Hüseyn HƏŞİMLİ filologiya elmləri doktoru, Əməkdar elm xadimi



Yüklə 158,06 Kb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü158,06 Kb.
#63731


Türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulmasında ulu öndər Heydər Əliyev 

misilsiz xidmətlər göstərmişdir 

 

Hüseyn HƏŞİMLİ 



filologiya elmləri doktoru, Əməkdar elm xadimi 

Böyük  dövlət  xadimi,  ulu  öndərimiz  Heydər  Əliyevin  çoxşaxəli  möhtəşəm  fəaliyyətində  və 

mükəmməl nəzəri-ideoloji təlimində ədəbiyyat məsələləri də mühüm yer tutur. Bütün fəaliyyəti boyunca 

görkəmli sənətkarlarımızın yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, 

tədqiqi, təbliği, dünya miqyasında tanıtdırılması, respublikamızda ədəbi-mədəni mühitin əsaslı yüksəlişi 

istiqamətində  hərtərəfli  tədbirlər  həyata  keçirən  dahi  rəhbər  həm  klassik,  həm  də  müasir  ədəbiyyatın 

məşhur  simalarının  yaradıcılıqları  barədə  konseptual  qənaətlər,  son  dərəcə  dəyərli  fikirlər  də  irəli 

sürmüşdür.  Başqa  sözlə  desək,  ulu  öndərimiz  həm  ədəbiyyatın  böyük  qayğıkeşi,  hamisi,  həm  də 

mükəmməl bilicisi olan dahi şəxsiyyətdir. 

Geniş  mütaliəyə  və  fenomenal  erudisiyaya  malik  dahi  rəhbərimiz  Azərbaycan  ədəbiyyatı  ilə 

yanaşı, ümumən dünya söz sənəti, Şərqin və Qərbin görkəmli ədiblərinin yaradıcılığı ilə də yaxından tanış 

olmuş,  müxtəlif  xalqların  bir  çox  şair  və  yazıçıları,  eləcə  də  ədəbi  əlaqələr  barədə  qiymətli  fikirlər 

söyləmişdir.  Bu  baxımdan  ulu  öndərimiz  Heydər  Əliyevin  türk  xalqları  ədəbiyyatlarının  dünəninə,  bu 

gününə,  qarşılıqlı  əlaqələrinə,  türk  dünyasının  məşhur  yazarlarının  yaradıcılığına  verdiyi  qiymət  də 

diqqətəlayiq olub, bütöv bir sistem təşkil edir. 

Ümummilli  liderin  Azərbaycana  birinci  rəhbərliyi  dövründə  SSRİ  tərkibindəki  ayrı-ayrı 

respublikalar,  o  cümlədən  türkdilli  respublikalar  ilə  qarşılıqlı  ədəbiyyat  və  mədəniyyət  günlərinin 

keçirilməsinə mühüm diqqət yetirməsi ədəbi əlaqələrin inkişafına, söz sənətimizin təbliğinə rəvac verən 

mühüm  addım  idi.  Ulu  öndərin  sözləri  ilə  desək:  “Bu  cür  tədbirlərdə  çoxdilli  və  əlvan  dünya 

ədəbiyyatının ustaları, öz adları ilə bu ədəbiyyatın şanlı tarixinə zinət verən sənətkarlar burada yenidən 

görüşürdülər”.  Müstəqil  Azərbaycana  rəhbərlik  etdiyi  illərdə  də  ulu  öndərimiz  dünya,  o  cümlədən  türk 

xalqları  ilə  qarşılıqlı  ədəbi-mədəni  əlaqələrin  sağlam  əsaslar  üzərində  inkişafına  ardıcıl  diqqət 

yetirmişdir.  

Keçmiş SSRİ tərkibində olmuş bir sıra türk xalqlarının ədəbiyyatları haqqında həm o zaman, həm 

də  Sovetlər  Birliyi  dağılandan  sonra  görkəmli  dövlət  xadimi  Heydər  Əliyev  çox  maraqlı  və  qiymətli 

fikirlər  söyləmişdir.  Azərbaycanda  sovet  ədəbiyyatı  günləri  ilə  əlaqədar  nitqində  (oktyabr,  1975)  ulu 

öndər “bütün xalqların böyük zəka və qüdrətli istedad sahibləri” sırasında türk xalqlarının Əlişir Nəvai, 

Abay,  Məhdimqulu,  Toktoqul  və  sair  tanınmış  nümayəndələrinin  də  adlarını  xatırlatmış,  onların 

“təravətini itirməyən əsərləri”nin əhəmiyyətini vurğulamışdır. 1980-ci ildə o zamankı sovet yazıçılarının 

Bakıda keçirilən ümumittifaq yaradıcılıq konfransında etdiyi məruzə ulu öndər Heydər Əliyevin SSRİ-də 

yaşayan  xalqların,  o  cümlədən  türk  xalqlarının,  hətta  muxtar  qurumlarda  yaşayan  türklərin 

ədəbiyyatlarının  məşhur  nümayəndələrinin  ədəbi  irsi  ilə  yaxından  tanış  olmasının  parlaq  təzahürüdür. 

Həmin məruzəsində dahi rəhbər “cəmiyyətin mənəvi səviyyəsinin yüksəlməsində” xüsusi xidmətləri olan 

rus, ukraynalı, gürcü, eston, moldovan və sair xalqların məşhur ədəbi simaları ilə yanaşı, türk xalqlarının 

bir sıra görkəmli sənətkarlarının da adını çəkmiş, yaradıcılıqlarına yüksək qiymət vermişdir: Özbəklərdən 

Aybək,  Q.Qulam,  K.Yaşen,  Zülfiyyə,  qazaxlardan  M.Avezov,  C.Cabayev,  S.Mukanov,  S.Seyfullin, 

qırğızlardan  Ç.Aytmatov,  A.Tokombayev,  türkmənlərdən  B.Kerbabayev,  Q.Qurbannepesov,  tatarlardan 

Q.Bəşirov, M.Cəlil, başqırdlardan M.Kərim, S.Kudaş, balkar Q.Quliyev və sair.  

Türk  xalqlarının  söz  sənətinə  hələ  o  zamanlarda  böyük  diqqət  yetirən  dahi  şəxsiyyət  Heydər 

Əliyev  sonrakı  mərhələlərdə  də  bu  tendensiyanı  davam  etdirmişdir.  Müstəqil  Azərbaycanın  Prezidenti 

kimi  onun  humanitar  sahədə  həyata  keçirdiyi  çoxsaylı  tədbirlər sırasında türk  xalqlarının  ədəbi-mədəni 

əlaqələrini daha da genişləndirmək və möhkəmləndirmək mühüm yer tutmuşdur.  

Ədəbiyyatımızın  böyük  ustadı  Məhəmməd  Füzulinin  500  illik  yubileyi  üzrə  Dövlət 

Komissiyasının iclasında çıxışı zamanı (23 iyul, 1996-cı il) türk dünyası yazıçılarının üçüncü qurultayının 

Bakıda  keçirilməsi  təşəbbüsünü  dəyərləndirərkən  ümummilli  liderimiz  onun  əhəmiyyətini  və  zərurətini 

ayrıca vurğulamış, tədbirin təşkili ilə əlaqədar çox müdrik bir tapşırıq da vermişdir: “Belə bir qurultayı 

Azərbaycanda  keçirmək  lazımdır.  Özü  də  mütləq.  Bir  halda  ki,  1926-cı  ildə  Bakıda  keçirilmiş  ilk 

qurultayın bu il 70 ili tamam olur, o qurultayı keçirmək vacibdir. Onu Füzulinin yubileyi ilə eyni vaxta 




salmaq məqsədəuyğundur”. Beləliklə, iki böyük ədəbiyyat tədbiri Bakıda bir-birinin ardınca keçirilmiş və 

hər ikisi də yüksək səviyyədə təşkil olunmuşdur. 

Türk dünyası yazıçılarının üçüncü qurultayının 1996-cı ilin noyabrında Bakıda keçirilməsi məhz 

Heydər  Əliyev  dühasının  işığında,  onun  yüksək  himayəsi  və  qayğısı  sayəsində  gerçəkləşmişdi.  Həmin 

möhtəşəm  ədəbi  tədbirdə  ulu  öndərin  dərin  məzmunlu  çıxışı  siyasi-ideoloji  və  elmi-konseptual 

mükəmməlliyi ilə seçilən, əsl fəaliyyət proqramı sayılmağa layiq olan qiymətli sənəddir. Türk dünyasının 

ortaq tarixini, ədəbiyyatını və mədəniyyətini dərindən bilən müdrik dövlət xadimi qurultaydakı çıxışında 

türk  xalqları  arasında  həmrəyliyin  möhkəmləndirilməsi,  əlaqələrin  dərinləşdirilməsi  sahəsində  belə 

tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Hər bir xalqın tarix boyu yaratdığı mənəvi 

dəyərləri,  ədəbiyyatı,  mədəniyyət  abidələrini  bütün  xalqlar  üçün  doğma  etmək  bizim  bu  görüşlərin 

mərkəzində  duran  prinsiplərdir,  vəzifələrdir.  Bu  sahədə  yenə  də  ədəbiyyatın,  mədəniyyətin  rolu 

böyükdür”.  Ulu  öndər  türk  dünyasında  milli-mənəvi  dəyərlərin,  mədəniyyətin  qorunmasında, 

yaşadılmasında  ədəbiyyatın,  söz-sənət  adamlarının  mühüm  xidmətlər  göstərdiyini  ayrıca  xatırlatmışdır: 

“Bizim  dilimizi,  mədəniyyətimizi,  milli  dəyərlərimizi  yaşadanlar  həmişə,  bütün  mərhələlərdə  yazıçılar 

olublar”.  

Görkəmli dövlət xadimi Heydər Əliyev qurultaydakı çıxışında türk xalqlarının yaratdığı mənəvi 

sərvətlərin  şanlı  ənənələrindən,  bəşəri  şöhrətindən  danışmış,  türk  xalqlarının  həm  folklorunun,  həm  də 

yazılı  ədəbiyyatının  məşhur  nümunələrini  dünyanın  söz  xəzinəsini  zənginləşdirən  əsərlər  kimi  önə 

çəkmiş,  onların  ideya-tərbiyəvi  əhəmiyyətini  xüsusi  vurğulamışdır:  “Qədim  dövrlərdə  “Dədə  Qorqud”, 

“Manas”,  “Alpamış”,  “Koroğlu”  dastanları,  xalqlarımızın  hamısına  mənsub  olan  dahi  şairlərimiz, 

yazıçılarımız  –  Nizami,  Yunus  İmrə,  Əlişir  Nəvai,  Füzuli,  Nəsimi,  Məhdimqulu,  Abay  və  digərləri 

xalqlarımızın  tarixini,  mənəvi  dəyərlərini  əks  etdirən,  dünyada  tanıdan  ölməz  əsərlər  yaratmışlar  və 

bunlar  nəsillərdən  nəsillərə  xalqlarımızı  özünəməxsus  milli-mənəvi  dəyərlər,  o  cümlədən  ümumbəşəri 

dəyərlər  əsasında  tərbiyə  etmiş,  hazırlamış,  vətənpərvərlik,  Vətənə  sədaqət  hisslərini  daim 

gücləndirmişdir”. 

Dahi rəhbər haqlı olaraq qeyd edirdi ki, türk xalqlarının ədəbiyyatı, mədəniyyəti zəngin, həm də 

kəşməkəşli  tarixə  malikdir.  Müxtəlif  mərhələlərdə  xalqlarımız,  onların  ədəbiyyatı  və  mədəniyyəti  də 

cürbəcür çətinliklərə məruz qalmış, lakin heç bir qüvvə onu öz yolundan döndərə bilməmişdir: “Türkdilli 

xalqların  ...  çətinliklərdən,  sınaqlardan  keçib  gəlmiş  mədəniyyəti,  ədəbiyyatı,  şeri  indi  dünyada, 

bəşəriyyətdə  özünəməxsus  görkəmli  yerini tutubdur”.  Keçmiş  SSRİ-də  yaşayan  türk  xalqlarına,  onların 

məşhur ədəbi simalarına qarşı törədilmiş repressiyaları da ulu öndər bu aspektdə yada salmışdır: “Böyük, 

dahi  şəxsiyyətlərimiz  repressiya  qurbanları  olmuş,  onların  əsərləri  uzun  illər  qadağan  edilmişdir”.  

Müdrik  şəxsiyyət  Heydər  Əliyev  türk  xalqlarının  ədəbiyyatlarını  Şərq-Qərb  kontekstində,  dünya 

sivilizasiyası fonunda qiymətləndirmək istiqamətində də konseptual fikirlər irəli sürmüşdür. Hərtərəfli və 

unikal biliyə, qeyri-adi dərin təfəkkürə malik dahi rəhbərimiz hər bir xalqın ədəbiyyat və mədəniyyətinin 

ayrılıqda, təcrid olunmuş halda inkişaf edə bilməyəcəyini qeyd etmiş, yüksəliş üçün qarşılıqlı əlaqələrin 

varlığını  vacib  saymış,  dünya  sivilizasiyasını  da  məhz  ayrı-ayrı  xalqların  qarşılıqlı  faydalanma  və  təsir 

zəminində  inkişaf  edən  ədəbi-mədəni  dəyərlərinin  vəhdəti  kimi  mənalandırmışdır.  Görkəmli  siyasi 

xadimin  aşağıdakı  qənaətləri  bu  baxımdan  xarakterikdir:  “Bütün  ümumbəşəri  mədəniyyət  kimi,  dünya 

ədəbiyyatı  da  eləcə  olaraq  milli  mədəniyyətlərin  və  ədəbiyyatların  məcmusu  deyildir,  ən  əvvəl  onların 

məhz  tarixi  qarşılıqlı təsir və  qarşılıqlı  nüfuz  prosesində  yaranan  müəyyən  vəhdətidir...  Demək  olar  ki, 

bədii  ədəbiyyat  xalqların mənəvi  ünsiyyətinin,  onların  bir-birini başa  düşməsinin,  sərvət  və  nailiyyətlər 

mübadiləsinin ən geniş, səmərəli, dərin nüfuz edən vasitəsidir”.  

Böyük dahinin türk dünyası yazıçılarının üçüncü qurultayındakı nitqində söylədiyi aşağıdakı fikri 

də  analitik  təhlildən,  dərin  düşüncədən  yoğrulmaqla  türk  xalqları  ədəbiyyatlarının  Qərb  söz  sənətinə 

təsirini də önə çəkir: “Eyni zamanda Qərb də Şərqin və xüsusən türkdilli xalqların, müsəlman Şərqinin 

yaratdığı  böyük,  tarixi  əsərlərdən  istifadə  etmişdir.  Şərqin  və  Qərbin  mədəniyyətinin,  ədəbiyyatının, 

incəsənətinin sintezi həm Qərbə, həm də Şərqə çox böyük müsbət nəticələr gətirmişdir. Bu proses XIX-

XX əsrlərdə bizim xalqlarımız üçün çox müvəffəqiyyətli olmuşdur”.  

Azərbaycan  xalqının  möhtəşəm  ədəbi  abidəsi  “Kitabi-Dədə  Qorqud”un  1300  illik  yubileyini 

“bizim  üçün,  bütün  türk  dünyası  üçün,  bəşər  mədəniyyəti  üçün  müstəsna  əhəmiyyəti  olan  tarixi  bir 

hadisə” sayan dahi şəxsiyyət qırğız xalqının məşhur “Manas” eposuna da yüksək qiymət vermişdir. Belə 

ki,  “Manas”ın  1000  illik  yubileyi  ilə  əlaqədar  Bişkekdə  28  avqust  1995-ci  il  tarixdə  keçirilən təntənəli 

yubiley  tədbirində  çıxış  edən  ümummilli  liderimiz  Heydər  Əliyev  bu  monumental  dastanın  mahiyyəti, 




ideyası, ədəbi-mədəni dəyəri, dünya sivilizasiyasında yeri barədə sanballı fikirlər söyləmişdir: “Manas” 

qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. “Manas” qırğız 

xalqının daim vətənpərvər olduğunu, ədalətsevər, azadlıqsevər olduğunu bütün dünyaya nümayiş etdirir. 

“Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin 

dəyərli  sərvətidir, türk  dünyasının,  türkdilli  xalqların,  islam  dünyasının  böyük  mənəvi  sərvətidir”.  Dahi 

rəhbər çıxışının davamında “Manas”ın respublikamızda yaxşı tanındığını da önə çəkmişdir: “Şairlərimiz 

“Manas”ı Azərbaycan dilinə tərcümə etmişlər. Sənətçilərimiz “Manas”ın sözlərini çox böyük məharətlə 

və  həvəslə  oxuyurlar”.  Bu  irihəcmli  dastanın  qırğız  xalqı  tərəfindən  böyük  məhəbbət  və  məsuliyyətlə 

qorunaraq yüz illərin sınağından çıxmasını, dövrümüzə çatmasını yüksək qiymətləndirən görkəmli dövlət 

xadimi  Heydər  Əliyev  demişdir:  “Qırğız  xalqı  çoxlu  çətinliklərə,  həyatın  kəşməkəşlərinə  baxmayaraq, 

min  il  “Manas”ın  sözlərini  qəlbində  qoruyub  saxlamış,  onun  göstərdiyi  yolla  azadlığa  və  müstəqilliyə 

doğru  getmişdir”.  Müdrik  rəhbərimiz  Qırğız  Respublikasının  Talas  bölgəsində  “Manas”  muzey 

kompleksinin açılışında da ürək sözlərini bildirmiş, fikrini belə ümumiləşdirmişdir: “Manasın qəbrini min 

illər  boyu  qoruyub  saxlayan  talaslılara,  Talasın  hörmətli  adamlarına,  o  cümlədən  Talasın,  Qırğızıstanın 

hörmətli  adamlarından  biri  olan  əziz  dostumuz  Çingiz  Aytmatova  xüsusi  hörmətimi,  məhəbbətimi 

bildirirəm”.  

Ulu öndərin qazax ədəbiyyatı barədə də dəyərli fikirləri vardır. Böyük qazax ədibi Abay Kunanbayevin 

150  illik  yubileyi  ilə  əlaqədar  9  avqust  1995-ci  ildə  Almatıda  keçirilən  yubiley  tədbirində  çıxış  edən 

xalqımızın böyük oğlu Heydər Əliyev görkəmli sənətkarın öz xalqına başucalığı gətirdiyini, dünya şöhrəti 

qazandığını  bildirmiş,  onun  yaradıcılığına  yüksək  qiymət  vermişdir:  “Abay,  onun  yaradıcılığı  bütün 

bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. 

Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqını xoşbəxtliyə və firavanlığa aparan 

düzgün  yol  göstərmişdir”.  Abay  Kunanbayev  irsinin  Azərbaycanda  da  yaxşı  tanındığını  bildirən 

ümummilli  liderimiz  demişdir:  “Biz  Azərbaycanda  Abayın  yaradıcılığının  əhəmiyyətini  yüksək 

qiymətləndiririk... Şairlərimizin, yazıçılarımızın bir çoxu onun əsərlərini tərcümə etmişdir. Onun şeirləri, 

poemaları respublikamızda nəşr olunmuşdur”. 

Ümummilli liderimiz Heydər Əliyevin türk xalqları ədəbiyyatlarının müasir mərhələdəki istedadlı 

nümayəndələri sırasında böyük ehtiram bəslədiyi yazıçılardan biri məşhur qazax ədibi Oljas Süleymenov 

idi. 4 mart 1999-cu il tarixdə Bakıda O.Süleymenovu qəbul edən dahi rəhbər onun şəxsiyyətinə, ictimai 

mövqeyinə,  Azərbaycana  sevgisinə,  xalqımızın  haqq  işini  müdafiə  etməsinə,  soydaşlarımıza  qarşı 

törədilən  qəddarlıqları  pisləməsinə  məxsusi  dəyər  verdiyini  nəzərə  çatdırmışdır:  “Hesab  edirəm  ki,  siz 

Azərbaycan xalqının da dostusunuz, mənim də dostumsunuz. Sizə böyük hörmət hissləri bəslənilir. Həm 

yazıçı kimi, həm də siyasi xadim kimi Azərbaycanda böyük nüfuza maliksiniz. Azərbaycanın 1990-cı ilin 

yanvarında sovet qoşunları tərəfindən işğalı zamanı sizin fəaliyyətinizi Azərbaycanda yaxşı xatırlayır və 

yüksək  qiymətləndirirlər,  sovet  qoşunlarının  Bakıya  yeridilməsinin  ikinci  günü  sizin  buraya  gəlişinizi 

xatırlayırlar. Siz buraya gəldiniz, çıxış edib baş verənləri pislədiniz”. Həmin görüşdə ulu öndər Heydər 

Əliyev  Oljas  Süleymenovun  milli  və  bəşəri  amallara  layiqincə  xidmət  edən  bədii  və  publisistik 

yaradıcılığına da ayrıca diqqət yetirərək qazax ədibini hələ gənclik illərindən “öz xalqı haqqında, onun 

taleyi, keçmişi, indisi və gələcəyi barədə düşünməyə qadir olan”, “bu məsələlərdə çoxlarına nisbətən daha 

böyük  yetkinlik  nümayiş  etdirən”  istedadlı  və  milli  ruhlu  sənətkar  kimi  səciyyələndirmişdir. 

Ulu  öndərimiz  Heydər  Əliyev  Türkiyə  türklərinin ədəbiyyatına da  yaxından bələd  olmuş,  onun  bir sıra 

məşhur simalarının əsərlərini mütaliə etmiş, müxtəlif vaxtlarda həmin ədiblər və əsərlər haqqında maraqlı 

fikirlər söyləmişdir.  

Ustad Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində 2 

noyabr  1994-cü  il  tarixdəki  çıxışında  ulu  öndər  Heydər  Əliyev  türk  ədəbiyyatına,  mədəniyyətinə  hələ 

yeniyetməlik  dövründən  böyük  maraq  göstərdiyini  xatırlamışdır:  “Türkiyənin  tarixini  öyrənirdim, 

şairlərini öyrənirdim. Gənclik çağlarımda ... Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı bizim hamımızı 

heyran  edən  bir  əsər  idi.  Son  vaxtlarda  “Çalıquşu”  yenə  yada  düşdü,  onun  əsasında  böyük  bir  film 

yarandı. O film təkcə türk ölkələrində yox, məsələn, mən bilirəm, Rusiyada da çox böyük hörmət, çox 

böyük  şöhrət  qazandı.  Ancaq  mən  “Çalıquşu”nu  13-14  yaşımda  oxumuşam.  O,  məni  heyran  etmişdi. 

Bəli, o vaxt yalnız “Çalıquşu”nu oxumaqla kifayətlənmirdik. Türkiyənin böyük şairlərini, yazıçılarını da 

öyrənirdik.  Əbdülhəqq  Hamid,  Tofiq  Fikrət  və  bir  neçə  başqaları  bizim  o  vaxt,  orta  məktəbdə 

oxuduğumuz  illərdə  ədəbiyyat  dərsliklərimizə  daxil  idi.  Ədəbiyyat  dərsliklərində  Türkiyənin  bu  böyük 

yazıçı və şairlərinin rəsmləri indi də gözümün qabağındadır”. 




Göründüyü  kimi,  ümummilli  liderimiz  Heydər  Əliyev  hələ  yeniyetməlik  dövründən  türk 

ədəbiyyatı, onun məşhur simalarının əsərləri ilə yaxından tanış olmuş, bu proses sonrakı mərhələlərdə də 

davam və inkişaf etmiş, genişlənmişdir. 

Ümumiyyətlə,  ulu  öndər  Heydər  Əliyev  həm  türk  dünyasında  ədəbi-mədəni  əlaqələrin 

möhkəmlənməsi və inkişafına misilsiz töhfələr vermiş, həm də türk xalqlarının ədəbiyyatının dünəni və 

bu  günü,  zəngin  şifahi  və  yazılı  söz  sənəti,  məşhur  ədibləri  barədə  qiymətli,  konseptual  fikirlər 

söyləmişdir. Bütün bunlar çağdaş nəsillərin klassik ədəbi-mədəni irsə, bəşəri dəyərlərə, türkçülüyün şanlı 

ənənələrinə  ehtiram  ruhunda  tərbiyəsində,  onlara  dərin  vətənpərvərlik  hisslərinin  aşılanmasında  böyük 



əhəmiyyətə malikdir. 

 

Yüklə 158,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə