I yazı (ardı gələn sayımızda)



Yüklə 106,07 Kb.

tarix03.08.2018
ölçüsü106,07 Kb.
növüYazı


«Qarapapaqlar».-2010.-№1(31).-S.8-16.

QARABAĞ XV - XVII ƏSRLƏRDƏ

Tofiq NƏCƏFLİ

, tarix elmləri namizədi,

AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu

I yazı

(ardı gələn sayımızda)

Azərbaycanda  geniş  ərazini  əhatə  edən  Qarabağ  mənbələrdə  əksər  hallarda  «Arran  Qarabağı»  kimi  verilir.

«Arran Qarabağı» termininə ilk dəfə Fəzlullah Rəşidəddinin «Came ət-təvarix» əsərində 1284-cü ilin hadisələrindən

bəhs olunarkən təsadüf olunur [36,170; 35,98]. Dövrün tarixçiləri bu ərazini «Arran Qarabağı» adlandırmaqla onu

başqa Qarabağlardan, ilk növbədə Türkmənistanın cənub-şərq və Əfqanıstanın şimal-qərb ərazilərində mövcud olan

«Baqdis  Qarabağı»ndan  fərqləndirmək  istəmişlər  [35,98].  Qarabağın  tarixən  bir-biri  ilə  sıx,  iqtisadi  və  mədəni

əlaqədə olan dağlıq və düzən əraziləri coğrafi baxımdan Arranın tərkib hissəsi idi. Qaynaqlarda bəzən Qarabağ ilə

Arran eyniləşdirilib vahid ərazi kimi də təqdim olunurdu. Arran daha geniş ərazini əhatə edən inzibati-coğrafi vahid

olub,  Azərbaycanın  bir  hissəsi  hesab  olunmuşdu.  Qarabağ  Azərbaycan  tarixçisi  Əbu  Bəkr  əl-Qütbi  əl-Əhərinin

təbiri  ilə  desək  «Arranın  paytaxtı»,  daha  doğrusu  onun  mərkəzi  hesab  olunurdu  [12,57].  «Qarabağ»  istilahı  XIV

yüzilliyin sonu - XV yüzilliyin əvvəllərində «Arran» termini ilə yanaşı işlənmiş, bəzən onu əvəz etmiş  və inzibati

ərazi baxımından isə Arranın mərkəzi sahələrini əhatə etmişdi. Qarabağ dağlıq və dağətəyi yerləri birləşdirən vahid

ərazidən  ibarət  olmuşdu.  Mirzə  Camal  Cavanşir  «Qarabağ  tarixi»  əsərində  Qarabağın  sərhədləri  barədə  yazır:

«Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləri belədir. Cənub tərəfdən

Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır.  İndi Sınıq  körpü  Qazax,  Şəmşəddil  və  Dəmirçi

Həsənli  camaatı  arasındadır  və  Rusiya  dövləti  məmurları  onu  rus  istilahı  ilə  Krasnı  most,  yəni  Qızıl  körpü

adlandırırlar. Şərq tərəfdən Kür  çayıdır  ki,  Cavad  kəndində  Araz  çayına qovuşaraq  gedib  Xəzər  dənizinə  tökülür.

Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhəddi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən keçib

Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı, Ərikli adlanan uca Qarabağ dağlarıdır» [17,107-108].

Qarabağ  Arranm  tərkib  hissəsi  kimi  XIV-XV  yüzilliklərdə  Azərbaycanda  baş  vermiş  ictimai-iqtisadi

hadisələrin  mərkəzlərindən  biri  idi.  Elxanların  daim  Qarabağda  qışlamaları,  bir  sıra  dövlət  səviyyəli  hadisələrin

burada baş  verməsinə səbəb olmuşdu. Elxani hökmdarlarından üçü - Qazan xan, Arpa xan və Ənuşirəvan səltənət

taxtına Qarabağda çıxmış, ikisi isə - Arqun xan və Əbu Səid Qarabağda vəfat etmişlər [35,101-102].

1335-ci  ildə  Elxani  hökmdarı sultan  Əbu  Səidin  ölümündən  sonra  Elxanilər  dövlətinin  tənəzzülə  uğraması,

parçalanması və nəhayət süqut etməsi Qarabağa  da öz təsirini göstərmişdi. Qarabağ hakimi Əmir Surğan  və anası

Satıbəy Xatun Hülakulər dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal iştirakçılarına  çevrildilər. 1338-ci

ildə  hakimiyyət  uğrunda  mübarizə  aparan  feodal  qrupları  ilk  növbədə  çobanilərlə  cəlairilər  arasında  bağlanan

müqaviləyə əsasən Arranın tərkib hissəsi kimi Satıbəy Xatun və Əmir Surğanın sərəncamında qaldı. Çox keçmədən

Qarabağ  hakimi  Satıbəy  Xatunun  Hülakulər  dövlətinin  padşahı seçilməsindən  başlayaraq  Qarabağ  uzun  müddət

Çobanilərin fəaliyyəti ilə bağlı tarixi hadisələrin mərkəzində durmuşdu [18,32; 35,103].

XIV yüzilliyin II yarısında Azərbaycan Cəlairilər dövlətinin  tərkibinə  daxil  olduqdan  sonra  Qarabağ ərazisi

də bu dövlətin nəzarətinə keçdi. Sultan Əhmədin hakimiyyətinin ilk vaxtlarında Qarabağ Cəlairi əmirləri tərəfindən

idarə olunurdu. Əmir Teymurun Azərbaycana yürüşlərindən sonra Qarabağ demək olar ki, tamamilə onun buradakı

canişinlərinin  tabeliyində  olmuşdu.  Qarabağ Əmir  Teymurun  qış  iqamətgahına  çevrilmişdi.  Dövrün  mənbələrində

Teymurun  və  eləcə  də  ondan  əvvəlki  Hülaku  və  Cəlairi  şahzadələrinin  Qarabağda  qışlamaları  barədə  çoxsaylı

faktlara  təsadüf  olunur.  Əmir  Teymur  Qarabağ  ərazisindən  özünün  qərbdəki  düşmənlərinə  qarşı  mübarizəsində

başlıca istinadgah kimi istifadə edirdi.

XV  yüzilliyin  əvvəllərində  tərkibinə  Qarabağın  da  daxil  olduğu  Cəlairilər  dövləti  Əmir  Teymurun  yürüşü

nəticəsində dağıldı. Sultan Əhməd Bağdada qaçdığı üçün Azərbaycanı Əmir Teymurun oğlu Miranşah idarə edirdi.

1404-cü  ilin  matında  Əmir  Teymur  Qarabağ  qışlağından  Səmərqəndə  dönən  zaman  Hülaku  ulusuna  daxil  olan

ərazilərin  idarəsini  nəvəsi  Ömər  Mirzəyə  tapşırmışdı [37,70].  1405-ci  ildə  Teymurun  vəfatı  onun  imperiyasında

sülalə ixtilaflarına, övladları arasında hakimiyyət uğrunda arasıkəsilməyən toqquşmalara zəmin yaratdı. Azərbaycan

yeni  müharibələr  meydanına  çevrildi.  Əlverişli  siyasi  vəziyyətdən  faydalanan  yerli  hakimlər  xalq  kütlələrinin

yardımı  ilə  müstəqillik  uğrunda  mübarizəyə  başladılar  [6,78].  Bu  mübarizəyə  Şirvanşah  İbrahim  (1382-1417)

rəhbərlik  edirdi.  Ölkənin  ayrı-ayrı  vilayətlərində  yadelli  ağalığına  qarşı  başlanan  mübarizədən  istifadə  edən  I

İbrahim 1406-cı ildə Kür çayını keçərək Gəncəni və Qarabağın böyük bir hissəsini nəzarət altına almışdı. Bu dövrdə

qaynaqların  qeyd  etdiyinə  görə,  Qarabağ  hakimi  Qaramanlı  tayfasından  olan  Yar  Əhməd  olmuşdu  [4,394].  Bu

zaman Gəncə və Qarabağ hakimi Yar Əhməd

Qaraman,  Şirvanşah  I  İbrahim,  Ərdəbil  hakimi  Bistam  Cagir,  Şəki  hakimi  Seydi  Əhməd  Teymuri  Ömər

Mirzəyə  qarşı  mübarizədə  öz  qüvvələrini  birləşdirdilər.  Ömər  Mirzə  birləşmiş  qüvvələrlə  döyüşə  girməkdən

çəkinərək  geri  döndüyü  üçün  Azərbaycanın  şimal  torpaqları  Teymurilərdən  tamamilə  azad  edildi.  1406-cı  ilin



mayında Şirvanşah I İbrahim Təbrizi ələ keçirsə də, Cəlairi Sultan Əhmədin yürüş  xəbərini eşidərək geri dönmək

məcburiyyətində qaldı. Şirvanşah I İbrahimin Azərbaycan torpaqlarını birləşdirmək təşəbbüsü bir nəticə vermədi.

Bu  dövrdə  Cənubi  Azərbaycan  torpaqları Teymuri  Əbu  Bəkrin  hakimiyyəti  altında  qalmışdı.  Qaraqoyunlu

Qara  Yusif  1406-cı ildə  Naxçıvan  və  1408-ci  ildə  isə  Sərdrud  döyüşlərində  Teymuri  Əbu  Bəkri  məğlub  edərək

Teymurilərin Azərbaycandakı ağalığına  son qoydu. 1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında  keçmiş  müttəfiqi

Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu

dövlətini yaratdı. Bu dövlətin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Şərqi Anadolunun bir hissəsi, Ərəb İraqı və

Əcəm İraqı daxil oldu [6,81; 25,56; 11,62-63].

Qarabağın  Qaramanlı  tayfaları  Qaraqoyunlu  tayfa  ittifaqına  daxil  olaraq  bu  dövlətin  siyasi  tarixində

əhəmiyyətli rol oynadılar. 1412-ci ilin dekabrında Qara Yusifin Şirvanşah I İbrahim, Şəki hakimi Seydi Əhməd və

gürcü çan Konstantinin birləşmiş  qüvvələrinə qarşı döyüşdə  Yar  Əhmədin  rəhbərliyi  altında  «Qaraman əsgərləri»

yaxından iştirak etmişdi. Kür çayının sahilində baş vermiş bu döyüşdə Qara Yusif Qarabağ dəstələrinin yardımı ilə

qələbə qazanmışdı [32,160; 25,58-59; 11,62].

1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı.  Arran

Qarabağında  qışlayan  Sultan  Şahruxun  hüzuruna  gəlmiş  qonşu  hakimlər  arasında  Qarabağ  hakimi  Yar  Əhməd

Qaramanla yanaşı qardaşı Şirzad da olmuşdu [15,188]. 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi

ilə  teymurilərə  qarşı Gəncə  və  Bərdədə  Yar  Əhməd  Qaramanlının üsyanı başladı.  Teymuri  tarixçisi  Fəsih  Xəvafi

yazır  ki,  bu  zaman  Qara  köpəkdə  olan  Sultan  Şahrux  oğlu  Baysunqur  Bahaduru  Yar  Əhmədə  qarşı  göndərdi

[15,190].  Faruk  Sümer  yazır  ki,  Yar  Əhməd  Qaramanlı Gəncə-Qarabağ  ətrafında  olan  Cağatay  ulusundan  vergi

toplamış  olan  təhsildarlara  hücum  edərək  mallarını  əllərindən  almışdı.  Buna  görə  də  Şahrux  Baysunquru  Yar

Əhmədin  üzərinə  göndərdi.  O,  Gəncəni  tərk  edərək  Gürcüstan  torpağındakı  Esfərzən  qalasına  sığınsa  da,  aman

verilərək  Şahruxun  hüzuruna  gətirildi  və  əhf  olundu  [37,118;  9,226-227].  Fəsix  Xəvafiyazırki,  Sultan  Şahrux

Qaraqoyunlu  İsgəndərlə  Aləşgərd  döyüşündə  vuruşan  zaman  Yar  Əhməd  Qaramanlı Bərdə  qalasından  gətirilərək

edam olundu [15,190]. Qaraqoyunlu İsgəndər Sultan Şahruxun Azərbaycanda möhkəmlənməsinə ciddi müqavimət

göstərmişdi. Qaraqoyunlular arasında ara müharibələrinin başlanmasına baxmayaraq İsgəndər dövlətin bütövlüyünü

qoruyub  saxlamışdı.  1429-cu  ildə  Sultan  Şahrux  Azərbaycana  II  yürüşü  zamanı  Səlmas  döyüşündə  İsgəndəri

məğlub edərək Azərbaycana yiyələnmiş və ölkəni tərk edən zaman hakimiyyəti İsgəndərin qardaşı Əbu Səidə versə

də, az sonra İsgəndər hakimiyyəti qardaşından geri almışdı. 1435-ci ildə Sultan Şahrux Azərbaycana yenidən yürüş

etmiş  və  Qarabağda  qışlamışdı.  O,  1436-cı  ilin  yazında  Azərbaycanın  idarəsini  İsgəndərin  digər  qardaşına,

Teymurilərin  asılılığını  qəbul  edən  Cahanşaha  tapşırmışdı.  İsgəndər  bununla  razılaşmayaraq  hakimiyyətini  qəsb

edən  qardaşına  qarşı  mübarizəyə  başlamışdı.  Lakin  1438-ci  ildə  «dövlətinin  əsas  əmirlərindən»  olan  Piri  bəy

Qaramanlının  Cahanşahın  tərəfinə  keçməsi  nəticəsində  Həftçeşmə  yaxnlığında  qardaşı  ilə  döyüşə  girməyən

İsgəndər Əlincə qalasına qaçdı və orada öldürüldü [40,90; 37,139; 11,62].

Güman  etməyə  əsas  vardır  ki,  Piri  bəy  Qaramanlı Gəncə  və  Bərdə  hakimi  olmuş  və  görünür  Yar  Əhməd

Qaramanlını əvəz  etmişdi.  Cahanşahın  dövründə  də  Qarabağ  Qaraqoyunlu  dövlətinin  tərkibində  qalmışdı.  Lakin

1467-ci ildə Cahanşahın Uzun Həsənlə döyüşdə öldürülməsindən sonra Qarabağ qaraqoyunluların digər torpaqları

kimi  yeni  dövlətin  tərkibinə  daxil  olmuşdu.  Cahanşahın  oğlu  Həsən  Əli  atasının  öldürülməsindən  sonra  ordu

toplayaraq vəziyyətdən çıxmağa çalışmışdı. Lakin 1468-ci ildə Mərənd yaxınlığında Uzun Həsənlə döyüşdə məğlub

olaraq xilas olmaq üçün Qarabağa qaçmış və Bərdəyə gəlmişdi. Əbubəkr Tehrani yazır ki, Cahanşahın ölümündən

sonra  həmin  vilayətin  hakimi  olmuş  Piri  bəy  Qaramaninin  övladları əvvəlcə  onu  tutub  Uzun  Həsənin  hüzuruna

göndərmək  istədilər,  lakin  sonra  bu  fikirdən  daşınıb  ona  imkan  verdilər  ki,  Ərdəbilə  getsin  və  böyük  şeyxlərin

hüzuruna pənah aparsın [40,250; 11,62].

Dövrün  qaynaqlarında  Qarabağ Sultan  Şahrux  ordusunun  ənənəvi  qışlaq  yeri  kimi  xatırlansa  da,  bu  vilayət

haqqında  konkret  məlumatlar  çox  azdır.  Uzun  Həsənin  oğlu  Sultan  Yaqubun  hakimiyyəti  dövründə  (1478-1490)

Gəncə  və  Bərdə  vilayətləri  mərkəzi  hakimiyyətin  yerli  tayfa  başçılarından  təyin  etdiyi  rəhbərlərin  idarəsi  altında

qalmaqda  davam  etmişdi.  Ağqoyunlu  tarixçisi  Fəzlullah  ibn  Ruzbehan  Xuncinin  qeyd  etdiyinə  görə,  Gəncə  və

Bərdə vilayətləri Sultan Yaqub tərəfindən oğlu Baysunqura həvalə olunmuşdu [22,87; 11,63].

F.R. Xunci  Səfəvi  Şeyx  Heydərin  1488-ci  ildə  Şirvan  və  Dağıstana  yürüşü  zamanı  Qarabağ  haqqında

müəyyən məlumat verir. Müəllif yazır ki, Şeyx Heydər «Bərdə vilayətində olan Çalabert dairəsinə çatan zaman baş

qazinin mülkü olan bu ərazini qarət etdi və zimmilər icmasının əmlakını müsadirə etdi. Bu zimmilər (yəni xristian

albanlar  -T.N.)  sülh  şəraitində  yaşayaraq  cizyə  və  uşr  vergisini  ödəmiş,  əzabdan  və  zülmdən  azad  olmuşdular»

[22,86].


F.R.Xunci  Sultan  Yaqubun  hakimiyyəti  dövründən  danışarkən  yazır  ki,  o  qış  dövrünü  ya  Təbrizdə,  ya  da

Qarabağda  Qaraağacda  keçirirdi  [22,119;  11,63].  Ağqoyunlu  tarixçisinin  sözlərinə  görə,  Qaraağac  «Tall  Sultanın

ətəklərində  yerləşirdi  və  zirvəsi  düşərgənin  ortasında  ulduzlara  yüksəlirdi.  Təəccüblüdür  ki,  meşənin  ortasında

ətrafı  düzənlik  olan  belə  bir  zirvə  necə  yüksəlmişdi»  [22,101;  11,63].  Ağqoyunlu  tarixçisi  F.R.Xuncinin

məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında  yerləşmişdi. Çün-ki, Qaraağaca  gələn hökmdarı

«Sultanbud  torpaqları  yenicə  çiçək  açmış  gül-çiçəkləri  ilə  salamlamışdı»  [22,120].  Nəzərə  almaq  lazımdır  ki,

Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi.

Dövrün qaynaqlarında Qarabağ Sultan Yaqubun oğlu Baysunqurun qısa hakimiyyəti dövrünün hadisələri şərh




olunarkən yenidən xatırladılır.  1492-ci ildə Eybə Sultan Bayandurla Baysunqur arasındakı döyüş  Gəncə  və  Bərdə

arasında  baş  vermişdi.  Dövrün  qaynağının  verdiyi  məlumata  görə,  Eybə  Sultan  öz  bayrağı  altında  Qarabağ

Qacarlarını  birləşdirə  bilmişdi.  Buna  görə  də,  baş  vermiş  doyüşdə  Baysunqur  məğlub  olmuş  və  1493-cü  ilin

avqustunda Bərdə ətrafındakı ikinci döyüşdə də öldürülmüşdü [22,143-144].

Bu  fakt  bir  daha  təsdiq  edir  ki,  artıq  bu  dövrdə  Qacar  tayfası  Qarabağda  yaşayırdı.  Azərbaycan  Səfəvi

dövlətinin  yaranmasında  əsas  rol  oynayan  Qızılbaş  tayfalarından  biri  olan  Qacarların  mənşəyi  və  Azərbaycanda

məskunlaşması tarixilə  bağlı tarixşünaslıqda  müxtəlif  yanaşma  mövcuddur.  Türk  tarixçisi  Z.V.Toğanın qənaətinə

görə,  Qacarlar  Azərbaycana  Oğuz  xanın  İran  səfərlərində  gəlib  yerləşmiş  və  monqolların  Azərbaycana  yürüşləri

vaxtı  Xalxal  ətrafında  yaşamışdılar.  Qacarlar  Hülaku  ordusuna  yardım  edərək  onlarla  birlikdə  Şam  tərəflərinə

göndərilmiş,  Əmir  Teymur  və  Qaraqoyunlular  dövründə  isə  oradan  təkrar  Azərbaycana  qayıtmışdılar  [41,56;

27,137-138]. «Qızılbaşlar tarixi» müəllifinin təsdiq etdiyinə görə, Qacarlar qədimdən Gəncə və Bərdədə yaşamışlar

və onların bir qismi Şamdan gəlmişdir [19,36].

Bu  faktlar  bir  daha  təsdiq  edir  ki,  Oğuz  boylarından  olan  Qacarlar  hələ  monqol  yürüşləri  ərəfəsində

Azərbaycanda  yaşamış  və  monqol  hücumları  qarşısında  digər  türkmənlərlə  yanaşı  Şərqi  Anadoluya  çəkilməli

olmuşdu.  Qacarlar  XV  yüzillikdə  Ağqoyunlu  tayfa  birliyinə  daxil  olmuşdu.  XV  yüzilliyin  90-cı  illərində

Ağqoyunlu  taxt-tacı uğrunda  şiddətli  mübarizədə  Qarabağda  yaşayan  Qacarların  yaxından  iştirak  etdiyini  dövrün

qaynaqları təsdiq  edir.  F.Sümerin  yazdığı  və  dövrün  qaynağının  təsdiq  etdiyi  kimi  Uzun  Həsənin  nəvəsi  Rüstəm

Mirzənin  Əlincə  qalasından  azad  edilərək  taxt-taca  gətirilməsində  Gəncə  ətrafında  yaşayan  Qacarlar  əsas  rol

oynamışdı [38,53].  Rüstəm Padşah  1497-ci  ildə  Gödək Əhməd  tərəfindən  məğlub  edildiyi  zaman,  yenə  də  Gəncə

ətrafındakı Qacar  bəyinə  sığınmış və  ondan  yardım istəmişdi.  Qacar  bəyi  Rüstəmə  yardım etsə  də  o,  1497-ci  ilin

yazında  baş  vermiş  döyüşdə  məğlub  olmuş  və  ələ  keçirilərək öldürülmüşdü.  F.Sümerin  qənaətinə  görə,  bu  zaman

Qacar tayfasının başında Ziyad bəy olmuşdu [38,54].

XV yüzilliyin son rübündə Şeyx Heydərin ətrafında toplanmış Qızılbaş  tayfaları arasında Qarabağ Qacarları

da  xüsusi  yer  almışdı.  İ.P.Petruşevskinin  fikrincə,  XV  yüzilliyin  sonunda  qızılbaş  tayfalarına  vaxtilə  Ağqoyunlu

tayfa birliyində olan Qacar (Ağcaqoyunlu Qacar) türk tayfası da qoşulmuşdu [33,91].

XV  yüzilliyin  sonunda  Azərbaycan  Ağqoyunlu  dövlətində  daxili  ziddiyyətlər  daha  da  kəskinləşmiş  və

1500-cü ildə dövlət Ağqoyunlu əmirləri arasında parçalanmışdı. Cənubi Azərbaycan, Arran (Qarabağ), Naxçıvan və

Diyarbəkr Sultan Əlvəndin, Ərəb İraqı, Fars və Kirman Sultan Muradın əlində qalmışdı [32,179; 8,84].

Qacarların Azərbaycanın yerli tayfalarından olduğunu F. Sümerin belə bir fikri də təsdiq edir ki, 1499-cu ildə

Ərzincanda  İsmayıl  Səfəvinin  ətrafında  toplanan  Qızılbaş  tayfa  əmirləri  sadalanarkən  onlardan  Bayram  bəy

Qaramanlının, Piri bəy Qacarın və Hadim bəy Talışın Anadolulu olmadığının göstərilməsidir [38,21]. Buna görə də,

F. Sümer əsərində Şah İsmayıl dövrünün böyük Qızılbaş tayfaları ilə bağlı siyahıya qacarları daxil etməmişdir.

1499-cu  ildə  İsmayıl  Lahicanı  tərk  edib  Ərdəbil  istiqamətində  hərəkət  edən  zaman  onun  yanındakı  sadiq

müridləri  arasında  Qara  Piri  bəy  Qacar  da  olmuşdu.  Zeynəlabdin  Əli  «Təkmilətül-əxbar»  əsərində  yazır  ki,

göstərdiyi  igidliyinə  görə  «Toxqoparan»  ləqəbini  alan  Qara  Piri  bəy  Qacar  İsmayıl  tərəfindən  1501-ci  ildə

Ağqoyunlu Əlvəndə qarşı göndərilən avanqard qüvvələrə rəhbər təyin edilmişdi [8,146].

XVI yüzilliyin başlanğıcında Qarabağ Azərbaycan Səfəvilər dövlətinin tərkibinə mərkəzi Gəncə olan Qarabağ

bəylərbəyliyi  kimi  daxil  olmuşdu.  Tarixşünaslığımızda  Qarabağ  bəylərbəyliyinin  Şah  İsmayıl  dövründə

(1501-1524)  deyil,  Şah  Təhmasib  dövründə  yarandığı və  Ziyadoğlulardan  Şahverdi  xanın  bəylərbəyi  olduğu  fikri

əsaslı  yer  tutmuşdur.  Şah  İsmayıl  dövründə  Qarabağ  hakiminin  kim  olduğu  məlum  olmasa  da,  O.Əfəndiyevin

yazdığı  kimi,  bu  dövrdə  Qarabağı  Qacar  tay-fa  əmirləri  idarə  etmişdi.  Görünür,  məhz  bu  dövrdə  Qarabağda

üstünlük  Qaramanlılardan  Qacarlara  keçmişdi  [11,64].  Anonim  azərbaycanlı  müəllif  tərəfindən  qələmə  alınmış

«Tarix-i aləmarayi Şah İsmayıl» adlı əsərdə İraqi-Ərəbin qızılbaş  ordusu tərəfindən fəth olunması və Şah İsmayılın

Xadim bəy Xüləfanı Bağdad hakimi təyin etməsi ilə əlaqədar olan 1508-ci il hadisələrindən bəhs edərkən əlavə edir

ki,  Səfəvi  şahı  aparılan  mübarizədə  fədakarlıq  göstərmiş  qızılbaş  əmirlərini  yüksək  qiymətləndirmiş  və  onların

övladlarını müxtəlif yüksək vəzifələrə təyin etmişdi. Anonim müəllif buna misal  olaraq  qeyd  edir  ki,  Şah  İsmayıl

«Qarabağın  və  o  sərhəddin  bəylərbəyiliyini  Qara  Pirinin  oğlu  Rüstəm  bəyə  inayət  etmişdi»  [3,170;  24,166].  Bu

məlumatdan aydın olur ki, Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyiliyi ilk vaxtlar Qara Piri bəy

Qacarın  oğlu  Rüstəm  bəy  Qacar  tərəfindən  idarə  edilmişdi.  Osmanlı müəllifi  Heydər  Çələbi  öz  «Rüznamə»sində

Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın admı çəkir

[38,37]. Güman etməyə əsas vardır ki, Sərdar bəy Qacar da həmin nəslin nümayəndəsi olmuşdur. Çünki, Ziyadoğlu

Qacar  nəsli  Qarabağ  bəylərbəyiliyinə  Şah  Təhmasib  dövründə  bəylərbəyi  təyin  olunmuşdur.  F.Sümerin  fikrincə,

Qacar boyunun başlıca obaları Ağcaqoyunlu, Axçalu, Şam Bayatı, Yivə və İyirmidördlü olmuşdu [38,183-184].

1547-ci  ilin  əvvəllərində  Gürcüstan  səfərindən  dönən  Şah  Təhmasib  Yevlaxda  dayanmışdı.  O.Əfəndiyev

«Xülasət ət-təvarixin» verdiyi məlumata əsaslanaraq yazır ki, Gürcüstan yürüşündən qayıdan zaman Şah Təhmasib

Şahverdi Sultan Ziyadoğlu Qacarın evinə düşmüşdü. Buradan o, Şirvanda üsyan qaldırmış olan Əlqas Mirzəyə qarşı

Şahverdi Sultan Ziyadoğlunu digər əmirlərlə birlikdə göndərmişdi [10,84]. 1537-ci ildə Şahverdi xan öz qüvvələri

ilə Qəndəhar yürüşünə qatılmış və bundan sonrakı mühüm hərbi səfərlərdə də yaxından iştirak etmişdi. Görünür, bu

dövrdə  Şahverdi  Sultan  Qarabağ  bəylərbəyi  olmuşdu.  Çünki,  1552-ci  ildə  Ərzurumda  Osmanlı  hakimi  İsgəndər

paşaya qarşı döyüşdə o, Qarabağ bəylərbəyi kimi xatırlanmışdı [10,93; 28,232].




Qarabağ Ziyadoğlu Qacarların irsi bəylərbəyliyi kimi Qarabağ xanlığının yaranmasına qədər, kiçik fasilə ilə

300  ilə  qədər  onların  nəzarətində  qalmışdı.  Qarabağ  bəylərbəyləri  olan  Ziyadoğlu  Qacarlar  haqqında  ən  mühüm

məlumat II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun

«Xülasət əs-siyar» əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzilliyin 40-cı illərindən XVII

yüzilliyin  60-cı  illərinə  qədər,  təxminən  yüzillik  tarixini  öz  əsərində  işıqlandırmışdır.  O,  Ziyadoğlu  nəslindən

Şahverdi  Sultan,  İbrahim  xan,  Yusif  Xəlifə,  Məhəmməd  xan,  Mürşüdqulu  xan,  Məhəmmədqulu  xan  və

Murtuzaqulu xanın fəaliyyətinə geniş yer vermişdir. Nəzərə almaq lazımdır  ki, Ziyadoğlu Qacar nəslinin Qarabağ

bəylərbəyliyindəki fəaliyyəti yalnız M.Məsumun əsərində ətraflı şəkildə işıqlandırılmışdır. Müəllif Ziyadoğlu nəsli

ilə bağlı mühüm məlumat verərək yazır ki, Lahicanda olan Xəzər bəy Şah Təhmasibə öz oğlu Ümmət xanı təqdim

etmişdi.  Şah  dövlətə  xidmətdəki  sədaqətini  nəzərə  alaraq  ona  «Ziyadoğlu»  ləqəbini  bağışlamışdı.  Ümmət  xanın

ölümündən sonra onun oğlanları şahın sərəncamında olmuşdu. Onun oğlu Şahverdi Sultan Qarabağ bəylərbəyi təyin

olunmuşdu [31,59].

Şahverdi  Sultan  Səfəvi  sarayının  siyasi  həyatında  əhəmiyyətli  rol  oynamışdı.  Şah  Təhmasib  1547-ci  ildə

göstərdiyi tarixi xidmətləri nəzərə alaraq Şahverdi xana Sultan titulu vermişdi. M. Məsum yazır ki, XVI yüzyilliyin

40-50-ci  illərində  Osmanlı-Səfəvi  hərbi  əməliyyatları  zamanı  Şahverdi  Sultanın  hərbi  hissələri  Ərzurumu

mühasirəyə  alan  İsgəndər  paşanın  qüvvələrini  məğlub  etmişdi.  Düşmənin  məğlub  edilməsi  Qızılbaş  ordusuna

növbəti qələbə qazanaraq İrəvanı öz əlində saxlamağa imkan vermişdi. Şah Təhmasib bu xidmətinə görə, Şahverdi

Sultana «müsahib» titulunu vermiş, həm də Qarabağın dörd mülkü ilə yanaşı, Şəki əyalətinə daxil olan Danəki adlı

yeri də ona bağışlamış və öz ehtiyacını daha yaxşı təmin etmək üçün Şirazdan lazım olan şeyləri alıb gətirmək üçün

min tümən illik məvacib verilməsini əmr etmişdi [31,59-60].

Şahverdi  Sultanın  şahın əhatəsindəki  yüksək  zümrəyə  daxil  edilməsi  və  torpaq  bəxşişləri  alması (indi  artıq

onun  5  mülkü  və  xamesalə  vergisini  toplamaq  hüququ  vardı),  Qarabağ  hakiminin  şah  sarayında  mühüm  nüfuz

sahibi olduğunu qeyd etməyə imkan verir. Şahverdi Sultan 1568-ci ildə ölmüşdü. Şahverdi Sultanın 3 oğlu olmuşdu.

Onlardan  biri  olan  Xəlil  xan  hələ  atasının  sağlığında  Astrabad  bəylərbəyi  və  buradakı  Qacar  tayfasının  başçısı

olmuşdu. M.Məsum yazır ki, hazırda Astrabadda yaşayan qacarların bir hissəsi onun nəslindən olan mülazimlərdir.

Şahverdi Sultanın ölümündən sonra onun digər iki oğlu - İbrahim xan və Yusif Xəlifə 1576-cı ilə kimi ardıcıl olaraq

Qarabağ  bəylərbəyi  və  buradakı  qacarlara  rəhbərlik  etmişdi.  II  Şah  İsmayıl  Qarabağ  qacarlarlını,  o  cümlədən

Ziyadoğlu  nəslini  özünün  şəxsi  düşməni  hesab  etmişdi.  Çünki,  Şahverdi  Sultanın  təlqinləri  nəticəsində  İsmayıl

Mirzə  atasına  şübhəli  bilinmiş  və  Şah  Təhmasib  tərəfmdən  Qəhqəhə  qalasında  20  ildən  artıq siyasi  məhbus  kimi

saxlanılmışdı [31,60].

1576-cı ildə  Şah  Təhmasibin  ölümü  zamanı  başlıca  Qacar  əmirlərindən  biri  Şahverdi  Sultanın  oğlu  Yusif

Xəlifə olmuşdu. O, Qarabağ bəylərbəyi və Sultanəli Mirzənin lələsi təyin edilsə də, şahın ölümü ilə bağlı hələ də

Qəzvində  qalmışdı.  1576-cı  ildə  Səfəvi  taxt-tacı  uğrunda  mübarizə  zamanı  Yusif  Xəlifə  Ziyadoğlu  II  İsmayılın

rəqibi olan Heydər Mirzənin tərəfini saxlamışdı. Buna görə də, II Şah İsmayıl Yusif Xəlifəni Qarabağ bəylərbəyi və

Qacar  tayfasının  rəhbəri  vəzifəsindən  azad  etsə  də,  Qarabağ  bəylərbəyliyini  digər  Qızılbaş  tayfasına  verməyi

qərarlaşdırmamışdı.  Yusif  Xəlifə  qardaşı oğlu Peykər  Sultan  tərəfindən  öldürülmüşdü.  Şah  bəylərbəyliyi  ilk  öncə

Peykər  Sultana,  sonra  isə  İmamqulu  xan  Qacara  vermişdi.  Məhəmməd  Xudabəndə  dövründə  1580-ci  ildə  Peykər

Sultan  Şirvan  bəylərbəyi  təyin  edilmiş  və  nəticədə  Qacar  əyanlarının  bir  hissəsi  Şirvana  köçərək  orada  torpaq

mülkləri almışdı [33,122; 10,138,150].

Səfəvi-Osmanlı müharibəsi  (1578-1590)  dövründə  İmamqulu  xan  Qarabağ  qoşunu  ilə  Azərbaycan  uğrunda

mübarizədə fəal iştirak etmişdi. Lakin 1588-ci ildə qızılbaşlar  Arazın cənub sahillərinə çəkilmək məcburiyyətində

qalmışdı. Bu zaman onlar arasında Qacar və İyirmidördlü tayfası da olmuşdu [10,150-151-158-160,197-199; 11,65

].

F.Sümer  yazır  ki,  II  Şah  İsmayıl və  Məhəmməd  Xudabəndə  dövründə  Qacarlar  yenə  Qarabağ bölgəsindəki



yurdlarında  yaşayırdılar.  Bu  zaman  Qarabağ  bəylərbəyi  olan  İmamqulu  xan  Osmanlı  qüvvələri  ilə  vuruşaraq

yurdunu  qorumuş,  Fərhad  paşa  ordusunun  Qarabağı  işğal  etməsindən  sonra  tayfasının  bir  qismi  ilə  Arazbara

çəkilmişdi.  O,  Qacarların  Yivə  obasından  idi.  Osmanlı  işğalı  zamanı  Qarabağda  Qacarlar,  Otuziki,  Qazaxlar,

İyirmidördlü,  Qaramanlı  və  digər  tayfalar  yaşayırdı.  Qarabağın  Osmanlı  idarəçiliyinə  keçməsi  nəticəsində

qacarların bir hissəsi Osmanlı hakimiyyəti altında qalmaq istəməyərək Arazın cənubundakı Səfəvi torpaqlarına köç

etdilər [38,145].

İmamqulu xan Qacar özünün böyük hərbi sərkərdəlik qabiliyyəti nəticəsində Osmanlı ordusuna qarşı on ildən

artıq mübarizə aparmışdı. Onun 1587-ci ildə Gəncədə ölümündən sonra Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ

bəylərbəyi  təyin  olundu.  Şərəf  xan  Bidlisinin  yazdığına  görə,  1588-ci  il  sentyabrın 1-də  Fərhad  paşa  Gəncəni  ələ

keçirən  zaman  Məhəmməd  xan  Ziyadoğlu  ətrafdakı 40-50  min  evdən  ibarət  olan  ulusunu  Araz  çayının  kənarına

köçürmüşdü.  Fərhad  paşa  qacarları burada  da  rahat  buraxmamış  və  sentyabrın  sonunda  Arazbara  yürüş  edərək,

onları və qoyun sürülərini qarət etmişdi [7,294; 20,370; 26,50].

M.Məsumun  verdiyi  məlumat  bir  daha  təsdiq  edir  ki,  Qarabağ  bəylərbəyliyini  irsi  olaraq  Ziyadoğlu  Qacar

nəsli  idarə  etmişdi.  Şahverdi  Sultanın  nəvəsi  Astrabadlı  Xəlil  xanın  oğlu  Məhəmməd  xanın  dövründə  Ziyadoğlu

nəsli  Osmanlı  ordusu  tərəfindən  təkcə  Şirvandan  deyil,  həm  də  Qarabağdan  çıxarılmışdı.  Beləliklə,  Qacarlar

Qarabağı tərk edərək Ərdəbil bölgəsində məskunlaşmışdılar [33,122-123].




Ziyadoğlu  Qacarlar  Qarabağın  Osmanlı ordusu  tərəfindən  işğal  edilməsi  ilə  uzun  müddət  barışmamışdılar.

Məhəmməd xan Qacar 1589-cu ildə Qarabağa yürüş edərək Gəncə şəhərini mühasirəyə almışdı. Bundan xəbər tutan

Təbriz mühafizi Cəfər Paşa Şah Abbasa elçi göndərərək sülh danışıqlarının başlandığı bir dövrdə bu hadisənin yol

verilməz olduğunu bildirməsi öz nəticəsini vermişdi. Səfəvi şahı III Sultan Muradla sülh danışıqlarının başlandığını

nəzərə alaraq Məhəmməd xan Qacarı Gəncə mühasirəsindən geri çağırmışdı [20,378].

Şah  Abbas  1603-cü  ildə  Osmanlı  ordusu  tərəfindən  tutulmuş  əraziləri  geri  almaq  üçün  hərbi  əməliyyatlara

başlayan  zaman  Hüseyn  xan  Qacarı  da  Qarabağ  üzərinə  yürüşə  göndərmişdi.  Osmanlı  idarəsində  qalmış  olan

qacarların demək olar ki, hamısı Hüseyn xan Qacara qoşulmuşdu. 1606-cı ildə qızılbaşlar tərəfindən Gəncənin ələ

keçirilməsilə Qarabağ ərazisi osmanlılardan tamamilə azad edilmişdi. Lakin Hüseyn xan Qacar Qarabağ əhalisinin

şikayəti  nəticəsində  gözdən  düşdüyünə  görə,  Qarabağ  bəylərbəyliyi  yenə  Ziyadoğlulardan  Xəlil  xanın  oğlu

Məhəmməd xana verilmişdi.

Qarabağın  Ziyadoğlu  nəslinin  irsi  mülki  olduğunu  bu  fakt  bir  daha  təsdiq  edir  ki,  Şah  Abbas  tərəfindən

Qarabağ  azad  edildikdən  sonra  onun  idarəsi  yenidən  Ziyadoğlu  nəslinə  vermişdi.  Bu  nəsildən  olan  Hüseyn  xan

Qacar,  sonra  isə  Məhəmməd  xan  Qacar  ikinci  dəfə  bəylərbəyi  təyin  edilmişdi.  1614-cü  ildə  Kartli-Kaxetidə  şah

rejiminə  qarşı  üsyana  Gəncə  rəiyyətləri  də  qoşulmuş  və  Məhəmməd  xan  üsyançılar  tərəfindən  öldürülmüşdü.

Bundan  sonra  Qarabağı  Məhəmməd  xanın  oğlanları  Mürşüdqulu  və  Məhəmmədqulu  xan  idarə  etmişdi.  M.

Məsumun  yazdığına  görə,  Şah  Abbasın  hakimiyyətinin  son  illərində  Məhəmmədqulu  xan  Ziyadoğlu  Qacar

iftiraların  qurbanı  olmuş  və  o,  bəylərbəyi  vəzifəsindən  azad  olunmuşdu.  Bu  hadisə  təkcə  Məhəmmədqulu  xan

Qacara  qarşı  yönəlmiş  bir  akt  olmamışdı.  Burada  Şah  Abbasın  qüdrətli  Qızılbaş  hərbi-köçəri  əyanlarına  qarşı

yönəlmiş  siyasətini də göz önünə almaq lazımdır.  1627-ci ildə Şah Abbas tərəfindən Məhəmmədqulu xan tutduğu

vəzifədən azad edilmiş, Ziyadoğlu nəsli Qarabağ bəylərbəyliyindən uzaqlaşdırılmış və onu şah qulamlarından olan

sərkərdə  Allahverdi  xanın  oğlu  Davud  xan  əvəz  etmişdi.  Mənşə  etibarilə  qacarlara  yad  olan  Davud  xan,  həm  də

Qarabağdakı  Qacar  tayfasının  başçısı  təyin  olunmuşdu  [33,123].  Görünür  bu  tədbir  Qacar  tayfa  əyanlarını

zəiflətmək  məqsədi  güdmüş  və  bu  tayfaya  məxsus  qoşunu  mərkəzi  şah  hökumətinin  itaətkar  alətinə  çevirməyə

yönəldilmişdi. Şah Abbasın ölümü ərəfəsində vəzifədə iki Qacar əmirinin olması onların nə qədər gözdən düşmüş

olduğunu  göstərir.  Bunlardan  biri  Çuxursəd  bəylərbəyi  Əmirgünə  oğlu  Təhmasibqulu  xan  və  digəri  Bərdə  valisi

iyirmidördlü Peykər xan idi.

M.Məsumun  verdiyi  məlumata  görə,  1632-ci  ildə  Şah  Səfi  Davud  xanı  mərkəzi  hakimiyyətə  qarşı  qiyam

qaldırmış  Teymurazı  müdafiə  etdiyinə  görə  hakimiyyətdən  uzaqlaşdırmış  və  Qarabağ  bəylərbəyliyini  yenidən

Ziyadoğlu nəslindən olan Məhəmmədqulu xana  qaytarmışdı.  Məhəmmədquluxan  şahın hüsnü-rəğbətini  qazanaraq

1633-cü  ildə  kürdlərin  qiyamının  yatırılmasında  yaxından  iştirak  etmiş  və  1635-ci  ildə  isə  İrəvan  yaxınlığındakı

hərbi  əməliyyatlar  zamanı  şah  ordusuna  uğurla  rəhbərlik  etmişdi.  Məhəmmədqulu  xan  ölümünə  kimi  Qarabağ

bəylərbəyliyini idarə etmişdi. Ondan sonra bəylərbəyliyi qardaşı Murtuzaqulu xan idarə etmişdi. Murtuzaqulu xan

1664-cü  ildə  ölmüş  və  onu  qardaşı  oğlu  I  Uğurlu  xan  əvəz  etmişdir  [33,123-124;  31,61;  26,51].  Şah  Abbas

dövründə  Qacarların İyirmidördlü  obasından  Hüseyin  Əli  bəy  ilə  Peykər  xanı tanıyırıq.  Bərdə  valisi  olan  Peykər

xanı Şah Səfi dövründə İbrahim xan əvəz etmişdi. İbrahim xan sonra Bərdə valiliyindən azad edilmiş  və elçi kimi

İstanbula göndərilmişdi [33,188].

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Qarabağ  Qacarları  Azərbaycanın  milli  dövlətçilik  tarixində  çox  böyük

xidmətləri  olan  qədim  türk  tayfalarından  biri  olmuşdu.  Tarixi  qaynaqlar  göstərir  ki,  XVI  yüzilliyin  əvvəllərindən

başlayaraq  Nadir  xan  Əfşarın  şah  seçilməsinə  kimi  Qacarlar  demək  olar  ki,  fasiləsiz  olaraq  Gəncə-Qarabağ

bəylərbəyliyində  bəylərbəyi  vəzifəsini  tutmuşdular.  Bəzi  vaxtlarda  Gəncə-Qarabağ  bəylərbəyləri  hətta,  Şərqi

Gürcüstanın idarəsini də öz əllərinə almışdılar [1,30]. Səfəvi şahı Süleyman (1666-1694) Kaxeti çarlığının idarəsini

özünün etibarlı adamlarından olan Gəncə bəylərbəyi Abasqulu xan Qacara (1688-1695) tapşırmışdı. Abasqulu xanı

isə  Kəlbəli  xan  Qacar  (1695-1710)  əvəz etmişdi. Abasqulu  xanın atası Həbib,  Kəlbəli  xanın atası isə  Uğurlu  xan

Qacar olmuşdu [13,69]. Şah Hüseynin hakimiyyəti dövründə də (1694-1722) Qacar tayfa əmirləri Kaxetiyə hakim

təyin edilmiş və 8 il oranı idarə etmişdilər [2,586,588].

Qarabağ ərazisi öz təbii şəraiti, əlverişli iqlimi, şəffaf suları, meşə örtüyü, yeraltı sərvətləri və eyni zamanda

nadir  otlaqları,  ovlaqları  ilə  zəngin  olan  tarixi  bir  vilayət  olmuşdu.  Kür  və  Araz  çayları  ilə  suvarılan  Qarabağ

torpaqlarında  bol  taxıl,  meyvə-tərəvəz,  bostan  bitkiləri,  üzüm  və  s.  becərilirdi.  XV  yüzilliyin  əvvəllərində  Əmir

Teymurun Qarabağda abadlıq işləri aparması, ilk növbədə Beyləqana su arxı çəkdirməsi burada təsərrüfatın daha da

inkişaf  etməsinə  səbəb  oldu.  Ov  zamanı xarab  olmuş  qədim  kanala  rast  gələn  Əmir  Teymur  onun  təmizlənməsi

barədə göstəriş verdi və kanal bir ay ərzində bərpa edilib istifadəyə verildi. Bu kanal öz başlanğıcını Araz çayından

alıb  Beyləqanda  Sərcəbil  adlı yerdə  Pirkamar  məzarı yaxınlığında  qurtarırdı.  Uzunluğu  təxminən  60-70  km  olan

həmin kanal Teymurun göstərişi ilə «Bərlas nəhri» adlandırıldı [35,106-107]. Qarabağın dağlıq və dağətəyi əraziləri

heyvandarlığın inkişafı üçün  geniş  imkanlar  açırdı.  Qarabağ öz  ipəyi  ilə  də  məşhur  idi.  Səyyah  İohann  Şiltberger

Qarabağda Kür çayının sahillərində dünyada ən yaxşı ipəyin istehsal olunduğunu yazır [39,67].

Qarabağ  Azərbaycanın  mühüm  ticarət  mərkəzlərindən  biri  hesab  olunurdu.  XV-XVII  yüzilliklərdə

Azərbaycan ərazisindən keçən baş ticarət yolunun mühüm qolu Qarabağdan keçirdi. Qarabağ ticarət yolu Bəkrəbad

kəndindən  keçərək  Araza  çatır,  sonra  isə  Qarabağ  ərazisinə  daxil  olurdu.  Araz  sahilindən  Gəncəyə  kimi  olan  34

fərsəxlik (210-220 km) yol Xar, Qark, Ləmbəran, Bazarcıq, Bərdə, Cuzbuq, Xanəgah-Şutur kimi ticarət mərkəzləri




və  yaşayış  məskənlərindən  keçirdi.  Daha  sonra  bu  yol  Şəmkir,  Yurt-Şadakban,  Ağstafanı  keçib  Tiflisə  çatırdı.

Qarabağ yolunun ümumi uzunluğu 45 fərsəx (280-300 km.) olmuşdu [35,107].



(ardı gələn sayımızda)

Mənbə və ədəbiyyat.

1. Adıgözəl bəy M. Qarabağnamə, - Qarabağnamələr. Birinci kitab. Bakı, 1989.

2. AKAK, Тифьлис, 1868, t.2, c. 586, док. 166; c, 588, док.172.

3. Aləmara-ye şah Esmail (ba moqəddeme-yo təshih-o təliq-e Əsğər Montəzer Saheb). Tehran, 1349.

4. Али-заде A.A. Социально-экономическая и политическая история Азербайджана XIII-X1V вв. Баку,

1956.


5. Аракел Даврижеци. Книга историй. М., 1973.

6. Azərbaycan tarixi. Yeddi cilddə. Ucüncü cild, Bakı, 1999.

7.  Бидлиси  Шараф  хан  Шамсаддин.  Шереф-наме.  Перевод,  предисловие,  примечание,  приложение

Е.И.Васильевой, т.1, М, 1967.

8. Эфендиев О.А. Образование азербайджанского государства Сефевидов в начале XVI в. Баку, 1961.

9.  Эфендиев  О.А.  «Всеобщая  история  Хафиза  Абру  как  источник  по  истории  Закавказья  первой

четверти XV в. - Источниковедческие разыскания 1979. Тбилиси, 1984.

10. Эфендиев О.А. Азербайджанское государства Сефевидов в XVI в. Баку, 1981.

11.  Эфендиев  О.А.  Карабах  в  составе  государств  Каракойунлу,  Аккойунлу  и  Сефевидов  (XV-XVII

вв.).-Карабах. Очерк истории и культуры. Баку, 2004.

12.  Əbu  Bəkr  əl-Qütbü  əl-Əhəri.  Tarix-e  Şeyx  Uveys.  Fars  dilindən  tərcümə  və  müqəddimə,  şərhlər  və

qeydlər M.D.Kazımov və V.Z.Piriyevindir. Bakı, 1984.

13.  Həmidova  Ş.  Gürcü  mənbələri  Gəncə  haqqında.-Azərb.  EA  Xəbərləri,  Tarix,  fəlsəfə  və  hüquq  seriyası,

1999, №2.

14. Harimi R.İ. Osmanlı qoşunlarının Azərbaycana yürüşləri (XVI əsrin sonu). Bakı, 2007.

15.  Фасих  Хавафи.  Муджмали  Фасихи.  Перевод, предисловия  и указатели  Д.Ю.Юсуповой, Ташкент,

1980,

16.  Gəncə  -  Qarabağ  əyalətinin  müfəssəl  dəftəri.  Ön  söz,  tərcümə  və  şərhlərin  müəllifi  Hüsaməddin



Məmmədov (Qaramanlı). Bakı, 2000.

17. Qarabağnamələr. Birinci kitab. Bakı, 1989.

18.  Qəzvini  Həmdullah  Mustofi.  Zeyl-e  Tarix-e  qozide.  Giriş,  tərcümə,  şərhlər  və  göstəricilər

M.D.Kazımovun və V.Z.Piriyevindir, Bakı, 1986.

19. Kırzıoğlu F. Osmanlıların Kafkaz ellerini fethi (1451-1590), Ankara, 1976.

20.  Kırzıoğlu  F.  1593  (H.1001)  yılı  Osmanlı  vilayet  Tahrir  Defterinde  anılan  Gence-Karabağ  sancakları

«Ulus» ve «Oymakları»- Edebiyat Fakültesi Araştırma Dergisi Ahmet Cafaroğlu Özel Sayısı, sayı 10, Ankara, 1979.

21. «Qızılbaşlar tarixi». Tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir, Bakı, 1993.

22. Хунджи Фазлуллах ибн Рузбехан. Тарих-и алам -ара-йи Амини. Перевод с английского на руский

ТА. Минорской. Баку, 1987.

23. Mirza Səmia. Təzkirətul-muluk (be kuşeş-e dr. S.M.Dəbirseyadqi). Tehran, 1368.

24.  Musalı  N.  Səfəvilər  zamanında  Qarabağ  bəylərbəyiliyinin  yaradılması  və  onun  inzibati  quruluşu.

«Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın materialları. Bakı, 2006.

25. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı, 2000.

26.  Nəcəfli  T  və  Nəcəfli  G.  XVI-XVIII  yüzilliklərdə  Qacarların Azərbaycanın siyasi  həyatında  rolu.  //  Şah

İsmayıl Xətai. Elmi-praktik konfransın materialları, Bakı, 2006, s. 47-54.

27. Najafli T, Najafli G. Role of Qajars in Azerbayjans politikal life in XVI-XVII centuries. // Азербайджан

и азербайджанцы. Баку, 2006, №1-4, p.137-147.

28. Nəcəfli T. Ziyadoğlu Qacarlar Qarabağda. «Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın

materialları. Bakı, 2006, s.230-235.

29.  Nəcəfli  T.  Qarabağ  XV  yüzillikdə.  //  «Qarabağ  dünən,  bu  gün  və  sabah»  6-cı elmi-əməli  konfransının

materialları. Bakı, 2007, s. 309-319.

30.  Nəcəfli  T.  Qarabağ  XVI  əsrdə.  //  «Qarabağ  dünən,  bu  gün  və  sabah»  7-ci  elmi-əməli  konfransının

materialları. Bakı, 2008, s. 237-248.

31. Павлова И.К. Хроника времен Сефевидов. Москва, 1993.

32.  Петрушевский  И.П.  Государства  Азербайджана  в  XV  в.  -  Сб.  статей  по  истории  Азербайджана,

вып.1, Баку, 1949.

33. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI

- начале XIX в.в., Л., 1949.

34.  Петрушевский  И.П.  Государство  Азербайджана  в  XVI-XVII  вв.  Сб.  статей  по  истории

Азербайджана. Вып. 1, Баку, 1949



35. Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003.

36.  Рашид  ад-дин  Фазлуллах.  Джами  ат-таварих.  т.Ш.  Составитель  научно-критического  текста  на

персидском языке - А.А. Али-заде. Первод с персидского языка А.К.Арендса. Баку, 1957.

37. Sumer F. Kara Koyunlular. I cilt, Ankara, 1967.

38. Sumer F. Safevi devletinin kurulusu ve gelişmesinde Anadolu türklerinin rolu. Ankara, 1976.

39. Щильтбергер Иоганн. Путешествие по Европе, Азии и Африке с 1394 года по 1427 год. Баку, 1984.

40.  Tehrani  Əbubəkr.  Kitab-i  Diyarbəkriyyə.  Fars  dilindən  tərcümə  edən,  ön  söz,  şərhlər  və  göstəricilərin

müəllifi Rəhilə Şükürova, Bakı, 1998.



41. Togan Z.V. Azerbaycan etnografisine dair, «Azerbaycan Yurt Bilgisi», с. II, sayi 14, İstanbul, 1933.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə