İkinci kitab Bir neçə qərinə sonralar dünya



Yüklə 0,79 Mb.
səhifə1/14
tarix11.03.2018
ölçüsü0,79 Mb.
#31231
  1   2   3   4   5   6   7   8   9   ...   14

Rasim Gənzəli
Qurdbəşər

Roman


İkinci kitab

Bir neçə qərinə sonralar dünya

belə qalmayacaq; ya şeytan

bütün taxt-taca sahib olub,

bəşəriyyəti şeytanlaşdıracaq,

ya da ədalət qalib gələrək

dünyamıza firavanlıq gətirəcək.
Sərhəd məntəqəsini keçəndən sonra dərindən nəfəs aldı. Ətrafa göz gəzdirdi. Bu yerlər ona tanış gəlirdi. Nə isə düşünüb Təbrizə gedən yoldan bir qədər aralandı. Özünü dağların ətəyindəki çəmənliklərə sarı verib, yolu gözündən itirmədən bir xeyli beləcə yeridi. Yeridikcə beynindəki yaddaş kodu işə düşür, xatirələri oyanır, bu yerlərdə dolaşan günlərini anaraq gah kövrəlir, gah həyəcanlanır, gah da isti küləklər üz-gözündə gəzirmiş kimi təbəssümlü anlar yaşayırdı.

Onda çox qorxulu günlər yaşamışdılar. Bir neçə gün ölüm mələyi ilə üz-üzə dayanmışdılar. Gülüz onun əlindən bərk-bərk tutub sıxır, sinəsinə qısılır, ürəyinin döyüntüsünü onun ürək döyüntülərinə qatırdı. Bir anda hər şey baş verə bilərdi. Onları tutub geri apara bilərdilər. Onda daha bunların nicatına heç kəs çata bilməzdi. Belə olsaydı dar ağacına gedən yoldan qayıtmağın mümkünlüyü yox idi. Bunları düşünəndə Eltürk üşüyürdü. Qəlbindən anlaşılmaz, ancaq hər tərəfi qorxulu olan hisslər keçirdi. Ən çox da bu qıza görə narahat idi. Bu ülkər, kövrək, zərif qızcığazın dar ağacından asılacağını düşünəndə düşüncəsi keyləşir, səsi batır, hardan gəlib, hara getdiyini ayırd edə bilmirdi... Bax, deyəsən, o boz dağ idi, onun aşağısındakı böyük daşın altına qısılmışdılar. Beləcə bir müddət dayanmış, həyəcanlarını boğandan sonra yenə də qorxulu yolçuluqlarını davam etdirmişdilər. Bu zalımların əlindən qurtarıb o taya çatmaq, qızı mətin əllərə tapşırıb, sonra ölümə təslim olmaq Eltürkün ən böyük arzusu idi.

Araz çayını görəndə hər ikisi bir anda donub qalmış, bir-birilərinə baxaraq, sanki ölümdən qurtulmalarının işığını görmüşdülər. İlk dəfə Gülüzü sinəsinə sıxıb, alnından öpmüşdü. Əslində hələ ölüm mələyi heç də geri çəkilməmişdi. Yenə çətin yollar, qorxulu cığırlar, ən əsası Arazı keçmək qarşıda dururdu. Ancaq hansı duyğularsa Arazı bir ana kimi onların nəzərində ucaltmışdı. Və bu ucalığın qarşısında Araz onların qatili ola bilməzdi. Araz onları ağuşuna alıb ölümün pəncəsindən qurtarsaydı, bu əsl möcüzə olacaqdı. Ona görə ki, o kişini öldürüb, qaçmağa başlayandan Eltürk qəlbinin dərinliyində qatillərin əlindən qurtulacaqlarını çox az ehtimal edirdi. Bu cəlladlardan qaçmağın mümkünlüyünə az inanırdı. Və bunları Gülüzə demirdi. Onu da demirdi ki, onları tutub geri qaytarsalar ən arzu olunan cəza edam olunmaları olardı. Axı onların əlində çox qəddar, vəhşi cəza üsulları var idi. Başına isti su tökmək, dabanlarının dərisini soymaq, hündür yerdən buz kimi suyu gilə-gilə başa sızdırıb dondurmaq, qaranlıq yerdə ölənə qədər ayaq üstə saxlamaq, havasız yerdə nəfəsi qurtarana qədər saxlayıb öldürmək... Bunlardan xəbəri var idi Eltürkün. Və hərdən əzab çəkən vaxtlarında belə adamların ruhları ilə söhbət də edirdi.

<<-Sənə nə elədilər, yavrum?>>

<<-Barmaqlarımı qırdılar, dırnaqlarımı çıxardılar...>>

<<-Günahın nəydi bəs?>>

<<-Burada günahı olanları öldürmürlər...>>

<<-Bəs sənə nə etdilər?>>

<<-Anamın gözləri qabağında gözlərimi çıxarıb yerə atdılar...>>

<<-Heç nə demədin?>>

<<-Desəydim, dilimi də kəsib gözlərimin yanına atacaqdılar...>>

<<-Ay qız, sənə də cəza verdilər?>>

<<-Görmürsən başımda, gözümdə sağ yer yoxdur. Dörd yandan daş-qalaq elədilər.>>

<<-Günahını bildinmi barı?>>

<<-Mən bilmirəm, bunu onlardan soruş...>>

Heç bir heyvan öz həmcinsinə qarşı belə qəddarlıq eləməzdi. Xoşu gəlməyən heyvanı tutub öldürərdi, qarnı ac olanda öldürdüyünü yeyərdi, durub gedərdi işinin-gücünün dalısınca. Bunlar isə... Bunlar ağır işgəncə verib öldürdükləri həmcinslərinin ölüsündən də əl çəkmirdilər.

Yaxşı ki, bunları Gülüz bilmirdi. Bəlkə də bilirdi. Axı burada bu cəza üsullarından xəbəri olmayan adam yox idi. Ancaq bu barədə danışmırdı. Qorxurdu. O cəza üsullarının adını belə çəkməyə ürəyi gəlmirdi...

Eltürk hündür bir yerə qalxdı. Bütün ətrafı acgözlüklə gözlərinə yığmağa başladı. İlahi, Tanrı bu gözəlliyi necə yaratmışdı? Hansı qələmin qüdrəti ilə bu nəqşi vurmuşdu? Bu bihuşedici, ağıl alan mənzərəni Tanrıdan başqa hansı qüdrət sahibi yarada bilərdi?.. Bəs bu gözəllikdən insan övladı niyə zövq almır? Niyə adam balası adam ancaq pisliklər haqqında düşünür? Ürəyi olan insan da Tanrının yaratdığı bu gözəlliyi görüb, başqasına zülm vermək haqqında düşünərmi? İnsanın zehni, düşüncəsi, şüuru niyə belə kordu? Eltürkün nənəsi belə vaxtlarda, korfəhim insanları görəndə deyərdi ki, bu yaramazları niyə yaratmısan, Allah? Dünyanın çiyninə ağırlıq gətirməkdən başqa bunların nə xeyri var? Onda belə çıxırdı ki, dünyaya gələn əksər insanlar ancaq dünyanın belini əymək üçün gəliblər bu dünyaya.

Eltürk şosse yolunu gözündən qoymurdu. Qorxurdu ki, birdən yolu itirər. Axtarıb yolu tapana qədər vaxt keçər, axşam düşənə qədər gedib Təbrizə çata bilməz. Bu gözəllikdən qopmaq istəməsə də, xırda addımlarla yola tərəf gəldi. Ara-sıra maşınlar gözə dəyirdi. Ancaq ya maşınlar dolu olurdu, ya da sürücülər Eltürkün əl qaldırmağına əhəmiyyət verməyib, şütüyüb keçirdilər. Axır ki, biri maşınını saxladı. Eltürk tez arxa qapını açıb, özünü maşına saldı. Elə bil bu maşının da sürət götürüb ondan uzaqlaşmasından qorxurdu. Sürücüdən başqa maşında bir nəfər var idi. Üzü bir az tüklü, başına ağ güllü araxçın qoymuş bu kişi qabaqda oturmuşdu. Çox qaşlı-qabaqlı olan bu adam öz yerlərinin adamına oxşayırdı.

-Salam. Mənim adım Eltürkdü.

-Ay əleykümsalam. Mənim adım da Həsəndi. Təbrizdə mənə Çuval Həsən deyərlər. Ona görə ki, pulu çuval ilə qazanardım. Hanı, indi qazanmaq olur? İndi Çuval Həsənin quruca adı qalıb...

-Bəs bu qardaşın adı nədir?

-Bu qardaşın...

-Adım Şərəfdi.

-Şərəf Həsənof,-bu sözü deyib Həsən ucadan güldü,-o da Şurəvidən gəlib.

Eltürk onun nə üçün güldüyünü anlamadı. Deyəsən, heç Şərəfin özü də bir şey başa düşməmişdi. Elə kinli-kinli Həsənin üzünə baxırdı ki, elə bil bu saat onun üstünə şığıyacaqdı.

-Ağa, siz hələ də bizə Şurəvi deyirsiniz? Şurəvi qurtardı, öldü, getdi tarixin zibilxanasına. Biz Azərbaycanıq. Elə siz də.

-Biz də?.. Yox, baba, biz iranlıyıq. Bizi özünüzə qatmayın. Bizim gül kimi dövlətimiz, çox qədimlərə gedən tariximiz...

-Bizim tariximiz də, dövlətimiz də bir olub. Sonra hər şeyi bir-birinə qatıb, qarışdırıblar. İndi nə tariximizdən danışan var, nə də dövlətimizdən.

-Bu cavan oğlan nə danışır, Şərəf Həsənof ?

Şərəf Həsənov yerində qurcalanıb, bir xeyli düşündü. Əvvəl Həsənə tərəf baxdı, sonra başını çevirib ilk dəfə Eltürkü başdan-ayağa nəzərdən keçirdi. Elə bil nə deyəcəyini, necə deyəcəyini dəqiqləşdirmək istəyirdi. Hiss olunurdu ki, dediyi sözün tutarlı olub, onlara təsir edə biləcək gücdə olduğuna çalışdığı üçün belə əziyyət çəkir.

-Bilirsinizmi, Tanrı elə bir qüvvədir ki, onun yazdığına, yaratdığına şəkk-şübhə eləmək olmur. Dini kitablara baş vuranda apaydın görürsən ki, həqiqət hardadı. Sizin hələ yaşınız azdı, ola bilsin çox şeylərdən xəbərdar deyilsiniz. Qurbanı olduğum dini kitablarda hamısı yazılıb. Yazılıb ki, kainatda bir millət var, İslam milləti. Bu milləti ayırmaq, içərisinə təfriqə salmaq ən böyük günahdır. Və bu günahı edən bəndələr Tanrı tərəfindən cəhənnəmin isti bucağına atılacaqlar.

Eltürkün Şərəfi axıra qədər dinləməyə hövsələsi çatmadı.

-Şərəf bəy, bəlkə İslam hümməti demək istəyirsiniz?

-Yox, yox, İslam hümməti başqa şeydir. Söhbət İslam millətindən gedir. Biz hamımız İslam millətiyik. Düşmənlər, İslamı sevməyənlər ayrı-ayrı millətləri düzəldib ortaya atıblar ki, İslam parçalansın, vəhdət halında birləşə bilməsin. Məndə çox kitablar var, istəsəniz verərəm oxuyarsınız, dünya elmindən, axirətdən xəbərdar olarsınız.

Eltürk yenə özünü saxlaya bilmədi.

-Şərəf bəy, o kitablar harada dərc olunub?

-Fərqi yoxdu. Ancaq təbii ki, bizim üçün həqiqətin gur işıq yandığı yer İrandı. Mənim də oxuduğum kitabların, demək olar, hamısı İranda dərc olunan kitablardı. Bu kitablarda yazılanlara əməl eləmək İslam millətinin borcudur. Təhrifə yol vermək olmaz. Təhrifə yol verənlər Allahın düşmənləridir.

-Ağayi Şərəf onu çox qəşəng dedi. Biz insanlar çox təhrifə yol veririk. Təhrifə yol verə-verə bu boyda İranı da yaman günə qoymuşuq.

Həsənin bu sözlərindən sonra Eltürkün ürəyi sıxıldı, havası çatmadı. Elə bu anda maşını saxlatmaq, bunlardan ayrılmaq, başqa maşına oturub Təbrizə getmək istəyi ürəyində baş qaldırdı. Ancaq özünə əzab verə-verə bu söhbətin sonuna çıxmaq, onları, xüsusən də Şərəfi tanımaq həvəsi onu yerində oturmağa məcbur elədi.

Təhrifin nə olduğunu, deyəsən, bunlar qətiyyən anlamırdılar. Əslində dünya yaranandan çox təhriflərə yol verilmişdi. O təhriflərin ucbatından dünya başını itirmiş, həqiqətlə yalanı bir-birinə qatıb-qarışdırmışdı. İslamda da zaman-zaman çox təhriflərə yol verilmişdi. Hətta elə təhriflər ki, onlar mahiyyəti tamamilə dəyişib, başqa yönə çəkmişdi. Amma bu adamlar təhrifin nə olduğunu anlamır, nəyin necə və harada olduğuna varmır, ya da vara bilmirdilər.

İndi Eltürk durub bildiyi, oxuduğu, eşitdiyi o təhriflərdən danışsınmı? Desinmi, sizin mahiyyətdən xəbəriniz yoxdu? Sizin gördüyünüz və duyduğunuz nə varsa, elə bunların hamısı təhrifdi. Siz başdan-ayağa təhriflərin əhatəsində qolubağlı qulsunuz... Yox, onsuz da bunları başa salmaq mümkün olan iş deyildi. Həqiqət onlardan uzaq, o qədər uzaqda idi ki, yeni bir dünya qurmaq onlara həqiqəti başa salmaqdan asan olardı. Məntiq başqa şey deyirdi axı. Məntiq olanda təhriflərin məkanı daralır, yalana yer qalmırdı. Lakin onların məntiq elmindən də xəbərsizlikləri onlarla fikir mübadiləsi aparmağı da mənasız və lazımsız edirdi.

Metexanın ona yazdığı məktubda belələri barəsində geniş söhbət açılırdı. Metexan yazırdı ki, bizim açıq, gözlə görünəsi düşmənlərimiz çoxdu. Onları görürük və onlara qarşı mübarizə ruhumuzu kökləyirik. Ancaq görünəndən başqa, görünməyən düşmənlərimiz də az deyil. Nə yazıqlar ki, o düşmənlərin bir qismi elə öz aramızda, bizimlə bir torpaqda yeriyən və nəfəs alan insanlardı. Və belə doğma düşmənlərimizə qarşı mübarizə aparmaq, onları həqiqətin çadırı altına gətirmək heç də asan məsələ deyil. O doğma düşmənlərin vurduğu yaralar elə dərin olur ki, o yaraları sağaltmağa on illər, yüz illər bəs eləmir.

Metexan o məktubunda çox mətləblərdən bəhs eləmişdi. Eltürk həmin məktubu göz yaşlarını axıda-axıda oxumuşdu. O məktublar Eltürkü özündən almış, onu uzaqlara, lap uzaqlara aparmışdı. O uzaqlara ki, oralarda yağışlar da başqa cür yağardı, şimşəklər də başqa cür çaxardı. Oraların adamları başqa cür danışar, başqa cür gülümsəyər, başqa cür hal-əhval tutardılar. Oralarda hiyləyə, məkrli işlərə, qeyri-səmimi nə vardısa, heç birinə yer yox idi. Burada insanlar buludların üstü ilə yeriyirmiş kimi uça-uça gəzişər, Tanrının yaratdığı böyük nə var idisə ona şükür edə-edə yaşayardılar. Bu dünyanın göyü kimi yeri də tərtəmiz, şəffaf idi. Bir sözlə, o dünya, Metexanın təsvir elədiyi məkan bu dunyaya, bu məkana qətiyyən bənzəmirdi.

O məktublar Eltürkü atalı günlərinə aparmışdı. O atalı günlərində atasının qəşəng-qəşəng nağılları var idi. O nağıllar ki, bu nağılların içində mütləq qurdlar olardı. Tülküdən, çaqqaldan danışılan nağıllardan atasının yaman acığı gələrdi. Deyərdi, uşağa nağıl danışanda qurddan danışarlar. Təbiətin məğrur, vüqarlı, əyilməz canlılarından söhbət açarlar. Ki, həyatı dərk edən uşaq məğrur, vüqarlı, əyilməz böyüsün. Əgər uşağın nağıl qəhrəmanı tülkü, çaqqal, dovşan olarsa, böyüyəndə ondan qurd olmaz. Elə tülkü kimi hiyləgər, çaqqal kimi yalaq, dovşan kimi qorxaq olar... O nağıllar Eltürkü elə xoşbəxt edərdi ki. Nağılların işığında yuyunar, gecələr yuxylarında ulayan qurdları görərdi. Və səhər tezdən qapının ağzına çıxıb, onu gözləyən uşaqlara atasından eşitdiyi qurd nağıllarını danışardı. O qurdlardan ki, onlar insanlara heç bir pislik etməzdilər, məğrurluğun ucalığında dayanaraq, insanları xoş gələcəyə səsləyərdilər...

Onlar böyüdülər. Daha atası ona, o, da qapının ağzında dayanan uşaqlara qurdlar haqqında nağıl danışmadı. Sonralar Eltürk o nağıllı günləri xatırlayıb, elə həzin-həzin kövrəlirdi ki, hərdən hönkürüb ağlamaq, dönüb yenə uşaq olmaq istəyirdi.

Bir də kəndlərində Savalan baba adında bir ağsaqqal var idi. O, da hərdən uşaqları kənd meydanından bir az aralı gilas ağacının altına yığar, qəşəng-qəşəng nağıllar danışardı. Ən qəribəsi də o idi ki, bu nağılların da hamısında qurdlar olardı. Savalan baba həm də el təbibi idi. Türkəçarə yolu ilə insanlara şəfa verər, onların dərdlərinə dərman tapardı. Yaxşı yadına gəlir, Savalan babanın cibləri özünün hazırladığı şəfa dərmanları ilə dolu olardı. Bir kimsə harasındansa şikayət edəndə tez o dərmanlardan çıxarıb ona verər, hansı qayda ilə qəbul edəcəyini başa salardı. “Ayaqların tərləyir, pis qoxu verir?.. Hə, bala, gedirsən dağa, gəzib-dolanırsan, ilan qabığını dəyişir ha, bax onu tapırsan, evə gətirib onu möhkəm-möhkəm əzirsən, sonra ayağının qaşınan, tərləyən yerlərinə, barmaqlarının arasına sürtürsən. Corabını geyinib, beləcə, üç-dörd saat qalırsan, sonra ayaqlarını yuyursan. Bundan sonra ayaqlarında tərləmə, qaşınma, pis qoxu gəlmə halları olmayacaq.” Hər dəfə Eltürk Savalan babanı xatırlayanda, nəyə görəsə onun bu müalicə üsulu yadına düşərdi. Bir də o yadına düşərdi ki, Savalan baba hər söhbətində insanı mərd olmağa çağırardı. Deyərdi ki, qoyun olub iki yüz il yaşamaqdansa, qurd olub iyirmi il yaşamaq yaxşıdı. Və elə bəlkə də buna görəydi ki, Eltürk qoyunları heç sevməzdi. Əlacı olsaydı onların ətini də yeməzdi. Axı Savalan baba bir dəfə onlara bu barədə danışmışdı. Demişdi ki, çox qoyun əti yeməyin, bala, çox qoyun əti yeyənin axırı dönüb qoyun olar. Bu vaxt uşaqlar xısın-xısın gülümsəyib bir-birinə baxmış, sonra bir-birinin qulağına nə isə pıçıldamışdılar. O pıçıltını Savalan baba eşitməmişdi. Ancaq yəqin ki, söhbətin nədən getdiyini hiss eləmişdi... Kəndlərində bir Məsi adında kişi var idi. Bütöv adı Məcidağa olan bu adamın əsl adını, bəlkə də, kənddə çox az adam bilirdi. Amma adamların çoxusu bilirdi ki, bu yekəpər adam bir oturuma yarım kilo qoyun əti yeyir. Elə buna görə də qoyun kimi dünyanın heç bir işindən xəbərdar deyildi... Həm də Eltürkün qoyunlara yazığı gəlirdi. Onları dünyanın ən bədbəxt, ən zavallı, ən yazıq canlısı hesab edirdi...

-Mən hər dəfə Quma gedib-gələndə elə bil təzələnirəm. Sanki yenidən itmiş dünyamı tapıram. İnsan gərək qoyun olmasın. Hansı amal uğrunda mübarizə apardığını bilsin. İnsan gərək düşünməyi bacarsın. Haqqın harada olduğunu axtarsın. Haqqı tapan insanlar Tanrının ən bəxtəvər bəndələridir.

Şərəf bu sözləri deyəndən sonra, nədənsə çevrilib düz Eltürkün gözlərinə baxdı. Eltürk bu baxışların altında özünü itirmədi. Heç qımıldanmadı da. Belə soyuq duruşu ilə Şərəfin sözlərini nə təsdiq, nə də ki, inkar elədi. Ancaq Şərəfin acıqla yerini düzəltməyi Eltürkün “cavabını” bəyənmədiyini açıqca göstərdi.

Əvəzində sürücü Həsən Şərəfə geniş bir cavab verdi.

-Atan rəhmətdə olsun, ağayi Şərəf, bax bu insanlar qoyun olub gediblər. Ağılları yox, düşüncələri yox. Bu yazıqlar qanmırlar ki, dünyanın nicatı İrandadı, İranda. Axı bunların kor gözləri görmür ki, kainatı lərzəyə salan Amerikanın, İsrailin dizini bükən bir qüvvə varsa, o da İrandır? Dünyanı xilas edəcək, səlib yürüşündən qurtaracaq yeganə dövlət də İrandır. Hər yerindən duran bir dövlət qurmaq istəyir. O xırda-mırda, cılız-cılız dövlətləri qurunca, İranın ətrafında birləşin. Həm etibarınız olsun, həm də qüdrətiniz.

-Ona görə ki, oxumağa təmbəllik edirlər. Elmin, təhsilin arxasınca getmirlər. Gedəndə də elə şeylər öyrənirlər ki, bunun elm adına dəxli yoxdur. Avropa bunların başını əllərindən alıb. Bunları elə günə salıb ki, qayıdıb adam olmalarına güman çox azdı.

Daha bunları eşitmirdi Eltürk. Öz aləminə qapılmışdı. İndi onun xəyalı uzaqlarda, çox uzaqlarda dolanırdı. Elə uzaqlarda ki, orada müqəddəs ruhlar vardı. O müqəddəs ruhlar insanları Əlahəzrət Həqiqəti görməyə çağırırdılar. Adamları Ərk qalasının ətrafına toplanmağa səsləyirdilər. Ki, Həqiqət adında nəsnəni onlara anlatsınlar. Elə həqiqəti ki, bu gün burada, bu maşında danışılan həqiqətlərlə qətiyyən əlaqəsi yox idi. O ruhların içində Babəkin də ruhu vardı. Və bu ruhların arasında Babəkin harayı o birilərdən daha gur çıxırdı. O, müqəddəs nə varsa, onlara tapınmağa, insanları Ağ İşığa doğru getməyə səsləyirdi. Hərdən harayı yalvarışa dönürdü baba Babəkin. Titrək səsi uca dağlara dəyib əks-səda verir, insanın ruhunu əlindən alırdı.

Bu dünya yalanları ilə çirkin, doğruları ilə gözəl idi. Doğrulardan iraq düşdüyü üçün beli ağrıyırdı dünyanın. Ağrıdan yaralı quş kimi çırpınır, insanlardan imdad diləyir, imdad tapmayanda öz dünya gözləri ilə hönkür-hönkür ağlayıb bütün aləmi, kainatı göz yaşlarına qərq edirdi. Dünyanın bel ağrısı insanlara da təsir edir, onların düşüncəsinin üstünə qaranlıq halə çəkir, üzlərdəki təbəssümü götürür, adamları adamlıqdan çıxarır, cahanın əşrəfi sayılan insanı canlıların ən eybəcərinə, ən yaramazına çevirirdi.

Diqqət kəsiləndə baba Babəkin harayı boz qurdun ulamasına da bənzəyirdi. Və bu ulama bəşəriyyətin ən ali, ən müqəddəs simfoniyası kimi el-el, oba-oba, Türküstan elləri boyunca dolaşır, insanları ayıq-sayıq olmağa, öz mənliklərini, öz kimliklərini, öz varlıqlarını qorumağa çağırırdı. Elə görsənirdi ki, baba Babək öz hayqırtısını zaman-zaman eləmiş, bir an da susmadan Türk ellərini var olmağa, zülmə, əsarətə boyun əyməməyə səsləmişdi. Bəs nədən insanlar bu harayı, bu hayqırtını eşitməmiş, qulaqlarının kar yerinə salaraq, əvəzində özgə, yad, naməhrəm səslərin içində boğula-boğula düşməndən nicat gözləmişdilər?.. Bir də dostla düşmənin, yadla doğmanın ayrılıb öz yerində durmasında da babalarımız açıqgözlülük etməmişdilər. Yalançı, səmimiyyətdən uzaq mehribanlığın mehrinə uymuş, bu mehrin zəhərli dənizində üzmüş, üzdükcə bundan xoşlanmış, xoşlandıqca cahilləşmiş, cahilləşdikcə özündən uzaqlaşmışdılar. Zaman-zaman o zəhərli sularda qorxulu viruslara yoluxaraq, özlərindən uzaqlaşmalarının fərqinə varmamışdılar. İndi o ağrının bəlasını varislər çəkirdilər. Və həm də varislərin boynuna babaların elədikləri səhvləri yerinə qoymaq, yerbəyer eləmək məsuliyyəti də düşmüşdü. Metexan Eltürkə yazdığı məktubunda bunlardan da bəhs edirdi. “Babalarımızın ruhu hər zaman bizim başımızın üstündədi. O ruhların işığına, nuruna tapınmasaq, sabahlara gedə bilmərik. Ancaq o ruhlar da nigarandı. Buraxdıqları səhvlərə görə, yadın yalançı dilinə aldandıqlarına görə hər zaman nagahan ruhları əzab çəkir, özlərinə yer tapa bilmir. Elə buna görə də bizim məsuliyyətimiz bir az da artır. Həm özümüzə gün ağlamaq, həm nigaran ruhları rahat eləmək üçün səhvlərə uymadan, düşmənin dəyirmanına su tökmədən, düşmənlə dostu səhv salmadan, mərd olub, mərd işlər görə-görə al şəfəqlərin üzünü bizim məmləkətə tərəf çevirməliyik.” Bunları oxuyanda Eltürkün tükləri qabarırdı, nəfəsi daralırdı. Elə bil o narahat ruhlar gəlib başının üstündə dolanır, cürbəcür, qatmaqarışıq sözlər deyərək, bağışlanmalarını istəyir, varislərindən onların etdiyi səhvləri etməməyi diləyirdilər. Bu anlarda Eltürk yüz il, min il, ondan çox-çox qabaq yaşamış babalarının ruhlarını başı üstündə görürdü. O ruhların içində Əmir Teymur da var idi, İldırım Bəyazid də. Soltan Səlim, Şah İsmayıl Xətai də... Və nəyə görəsə o ruhları Eltürk hər zaman ağlayan görürdü. Həm də qucaqlaşıb ağlayan. Məğrur dayanan, ancaq dərin xəyallara dalan babaların da ruhları var idi o ruhların içində. Hamısı da narahat, hamısı da nigaran.

Millətlər də insanlar kimidi. Kimisi azad, bəxtəvər, öz torpağına sahib duran, kimisi də... Dili kəsilmiş, gözləri bağlanmış, qolları qandallı. Hələ bəlkə ürəyi çıxarılan, yerinə başqa nəsə qoyulan millətlər də var idi. O ürəyin döyüntüsü də başqa cürə döyünürdü, qanı da başqa cürə axırdı. Belə millətlərin az ömür sürən insanlar kimi tez məhv olub, gedəcəyi də qaçılmaz idi. Tarixdə qalmaq, mövcud olmaq üçün millətlər daima mübarizə aparmalı, öz varlığını qorumalıdır... Görəsən bu millətin dili kəsilibmi? Görəsən gözləri bağlanıbmı? Qolları qandallanıb, ürəyi çıxarılıbmı? O biriləri zaman-zaman qaytarıb yerinə qoymaq olardı. Təki ürək yerində olaydı. Ürək yerində olmasaydı, daha mübarizə aparmağın, qanlar töküb, istiqlal arzusuna düşməyin də faydası yox idi...

Eltürk ağlayan, narahat ruhlardan ayrılıb yenə bu çirkin mühitə qayıdanda hələ də sürücü Həsəni danışan gördü.

-Vətən? Vətən nəmənədi? Nə vətən? Vətən mənim cibimin puludu. Vətən mənim yediyim, içdiyimdi, gəzdiyim, gördüyümdü. Vətən sözünü uyduranlar avam, cahil adamlardı. Harda sənin başına tumar çəkirlər, başına pul səpirlər, ora doğma vətəndi.

Hələ də ruhlardan tam ayrıla bilməyən Eltürk Həsənin bu sözlərindən sonra daha dözə bilmədi. Həm də ona dözəmmədi ki, Həsənin dediklərundən Şərəfin tükləri də tərpənmədi.

-Saxla maşını, Həsən, saxla!

-Çatmamışıq axı, hələ Təbrizə bir az var.

-Yox, çatmışıq, mənim yolum bura qədərdi.

Yolum əvəzinə səbrim də deyə bilərdi Eltürk. Ancaq demədi. Bütün hirsini, hikkəsini yolun üstünə töküb, düşməyə hazırlaşdı.

Həsən maşını bir qırağa çəkib saxladı. Eltürk tez-tələsik Həsənin pulunu verib, yerə düşdü və yolun o biri tərəfinə keçdi.

Buradan Təbrizə bir xeyli yol var idi. Bir istədi yolu qabağına qatıb elə piyada getsin. Həm özünə gəlsin, həm ruhlardan ayrıla bilsin, həm də həsrətində olduğu bu yerləri əbədilik yaddaşının telinə düzsün. Ancaq yadına düşdü ki, axşamüstü iki nəfər döyüşçünü götürüb, Təbriz ətrafındakı kəndlərdən birində yaşayan Yurdanurun yanına getməli, təlimatlar almalı, məsləhətləşmələr aparmalıydı. Və səhər tezdən altı nəfər döyüşçü ilə Tehrana yola düşməli, orada Metexanla görüşməli idi. Ona görə yolun solunda dayanıb, yenə Təbrizə gedən maşınlara əl eləməyə başladı.

XXX
Dünyanın ən qədim, bəşəriyyətin ən sirli-sehrli şəhərlərindən biri. Ucu-bucağı görünməyən bu çirkli, tozlu şəhərin qoynunda elə gizlinlər yatırdı ki, bu gizlinlərin sancağını qopara bilsəydin, dəhşətə gələr, özünə yer tapa bilməzdin. Bu şəhərin də daxil olduğu dövləti uzun illər, qərinələr boyunca türklər idarə eləmişdilər. Türklər bu yerləri göz bəbəklərini qoruduqları kimi qorumuşdular. Düşmənlərə sinə gərmiş, qanlar axıtmış, yadellilərin buraları işğal etmələrinə imkan verməmişdilər. O türklər ki, farsın mövcudluğunu qorumaq üçün bu dövlətin sükanını əllərində saxlamış, canları, qanları bahasına dövləti saxlayaraq, məhv olmağa qoymamışdılar. Tarix bunları bilirdi. Bunu gizlətmək, nağıllar uydurub adamları çaşdırmaq mümkün olan iş deyildi. Tarix tutarqalar qarşısında həmişə aciz qalır. Bunlar da tutarqaların qarşısında aciz qalmışdılar. Nə olanları gizlədə bilirdilər, nə də hər şeyi etiraf edib, deməyə cürətləri çatırdı.

Şəhərin özü kimi bu yer də çox sirli idi. Çoxlarının gözündən, könlündən iraq bu yerin qapısının da haradan açılıb, haradan bağlandığı düz-əməlli bilinmirdi. İçəriyə haradan keçildiyini bura gələnlərdən başqa heç kim bilmirdi. İçəriyə daxil olanda isə, elə bil, başqa, bambaşqa bir aləmə düşürdün. Yer, göy, divarlar, rəngbərəng işıqlar fonunda bu yer sanki sirlər haləsinə qərq olmuşdu. Ən böyük otağın hər küncündə üç-dörd nəfər baş-başa verərək söhbətləşə-söhbətləşə yeyib icirdilər. Lap qıraq küncdə Sergey Nişinlə Xoren Ovanesyan oturmuşdular. Kefləri çox yuxarı idi. Belə görünürdü ki, oturduqları vaxt ərzində xeyli spirtli içki qəbul etmişdilər. İkisinin də yanaqları allanmış, gözləri xumarlanmışdı. Danışıqlarında da rabitə simi bir-birindən aralanmışdı. Hiss olunurdu ki, onlar yeyib içə-içə kimisə gözləyirdilər. Tez-tez qapıya tərəf boylanır, gələnin başqa adam olduğunun görəndə bir-birinə baxıb başlarını bulayırdılar... Nəhayət Mehran Qulampur gəlib çıxdı. Və çox yorğun, əzgin halda stulu çəkib əyləşdi.

-Hə, nə olub, Mehran, saqqala salam vermirsən?

Xorenin sözlərini eşitmirmiş kimi Mehran yerini rahatlayıb oturdu.

-Nə olub, gəmilərin batıb?

Sergeyin bu sözlərindən sonra, deyəsən, Mehran özünə gəldi. Harada olduğunu sanki indi anladı. Ayağa qalxdı, əlini sinəsinə qoyub salam verdi.

-Eh, bu Tehran lap dəlixana olub. Adam lap başını itirir. Bir yaxşı yer olsaydı, gedib bir az dincələrdim, özümə gələrdim. Adamı adamlıqdan çıxarır bu şəhər. Heyif deyildi bizim yerlər. O yerlər üçün burnumun ucu göynəyir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə