamentin yuxarı palatası) sədri tərəfindən, 

qalan üçü isə Milli Məclisin (Parlamentin aşağı palatası) sədri tərəfındən təyin edilir. Hər üç ildən bir Konstitusiya 

Şurasının  üçdə  birinin  yeniləşməsi  aparılır.  Bu  9  üzvdən  başqa  Konstitusiya  Şurasının  tərkibinə  Fransanın  sabiq 

prezidentləri daxil edilir. Fransa Konstitusiya Şurasına Fransa Prezidentinin Şura üzvləri arasında təyin etdiyi sədr 

başçılıq  edir.  Səslərin  bərabər  bölünməsi  halında  sədrin  səsi  həlledici  olur.  Konstitusiya  Şurası  Respublika 

Prezidentinin  seçilməsinin  düzgünlüyünə  nəzarət  edir,  protestlərə  baxır  və  səsvermənin  nəticələrini  elan  edir.  О, 

həmçinin  deputat  və  senatorların  da  seçilməsinin  düzgünlüyü  haqqında  mübahisələri  həll  edir.  Beləliklə, 




Konstitusiya Şurası seçki məhkəməsi funksiyasını, Prezident seçkiləri və referenduma münasibətdə isə, həmçinin 

mərkəzi seçki orqanının müəyyən funksiyalarını yerinə yetirir. Konstitusiya Şurasının qərarlarından şikayət verilə 

bilməz, onlar bütün dövlət hakimiyyəti və bütün inzibati, məhkəmə orqanları üçün məcburidir (5, s. 193-194). 

Hüquq  ədəbiyyatinda  konstitusiya  nəzarətinin  “taşkili  qaydasina  görə  mərkəzləşdirimiş  və 

mərkəzləşdirilməmiş  konstitusiya  nəzarəti,  konkret  işlə  bağli  olmasi  ib  əlaqədar  konkret  və  mücərrəd  nəzarət, 

qanunun özünə münasibətdə nə zaman həyata kecirilməsindən asil olaraq ilkin və sonraki nəzarət, formal və maddi 

nəzarət  (qanunun  və  ya  normativ  aktin  qəbulu  prosedurunun  düzgünlüyünün  və  yaxud  normativ  aktlar  arasinda 

ziddiyyətin  yoxlanilmasina  görə),  nəzarətin  nəticələrinə  görə  məcburi  və  fakültativ  nəzarət  fərqləndirilir.  Bundan 

əlavə nəzarətin hansi orqan tərəfindən 

[səh. 96-97]

 həyata gecirilməsindən asili olaraq siyasi və məhkəmə nəzarəti 

fərqləndirilir” (3, s. 456-464). 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaranması dövlət müstəqilliyinin bərpa edilməsi və yeni 

Konstitusiyanın qəbul edilməsi ib birbaşa bağlı olsa da, Sovetlər İttifaqının tərkib hissəsi kimi, sovet hüquq sistemi 

daxilində «konstitusiya nəzarəti» institutunun inkişaf tarixi, əslində, Azərbaycana da aiddir. Bu səbəbdən, sovetlər 

dövründə konstitusiya nəzarəti ideyasının və onun realizə mexanizminin qısa inkişaf tarixçəsinə də diqqət yetirmək 

moqsədəuyğundur. 

SSRİ  ərazisində  «konstitusiya  nəzarəti»  institutuna  ehtiyac  müttəfiq  respublikaların  qanunları  arasındakı 

uyğunsuzluq  və  bəzən  onların  bir-birindən  kəskin  fərqlənməsindən  irəli  gələn  ziddiyyətlərin  aradan  qaldırılması 

zərurətindən yaranmışdır. Bu ziddiyyətlərin aradan qaldırılması zamanı rəhbər tutulmalı olan meyar kimi isə yalnız 

SSRİ  Konstitusiyası  (SSRİ-nin  ilk  Konstitusiyası  1924-cü  ildə  qəbul  edilmişdir)  çıxış  edə  bilərdi.  SSRİ 

Konstitusiyasına riayət edilməsi üzərində nəzarət funksiyası 1924-cü ildə yaradılmış SSRİ Ali Məhkəməsinə həvalə 

edilmişdi  -  SSRİ  Konstitusiyasının  43-cü  maddəsi  SSRİ  Ali  Məhkəməsinə  digər  səlahiyyətlərlə  yanaşı,  birbaşa 

olaraq,  konstitusiya  nəzarəti  səlahiyyəti  də  verirdi.  Lakin  Ali  Məhkəmənin  konstitusiya  nəzarəti  səlahiyyətləri 

yalnız SSRİ MİK-in təqdimatı əsasında müttəfıq respublikaların bu və ya digər qərarlarının Konstitusiyaya uyğun 

olub-olmamasına  dair  rəy  verməklə  məhdudlaşırdı.  XX  əsrin  30-cu  illərinin  əvvəllərindən  etibarən,  Ali 

Məhkəmənin  konstitusiya  nəzarətinə  dair  faliyyəti  getdikcə  passivləşməyə  başladı,  1936-cı  il  tarixli  SSRİ 

Konstitusiyasının qəbul edilməsi ilə isə bu institut, ümumiyyətlə, ləğv olundu, çünki əvvəlki konstitusiyadan fərqli 

olaraq, həmin konstitusiyanın heç bir müddəası heç bir məhkəməyə və ya orqana konstitusiya nəzarəti səlahiyyəti 

vermirdi. SSRİ-də bu instituta növbəti dəfə müraciət bir də 1989-cu ilə təsadüf edir. Belə ki, 23 dekabr 1989-cu il 

tarixdə «SSRİ-də konstitusiya nəzarəti haqqında» Qanunun qəbul edilməsi konstitusiya nəzarəti funksiyasını həyata 

keçirməli  olan  ixtisaslaşdırılmış  qurumun  -  SSRİ  Konstitusiya  Nəzarəti  Komitəsinin  yaradılmasına  səbəb  oldu. 

Məhz bu orqanı, Sovetlər İttifaqı dağıldıqdan sonra Rusiyada, həmçinin, digər post-sovet dövlətlərində yaradılmış 

Konstitusiya Məhkəmələrinin sələfi hesab etmək olar (6, s. 204-207). 

Artıq  qeyd  edildiyi  kimi,  Azərbayean  Respublikası  Konstitusiya  Məhkəməsinin  yaradılması  müstəqil 

Azərbaycanın  12  noyabr  1995-ci  il  tarixdə,  ümumxalq  səsverməsi  -  referendum  yolu  ilə  yeni  Konstitusiyasının 

qəbul  edilməsi  ilə  bağlı  olmuşdur.  Konstitusiyanın  86,  88,  102,  103,  104,  107,  130,  153  və  154-cü  maddələri 

Konstitusiya  Məhkəməsinin  səlahiyyətləri,  formalaşması  və  fəaliyyəti  prinsiplərini  nəzərdə tutur.  Konstitusiyanm 

130-cu  maddəsi,  bütünlüklə,  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinin  səlahiyyətlərinə,  fəaliyyət 

istiqamətlərinə həsr edilmişdir. Hüquq ədəbiyyatinda haqli olaraq qeyd edilir ki, belə ətrafli tənzimləmə təkcə onun 

əhəmiyyətindən irəli gəlmir, Konstitusiyada bu yolla konstitusiya nəzarəti institutu tənzim olunur (3, s. 454). 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  qəbul  edilməsindən  sonra,  27  oktyabr  1997-ci  il  tarixdə  AR 

«Konstitusiya  Məhkəməsi  haqqında»  Qanun  qəbul  edilmiş,  Milli  Məclisin  14  iyul  1998-ci  il  tarixli  qəran  ilə 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  fəaliyyətə  başlamışdır.  24  avqust  2002-ci  il  tarixdə 

referendum yolu ib Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərin sırasında 130-cu maddəyə də aid olan əlavə ver 

almışdır. Həmin əlavəyə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. 

Nəhayət,  23  dekabr  2003-cü  il 

[səh.  97-98]

  tarixdə  «Konstitusiya  Məhkəməsi  haqqında»  yeni  Qanun  qəbul 

edilmişdir (4). Yeni qanunla Konstitusiya Məhkəməsinin səlahiyyətləri daha da genişləndirilmiş, hər kəsin qanunla 

nəzərdə  tutulmuş  qaydada,  birbaşa,  Konstitusiya  Məhkəməsinə  müraciət  etmək  və  şikayət  vermək  hüquqları 

tanınmışdır. 

Konstitusiyanın 130-cu maddəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə dair aşağıdakı əsas 

konstitusion müddəaları nəzərdə tutur: 

— Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir (ARK mad. hissə) (2). 



— Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin 

təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir (ARK mad. 130, II hissə). 

— Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan 

Respublikası  Milli  Məclisinin,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin,  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçivan Muxtar Respublikası Ali Məclisinin sorğusu 

əsasında aşağıdakı məsələləri həll edir (ARK mad. 130, III hissə): 

1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərarlarının,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və 

sərəncamlarının,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarının  Azərbaycan  Respublikası 

Konstitusiyasına uyğunluğu

2)  Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarının,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

qərarlarının,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ-hüquqi  aktlarının  Azərbaycan  Respublikası 

qanunlarına uyğunluğu; 

3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlannın, mərkəzi icra hakimiyyəti orqanlarının normativ-

hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu; 

4)  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  qərarlarının  qanunda  nəzərdə  tutulmuş  hallarda  Azərbaycan 

Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu; 

5)  bələdiyyə  aktlarının  Azərbaycan  Respublikası  Konstitusiyasına,  Azərbaycan  Respublikası  qanunlarına, 

Azərbaycan  Respublikası  Prezidentinin  fərmanlarına,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarlarına 

(Naxçivan  Muxtar  Respublikasında  həm  də  Naxçivan  Muxtar  Respublikasının  Konstitusiyasına,  qanunlarına  və 

Naxçivan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu; 

6)  Azərbaycan  Respublikasının  qüvvəyə  minməmiş  dövlətlərarası  müqavilələrinin  Azərbaycan  Respublikası 

Konstitusiyasına  uyğunluğu;  Azərbaycan  Respublikasının  hökumətlərarası  müqavilələrinin  Azərbaycan 

Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu; 

7)  Naxçivan  Muxtar  Respublikası  Konstitusiyasının,  qanunlarının,  Naxçivan  Muxtar  Respublikası  Ali 

Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu; 

Naxçivan  Muxtar  Respublikası  qanunlarının,  Naxçivan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin  qərarlarının 

Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçivan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının 

Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına 

uyğunluğu; 

8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr. 

— Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası 

[səh. 98-99] 

Prezidentinin, 

Azərbaycan  Respublikası  Milli  Məclisinin,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin,  Azərbaycan 

Respublikası  Ali  Məhkəməsinin,  Azərbaycan  Respublikası  Prokurorluğunun,  Naxçivan  Muxtar  Respublikası  Ali 

Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir (ARK mad. 130, 

IV hissə). 

—  Hər  kəs  onun  hüquq  və  azadlıqlarını  pozan  qanunvericilik  və  icra  hakimiyyəti  orqanlarının  normativ 

aktlarından,  bələdiyyə  və  məhkəmə  aktlarından  qanunla  müəyyən  edilmiş  qaydada  bu  maddənin  Konstitusiyanın 

130-cu  maddəsinin  III  hissəsinin  1-7-ci  bəndlərində  göstərilən  məsələlərin  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsi  tərəfindən  həll  edilməsi  üçün  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə 

pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər (ARK mad. 130, V hissə). 

—  Azərbaycan  Respublikasının  qanunları  ilə  müəyyən  edilmiş  qaydada  məhkəmələr  insan  hüquq  və 

azadlıqlarının  həyata  keçirilməsi  məsələləri  ilə  bağlı  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  qanunlarının 

şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər (ARK mad. 

130, VI hissə). 

—  Azərbaycan  Respublikasının  İnsan  hüquqları  üzrə  müvəkkili  insan  hüquq  və  azadlıqlarını  pozan 

qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə  və  məhkəmə aktlarından qanunla 

müəyyən  edilmiş  qaydada  Konstitusiyanın  130-cu  maddəsinin  III  hissəsinin  1-7-ci  bəndlərində  göstərilən 

məsələlərin  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  tərəfindən  həll  edilməsi  üçün  Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər (ARK mad. 130, VII hissə). 

— Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri 

də həyata keçirir (ARK mad. 130, VIII hissə). 




—  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  öz  səlahiyyətlərinə  aid  edilən  məsələlərə  dair 

qərarlar  qəbul  edir.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  qərarı  Azərbaycan  Respublikası 

ərazisində  məcburi  qüvvəyə  malikdir.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  qərarları  dərc 

edilməlidir (ARK mad. 130, IX hissə). 

— Qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası 

müqavilələri  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  qərarında  müəyyən  edilmiş  müddətdə 

qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri isə qüvvəyə minmir (ARK mad. 130, X 

hissə). 


«Konstitusiya  Məhkəməsi  haqqında»  Qanunun  3-cü  maddəsinə  əsasən,  Konstitusiya  Məhkəməsinin 

səlahiyyətləri  Azərbaycan  Respublikası  Konstitusiyasının  84-cü  maddəsinin  I  hissəsi,  86-cı  maddəsi,  88-ci 

maddəsinin I hissəsi, 101-ci maddəsinin V hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin 

II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III - VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən 

edilir. 

Göstərilən  normalarin  təhlili  əsasinda  Konstitusiya  Məhkəməsinin  səlahiyyətlərinin  Konstitusiyanin  130-cu 

maddəsində sadalanmayan digər məsələlərin aşağıdakıları əhatə etdiyini görürük. 

1)  müharibə  şəraitində  hərbi  əməliyyatların  aparılması  AR  Milli  Məclisinə  seçkilərin  keçirilməsini  mümkün 

etmədikdə AR Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə 

qərar  seçkilərin  (referendumun)  keçirilməsini  təmin  edən  dövlət  orqanının  müraciətinə  əsasən  AR  Konstitusiya 

Məhkəməsi tərəfındən qəbul edilir (ARK mad. 84,1 hissə); 

2)  AR  Milli  Məclisi  deputatlarının  seçkilərinin  nəticələrinin  düzgünlüyünü  qanunla  müəyyən  olunmuş 

qaydada yoxlamaq və təsdiq etmək (ARK mad. 86); 

[səh. 99-100]

 

3)  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilərdən  sonra  martin  10-dək  onun  83  deputatının 



səlahiyyətləri  təsdiq  edilməzsə,  Milli  Məclisin  ilk  iclasının  keçirilmə  vaxtını  müəyyən  etmək  (ARK  mad.  88,  I 

hissə); 


4)  AR  Milli  Məclisi  tərəfindən  AR  Prezidentinin  impiçment  qaydasında  vəzifədən  kənarlaşdırılması 

Konstitusiya Məhkəməsinin təqdimatına əsasən həyata keçirilir (ARK mad. 95,1 h., bənd 12); 

5)  müharibə  şəraitində  hərbi  əməliyyatların  aparılması  AR  Prezidenti  seçkilərinin  keçirilməsini  mümkün 

etmədikdə  AR  Prezidentinin  səlahiyyəti  müddəti  hərbi  əməliyyatların  sonunadək  uzadılır.  Bu  barədə  qərar 

seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Konstitusiya Məhkəməsi 

tərəfindən qəbul edilir (ARK mad. 101, V hissə); 

6) Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 

gün ərzində rəsmən elan etmək (ARK mad. 102); 

7)  AR  Prezidenti  seçilmiş  şəxsin  AR  Prezidenti  seçkilərinin  yekunları  haqqında  məlumatın  elan  olunduğu 

gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməsi (ARK mad. 103,II 

hissə); 

8)  AR  Prezidenti  istefa  verdikdə  onun  təqdim  etdiyi  istefa  ərizəsini  qəbul  etmək,  istefa  ərizəsinin  AR 

Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə onun istefasının qəbul olunması haqqında qərar qəbul etmək. 

Həmin andan AR Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır (ARK, mad. 104, II hissə); 

9)  AR  Prezidentinin  səhhətinə  görə  öz  səlahiyyətlərini  icra  etmək  qabiliyyətini  tamamilə  itirdiyi  barədə 

məlumat  verildikdə  bu  faktın  aydınlaşdırılması  üçün  Milli  Məclisin  müraciətini  qəbul  etmək.  Konstitusiya 

Məhkəməsi  bu  barədə  qərarı  hakimlərin  6  səs  çoxluğu  ilə  qəbul  edir.  Əgər  о  bu  faktı  təsdiq  etməzsə,  məsələ 

bununla bitmiş sayılır (ARK mad. 104, III hissə); 

10) AR Prezidentinin vəzifədən kənarlaşdınlması təşəbbüsü AR Prezidenti ağır cinayət törətdikdə Konstitusiya 

Məhkəməsinin təşəbbüsü ilə Ali Məhkəmənin 30 gün müddətində verilən rəyi əsasında Milli Məclis qarşısında irəli 

sürülə bilər. 

Milli  Məclisin  deputatlarının  95  səs  çoxluğu  ilə  qəbul  olunmuş  qərarı  əsasında  AR  Prezidenti  vəzifədən 

kənarlaşdırıla  bilər.  Bu  qərarı  Konstitusiya  Məhkəməsinin  sədri  imzalayır,  əgər  Konstitusiya  Məhkəməsi  həmin 

qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir. 

AR  Prezidentinin  vəzifədən  kənarlaşdırılması  haqqında  qərar  Konstitusiya  Məhkəməsinin  Milli  Məclisə 

müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, 

AR Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır (ARK mad. 107); 



Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  onun 

səlahiyyətlərinə  aid  edilmiş  məsələlərə  dair  ali  konstitusiya  ədalət  mühakiməsi  orqanıdır.  Konstitusiya 

Məhkəməsinin  əsas  məqsədləri  Azərbaycan  Respublikası  Konstitusiyasının  aliliyini  təmin  etmək,  hər  kəsin  əsas 

hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarmı Azərbaycan 

Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr, 

«Konstitusiya  Məhkəməsi  haqqında»  AR  Qanunu,  Azərbaycan  Respublikasının  digər  qanunları  və  Konstitusiya 

Məhkəməsinin  Daxili  Nizamnaməsi  təşkil  edir.  Konstitusiya  Məhkəməsinin  fəaliyyəti  Azərbaycan  Respublikası 

Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və aşkarlıq prinsipləri əsasında qurulur.

 [səh. 100-101]

 

Konstitusiya  Məhkəməsi  müstəqil  dövlət  orqanıdır  və  təşkilati,  maliyyə,  habelə  hər  hansı  başqa  cəhətdən 



qanunvericilik,  icra  və  digər  məhkəmə  hakimiyyəti  orqanlarından,  yerli  özünüidarə  orqanlarından,  habelə  hüquqi 

və  fiziki  şəxslərdən  asılı  deyildir.  Hər  hansı  bir  şəxs  tərəfindən,  hər  hansı  bir  səbəbdən  bilavasitə,  yaxud  dolayı 

yolla  konstitusiya  icraatına  məhdudiyyət  qoyulması,  təsir,  hədə  və  müdaxilə  edilməsi,  habelə  məhkəməyə 

hörmətsizlik  göstərilməsi  yolverilməzdir  və  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  surətdə 

məsuliyyətə səbəb olur. 

Artıq  qeyd  edildiyi  kimi,  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin  I  hissəsinə  uyğun 

olaraq,  Konstitusiya  Məhkəməsi  9  hakimdən  ibarətdir.  Konstitusiya  Məhkəməsi  işlərə  palataların  və  Plenumun 

iclaslarında  baxır.  Konstitusiya  Məhkəməsi  Plenumunun  tərkibinə  Konstitusiya  Məhkəməsinin  bütün  hakimləri 

daxildir.  Konstitusiya  Məhkəməsi  Plenumunun  iclasları,  bir  qayda  olaraq,  Konstitusiya  Məhkəməsinin  sədri 

tərəfindən  çağırılır,  «Konstitusiya  Məhkəməsi  haqqında»  AR  Qanunu  və  Konstitusiya  Məhkəməsinin  Daxili 

Nizamnaməsi ilə müəyyən edilmiş qaydada keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına Konstiusiya 

Məhkəməsinin  sədri  və  ya  onu  əvəz  edən  şəxs  sədrlik  edir.  «Konstitusiya  Məhkəməsi  haqqında»  Qanunla  başqa 

hallar  müəyyən  edilməyibsə,  Konstitusiya  Məhkəməsi  Plenumunun  iclası  azı  6  hakim  iştirak  etdikdə 

səlahiyyətlidir. 

Palataların  tərkibləri  Konstitusiya  Məhkəməsinin  sədri  tərəfindən  müəyyən  edilir.  Palataların  təşkili, 

iclaslarının  çağırılması  və  keçirilməsi  qaydaları  Konstitusiya  Məhkəməsinin  Daxili  Nizamnaməsi  ilə  müəyyən 

edilir.  Palataların  iclasları  azı  3  hakim  iştirak  etdikdə  səlahiyyətlidir.  Konstitusiya  Məhkəməsinin  sədri  və  onun 

müavini eyni palatanın tərkibinə daxil ola bilməzlər. Palataların iclaslarında Konstitusiya Məhkəməsinin hakimləri 

növbə ilə sədrlik edirlər. Bu sədrliyin ardıcıllığı palataların iclaslarında müəyyən edilir. 

Konstitusiya  Məhkəməsi  palatalarının  iclaslarında  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu 

maddəsinin  III-VII  hissələrində  nəzərdə  tutulmuş  məsələlərə  dair  sorğuların,  müraciətlərin  və  ya  şikayətlərin 

icraata  qəbul  edilib-edilməməsi  məsələsi  həll  olunur.  Əgər  icraata  qəbul  edilirsə,  onda  Konstitusiya  Məhkəməsi 

Plenumunun  iclaslarında  sorğulara,  müraciətlərə  və  şikayətlərə  mahiyyəti  üzrə  baxılır.  Elə  məsələlər  də  var  ki, 

məsələn,  əvvəldə  artiq  qeyd  etdiyimiz  kimi,  Azərbaycan  Respublikası  Konstitusiyasının  84-cü  maddəsinin  I 

hissəsində, 86-cı maddəsində, 88-ci maddəsinin I hissəsində, 101-ci maddəsinin V hissəsində, 102-ci maddəsində, 

104-cü  maddəsinin  II  və  III  hissələrində,  107-ci  və  153-cü  maddələrində  nəzərdə  tutulmuş  məsələlərə  -  birbaşa 

Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında baxılır. 

Konstitusiya  Məhkəməsinin  iclaslarında  həll  edilən  məsələlər  istisna  olmaqla,  Konstitusiya  Məhkəməsinin 

daxili  fəaliyyətinə  dair  və  digər  məsələlərin  baxılıb  həll  edilməsi  üçün  Konstitusiya  Məhkəməsi  hakimlərinin 

yığıncaqları  keçirilir.  Hakimlərin  yığıncaqları  Konstitusiya  Məhkəməsinin  sədri  tərəfindən  çağırılır.  Hakimlərin 

yığıncağı  hər  hansı  hakimin  tələbi  ilə  də  çağırıla  bilər.  Hakimlərin  yığıncağı  Konstitusiya  Məhkəməsinin  azı  6 

hakimi  iştirak  etdikdə  səlahiyyətlidir.  Konstitusiya  Məhkəməsi  hakimlərinin  yığıncağı  aşağıdakı  məsələləri  həll 

edir: 

—  Konstitusiya  Məhkəməsinin  işinin  təşkili  üçün  Konstitusiya  Məhkəməsinin  Daxili  Nizamnaməsini  qəbul 



edir; 

— Konstitusiya Məhkəməsinin rəsmi embleminin, möhürünün, hakimlərin xüsusi geyimlərinin, döş nişanların 

təsvirini və vəsiqəsinin nümunəsini təsdiq edir

—  Konstitusiya  Məhkəməsinin  saxlanması  üçün  Azərbaycan  Respublikasının  dövlət  büdcəsinin  layihəsinə 

dair təkliflər verir; 

[səh. 101-102]

 

—  «Konstitusiya  Məhkəməsi  haqqında»  AR  Qanununun  23-cü  maddəsində  nəzərdə  tutulan  hallarda 



Konstitusiya  Məhkəməsi  hakiminin  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam  verilməsi  haqqında  məsələnin  həlli 

üçün təklif verir; 

— digər təşkilati məsələləri həll edir. 



Hakimlərin  yığıncağı  yuxarıda  sadalanan  məsələlər  üzrə  hakimlərin  səs  çoxluğu  ilə  müvafiq  qərarlar  qəbul 

edir. 


Azərbaycan  Respublikası  Konstitusiyasının  126-cı  maddəsinin  I  hissəsinə  uyğun  olaraq,  yaşı  30-dan  aşağı 

olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq 

işləyən  Azərbaycan  Respublikasının  vətəndaşı  Konstitusiya  Məhkəməsinin  hakimi  ola  bilər.  Azərbaycan 

Respublikası Konstitusiyasının 126-cı maddəsinin II hissəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsinin hakimləri 

heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir 

sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və 

siyasi partiyalara üzv ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı 

vəsaitdən başqa məvacib ala bilməzlər. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin  II  hissəsinə  uyğun  olaraq,  Konstitusiya 

Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli 

Məclisi  təyin  edir.  Konstitusiya  Məhkəməsinin  azı  7  hakimi  təyin  olunduqda  Konstitusiya  Məhkəməsi  öz 

səlahiyyətlərinin icrasına başlaya bilər. Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin edildiyi gün Azərbaycan 

Respublikası  Milli  Məclisinin  iclasında  aşağıdakı  məzmunda  and  içir:  «Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsinin  hakimi  səlahiyyətlərini  şərəf  və  vicdanla  yerinə  yetirəcəyimə,  Azərbaycan  Respublikası 

Konstitusiyasının  aliliyini  qoruyacağıma,  baxdığım  məsələləri  müstəqil,  qərəzsiz  və  ədalətlə  həll  edəcəyimə  and 

içirəm». Konstitusiya Məhkəməsinin hakimi and içdiyi gündən öz səlahiyyətlərinin icrasına başlamış sayılır. 

Konstitusiya Məhkəməsinin hakimləri vəzifələrinə 15 il müddətinə təyin edilirlər və onlar bu vəzifəyə təkrarən 

təyin  edilə  bilməzlər.  Konstitusiya  Məhkəməsi  hakiminin  vəzifədə  olmasının  yaş  həddi  70  yaşdır.  Konstitusiya 

Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra 

etməyə davam edir. 

Konstitusiya Məhkəməsinin hakimləri müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və 

qanunlarına  tabedirlər.  Konstitusiya  Məhkəməsi  hakimlərinin  müstəqilliyi  onların  səlahiyyət  müddətində 

dəyişilməzliyi  və  toxunulmazlığı  ilə,  vəzifəyə  təyin  edilməsinin,  məsuliyyətə  cəlb  edilməsinin,  səlahiyyətlərinə 

vaxtından  əvvəl  xitam  verilməsinin  və  vəzifədən  kənarlaşdırılmasının  xüsusi  qaydası  ilə,  Konstitusiya 

Məhkəməsinə hörmətsizlik göstərilməsinin və ya onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi ilə təmin 

olunur və onlara hakimlərin yüksək statusuna uyğun maddi və sosial təminatlar verilir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  128-ci  maddəsinin  I-III  hissələrinə  görə,  Konstitusiya 

Məhkəməsinin  hakimləri  toxunulmazdır.  Konstitusiya  Məhkəməsinin  hakimi  cinayət  məsuliyyətinə  cəlb  edilə 

bilməz, tutula və ya həbs edib bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə 

bilməz, axtarışa və gətirilməyə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Konstitusiya Məhkəməsi hakiminin 

cinayət  başında  yaxalanması  halları  istisna  olunmaqla,  cinayət  və  ya  inzibati  xəta  törətməkdə  şübhə  edilən  şəxs 

qismində tutulmuş Konstitusiya Məhkəməsinin hakimi şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal azad edilməli 

və  bu  barədə  Konstitusiya  Məhkəməsinə,  habelə  Azərbaycan  Respublikasının  Baş  prokuroruna  yazılı  məlumat 

verilməlidir.  Konstitusiya  Məhkəməsi  hakiminin  hərəkətlərində  cinayət 

[səh.  102-103]

  əməlinin  əlamətləri 

olduqda, o, Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş 

qaydada  vəzifədən  kənarlaşdırıla  bilər.  Vəzifədən  kənarlaşdırılmış  Konstitusiya  Məhkəməsi  hakiminin 

səlahiyyətləri  onun  barəsində  məhkəmənin  hökmü  qanuni  qüvvəyə  minənədək  və  ya  cinayət  təqibi  orqanı 

tərəfindən məhkəməyədək icraatın gedişində yekun qərar qəbul edilənədək dayandırılır. Vəzifədən kənarlaşdırılmış 

Konstitusiya  Məhkəməsinin  hakimi  Konstitusiya  Məhkəməsinin  hakiminə  müəyyən  edilmiş  əmək  haqqını  alır. 

Konstitusiya  Məhkəməsinin  hakimi  vəzifədən  kənarlaşdırıldıqdan  sonra  Konstitusiya  Məhkəməsinin  razılığı 

olduqda,  Azərbaycan  Respublikası  Baş  prokurorunun  qərarına  əsasən,  Azərbaycan  Respublikasının  cinayət-

prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb oluna və həbs edilə bilər. 

Vəzifədən  kənarlaşdırılmış  Konstitusiya  Məhkəməsinin  hakimi  barəsində  bəraət  hökmü  çıxarıldıqda  və  ya 

məhkəməyədək  icraatın  gedişində  cinayət  təqibinə  qanunverieiliklə  müəyyən  edilmiş  bəraətverici  əsaslarla  xitam 

verildikdə onun səlahiyyətləri bərpa olunur. 

Konstitusiya  Məhkəməsi  hakiminin  toxunulmazlığı  onun  evinin,  mənzilinin,  xidməti  otağının,  əşyalarının, 

şəxsi  və  xidməti  nəqliyyat  vasitələrinin,  istifadə  etdiyi  rabitə  vasitələrinin,  ona  məxsus  sənədlərin,  poçt-teleqraf 

yazışmalarının toxunulmazlığını da əhatə edir. 

Konstitusiya  Məhkəməsinin  hakimi  Konstitusiya  Məhkəməsindəki  fəaliyyətinə,  səsverməyə,  söylədiyi  fıkrə 

görə hüquqi məsuliyyətə cəlb oluna bilməz, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz. 




Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 

1.

 



vəfat etdikdə; 

2.

 



vəzifədən könüllü çıxmaq barədə yazılı ərizə verdikdə; 

3.

 



70 yaşına çatdıqda; 

4.

 



Azərbaycan  Respublikasının  vətəndaşlığından  çıxdıqda,  başqa  dövlətin  vətəndaşlığını  qəbul  etdikdə 

və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə

5.

 

barəsində  cinayət  işinə  bəraətverici  əsaslar  olmadan  xitam  verildikdə,  habelə  məhkəmənin  qanuni 



qüvvəyə  minmiş  ittiham  hökmü  və  ya  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinə  dair  məhkəmə 

qərarı olduqda; 

6.

 

fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə təsdiq edildikdə; 



7.

 

məhkəmənin qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə; 



8.

 

«Konstitusiya  Məhkəməsi  haqqında»  Qanunun  11-ci  maddəsində  nəzərdə  tutulmuş  Konstitusiya 



Məhkəməsinin hakimlərinə aid tələblərin pozulması aşkar edildikdə; 

9.

 



Konstitusiya Məhkəməsi hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə; 

10.


 

üzürsüz  səbəbdən  dalbadal  üç  dəfə  və  ya  il  ərzində  üzürsüz  səbəbdən  on  dəfə  Konstitusiya 

Məhkəməsinin iclaslannda iştirak etmədikdə; 

11.


 

Konstitusiya Məhkəməsində baxılan məsələyə dair səsvermədə iştirak etməkdən imtina etdikdə; 

12.

 

altı  aydan  az  olmayan  müddətdə  xəstəliyi  ilə  əlaqədar  vəzifəsini  yerinə  yetirmədikdə  və  bu  barədə 



xüsusi həkim komissiyasının xəstəliyi təsdiq edən rəyi olduqda. 

Konstitusiya Məhkəməsi hakiminin səlahiyyət müddəti bitdikdə, yaxud «Konstitusiya Məhkəməsi haqqında» 

AR  Qanununun  23.1.2-ci,  23.1.5-ci  və  ya  23.1.10-cu  maddələrində  nəzərdə  tutulmuş  hallarda  səlahiyyətlərinə 

vaxtından  əvvəl  xitam  verildikdə,  o,  istefada  olan  Konstitusiya  Məhkəməsinin  hakimi  sayılır.  İstefada  olan 

Konstitusiya  Məhkəməsinin  hakimi  Konstitusiya  Məhkəməsinin  hakimi  səlahiyyətlərini  həyata  keçirdiyi  dövrdə 

fəaliyyətinə,  səsverməyə,  söylədiyi  fikrə  görə  hüquqi  məsuliyyətə  cəlb  edib  bilməz,  ondan  bu  hallarla  əlaqədar 

izahat, ifadə tələb oluna bilməz. 

[səh. 103-104]

 

 

İstifadə edilmiş mənbələr: 



1.

 

Abdullayev F.S. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri. Bakı: Zərdabi MMC, 



2013 

2.

 



Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2014 

3.

 



Əsgərov Z. Konstitusiya hüququ. Dərslik. Bakı, 2011 

4.

 



“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2013 

5.

 



Григонис Э.П. Правоохранительные органы. Учебник. СПБ: Питер, 2002 

6.

 



Гуценко  К.Ф.,  Ковалев  М.А.  Правоохранительные  органы:  Учебник  для  юридических  вузов  и 

факультетов. М.: Зеркало, 2008. 



 

Гафаров Мидхад Сеидахмед оглу 

СОЗДАНИЕ КОНСТИТУЦИОННОГО СУДА В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ И 

КОНСТИТУЦИОННО-ЮРИДИЧЕСКИЕ ОСНОВЫ ЕГО 

РЕЗЮМЕ 

В  статье  исследуеются  причины  возникновения  Конституционного  Суда  в  Азербайджанской  Республике  и 

анализируются конституционно - юридические основы этого важного института нашего общества. 

 

Gafarov Midhad Seyidahmad 

CREATION OF THE CONSTITUTIONAL COURT IN THE AZERBAIJAN REPUBLIC AND IT 

CONSTITUTIONALLY LEGAL BASES 

SUMMARY 

The article investigates the reason of emergence of the Constitutional Court in the Azerbaijan Republic and gives analysis 

of constitutionally legal bases of this important institute of our society. 

[səh. 104]

 

Təqdim edən: h. ü. e. d., prof. F.Y. Səməndərov  



Daxil olma tarixi: 05.12.2014  

Təkrar işiənmə tarixi: göndərilməyib  



Çapa imzalanma tarixi: 03.02.2015 

Yüklə 316,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə