İnsan və tale problemi


Giriş Müsəlmanların əzəmət və tənəzzülü



Yüklə 144,32 Kb.
səhifə2/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   2   3   4   5   6   7   8   9   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Giriş

Müsəlmanların əzəmət və tənəzzülü

 Bu traktatda araşdırılan tale və qəzavü-qədər problemi, əslində, fəlsəfi problemdir; əgər bu problemə öz həqiqi yerində baxsaq, onda onu fəlsəfi problemlər arasında görəcəyik. Amma bu traktatda o digər problemlərlə birlikdə araşdırılmışdır.

Elmi və fəlsəfi problemlərin hər birinin öz yeri var. Onların yeri mövzularına və ya məqsəd və öyrənilməsindən əldə edilən nəticələrə görə təyin edilir.

Fəlsəfi, riyazi və təbiətşünaslığa dair problemlərin hər birinin ayrı-ayrı sıralarda yer almasının səbəbi eyni sırada dayanan elmlərin hər birinin mövzuları arasında xüsusi əlaqə və bağlılığın olması, yaxud ən azından onların hər bir dəstəsinin onlar öyrənən şəxsin nəzəri və əməli məqsədini ortaq şəkildə təmin etməsidir.

Tale və qəzavü-qədər problemi həm predmet, həm də oyrənilmə məqsədi baxımından fəlsəfi problemlər kateqoriyasına aiddir. Lakin bu traktatda nə predmet, nə də nəticə və öyrənilmə məqsədi baxmından əlaqəli olmadığı problemlərlə eyni sırada dayanmışdır.

Bu problem qarşınızdakı traktatda müxtəlif mövzu, cərəyan və problemləri özündə ehtiva edən "müsəlmanların tənəzzülünün səbəbləri" adlı bəhslərin sırasına daxil edilmişdir. Əslində, bu ad altında danışılan mövzulanın bazisi tarixi, bəzisi psixoloji, bəzisi əxlaqi və ictimai, bəzisi sırf dini, bəzisi də fəlsəfidir. Beləliklə, çoxsaylı sıralarda yer alan müxtəlif məsələlər bu silsilə bəhslərə daxildir.

Bu fərqli məsələləri bir-birinə bu nəsnalərin islam cəmiyyətinin inkişaf və tənəzzülünə göstərdiyi müsbət və ya mənfi nəticələrin araşdırılması bağlayır.

Buna göra də sözügedən problem bu traktatda iki səbəbə görə araşdırılır: birincisi, görəsən, taleyə inam, sübuta əsaslanan falsəfi qaydaların tələb elədiyi kimi, ona inananlan süstlük və tənbəlliyə sürükləyən inanc və düşüncələr sırasına daxildirmi və belə bir inanca meyillənən insanların tənəzzülə uğraması labuddürmü, yaxsa bu inanc düzgün təlim verildiyi təqdirdə, belə bir əks təsir verməyəcəkdir? İkincisi, görəsən, İslam bu masələni necə və hansı şəkildə öyrədib və İslamın bu sahədəki təlimi onun ardıcıllarının ruhiyyəsinə necə təsir göstərib və göstərə bilər?

Məqsəd bu deyilənlər olduğu üçün məsələnin digər cəhətlərinə toxunulmamışdır.

Mən "müsəlmanların tənəzzülünün səbəbləri" problemi ilə nə vaxtdan tanış olduğumu, məndə bu barədə şəxsən araşdırma aparmağa nə vaxtdan maraq yarandığını və bu barədə nə vaxtdan fikirləşməyə başladığımı xatırlamıram.

Amma tam əminliklə iddia edə bilərəm ki, bu problemin mənim diqqətimi özünə cəlb etməsi, onun barəsində azçox fikirləşməyim, başqalarının bu barədəki yazılarını oxumağım 20 ildən çox olar.

O vaxtdan indiyədək nə vaxt bu barədə kiminsə çıxış və ya məqaləsi ilə rastlaşırdımsa, maraqla onu oxuyur və ya qulaq asırdım və danışanın və ya müəllifin məqsədini tam anlamağa çalışırdım. Nəhayət, bir neçə il bundan qabaq yarı dərs, yarı çıxış kimi yığıncaqların birində həzrət Peyğəmbərin bir hədisi1 barədə söhbət edərkən söz gəlib bu mövzunun üstünə çıxdı. O vaxta kimi bu haqda oxuduqlarım və ya eşitdiklərim müəyyən qədər faydalı olsa da, məni tam qane etməmişdi. Mən həm özümdə, həm də dinləyicilərdə bu məsələni başa düşməyə böyük marağın olduğunu görüb, bu məsələni mümkün qədər diqqətlə araşdırmaq qərarına gəldim. Çünki islam dünyasının mövcud vəziyyətinin islah olması yolunun tapılması keçmişdə, ya elə indinin özündə də onların tənəzzülünə səbəb olan amillərin tapılması ilə olduqca sıx əlaqəlidir. Bu məqsədlə ilk öncə əlim çatdığı qədər başqalanının - müsəlman və qeyri-müsəlman olmasından asılı olmayaraq - fikrini araşdırmalı idim. İkincisi, bu baxımdan irəli sürülüb müzakirə edilməli olan mövzular, indiyədək bu kontekstdə araşdırlmasa belə, olduğu kimi irəli sürməli idim. Mən bu mövzunun genişliyini onda başa düşdüm; gördüm ki, bu barədə sanballı və dolğun elmi araşdırma aparmaq üçün çoxsaylı mövzular araşdırılmalıdır və onların hamısının bir nəfər tərəfindən araşdırılması da mümkün deyil və ya ən azından bunun üçün uzun illər lazımdır. Buna baxmayaraq, belə qərara gəldim ki, bəhsə giriş olaraq aidiyyəti mövzuları konspektləşdirim, sınaq və nümunə olaraq bəzi mövzulardan bəhs edərək onları müzakirəyə çıxarmaqla başqalarına ipucu verim. Ola bilsin ki, bu yolla mühüm ictimai-islami bir mövzu barədə bir növ həmrəylik və əməkdaşlıq yaransın və bir sıra sistematik və faydalı işlər görülsün.

Şübhəsiz, müsəlmanlar bir vaxtlar heyrətamiz əzəmət və iftixar sahibi idilər. Bunun səbəbi onların tarixin müəyyən mərhələsində dünyaya hakim olmaları və mərhum Ədib-əl-Məmalik Fərahaninin2 dili ilə desək, "padşahlardan bac, dənizlərdən dalğa" almaları olmayıb. Çünki dünya çox hakimlər, çox qaliblər görüb və onlar başqalarına bir neçə gün öz güclərini göstərəndən sonra suyun üzündəki köpük kimi məhv olub gediblər. Əksinə, səbəb onların dünya çapında mədəniyyət yaratmaları, böyük və əzəmətli bir sivilizasiyanın təməlini qoymaları olub. Həmin mədəniyyət bir neçə əsr davam edərək bəşəriyyətin yoluna işıq saçıb. O elə indi də bəşər mədəniyyətinin parlaq halqalarından biri sayılır və mədəniyyət tarixi bu epoxa ilə öyünür. Müsəlmanlar bir neçə əsr elm, sənət, fəlsəfə, incəsənət, əxlaq və ali ictimai quruluş baxımından bütün dünyadan üstün olublar va başqaları isə onlardan bəhrələniblər. Bu gün gözləri qamaşdıran, ağılları isə başdan çıxaran, bütün dünyaya hakim olan əzəmətli və heyrətamiz müasir Avropa mədəniyyati qərəzsiz qərbli tədqiqatçıların öz sözlərinə əsasən, hər şeydən çox əzəmətli islam mədəniyyətindən qidalanıb.

Qüstav Lebon bela yazır:

"(Avropalıların) bəziləri xaçpərəst Avropanın vahşilik və cəhalətdən çıxrmasına kafir və dinsiz bir qövmün (yəni müsəlmanlar) səbəb olduğunu deməyi özlərinə ar bilirlər, Buna görə də onlar bunu gizlədirlər. Lakin bu nəzəriyyə o qədər əsassız və təəssüfləndiricidir ki, onu çox asanlıqla rədd etmək olar… İslamın yetirməsi olan bu ərəblərin əxlaqi nüfuzu Bizans imperatorluğunu alt-üst edən vəhşi Avropa qövmlərini insanlıq yoluna gətirdi. Həmçinin onların inteliektual nüfuzu avropalıların tamamilə xəbərsiz olduğu elm, sənət və fəlsəfə qapılarını onların üzünə açdı və onlar 600 il biz avropalıların müəllimi olublar".3

Uill Dürant "Sivilizasiya tarixi" kitabında belə yazır:

“İslam mədəniyyətinin yaranması və məhv olması tarixin böyük hadisələrindən biridir, İslam beş əsr - hicrətin 81-ci ilindən 597-ci ilinə kimi güc, nizam-intizam, əhatə dairəsinin genişləndirilməsi, gözəl əxlaq, həyat səviyyəsinin yüksəldilməsi, bitərəf insani qanunlar, dini tolerantlıq, ədəbiyyat, elmi araşdırma, müxtəlif elmlər, təbabət və fəlsəfədə dünyada lider olub".4

O, həmçinin belə yazır:

"Islam dünyası müxtəlif cəhətlərdən xristian aləminə nüfuz etmişdi, Avropa İslam diyarından yemək, içmək, dərman, silah, nəsil gerbləri, incəsənət zövqü, sənət və ticarət alət və ənənələri, danizçilik qanun-qaydaları öyrandi və əksər hallarda onların terminlərini də müsəlmanlardan götürdü… Ərəb (müsalman) alimləri yunan riyaziyyatını, təbiət elmlərini, kimyasını, astronomiyasını və təbabətini qoruyaraq kamilləşdirdilər və çox zanginləşdirilmiş yunan irsini Avropaya ötürdülər… Ərəb (müsəlman) alimləri Aristotelin əsərlərini xaçpərəst Avropa üçün qoruyub saxlamaqla yanaşı, onlarda dəyişiklik də elədilər, ibn Sina və ibn Rüşd Avropanın sxolastik filosoflarəna şərqdən işiq saçdılar. Onların elmi səlahiyyətinə də yunanlar kimi etimad göstərilirdi… Bu (islami) nüfuz ticarət, səlib yürüşləri, arəb dilindən minlərlə kitabın latın dilinə tərcümə edilməsi, Herbert, Mayki Skot və Batl Adelard kimi alimlərin müsəlman Əndalüsə səfərləri nəticəsində baş verdi".5

O yenə də belə yazır:

Tarixin qızıl dövrlərində yalnız bir camiyyət qısa müddət ərzində siyasət, elm, ədəbiyyat, dilçilik, çoğrafiya, tarix, riyaziyyat, astronomiya, kimya, fəlsəfə, təbabət və s. bu kimi sahalərdə bu qədər - İslamın Harun ər-Rəşiddən İbn Ruşdədək olan dörd əsr boyunca - görkəmli şəxsiyyətlər yetişdirə bilərdi. Bu parlaq dövrün bir hissəsi yunan (elmi) mirasından qaynaqlanırdı. Amma onun böyük, xüsusilə siyasət, şeir və incəsənətə aid hissəsi dəyərli ixtiralardan ibarət idi"6

Şübhəsiz, dünyada əsrlərlə "İslam mədəniyyəti" adlı parlaq fenomen və işiqlı çıraq mövcud olub. Amma sonradan bu fenomen məhv olaraq həmin çıraq sönüb. Bu gün müsəlmanlar dünyanın bir çox xalqları ilə, eləcə də öz qürurverici keçmişləri ilə müqayisədə tənəzzülə uğrayaraq təəssüfləndirici gerilik içərisində yaşayırlar.

Təbii olaraq burada belə bir sual yaranır ki, görəsən, müsəlmanların elm, maarif, sənət və ictimai quruluş sahəsindəki həmin inkişafından sonra geriləməsinin səbəbi nə oldu? Bu tənəzzül və geriləməyə görə kim məsuliyyət daşıyır? Görəsən, müsəlmanların tərəqqi va takamül istiqamətindəki həmin yoldan sapmasına hansısa şəxs, qövm və cərəyanlar səbab olub, yoxsa gözləntinin aksinə olaraq, onları öz yolundan sapdıran xüsusi hadisə baş verməyib, əksinə, hər hansı bir qövmün yalnız məhdud və müəyyən dövrdə tərəqqi və yüksəliş yolu ilə getməsi və sonra tənəzzülə uğrayaraq məhv olması zamanın təbii tələbidir?

Əgər müsəlmanların sapma və tənəzzülünə xüsusi amil səbəb olubsa, onda o amil nədir? Görəsən, müsəlmanların tənəzzülə uğramasına görə qərblilərin (hamısı deyil), xristian təəssübkeşliyinə düçar olan və ya imperialist məqsədlərə qulluq edən bir çoxunun iddia etdiyi kimi, islam özü məsuliyyət daşıyır, yoxsa islam bu ittihamdan uzaqdır və bu tənəzzülə görə müsəlmanlar günahkardır? Ya da bu nə İslamla, nə də müsəlmanlarla bağlıdır: bu tənəzzülün səbəbkarı islamın 14 əsrlik tarixi ərzində müsəlmanlarla müxtəlif şəkildə təmasda olan qeyri-müsəlman xalq və qövmlərdir? Bu suala cavab vermək asan məsələ deyil. Bu barədə bir çox mövzular irəli sürülməli və onların hər biri elmi şəkildə dərin araşdırılmalıdır.

Bu silsilə məsələlərə giriş olaraq müsəlmanların əzəmət və tənəzzülünün sxemi təqdim edilməlidir və bu da təbii olaraq aşağıdakı mövzulara şamil olacaqdır:

1. İslam sivilizasiyasının əzamət və ucalığının əsası:

2. İslam sivilizasiyasının səbab və təməlləri;

3. İslamın müsalmanların yüksəlişinə təsiri,

4. Müasir Avropa sivilizasiyasının İslam sivilizasiyasından yararlarıma və təsirlənməsi;

5. İslam dünyasının tənəzzül və gerilik göstəriciləri baxımından mövcud vəziyyəti;

6. İslam sivilizasiyası məhv olsa da, İslam aktiv, güclü və yayılmaqdadır və ən yeni ictimai və inqilabi qüvvələrlə rəqabət aparır;

7. Müsəlman xalqlar oyanmaqda və ayağa qalxmaqdadır.

Özü müstəqil bir traktat yazılmasını tələb edən bu giriş xarakterli bəhsdən sonra tarix fəlsəfəsi kateqoriyasına daxil olan "zamanın mahiyyəti" ilə bağlı dərin fəlsəfi araşdırma aparılmalıdır ki, görəsən, bəzi tarix filosoflarının iddia elədiyi kimi, həmişə hər hansı bir qövmün tərəqqi və inkişafına səbəb olan amil onun tənəzzülünə də səbəb olur, ya yox? Yəni hər bir amil yalnız bəşər tarixinin xüsusi inkişaf dövrünə aid müəyyən şərait və zaman kəsiyində hər hansı bir cəmiyyəti qabağa apara, inkişaf etdirə bilər və həmin şərait və zaman kəsiyinin dəyişməsi və tarixin yeni günəşinin doğması ilə isə həmin amil qeyd edilən cəmiyyəti nəinki inkişaf etdirə bilmir, əksinə, onun geriləməsinə və tənəzzülünə səbəb olur.

Əgər bu fəlsəfə doğru olarsa, onda hər bir sivilizasiya onu yaradan amillərin əli ilə məhv olmalıdır və bu işə kənar amilin müdaxiləsinə ehtiyac da yoxdur. Köhnə amillər həmişə gerilik, necə deyərlər, irticaçı, yeni amillər isə inkişaf amili olur. Yeni ictimai amillər əvvəlki sivilizasiya ilə istər-istəməz ziddiyyət təşkil edən yeni sivilizasiya yaradır.

Əgər bu qayda doğrudursa, onda təbii olaraq İslam sivilizasiyası bu qaydadan kənar ola bilməz. Elə isə İslam sivilizasiyasını formalaşdıran səbəb və amillərə dair mustəqil bir mövzu kimi müsəlmanların tənəzzül səbəblərindən danışmaq mənasız olardı.

Bu fəlsəfə və qaydaya əsasən, müsəlmanlann tənəzzülə uğramasına görə hansısa şəxs, qövm və ya cərəyanı günahkar hesab etmək lazım deyil və bütün digər sivilizasiyalar, hətta bütün canlı fenomenlər kimi Islam sivilizasiyasının məhvi də təbii və qeyri-təbii əcəlin gəlib çatması ilə baş verir, gec və ya tez; Islam sivilizasiyası doğuldu, inkişaf etdi, gənclik dövrünü yaşadı, qocaldı və öldü. Onun yenidən qayıtmasını arzulamaq ölülərin dirilməsini və yenidən dünyaya qayıtmasını arzulamaq kimi bir şeydir ki, o da təbii qanunlarla izah edilə bilməz; onu adi insanların edə bilməyəcəyi möcüzə və xariqüladə işlərin siyahısına daxil etmək lazımdır.

Deməli, müsəlmanların əzəmət və tənəzzülü ilə bağlı giriş xarakterli sxematik bəhsdən sonra növbə bu fəlsəfi- tarixi bəhsə çatır və ona göz yummaq olmaz. Çünki bu sahədə çox sözlər deyilib və həmin çiy söhbətlərə inananlar da az deyil.

Bu fəlsəfi bəhsin bu silsilə məsələlərlə əlaqəsinin təkmilləşdirilməsi İslamın zamanın ehtiyaclan ilə üst-üstə düşüb-düşməməsi məsələsi barəsində də geniş danışılmasını tələb edir. Təbii olaraq bu bəhs özündə iki hissəni qapayır: birinci hissə sırf fəlsəfi, ikinci hissəsi isə islami olmalıdır. Hər iki hissə "Islam və zamanın ehtiyaclan" başlığı altında araşdırıla bilər.

Bu bəhsi sona çatdırandan və tarix fəlsəfəsində qeyd edilən qaydanı - müsəlmanların tənazzül amili ilə tərəqqi amiliniin eyni olduğunu qəbul etməyəndən sonra növbə müsalmanların tənəzzül və geriliyinə səbəb olan amillərin nədən ibarət olmasının və başqalarının bu barədə nə demələrinin araşdırılmasına çatır.

Bu hissədə araşdırma başqalarının – istər müsalmanlar olsun, istər qeyri-müsəlmanlar – dediklərini və bu ehtimalda yer alan mövzu, problem və cərəyanları nəzərə alaraq üç ümumi istiqamətdə aparılmalıdır:

1. İslam bölümü;

2. Müsəlmanlar bölümü;

3. Kənar amillar bölümü.

Bu bölümlərin özü də çoxsaylı mövzu və problemlərdən ibarətdir. Məsələn, İslam bölümündə kimsə belə bir iddia irəli sürə bilər ki, müsəlmanların tənəzzülünün səbəbi İslamda olan bəzi düşüncə və inanclardır. Ola bilər, başqa bir dəstə İslamın əxlaqi sistemini zəif və tənəzzül amili hesab etsin. Həmçinin ola bilər, başqa bir dəstə isə İslamın ictimai qanunlarını müsəlmanların tənəzzülünün əsas səbəbi saysın.

İş burasındadır ki, elə İslamda olan bəzi düşüncə və inanclara, bəzi axlaqi prinsiplərə, həmçinin bəzi ictimai qanunlara qarşı belə ittihamlar irəli sürülüb də.

Həmçinin müsəlmanlar və kənar amillər bölümündə çoxsaylı müxtəlif fəsillər var və onların hamısı araşdırılmalıdır.

İslam düşüncə və inancları arasında aşağıda qeyd edilən məsələlər müsəlmanların tənəzzül səbəbi kimi göstərilib:

1. Qəzavü-qədərə inam;

2. Axirətə inam va dünya həyatını alçaltmaq;

3. Şafaət;

4. Təqiyyə;

5. Qurtuluş intizanrı.

Qeyd edilən bu beş masələnin üçü şiələrlə sünnilər arasında ortaqdır, Amma son iki masələ, demək olar ki, şiələrə məxsusdur.

Bəzən deyirlər ki, müsəlmanların tənəzzül amili onların qəzavü-qədərə dərin etiqad bəsləməsidir. Bəzən isə deyirlər ki, İslamın axirət və əbədi dünyaya xüsusi diqqət yetirib, dünya həyatını əhəmiyyətsiz sayması müsəlmanların fikrini dünya həyatı məsələlərinə ciddi yanaşmaqdan yayındırmışdır. Bəzən də şəfaət inancının - tək-tük adamları və son dövrlərdə xüsusi bir qrupu çıxmaq şərti ilə bu inanc islam tarixinin bütün dövrlərində mövcud olmuşdur - müsəlmanlarda məhz insanın xoşbəxtliyinə mənfi təsir göstərdiyi üçün günah hesab edilən işlərə qarşı laqeydlik yaratması və onların şəfaət inancına arxalanaraq heç bir yaramaz iş və cinayətdən çəkinməməsinə səbəb olması deyilir.

Şiələrin xüsusi olaraq ittiham edildiyi məsələ təqiyyə və qurtuluş intizarı məsələsidir. Onlar təqiyyə barəsində, birincisi, onun ikiüzlülük və nifaq dərsi olduğunu, ikincisi, onun şiələri qorxaq, zəif və hadisələrə sinə gərmək iqtidarında olmayan şəxslər kimi yetişdirdiyini deyirlər. Qurtuluş intizarı barədə isə belə deyirlər: bu düşüncə və inanc şiələrin bütün islahatcıl fikirlərini əllərindən alıb və digər xalq və qövmlər özlərini islah etmək barədə düşünəndə şiələr qeybdən bir əlin gələrək onlar üçün bir iş görəcəyini gözləyirlər. İslam əxlaqının zahidlik, qanelik, səbir, razılıq, Allaha taslim olmaq və tavəkkül etmək kimi prinsipləri müsəlmanların tanazzülünə tasir etməkdə günahlandırılıb.

İslam qanunları arasında bu baradə araşdırılması lazım olan şey ilk növbədə hökumət va onunla bağlı məsələlərdir. Bəzilərinin fikrincə, İslam bu mühüm məsələ barəsində müsəlmanların vəzifəsini tam müəyyənləşdirməyib.

İslamın cəza qanunları illərdir laqeydliyə məruz qalıb. Elə bu səbəbdən dolayı, İslam ölkələrinin çoxu öz cəza qanunlarını başqa yerdən götürüb va öz əməllərinin cəzasını az-çox çəkib və çəkir. Har halda bu zəncirvari bəhslərin halqalarından biri də islamın cəza qanunlarıdır.

Yaşadığımız dövrdə İslamın mülki qanunları arasında qadın haqları, həmçinin İslamın mülkiyyət, irs və sairə barəsindəki iqtisadi qanunları tənqid olunub.

İslamın müsəlmanların qeyri-müsəlmanlarla əlaqələrinə qoyduğu məhdudiyyətlər, məsələn, müsəlmanın qeyri- müsəlmanla evlənməsi, ya qeyri-müsəlmanın kəsdiyi heyvanın əti, ya kafirin murdar sayılması, başqa sözlə desək, beynəlxalq islam haqları və öhdəlikləri də bəzilərinin narahatlığına səbəb olub. Onlar bunları özlərinin sivilizasiya karvanından geri qalmalarının səbəbi hesab edirlər.

Bunlar İslam bölümündə barəsində lazımi araşdırma aparlması lazım olan məsələlərin toplusudur.

Xoşbəxtlikdən, bu barədə araşdırma aparmaq üçün münasib zəmin var və bu məsələlərə aydınlıq gətirməklə gənc və ziyalı təbəqənin imanını gücləndirmək və onların zehnində olan şübhələri yox etmək olar.

Bundan sonra növbə müsəlmanlara çatır. Biz bu bölümdə diqqəti İslamdan müsəlmanlara yönəldirik. Yəni müsəlmanların tənəzzül amili İslam deyil, əksinə, müsəlmanlar səhlənkarlıq və İslam təlimlərindən uzaqdüşmə nəticəsində tənəzzülə düçar olublar və bu geriliyə görə müsəlmanlar özləri məsuliyyət daşıyırlar.

Bu bölümdə də çoxsaylı cəhətlər var. Çünki birincisi, sapma nöqtələrini - onun İslama aid olub tərk edilən va İslama aid olmayıb müsəlmanlar arasında adət halını alan ənənələri və onların nədən ibarət olduğunu - müəyyənləşdirmək lazımdır. İkincisi, baxmaq lazımdır ki, bu tanəzzülə görə bütün müsəlmanlar məsuliyyət daşıyır, yoxsa xüsusi bir zümrə?

İslam ərəblərin arasında zühur edib və daha sonra iranlı, hindli, qibti, bərbərlər və digər xalqlar islam bayrağının altına daxil olublar. Onların hərəsi bir xalqın nümayəndəsi və özünəməxsus milli, etnik və tarixi xüsusiyyətlərə malik idi. Buna görə də araşdırmaq lazımdır ki, görəsən, bu xalqlar və ya onların bəzisi təbiətlərindən doğan milli və etnik xüsusiyyətlərinə görə İslamı öz yolundan sapdırblar, yəni əgər İslam digər xalqların, məsələn, avropalıların arasında yayılsaydı, bu gün müsəlmançılıq və müsəlmanların taleyi başqa cür olardı, yoxsa bu məsələyə ümumi müsəlmanların təsiri olmayıb və İslam və müsəlmanların başına gələnlər xüsusi zümrənin, yəni müsəlmanların nüfuzlu iki təbəqəsinin - hökmdarlar və din alimlərinin tərəfindən gəlib?

Kənar amillər bölümündə də diqqət edilməsi lazım olan çoxsaylı cərəyanlar var.İslamın erkən dövrlərindən həm xaricdə, həm də daxildə qatı düşmənləri olub. Müsəlmanların arasında yaşayan yəhudilər, xristianlar, atəşpərəstlər, manixeistlər və dinsizlər adətan dinə oturmurdular və islama arxadan xancər vururdular. Onların çoxu hədis uydurmaq, firqələr yaratmaq, təfriqə salmaq, ən azından müsəlmanlar arasındakı ixtilafları qızışdırmaqla islam həqiqətlərinin təhrif edilməsində böyük rol oynayıblar.

İslam tarixində çoxsaylı siyasi və dini hərəkətlər var ki, onlar İslamın zaiflədilməsi və ya məhv edilməsi məqsədi ilə qeyri-müsəlmanlar tərəfindən yaradılmışdır.

İslam dünyası bəzən də düşmənlərn hücumuna məruz qalıb. Səlib yürüşləri, həmçinin monqolların hücumları həmin hücumların bariz nümunəsidir. Müsəlmanların tənəzzülünə bunların hər birinin təsiri olub. Bunların hamısından da təhlükəlisi son əsrlərdə müsəlmanların qanını sovuran və öz zülmləri ilə müsəlmanların belini qıran qərb müstəmləkəçiliyidir.

Deyilənləri nəzərə alaraq burada sıra ilə aşağıdakı mövzuları araşdırmaq lazımdır:

1. Müsəlmanların əzəmət və tənəzzülü; Bu mövzu digər mövzular üçün giriş xarakteri daşıyır.

2. İslam və zamanın ehtiyacları; Bu mövzu iki hissədən ibarətdir. Onun birinci hissəsi tarix fəlsəfəsi ilə, ikinci hissəsi isə İslam qanunlarının zamanın dəyişkən amilləri ilə necə uyğunlaşması ilə bağlıdır. Bu bəhs də giriş və hazırlıq xarakterlidir.

3. Tale və qəzavü qədər; Bu traktatda bu məsələdən danışılacaq.

4. Məad (axirət) inancı və onun cəmiyyətin inkişaf və ya tənəzzülünə təsiri;

5. Şəfaət;

6. Təqiyyə;

7. Qurtuluş intizar;

8. İslam əxlaq sistemi;

9. İslam baxımından hakimiyyət;

10. İslam iqtisadiyyatı;

11. İslam cəza qanunları;

12. İslamda qadın haqları;

13. İslam beynəlxalq qanunları;

14. Sapma nöqtələri;

15. Hədis qondarması və təhrifi;

16. Sünni-şiə ixtilafı və onun müsəlmanların tənəzzülünə təsiri;

17. Əşərilik va mötəzilik;

18. Reaksionizm (irticaçılıq) və ictihad;

19. Fəlsəfə va təsəvvüf;

20. İslam dünyasının rəhbərləri;

21. Ruhanilik;

22. İslam dünyasında azlıqların təxribatçı fəaliyyətləri;

23. İslam dünyasında millətçilik;

24. Səlib yürüşləri;

25. Əndəlüsün süqutu;

26. Monqollann hücumu;

27. Müstəmləkəçilik.

Bunlar, mənim fikrimcə, bu silsilə bəhslərdə barəsində danışılmalı olan mövzulardır. Əlbəttə, nə məsələlərin yalnız və yalnız sadalananlarla məhdudlaşdığını, nə də sadalananların düzülüş baxımından ideal olduğunu iddia edirəm. Ola bilər, bu sıraya aid olan başqa mövzular da var və onlar mənim gözümdən qaçıb. Mənim nə bu mövzuların hamısı barədə araşdırma aparmaq gücüm var, nə də bir o qədər vaxt və fürsətim. Əlbəttə, bu mövzuların bənzisi, o cümlədən 1 və 2-ci bandlar barədə bəzi qeydlərim var və ümid edirəm ki, onlan tənzimləyib mümkün olan ən tez vaxtda oxucuların ixtiyarına verə biləcəyəm.

Əgər bizim dəyərli alim və ziyalılarımızdan kimsə qeyd edilən mövzulardan kifayət qədər malumatı olan hansısa biri haqqında elmi araşdırma aparsa və əldə etdiyi məlumatları mənə çatdırsa, məmnun olaram.

Mən qərblilərin, qəzavü-qədər inancının müsəlmanların tanəzzülünün səbəblərindən biri, hətta əsas səbəbi olduğunu düşünmələrini ilk dəfə 20 il bundan avvəl, Qum elmi-dini mədrəsəsində təhsil alanda bilmişəm.

Dr. Məhəmməd Həsəneyn Heykəlin "Mahəmmədin həyatı" kitabının ikinci cildinin Əbülqasim Payəndə tərəfindan fars dilinə tərcüməsini oxuyurdum. Həmin kitabın sonunda iki mövzunu ehtiva edən epiloq var:

1. Quranın açıqladığı kimi İslam sivilizasiyası;



2. Şərqşünaslar və islam sivilizasiyası. İkinci epiloqda islam peyğambərinin həyatı barədə kitab yazmış məşhur amerikalı yazıçı Vaşinqton İrvinqdən sitat gətirilib. Dr. Heykəlin yazdığına əsasən, Vaşinqton İrvinq öz kitabının sonunda İslamın təməl prinsiplərini izah edib O, Allaha, mələklərə, səmavi kitablara, peyğəmbərlərə və Qiyamət gününə inam barədə izah verəndən sonra belə yazır:

"İslamın sonuncu və altıncı təməl prinsipi fatalizm inancıdır.7 Məhəmməd öz müharibə işlərinin qabağa getməsi üçün bu qaydadan istifadə edirdi. Çünki bu qaydaya əsasən dünyada baş verən hər bir iş baş verməmişdən qabaq Allahın elmində müəyyənləşdirilir, dünyada gerçəkləşəmişdən qabaq "Lövhi-məhfuz” da qeyd edilir. Hər bir kəsin taleyi, ölüm vaxtı təyin edilib və onu dəyişdirmak mümkün deyil. Onu heç cür nə tezləşdirmək, nə də gecikdirmək mümkündür. Bu məsalələri qəti hesab edən və onlara etiqad bəsləyən müsəlmanlar müharibədə heç nədən qorxub çəkinmədən düşmən ordusuna hücum edirdilər. Onlar müharibədə ölməyə insana Cənnəti nəsib edən şəhidlik kimi baxırdılar. Buna görə də əmin idilər ki, hər iki halda - ölsələr də, düşmənə qalib gəlsələr də - zəfər onlara məxsusdur. Bəzi müsəlmanlar insanın günahdan çakinmək və cəzadan yaxa qurtarmaqda ixtiyar sahibi olmadığını və bu barədə heç bir iradayə malik olmadığını deyən fatalizm inancını Allahın ədalət və rəhmətinə zidd hesab edirlər. Bu heyrətamiz inancı islah etmək və yozmaq istiqamətində çalışan bəzi firqələr yaranıb. Onlar hələ də çalışmaqdadırlar. Lakin onların sayı azdır və onlar Peyğəmbər sünnəsinin davamçısı hesab edilmirlər… Hansı inanc nadan və məğrur qoşunu döyüş meydanına bundan yaxşı sövq edə və onlarda sağ qalsalar, qənimət əldə edəcəkləri, öldürüləcəkləri təqdirdə isə Cənnatə gedəcəkləri barədə əminlik yarada bilər?! Bu inanc müsalman qoşununu elə qorxmaz və güclü etmişdi ki, heç bir qoşun onun qarşısında davam gətirə bilmirdi. Amma bununla yanaşı, hamin inancda islamı nufuzdan salan zəhər də var idi. Peyğəmbərin canişinləri döyüşdən və dünyamiqyaslı qalibiyyətdən əl çəkib qılınclarını qınına qoyandan sonra fatalizm inancı öz dağıdıcı xüsusiyyətini büruzə verməyə başladı. Sülh və dinclik müsəlmanların əsəblərini zəiflətdi. Bu məsələyə Qurarın istifadə edilməsinə icazə verdiyi və İslamla paklıq və fədakarlıq dini olan xristianlığın bir-birindən fərqlənməsinə səbəb olan maddi vəsaitin də təsiri olub. Müsəlmanlar məruz qaldıqları çətinlik və əziyyətləri Allahın onlar üçün müəyyənləşdirdiyi müqəddəratın nəticəsi sayır və ona dözməyi vacib hesab edirdilər. Çünki onlar düşünürdülər ki, insanın onları aradan qaldırmaq istiqamətindəki səy və elmi heç bir nəticə verməyəcək. Məhəmmədin davamçıları "Özünə yardım et ki, Tanrı da sənə yardım eləsin", - qaydasına əhəmiyyət vermir və onun əksinə etiqad bəsləyirdilər. Buna görə də xaç ayparanı məhv etdi. Əgər ayparanın Avropaya nüfuzu hələ də davam edirsə, bunun səbəbi böyük xristian dövlətlərinin belə istəməsidir, Başqa sözlə desək, bu prosesin davam etməsi xristian dövlətlərinin rəqabətlərinin nəticəsidir. Bəlkə də, onun nüfuzu "əgər kimsə bir şeyi qılınc gücünə əlsa, həmin şey ondan qılınc gücünə alınar", - qaydası üçün yeni dəlil olsun deyə qalır",

Dr. Heykəl bu amerikalıya cavab vermək üçün öz fikir və düşüncəsinə uyğun geniş izah verib. Həmin izahda düzgün nüanslar olmaqla yanaşı, fəlsəfi qaydaya əsaslanmayan və irad tutula biləcək nüanslar da var.

Əlinizdə olan bu traktatda Vaşinqton İrvinq və digər qərb alimlərinin sözlərinin əsassız olması aydınlaşacaq. Məlum olacaq ki, birincisi, İslamda mövcud olan "qəzavü- qədər" ilə "fatalizm" inancı arasında yerlə-göy qədər məsafə var. Çəkilən misallardan görəcəyik ki, İslamın erkən dövrünün cənab Vaşinqton İrvinqin ədəbsizcəsinə "nadan və məğrur" adlandırdığı döyüşçüləri ülvi İslam təlimləri sayəsində onun dərk edə bilmədiyi bu fərq və məsafənin farqində idilər. 

İkincisi, Qurani-kərimin çoxsaylı ayələri insanın azad və ixtiyar sahibi olduğunu təsdiqləyib, İnsanın iradə azadlığının tərəfdarı olan və fatalizmi Allahın ədalət və rəhmətinə zidd hesab edənlər ("ədliyyə", yəni şlə və mötəzilə inanc məktəbinin) şərqşünasların iddialarının əksinə olaraq, Quran təlimlərinə qarşı çıxmamışdılar və onların məqsədi Quranın buyurduqlarını "islah etmək" deyildi. Əksinə, onlar öz nəzərlərini elə Quranın özündən çıxarmışdılar.

Üçüncüsü, bu böyük yazıçı Dr. Heykəlin sözlərinə əsasən, təəssübkeş xristian olmasına, xristianlığı məişət məsələlərinə əhəmiyyət vermədiyi üçün paklıq və fədakarlıq dini adlandırmasına və islamın məişət məsələlərinə qədər enməsini ona nöqsan tutmasına baxmayaraq, Allahın əzəli elmindən rişxənd ilə danışır.

Məgər kimsə Allaha inanıb Onun hər şey barəsində əzəli elmə malik olmasını inkar edə bilarmi?! Məgər Quranın Allahın əzəldən hər şey və bütün hadisələr barəsində elmə malik olmasını deməsi onun üçün nöqsandırmı?!

Dördüncüsü, o deyir ki, "Məhəmmədin davamçılan "Özünə yardım et ki, Tanrı da sənə yardım eləsin", - qaydasına əhəmiyyət vermirdilər".

Bu yazıçı özünü zəhmətə salıb, heç olmasa, Quranın tərcüməsini bir dəfə oxumaq istəməyib. Əgər o, Quranın tərcüməsini çox yox, bircə dəfə oxusaydı, belə bir iddia etməzdi, Qurani-kərim açıq-aydın buyurur:



"Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O. (Cəhənnəmə) qınanmış. (Allahın mərhəmətindən) qovulmuş bir vəziyyətdə daxil olar! Mömin olub axirəti istəyən və onun uğrunda (can- başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar. Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti (istər dünyada, istərsə də axirətdə heç kəsə) qadağan deyildir"8

Məhəmmədin davamçıları daha ülvi təlimi dərk etmişdilər. Bu təlim belə idi: "Eyiman gətirənlər! Əgər siz Allaha (Allahın dininə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər"9. Qurani-kərim şəxsi xarakter daşıyan, mənfəətpərəstlik, hərislik və tamahkarlıq iyi gələn "Özünə yardım et" əvəzinə, ümumi, insani va xalqa xidmət xarakteri daşıyan "Allaha yardım et", - deyə buyurur.

Cənab Vaşinqton İrvinqin qəti və həmişəlik hesab etdiyi "xaçın ayparaya qalib gəlməsinin sirri məsələsinə gəldikdə, biz bu silsilə bəhslərdə münasib yerdə onun barəsində danışacağıq.

Əlbəttə, bu, təkcə Vaşinqton İrvinqə aid deyil. Biz bu barədə bir şey yazmış qərb yazıçılanının hamısının, hətta özlərini müəyyən qədər qərəzsiz göstərənlərin yazılarında da buna bənzər fikirlərə rast gəlmişik. Onların hamısı islami fatalist ideologiya hesab edir. Sadəcə onların bəzisi bu inancın müsəlmanların tənəzzülünə təsir göstərməsinə inanmır, bazisi isə onu təsirli, hətta əsas amil sayır.

Uill Dürant "Sivilizasiya tarixi" kitabında Quranın Allahın elm va iradəsi barəsindəki bəzi ayələrinin məzmununa işarə edəndən və fatalizm inancının islam təfəkkürünün ayrılmaz hissəsi olduğunu qeyd edəndən sonra belə yazır:

"Bu inanc nəticəsində möminlər hayatın ən ağır çatinlikərinə çox rahatlıqla qatlaşırdılar. Amma bu inanc son əsrlərdə ərəblərin inkişafına mane olaraq onların düşüncəsini işdən salıb".10

Amma Qüstav Lebonun fikrincə, qəzavü-qədər və fatalizm inancı müsəlmanların tənəzzülündə rol oynamayıb və müsəlmanların tənəzzülünün səbəbini başqa yerdə axtarmaq lazımdır.

Mən əvvəl müsəlmanların əzəmət və tənəzzülünə aid bütün məsələləri bu traktatın girişində qeyd etmək istəyirdim. Ancaq sonra bu fikrimdən daşınaraq belə qərara gəldim ki, həmin məsələləri müstəqil bir traktatda qeyd edim və bu silsilə bəhslərin əvvəlinə yerləşdirim. Çünki gördüm ki, əgər lazımi məsələlərin hamısı qeyd edilsə, təfərrüata varılacaq və nəticədə giriş kitabın özündən böyük olacaqdır. Onu yığcam yazanda da mövzu yanımçıq qalacaqdı. Buna görə də belə qərara gəldim ki, bu girişdə hələlik məsələnin nümunə kimi qeyd edilən bu miqdarı ilə kifayətlənim və onun geniş detallarını ayrıca bir traktat halına salıb onda giriş və həmin silsilə bəhslərin birincisindən danışım.

Bu traktatda tale və qəzavü-qədərə aid bütün məsələlər qeyd edilməyib. Çünki burada əsas məqsəd bu düşüncə və inancın müsəlmanların tənəzzülünə təsirinin olub-olmamasını araşdırmaqdır. Ona görə də məsələnin bu cəhəti ilə əlaqəsi olmayan və qeyd edilməsinə ehtiyac duyulmayan cəhatlərinə toxunulmayıb.

Bu məsələnin müsalmanlar arasında uzun tarixçəsi var va o, İslamın erkən dövründan müsalmanlar arasında müzakirə obyekti olub. Təfsirçi, teoloq, filosof və ariflər, hətta şair və yazıçılar belə onun barəsində danışıblar. Bu məsələnin qeyd edilən zümrələr arasındakı tarixçəsinin araşdırılması müstəqil bir kitabın yazılmasını tələb edir. Bundan alavə, bu barədə çoxsaylı ayə və hədislər var və onlar da İslam təlimlərinin dərinliyini göstərir. Həmin ayə və hədislər bu yolda İslam filosollarına və İslam fəlsəfəsinin ondan qabaqlı yunan fəlsəfəsi ilə müqayisə edilməyəcək dərəcədə zənginləşməsinə və canlanmasına kömək edib. Həmin ayə və hədislərin araşdırılmasının özü də geniş və maraqlı bir bəhsdir.

Bundan başqa, İslam təlimlərində bu bəhslə əlaqədar bəzi məsələ və mövzulara toxunulub; belə ki, bir yandan, fəlsəfi qaydaları, digər yandan isə dini mətnləri nəzərə alaraq onlan izah edib açıqlamaq elə də asan bir iş deyil. Onlardan biri Quran ayəsində açıq-aşkar qeyd edilmiş və həm şiə, həm də əhli-sünnə tərəfindən yekdilliklə qəbul edilən "Qədr gecəsi və günü" məsələsidir. Şiə məzhəbinin Qurandan qaynaqlanan inkaredilməz təlimlərindən olan "bəda" məsələsi də onlardan biridir.

Həmçinin əgər fatalizm, ixtiyar və insanın iradə azadlığının necəliyi müxtəlif psixoloji, əxlaqi, fəlsəfi və ictimai cəhətlərdən araşdırılsa, irihəçmli əsər meydana çıxar.

Bütün bunlar nəzərə alandan sonra, yəqin, siz də təsdiqləyərsiniz ki, bu mövzuların hamısından danışılsa, kitabın həcmi çox böyük olar və onu daha "müsəlmanların tənəzzülünün səbəbləri" adlandırmaq mümkün olmaz.

Onu da qeyd edim ki, əgər bu traktat mütəxəssislərin diqqətini cəlb etsə və bu bəhslərin təkmilləşdirilməsinə zərurət hiss edilsə, inşallah, növbəti çaplarda ona əlavələr ediləcək və bəhslər təkmilləşdiriləcəkdir. Allahdan bu istiqamatdə yardım və uğur diləyirik.

Mürtəza Mütəhhəri

12.04.1966, Tehran




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə