38
Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenkonun bəyanatı
Sağ olun, hörmətli İlham Heydər oğlu!
Mən hələ gəncliyimdə Bakıya gəlməyi arzulayırdım,
amma iş elə gətirmişdi ki, bir dəfə də burada olmamışdım. Bu
şəhəri gördükdə ona heyran qaldım. Təsəvvür etməzdim ki, o
belədir, bura nəinki dərə-təpəli yerdir, həm də dağlıqdır. Dağ
ətəklərində, təpələrin üstündə yerləşən şəhərləri çox sevirəm.
Düzənlikdə böyümüş adam kimi, bu gün müşahidə etdiyimiz
mənzərəni görmək mənə çox xoşdur. Dostum İlham Heydər
oğluna dedim ki, bu çox perspektivli şəhərdir, bənzərsiz
gözəlliyi olan şəhərdir. Əgər sahil parkı ilə bağlı və haqqında
mənə şəhər merinin və ölkə prezidentinin danışdıqları layihələr
həyata keçirilsə, bura Şərqdə, Cənubi Qafqazda insanların
həyatı üçün çiçəklənən gözəl bir yer olacaqdır. Bu şəhər bizim
üçün kəşf oldu.
Burada olmaq, sizin səmimiliyinizi duymaq bizə çox xoşdur.
Bunlar protokol sözləri deyildir. Dövlət başçısının səfərini
hazırlayan şəxslər mənə məlumat verdilər: heç bir problem
olmadı, bütün istiqamətlərdə adamlar köməyə gəlir və təklif
edirdilər ki, buraya baxın, orada olun. Bizi gözəl ölkənizlə tanış
etməyə çalışırdılar. Biz də sizə eynilə bu cür yanaşırıq. Bu da
ondan irəli gəlir ki, bu yaxınlaradək bir ölkədə yaşamış qardaş
xalqlarımız arasında ənənəvi olaraq xoş münasibətlər
yaranmışdır.
Belarusda on minlərlə azərbaycanlı yaşayır, onlardan heç biri
deməz ki, ikinci vətənində vəziyyəti pisdir. Onlar bizim
azərbaycanlılarımızdır, özlərini çox yaxşı və rahat hiss edirlər. Ona
əsas var – bu, xalqlarımız arasındakı qarşılıqlı münasibətlərdir.
Bunu hökumətlərimizin üzvlərinin – mən hələ prezidentləri
demirəm – yaxşı şəxsi münasibətləri də tamamlayır.
Sizin prezidentinizlə biz özümüzü istənilən səviyyədə –
beynəlxalq konfranslarda, simpoziumlarda, danışıqlarda, MDB-
də tamamilə rahat hiss edirik. Biz, sadəcə olaraq dostuq. Bizim
39
müzakirə üçün qapalı mövzularımız yoxdur. Bir-birimizə tam
etibar edirik. Bilirəm ki, Azərbaycan prezidenti heç vaxt sözünə
xilaf çıxmaz, heç vaxt arxanca pis söz deməz. Heç vaxt belə şey
olmayıb. Çox şadam ki, bu insan mənim yaxın dostum olan
Heydər Əliyevin ən yaxşı keyfiyyətlərini irsən özündə təcəssüm
etdirir. Yaş fərqinə baxmayaraq, Heydər Əliyevlə çox dost idik,
o, gənclik illərimdən mənim üçün həm hami-tərbiyəçi, həm də
örnək idi. Bu, xüsusi hisslərdir, onlar məndə artıq çoxdan,
həyatımın hələ prezidentlikdən əvvəlki dövründən yaşayır. Bu,
şəxsi məqamdır, lakin o, indiki vaxtda dövlətlərimiz arasında
yaxşı münasibətlərin olmasına kömək edir.
Biz – Azərbaycan və Belarus prezidentləri danışıqlar zamanı
belə bir fikirlə razılaşdıq ki, münasibətlərimizin inkişaf sürəti,
dinamikası əsasən bundan irəli gəlir və mən artıq rəsmi
nümayəndə heyətlərinin görüşündə dedim ki, Azərbaycanla
əməkdaşlıqda bizim qapalı mövzularımız yoxdur. Əgər söz
vermişiksə, vədimizə əməl edəcəyik. Bir ölkənin tərkibində
yaşadığımız dövrlərdən bizdə yaxşı hisslər qalmışdır və bu,
artıq təsdiq edilmişdir. Ona görə də, inanın ki, Siz Avropanın
mərkəzində yaxşı dayaq, yaxşı etibarlı dostlar tapmısınız. Biz
isə əminik ki, iqtisadi, siyasi, diplomatik baxımdan burada,
Cənubi Qafqazda çox yaxşı dayaq tapmışıq. Bu da
əhəmiyyətlidir ki, bizim münasibətlərimiz hər cür vicdansız
siyasətdən uzaqdır. Biz tamamilə əminik ki, əgər əməkdaşlıq
ediriksə – istər qaz üzrə, istər neft üzrə, istərsə də sənayedə,
digər sahələrdə olsun, fərqi yoxdur – bu, digər dövlətlərlə
əməkdaşlıqda tez-tez olduğu kimi, heç bir siyasi təzyiqə, siyasi
nəticələrə gətirib çıxarmayacaqdır. Bu da çox qiymətlidir.
Odur ki, irəliyə doğru getmək üçün bizim bütün əsaslarımız
var və bunu etmək əzmindəyik. Mən iki ölkənin hökumət
üzvlərinə baxıram, çox cavan, perspektivli, amma təcrübəli
adamlardır. İndi regionlarda, ilk növbədə dövlətlərimiz arasında
mövcud olan problemləri başqaları yox, məhz biz həll
etməliyik. Belarus tərəfi buna hazırdır. Səmimiyyətə görə,
40
xeyirxahlığa görə çox sağ olun. Digər göstəricilər bunu daha da
artıracaqdır.
* * *
Dövlət başçıları bəyanatlarla çıxışlardan sonra jurnalistlə-
rin suallarına cavab verdilər.
M ü x b i r: Hörmətli İlham Heydər oğlu, lütfən söyləyin,
yanacaq-energetika kompleksində əməkdaşlığa dair Belarus
prezidenti ilə razılaşmanız oldumu? Əgər oldusa, onda bu
istiqamətdə hansı perspektivlər var?
İ l h a m Ə l i y e v: Bu istiqamətdə müvafiq qurumlarımız
fəal işləyirlər. Ötən ilin oktyabrında mənim Belarusa səfərim
zamanı onlara tapşırıqlar verilmişdi və o vaxtdan bəri bu
mövzuda bir neçə mərhələdə məsləhətləşmələr aparılmışdır.
Bizim tərəfimizdən və Belarus rəhbərliyi tərəfindən bu
məsələyə ümumi yanaşma var. Biz bu istiqamətdə səmərəli
əməkdaşlıq etmək istəyirik. Azərbaycan iri neft və qaz
hasilatçısı olan ölkəyə çevrilir. Bu il neft hasilatının həcmi 43
milyon ton, gələn il 50 milyondan çox olacaqdır. Qaz hasilatı da
yüksək sürətlə gedir və dediyim kimi, yaxın vaxtlarda
Azərbaycan iri karbohidrogen ixracçısına çevriləcəkdir. Ona
görə də biz nəqlin şaxələndirilməsi sahəsində əməkdaşlığa
həmişə təbii ehtiyatlarımızdan daha səmərəli istifadə imkanları
kimi baxmışıq.
Hazırda Azərbaycan nefti Avropa və dünya bazarlarına üç boru
kəməri ilə daşınır. Neftin Avropaya Odessa–Brodi marşrutu ilə
nəqlinin perspektivləri müzakirə olunur. Bildiyiniz kimi, biz bu
layihəni siyasi baxımdan dəstəkləmişik və hazırda kommersiya
xarakterli məsələlərin müzakirəsi gedir.
Ölkələrimiz arasında energetika sahəsində, yəni neft-qaz
əməliyyatları sahəsində əməkdaşlıq haqqında Azərbaycanda
siyasi qərarlar qəbul edilmişdir. Hazırda söz müvafiq qu-
rumların mütəxəssislərinindir, onlar iqtisadi göstəriciləri,
mümkün layihələrin kommersiya tərəfini hesablamalıdırlar.