İnsan hüquqlari üZRƏ avropa məHKƏMƏSİ Birinci bölmə CƏFƏRLİ VƏ DİGƏRLƏRİ azərbaycana qarşI



Yüklə 79,11 Kb.
tarix14.02.2018
ölçüsü79,11 Kb.
#26956

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

Birinci bölmə

CƏFƏRLİ VƏ DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI



QƏRAR

(Şikayət № 36079/06)

Strasburq, 29 iyul 2010-cu il

Bu qərar qətidir, lakin redaktə edilməsi üçün yenidən baxıla bilər. Qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq. O, yenidən redaktə edilə bilər.

Cəfərli və digərləri Azərbaycana qarşı iş üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə) aşağıdakı tərkibdə,

Xristos Rozakis, Sədr,

Nina Vajiç,

Xanlar Hacıyev,

Din Spilman,

Sver Erik Jebens,

Corcio Malinverni

Qeorqe Nikolau, hakimlər,

və Soren Nilsen, Bölmə Katibi,

06 iyul 2010-cu ildə qapalı şəkildə müzakirə edərək, həmin gündə bu qərarı qəbul edir:

PROSES

1. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 34-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları olan cənab Səfərəli Cəfərli, xanım Validə Bağırzadə və cənab Elçin Cəfərovun (“ərizəçilər”) Azərbaycana qarşı verdikləri şikayət üzrə (№ 36079/06) iş 08 avqust 2006-cı ildə başlanılmışdır.

2. Hüquqi yardım alan ərizəçiləri Bakıda vəkil işləyən cənab M. Mustafayev və cənab A. Hüseynov təmsil ediblər. Azərbaycan Hökumətini (“Hökumət”) onun nümayəndəsi Ç. Əsgərov təmsil edib.

3. Ərizəçi, xüsusən iddia etdi ki, 09 iyul 2002-ci il tarixli qətnamənin icra olunmaması onun Konvensiyanın 6 və 1 saylı Protokolun 1-ci maddələri ilə təmin olunmuş ədalətli məhkəmə araşdırılması və mülkiyyət hüquqlarını pozmuşdur.

4. Birinci Bölmənin Sədri 14 mart 2007-ci ildə şikayət barədə Hökuməti məlumatlandırmaq qərarına gəlib. Həmçinin qərara alınmışdır ki, şikayətin mahiyyətinə onunməqbuliyyəti ilə eyni vaxtda baxılsın (Konvensiyanın 29-cu maddəsinin 3-cü bəndi).

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçilər müvafiq olaraq 1951, 1956 və 1978-ci illərdə anadan olmuş Azərbaycan vətəndaşlarıdır və Azərbaycanda, Naxçıvanda yaşayırlar.

6. Ərizəçilər Naxçıvanda qeydə alınmış kooperativin (“Əlincə” Kooperativi — “Kooperativ”) üzvləri olmuşlar. Kooperativ ümumi yığıncağın 05 aprel 1989-cu il tarixli qərarı ilə yaradılmış və birinci ərizəçi daxil olmaqla, ilkin olaraq beş üzvdən ibarət olmuşdur.

7. Kooperativin Nizamnaməsi 19 sentyabr 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyatdan keçmişdir. Bu Nizamnaməyə əsasən, inter alia, üzvlərinin sayı üçdən az olduğu halda, Kooperativ ləğv olunmalıdır.

8. İş materiallarında olan Kooperativin ümumi yığıncağının protokoluna görə, bundan sonra Kooperativin üzvləri arasında müəyyən dəyişikliklər olmuşdur. Kooperativin dörd üzvünün çıxmasından sonra, 18 dekabr 1996-cı ildə ikinci və üçüncü ərizəçilər onun yeni üzvləri olmuş və üzvlərinin ümumi sayı üç olmuşdur. Bütün sənədlərdə birinci ərizəçi Kooperativin sədri kimi qeyd olunmuşdur.

9. 1997-2000-ci illərdə bağlanılmış bir neçə müqavilələrə əsasən, Kooperativ Milli Təhlükəsizlik Nazirliyinin Baş Sərhəd İdarəsi (“Baş Sərhəd İdarəsi”) bölmələrindən birini müxtəlif ərzaq məmulatları ilə təmin etmişdir.

10. Kooperativ tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, tam ödəmə aparılmamışdır.

11. Naməlum tarixdə Kooperativ Baş Sərhəd İdarəsinə və onun 200 saylı hərbi hissəsinə qarşı iddia qaldıraraq, 290.167.334 köhnə Azərbaycan manatı (AZM) borcun və müqavilədə göstərildiyi kimi 10 faizin ödənilməsini tələb etmişdir.

12. 09 iyul 2002-ci ildə 1 saylı Yerli İqtisad Məhkəməsi Baş Sərhəd İdarəsinə qarşı iddianı rədd etmişdir. Bununla belə, o, 200 saylı hərbi hissəyə qarşı tələbi təmin edərək,319.183.067 AZM-in Kooperativə ödənilməsini qət etmişdir. Bu məbləğ 290.167.334 AZM əsas borcu və 29.016.733 AZM cəriməni daxil etdirmişdir.

13. Bu qətnamədən şikayət verilməmiş və daxili qanunvericiliyə əsasən, o, qəbul olunmasından bir ay sonra qüvvəyə minmişdir.

14. 21 oktyabr 2002-ci ildə 1 saylı Yerli İqtisad Məhkəməsi icra vərəqəsi vermişdir. Lakin 200 saylı hərbi hissə qətnaməni icra etməkdən imtina etmiş və ərizəçilərin müxtəlif dövlət orqanlarına şikayətlərinə baxmayaraq, qətnamə icra olunmamışdır.

15. Eyni zamanda, Baş Sərhəd İdarəsi yenidən təşkil olunmuş və Dövlət Sərhəd Xidməti yaradılmışdır.

16. İşin materialları göstərir ki, birinci ərizəçinin imzaladığı Kooperativin 09 mart 2004-cü il tarixli müraciətinə əsasən vergi ödəyicisi kimi Kooperativin fəaliyyəti dayandırılmış və bu fakt Vergilər Nazirliyi tərəfindən qeydə alınmışdır.

17. 2005-ci ildə, naməlum tarixdə Kooperativ Dövlət Sərhəd Xidmətinə və Maliyyə Nazirliyinə qarşı iddia qaldıraraq, 09 iyul 2002-ci il tarixli qətnamənin icraolunmamasından şikayət etmişdir. Kooperativ əldən çıxmış faydaya görə 58.033.446 AZM, maddi zərərə görə 649.900.896 AZM və mənəvi zərərə görə 300.000.000 AZM tələb etmişdir.

18. 07 noyabr 2005-ci ildə 1 saylı Yerli İqtisad Məhkəməsi iddianı rədd edərək, müəyyən etmişdir ki, cavabdehlərdən heç biri qətnamənin icra olunmaması üçün məsuliyyət daşıya bilməz, ona görə ki, 09 iyul 2002-ci il tarixli qətnamə ilə Kooperativin xeyrinə qət olunmuş məbləğ bu məqsədlər üçün dövlət vəsaitlərinin Dövlət Xəzinədarlığı tərəfindən ayrılmamasına görə ödənilməmişdir.

19. 06 fevral 2006-cı ildə İqtisad Məhkəməsi və 16 iyun 2006-cı ildə Ali Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxladı.

20. 2006-cı ilin mart-avqust aylarında 09 iyul 2002-ci il tarixli qətnamə tam icra olunmuş və 319.183.067 AZM tam şəkildə Kooperativin Kapital Bankdakı hesabına köçürülmüşdür.

21. 01 may 2007-ci il tarixli qərardadı ilə Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi 09 iyul 2002-ci il tarixli qətnamə icra edildiyi üçün icra icraatına xitam vermişdir.



II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

22. “SSRİ-də kooperasiya haqqında” 1988-ci il 26 may tarixli Qanun nəzərdə tutub ki, kooperativ könüllü əsaslarla yaradılmalıdır. Kooperativ üzvlərinin sayı üçdən az olmamalıdır (11-ci maddə).

23. “Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini müvəqqəti olaraq saxlayan keçmiş SSRİ-nin qanunları və onların tətbiqi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 28 oktyabr tarixli Qanunu Azərbaycan Respublikasının müvafiq qanunları qəbul edilənədək hüquqi qüvvəsini saxlayan qanunların siyahısını nəzərdə tutub. “SSRİ-də kooperasiya haqqında” 1988-ci il 26 may tarixli Qanun bu siyahıda göstərilib. Bu Qanunun tətbiqi 12 oktyabr 2001-ci ildə dayandırılmışdır.

24. 01 sentyabr 2000-ci il tarixli Mülki Məcəllə nəzərdə tutur ki, Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllübirliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır (109.1-ci maddə). Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən yaradılır (109-1.1-ci maddə).

25. Kooperativin üzvləri mahiyyətcə kooperativin idarə olunmasında iştirak etmək və onun gəlirlərindən pay almaq hüququ daxil olmaqla, hüquqi şəxslərin digər formalarının təsisçiləri və payçıları kimi oxşar hüquqlara malikdirlər (109.2 və 109.4-cü maddələr). Kooperativin mülkiyyəti onun Nizamnaməsinə uyğun olaraq üzvləri arasında bölüşdürülür (110-cu maddə). Kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür (110-2-ci maddə).

26. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən, kooperativ üzvünün bir səsi vardır (111.1 və111.5-ci maddələr).

27. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Kooperativin sədri üzvlərin ümumi yığıncağında müəyyən müddətə seçilir və kooperativi təmsil etmək hüququna malikdir (111.1 və 111.10-cu maddələr). Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər (113.1-ci maddə).

28. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsi nəzərdə tutur ki, hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsilə təmsil olunurlar.



HÜQUQİ MƏSƏLƏLƏR

I. 09 İYUL 2002-Cİ İL TARİXLİ QƏTNAMƏNİN İCRASINDA GECİKDİRMƏLƏRƏ AİD KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1-Cİ BƏNDİNİN VƏ 13-CÜ MADDƏSİNİN VƏ 1 SAYLI PROTOKOLUN 1-Cİ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

29. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 13-cü maddəsinə əsasən, ərizəçilər 1 saylı Yerli İqtisad Məhkəməsinin 09 iyul 2002-ci il tarixli qətnaməsinin icrasında gecikdirmələrdən şikayət etmişlər.

Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi aşağıdakıları nəzərdə tutur:

“Hər kəs onun mülki hüquq və azadlıqları müəyyən edilərkən, ... məhkəmə vasitəsilə ... işinin ədalətli... araşdırılması hüququna malikdir”.

Konvensiyanın 13-cü maddəsi aşağıdakıları nəzərdə tutur:

“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”

1 saylı Protokolun 1-ci maddəsi aşağıdakıları nəzərdə tutur:

“Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.”

A. Şikayətin məqbuliyyəti

1. Ərizəçilərin qurban statusu

30. Hökumət ərizəçilərin qurban statusunu mübahisələndirərək, qeyd edib ki, onlar daxili məhkəmə araşdırmalarında tərəf olmamışlar və qurban olduqlarını iddia edə bilməzlər. Bununla bağlı, Hökumət bildirib ki, ərizəçilərin Kooperativə sahib olmaları barədə hər hansı məlumat və ya bunu təsdiq edən sübut yoxdur. Daha sonra, Hökumət bildirib ki, ərizəçilər Kooperativin yeganə sahibi hesab oluna bilməz, ona görə ki, daxili qanunvericiliyə əsasən kooperativ ən azı beş üzvdən ibarət olmalıdır.

31. Ərizəçilər iddia ediblər ki, onlar Məhkəməyə şikayəti yalnız fərdi şəxslər kimi deyil, həmçinin Kooperativin adından veriblər, ona görə ki, şikayət Kooperativi təmsil etmək hüququna malik olan şəxs tərəfindən imzalanmışdır. Onlar bildiriblər ki, Kooperativin öz fəaliyyətini dayandırdığını nəzərə alaraq, 09 mart 2004-cü ildə Məhkəməyə şikayət onun bütün üzvləri tərəfindən verilmişdir.

32. Ərizəçilər daha sonra bildiriblər ki, Kooperativin onlardan başqa üzvləri yoxdur və onlar birlikdə Kooperativin tam sahibləridir. Bununla bağlı, ərizəçilər Kooperativin üzvlüyündə dəyişiklikləri göstərən Kooperativin ümumi yığıncağının protokollarını təqdim etmişlər. Ərizəçilər, həmçinin Kooperativin keçmiş üzvlərinin imzaladığı və notarial qaydada təsdiqlənmiş sənədləri təqdim etmişlər. Həmin sənədlərə görə, keçmiş üzvlərin Kooperativə aid heç bir tələbləri yoxdur. Ərizəçilər iddia ediblər ki, Kooperativin yarandığı vaxt qüvvədə olmuş daxili qanunvericiliyə əsasən, kooperativ üç üzvdən ibarət ola bilər.

33. Məhkəmə, ilk növbədə təkrar edir ki, Konvensiyanın 34-cü maddəsində “qurban” anlayışı müvafiq hərəkət və ya hərəkətsizliklə birbaşa toxunulmuş şəxsi nəzərdə tutur (baxın, Ekl Almaniyaya qarşı, 15 iyul 1982-ci il, § 66, A Seriyaları). Məhkəmə daha sonra qeyd edir ki, “qurban” olması məsələsinə aid təsisatın hüquqi statusunun inkar edilməsi yalnız müstəsna hallarda, xüsusilə şirkətə öz nizamnaməsi ilə yaradılmış orqanlar və ya ləğvetmə, yaxud da iflas halında — müflisləşmə vəziyyətində onu ləğv edənlər və ya müvəkkil şəxslər vasitəsilə Məhkəməyə müraciət etməsinin mümkünsüz olması açıq-aşkar müəyyən edildiyi halda əsaslı ola bilər (baxın, Kapital Bank AD Bolqarıstana qarşı (qərardad), № 49429/99, 09 sentyabr 2004; Kəmberrou MM5 AD Bolqarıstana qarşı (qərardad), № 50357/99, 01 aprel 2004-cü il; və Aqroteksim və digərləri Yunanıstana qarşı, 24 oktyabr 1995-ci il, § 66, A Seriyaları, № 330-A).

34. Digər tərəfdən, Məhkəmə xatırladır ki, şirkətin yeganə sahibi Konvensiyanın 34-cü maddəsinin mənasında “qurban” olduğunu o halda iddia edə bilər ki, onun şirkətinə aid mübahisəli tədbirlər mövcud olsun. Belə ki, sahib bir olduqda, payçılar arasında, yaxud payçılarla idarə heyəti arasında Konvensiya hüquqlarının pozulmasının mövcudluğuna və ya təbiətinə, yaxud belə pozuntulara reaksiyanın ən müvafiq vasitəsinə aid fikir ayrılığının təhlükəsi yoxdur (baxın, Ankarkrona İsveçə qarşı (qərardad), № 35178/97, 27 iyun 2000-ci il). Lakin əgər daxili araşdırmalarda iş üzrə tərəf ərizəçi yox, məhz şirkət olmuşdursa, icraçı direktor və ya şirkət payçılarının çoxluq təşkil etməyən hissəsi şirkətin deyil, öz adından şikayət verərək, Konvensiyanın pozulmasının “qurbanı” olduğunu iddia edə bilməz (baxın, Rəhimov Azərbaycana qarşı (qərardad), № 22759/04, 03 iyun 2008-ci il).

35. Məhkəmə qeyd edir ki, hazırkı işdə iş üzrə tərəf Kooperativ olmuş və 09 iyul 2002-ci il tarixli qətnamə onun xeyrinə çıxarılmışdır.

36. Ərizəçinin dəlillərini hərtərəfli araşdıraraq, Məhkəmə hesab edir ki, onların hazırkı şikayəti Kooperativin adından vermək niyyəti həmin dəlillərdən irəli gəlmir. Əksinə, ərizəçilər şikayəti yalnız öz adlarından vermiş və Kooperativin üzvləri kimi öz hüquqlarının pozulmasından şikayət etmişlər. Bununla bağlı, Məhkəmə qeyd edir ki, Azərbaycan qanunvericiliyinə əsasən istənilən şirkət onun direktorlarının və payçıların statusundan fərqli olan hüquqi şəxs statusuna malik olur (baxın, yuxarıda qeyd olunmuş Rəhimov işi) və şikayətin ərizəçilər tərəfindən öz adlarından verildiyini nəzərə alaraq, Kooperativin hüquqi şəxs statusuna baxmayaraq, ərizəçilərə iddia olunan pozuntuların “qurbanı” olduğunu iddia etməyə imkan verən, Kooperativin iflası və ya ləğvi kimi hər hansı müstəsna halların mövcud olub-olmaması və ya ərizəçilərin qurban statusunun tanınmasının başqa şəxslərin maraqlarına toxunub-toxunmaması təhlükəsini araşdırmaq zəruridir (başqa sözlə, onların sözügedən Kooperativin yeganə üzvləriolub-olmaması məsələsi).

37. Məhkəmə ərizəçilərin dəlili ilə razılaşa bilməz ki, onlar Kooperativ fəaliyyətini dayandırdığı üçün Məhkəməyə şikayəti öz adlarından veriblər. Məhkəmə qeyd edir ki, Kooperativ öz fəaliyyətini yalnız vergi ödəyicisi kimi dayandırmışdır. Görünür ki, bu, onun hüquqi şəxs statusuna təsir etməmişdir, ona görə ki, Kooperativ Dövlət Sərhəd Xidmətinə və Maliyyə Nazirliyinə qarşı iddianı 09 mart 2004-cü ildə qaldırmış və 2005-2006-cı illərdə daxili araşdırmalarda tərəf olmuşdur. Bundan başqa, 09 iyul 2002-ci il tarixli qətnamə 2006-cı ildə icra olunarkən onun bank hesabı işləyirdi. Buna görə, Məhkəmə hesab edir ki, Kooperativin vergi ödəyicisi kimi fəaliyyətinin dayandırılması onu hüquqi şəxs statusundan və ya Məhkəməyə şikayət vermək üçün hüquqi qabiliyyətindən məhrum etməmişdir.

38. Ərizəçilərin Kooperativin yeganə üzvləri olması məsələsinə qayıdaraq, Məhkəmə qeyd edir ki, onların təqdim etdikləri Kooperativin ümumi yığıncağının protokollarına görə, hər üç ərizəçi Kooperativin üzvləri olmuş və onlardan başqa Kooperativin üzvü olmamışdır. Bundan başqa, bu sənədlərə görə, birinci ərizəçi Kooperativin sədridir və onun daxili araşdırmalarda Kooperativin adından çıxış etmək səlahiyyəti vardır.

39. Məhkəmə Hökumətlə razılaşır ki, Kooperativin mülkiyyətində hər ərizəçinin payına aid iş materiallarında məlumat yoxdur. Lakin bu məsələ əhəmiyyət kəsb etmir. Kooperativin ümumi yığıncağının protokollarına əsaslanaraq və bu protokollarda təsvir olunmuş məlumatları mübahisələndirən başqa sənədlərin olmadığını nəzərə alaraq, görünür ki, ərizəçilər Kooperativin yeganə üç üzvləridirlər. Bundan başqa, hazırkı işin xüsusi halları baxımından, Məhkəmə, həmçinin Hökumətin dəlili ilə razılaşmır ki, kooperativin yaradılması üçün ən azı beş üzv tələb olunur. Məhkəmə qeyd edir ki, dövlət orqanlarının qeydə aldığı kimi, Kooperativin Nizamnaməsinə və yaradıldığı vaxt qüvvədə olmuş daxili qanunvericiliyə əsasən, onun yaradılması üçün ən azı üç üzv tələb olunub və bu qayda pozulmamışdır. Heç bir sübut yoxdur ki, istənilən vaxtda daxili orqanlar bu əsasla (üzvlərin sayı) Kooperativi hüquqi şəxs kimi tanımaqdan imtina etmişlər.

40. Ərizəçinin Kooperativin sədri olduğu və bu kooperativin başqa üzvlərindən məlumatın olmadığı Rəhimov işindən fərqli olaraq, hazırkı işdə bütün ərizəçilər Kooperativin üzvləridirlər və onlardan başqa üzvlərin olmadığı müəyyən olunmuşdur.

41. Kooperativin mülkiyyətinin və gəlirlərinin onun üzvlərinə məxsus olduğunu (Mülki Məcəllənin 110 və 110-2-ci maddələri) və məsələn, Məhkəməyə kimin şikayət vermək hüququna malik olmasının müəyyən edilməsində çətinliklər yarada bilən toqquşan maraqların olmadığını, eləcə də bütövlükdə işin hallarını nəzərə alaraq, Məhkəmə hesab edir ki, Konvensiyanın 34-cü maddəsinin mənasında ərizəçilər əsaslı olaraq “qurban” olduqlarını o hissədə iddia edə bilərlər ki, onların Kooperativinə aid mübahisəli tədbirlər müzakirə olunur (baxın, yuxarıda qeyd olunmuş Ankarkrona işi).

42. Müvafiq olaraq, Məhkəmə Hökumətin etirazını rədd edir.



2. Qətnamə icra olunduğu üçün ərizəçilərin qurban statusunun itirilməsi

43. Hökumət iddia edib ki, 09 iyul 2002-ci il tarixli qətnamə tam icra olunduğu üçün ərizəçilər Konvensiyanın mənasında “qurban” olduqlarını artıq iddia edə bilməzlər.

44. Ərizəçilər Hökumətin etirazını mübahisələndirmiş və öz şikayətlərini təkrar etmişlər.

45. Məhkəmə xatırladır ki, əgər milli hakimiyyət orqanları açıq-aşkar və ya mahiyyət etibarilə Konvensiyanın pozuntusunu təsdiq edib kompensasiyanı təqdim etməzlərsə, ərizəçinin xeyrinə olan qərar və ya tədbirlər onu “qurban” statusundan məhrum etmək üçün kifayət etmir (bax, Amur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli Qərar, Hesabatlar, 1996-III, s. 846, § 36; və Dalban Rumıniyaya qarşı (Böyük Palata), № 28114/95, § 44, İHAM 1999-VI). Yalnız bu şərtlər təmin edildikdə, Konvensiyanın subsudiarxarakterli müdafiə mexanizmləri şikayətin araşdırılmasının qarşısını alır.

46. Məhkəmə qeyd edir ki, yalnız əhəmiyyətli gecikdirmədən sonra dövlət orqanları tərəfindən nəhayət borcun ödənilməsini həyata keçirməsi faktı Konvensiyaya əsasən ərizəçiləri avtomatik olaraq qurban statusundan məhrum edən kimi qiymətləndirilə bilməz. Təxminən dörd ildən sonra 09 iyul 2002-ci il tarixli qətnamənin tam icrası Konvensiyanın iddia olunan pozuntusunun dövlət orqanları tərəfindən etirafı kimi qiymətləndirilə bilər.

47. Lakin belə etirafın olması güman edilsə də, Məhkəmə qeyd edir ki, Konvensiyanın iddia olunan pozuntusu, yəni 09 iyul 2002-ci il tarixli qətnamənin icrasında davamlı gecikdirmə üçün ərizəçilərə hər hansı kompensasiya ödənilməmişdir. Buna görə, Məhkəmə hesab edir ki, ərizəçilərin xeyrinə görülmüş tədbirlər onların hazırkı işdə qurban statusundan məhrum olunması üçün kifayət deyildir (baxın, mutatis mutandis, Ramazanova və digərləri Azərbaycana qarşı, № 44363/02, §§ 36-38, 01 fevral 2007-ci il və Əfəndiyeva Azərbaycana qarşı, № 31556/03, §§ 48-50, 25 oktyabr 2007-ci il).

48. Müvafiq olaraq, Məhkəmə ərizəçilərin qurban statusunun itirilməsinə aid Hökumətin etirazını rədd edir.

3. Nəticə

49. Məhkəmə hesab edir ki, şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı başqa əsasla qeyri-məqbul deyildir. Buna görə, o, məqbul elan edilməlidir.



B. İşin mahiyyəti

1. Tərəflərin dəlilləri

50. Hökumət işin mahiyyəti ilə bağlı hər hansı dəlillər irəli sürməmişdir.

51. Ərizəçilər öz şikayətlərini təkrar edərək, qeyd etmişlər ki, 09 iyul 2002-ci il tarixli qətnamənin icrasında gecikdirmə onların ədalətli məhkəmə araşdırılması və mülkiyyətdən maneəsiz istifadə hüquqlarını pozmuşdur.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Konvensiyanın 6 və 13-cü maddələri

52. Məhkəmə, ilk növbədə təkrar edir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin — ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları — lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (baxın, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-II).

53. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrasının təxirə salınması konkret hallarda əsaslandırılmalıdır. Lakin təxirə salınma elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun (baxın, Burdov Rusiyaya qarşı, № 59498/00, § 35, İHAM 2002-III). Məhkəmə qeyd edir ki, hazırkı işdə 09 iyul 2002-ci il tarixli qətnamə, qəbul olunmasından təxminən dörd il sonra, 2006-cı ilin avqustunda tam icra olunmuşdur (müqayisə edin, TimofeyevRusiyaya qarşı, № 58263/00, §§ 41-42, 23 oktyabr 2003-cü il). Bu gecikdirmə üçün Hökumət tərəfindən hər hansı əsaslandırma irəli sürülməmişdir.

54. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur.

55. Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə Konvensiyanın 13-cü maddəsi əsasında şikayət üzrə qərarın çıxarılmasını zəruri hesab etmir, ona görə ki, Konvensiyanın 6-cı maddəsi şikayətin bu hissəsi üçün lex specialis-dir (baxın, məsələn, Əfəndiyeva Azərbaycana qarşı, № 31556/03, § 59, 25 oktyabr 2007-ci il və Casiunien Litvaya qarşı, № 41510/986, 06 mart 2003-cü il, § 32).

(b) 1 saylı Protokolun 1-ci maddəsi

56. Məhkəmə xatırladır ki, məcburi olmaq üçün kifayət qədər müəyyən edildiyi halda, “tələb” 1 saylı Protokolun 1-ci maddəsinin mənasında “mülkiyyəti” təşkil edə bilər (baxın, Stran Qrik Refineris və Stratis Andreadis Yunanıstana qarşı, 09 dekabr 1994-cü il, § 59, A Seriyaları, № 301-V).

57. 1 saylı Yerli İqtisad Məhkəməsinin 09 iyul 2002-ci il tarixli qətnaməsi qəbul edildiyi gündən bir ay sonra qüvvəyə minmişdir. Bu cür davamlı müddətdə qətnamənin icra olunmaması 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsində təsbit olunmuş ərizəçilərin mülkiyyətdən maneəsiz istifadə hüquqlarına müdaxiləni təşkil edir (baxın, yuxarıda qeyd olunmuş Buedovişi, § 40 və yuxarıda qeyd olunmuş Casiunien işi). Hökumət bu müdaxilə üçün hər hansı məqbul əsaslandırma təqdim etməmişdir.

58. Yuxarıda göstərilənlər Məhkəmə üçün kifayət edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu barədə nəticəyə gəlsin.



II. 09 İYUL 2002-Cİ İL TARİXLİ QƏTNAMƏNİN İCRASINDA GECİKDİRMƏYƏ GÖRƏ ƏRİZƏÇİLƏRİN KOMPENSASİYA TƏLƏBİNƏ DAİR ARAŞDIRMALARIN ƏDALƏTSİZLİYİNƏ AİD KONVENSİYANIN 6-CI MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

59. Konvensiyanın 6-cı maddəsinə istinadən ərizəçilər şikayət ediblər ki, 09 iyul 2002-ci il tarixli qətnamənin icrasında gecikdirməyə görə kompensasiya tələbinə dair araşdırmalar ədalətsiz olmuş və daxili məhkəmələr daxili qanunvericiliyi düzgün şərh etməmişlər.

60. Malik olduğu bütün materiallar və şikayət olunan məsələlərin onun səlahiyyətinə aid olduğu qədər Məhkəmə hesab edir ki, şikayətin bu hissəsi Konvensiyanın hər hansı pozuntusunu aşkar etmir. Bundan irəli gəlir ki, o, Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassızdır və həmin maddənin 4-cü bəndinə əsasən rədd edilməlidir.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

61. Konvensiyanın 41-ci maddəsi nəzərdə tutur ki:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

62. Ərizəçilər Məhkəmə Reqlamentinin 60-cı qaydası ilə tələb olunan şəkildə ədalətli kompensasiya üçün tələb irəli sürməmişlər. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, bu baxımdan onlara kompensasiya təyin etməyə əsas yoxdur.



BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 13-cü maddəsi üzrə şikayətləri (09 iyul 2002-ci il tarixli qətnamənin icrasında gecikdirməyə aid) məqbul və şikayətin qalan hissələrini qeyri-məqbul elan edir,

2. İş üzrə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulduğunu qərara alır,

3. Şikayətin Konvensiyanın 13-cü maddəsi baxımından araşdırılmasının tələb olunmadığını qərara alır,

4. İş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu qərara alır.

İngilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, qərar barədə məlumat yazılı şəkildə 29 iyul 2010-cu ildə göndərilib.



 

Soren Nilsen

Xristos Rozakis

Katib

Sədr

 
Yüklə 79,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə