I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə8/39
tarix26.12.2022
ölçüsü0,57 Mb.
#97907
1   ...   4   5   6   7   8   9   10   11   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1)

Üzvlük qrupu elə qrupa deyilir ki, fərd öz-özlüyündə onun yalnız iştirakçısıdır. Bu mənada da üzvlük qrupunu bəzən iştirak qrupu da adlandırırlar.
Üzvlük qruplan kiçik qrupların nisbətən geniş təsadüf edilən növüdür. Sosial-psixoloji tədqiqatlar göstərir ki, əlverişli şəraitdə üzvlük qrupu referent qrupa çevrilə bilər.
Referent qrup dedikdə elə real və ya xəyali qrup nəzərdə tutulur ki, fərd onun standartlarını qəbul edir, sosial hadisələri, özünün və başqalarının əməllərini qiymətləndirərkən onun norma və sərvətlərindən etalonlar sistemi kimi istifadə edir, onları özünün şəxsi məqsəd və davranış normalarının mənbəyi hesab edir. Fərd öz davranışmda referent qrupun onun hərəkətlərinə verdiyi ve verə bilecəyi qiymətləri adətən nəzərə alır.
Referent qrupun növləri içərisində referent müqayisə qrupları və normativ referet qruplar xüsusi yer tutur. Birinci halda insan bütün sosial hadisələri referent qrupun normaları ilə müqayisə edərək qiymətləndirir. Bu zaman qrupun normalan əslində onun üçün özünəməxsus etalona çevrilir. Bir çox müəlliflər bu cəhəti nəzərə alaraq referent qrupları həm də etalon qrup kimi təhlil edirlər. İkinci halda isə insan qrupun normalarını öz normaları kimi qəbul edir və onlara uyğun surətdə hərəkət edir. Qrup öz üzvlərinin hərəkətlərini qiymətləndirərkən də adətən bu cəhəti nəzərə alır.
Referent qrupun müqayise və normativ fiınksiyalannı bir-birindən təcrid etmək olmaz. Psixoloqların tədqiqatları göstərir ki, referent müqayisə qrupları üçün eyni zamanda sərvət momenti, normativ qruplar üçün isə müqayisə momenti səciyyəvidir. Bu mənada referent qrupun iki müxtəlif funksiyası: normativ və müqayisə funksiyaları arasında dərin daxili əlaqə vardır.
Əksər hallarda şəxsiyyətin bir referent qrupu olur. Psixoloji tədqiqatlar göstərir ki, onun iki və daha çox referent qrupa malik olması da mümkündür. Belə hallarda insan öz davranış, rəftar və fəaliyyətində adətən hər iki və ya üç referent qrupun norma və standartlarını nəzərə almağa çalışsa da, buna çox vaxt nail ola bilmir. Şəxsiyyətin iki (və ya üç) müxtəlif referent qrupun mənafeyini uzlaşdırmaq cəhdlərinin müvəffəqiyyətsizliyə uğraması onun davranışında müəyyən ziddiyyətlər şəklində təzahür edir.
Sosial qraplar özlərinin inkişaf səviyyəsi ilə bir-birindən köklü surətdə fərqlənirlər. Nəzərdən keçirdiyimiz təsnifat bu cəhəti bütün aydınlığı ilə əks etdirmək imkanı vermir. Halbuki qrupların ictimai münasibətlər sistemindəki yerini düzgün müəyyən etmək üçün onların inkişaf səviyyəsi məsələsinə xüsusi diqqət yetirilməlidir. Bu isə qrupların psixologiyasının və ya tipoloji təsnifatının işlənməsini tələb edir.
İnkişaf etmiş qrupun ən yüksək forması kollektivdir. K o I l e k t i v i n sosial-psixoloji tədqiqi sovet sosial psixologiyasınm ən aktual problemi olmuşdur. Hər bir kollektiv qrup hesab olunur. Hər bir qrup isə kollektiv deyildir.Kollektiv cəmiyyətin bir hissəsi olan, birgə fəaliyyətin ümumi məqsədlərinə tabe olan insan qrupudur. Qrup adamları yalnız cəmiyyət üçün tamamilə faydalı fəaliyyət vəzifələri ətrafında birləşdirəndə koliektiv kimi formalaşır.
Əmək, uşaq, hərbi, idman və b. kollektivləri fərqləndirirlər. Tədris müəssiselərində pedaqoji kollektivi və şagird kollektivini fərqləndirirlər. Onlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Kollektivlər eyni zamanda özlərinin inkişaf səviyyəsi etibarilə bir-birlərindən fərqlənirlər.
Psixoloji tədqiqatlar göstərdi ki, müəllim sosiometrik üsulların köməyi ilə sinif kollektivində şəxsiyyətlərarası münasibətlər sistemini daha yaxşı müəyyətı edə bilər.
Sosiometriyada insanın statusunu (şəxsiyyətlərarası münasibətlər sistemindəki mövqeyini) ifadə etmək üçün xüsusi termindən istifadə edirlər. Onların içərisində «təcrid olunmuş uşaqlar» diqqəti daha çox cəlb edir. Sosiometrik təcıubələrdə bəzən elə tələbələrə rast gəlirik ki, auditoriyada heç kəs onlarla oturmaq və ya münasibət yaratmaq istəmir. Belə tələbələrə təcrid olunmuş tələbələr deyilir. Auditoriyada belə tələbələrin vəziyyətini təsəvvür etmək çətin deyil: əgər heç kəs bu və ya digər tələbə ilə oturmaq, danışmaq, istəmirsə, deməli, auditoriya şəraitində onun ünsiyyət tələbatı təmin edilmir. Təsadüfi deyildir ki, belə tələbələr özlərinin bu mühüm tələbatlannı təmin etmək üçün ya başqa qruplarda oxuyan tələbələrlə yoldaşlıq edir, ya da bir çox hallarda müxtəlif qruplara qoşulur, hətta bəzən kiminsə təhriki ilə ağır cinayətlər edirlər. Məhz buna görə də təcrid olunmuş insanlara etinasız yanaşmaq olmaz. Qrupda belə tələbələrə təsadüf olunursa, müəllim ondan özü üçün düzgün pedaqoji nəticə çıxarmalıdır.
Qrupda şəxsiyyətlərarası münasibətləri təhlil edərkən onların nə dərəcedə qarşılıqlı olub-olmamasına diqqət yetirilməlidir. Tutaq ki, Azər Nadirlələ, Nadir isə Rəşadla oturmaq istəyir. Bu o deməkdir ki, onların münasibətləri birtərəfli xarakter daşıyır. Əgər Azər Nadirlə, Nadir də onunla oturmaq istəyirsə, bu artıq qarşılıqlı seçmədir. Sosiometriyada belə münasibətlər «qarşılıqlı münasibət əmsalı» ilə ifadə olunur. Qarşıya sual çıxır: Azər və Nadir nə üçün bir-birilə oturmaq istəyirlər? Bu suala cavab vermək üçün seçmənin motivlərini öyrənmək və təhlil etmək lazımdır. Qrupda şəxsiyyətlərarası münasibətlərin xarakterini məzmun baxımından ancaq bu yolla aydınlaşdırmaq olar.
Şəxsiyyətlərarası münasibətleri ətraflı öyrənmək üçün sosiometrik üsulları başqa üsullarla qarşılıqlı əlaqədə tətbiq etmək, onların nəticələrini başqa müşahidə və eksperiment materialları ilə dəqiqləşdirmək lazımdır. Bununla əlaqədar olaraq bir cəhəti ayrıca qeyd etmək zəruridir.
Sovet psixologiyasında referentometriya adlanan eksperimental üsul işlənilmişdir. Həmin üsul iki seriyada tətbiq olunur: birinci seriyada tələbələrə müəyyən keyfiyyətlər (ağıl, xeyirxahlıq, düzlük, səmimilik və s.) yazılmış vərəqələr verilir. Onlar həmin keyfıyyətlər üzrə bir-birlərini 4 bal (5, 4, 3, 2) sistemi ilə qarşılıqlı surətdə qiymətləndirirlər. İkinci (əsas) seriya isə bir neçə günden sonra keçirilir. Tələbələrə aşağıdakı məlumat verilir: «Bildiyimiz kimi, siz üç gün bundan əvvəl müəyyən keyfiyyətlər üzrə bir-birinizi qarşılıqlı surətdə qiymətləndirmişdiniz. Çox güman ki, sizin hər biriniz hansı qiymətlər almağınızla maraqlanırsmız. İndi mən sizi onlarla tanış etmək istəyirəm».
Vərəqələr stolun üzərinə düzülür. Hər bir tələbəyə ancaq üç nəfərin rəyi ilə tanış olmaq imkanı verilir.
İlk baxışda referentometriya bu və ya digər dərəcədə sosiometriyaya bənzəyir. Lakin onların arasında mühüm fərqlər vardır. Referentometriyada seçmə meyarları ancaq əhəmiyyətli (referent) şəxslər dairəsinin müəyyən edilməsini nəzərdə tutur.
Tələbəyə, tutaq ki, 40 nəfər qiymət verib. O isə ancaq üç nəfərin rəyi ilə tanış ola bilər. Kimın rəyi tələbə üçün daha qiymətlidir? Referentometriya üsulu məhz bu sualı aydınlaşdırmaq imkanı verir. Onun nəticələri bir çox hallarda qrupda sosiometrik üsulla apanlmış tədqiqatın nəticəsinə uyğun gəlir, bəzən isə uyğun gəlmir. Bir də görürsən ki, tələbələr sosiometrik tədqiqat zamanı az səs almış və ya heç səs almamış uşaqların rəyi ilə daha çox maraqlanırlar. Bu, görəsən nə ilə əlaqədardır? Kollektivdaxili şəxsiyyətlərarası münasibətlər hansı amillərlə şərtlənir? Qrupda və kollektivdə şəxsiyyətlərarası münasibətlər necə formalaşır? Təkcə sosiometrik üsullarla bu mühüm məsələləri aydınlaşdırmaq mümkündürmü?
Psixologiyada qrup fəallığının stratometrik konsepsiyası çərçivəsində aparılan eksperimental tədqiqatlar bu sualları ətraflı aydınlaşdırmaq üçün şərait yaratdı.
Psixoloqların nəzəri-metodoloji və eksperimental tədqiqatları göstərdi ki, Qərb psixologiyasında kiçik qrup adı ilə öyrənilən diffuz qruplarda şəxsiyyətlərarası münasibətlər vasitəsiz xarakter daşıyır. Halbuki kollektivdə şəxsiyyətlərarası münasibətlər vasitəli xarakter kəsb edir, yəni onlar kollektiv üzvlərinin birgə fəaliyyətinin məznıunu ilə şərtlənir. Məhz buna görə də Qərb sosial psixologiyası çərçivəsində aparılmış tədqiqatların nəticələrini kollektivlərə qətiyyən tətbiq etmək olmaz. Qarşıya nəzəri-metodoloji sual çıxırdı: kollektivin psixoloji əlamətləri hansılardır?
Kollektivdə şəxsiyyətlərarası münasibətlər çoxsəviyyəli struktura malikdir. Onları ayrı-aynlıqda təhlil etsək, kollektivin nüvəsini və 3 layını - stratasını fərqləndirə bilərik Latınca stratum — lay, təbəqə, qat deməkdir. «Stratometrik konsepsiya» termini də həmin sözdən əmələ gəlmişdir.
Kollektivin ictimai-iqtisadi və sosial-siyasi xarakteristikası onun mərkəzi vəsiləsini, yəni n ü v ə s i n i (A) təşkil edir.Kollektivin bütün psixoloji xarakteristikaları onun fəaliyyətinin məzmunundan, ictimai-iqtisadi və sosial-siyasi xarakteristikalarından asılıdır. Psixoloji xüsusiyyətlər sosial-tarixi amillərlə şərtlənir və müəyyən olunurlar — müddəa stratometrik konsepsiyanın əsasını təşkil edir.
Birinci lay (B stratası) əsas etibarilə psixoloji mahiyyət daşıyır və aşağıdakı parametrlərlə xarakterizə olunur:
-birgə fəaliyyətin motivləri və onun məqsədləri;
-kollektivin onun qarşısına qoyulmuş vəzifələrin icrası üçün hazırlığı;
-kollektivin iş qabiliyyəti;
-kollektivi dağıdacaq hər bir şeyə qarşı onun möhkəmliyi;
-kollektivin bütövlükdə cəmiyyəti təşkil edən digər kollektivlərlə əlaqəsi.
«B» layının parametrləri kollektivin hər bir üzvünün qrup fəaliyyətinə, onun məqsəd, vəzifə və prinsiplərinə (kollektiv bunların əsasında yaradılır), fəaliyyətin motivasiyasına, onun şəxsiyyət üçün sosial mənasına münasibətini təsbit edir.
Qrup fəallığının i k i n c i l a y ı - «V» stratası birgə fəaliyyətlə, kollektivin məqsədləri, vəzifələri və sərvətləri ilə şərtlənən şəxsiyyətlərarası münasibətlərin xarakteristikasını əks etdirir. Onun parametrləri aşağıdakılardan ibarətdir:
-kollektiv özünütəyinetmə fenomeni (kollektivin üzvləri bütün məsələlərə birgə fəaliyyətin məqsədləri, prinsipləri və idealları baxımından yanaşırlar).
- kollektivin sərvət meyllərinin vəhdəti (SMV-kollektivdə əsl yekdilliyin göstəricisi hesab olunur);
- kollektiv üzvlərinin kollektivlə emosional identifıkasiyası;
-kollektivin onun üzvləri üçün etalona çevrilməsi kollektiv üzvlərinin əsas məsələlərdə kollektivə verdikləri qiymətlərin «yaxşı kollektiv» etalonuna yaxınlaşması) və s.
İkinci layın psixoloji fenomenlərini ancaq şəxsiyyətlərarası münasibətlərin fəaliyyətlə şərtlənməsi prinsipi əsasında başa düşmək və təhlil etmək olar.
Nəhayət, üçüncü lay (Q stratası) kollektiv üçün spesifik olmayan, lakin sosial qrup kimi müəyyən dərəcəyə qədər onun üçün də xas olan parametrləri əks etdirir. Buraya aşağıdakılar daxildir:
- fərdlərin emosional məlahəti (cazibədarlığı);
-fərdlərin qrup yekdilliyi (tez-tez görüşməsi, bir-birilə hər gün əlaqə saxlaması və s.);
- qrup uyuşması;
- qrupdaxili təlqinə qapılma və s.
«Q» layının psixoloji parametrləri kollektivə daxil olan fərdlərin əsasən emosional əlaqələrini nəzərdə tutur. Onlar diffuz qrupun əsasını təşkil edir. Bu tipli emosional münasibətlər kollektivi xarakterizə etmir və edə də bilməz. Çünki onlar birgə kollektiv fəaliyyətin məzmun tərəfı ilə şərtlənmir. «Q» layında kollektivə daxil olan fərdlərin emosional əlaqələri «xoşum gəlir», «xoşum gəlmir» parametrləri ilə səciyyələnir.
«Q» layının psixoloji parametrlərini universallaşdırmaq və kollektivdə şəxsjyyətlərarası münasibətləri xarakterizə etmək üçün onları zəruri hesab etmək olmaz. Kollektivin mahiyyətini «A», «B» və «V» laylannın psixoloji parametrləri ifadə edir. Sosial-psixoloji tədqiqatlar əsaslı surətdə göstərir ki, kollektivdə şəxsiyyətlərarası münasibətlər fəaliyyətin məzmunu və xarakteri ilə şərtlənir.
Hal-hazırda sosiometrik konsepsiya çərçivəsində aparılan tədqiqatlarda problemin məhz bu istiqamətdə öyrənilməsinə xüsusi diqqət yetirilir. Buna görə də indi həmin konsepsiya artıq stratometrik konsepsiya deyil, şəxsiyyətlərarası münasibətlərin fəaliyyətlə şərtlənməsi konsepsiyası adlanır.
Müxtəlif xüsusiyyətlərə malik olan adamlar günlərlə deyil, aylarla və illərlə bir yerdə necə işləyirlər? Onlar konkret fəaliyyət şəraitində bir-birilə necə dil tapırlar? Öz hərəkətlərini bir-birilə necə uzlaşdırırlar? Psixoloji tədqiqatlar göstərir ki, insanlar konkret birgə fəaliyyət şəraitində bir yerdə işləməyə alışırlar və ya öyrənirlər.Bu zaman işçilər bir-birlərinin xüsusiyyətlərini iş prosesində nəzərə almağa başlayır və öz hərəkətlərini bir-birinin hərəkətləri ilə uzlaşdırırlar. Onların işində özünəməxsus ahəng əmələ gəlir. Həm işin məhsuldarlığı artır, həm də işçilər iş prosesindən və onun nəticələrindən razı qalırlar.
Bu zaman bir çox hallarda işçilər arasında az və ya çox dərəcədə yaxınlıq əmələ gəlir, hətta bəzən yoldaşlıq münasibətləri dostluğa çevrilir. Belə hallarda onlar bir-birinə psixoloji cəhətdən uyuşmağa başlayırlar ki, bu da birgə iş şəraitində işçilərin bir-birinə alışması üçün əlverişli şərait yaradır.
Psixoloji uyuşma insanların qarşılıqlı təsiri prosesində əmələ gəlir və onların bir-birini təmin etməsində, bir yerdə olduqda darıxmamasında, daha yaxşı işləməsində, söhbətdən doymamasında ifadə olunur.
Beləliklə, biz iki anlayışla - birgə işləməyə alışma və uyuşma anlayışları ilə tanış oluruq. Bəs, onlar bir-birindən nə ilə fərqlənir? Birgə işləməyə alışmaq insanların rəsmi (işgüzar) münasibətləri, uyuşma isə qeyri-rəsmi (şəxsi) münasibətləri üçün səciyyəvidir.
Qeyri-rəsmi münasibətlər səviyyəsində hər hansı bir adamın başqası ilə sözü tutmursa, ondan uzaqlaşır, başqa adamlarla yaxınlıq edir. Başqa sözlə, qeyri-rəsmi münasibətlərdə insanların bir-birini təmin edib-etməməsi onların xüsusiyyətləri ilə şərtlənir. Halbuki rəsmi münasibətlərdə birgə işin xarakteri daha mühüm əhəmiyyət kəsb edir. Bu zaman iki işçinin bir-birinə münasibəti onların bir-birindən xoşu gəlib-gəlməməsi ilə müəyyən oluna bilməz. Kollektivdə insanların münasibətləri bilavasitə rəğbət hissi ilə deyil, sosial normalarla müəyyən olunur. Birgə işləmək zərurəti öz əksini onda tapır ki, insanlar bir-birini iş yoldaşı kimi qiymətləndirir, bir-birinin şəxsi keyfiyyətlərindən daha çox peşə keyfiyyətlərinə üstünlük verirlər. Onların bir-birilə qarşılıqlı münasibətləri peşə keyfıyyətləri ilə deyil, şəxsi keyfıyyətləri ilə şərtləndikdə isə birgə işləməyə alışma uyuşma ilə əvəz olunur.
Birgə işləməyə alışma ilə uyuşma əslində bir-birilə qarşılıqlı əlaqədədir. Uyuşma işçilərin bir-birinə alışmasında həmişə mühüm rol oynayır: uyuşmazlıq isə hansı formada olursa-olsun, onlann arasında müxtəlif tipli münaqişələrin yaranması ilə nəticələnir.
Əmək, pedaqoji və ya şagird kollektivlərində uyuşma təsirli rol oynayır. Ailə həyatında onun əhəmiyyəti xususilə böyükdür.
Qrup uyuşması insanlara empirik surətdə çoxdan məlumdur. Alpinistlər, təyyarəçilər, səyyahlar, idman məşqçiləri və b.güzəran təcrübəsi əsasında belə bir nəticəyə gəlmişdi ki, kiçik qruplarda adamlar bir-birinə eyni dərəcədə uyuşa bilmirlər. Sosial-psixoloji tədqiqatlar da həmin nəticəni təsdiq edir.
Birgə fəaliyyətin səmərəli olmasının şərtlərindən biri uyuşma fenomeni ilə əlaqədardır. Bir çox xüsusi hallarda, qrup uzun müddət ayrılıqda və mürəkkəb şəraitdə fəaliyyət göstərdikdə, məsələn, ekspedisiyalarda, kosmik uçuşlarda, gəmi səfərlərində və s. bu cəhət daha aydın nəzərə çarpır, bilavasitə qrupdaxili qarşılıqlı münasibətlərin inkişaf dinamikasını şərtləndirir.
Uyuşma insanların xüsusiyyətləri ilə bilavasitə bağlıdır. Bu sahədə iki hala daha geniş təsadüf olunur:
a) müşahidələr göstərir ki, insanların tələbatları, fəaliyyət motivləri, maraqları, sosial yönümləri, əqidəsi və s. oxşar olduqda onlar bir-birlərinə asanlıqla uyuşurlar;
b) bir çox hallarda isə insanların müəyyən keyfıyyətləri, xüsusilə temperament və xarakter əlamətləri oxşar olduqda, onlar bir-birinə uyuşa bilmir; oxşar olmadıqda, əkslik təşkil etdikdə, əslində bir-birini tamamladıqda asanlıqla uyuşurlar.
Hal-hazırda sosial psixologiyada qrup uyuşmasının tədqiqi sahəsində yeni istiqamət formalaşmışdır. Qrup uyuşması effektləri stratometrik konsepsiya baxımından təhlil olunur. Kollektivdə şəxsiyyətlərarası münasibətlərin strukturuna müvafiq olaraq qrup uyuşmasının müxtəlif səviyyələri fərqləndirilir (temperament ve xarakterin uyuşması 1-ci, rol gözləmələrinin uzlaşması 2-ci, sərvət meyllərinin vəhdəti 3-cü səviyydə qrup uyuşmasının əsas parametri kimi təhlil olunur).
Tədris qruplan, istehsalat briqadaları, ekipajlar, idman komandaları və başqa qrupları komplektləşdirməyin meyarlannın işlənilməsi qrup uyıışmasının tədqiqinin başlıca məqsədini təşkil edir. Son zamanlar psixologiyada bu istiqamətdə mühüm praktik əhəmiyyətə malik olan maraqlı nəticələr əldə edilmişdir. «Vosxod-2» kosmik gəmi heyətinin komplektləşdirilməsi prosesində qrup uyuşması effektlərinin nəzərə alınması buna ən yaxşı misal ola bilər.



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə