İmam hüseyn (Ə)-in



Yüklə 3,7 Mb.
səhifə2/7
tarix30.12.2017
ölçüsü3,7 Mb.
#18706
1   2   3   4   5   6   7
ALLAH ƏDƏBİ
İlahi ədəblə tərbiyə olunmuş böyük və görkəmli şəxsiyyətlər böyük və ya kiçik olan hər bir işdə Allah kimi hərəkət edirlər; heç vaxt yaxşılıqları-nə qədər kiçik olsalar da belə-unutmurlar, pislikdən və cinayətkarlardan intiqam almaqda və onlarla mübarizədə də tələsmirlər, əksinə, ən kiçik bir üzrlə və xahişlə böyük xətaları bağışlayırlar, ən kiçik bir yaxşılığa, mehrə və ədəbə böyük hədiyyələr verir, bə`zən bir dağı bir saman çöpünə bağışlayırlar. Onlar əfv etməkdə elə bir ləzzət tapırlar ki, bu, intiqamda əsla mümkün deyildir. Hədiyyədə də heç vaxt əməlin kiçikliyinə və tərəfi-müqabilin əhəmiyyətsizliyinə diqqət yetirmirlər. Onlar həmişə Pərvərdigarın razılığını, əzəmətini, böyüklüyünü və öz uca şəxsiyyətini, uzaqgörməyənlərin xoşuna gəlməsə də, əməlin ölçüsü hesab edirlər.

Bu məsələdə yenə də Şəhidlər sərvəri Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in və Əli (əleyhissalam)-ın evinə və ocağına baş vuraq, şəhidlərin sərvəri əziz Hüseyn (əleyhissalam)-ın məktəbindən bir nümunə nəql edək. Şəhidlərin seyyidinin qulamlarından biri bir cinayət törətmişdi ki, işgəncəyə və cəzaya layiq idi. İmam Hüseyn (əleyhissalam) əmr verdi ki, ona cəzalandırsınlar. Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) xanədanının əhval-ruhiyyəsindən və böyüklüyündən xəbərdar olan qulam dərhal bu ayəni oxudu: “Öz qəzəbini udan bəndələr...”

Hüseyn (əleyhissalam) buyurdu: “Onu azad edin!”

Qulam bu ayəni oxudu: “Onlar ki, insanları əfv edirlər...”

Hüseyn (əleyhissalam) buyurdu: “Səni bağışladım.”

Qulam bu ayəni oxudu: “Allah yaxşı əməl sahiblərini sevir.”

Hüseyn (əleyhissalam) dedi: “Sən Allah xatirinə azadsan və sənə indiyə qədər verdiyimdən iki dəfə çox haqq verməyi qərara aldım.”

BİR ÜRƏYİ BİR DƏSTƏ GÜLƏ BAĞIŞLADI
Ənəs deyir: Hüseyn ibni Əli (əleyhissalam) ilə oturmuşdum. İmamın kənizlərindən biri otağa daxil oldu və bir dəstə gülü İmama təqdim etdi. İmam o kənizə buyurdu:

“İndi sən Allah xatirinə azadsan.”

Ənəs irad tutdu və dedi: “O sənə bir dəstə gül təqdim edir, sən onu azad edirsən?” Deyəsən o, bu müamiləni bazar və ticarət hesabı ilə ölçdü: əxlaq məktəbindən, insanlıq kəramətindən, təb`in şərafətindən, ailə nəcabətindən qəflət etdi, e`tiraz elədi.

Hüseyn (əleyhissalam) buyurdu:

“Bu elə bir ədəbdir ki, Allah bizə (Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) xanədanına) öyrətmişdir və belə buyurmuşdur:

“Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın.”1

Gül hədiyyəsindən daha yaxşı hədiyyə onu azad etmək idi.
SƏRVƏT VƏ ONDAN SUİ-İSTİFADƏ
Ümumiyyətlə insanlar-qadın, kişi, böyük, kiçik, şəhərli, kəndli, alim və cahil hamısı təbiətən malı, sərvəti, pulu və vəzifəni sevirlər. Az adam tapılar ki, bu ilahi qanundan istisna olsun. Cahan malsız, sərvətsiz, qadınsız və övladsız közəl simaya malik olmaz.

Qur`ani-Kərim “Kəhf” surəsində buyurmuşdur:

“Mal-dövlət və övladlar bu dünyanın zinətidir.”2

“Qadınlar, uşaqlar, qızıl-gümüş xəzinələri, yaxşı cins atlar, mal-qara, əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür. Gözəl qayıdış yeri isə Allah yanındadır.”1

“Ə`raf” surəsində belə buyurulmuşdur:

“Ya Peyğəmbər de ki: Allahın Öz bəndələri üçün yaratdığı zinəti və pak ruziləri kim haram etmişdir? De ki: bunlar dünyada iman gətirənlər üçündür. Qiyamət günündə isə xalis şəkildə ancaq mö`minlərə məxsusdur.”2

Qur`ani Kərim bu ne`mətlərin və dünyəvi həyat vasitələrinin iman sahibi olan şəxslərə məxsus olduğunu aydın surətdə göstərmiş, bu ne`mətlərin ən xalisinin və ən təmizinin Qiyamət günü onların ixtiyarına qoyulacağını müjdə vermişdir.

Pəhrizkarların rəhbəri İmam Əliyyibni Əbi Talib (əleyhissalam) buyurmuşdur:

“Agah olun ki, sərvət, ne`mətlərdən biridir.”3

Doqquzuncu İmam Həzrət Cavad (əleyhissalam) buyurmuşdur: “Dörd şey vardır ki, insana işdə və fəaliyyətində köməklik göstərir: sağlamlıq, ehtiyacsızlıq, bilik və ilahi tovfiq.”4

Ancaq bu cəhəti nəzərə almaq lazımdır ki, dünyəvi sərvətin, malın və zinətin tə`rifi, öyülməsi və cəmiyyətin təkamülündə zəruri sayılması heç də onlardan sui-istifadə edilməsi mə`nasında deyildir: qürur və xudpəsəndlik doğuran, Allahı yad etməyi unutduran sərvət zahirən qəşəng və aldadıcı, batinən isə öldürücü olan ilan kimidir.

Ona görə də sərvətə, sərmayəyə qarşı mübarizə aparmaq üsulu islamın danılmaz qanununa ziddir; əksinə, başqa ne`mətlər kimi çox böyük ne`mət olan elmdən, qüdrətdən və sözün nüfuzundan sui-istifadə etməyə qarşı mübarizə aparmaq lazımdır.

Bilik və qüdrət kimi sərvət səfeh, yaramaz adamın əlinə düşsə, cəmiyyətdə elə bir tüğyan və itaətsizlik əmələ gətirər ki, o, Allahlıq iddiası edər və Fir`on kimi “mən sizin ən uca Rəbbinizəm” deyib, dad çəkər, öz iqtisadi və maddi qüdrətinin bu iddianı etməyə ona icazə verdiyini sanar.

Qur`ani-Kərim Fir`onun dilindən hekayət etdiyi kimi:

Məgər Misir səltənəti (saraylarının) altından axan bu nəhrlər mənim deyilmi? Məgər mənim qüdrətimi görmürsünüzmü?”5

Qur`an sərvətpərəstlikləri nəticəsində Allahı unutmuş, Onun böyük ne`mətlərindən insanların xeyri və səadəti yolunda sərf etməyən adamlar haqqında belə buyurmuşdur:

Qızıl gümüş toplayan onu Allah yolunda xərcləməyənləri dərdli bir əzabla müjdələ.”6

Vay olsun bütün məzəmmət edən eyb axtaran adamların halına ki, var-dövlət toplayır güman edirlər ki, sərvətləri mal-mülkü onları ölümdən xilas edəcək, dünyada onları daimi yaşadacaqdır. Amma bu, belə deyildir. Əksinə, onlar cəhənnəm odu içinə atılacaqdır.”

Cəmiyyətlərin puçluğu və məhvi, məmləkətlərin viranəyə dönməsi o zaman başlayır ki, sərvətlilərin, rifah axtaranların və əyyaş adamların bir hissəsi Allah verən ne`mətdən və sərvətlərdən sui-istifadə edir, özləri üçün əyləncələr, gecə məclisləri düzəldir, xalqın işlərindən və cəmiyyətin rifahından xəbərsiz olur, təbəqələr arasında bir uçurum əmələ gətirir və beləliklə, öz millətlərinin məhvinə bais olurlar.

Xudavəndi-aləm bu qəbil adamlar haqqında belə buyurmuşdur:

Əgər Biz bir məmləkəti (və ya şəhəri) məhv etmək istəyiriksə, onun naz-ne`mət içində yaşayan başçılarına verdiyimiz əmrlərdən sonra, yenə fisq və günah işlərə əl uzadarlarsa, o zaman onlar haqqındakı və`dəmiz və sözümüz sübut olar. Sonra onları məhv edərik.”1

Gördüyünüz kimi, sərvət haqqındakı bütün məzəmmət və tənqid, ondan sui-istifadəyə, sərvətdən yanlış bəhrələnməyə aiddir, mal və sərvət sahibi olmağa yox! Nə olaydı ki, insanlar sərvət üzərinə cummaq və mal-dövləti məzəmmət etmək əvəzinə, mənfəət axtaranların, zəiflərin hüququna təcavüz edənlərin qarşısını almağa, onları İslamın ali tə`limləri yoluna və asimani cəzalara, Qur`an qanunlarından istifadə etməyə çalışaydılar, İslamın, müsəlmanların, qardaşların, qonşuların və yoxsulların qanuni hüquqlarını müdafiə edib və sərvətdən şə`ri üsulla istifadə edəydilər, sərvəti, malı və vəzifəni məqsəd yox, vasitə sanaydılar. Çünki, həqiqi ilahi rəhbərlər cəmiyyətin islah olunmasında, fəsadın və puçluğun qarşısının alınmasında bu üsuldan istifadə etmiş və müəyyən qədər də müvəffəqiyyət əldə etmişlər.



SƏRVƏT VƏ HƏYAT VASİTƏLƏRİ ALƏTDİR, MƏQSƏD DEYİLDİR
Biz hamımız həyatı sevirik, ləzzətləri, təbii gözəllikləri, öz istəklərimizi və mallarımızı qiymətləndiririk, həyatımızın müxtəlif tələblərinə onların vasitəsilə parlaqlıq, səfa bəxş edirik və bə`zən də onları əldə etmək üçün bir-birimizlə mübahisəyə qalxırıq.

Lakin az adam tapılar ki, həyatın əsas və həqiqi məqsədini bu hay-küydə və qovğalarda tapır və onu əldə etməyə tələsir.

Bə`ziləri belə hesab edirlər ki, əsl məqsəd yemək və zəngin cinsi ləzzət almaqdır. Kim ki, daha çox yeyir və şəhvətini daha yaxşı tə`min edir, öz insani məqsədini kamilləşdirir. Buna görə, bu qism adamların şəxsiyyət və insaniyyət məqamını müəyyən miqdar yemək şeyləri və ya mənzillərinin dərin quyularına dolan çirkab suyununun–ifrazatın qədəri, fasiləsiz işləyən mə`dələrinin gəlirini-çıxarını hesab eləməyi əsas faktor saymaq və onların şəxsiyyətini bunlarla qiymətləndirmək lazımdır. Böyüklərin kəlamlarında deyildiyi kimi, “yaşamaq yemək üçündür, yemək yaşamaq üçün deyil”-deyə düşünürlər.

Bir qism insanlar da qarışqa kimi, gecə-gündüz ora-bura qaçır, sərvəti sərvət üstünə yığır, var-dövlətinin sayını artırır, bə`zən öz ictimai şəxsiyyətlərini, cismani və ruhi rahatlıqlarını pul-mal yolunda əldən verirlər. Belə şəxs muzdsuz iş görən hambaldır, nə xain və nə də oğru olan fəhlədir. Çalışır ki, özündən sonra gələnləri üçün ləzzət və xoş güzəran yolunu daha hamar eləsin; O, varislərinin (məhdud çərçivədə) həyatını tə`min etmək üçün bilərəkdən və ya bilməyərəkdən öz əziyyətini və dostlarının rahatlığını daha üstün tutmuşdur.

Əgər bir gün özünün və ya başqalarınınlvə həmin xətərin aradan qaldırılması mal verməklə bağlı olsa o, canını verməyə hazırdır, bir loğma çörəyini yox! Çünki, dinar və dirhəm onun üçün, bəlkə də mə`buddur.

Məgər bu o demək deyildirmi ki, öz topladıqlarını bir gün gərək başqaları üçün qoyasan və gedəsən? Elə isə necə də gözəldir ki, heç olmasa öz abrını və dinini bu yolda satmayasan? Yoxsa gərək o qədər əlləşəsən, vuruşasan ki, nəhayət, bədəninin şirəsi, qəlbinin qanı qurtarsın, başqalarını çörəyə, özünü isə qəbiristanlığın bir guşəsinə mümkün qədər tez çatdırasan, məzarının üstünə böyük bir daş qoysunlar ki, bir daha sənin kimi bir ziyanverici Allahın bu pak torpağını tutub həyat vasitələrini əsil məqsədlə qarışdırıb səhv etməsin!

Bu məsələ ilə əlaqədar şəhidlərin sərvəri, azadlıqsevərlərin rəhbərinin dediklərinə və elədiklərinə bir nəzər salaq, özümüzü yenidən quraq, özümüzün və başqalarının abrını hifz etməkdə maldan və sərvətdən istifadə etmək ədəbini öyrənək.

Mərvan Həkəm Peyğəmbər xanədanına yaxın olan şair Fərəzdəqi Mədinədən çıxartdı. Məhrumiyyətlərə düçar olan Fərəzdəq şəhidlərin seyyidinin hüzuruna gəldi. Həzrət Hüseyn (əleyhissalam) ona dörd yüz dinar bağışladı. Əxlaqi cəhətdən Fərəzdəqin çox da xoşagəlməz şair olduğunu İmam Hüseynə dedilər, amma Şəhidlərin sərvəri buyurdu: “Sənin ən yaxşı malın odur ki, onunla öz abrını qoruyursan.”1

Üsamət ibni Zeyd Peyğəmbərin zamanında İslam qoşunlarının axırıncı sərkərdəsidir. O, hicrətin 58-ci ilinə qədər sağ idi.

Üsamət ömrünün axırlarında 60 min dirhəm məbləğində ağır borca düşdü. Bu məbləğ o zaman İslam qanunlarına və xalqın hüquqlarına ehitram göstərən bir şəxs üçün bərk narahatedici bir şey idi.

Cəsurların rəhbəri Hüseyn ibni Əli (əleyhissalam) Üsamətin xəstəliyindən xəbər tutdu və son günlərini yaşayan zaman ona baş çəkməyə getdi. Onu qəm-qüssə, narahatlıq dalğaları içində gördü və aralarında belə bir söhbət oldu:

Hüseyn: Qardaş, nə üçün belə qəmginsən?

Üsamət: Verəcəyim və borcum 60 min dirhəmdir.

Hüseyn: Sənin borcların mənim öhdəmə!

Üsamət: Mən qorxuram ki, dini vəzifəmi yerinə yetirməkdən qabaq öləm.

Hüseyn: Mən sənin borclarını verməyincə sən ölməyəcəksən.

Sonra əmr verdi ki, Üsamət ölməmişdən qabaq, onun bütün borclarını ödəsinlər.2

Şe`r və ədəb zövqünə malik olan bir ərəb həyat çətinlikləri ilə qarşılaşdı. Çünki, şe`r nə qədər ali olsa da, “gözəl şe`rdir”-deyirlər, “çörəkli şe`rdir”-demirlər. Hər halda qəmgin olan şair Peyğəmbərin şəhərinə üz tutdu, şəhərin ən kəramətli şəxsini soruşdu: ona Hüseyni göstərdirlər.

Ərəb, şəhidlərin seyyidinin namaz qıldığı məscidə tərəf getdi, İmamı namaz qılan halda gördü və o Həzrətin mədhində bir şe`r yazdı ki, məzmunu budur:

Sənin evinin qapısını döyən naümid qayıtmaz.

Sən səxavətlisən və xalqın pənahısan.

Əgər sənin əcdadların olmasaydı,

Cəhənnəm bizim qərargahımız olardı.

Həzrət, Qəmbərə buyurdu: “Gör Hicazdan gətirilən maldan bir şey qalıbmı?”

Dedi: “Bəli, dörd min dinar qalıb.”

İmam buyurdu: “Onu gətir, ona bizdən daha çox müstəhəq olan adam gəlmişdir!”

Sonra bütün dinarları Yəmən parçasından olan paltarın içinə qoydu, qapının arasından ona verdi, şe`rlərin müqabilində isə verdiyi hədiyyənin azlığından üzr istədi və dedi: “Əgər daha çox imkanım olsaydı, bizim səxavət asimanımız sənin üstünə (sərvət) yağdırardı.”

Ərəb dinarları və libası götürdü, ancaq ağladı.

Hüseyn (ə): Məgər sənə verdiklərimi az hesab etdin?

Ərəb: Əsla! Amma bu səxavətli əllərin üstünü torpağın örtməsi necə rəvadır?!”1

Bu hərəkət sərvətdən və var-dövlətdən istifadə etmək üsuludur ki, İmam müxtəlif şəraitlərdə öz ardıcıllarına öyrədir: İnsanların abrını necə qorumaq, onların dərdinə necə çarə etmək və yaralarının üstünə necə məlhəm qoymaq lazımdır!

İmam Hüseyn (əleyhissalam)-ın Mədinənin yaxınlığında “Əlhürrə” adlı bir torpaq sahəsi vardı. Onu əkib-biçirdi, ondan gəlir götürürdü. O, şərəfli ömrünün axırına qədər o torpağı əkmək-biçmək üçün gedirdi. (İbni Əsakir Dəməşqinin nəql etdiyi kimi.)2

Əbu Yusif Qazi demişdir: “Hüseyn ibni Əlinin torpaqları vardı ki, onun xəracını verirdi”3 və xəraca verilən torpaqların bir hissəsini almışdı.”4

“Əqiq” məntəqəsində də onun əkin yeri vardı ki, ildə 8000 dinar gəlir verirdi; orada Həzrət üçün növbənöv evlər salmışdılar: ancaq onların da gəliri oxuduğunuz kimi ehtiyaclılara sərf edilirdi.

Aşura gecəsi Məhəmməd ibni Bişr Həzərə beş qiymətli libas verdi ki, onları satıb Rey sərhədlərində əsir olan oğlunu azad etdirsin. O libasların qiymətini min dinar yazmışlar.5

Hər halda bu da azadlıqsevənlərin sərvərinin əxlaqı görüşlərindən biri idi ki, bəyan edildi.

Ümid edirik ki, bu, bizim vəziyyətimizdə və düşüncəmizdə onun inqilab məktəbi kimi, bir dalğa yaratsın və bir yol göstərsin.

HƏYAT YOLDAŞINA VƏ ÖVLADA MÜNASİBƏT
Əgər bir kəs şəhidlərin sərvəri, azadlıqsevənlərin rəhbəri Hüseyn ibni Əli (əleyhissalam)-ın heyrətəngiz ölümü və şəhadəti qarşılarkən göstərdiyi qəhrəmanlıqlarını, ibrətamiz və insanı həyəcana gətirən sözlərini nəzərinə gətirsə və ya o Həzrətin ruhi halətini, mə`nəvi və asimani cazibələrini xatırlasa, bəlkə də belə təsəvvür edər ki, bu böyük şəhidin dəyərli və qurucu məktəbində bu dünyaya və onun həzzlərinə əsla diqqət yetirilməmiş, Allaha və şəhidliyə olan eşqi onu hər şeydən ayırmış və pak ürəyində yarın düz qamətindən (Allahdan) başqa, özgə bir söz yoxdur və sevdiyini görmək istəyi hər şeyi yaddaşından silib aparmışdır.

Tuba ağacının kölgəsi, hurilərin mehribanlığı və hovuzun kənarı,

Səni görmək eşqi ilə yadımdan çıxdı.

Lakin böyük şəxsiyyətlər, onların əsil məktəbi və dünya görüşü haqqında bu cür düşünmək həqiqətdən uzaqdır, çünki onlar bir tərəfli şəxslər olmamışlar və belə deyillər ki, Allaha bəslədikləri kamil məhəbbət onların həyati işlərinə, həyat yoldaşına və övladlarına olan məhəbbətlərinə mane olsun və ya al-verlə, ticarətlə məşğul olmaları onları Allah haqqında düşünməkdən ayırsın. Onlar bütün insani varlığı, fitri xüsusiyyətləri və təbii, pak istəkləri ilə, öz məqamında kamil bir diqqətə malikdirlər; Hətta ruhi, mə`nəvi və insani dəyərlərdə bunu zəruri sayırlar.

Belə ki, Allaha ibadət, pərəstiş və heç nəyə ehtiyacı olmayan Pərvərdigarla raz-niyaz, münacat məqamında onları başqaları ilə müqayisə etmək olmaz; Eləcə də həyat, ailə və insani ləyaqət məsələlərində də onları başqaları ilə bir cərgədə və bir məqamda tutmaq olmaz.

Namaza özünün sonsuz məhəbbətini izhar edən və onu özünün həqiqəti görən və haqq axtaran gözünün nuru sayan İslamın böyük Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) cinsi-lətifə (həyat yoldaşına) mehriban münasibəti və diqqəti də namazla bir sırada tutmuşdur.1

Mə`nəvi yüksəlişində və asimani me`racında onun cismi və canı o qədər yüksəklərə ucalır ki, Pərvərdigarın ən yaxın mələyi hərkət və tamaşa etməkdən qalır. Lakin, təbii və maddi həyatında, ailə məsələlərində də o, hamıdan ucada dayanır. Həsəni və Hüseyni dalına mindirir, bə`zən minbərə çıxardır, dizləri üstə oturdurdu ki, indiyə qədər heç bir xətib və İmam belə bir işə cür`ət etməmiş və hətta xəyalına da gətirməmişdir; Ya oğlu İbrahimin ölüm müsibətinin tə`siri altında elə sarsılır ki, mübarək gözlərindən yaş axıdır. Uzaqgörməyən, dardüşüncəli adamlar bunu ona irad tuturlar (ürəyi yanır, kədərlənir, gözlərinin yaşı da axır, amma Haqq rizasının xilafına bir söz demir), o isə bu hərəkətilə hamının cavabını verir.2

Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) insaniyyətin bu böyük müəllimi özü yalnız birtərəfli həyat yaşamırdı, əksinə çalışırdı ki, ardıcılları da fikri sapıntılara düçar və birtərəfli fikrə malik olmasınlar və onun asimani tə`limatları sui-tə`sir yaratmasın. İslam Peyğəmbərinin irfan və asimani məktəbi, onun cazibədar və cəlbedici tə`limatları bə`zən dostlarına elə dərin bir tə`sir buraxırdı ki, maddi aləmdən əl çəkirdilər. Bu, onları asimani (mələkuti) bir varlığa döndərirdi, yeməkdən, yatmaqdan, öz qadınları ilə yatıb-durmaqdan çəkindirirdi. Lakin bu zaman Həzrət onların dadına çatır, sapıntılardan çıxarır, fikri səhvlərini onlara xatırladırdı.

Ümmi Sələmə-Peyğəmbərin fədakar və təcrübəli zövcəsi o Həzrətin hüzuruna getdi, bir çoxlarının guşənişinliyi və zöhdü barədə ona danışdı. İslamın ürəyiyanan Peyğəmbəri dərhal o adamların yanına getdi, onların səhvini, birtərəfli düşünmələrini aydınlaşdırdı və bunu məzəmmət etdi: “Siz zövcələrinizə məhəbbətdən, onlarla yatıb-durmaqdan əl çəkmisiniz?! Mən ki, sizin Peyğəmbərinizəm, öz zövcələrimlə yatıb-dururam, gündüzlər yeyirəm (daima oruc deyiləm), gecələr də bir qədər yatıram.”

İslam Peyğəmbərinin bu bəyanatı bu ayənin gəlməsi ilə təsdiq olundu:

“Allahın sizə halal buyurduğu pak şeyləri özünüzə haram etməyin, dinin hüdudlarına və qanunlarına təcavüz etməyin ki, Allah təcavüzkarları sevmir.”1

Zahiri vəziyyətindən və hərəkətindən cinsi-lətifdən, evi-ailəni dolandırmaqdan qaçdığı mə`lum olan bir kişi şiələrin beşinci rəhbəri İmam Mühəmməd Baqir (ə)-ın yanına gəldi. İmam ondan soruşdu: “Ey kişi, arvadın var?”

Dedi: “Yox!!”

İmam Baqir (ə) insanın kamalını yalnız quru zahidlikdə görən bu tərk-dünya kişinin gözlədiyinin əksinə olaraq belə buyurdu:

“Mən bəyənmirəm ki, bütün dünya və ondakı bütün şeylər mənim olsun, ancaq elə bir kecəni səhər edim ki, yanımda zövcəm olmasın. (Sonra o kişiyə bir miqdar pul verib buyurdu:) Get evlən.”2

İlahi və böyük şəxslərin məktəbində qadınlara, ömür-gün yoldaşlarına və övladlara məhəbbət göstərməmək nəinki məzəmmət olunmuş, hətta onlara əlaqə və məhəbbət imanın üstünlüyünün me`yarı və ölçüsü sayılmış, peyğəmbərlərin gözəl və bəyənilən səciyyələri kimi tanınmışdır.

Bir rəvayətdə bizə gəlib çatmışdır:

“Peyğəmbərlərin əxlaqından (biri də) öz qadınına məhəbbətdir.”3

İmam Sadiq (əleyhissalam)-dan nəql olunmuşdur:

“Bir şəxsin öz həyat yoldaşına məhəbbəti nə qədər çox olsa, onun imanı da o qədər çoxalar.”4

Şəhidlərin Seyyidinin ailəyə məhəbbət və bağlılıq haqqında şe`rləri vardır ki, aşiqlərin şe`rləri içərisində onlara bənzərini az tapmaq olar.

“Sənin canına and olsun, qızım Səkinənin və (həyat yoldaşım) Rübabın yaşadığı o evi sevirəm,

Onların hər ikisini sevirəm və onların məhəbəti yolunda özümün bütün sərvətimdən keçirəm və heç bir məlamət eləyənin məni məzəmmət etməyə haqqı olmaz.

Mən nə qədər ki, sağam, məlamət eləyənlər məni nə qədər məlamət etsələr də,

Torpaq altında pünhan oluncaya və torpaq üstümü örtüncəyə qədər onlara (məlamət edənlərə) müt`i olmayacağam.”5

Və öz böyük babasından belə nəql edir:

“Allah bəndəsinin imanı nə qədər çoxalsa, həyat yoldaşına məhəbbəti də bir o qədər çoxalar.”1

çoxdur elə ailələr ki, kişilərin öz həyat yoldaşlarını sevməmələri və ya bir sıra həyati və evlilik məsələlərinə biganəliyi nəticəsində bir-birindən ayrılmış, yüzlər və minlərlə ailənin həyati bağları qırılmışdır.

Əgər kamil tədqiqat aparılsa sübut olunar ki, ailə ixtilaflarının çoxunun meydana gəlməsinin mənbəyi qadının və ya kişinin yüngül münasibəti, səhlənkarlığıdır; Halbuki onların hər ikisinin vəzifəsi ömürlərinin axırına qədər islami hüquqlara və dinin əxlaq normalarına riayət etməkdən ibarətdir.

Bir statistik sənəddə belə şərh edilmişdir:

Ailəvi ixtilafların və qadınların öz ərlərindən nigaranlığının 16-%-i onların zahiri vəziyyəti və geyim tərzi ilə bağlıdır.

22 % bunu göstərir ki, ər-arvadlıq əlaqələrində qadının istəklərinə ehtiram edilmir. Yalnız kişinin istəkləri mühüm sayılır və qadın gərək həmişə ona tabe olsun.

Qadınlardan üçdə biri bildirmişlər ki, mənim ərimin məhəbbət hissləri barəsində dili laldır. Nəvaziş göstərməyi bilmir. Heç vaxt məni sevdiyini söyləmir.

Oxucular, onların təcrübəsiz, islamın ictimai-ali tə`limlərindən çox səthi mə`lumatı olan, bəlkə də özlərini (Allah göstərməsin) İmam Sadiq (əleyhissalam)-dan daha müqəddəs hesab edən bə`ziləri belə təsəvvür etməsinlər ki, bu statistik mə`lumat qərblilərin və qərbpərəslərin fikridir. Məcburam bəşər aləminin həqiqi rəhbərlərindən və səmavi məktəbin sınanmış müəllimlərindən söhbət açım ki, müqəddəs İslam dininin tarix boyunca insanların həyatının bütün sahələrinə diqqət yetirdiyini, hər yerdə və hər məsələ barəsində proqramı olduğunu və bu gün də müsəlmanların onları yerinə yetirdiklərini bilsinlər.

Şəhadət məktəbinin təməlini qoyan, fəzilət aşiqlərinin ilkini olan, şəhidlərin seyyidi Həzrət İmam Hüseyn (əleyhissalam) atası Əliyyibni Əbi Talib (əleyhissalam)-dan, Allah elçisinin belə dediyini rəvayət etmişdir:

“Sizlərdən hər birinizin həyat yoldaşı sizin üçün bəzənib hazırlaşdığı kimi, siz də həyat yoldaşınız üçün bəzənib hazırlaşın.”2

İslamda müstəhəbdir ki, ailənin böyüyü yemək işlərində də öz ailəsinin, həyat yoldaşının istəklərini nəzərə alsın. Hədisdə buyurulur:

“Mö`min şəxs yeməkdə zövcəsinin, əhl-əyalının istəyinə diqqət yetirir, ancaq münafiq öz istəyini mühüm sayır.”

Öz şəhvətini ailənin istəklərindən üstün tutmaq təkcə yeməyə, çörəyə, suya və s.-yə aid deyildir; hər işdə və şər`i əməldə tə`kid olunur ki, həyat yoldaşının istəklərinə dərin diqqət yetirilsin.

Biz və bütün xalq İmam Hüseyn (əleyhissalam)-ın yalnız feyzlə dolu şəhadət məktəbinə diqqət yetiririk, amma onun dəyərli tə`limlərinin digər sahələrindən xəbərsizlik və ya az xəbərimiz var. Halbuki bu barədə də onun qurucu və ibrətli sözləri vardır.

Öz böyük babasından rəvayət etmişdir:

“Əgər bir kəs öz zövcəsi ilə yaxınlıq etmək istəyirsə, bu işdə tələsməməlidir və onu da tələsdirməməlidir.”3

İmam Mühəmməd Baqir (əleyhissalam) buyurub: “Mö`minin məşğuliyyəti üç şeydir:

Öz həyat yoldaşından bəhrələnmək və ləzzət almaq, öz din qardaşları ilə zarafat etmək, xoş danışmaq və gecə yarısı Allaha ibadət etmək.”2

Həzrət Musəbni Cə`fər (əleyhissalam) cəddi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql etmişdir ki, o Həzrət belə buyurmuşdur: “Allah biz Əhli-beytə bir çox xasiyyətlər və özünəməxsusluqlar bəxş etmişdir ki, öz zövcələrimizə əlaqə və məhəbbət o cümlədəndir.”3

Nə yaxşı olardı ki, bu söhbəti heç vaxt yaddan çıxmayan bu cümlə ilə bitirim və bu sıradan müfəssəl bir hadisi oxuculara təqdim edim:

Əqli-küll, külli-əql olan və varlığın sərvərin sonuncu Peyğəmbərdən belə rəvayət olunmuşdur:

“Kişinin zövcəsinə dediyi: “səni sevirəm” sözü onun qəlbindən (yadından) əsla çıxmaz.”4




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə