“İki sahil”. 2011. 27 may.№94. S azərbaycan Xalq Cümhuriyyəti və milli-mədəni intibah



Yüklə 33,33 Kb.

tarix20.08.2018
ölçüsü33,33 Kb.


“İki sahil”.-2011.-27 may.-№94.-S.7.

Azərbaycan Xalq Cümhuriyyəti və milli-mədəni intibah

Ötən  əsrin  əvvəllərində  Şərqdə  bir  Günəş  doğdu.  1918-ci  il  mayın  28-də  demokratik  və  ümumbəşəri

dəyərlərə  söykənən  ilk  respublika  –  Azərbaycan  Xalq  Cümhuriyyəti  (AXC)  quruldu.  Az  yaşadı,  amma  əsrlərə

bərabər işlər gördü. Cəmi 23 ay ömür sürdü, amma çox şərəfli və mürəkkəb bir yol keçdi. Tez süqut etsə də, onun

kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar oldu.

Hər  bir  səhifəsi  biz  azərbaycanlılar  üçün  müqəddəs  və  doğma  olan  Cümhuriyyətin  təşəkkülü  XIX  əsrin

sonu XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi, tarixi

zərurət idi. O, ədəbiyyatda və mətbuatda, milli və ideoloji mübarizələrin səngərində yarandı və bir əsrədək müddət

ərzində müstəmləkə zülmü altında inləyən xalqın azadlıq harayının carçısına çevrildi. Həmin dövrdə Azərbaycanda

geniş  vüsət  almış  milli-demokratik  hərəkatın  başında  duran  insanların  hər  birinin  adı  Azərbaycanın  dövlətçilik

tarixinə qızıl hərflərlə yazılmışdır.

Azərbaycan  Xalq  Cümhuriyyəti  az  bir  vaxtda  parlamenti,  hökuməti,  ordusu,  gömrük  və  hüquq  mühafizə

orqanları olan, dövlət  rəmzlərinə malik, vətəndaş  hüquqlarını hər  şeydən  uca  tutan  demokratik,  dünyəvi  və  unitar

dövlətə çevrildi. Bu, XX əsrin əvvəllərində yalnız hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə əsl fenomen idi.

O  dövrün  ən  mütərəqqi  mətbu  orqanlarından  biri  sayılan  “İstiqlal”  qəzetinin  başlığında  böyük  türk  şairi  Tofiq

Fikrətin  epiqraf  kimi  verilmiş  məşhur  “Millət  yoludur,  haqq  yoludur  tutduğumuz  yol.  Ey  haqq!  Yaşa,  ey  sevgili

millət, yaşa, var ol!” misraları AXC-nin məram və niyyətini çox gözəl  əks etdirirdi. Amalı millət  yolu, haqq yolu

olan  AXC  yarandığı  ilk  gündən  “türkləşmək,  islamlaşmaq,  müasirləşmək”  şüarını  rəhbər  tutaraq  həyatın  bütün

sahələrində, xüsusən xalq maarifi və mədəniyyət sahələrində geniş islahatlara başladı.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 ay ərzində qəbul etdiyi qərarların böyük əksəriyyəti də elə

demokratiyanın, elmin və mədəniyyətin inkişaf  etdirilməsi ilə bağlı olmuşdur. Məsələn, AXC hökuməti 1918-ci il

27  iyun  tarixli  qərarı  ilə  Azərbaycan-türk  dilini  dövlət  dili  elan  etdi.  Bu  sənəd  Azərbaycanın  Gülüstan  və

Türkmənçay  müqavilələri  ilə  iki  hissəyə  bölünməsindən  sonra  ana  dilinin  işlənməsinə  dair  ilk  rəsmi  sənəd  idi.

Sənəddə rus dilinin də dövlət müəssisələrində keçici olaraq işlənməsinə yer verilirdi. Hökumətin 28 avqust tarixli

başqa bir qərarında isə deyilirdi ki, bütün ibtidai siniflərdə təhsil icbari olaraq ana dilində aparılmalıdır.

İlk addımlarını atan gənc dövlətə yüksək ixtisaslı kadrlar lazım idi. 1919-cu il sentyabrın 1-də Azərbaycan

parlamenti  dörd  fakültədən  (tarix-filologiya,  fizika-riyaziyyat,  hüquq  və  tibb)  ibarət  Bakı Dövlət  Universitetinin

açılması haqqında  qanun  qəbul  etdi.  Noyabrın  15-də  isə  universitetin  auditoriyalarında  ilk  mühazirələr  başlandı.

Həmin  dövrdə  universitetdə  1094  tələbə,  o  cümlədən  217  azad  dinləyici  təhsil  alırdı.  Parlament  universitetin

açılması ilə yanaşı, 1919/20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün

100  azərbaycanlı gəncin  xaricə  göndərilməsi,  hər  bir  tələbəyə  400  frank  təqaüdün,  1000  frank  yol  xərcinin  təyin

olunması barədə qərar qəbul etdi. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər sayəsində təkcə 1919-cu ildə

paytaxtda və bölgələrdə 700 məktəb açıldı, şagirdlərin sayı 48 780 nəfərə çatdı.

Azərbaycan  hökuməti  və  parlamenti  mətbuat  və  nəşriyyat  işinin  də  dövrün  tələblərinə  uyğun  qurulması

üçün bir sıra qərarlar qəbul etdi. Məsələn, parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarında mətbuat, litoqrafiya

və  buna  bənzər  müəssisələrin  açılmasının,  çap  məhsulunun  nəşrinin  və  satılmasının  azad  olduğu  bildirilirdi.

Hökumətin  1918-ci  il  9  noyabr  tarixli  sərəncamı ilə  kütləvi  informasiya  vasitələri  üzərində  dövlət  nəzarəti  ləğv

edilmişdi. İki il ərzində Azərbaycan türkcəsində, rus, gürcü, yəhudi, polyak, fars dillərində təxminən 100 adda qəzet

və  jurnal  çıxmışdır.  “Molla  Nəsrəddin”,  “İstiqlal”,  “Azərbaycan”,  “Açıq  söz”,  “İqbal”,  “Dirilik”,  “Təkamül”,

“Mədəniyyət”,  “Qurtuluş”  kimi  mətbu  orqanlar  milli  ideyaların  carçısı  idi.  Təsadüfi  deyildir  ki,  o  dövrdə

Azərbaycanda söz, mətbuat və vicdan azadlığı yüksək səviyyəyə çatmışdı. Cümhuriyyətin əvvəlcə Ukraynada, daha

sonra  Türkiyədə  səfiri  olan  Yusif  Vəzir  Çəmənzəminli  “Bu  gün  yazıçıya  nə  gərəkdir?”  sualına  cavabında  müasir

dövrümüzlə səsləşən “Dil azadlığı, qələm azadlığı” cavabını vermişdi.

Hazırda  dünyanın  ən  aparıcı  informasiya  agentlikləri  ilə  bir  sırada  duran,  ən  nüfuzlu  informasiya

agentlikləri qurumlarının üzvü, yerli və xarici kütləvi informasiya vasitələri üçün yeganə rəsmi dövlət informasiya

mənbəyi  olan,  gün  ərzində  Azərbaycan,  rus,  ingilis,  fransız,  alman  və  ərəb  dillərində  fasiləsiz  surətdə  dəqiq  və

operativ  informasiyalar  hazırlayan  Azərbaycan  Dövlət  Teleqraf  Agentliyi  (AzərTAc)  də  bizə  Azərbaycan  Xalq

Cümhuriyyətinin  yadigarıdır.  1920-ci  il  martın  1-də  yaradılmış  AzərTAc  AXC  dövründə  qısa  müddət  fəaliyyət




göstərməsinə  baxmayaraq,  Azərbaycanın  dünyaya  açılan  informasiya  pəncərəsi  rolunu  həmişə  şərəflə  yerinə

yetirmişdir. Ayrı-ayrı illərdə müxtəlif adlar altında fəaliyyət göstərsə də, Azərbaycan müstəqilliyini bərpa etdikdən

sonra öz tarixinə sadiq qalaraq AzərTAc adını geri qaytarmışdır.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  hakimiyyəti  illərində  ədəbiyyat,  teatr  və  musiqi,  təsviri  sənət  və

memarlıq  sahələrində  bir  canlanma  yarandı.  Professional  teatrımızın  tarixi  1873-cü  ildən  başlasa  da,  yalnız

cümhuriyyət  dövründə  dövlət  teatrı  statusu  aldı.  Öz  binası  olmadığı  üçün  Mayılov  qardaşları  teatrı  binasının

məcburi  surətdə,  lakin  ədalətli  qiymətlə  milli  teatrımız  üçün  alınması  barədə  qərar  qəbul  edildi.  O  dövrdə  teatr

tamaşaçılar  qarşısına  zəngin  repertuarla  çıxırdı.  Bu  səhnədə  Mirzə  Fətəli  Axundzadə,  Nəriman  Nərimanov,

Əbdürrəhim  bəy  Haqverdiyev,  Nəcəf  bəy  Vəzirov,  Cəlil  Məmmədquluzadə,  Hüseyn  Cavid  və  Cəfər  Cabbarlının

əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də oynanılırdı. Azərbaycan aktyorları ölkənin hüdudlarından kənara

qastrol  səfərlərinə  çıxırdılar.  Türkiyə  qəzetləri  yazırdı  ki,  “Qafqazın  zəngin  səhnələrində  çıxış  etməyə  alışmış

aktyorlar qətiyyən Avropanı yamsılamadan, öz milli xəzinələrindən götürülmüş və bizim ruhumuza tamamilə uyğun

tamaşalar verirlər”.

Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Seyid Hüseyn, Hacı İbrahim Qasımov, Xəlil İbrahim,

Mehdi bəy Hacınski kimi yaradıcı ziyalılar teatr tənqidi ilə məşğul olur, bu sahədə baş verən prosesləri izləyir, teatr

sənətinin inkişaf problemlərinə dair məqalələr yazırdılar.

“Leyli  və  Məcnun”  operası  ilə  Azərbaycan  professional  musiqisinin  təməlini  qoymuş,  sonralar  bir  sıra

dəyərli opera və musiqili komediyaların müəllifi olmuş Üzeyir Hacıbəyli həmin illərdə “Dağıstan”, tərəkəməsayağı

“Azərbaycan”  adlı  xoreoqrafik  əsərlərini  və  Cümhuriyyət  şairi  Əhməd  Cavadın  sözlərinə  “Azərbaycan”  marşını

bəstələmişdir. Vətənpərvərlik hisslərinin, mütərəqqi ideyaların, milli qürurun tərənnümü olan bu marş 1992-ci il 27

may  tarixli  fərmanla  Azərbaycan  Respublikasının  Dövlət  Himni  kimi  qəbul  edildi.  Daha  bir  böyük  bəstəkarımız

Müslüm  Maqomayevin  1916-cı  ildə  yazdığı  “Şah  İsmayıl”  operası  məhz  Cümhuriyyət  dövründə  böyük  uğurla

səhnələşdirildi.

Qurulduğu  gündən  dövlət  rəmzlərinin  yaradılmasına  xüsusi  əhəmiyyət  verən  AXC  hökuməti  tərəfindən

1918-ci  il  noyabrın  9-da  türkləşməyin,  islamlaşmağın  və  müasirləşməyin  rəmzi  kimi  yaşıl,  qırmızı  və  mavi

rənglərdən,  ağ  aypara  və  səkkizguşəli  ulduzdan  ibarət  milli  bayrağın  təsdiq  edilməsi  barədə  qərar  qəbul  olundu.

1919-cu il 23 mart tarixli qərarı ilə hökumət dövlət gerbi və möhürünün layihələrini yaratmaq üçün müsabiqə elan

etdi.


Dövlət  gerbinin,  orden  və  medalların  hazırlanmasına  ilk  peşəkar  heykəltəraş  Zeynal  Əlizadə  cəlb

olunmuşdu.  Onun  layihəsinə  əsasən  buraxılmış  döş  və  xatirə  medallarında  parlamentin  binası,  bayraqlar,  aypara,

səkkizguşəli ulduz, günəşin doğması, gül çələngləri həkk edilmişdi.

Bu  dövrdə  milli  rəssamlıq  sənətinin  inkişafına  da  xüsusi  diqqət  yetirilirdi.  Karikaturaçı  rəssam  Əzim

Əzimzadənin,  rəssam  Bəhruz  Kəngərlinin  əsərlərində  dövrün  problemlərini  ayna  kimi  əks  etdirilir,  cəhalət,

nadanlıq, erməni cəlladlarının vəhşilikləri ifşa olunurdu.

Bütün  bu  sadalananlar  Cümhuriyyət  illərində  ədəbiyyat,  dil  və  mədəniyyət  quruculuğu  sahəsində  atılmış

addımların çox cüzi bir hissəsi, əslində dəryada bir damladır, lakin o dövrün mədəni mühiti barədə insanda dolğun

təəssürat  yaratmaq  üçün  yetərlidir.  AXC-nin  bir  çox  təşəbbüs  və  ideyaları  1920-ci  ilin  aprel  işğalı  nəticəsində

yarımçıq qaldı, lakin  buna  baxmayaraq,  qısa  bir  müddətdə  gördüyü  möhtəşəm  işlərlə  xalqımızın  yaddaşına  əbədi

həkk olundu.

Müstəqilliyini itirərək bu dəfə 70 il müddətinə sovet imperiyasının tərkibinə qatılan Azərbaycan mürəkkəb,

ziddiyyətli  hadisələrin  bir-birini  əvəzlədiyi  o  illərdə  böyük  məhrumiyyət  və  itkilərə,  repressiyalara  və  soyqırıma

məruz  qalmasına  baxmayaraq,  yaşayıb-yaratdı, inkişaf  etdi,  böyük  nailiyyətlər  qazandı,  iqtisadi,  elmi  və  mədəni

yüksəlişə nail oldu.

Məhz  əsası  Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  qoyulmuş  dövlətçilik  ənənələrinin,  mədəni,  elmi,

iqtisadi kadr potensialının mövcudluğu xalqımıza  öz varlığını, mədəniyyətini, milli mənliyini qorumağa, SSRİ-nin

tərkibində Rusiyanın çoxsaylı vilayətlərindən biri deyil, 15 respublikadan biri olmağa, onun süqutundan sonra isə

yenidən dirçəlib Azərbaycan Respublikası kimi tarixin səhnəsinə çıxmağa imkan verdi.

AXC-nin  Azərbaycan  tarixində  oynadığı  böyük  rola  ən  yüksək  qiyməti  uzun  illər  sonra  müasir  müstəqil

Azərbaycan  dövlətinin  banisi  və  memarı,  ümummilli  lider  Heydər  Əliyev  vermişdir:  “Azərbaycan  Xalq

Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət  göstərsə də, sonrakı nəsillərin yaddaşında

xalqımızın  tarixinin  ən  parlaq  səhifələrindən  biri  kimi  həmişə  qalacaqdır.  O,  demokratik  dövlət  quruculuğu,

iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə

də,  qısa  müddətdə  həyata  keçirdiyi  tədbirlər  xalqımızın  tarixində  silinməz  iz  buraxmış,  milli  dövlətçilik



ənənələrinin bərpası işində böyük rol oynamışdır. Ən əsası da odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da,

xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu”.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  hüquqi  və  mənəvi  varisi  olan  Azərbaycan  Respublikası 1918-1920-ci

illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və

inkişaf  etdirir.  Bu  gün  ulu  öndər  Heydər  Əliyevin  siyasi  xəttinin  layiqli  davamçısı  Prezident  İlham  Əliyevin

rəhbərliyi  altında  Azərbaycanda  həyatın  bütün  sahələrində  gerçəkləşdirilən  möhtəşəm  islahatların  bəhrələrini



gördükcə tam əsasla demək olar ki, Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.

Sevda Əhədova

AzərTAc

: docs -> qazet
qazet -> Azərbaycan. 012. yanvar.№ S tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir
qazet -> “Xalq qəzeti”. 013. 22 dekabr; 16 yanvar. N 283 S. Modernləşmə və ictimai şüur
qazet -> “Respublika”. 2014. 16 yanvar. N s ədəbiyyatşünaslıq elm məbədi
qazet -> •œAzÉŽrbaycanâ•š
qazet -> Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar
qazet -> Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin
qazet -> “Azərbaycan”. 013. yanvar. N s görkəmli dövlət xadimi, böyük alim və ziyalı
qazet -> Xalq Cəbhəsi. 011. yanvar.№ S. 10-11. Dini tolerantlıq dərsi… Bəhmən Faziloğlu
qazet -> •œAzÉŽrbaycanâ•š


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə