İcbari sığortalar haqqında


II fəsil Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası



Yüklə 279,35 Kb.
səhifə3/4
tarix21.04.2018
ölçüsü279,35 Kb.
#39763
1   2   3   4

II fəsil


Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

Maddə 42. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari

sığortasının məqsədi və təyinatı

42.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

42.2. Təyinatı bu Qanunun .42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

42.3. Bu Fəslin məqsədləri üçün istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.



Maddə 43. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətini icbari

sığorta etdirməli olan şəxslər

43.1. Mülkiyyətində bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlak olan və ya belə əmlaka faktiki sahibliyi həyata keçirən, həmçinin onu icarəyə götürmüş və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən müvafiq şəxslər bu Fəslin məqsədləri üçün həmin əmlakın sahibi hesab olunurlar.

43.2. Aşağıdakı şəxslər sahibi olduğu, bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir:

43.2.1. hüquqi şəxslər;

43.2.2. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Maddə 44. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari

sığortası üzrə sığorta hadisəsi

44.1.Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

44.1.1.elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;

44.1.2. qaz partlayışı;

44.1.3. elektrik naqillərində baş verən qısa qapanma;

44.1.4. su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

44.1.5. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.


Maddə 45. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari

sığortası üzrə sığortalı və sığorta olunan


45.1. Sahibi olduğu daşınmaz əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı üçüncü şəxslərə vurulan zərərə görə əmlak mənafelərinin sığortası üzrə sığortaçı ilə mülki məsuliyyətin icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.

45.2. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, bu Fəslə uyğun olaraq istismarı, o cümlədən ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı sahibinin mülki məsuliyyəti sığortalanmış əmlakı qanuni əsaslarla istifadə edən və ya onun ərazisində belə əsaslarla fəaliyyət göstərən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.



Maddə 46. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari

sığortası üzrə üçüncü şəxslər

Bu Qanunun 7-ci maddəsində müəyyən edilən istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın olduğu yerə, həmçinin inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparıldığı əraziyə giriş müvafiq qaydada qadağan olunmadığı halda, həmin əraziyə daxil olan belə şəxslər, habеlə onların ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar.


Maddə 47. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari

sığortası üzrə sığorta məbləğləri

47.1. Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəyən zərər üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

47.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat;



47.1.2. əmlaka dəyən zərər üzrə 50.000 manat.

Maddə 48. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari

sığortası üzrə sığorta haqları


Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının məbləği müvafiq əmlakın təyinatından asılı olaraq, sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 49. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari

sığortası üzrə sığorta ödənişi və subroqasiya hüququ


49.1. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi hissəsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.

49.2. Sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun.




Yüklə 279,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə