İnsan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi



Yüklə 66,1 Kb.
tarix17.11.2017
ölçüsü66,1 Kb.
#10702


İnsan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi


Azərbaycana səfər

22 sentyabr 2016

Missiyanın sonunda verilən bəyanat

Qeyri-rəsmi tərcümə

Sabahınız xeyir xanımlar və cənablar,

Son onilliklər ərzində mühüm dəyişikliklər və xeyli geosiyasi çətinliklər ilə üzləşən bir ölkəyə, Azərbaycana bu mənim ilk səfərimdir. Məni bura dəvət etdiyinə və səfər zamanı əməkdaşlıq etdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Səfərimin məqsədi ölkədə fəaliyyət göstərən insan hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin vəziyyətini əməkdaşlıq və dialoq mühitində qiymətləndirməkdən ibarət olmuşdur.

Bu gün mən əsas məsələlər üzrə ilkin müşahidə və tövsiyyələrimi bildirəcəyəm, səfər zamanı topladığım material və sənədləri nəzərdən keçirdikdən sonra isə daha ətraflı hesabat hazırlanacaq. 2017-ci ilin martında yekun hesabatım BMT-nin Cenevrədəki İnsan Hüquqları üzrə Şurasına təqdim ediləcək.

Əvvəlcədən qeyd edim ki, mən BMT-nin işçisi hesab edilmirəm və tutduğum vəzifə fəxri vəzifədir. Müstəqil bir ekspert olaraq mən peşəkar və bitərəf rəy və hesabatımı İnsan Hüquqları üzrə Şuraya və Baş Assembleyaya birbaşa olaraq təqdim edirəm.

Ölkəyə səfərdən maksimum bəhrələnmək üçün yüksək səviyyəli əməkdaşlıq və səy göstərdiyinə görə Azərbaycan hökumətini alqışlayıram. Mən Prezident Administrasiyasında, Dövlət Təhlükəsizlik Xidmətində, Xarici İşlər Nazirliyində, Daxili İşlər Nazirliyində, Vergilər Nazirliyində, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində və Ədliyyə Nazirliyində yüksək rütbəli nümayəndələr ilə görüşlər keçirmişəm. Mən həmçinin Ali Məhkəmə, Baş Prokurorluq, Ombudsman və QHT-lərə Dövlət Dəstəyi Şurasında da rəhbərlik ilə görüşlər keçirmişəm. Bundan başqa, mən BMT-nin Rezident Əlaqələndiricisi və digər BMT agentlikləri, Avropa Şurası və diplomatik korpusların müxtəlif nümayəndələri ilə də görüşlər keçirmişəm.

İnsan hüquq müdafiəçiləri, o cümlədən həbsdə olan insan hüquq müdafiəçiləri ilə geniş müzakirələr keçirdik ki, bu da məndə Azərbaycanda vətəndaş cəmiyyətinin zəif mövqeyi barədə təəsüratlarımı daha da gücləndirdi. Mənimlə görüşməyə vaxt tapan, öz dəyərli təcrübə və bilikləri ilə paylaşan, o cümlədən səfərin təşkil edilməsində köməklik edən hər bir şəxsə təşəkkür edirəm.



Xanımlar və cənablar,

İnsan hüquqları üzrə beynəlxalq qanuna uyğun olaraq, insan hüquqları və fundamental azadlıqların təşviq və müdafiə edilməsi üzrə əsas məsuliyyət dövlətin üzərinə düşür. Fərdi qaydada və ya digərləri ilə birlikdə hər kəsin hüququnun təmin edilməsi, insan hüquqlarının müdafiə və həyata keçirilməsi uğrunda səy göstərilməsi Azərbaycan hökumətinin vəzifəsidir. Başqa sözlə, bizim hər birimizin hüququ var ki, hamının insan hüquqlarını qoruyaq.

Buna görə də, praktiki olaraq ölkədə yaşayan hər bir kəsin bütün hüquq və azadlıqlardan bəhrələnməsini təmin etmək üçün Azərbaycan lazımi şəraitin yaradılması, o cümlədən, siyasi və hüquqi mühitin yaradılması istiqamətində addımlar atılması öhdəliyinə malikdir. İnsan hüquq müdafiəçiləri üçün təhlükəsiz və yaradıcı mühitin təmin edilməsi sözügedən öhdəliyin vacib bir hissəsini təşkil edir.

Buna görə də, mənim səfərim əsasən bu cür yaradıcı mühitin əsas elementlərinin qiymətləndirilməsinə daha doğrusu: istiqamətverici hüquqi, institusional və inzibati baza; ədliyyəyə çıxış; güclü və müstəqil milli insan hüquqları institutu; risk altında olan qrupları diqqətdə saxlamaqla səmərəli müdafiə metod və mexanizmləri; müdafiəçilərin işinə hörmət və dəstək verən qeyri-dövlət tərəfləri; və güclü və dinamik müdafiəçilər cəmiyyətinə yönəlmişdir.

Bildiyiniz kimi, BMT-də insan hüquq müdafiəçilərinin çox geniş açıqlaması mövcuddur, həmin açıqlama 1998-ci ilin dekabrında ümumi razılıq əsasında qəbul edilmiş İnsan Hüquq Müdafiəçiləri haqqında Bəyannamədə öz əksini tapmışdır. Səfər zamanı bir çox hallarda mən bu açıqlamaya istinad etmişəm. Qeyd edim ki, istər fərdi qaydada istərsə də digərləri ilə birlikdə insan hüquqlarını dinc yolla milli və beynəlxalq səviyyədə təşviq və müdafiə edən şəxslər insan hüquq müdafiəçiləri adlanır. Vətəndaş cəmiyyətlərinin üzvləri, jurnalistlər, bloqqerlər, məlumat verənlər, o cümlədən, söz azadlığı, toplaşma azadlığı, azad və ədalətli seçkilər naminə təşviqat aparan siyasi fəallar da insan hüquq müdafiəçiləri hesab olunur. İnsan hüquq müdafiəçisi kimi çıxış etmək üçün qeydiyyatdan keçmiş bir təşkilata bağlı olmaq vacib deyil. İnsan hüquqlarının universallığına inanan və onların müdafiəsi uğrunda çalışan adi kişi və qadınlar belə insan hüquq müdafiəçiləri hesab oluna bilər. Onlar dəyişiklik uğrunda çalışır, demokratiyanı qoruyur və demokratiyanın aşkarlıq, plüralizm və iştirakçılıq prinsiplərinə sadiq qalmasına çalışır. Onlar qanunun aliliyi və yaxşı idarəçilik prinsiplərini müdafiə edir. İnsan hüquq müdafiəçiləri və onların dəyərli töhvəsi olmadan bizim yaşadığımız cəmiyyətlər lazımi səviyyədə azad və ümidverici olmaz.

Mən, Azərbaycan hökumətini və beynəlxalq ictimaiyyəti universal olaraq tanınan insan hüquq müdafiəçilərinin sözügedən tərifinə daimi olaraq istinad etməyə çağırıram, belə ki, bu onların nüfuzunun və cəmiyyətdə daha geniş şəkildə qəbul edilməsinə yardımçı olar.



Hörmətli media nümayəndələri,

Milli və beynəlxalq qanunvericilikdə ifadə azadlığı hüququnun təmin edilməsinə baxmayaraq, Azərbaycan media və jurnalistlər üçün lazımi mühitin yaradılmasında çətinlik çəkməyə davam etmişdir. Müstəqil media orqanları tez-tez hədəf kimi seçilir. Tənqidi fikir söylədiklərinə görə onların lisenziyaları əllərindən alınmışdır. Məsələn, 2014-cü ilin dekabrında hökumət vətəndaş cəmiyyətinə qarşı geniş cinayət təqibi kontekstində Azadlıq Radiosunun fəaliyyətini dayandırmışdır. 2014-cü ilin eyni ayında Meydan TV öz yayımını dayandırmağa məcbur edilmiş. Onun həm redaktoru, həm də direktoru xaricə qaçmağa məcbur olmuş və onların jurnalistlərinin əksəriyyətinin ölkədən çıxmağı qadağan edilmiş, bank hesabları dondurulmuşdur. İki ay əvvəl, Türkiyədə çevrilişə cəhdlə bağlı vəziyyəti yayımladığına görə istintaqa cəlb edilmiş ANS TV/Radionun yayımı dayandırılmışdır.

Müstəqil qəzetlərə, nümunə üçün ikisinin adını çəkirəm, fəaliyyətini dayandırmış Xural Zerkalo qarşı sərt təzyiqlərin edilməsi barədə məlumatlar əldə etmişəm. Mənim həmçinin saxta ittihamlar ilə həbs edilmiş jurnalistlər barədə məlumatım var. 2014-cü ilin avqustunda saxta xuliqanlıq ittihamı ilə həbs edilən və beş il müddətinə azadlıqdan məhrum edilən Azadlıq qəzetinin jurnalisti və “Azərbaycan Saatı”nın aparıcısı Seymur Həzi ilə görüşmüşəm. Bir ay əvvəl adı çəkilən qəzetin maliyyə direktoru Faiq Əmirov Fətulla Gülən barədə kitab və elektron materialları saxladığına və yaydığına və həmçinin“Hizmət imamları” adlı qrupla əlaqələri olduğuna görə istintaq təcridxanasına salınmışdır. Onun həbs edilməsi qəzetin maliyə hesablarının dondurulmasına səbəb olmuşdur.

2015-ci ilin sentyabrında tanınmış təhqiqatçı jurnalist Xədicə İsmayılovaya qarşı məhkəməyə verilmiş şikayət onun mənimsəmə və vergidən yayınma ittihamları ilə 7.5 il müddətinə azadlıqdan məhrum edilməsi ilə nəticələnmişdir. O, 2016-cı ilin mayında şərti həbs cəzası verilməklə azadlığa buraxılıb və beş il müddətinə ölkədən çıxmasına qadağa qoyulub. Bu və ya digər səbəblərdən ölkədən çıxmasına qadağa qoyulmuş ən azından 20 jurnalist və bloqqer barədə mənə məlumat verilib.

Mənə həmçinin bildirilmişdir ki, tənqidçi və müstəqil qəzet və media orqanlarında reklam verən özəl şirkətlərə təzyiq edilir ki, bu da həmin media orqanlarının maliyyə durumunu pisləşdirmiş və fəaliyyətlərini məhdudlaşdırmışdır.

Bununla belə, ifadə azadlığının müdafiə edilməsi istiqamətində fəaliyyət göstərən bəzi QHT-lər istintaqa cəlb edilmiş və ya fəaliyyəti dayandırılmışdır. Məsələn, Media Hüquqları İnstitutu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun fəaliyyəti dayandırılmışdır. Həmin təşkilatların rəhbərləri ilə yanaşı keçmiş əməkdaşları da istintaqa cəlb edilmiş və artıq bir neçə ildir ki, onların bank hesabları dondurulmuşdur. Bu QHT-lərin fəaliyyətlərinin dayandırılması ifadə azadlığı, jurnalist kimi fəaliyyət göstərən insan hüquq müdafiəçilərinin hüquqlarının qorunması sahəsində boşluq yaratmışdır.


İlkin müşahidələrim onu göstərir ki, Azərbaycanda məlumata əlçatımlılıqla bağlı mövcud qanunvericiliyə baxmayaraq vətəndaş cəmiyyətlərinin məlumata əlçatımlılığı məhdudlaşdırılmışdır. Hökumət orqanlara məlumat almaq üçün müraciət edəndə adətən rədd cavabı verilir. Buna görə də, insan hüquq müdafiəçiləri hökumətdən tam olaraq müstəqil olduğu hesab edilməyən məhkəmələr vasitəsilə məlumat almağa məcbur olur.
2013-cü ilin iyununda qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində şirkətlərin və yayım şirkətlərinin sahibləri haqqında məlumat əldə etmək mümkün deyil, belə ki, bu məlumatlar indi kommersiya sirri hesab olunur. Bu nəinki anti-korrupsiya sahəsində çalışan QHT-lərin və həmçinin şəffaflığın təmin edilməsi və korrupsiya ilə mübarizə aparan hökumətin səylərinə də əngəl törədir. Bu cür dəyişiklik edilməsinin səbəbi isə əvvəllər sərbəst məlumatdan sui-istifadə edilərək fərdi şəxslərin “şantaj” edilməsi kimi göstərilmişdir ki, bu da inandırıcı deyil. Belə ki, fərdi şəxslərin mümkün şantaj hallarından qorunması üçün Azərbaycanda müvafiq qanunverici və siyasət alətləri mövcuddur.
Hal-hazırda məlumat əldə etmək üçün göndərilən sorğu rədd edildikdə məhkəməyə şikayət verilə bilər, məhkəmələrin isə hakimiyyətin tərəfində durduğu bəllidir, və yaxud Ombudsman idarəsinə müraciət edilə bilər ki, onların da mandatı bu sahə üzrə səmərəli deyil.
Bizə verilən ifadələrdən həmçinin məlum olmuşdur ki, hakimiyyət orqanlarının korrupsiya və digər sui-istifadə halları barədə məlumat verən şəxslər cinayətkarlar tərəfindən cəzalandırılır. Bu cür məlumat verən şəxslərin müdafiə edilməsi üçün hökumət əlavə tədbirlər görməlidir.
Bütün tərəflər ilə keçirdiyim müzakirələr onu deməyə əsas verir ki, Azərbaycanda internetə geniş çıxış imkanları yaradılmış və sosial mediadan istifadə artmaqdadır. Lakin qeyd olunmalıdır ki, internetdə tənqidi fikir bildirdiyinə görə cəzalandırılan, o cümlədən cinayət məsuliyyətinə cəlb edilən şəxslər barədə məlumatlar artmaqdadır. Məsələn, tanınmış insan hüquqları üzrə bloqqer Mehman Hüseynovu nümunə kimi göstərmək olar. Mehman Hüseynov 2012-ci ilin iyununda qısa müddətə saxlanılmış və sonradan azad edilmişdirş Lakin onun barəsində aparılan istintaq işi yekunlaşmayıb, onun ölkədən çıxmağı qadağan edilib və şəxsiyyət vəsiqəsi müsadirə edilib. Keçmiş vicdan məhbusu Fuad Qəhrəmanlı Facebook-da insanları öz hüquqlarını qorumağa çağırış etdiyinə görə, 2015-ci ilin dekabrında həbs edilib və ona qarşı “dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə və milli, dini nifrət aşılayan çağırışlar etmə” ittihamı ilə cinayət işi açılıb.
Xanımlar və cənablar
Beynəlxalq hüquqda toplaşma azadlığı hüququ təmin edilir. İnsan hüquq müdafiəçiləri üçün əhalinin təşkilatlandırılması və vacib məsələlər üzrə sosial dialoqun aparılması mühüm əhəmiyyət kəsb edir. Buna baxmayaraq, bir çox hallarda Azərbaycan hakimiyyəti insanların toplaşmasını tənzimləməklə dinc etiraz hüququnu məhdudlaşdırmışdır. Kütləvi toplaşmalar üçün müraciətlər, xüsusilə də, bu cür müraciətlər tənqidçi vətəndaş cəmiyyəti tərəfindən və ya regionlardan gəldikdə əksər hallarda rədd cavabı verilmiş, gecikdirilmiş və ya kütləvi yığıncaqlar üçün yararsız və ya ucqar yerlərdə keçirilməsinə icazə verilmişdir. Dinc aksiyalara cavab olaraq kəskin cavab tədbirlərinin görülməsi və dinc etirazçıların həbsi barədə mənə məlumat verilib. Özəl şirkətlər, o cümlədən, otellər hökumətin mənfi reaksiyası ilə qarşılaşmamaq üçün müxalifət fəallarına xidmət göstərməkdən imtina etmişlər.
Mənə həmçinin məlum olmuşdur ki, hökumət dinc etirazlara qarşı “qabaqlayıcı tədbirlər” görərək kütləvi etiraz aksiyalarının təşkilatçıları və iştirakçılarına xəbərdarlıq etmiş və ya aksiyadan əvvəl onları müvvəqqəti olaraq həbs etmişdir. Bununla belə, mən konstitusiyaya dəyişiklik edilməsini nəzərdə tutan qarşıdakı referendumla bağlı 17 sentyabrda keçirilən dinc aksiyada xəbərdarlıq edilən, həbsə alınan və saxlanılan 45 nəfər şəxs və insan hüquq müdafiəçilərinin siyahısını hazırlamışam. Bu siyahını mən hökumətə təhvil vermişəm və məsələyə aydınlıq gətirilməsini səbirsizliklə gözləyirəm.
Vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunvericiliyə 2013-2015-ci illərdə edilən dəyişiklər nəticəsində toplaşma azadlığına törədilən əngəllər mənə çox təsir etmişdir. QHT-lər üçün onsuzda çətin iş mühiti tamamilə bir böhrana çevrilmişdir.
Hətta qanunvericilik dövlət qeydiyyatından keçməyən QHT-lərin fəaliyyətlərini qadağan etmədikdə belə QHT-lərin fəaliyyətinin qarşısı effektiv şəkildə alınır, çünki onlar bank hesabı aça, hüquqi status və ya xarici maliyyələşmə əldə edə bilmir. Bundan əlavə QHT-lər təsis sənədlərinə və ya faktiki ilkin şərtlərə edilən hər bir dəyişikliyin (məsələn, ünvanın və telefonun dəyişməsi) qeydiyyatını aparmalı və öz işlərini davam etdirmək üçün qeydiyyat şəhadətnaməsinin çıxarışını əldə etməlidir. Bu çətin tələbə hər hansı riayət etməmə inzibati öhdəlik vasitəsilə sanksiyalaşdırılır.
Xarici QHT-lərin dövlət qeydiyyatından keçməyən yerli filialların fəaliyyəti üzrə risk öhdəliyi. Onlar Hökumətlə məhdud müddətə razılaşma imzalamalı və özlərinin “Azərbaycan xalqının milli və mənəvi dəyərlərinə hörmət” kimi bu cür qeyri-dəqiq meyara uyğunluğunu təsdiq etdirməlidir. Bu tələbə hər hansı riayət etməmə ağır maliyyə cərimələri ilə nəticələnir.
Yeni qaydalar Hökumətə geniş səlahiyyətlər verib və bu da qeydiyyatı qəbul edilməyən və ya heç bir qeydiyyat olmadan fəaliyyət göstərən və nəticədə mümkün cinayət təqibi ilə üzləşən təşkilatların sayının artması ilə nəticələnib.
Maliyyələşmənin əldə edilməsi son qanunverici düzəlişlər nəticəsində ciddi şəkildə azaldılır. Hal-hazırda həm donor təşkilatlar, həm də donor resipiyentləri maliyyələşmiş fəaliyyətin həyata keçirilməsindən əvvəl dövlət orqanlarından təsdiq almalıdır. Faktiki olaraq qrantın verilməsi üçün 3 mərhələli mürəkkəb prosedur mövcuddur: 1) donor təşkilat qrantları təqdim etmək üçün icazə əldə etməlidir; 2) QHT-lər qrant müqavilələrini qeydiyyatdan keçirməlidir; və 3) QHT-lər hər hansı xarici təşkilat, şirkət və ya fiziki şəxs ilə imzalanmış hər bir xidmət müqaviləsini icra edilməzdən əvvəl qeydiyyatdan keçirməlidir. Bundan əlavə QHT-lər barədə yeni qanunlarda inzibati cərimələrin sayı artırılıb və bu qanunlar qaydalara riayət edilməməsinə görə QHT-lərin fəaliyyətlərinin bir il müddətinə dayandırılmasına imkan verir.
Mənim ilkin müşahidələrim 2014-cü ildən bəri Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərin böyük miqyaslı izlənilməsinə tuşlanıb. Onlarla bu cür QHT-lər təşkilatın və onun rəhbərlərinin bank hesablarının müsadirə olunmasına; QHT əməkdaşlarının təkrarlanan istintaqına; QHT-nin maliyyə fəaliyyətləri üzrə vergi yoxlamalarına və nəticədə ağır cərimələrin tətbiqinə; QHT heyətinin sərhəd keçid məntəqələrində alçaldıcı və ayrı-seçkilik yaradan fiziki yoxlamalarına; və həmin QHT-lərin bağlanmasına məruz qalıb.
Təsirə məruz qalmış QHT-lərin bir sıra işçilərin xaricə səfəri qadağan edilib və onların bank hesabları dondurulub. Tanınmış QHT liderləri həbs edilib, məhkum olunub və ya xaricə sürgün edilib. Məndə QHT-lərin və bu yolla hədəflənən insan hüquqları müdafiəçilərinin siyahısı var və bu cür cəzalandırıcı fəaliyyətlərin motivlərinə dair Hökumətdən əlavə izahatlar almaq istəyirəm. Mən Hökuməti QHT-lərə qarşı bu cür müdafiə və cəzalandırıcı münasibətdən uzaq durmağa və əvəzində hətta həmin təşkilatlar kritik və ya Hökumətə zidd olduqda belə vətəndaş cəmiyyətinə qarşı daha dəstəkləyici yanaşmanı qəbul etməyə səsləyirəm.
Hörmətli həmkarlar,

İnsan hüquqları müvəkkilləri Azərbaycanda cinayət təqibi, nizam-intizam və digər inzibati tədbirlər daxil olmaqla bir sıra üsulllar vasitəsilə problemlər ilə üzləşirlər. Qeyd olunan hallar Dövlətin hüquqşünasların öz peşəkar vəzifə və funksiyalarını mühafizə edilməsi və hüquqlarının qorunması ilə bağlı öhdəliklərinə rəğmən həyata keçirilir. Zənnimcə, insan hüquqları müvəkkillərinin cinayət təqibi, axtarış və onların əmlaklarının dondurulması vasitəsilə vəkil statuslarının ləğv edilməsi ölkədə insan hüquqları müdafiəçilərinin üzləşdikləri təcavüzün bir hissəsidir. İntiqam Əliyev, Aslan İsmayılov və Alaif Həsənov vəkillərin məlum məhkəmə işləri müstəqil hüquqşünasların saxlanma və məhkəmə prosesləri vasitəsilə hədə-qorxu ilə üzləşdiklərini əks etdirir. Hüquqşünasların həssas işlərdən kənarlaşdırılması və onların eyni iş üzrə şahid qismində saxlanılması halı ilə Yalçın İmanov da üzləşmişdir, buna misal olaraq onun 2014-cü ilin dekabr ayında Azadlıq Radiosunun əməkdaşlarını müdafiə edərkən üzləşdiyi vəziyyəti göstərmək olar.

Vəkillər assosiasiyasının üzvü olan hüquqşünaslar üçün inzibati icraat prosesləri onların insan hüquqları və ya peşəkar fəaliyyətləri ilə bağlı əsas cəza tədbirlərindən biri idi. Mən Vəkillər Assosiasiyasından ədalətsiz olaraq fəaliyyətlərinə xitam verilmiş ən azı dörd vəkilin (Xalid Bağırov, Müzəffər Baxşıyev, Alaif Həsənov və Aslan İsmayılov) işini nəzərdən keçirmişəm
Praktiki olaraq Vəkillər Assosiasiyası mühüm institusional boşluqlardan əziyyət çəkir, bu isə öz növbəsində onun legitimliyini sual altına qoyur və peşələrinin effektiv şəkildə tənzimlənməsi qabiliyyətinə şübhə doğurur.
Xanımlar və cənablar,

Bu səfərə hazırlaşarkən, Azərbaycan üzrə son Ümümdünya Dövri İcmalları üzrə müxtəlif BMT insan hüquqları mexanizmləri və tövsiyələri üzrə bir sıra sənədlər və hesabatlar əldə etmişəm.

Eləcə də, Avropa İnsan Hüquqları Məhkəməsi, Venesiya Komissiyası, İşgəncələrin Qarşısının alınması üzrə Komitə və Parlament Assambleyası daxil olmaqla Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatınının bir sıra sənədlərini nəzərdən keçirmişəm. Ən diqqət çəkən məqam isə bütün sənədlərin Azərbaycanda insan hüquqları müdafiəçilərinin vəziyyətlərinin pisləşməsi barədə eyni qiymətləndirməyə malik olmalarıdır. Onlar insan hüquqları müdafiəçiləri üzərinə qoyulmuş inzibati və ədliyyə yüklərinin aradan qaldırılması, beynəlxalq maliyyə yardımının əldə olunmasını sürətləndirmək və vətəndaş cəmiyyəti təşkilatlarının müsbət rolunun tanınması kimi məsələlər üzrə Hökumətə bir sıra tövsiyələr ünvanlamışlar.

Yerli məhkəmələrdə imtina ilə üzləşdikləri zaman insan hüquqları müdafiəçiləri Avropa İnsan Hüquqları Məhkəməsini öz müraciətləri üçün yeganə arbitr kimi görürlər. Buna baxmayaraq, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən bir sıra çağırışlara baxmayaraq, insan hüquqları müdafiəçilərinin (məsələn, İlqar Məmmədov) işləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərardadları Hökumət tərəfindən yerinə yetirilməmişdir.


Eyni qayda ilə, hər biri olmasa da beynəlxalq və regional mexanizmlərin əksəriyyəti yerinə yetirilməlidir. Bir çoxları Azərbaycan hökumətinin öz beynəlxalaq öhdəliklərinin yerinə yetirmək niyyətini və beynəlxalq və regional insan hüquqları üzrə qanunların icbari öhdəliklərinə uyğunlaşmasını müzakirə etməyə başlamışlar.

Beynəlxalq və regional təşkilatların tövsiyələrinin yerinə yetirilməsi üzrə fəaliyyət planının formalaşdırılması üzrə Hökumətə yardım edəcək institutlararası mexanizmin təsis olunmasını tövsiyə edirəm. Beynəlxalq və regional tərəfdaşlar və təşkilatların yardımı ilə insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti təşkilatları bu təşəbbüsün işlənib hazırlanması və həyata keçirilməsinə cəlb olunmalıdırlar.



Dəyərli mətbuat nümayəndələri
Son iki-üç il ərizndə Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının ölkənin müstəqillik qazandığı ildən bu günə kimi ən pis vəziyyətlə üzləşdiyinə dair gəldiyim qənaəti ilkin müşahidələrim çərçivəsində Azərbaycan Hökümətinə təqdim etdim. Onlarla QHT, təşkilat rəhbərləri, işçi və ailələri inzibati və ya cinayət təqibinə məruz qalmış, habelə onların əmlak və bank hesabları müsadirə olunmuş, ölkədən çıxışlarına məhdudiyyət qoyulmuş, böyük həcmli vergi cərimələri və hətta həbslərlə üzləşmişdirlər.
Şiddətli təzyiq nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətinə düşmüşdür. Dövlət rəsmiləri insan hüquq müdafiəçilərini Qərb dövlətlərinin beşinci kolonu, xarici dövlətlərə cəsusluqda ittiham etmiş və bunun nəticəsində vətəndaş cəmiyyəti fəallarının oynadığı rola dair əhali arasında yalnış təsəvvürlər formalaşmışdır. Fundamental azadlıqları təşviq və qanun pozuntularını tənqid edən şəxslər cəmiyyətin və mədəniyyətin dəyərlərinə zidd olan siyasi opponent damğası ilə üzləşiblər. Onlar siyasi və yaxud maddi maraqlar güdən şəxs olmaqda təqsirləndiriliblər. Onlar hücüm, hədəqorxularla üzləşib, habelə onlara qarşı “xiluqanlıq”, “çirkli pulların yuyulması”, “təxribat”, “narkotik qaçaqmalçılığı” və ya Dövlətin quruluşunu zorla dəyişdirməyə cəhd kimi ittihamlar irəli sürülmüş və məhkum olunmuşdurlar. Gördükləri işi gözdən salmaq məqsədilə müdafiəçilər onların şəxsiyyətini ləkələyən kampaniyalarla üzləşmiş, onları siyasi müxalifətlə eyniləşdirmək və yaxud satqınlıqda ittiham etmək cəhdləri baş vermişdir. Hüquq müdafiəçilərinin düşmən obrazında təqdim edilməsi prosesi vətəndaş cəmiyyətinin özünü müdafiə etmək üçün üz tuta biləcəyi mexanizmlər, habelə gördükləri işin leqitimliyinin artırılması və müdafiə alətlərinə dair kifayət qədər məlumatlı olmaları nəticəsində daha də dərinləşmişdir.
Bu gün çatdırmaq istədiyim ismarıc ondan ibarətdir ki, Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan insanları xain deyil, qəhraman kimi qəbul etmək lazımdır. Onlar dəyişikliyi, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması naminə dəyişiklikləri təşviq edən insanlardır, Mən onlarla söhbət etdim, onların təsiredici hekayələrini eşitdim. Onları rədd etmək deyil, qəbul etmək lazımdır. Məhz bu səbəbdən, mən Höküməti vətəndaş cəmiyyəti təşkilatları ilə körpülər qurmağa, geniş və inkluziv iştirakı təmin etməklə insan hüquq müdafiəçiləri ilə müntəzəm və məzmunlu dialoq qurmağa çağırıram. İnarıram ki, belə bir dialoq və tərəfdaşlıq nəticə etibarı ilə Azərbaycan Dövlətinin maraqlarına cavab verir.

Xanımlar və cənablar,
Mən ölkədə insan hüquq müdafiəçiləri ilə əlaqədar vəziyyətə dair Azərbaycan Höküməti ilə konstruktiv dialoqu davam etdirməyə hazıram. Mandatıma hökümətlərə məsləhətlər vermək səlahiyyətinin də daxil olmasını nəzərə alaraq, mən hazırki sənəddə öz əksini tapan tövsiyələrin nəzərdən keçirilməsi və tətbiqi ilə əlaqədar Hökümətə tələb olunan texniki yardımı göstərməyə və əməkdaşlıq etməyə də hazıram. Mövcud qanunvericiliyin nəzərdən keçirilməsi və təcrübələrin beynəlxalq standartlara uyğunlaşdırılması işində Hökümətin istənilən səylərini dəstəkləməyə də öz hazırlığımı bildirirəm. Bu, səfərin razılaşdırılmış məqsədi idi və mən ona nail olmaqda sadiqliyimi ifadə etmək istəyirəm.
Fikrimi ilkin müşahidələri müxtəlif maraqlı tərəflərin diqqətinə çatdırmaqla yekunlaşdırmaq istəyirəm.
Tövsiyə edirəm ki, Hökümət:

  • Beynəlxalq və regional insan hüquq mexanizmlərinin tövsiyələrini nəzərə alaraq, insan hüquq müdafiəçilərinin əlverişli hüquqi, institusional və inzibati çərçivədə fəaliyyət göstərə bilməsini təmin etsin.

  • Müdafiəçilərin dinc və leqitim fəaliyyətlərini cinayətləşdirmək cəhdlərindən çəkinsin və əvəzində, fikir ayrılığının mümkün olmasına baxmayaraq, müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək olsun.

  • Beynəlxalq və regional insan hüquq mexanizmlərinin qətnamə və tövsiyələrinə əsasən həbsdə olan bütün hüquq müdafiəçilərini azad etsin, QHT rəhbərləri və əməkdaşlarına qarşı cinayət ittihamlarını geri çağırsın, ölkədən çıxışa qoyulan məhdudiyyəti aradan qaldırsın və bank hesablarını açsın.

  • İfadə, azad toplaşma və birləşmə azadlığı da daxil olmaqla müdafiəçilərin hüquqlarını məhdudlaşdıran inzibati və hüquqi maneələri nəzərdən keçirsin və aradan qaldırsın, habelə ölkə qanunvericiliyinin beynəlxalq insan hüquqlarına aid qanun və standartların baza prinsiplərinə uyğunluğunu təmin etsin.

  • Təşkilatların qeydiyyat prosesini daha sadə, az yüklü və sürətli etsin, və ‘xəbərdarlıq prosedurunu’ qəbul etsin, habelə vətəndaş cəmiyyəti təşkilatlarının maliyyə mənbələrinə çıxışını asanlaşdırmaq və əlçatan etmək üçün QHT-lərə aid mövcud qanunvericiliyi yenidən nəzərdən keçirsin.

  • Azad toplaşma hüququna tətbiq olunan məhdudiyyətlərin sözü gedən hüququn öz mahiyyətini pozmamasını, məhdudiyyətlərin qanunla tənzimlənməsini, mütənasib və ‘demokratik cəmiyyətdə tələb olunan’ qədər olmasını təmin etsin və bununla bərabər nümayişlərin müvafiq obyekt və hədəf auditoriyasının ‘görə və eşidə biləcəyi’ yerdə keçirilməsinə icazə versin.

Tövsiyə edirəm ki, insan hüquq müdafiəçiləri:

  • Müdafiəçiləri qoruyan və vətəndaş cəmiyyəti arasında əlaqələndirməni mümkün edən mill platforma və yaxud şəbəkələr yaratsınlar.

  • BMT-nin İnsan Hüquları Müdafiəçilərinə dair Bəyannaməsi haqqında daha çox məlumat toplasınlar və cəmiyyətdə onun geniş yaysınlar.

Tövsiyə edirəm ki, beynəlxalq ictimaiyyət:

  • Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəçilərini və vətəndaş cəmiyyətinin səlahiyyətləndirmək və onlara dəstək göstərmək üçün səylərini artırsın.

  • BMT-nin İnsan Hüquqları Müdafiəçilərinə dair Bəyannaməsini dərc etsin və onun vətəndaş cəmiyyəti və daha geniş ictimaiyyət arasında yayılması üçün tədbirlər görsün.

  • Təşkilatı quruculuq, inkişaf və digər proqramlar çərçivəsində insan hüquqlarını və həmin proqramlar çərçivəsində insan hüquqlarının müdafiəçilərini müdafiəsinini təmin etmək məqsədilə Azərbaycan Höküməti və vətəndaş cəmiyyəti təşkilatları arasında dialoq və əməkdaşlığa dəstək versin.




Yüklə 66,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə