İDDİA ƏRİZƏSİ (əqdin etibarsız hesab olunmasına dair) 21 avqust 2013-cü IL tarixində Bank vtb (Azərbaycan) asc



Yüklə 28,57 Kb.
tarix29.08.2018
ölçüsü28,57 Kb.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə
İddiaçı: Hüseynova Lalə Əli qızı

Ünvan: Bakı şəhəri, Nizami küçəsi, ev 22, m. 156


Cavabdeh: Bank VTB (Azərbaycan) ASC

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38



İDDİA ƏRİZƏSİ

(əqdin etibarsız hesab olunmasına dair)

21 avqust 2013-cü il tarixində Bank VTB (Azərbaycan) ASC (bundan sonra “Cavabdeh”) və Hüseynova Lalə Əli qızı (bundan sonra “İddiaçı”) arasında 116398-1-8357 saylı “Avtomobil krediti müqaviləsi” (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh İddiaçıya avtomobilin alınması məqsədi ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit vermişdir. Halbuki, əslində İddiaçı qabaqcadan Cavabdehə krediti manatla götürmək istədiyini bildirmişdir. Hər bir halda Cavabdeh İddiaçıya münasibətdə kreditin manatda lazım olduğunu bilirdi, çünki Azərbaycan Respublikasının ərazisində avtomobilin manatdan başqa digər valyuta ilə alınması mümkün deyil.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarının 2-ci bəndində Konstitusiyanın sözügedən müddəası belə şərh edilir: “Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur”.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 439.1-ci maddəsinə əsasən də pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmin maddə belə şərh olunur: “Bu maddə təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir”.

Beləliklə, qanunvericiliyə əsasən avtomobil yalnız manatla alına bilər və Cavabdeh bunu bilməli idi. Nəinki bilməli idi, dəqiq bilirdi. Nəinki dəqiq bilirdi, hətta İddiaçının aldığı avtomobilə görə manatla ifadə olunmuş məbləği bilavasitə özü avtomobil satıcısına köçürmüşdür.

Lakin Cavabdeh İddiaçını aldadaraq onunla Müqaviləni manatda deyil, dollarda bağlamışdır. İddiaçı da aldadıldığını yalnız 2015-ci ilin 21 fevral tarixində manatın kəskin devalvasiyasından sonra bilmişdir.

Müqavilə layihəsi İddiaçıya Cavabdeh tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də İddiaçı tərəfindən imzalanmışdır. Buna görə də Müqavilə MM-in 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış əqddir. MM-in 420.2-ci maddəsində deyilir: “Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır”. İddiaçı ilə Müqaviləni bağlayarkən Cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək İddiaçının etimadından sui-istifadə etmişdir. Buna görə də Müqavilə etibarsız hesab olunmalıdır.

Digər tərəfdən, Müqavilə MM-in 347.2.2-ci maddəsinə əsasən də etibarsızdır. Belə ki, həmin maddəyə görə şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə, bu, vacib əhəmiyyətli yanılmadır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

Eyni zamanda Müqavilə MM-in 339.2-339.3-cü maddələrinə əsasən də etibarsızdır. Həmin maddələrə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur.

Cavabdeh həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun da tələblərini pozaraq, istehlakçı olan İddiaçıya zəruri və düzgün məlumat verməmiş və bununla da onu aldatmışdır. Belə ki, həmin Qanunun 13.1-ci maddəsində deyilir: “Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir”. Qanunun 13.7-ci maddəsində isə belə bir müddəa təsbit edilmişdir: “Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir”. Nəhayət, Qanunun 18.0.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə o cümlədən aşağıdakı tələbləri ehtiva edir: “malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını”.

Beləliklə, bir istehlakçı olaraq mənim hüquqlarım pozulmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən isə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar  dövlət rüsumu ödəməkdən azaddır.


Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrini rəhbər tutaraq,
XAHİŞ EDİRİK:


Bank VTB (Azərbaycan) ASC Hüseynova Lalə Əli qızı arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 116297-1-8331 saylı “Avtomobil krediti müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarasınız.
Əlavə olunan sənədlərin siyahısı:

  1. İddia ərizəsinin 1 nüsxəsi – 2 vərəq;

  2. 21 avqust 2013-cü il tarixli 116398-1-8357 saylı “Avtomobil krediti müqaviləsi”nin surəti – 5 vərəq;

  3. İddiaçı Hüseynova Lalə Əli qızının şəxsiyyət vəsiqəsinin surəti – 1 vərəq.



_________________ Hüseynova Lalə Əli qızı
12.02.2016-cı il




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə