İnformasiya cəMİYYƏTİNDƏ avtomatlaşdirilmiş Kİtabxana… C. Cəfərov



Yüklə 26,14 Kb.
tarix05.10.2017
ölçüsü26,14 Kb.
#3376

    İNFORMASİYA CƏMİYYƏTİNDƏ AVTOMATLAŞDIRILMIŞ KİTABXANA…
   
    C.Cəfərov
   
    Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzzi Elmi Kitabxanasında kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi 2003–ci ildən fəaliyyət göstərir. Son 2 il ərzində şöbə fəaliyyətini yetərincə tənzimləmiş və bir sıra nailiyyətlər əldə etmişdir.
    Ümumiyyətlə, müasir kitabxana işini yeni informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək bir qədər çətindir.İnformasiya və kommunikasiya texnologiyalarının insan fəaliyyətinin bir sıra sahələrində olduğu kimi kitabxana işində də tətbiqi ənənəvi kitabxana proseslərinin sürətlənməsinə və optimallaşmasına gətirib çıxarır. Kitabxana işinin avtomatlaşdırılması təcrübəsi dünya ölkələrinə ötən əsrin 60-cı illərindən tanış olsa da Azərbaycanda bu tip fəaliyyətin həyata keçirilməsi 90-cı illərin sonlarına təsadüf edir. Doğrudur, hələ 1989-cu ildə AMEA-nın «Avtomatlaşdırılmış idarəetmə sistemələri laborotoriyası» bu sahədə bir sıra işlər həyata keçirmək istəsə də sözügedən fəaliyyətlər nəticəsiz qalmış və yenicə başlanmış ənənə pozulmuşdur. Azərbaycan kitabxanalarının avtomatlaşdı-rılması prosesi 90-cı illərin sonlarında kortəbii şəkildə olsa da yenidən vüsət almışdır. Məlumdur ki, kitabxana proseslərinin avtomatlaşdırlması vahid avtomatlaşdırılmış kitabxana informasiya sistemi vasitəsilə həyata keçirilməli, kitabxanada tətbiq olunan proqram təminatı bu və ya digər tələblərə cavab verməlidir. Həmin dövrdə isə fəaliyyətlərini avtomatlaşdırmağa cəhd edən bir sıra kitabxanalarımız heç bir kustar üsullarla hazırlanmış proqram təminatlarına malik idilər. Həmin proqram təminatları İFLA tərəfindən qoyulan UNİMARC standartlarına cavab vermədiyindən yararsız olmuşdur. Azərbaycan kitabxanalarının bu cəhdlərini tənqid etməklə bərabər bir sıra nəzərəçarpacaq məziyyətləri də unutmaq olmaz. İlk öncə həmin dövrdə hələ bir sıra infokommunikasiya texnologiyaları ölkəmizə yenicə gətirilmişdi, kitabxana iqisadiyyta ıhələ yetərincə inkişaf etməmişdi, büdcə və büdcədən kənar maliyyə sistemləri tam fəaliyyətdə deyildi və belə bir şəraitdə kitabxanalarımız dünya ölkələrində olduğu kimi burada da avtomatlaşdırılmış səviyyədə kitabxana xidmətləri göstərmək niyyətində idilər.
    Sözsüz ki, fəaliyyət göstəridiyi dövrlərdə MEK-nın «Kitabxana proseslərinin avtomatlaşdırılması» şöbəsi də kitabxanada avtomatlaşdırılmış idarəetmə sistemindən istifadə etməyə çalışmışdır. Bu məqsədlə 2003-2004-cü ildə şöbənin proqramçıları və digər əməkdaşları «Kitabxana 1.0» adlı proqram təminatı hazırlayaraq kitabxana proseslərinin avtomatlaşdırılmasına səy göstərmişlər. Lakin yuxarıda qeyd etdiyimiz kimi bizim də hazırladığımız proqram təminatı beynləxalq standartlara cavab verməmiş, müəyyən çatışmazlıqlara malik olmuşdur. Nəhayət, 2005-ci ildə Mərkəzi Elmi Kitabxananın rəhbərliyi kitabxana proseslərini avtomatlaşdırmaq məqsədilə Rusiya istehsalı olan «İRBİS-64» adlı proqram təminatını almışdır. Bir çox xarici dövlətlərdə istifadə olunan «İRBİS-64» Avtomatlaşdırılmış Kitabxana İnformasiya sisteminin tam paketi özündə «Kataloqlaşdırma», «Komplektləşdirmə», «Kitab verilişi», «Oxucu qeydiyyatı» , «İnzibatçı» kimi avtomatlaşdırılmış işçi yerlərini, eləcə də, veb-şlüzü, Z39.50 protokolunu birləşdirir
    «Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsinin» səyi nəticəsində şöbələrarası əlaqələri təmin edən lokal kompüter şəbəkəsi genişlənmiş və Akademiya şəbəkəsi kitabxanaları ilə Avtomatlaşdırılmış İnteqrasiyalı İnformasiya sisteminin birgə tətbiqi istiqamətində bir sıra vacib işlər görülmüşdür. Hazırda şöbə fondların bütövlükdə elektron informasiya daşıyıcılarına köçürülməsi, daha doğrusu, elektron kitabxananın və elektron kataloqun yaradılması proseslərini həyata keçirir. Və sözsüz ki, belə bir layihəni gerçəkləşdirmək üçün hər bir kitabxana güclü və professional proqram təminatına sahib olmalıdır. Bir neçə il bundan öncə analoji proqramlardan hər hansı birinin kitabxanamızda istifadə olunacağı maddi problemlərlə əlaqədar real görünmürdüsə, bu gün artıq kitabxana belə bir proqram təminatına sahib olmuşdur.
    Cari ildə «Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi» ötən dövrlərdə Soros Fondu Açıq Cəmiyyət İnstitutu, AMEA- İnformasiya Texnologiyaları İnstitutu və Fransanın ölkəmizdəki səfirliyi, eləcə də tərəfimizdən alınan kompüter dəstləri vasitəsilə kitabxana-informasiya proseslərinin avtomatlaşdırılması üçün yetkin bazanın yaradılmasını qənaətbəxş səviyyəyə çatdıra bilmişdir. Mərkəzi Elmi Kitabxana ənənəvi iş proseslərindən avtomatlaşdırmaya doğru addım-addım, pillə-pillə irəliləmiş, bu yolda bir sıra çətinliklərlə üzləşmişdir. Bu gün istifadə etdiyimiz «İRBİS» proqramını əldə etməzdən öncə kitabxanamızda proqramçılar tərəfindən düzəldilən «Oxucu qeydiyyatı» və «Kitabxana 1.0» proqram təminatları hazırlanmışdır. Göstərdiyimiz kimi, bütün bunlar primitiv və kustar olduğundan işimizin inkişafına istənilən qədər təkan verə bilməmişdir.
    2005-ci ildə MEK-da «İRBİS-64»ün tətbiqi ilə aşağıdakı məsələlər öz həllini tapmışdır:
   
    - Ənənəvi kitabxana proseslərinin bir qismi avtomatlaşdırılmış, yeni avtomatlaşdırılmış işçi yerləri vasitəsilə kitabxanaçı əməyi minimuma endirilmişdir.
    - Kitabxanaya yeni daxil olan bütün ədəbiyyatın eləcə də, fonddakı ədəbiyyatın bir qisminin elektron kataloqu hazırlanmışdır.
    - Elektron kitabxana yaratmaq təşəbbüsləri genişlənmiş, bir sıra elmlərə aid məlumat resursları çoxaldılmış və elektron kitabxanaya daxil edilmək üçün elektronlaşdırılmışdır.
    - Azərbaycanda ilk dəfə olaraq «Neft ədəbiyyatının elektron kitabxanası» hazırlanmışdır.
    - Akademiya şəbəkəsi kitabxanaları ilə mərkəzi Elmi Kitabxana arasında inteqrasiyalı kitabxana informasiya sisteminin yaradılmasına başlanılmış, «İRBİS 64» AKİS-nin həmin kitabxanalarda tətbiqi ilə əlaqədar müəyyən işlər görülmüş, şəbəkə kitabxanalarnın kadrlarına «İRBİS 64»lə işləməyi tədris edəcək şəxslərlə treninq başa çatmışdır.
   
    Bununla bərabər «Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi» aşağıdakı fəaliyyətləri həyata keçirir:
   
    1. Avtomatlaşdırılımış Kitabxana proseslərinin administrasiyası
    2. Elektron kataloqun və elektron kitabxananın yaradılmasına texniki dəstək
    3. Elmlər üzrə məlumat bazalarını formalaşdırmaq
    4. Kitabxananın veb-səhifəsini yeniləmək və burada elektron kataloqun ümumi istifadəsini təmin etmək
    5. İnternet vasitəsilə elmi kommunikasiyalar yaratmaq
    6. Kitabxanaya daxil olan elektron informasiya daşıyıcılarını mühafizə etmək və istifadəçilərə çatdırmaq, elektron kitabxanada əks etdirmək
    7. Kitabxananın nəşrlərini çapa hazırlamaq
    Avtomatlaşdırılmış kitabxana proseslərinin administrasiyası dedikdə ilk növbədə kitabxanada həyata keçirilən avtomatlaşdırma proseslərinə nəzarət başa düşülür. Buraya daxili şəbəkənin daim yoxlanılması, şəbəkədaxili problemlərin aradan qaldırılması, informasiya daşıyıcılarının filtrizasiya olunması, məlumatların qorunması, internetddən istifadənin optimallaşdırılması və sürətləndirilməsi, kompüterlərin, o cümlədən, digər texniki avadanlıqların vəziyyətinin təhlil edilməsi və lazım gəldikdə nasazlıqların aradan qaldırılması və s. daxildir. Şöbə bu aspektdə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilmişdir.
    Elektron kataloqun və elektron kitabxananın yaradılmasına texniki dəstək. Bu proses «Kitabxana proseslərinin avtomatlaşdırılması» şöbəsinin fəaliyyətində olduqca yenidir. Belə ki, kitabxanada elektron kataloq və elektron kitabxananın yaradılması işlərinə yaxın bir neçə ayda start verilib. Lakin buna baxmayaraq şöbəmiz elektron kataloq və elektron kitabxanın yaradılması üçün tələb olunan texniki şəraiti realizə edə bilmişdir. Belə ki, artıq bütün kompüterlər vasitəsilə «İRBİS-64» proqram təminatında elektron kataloqa məlumatların ötürülməsində heç bir problem qalmamış, əksinə bu proses daha da sürətlənmişdir. Elektron kitabxananın yaradılmasına gəlincə isə onu qeyd etmək olar ki, artıq «İRBİS-64» proqram təminatı bu tip kitabxanaların yaradılmasına real imkanlar verir. Şöbəmiz bu imkanlardan istifadə edərək dissertasiyaların və avtoreferatların elektron kitabxanasını yarada bilmişdir.
    Cari ildə elmlər üzrə məlumat bazalarının yaradılması işi də davam etdirilmişdir. «Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi»ində tarix, iqtisadiyyat, fəlsəfə, ədəbiyyat kimi elm sahələri ilə yanaşı, mədəniyyətşünaslıq, folklorşünaslıq, kitabxanaşünaslıq kimi sahələri də əhətə edən məlumat bazaları hazırlanmış və elektron formada qorunub saxlanmışdır. Bundan əlavə neft ədəbiyyatının elektron variantı yaradılmışdır ki, bu həmin ədəbiyyatdan təşkil olunan elektron kitabxananın özəyini təşkil edəcəkdir.
    İnternet vasitəsilə elmi kommunikasiyalar yaratmaq işi ötən ilərdə olduğu kimi 2005-ci ildə də şöbəmizin fəaliyyət spektrinə daxil olmuş və bir qədər də inkişaf etmişdir. İnternet vasitəsilə elmi kommunikasiyalar dedikdə elektron yazışmalar vasitəsilə alimlərin və digər ziyalı qruplarının beynəlxalq əlaqələri və təcrübə mübadilələri nəzərdə tutulur. Cari ildə AMEA-nın 56 əməkdaşına bu və ya digər formada elmi kommunikasiya imkanı yaradılmış, bir neçə alimə elektron poçt ünvanları hazırlanmış, bir neçə alimin isə elektron poçt ünvanı yeniləşmişdir. Nəticələr göstərmişdir ki, alimlərin 34%-i bu imkanlardan istifadə edərək təcrübələrini daha da genişləndirmiş, 12%- i isə öz əsərlərini dünya elektron kitabxanalarında realizə edə bilmişdir.
    Kitabxanaya daxil olan elektron informasiya daşıyıcılarını mühafizə etmək və istifadəçilərə çatdırmaq, elektron kitabxanada əks etdirmək sahəsində bu il də istənilən nəticələr əldə olunmuşdur. Belə ki, 2005-ci ildə şöbəyə AMEA alimlərinin 87 dissertasiyasının elektron mətni təqdim edilmiş, elə həmin sayda elektron formada avtoreferat məlumat bazalarına daxil edilmişdir. Xatırladaq ötən illə müqayisədə bu göstəricilər qənaətbəxşdir. Belə ki, 2004-cü ildə şöbəyə 58 adda elektron dissertasiya daxil olmuş onlardan 3-də avtoreferat əks olunmamışdır .
    Kitabxananın nəşrlərini çapa hazırlamaq «Kitabxana proseslərinin avtomatlaşdırılması şbəsi»nin üzərinə düşən vacib məsələlərdən biridir. İndiyədək şöbə tərəfindən bir neçə nəşr vahidi çapa hazırlanmışdır. Bunlardan ən sanballısı Mərəkzi Elmi Kitabxananın 80 illik fəaliyyətini əks etdirən nəfis tərtibatlı albomun hazırlanmasıdır. Digər maraqlı nəşr vahidi isə ilk dəfə olaraq Y.E.Bertelsin Mərkəzi Elmi Kitabxanada qorunan şəxsi kitabxanasının kataloqunu əks etdirən nəşrdir. Bununla bərabər cari ildə şöbədə bir neçə başqa əsər də nəşrə hazırlanmışdır ki, bunların arasında kitabxanaya cari ildə daxil olan ədəbiyyatın bülleteni, eləcə də dövri və ardı davam edən nəşrlərin bülleteni də daxildir. 2005-ci ildə şöbədə «Azərbaycanın elm və mədəniyyət xadimləri» seriyasından «İsa Həbibbəyli», «Asəf Nadirov», «Xəlil Rza» və s. bu kimi şəxsi biblioqrafik nəşrlər çapa hazırlanmışdır.
    Məlumat üçün bildirək ki, 2004-cü ildən etibarən Mərkəzi elmi kitabxananın oxucu auditoriyası yeni üzvlük kartları ilə təmin olunmağa başlamışdır. 2005-ci ildə də sözügedən proses davam etdirilmiş və daha da sürətlənmişdir.
    Əgər ötən il 17.600 oxucuya yeni kartlar verilmişdisə bu il 23. 454 oxucu plastik oxucu bileti təmin edilib. Bundan əlavə oxucu biletinin forması dəyişdirilərək daha da müasirləşdirilib.
    Yarandığı gündən «Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi»nin qarşısında duran vəzifələrdən biri də kitabxanaçılıq-informasiya terminlərinin izahlı lüğətinin və sözlüyünün hazırlanması idi. Lüğətdə kitabxana işi sahəsinə aid 2800 söz və termininin izahı öz əksini tapmışdır. Artıq lüğət çapa hazırdır. Korrektə və redaktə işləri bitdikdən sonra çap olunacaq.
    «Azərbaycanşünaslıq» elektron informasiya mərəkzinin yaradılması qarşıya qoyular vacib prolemlərdən biri idi. Burada mərkəz deyildikdə «Azərbaycan tarixi», «Azərbaycan iqtisadiyyatı», «Azərbaycan elmi» və «Azərbaycan mədəniyyəti»ni əks etdirən materialların elektron şəkildə toplandığı virtual məkan başa düşülür. Cari ildə həmin elektron bazaya Azərbaycan tarixinə aid 43, Azərbaycan mədəniyyətinə aid 24, iqtisadiyyata aid 63 və Azərbaycan elminə aid 87 elektron nəşr vahidi daxil edilmişdir. Ümumilikdə bazada 217 elektron material vardır.
    Artıq şöbədə 650-dən çox diskdə elektron məlumat yerləşdirilib. Cari ildə şöbəyə «Ədəbiyyatın elmi kataloqlaşdırılması şöbəsin»sinin vasitəsilə 42 disk daxil olub ki, ,bunlar da əsasən elm sahələrini əhatə edib.
    Azərbaycanda neft elektron biblioqrafik göstəricisinin məlumat bazasının yaradılması (materialların toplanması, elmi işlənməsi, məlumat bazasına daxil edilməsi) işi şöbənin 2005-ci ildə qarşıya məqsəd kimi qoyduğu məsələlərdən idi. Məlumat üçün bildirək ki, bu proses geniş əhatə olunmuş və Azərbaycanda neft sənayesinin tarixini, müasir vəziyyətini və perspektivlərini əhatə edən müxtəlif dillərdəki (azərbaycanca daxil olmaqla) 307 adda sənədin elektron kataloqu yaradılmış, bunlardan 120-sinin isə tam mətni tərəfinmizidən hazırlanaraq bazaya daxil edilmişidr.
    Son 3 ildə avtomatlaşdırma sahəsində mühüm addımlar atmış Mərkəzi Elmi Kitabxana əldə olunmuş nəticələrdən belə qənaətə gəlmişdir ki, müasir istifadəçinin qlobal informasiyanın keyfiyyətinə bəslədiyi münasibət əsaslı dəyişikliklərə uğramışdır. Belə ki, hazırlıqlı müasir istifadəçilər, xüsusilə də, elmi fəaliyyətin müxtəlif sferalarını təmsil edən mütəxəssislər, elmi işçilər kitabxanadaxili resursların istifadəsində yeni-yeni nailiyyətlər axtarır. Sözsüz ki «Kitabxana proseslərinin avtomatlaşdırılması şöbəsi» dünyada və Azərbaycanda kitabxana, eləcə də, informasiya və kommunikasiya yeniliklərini izləyərək təcrübi fəaliyyətində səmərəli şəkildə gələcək illərdə də istifadə edəcəkdir.
   




Yüklə 26,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə