Ii yazı Azərbaycan Xalq Cümhuriyyətinin tarixində 1918-ci ilin 15 sentyabrına kimi olan dövr



Yüklə 154,87 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü154,87 Kb.
#63830
növüYazı


“Xalq Cəbhəsi”.-2013.-2 mart.-N 40.-S.11. 

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu 



 

Bakıya hücum ərəfəsində Nuru Paşanın ordusunda 6 min Azərbaycan türkü var idi 

 

II yazı 

 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixində  1918-ci  ilin  15  sentyabrına  kimi  olan  dövr 



dövlətimizin  hər  mənada  varlığını  təsdiq  dövrü  idi.  Bu  dövrədək  milli  ordu  quruculuğu  ilə  bağlı 

müəyyən  işlər  görülsə  də,  Bakının  düşmən  əlində  olması  idi.  Cümhuriyyətin  imkanlarını 

məhdudlaşırdı. Ona görə də nəyin bahasına olur-olsun, Bakı azad olunmalı idi. 

1918-ci ilin 15 sentyabrı isə dövlətçiliyimizin tarixində əvəzsiz məqamlardandır. Hər şeydən əvvəl 15 

Sentyabrın  siyasi  əhəmiyyəti  vardı.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  hökuməti  1918-ci  ilin  15 

sentyabrına kimi Gəncədə fəaliyyət göstərirdi. Xüsusən Sovet Rusiyası gənc Cümhuriyyəti yıxmaq üçün 

hər cür fitnə-fəsada əl atırdı. Təsadüfi deyil ki, bir neçə ay əvvəl — 1918-ci ilin martında Bakıda bəşər 

tarixində  ən  dəhşətli  soyqırımlardan  biri  törədilmişdi.  2-3  gün  ərzində  Bakıda  12  min  türk  soydaşımız 

qətlə  yetirilmişdi.  Belə  bir  zamanda  gənc  cümhuriyyətin  ayaqda  qalması,  millətimizin  siyasi  iradəsini 

təsdiq  etməsi  üçün  Bakı  kimi  strateji  cəhətdən  əhəmiyyətli  mövqedə  yerləşmiş,  əhalinin  daha  çox 

cəmləşdiyi,  sənayenin  inkişaf  etdiyi,  xüsusən  zəngin  neft  mədənlərinin  olduğu  ərazinin  paytaxt  kimi 

tanınması Azərbaycanın halal, tarixi əraziləri uğrunda mübarizəsinin yeni səviyyədə vüsət alması demək 

olacaqdı.  Bu  mənada  Bakının  azad  olunmasının  iqtisadi  əhəmiyyəti  barədə  də  bizcə,  geniş  danışmağa 

ehtiyac  qalmır.  Xarici  dövlətlər,  o  cümlədən  də  Rusiya  Bakı  neftini  ələ  keçirmək  uğrunda  ölüm-dirim 

savaşına  qalxmışdılar.  Belə  bir  zamanda  qəhrəman  türk  ordusunun  Azərbaycana  köməyə  gəlməsi 

hadisələrin  sonrakı  inkişafında  Azərbaycan  Xalq  Cümhuriyyətinin  müəyyən  dövrdə  də  olsa,  özünə 

gəlməsinə, müstəqil dövlət olaraq tanınmasına ciddi təkan verdi. Digər tərəfdən də bu hadisə iki qardaş 

türk xalqının mənəvi birliyinin sübutu oldu. 

Beləliklə, 1918-ci il sentyabrın 15-də Bakı azad olundu. O zaman neçə aydan bəri Gəncədə müvəqqəti 

məskunlaşan  ADR  hökuməti  Bakıya  köçdü.  Məhz  hökumətin  Bakıya  köçməsi  yeni  yaranmış 

cümhuriyyətin  müəyyən  müddət  mövcudluğunu  qoruyub  saxlamasında  əhəmiyyətli  rol  oynadı.  Bakının 

azad  olunmasında,  Azərbaycanın  bir  çox  bölgələrini  erməni  vəhşiliyindən,  qatilliyindən  xilas 

olunmasında  böyük  xidməti  olan  Nuru  Paşa  1889-cu  ildə  İstanbulda  hərbçi  Əhməd  Tofiqin  ailəsində 

anadan  olub.  Ulu  babalarının  Krım  türklərindən  olduğu  bildirilir.  1906-cı  ildə  quru  qoşunları  hərbi 

məktəbinə daxil olub, 3 il sonra həmin məktəbi leytenant rütbəsi ilə bitirərək 3-cü ordu komandanlığında 

zabit kimi xidmətə başlayıb. 1910-cu ildə padşaha məxsus piyada bölüyünə keçirilib. 1911-ci ildə Hərbi 

Akademiyanı bitirib, 2 il sonra yüzbaşı (kapitan), 1916-cı ildə minbaşı (mayor), 1918-ci ildə isə yarbay 

(podpolkovnik)  rütbələri  alıb.  1-ci  Cahan  savaşı  illərində  Şimali  Afrika  cəbhəsində  Liviya  ərazisində 

cəbhə komandanı olaraq döyüşlərə rəhbərlik edib. Şücaətlərinə görə Almaniyanın, Avstriya-Macarıstanın 

və Türkiyənin medalları ilə təltif edilib. 1918-ci ilin yazında Azərbaycanı və Dağıstanı xilas etmək üçün 

qərargah yaradılır. Nuru Paşa Qafqaz İslam Ordusunun komandanı təyin olunur. O, Osmanlı dövlətinin 

hərbi  naziri  Ənvər  paşanın  qardaşı  idi.  Bu  dövrdə  Bakı  nefti  uğrunda  gedən  mübarizədə  Almaniyanın 

şübhələndirilməməsi  üçün  ordunun  məhz  belə  adlandırılması,  ordunun  əsgəri  qüvvəsinin  Azərbaycan 

Türklərindən  yaradılacağı  ideyası  ortada  idi.  Əvvəlcə  Təbrizə  gələn  Nuru  Paşa  Urmiya  ətrafında 

ermənilərəağır  zərbələr  endirir.  Mayın  20-də  Zəngəzura  çatır,  camaat  tərəfindən  sevinclə  qarşılanır. 

Mayın  25-də  Gəncəyə  gəlir,  qısa  müddətdə  Gəncədən  Zəngəzura  kimi  olan  bölgələrdə  asayiş  yaradır. 

İyunun  20-də  Bakının  azad  edilməsi  planını  gerçəkləşdirmək  üçün  Ənvər  Paşaya  müraciət  edir,  əlavə 

qüvvə, hərbi sursat alır. Bu dövrdə Bakı Sovetinin tabeliyindəki qüvvələrin sayı 20 min nəfərdən çox idi. 

Bakıya hücum ərəfəsində Nuru Paşanın tabeliyində 14 min nəfər döyüşçü vardı: bunun 8 minini Türkiyə, 

6  mini  isə  Azərbaycan  Türkləri  təşkil  edirdi.  Nuru  Paşa  işğalçılar  qarşısında  şəhərin  danışıqsız  təslim 

olunması, əsgərlərin şəhərin müdafiəsindən çəkilməsi, silahların, döyüş sursatlarının, əmlak və binaların 

təhvil verilməsi, Bargin adasında saxlanılan türk, alman, avstriyalı hərbi əsirlərin geri qaytarılması, zirehli 

maşın, təyyarə və digər anbarların təhvil verilməsi kimi tələblər qoyur. Sentyabrın 14-də başlayan hücum 

15-də  qələbə  ilə  başa  çatır.  Türk  qoşunları  Bakının  azad  olunması  zamanı  1130-dan  artıq  şəhid  verib. 

1918-ci  il  sentyabrın  23-də  Türkiyənin  baş  naziri  Tələt  Paşanın  Almaniya  ilə  bağladığı  gizli  protokola 

əsasən  Osmanlı  dövləti  qüvvələrini  Azərbaycandan  çıxarmaqla  bağlı  öhdəlik  götürür.  Noyabrın  30-da 

Atlanta ilə Osmanlı dövləti arasında «Mudros» sülh müqaviləsi imzalanır: Osmanlı dövləti Bolqarıstan və 

Avstriya-Macarıstandan  sonra  məğlubiyyətini  etiraf  edir.  Beləliklə,  qəhrəman  türk  ordusunun 




Azərbaycanı tərk etməsi məsələsi qaçılmaz olur. 1920-ci il aprel çevrilişindən sonra Nuru Paşa gizlincə 

Dağıstandan  keçərək  Qarabağa  gəlir,  Qarabağda  və  Zaqatalada  xalqı  sovet  imperiyası  əleyhinə  üsyana 

qaldırır. Lakin o, məğlub olaraq geri dönməyə məcbur olur. 

Ümumiyyyətlə,  Azərbaycan  Xalq  Cümhuriyyəti  qurucularının  istər  siyasi,  istərsə  də  iqtisadi,  hərbi, 

mədəni  və  başqa  sahələrdə  gördükləri  işləri  təhlil  edəndə  onların  sözün  əsl  mənasında  fədakar,  sanki 

anadangəlmə  bu  görəv  üçün  doğulduqlarını  təsəvvür  etməmək  olmur.  Azərbaycan  Xalq  Cümhuriyyəti 

dövründə  müstəqilliyin  necə  şirin  olduğunu  anlayan,  ölkənin  taleyi  sarıdan  onu  qarşıda  gözləyən 

təhlükələri  aydınca  görən  hərbçilərimizin  əksəriyyəti  bütün  bunlara  baxmayaraq  tutduqları  yoldan 

çəkilmədilər.  Azərbaycan  hökuməti  az  vaxtda  milli  ordu  quruculuğu  yönündə  çox  işlər  gördü. 

Digər  tərəfdən  də  o  dövrdə  Azərbaycan  dünyada  gedən  ictimai-siyasi  proseslərin  fonunda  «çıxılmazlıq 

sindromu» qarşısında qalmışdı. Dünya bolşevik Rusiyasının qalmasını o dövrdə yaranmış yeni müstəqil 

dövlətlərin  varlığından  üstün  tuturdu.  Digər  tərəfdən  də  Azərbaycanın  üzərinə  100  min  nəfərlik  rus 

ordusu gəlirdi. Azərbaycan ordusu düşmən ordusuna qarşı müqavimət göstərdisə də, az sonra qüvvələrin 

qeyri-bərabərliyi səbəbindən ölkəmiz Rusiya imperiyası tərəfindən yenidən zəbt olundu. 



Dövlət  Ədəbiyyat  və  İncəsənət  Arxivinin  direktoru  Maarif  Teymur  bildirir  ki,  rəhbərlik  etdiyi 

arxivdə  Fətəlibəyli  Düdənginski  ilə  bağlı  da  maraqlı  soraqlar  var.  O,  cümhuriyyət  qurulan  zaman  çox 

gənc olub. 1937-ci ildə Moskvadakı Hərbi Akademiyada oxuyub, 2-ci Cahan Savaşında iştirak edib, əsir 

düşüb,  sonra  da  legionerlik  fəaliyyəti  göstərib.  Onun  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövrü  hərbi 

xadimlərimiz haqqında yazıları olub, təəssüf ki, bizə gəlib çıxmayıb. Arxivdə saxlanılan «Azərbaycan» 

qəzetinin səhifələrində o dövr milli ordu quruculuğuna dair də xeyli qiymətli soraqlar var». 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  milli  ordumuzun  yaranması  və  yaşamasında  mühüm 

xidmətlər göstərmiş, 21 döyüş generalından biri general-leytenant Məmmədbəy Aleksandroviç Sulkeviç 

haqqında da söz açmaq yerinə düşərdi. Bu barədə ətraflı bilgiyə yazıçı, tanınmış araşdırmaçı-jurnalist 

Şəmistan  Nəzirlinin  araşdırmalarında  rast  gəlirik.  General  Sulkeviç  milliyyətcə  Litva  tatarıdır.  Atası 

Aleksandr  Qusar  alayında  xidmət  edib,  polkovnik  rütbəsinə  kimi  yüksəlibmiş:  «Arxiv  sənədlərindən 

aydın olur ki, Məmmədbəy Sulkeviç Azərbaycana 1918-ci ilin dekabrında gəlib, 1919-cu il martın 26-dək 

Gəncədə  yerləşən  1-ci  Müsəlman  Korpusunun  komandiri  olub.  Həmin  tarixdə  147  saylı  əmrlə  baş 

qərargah  rəisi  təyin  olunub.  General  Sulkeviç  1865-ci  il  iyunun  20-də  Kemeyşi  yaşayış  məntəqəsində 

dünyaya gələndə atası onun adını Maçeybəy qoysa da, sonralar Krımdakı fəaliyyətinə görə tatarlar hörmət 

əlaməti  olaraq  ona  «Süleyman  Paşa»  adını  vermişlər.  Azərbaycanda  isə  özü  könüllü  olaraq 

«Məmmədbəy» adını qəbul etmişdi». 

Ş.Həzirli  arxiv  sənədləri  əsasında  bu  qənaətə  gəlir  ki,  o  zaman  general  Sulkeviç  Azərbaycana  tək 

gəlməyib: «Kazımbəy Sulkeviç Müsavat Hökumətinin Xarici İşlər Nazirliyinin dəftərxana direktoru olub. 

Generalın  həyat  yoldaşı  Məryəm  xanım  isə  N.Tağıyevin  qız  məktəbində  müəllim  işləyib,  fəal 

ictimaiyyətçi  qadın  olub.  Digər  bir  ziyalı  qadın  Leyla  xanım  Sulkeviç  isə  Azərbaycan  parlamentinin 

dəftərxana  işləri  idarəsində  iş  icraçısı  vəzifəsində  işləyib».  Ş.Həzirlinin  araşdırmalarından  daha  sonra 

məlum  olur  ki,  1919-cu  il  iyunun  16-da  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  Gürcüstan  arasında  hərbi 

ittifaqın bağlanmasında Məmmədbəy Sulkeviçin böyük rolu olub: «Bu təşəbbüsü o, irəli sürmüşdü». 

Araşdırmaçı  qeyd  edir  ki,  1920-ci  ilin  mayında  general  Sulkeviçi  həbs  edib  Bakı  Fövqəladə 

Komitəsinin  zirzəmisinə  salırlar:  «İyulun  15-də  isə  əksinqilabi  fəaliyyətdə  ittiham  edilərək  güllələnir. 

Məhəmməd  Əmin  Rəsulzadə  «Azərbaycan  Cümhuriyyəti»  kitabında  güllələnmiş  general  Məmmədbəy 

Sulkeviçin  adını  yana-yana  çəkir.  Onun  mərd,  mübariz  bir  şəxs  olduğunu  iftixarla  qeyd  edir.  O, 

xatirələrində yazır:  

Qardaşım,  parlament  üzvü  Mehmed  Əli  bəyin  hekayətini  ilk  dəfə  xalqa  çatdırmaq  istəyirəm.  O, 

qorxmaz general Sulkeviçin qəhrəmancasına ölümünün şahididir. Onunla bir kamerada olan Mehmed Əli 

bəy söyləyirdi: «Generala əmr etdilər ki, çekistlərin ardınca getsin. Bizə aydın oldu ki, onun ölüm saatı 

çatıb.  Onun  gözlərinə  baxmağa  cəsarət  etmirdik,  təsəlli  sözü  tapa  bilmirdik.  General  Sulkeviç  özü  bizi 

qabaqladı,  sakit,  qətiyyətli  səslə  dediyi  sözləri  ömrüm  boyu  unutmayacağam.  Əzablı  bir  ömür  yolu 

keçərək  55  yaşında  bolşevik-daşnak  gülləsinin  haqsız  qurbanı  olan  general  Sulkeviçin  nəinki 

Azərbaycanda, heç Rusiya imperiyası ərazisində də sağ qalan kimsəsi yoxdur. Şuşadan, Xankəndindən, 

Zəngəzur  ekspedisiyasından  vurduğu  teleqramlar,  Baş  Qərargah  rəisi  kimi  verdiyi  əmr  və  sərəncamlar 

onun  Azərbaycanı  ürəkdən  sevdiyinə  əyani  sübutdur.  Rəyasət  və  stol  sevməyən  Sulkeviç  həmişə  ön 

cəbhədə olmuş, əsgərləri döyüşə ruhlandırmışdı. General Sulkeviç haqqında heç bir araşdırma, məhkəmə 

istintaqı  olmamışdı.  O,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  generalı  olduğuna  görə  sorğu-sualsız 

güllələnmişdi».  



Uğur 

 


Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 

Dövlət  Dəstəyi  Fondunun  maliyyə  dəstəyi  ilə  hazırladığı  «Vətəndaş  cəmiyyəti,  hüquqi  dövlət 

quruculuğu» layihəsi çərçivəsində təqdim olunur. 

 

Document Outline


Yüklə 154,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə