İnstitusional pilot qiYMƏTLƏNDİRMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ hesabati



Yüklə 259,73 Kb.
səhifə5/6
tarix07.04.2018
ölçüsü259,73 Kb.
#36416
1   2   3   4   5   6



  1. TƏHSİL PROQRAMLARI

Qiymətləndirmə



Tələblərə tam cavab verir




Tələblərə əsasən cavab verir




Tələblərə qismən cavab verir

X

Tələblərə cavab vermir




Tələblər:

  • Təhsil proqramları institusional strategiya, ali təhsil üzrə milli standartlar, cəmiyyətin, iqtisadiyyatın və əmək bazarının gözləntilərinə uyğun olan məqsədlərlə hazırlanıb.

  • Təhsil proqramının məzmunu ixtisas üzrə son tədqiqatlar nəzərə alınmaqla yenilənib.

  • Proqramların məqsədləri, nəzərdə tutulan təlim nəticələri və qəbul və məzun olmaq üçün zəruri olan tələblər aydın şəkildə müəyyənləşdirilib; proqramı bitirdikdən sonra əldə olunacaq kvalifikasiya aydın şəkildə müəyyənləşdirilib, müvafiq tərəflərin diqqətinə çatdırılıb və MKÇ-nin müvafiq səviyyəsi ilə əlaqələndirilib.

  • Tələbənin dərs yükü AKTS-də müəyyənləşdirilib.

  • Praktika/stajkeçmə proqramın təlim nəticələrinin əldə edilməsinə kömək edir.

  • Tədris və təlim prosesində müasir tədris materiallarından, innovativ, yaradıcı və interaktiv metodlardan və təhsil texnologiyalarından istifadə edilir.

  • Təhsil proqramları müntəzəm olaraq monitorinq edilir və qiymətləndirilir; müvafiq maraqlı tərəflər (o cümlədən tələbələr) bu proseslərə cəlb edilir.

  • Təhsil proqramlarının keyfiyyəti ilə bağlı məzunların məmnunluğu sorğu vasitəsilə yoxlanılır və sorğunun nəticələri təhlil edilir; nəticələr təhsil proqramlarının hazırlanması zamanı nəzərə alınır.

Qeydlər, müşahidələr, sübutlar
Azərbaycanda təhsil proqramlarının hazırlanmasına Təhsil Nazirliyi nəzarət edir. UNEC-in təhsil proqramları ali təhsilin dövlət standarlarına əsaslanır və 5 ildən bir yenilənir. UNEC cəmiyyətin gözləntiləri və əmək bazarının ehtiyacları barədə məlumatlıdır, lakin məlumatın toplanılması və istifadəsini daha sistematik etmək olar. UNEC-in Karyera Mərkəzi məzunların məşğulluğu, işəgötürənlərin rəyi və tələbələrin təhsillərinin bir hissəsi kimi tamamladıqları praktika barədə məlumat toplayır. Bununla belə, bu məlumat proqramların hazırlanmasında daha sistematik şəkildə istifadə oluna bilər. İşçi heyət təhsil proqramlarının hazırlanması ilə müqayisədə silabusların hazırlanmasında daha geniş sərbəstliyə malikdir. Qiymətləndirmə qrupu UNEC-in bir neçə tərcümə olunmuş silabusunu nümunə kimi nəzərdən keçirdi və onların yaxşı hazırlandığı, aydın müəyyənləşdirilmiş təlim nəticələrinə, kurs materiallarına və qiymətləndirmə standartlarına malik olduqları qənaətinə gəldi.
Müsahibələr zamanı qrup UNEC-in müəllim-professor heyətinin silabusları əmək bazarının ehtiyaclarına və tələbələrin rəyinə əsasən müntəzəm olaraq yenilədiyinə dair sübut aşkarladı. Bununla belə, əmək bazarının ehtiyacları barədə işəgötürənlərdən rəyin toplanılması və istifadəsinə dair hər hansı təlimatlar aşkarlanmadı. Müsahibələrə əsasən UNEC daxili təkmilləşdirilməli məsələlərdən biri təhsilin keyfiyyətinin artırılmasıdır. Elmi Şura tərəfindən təsdiqlənmiş inkişaf strategiyasının olmamasına baxmayaraq, işçi heyət təhsilin keyfiyyətini necə təkmilləşdirmək lazım olduğuna dair aydın baxışa malikdir. Təhsilin keyfiyyətinin artırılması üzrə ortaq baxışın olmasına baxmayaraq, təhsilin keyfiyyəti dedikdə nəyin nəzərdə tutulduğuna dair ortaq anlayış yoxdur. Bununla belə, işçi heyətin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına sadiq olması güclü tərəf kimi qəbul oluna bilər və bu, universitetin dünya səviyyəli universitet olmaq üzrə strateji hədəfinə uyğundur.
Ümumilikdə, təhsil proqramlarının məzmunu silabusların yenilənməsi vasitəsilə aparılır. İngilis dilində tədris olunan təhsil proqramlarında proses azərbaycan dilində olan təhsil proqramlarından fərqlidir. İngilis dilində olan proqramlar Azərbaycanın dövlət standartlarına deyil, xarici universitetlərin proqramlarına uyğun hazırlanır. Nəticədə UNEC ingilis dilində olan təhsil proqramlarını daha tez-tez dəyişə bilir. Müsahibələr zamanı qeyd olundu ki, UNEC xarici proqramlara uyğunluğu təmin etmək üçün ingilis dilində olan təhsil proqramlarında təxminən 5-6 dərsi hər il dəyişir. Müsahibələrdə qeyd olundu ki, UNEC tədqiqat nəticələrinin təhsildə istifadəsini təkmilləşdirməlidir. Ekspert qrupu UNEC-də tədqiqat və təhsil arasındakı əlaqəni gücləndirməyin və hər təhsil proqramı sahəsində tədrisin həmin sahə üzrə son tədqiqata uyğun təşkil olunduğu yollarını nəzərdən keçirmək tövsiyə edir. Müəllimlərin tədqiqat apardıqları sahədə dərs demək imkanları olmalıdır. Bu, universitetin təhsil müəssisəsindən tədqiqat yönümlü müəssisəyə çevrilməsinə fayda verəcək.
Məqsədlər və gözlənilən təlim nəticələri silabuslarda aydın müəyyənləşdirilib. Müsahibələr zamanı tələbələr “təlim nəticələri” termini ilə tanış olmadığı aydınlaşdı, lakin onlar fənnin keçildiyi müddətdə nə öyrənmək lazım olduğu barədə məlumatlı idilər və bu, düzgün termini bilməkdən daha vacibdir. Müsahibələrdə iştirak edən tələbələr təhsil proqramlarını bitirmək üzrə tələblər barədə məlumatlı deyildilər. Bəlkə də bu, müsahibə götürülən tələbələrin əksəriyyətinin 1-ci və ya 2-ci kurs tələbəsi olması və məzun olmağa hələ uzun müddətin qalması ilə bağlı idi. Bununla belə, tələbələrin məzun olmaq üzrə tələblərlə erkəndən tanış olmaları faydalı olar və UNEC bu məsələdə tələbələrin məlumatlandırılmasının təkmilləşdirilməsini nəzərdən keçirməlidir. Universitetə qəbul Təhsil Nazirliyi tərəfindən aparılır və UNEC-in buna təsiri məhduddur.
UNEC-də keçilən kursların yükü Avropa Kredit Transferi və Toplanması Sisteminə (ECTS) uyğun müəyyənləşdirilib. Bəzi tələbələr qeyd etdilər ki, kredit sayı eyni olsa da, yük həmişə eyni olmur. Kursların yükündəki fərq məsələsi tələbələr üçün önəm kəsb etməsə də, UNEC hər kursun yükünün verilən kreditlərə uyğun olmasını təmin etməlidir.
UNEC tələbələrin praktika keçə biləcəyi şirkətləri təsdiqləməklə və praktikalara rəhbər müəllim təyin etməklə praktikanın təlim nəticələrinin əldə edilməsini dəstəklədiyini təmin edir. Tələbələr praktikanı özləri tapa bilər, lakin UNEC-in praktika şöbəsi praktikanın gözlənilən təlim nəticələrinin əldə olunması üçün münasib yer olduğunu yoxlayır. Tələbələr UNEC-lə praktika müqaviləsi olmayan şirkətlərdə praktika keçə bilməzlər. Praktikadan sonra Kafedra şirkətdən rəy alır və rəyi Praktika şöbəsinə və ya Dekanatlığa təqdim edir. Praktikanın keyfiyyət təminatı prosesi işlək görünür. Bununla belə, praktika keçdiyi şirkətdə işləyən tələbələrin sayı təəccübləndirici dərəcədə aşağıdır və ekspert qrupu UNEC-ə praktikanı təkmilləşdirərkən bu məsələyə diqqət göstərməyi tövsiyə edir.
Tələbələr onlayn sistem olan e-universiteti çox təriflədilər. E-universitet Tədris və təlim resursları və dəstək xidmətləri hissəsində dah geniş müzakirə olunur, lakin qeyd etmək olar ki, təhsil proqramları baxımından e-universitet təhsil texnologiyası deyil, daha çox tədris üçün dəstəkverici xidmət və təhsillə bağlı məsələlər üzrə kommunikasiya kanalı kimi fəaliyyət göstərir. UNEC e-universitetin və ya hər hansı digər proqram təminatının təlim prosesini daha interaktiv etmək üçün istifadə imkanlarını araşdırmalıdır.
Müsahibələr zamanı bəzi müəllimlər qeyd etdilər ki, onlar interaktiv tədris və nümunələrlə iş kimi müxtəlif tədris metodlarından istifadə edirlər. UNEC hər müəllimə belə metodlara dair təlim keçməli və mümkün olduğu təqdirdə belə metodlardan istifadəni monitorinq etməlidir. Hal-hazırda, müasir və innovativ tədris və təlim metodlarından istifadənin UNEC-in sistematik yanaşmasından deyil, fərdi müəllimdən asılı olduğu görünür. Yeni tədris metodlarının müəllimlərə aşılanmasından əlavə, UNEC-də müxtəlif tədris və təlim metodlarından istifadə üçün vahid standartlar və təlimatların hazırlanmasını nəzərdən keçirməlidir. UNEC tədris və təlim metodlarından istifadə üçün standartlar yaradarkən və bu metodların istifadəsini monitorinq edərkən keyfiyyət elçilərindən istifadə edə bilər.
İngilis dilində tədris olunan proqramlar istisna olmaqla (onlar hər il nəzərdən keçirilir və zəruri olduqda dəyişikliklər edilir) UNEC təhsil proqramlarının müntəzəm olaraq qiymətləndirilməsi üzrə sistemə malik deyildir. İngilis dilində tədris olunan proqramlarda belə tələbələrin və digər maraqlı tərəflərin proqramların nəzərdən keçirilməsi prosesində iştirak edib-etmədikləri məlum deyil. UNEC hər təhsil proqramının və silabusun müntəzəm olaraq nəzərdən keçirilməsi üçün proses qurmalı, eləcə də tələbələri və xarici maraqlı tərəfləri bu prosesə cəlb etməlidir. Hər təhsil proqramının hər il nəzərdən keçirilməsi ağır yük ola bilər, lakin müntəzəmlik olmalıdır. Nəzərdən keçirmə prosesində təhsil proqramlarına deyil, silabuslara daha çox diqqət yetiriləcək, belə ki, təhsil proqramları dövlət standartlarına bağlıdır.
Təhsil proqramlarının nəzərdən keçirilməsindən başqa UNEC təhsil proqramları barədə maraqlı tərəflərin rəyini toplamaq üçün mexanizm yaratmaq barədə düşünməlidir. Müsahibələrə əsasən Karyera Mərkəzi işəgötürənlərdən praktika ilə bağlı rəy toplayır. Sistemdən eləcə də məzunların işəgötürənlərindən rəy toplamaq üçün istifadə olunmalıdır və toplanan rəyin istifadəsi üçün proses qurulmalıdır. Xarici maraqlı tərəflər və ya ən azı onların rəyi təhsil proqramlarınn və silabusların hazırlanmasına əlavə olunmalıdır.
UNEC məzunların məşğulluğu barədə statistik məlumatları toplayır, lakin hal-hazırda məzunların UNEC-də aldıqları dərəcə və təhsil ilə bağlı məmnunluğu üzrə rəy toplama sistemi mövcud deyildir. Tələbələr məzun olduqda və ya daha yaxşı olar ki, məzun olduqdan bir neçə il sonra onlardan rəy toplamaq olar. Məzunlardan əldə olunan məlumat təhsil proqramlarının hazırlanmasında faydalı ola bilər. Karyera Mərkəzi məzunların məşğulluğunu artırmağı hədəfləyən bir çox fəaliyyətlər həyata keçirir, lakin onun rolu daha çox strukturlaşdırılmalıdır.
Güclü tərəflər, öncül praktikalar


  • İşçi heyətin təhsilin keyfiyyətini artırmaq istəyi UNEC-in güclü tərəfidir.

  • Silabuslar UNEC-in güclü tərəfidir və onlarda tələb olunan bütün məlumatlar var.

  • Praktikanın keyfiyyətinə zəmanət vermək üçün seçilmiş şirkətlərdə hər proqram üzrə icbari praktikanın olması öncül praktikadır.


Tövsiyələr


  • UNEC müxtəlif təlim metodlarının istifadəsi üzrə vahid standartlar və ya təlimatlar işləyib hazırlamağı nəzərdən keçirməlidir.

  • Tədris heyəti universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün daha çox pedagoji təlim keçməlidir.

  • UNEC təhsil proqramlarının və silabusların müntəzəm olaraq qiymətləndirilməsini nəzərdən keçirməlidir. Tələbələr və xarici maraqlı tərəflər bu qiymətləndirmələrə cəlb olunmalıdırlar.

  • Ekspert qrupu UNEC-də tədqiqat və təhsil arasındakı əlaqəni gücləndirməyin və hər təhsil proqramı sahəsində tədrisin həmin sahə üzrə son tədqiqata uyğun təşkil olunması yollarını nəzərdən keçirməyi tövsiyə edir.

  • Karyera Mərkəzində məzunların məşğulluğu və əmək bazarının ehtiyaclarına dair məlumat var və bu məlumat təhsil proqramlarının strukturunun planlaşdırılmasında istifadə edilməlidir.






  1. TƏLƏBƏLƏR

Qiymətləndirmə



Tələblərə tam cavab verir




Tələblərə əsasən cavab verir

X

Tələblərə qismən cavab verir




Tələblərə cavab vermir




Tələblər:

  • Tələbələrin hüquq və vəzifələri aydın şəkildə müəyyənləşdirilib; tələbələrin şikayətlərinin və təkliflərinin nəzərdən keçirilməsi üçün prosedurlar və imtahan nəticələri ilə bağlı appelyasiya mexanizmi mövcuddur.

  • Akademik saxtakarlığın aşkarlanması və qarşısının alınması (o cümlədən anti-plagiarizm mexanizmləri) üzrə sistem mövcuddur.

  • Tələbələr qərarverici qurumlarda eləcə də tələbə ittifaqları seçkilərində iştirak edirlər.

  • Tələblərin qiymətləndirilməsi obyektiv, düzgün və şəffadır və təlim nəticələrinin əldə edilməsini dəstəkləyir.

  • Tələbələr çevik təlim imkanları ilə təmin edilir. Əvvəlki ali təhsil kvalifikasiyaları, xaricdə təhsil müddəti və əvvəlki təlim tanınır.

  • Ali təhsil müəssisəsi tələbələrin beynəlxalq mobilliyini dəstəkləyir və tələbələrin beynəlxalq mobillikdə iştirakı artır.

  • Müəssisə tələbə kontingentinin beynəlmiləlləşdirilməsini dəstəkləmək üçün mexanizmlərə malikdir.

  • Məzunlar ixtisas sahələri üzrə əmək bazarında rəqabətədavamlıdırlar və müəssisə məzunlarının məşğulluğunu monitorinq edir.

Qeydlər, müşahidələr, sübutlar
Hal-hazırda, UNEC-də ümumilikdə (bakalavr, magistr və doktorantura tələbələri) 17857 tələbə təhsil alır. UNEC azərbaycan, türk, ingilis və rus dillərində təhsil verir. UNEC eləcə də Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin koordinasiya etdiyi distant və qiyabi təhsil təklif edir. Universitet iqtisadiyyat və biznes təhsili almaq istəyənlər arasında populyardır. Sahə səfəri zamanı alınan rəyə əsasən demək olar ki, universitet yalnız abuturientlər arasında deyil, eləcə də cari tələbələr arasında populyardır. Əksər tələbələr universitetləri barədə müsbət rəy verdilər və universitetlərini dəstəklədiklərini ifadə etdilər. Universitet yüksək qiymətləndirilmək üçün çoxlu səy göstərir.

Tələbələrlə bağlı aspektlərin müşahidəsi əsasında qeyd etmək olar ki, universitet əsasən meyarlardan qoyulmuş tələblərə uyğundur. Ekspert qrupu yardım, beynəliləlləşmə və tələbələrə konsultasiya ilə bağlı bir çox layihələr vasitəsilə təlim mühitini yaxşılaşdırmağa səy göstərdiyini müşahidə etdi. Universitetdə müsbət yanaşma olsa da, qiymətləndirmə qrupu müəyyən təkmilləşdirilməli sahələr müəyyənləşdirdi.

Qrup təkliflər və şikayətlər sisteminin tələbələr üçün olduqca faydalı olduğunu aşkarladı. Tələbələr qeyd etdi ki, bir çox hallarda rəhbərlik onların təkliflərinə qulaq asır və tədbir görür. Tələbələr təklifləri əsasında rəhbərliyin tədbir gördüyünə dair bir sıra nümunələr göstərdilər. Məsələn, tələbələr yeməkxananın darısqal olduğundan şikayətləndikdə binanın hər mərtəbəsində kiçik yeməkxanalar açıldı. Digər nümunədə tələbənin imtahanların vaxtının və Bakıda keçirilən mühüm beynəlxalq tədbirdə könüllülük fəaliyyətinin üst-üstə düşməsi ilə bağlı şikayəti imtahanların vaxtının dəyişdirilməsi yolu ilə həll olundu.

Şikayətlər və təkliflər sisteminin mövcud olmasına və tələbələrin universitetdə dəyişikliklərlə bağlı təkliflərin edilməsi üsulları və şikayətlərin verilməsi yolları barədə məlumatlı olmalarına baxmayaraq, təklifləri və şikayətləri birbaşa rektora yönləndirmək ən çox müraciət olunan vasitə olduğu görünür. Tələbələr bu sistemi səmərəli hesab etsələr də, bu ali rəhbərlik üçün ağır ola bilər və məsələlərin bəziləri bilavasitə fakültələrə və şöbələrə yönləndirilə bilər. Qiymətləndirmə qrupu rəytoplama sistemini dayanıqlı formada təkmilləşdirməyi və tələbələrin rəhbərliyin aşağı səviyyəsinə də rəy verməsi üçün prosedurların nəzərdən keçirilməsini tövsiyə edir.

Tələbələrin universitetdə qərarvermə prosesinə cəlb olunmasının əsas yolu universitetin Elmi Şurasında təmsil olunan tələbə təşkilatları vasitələridir. Tələbə Gənclər Təşkilatı universitetdə ən böyük tələbə təşkilatıdır və onların seçkiləri aşağıdakı kimi aparılır:


  • Hər fakültə daxilindəki tələbə təşkilatlarının rəhbərləri fakültə dekanının və təşkilatın prezidentinin adından təyin olunurlar.

  • Təşkilat Komitəsi hər fakültənin rəhbərindən formalaşır.

  • Yeni prezidentin seçilməsi üçün universitetdə seçki günü elan edilir. Komitə və bütün tələbələr seçki gününə dəvət olunurlar.

  • Seçki gününün başlanğıcında tələbələr Komitəni öz səsləri ilə təsdiqləyir.

  • Komitə təsdiqlənən kimi o, təşkilatın yeni prezidenti barədə qərar verir.

Tələbə təşkilatları əsasən tələbələr üçün sosial tədbirlər və fəaliyyətlərin təşkili ilə məşğuldur. Ekspert qrupu tövsiyə edir ki, tələbə təşkilatları illik planlarına UNEC-də təhsilin inkişafı üzrə layihələr əlavə etsin. Tələbələrin rolu tələbələrə tələbə təşkilatlarına birbaşa üzvlər seçmək imkanı verməklə də gücləndirilə bilər.


Bundan əlavə, Tələbə Rektor layihəsi tələbələrin idarəetməyə cəlb edilməsi istiqamətində əlavə addımdır. ÖH-ə əsasən, Tələbə Rektor layihəsi tələbələri universitetin idarəedilməsinə cəlb etmək məqsədi ilə ötən tədris ilində başlanılıb. Ekspert qrupu Tələbə Rektor layihəsinin tələbələrin akademik və sosial məsələlərdə dəstəklənməsi və onlara məsləhət verilməsində və rəhbərlik və tələbələr arasında kommunikasiya kanalı kimi səmərəli olduğuna dair sübut aşkarladı. Müsahiblər layihəni yüksək qiymətləndirirlər. Ekspert qrupu Tələbə Rektor layihəsini öncül praktika kimi təqdirəlayiq hesab edir.
UNEC tədris və təlimdə maksimum şəffaflığı təmin etmək məqsədi ilə tədbirlər görür. Universitetdə tezisləri yoxlamaq üçün anti-plaqiarizm sistemi tətbiq olunur. UNEC icmasının əksər üzvləri anti-plaqiarizm sistemi ilə tanışdırlar. Müsahibə alınan heyət üzvləri sistemin yaxşı işlədiyini qeyd etdilər. Qiymətləndirmə qrupu UNEC-ə anti-plaqiarizm sisteminin genişləndirilərək yalnız tezislərə deyil, eləcə də kurs işlərinə tətbiq edilməsini tövsiyə edir.
Şəffaflığa ayrı bir nümunə aralıq və yekun imtahanları ilə bağlıdır. UNEC-in imtahanların keçirilməsi sahəsində uzunmüddətli təcrübəsi vardır. Təhsil proqramlarının 80%-ində imtahanlar kömputer vasitəsilə keçirilir. İmtahanların keçirilməsi sistemi müntəzəm olaraq monitorinq edilir. Hal-hazırda tətbiq olunan çoxcavablı test sistemi şəffaflığı təmin edir. Bununla belə, əksər hallarda fənnin təlim nəticələrini dəstəkləmir. Tələbələr qeyd etdilər ki, adətən fənnin məzmunu öyrənmədən sadəcə cavabları əzbərləyirlər. Universitet müxtəlif fənn imtahanları üçün fərqli imtahanlar keçirməklə təlim nəticələrinin dəstəklənməsini nəzərdən keçirməlidir.
Tələbələrin UNEC-dəki təlim təcrübəsi UNEC-də təklif olunan bir sıra beynəlxalq mübadilə proqramları (artıq hesabatda toxunulub) vasitəsilə daha da yaxşılaşdırılır. Ekspert qrupunun səfər zamanı görüşdüyü tələbələrin demək olar ki, hamısı bu proqramlar barədə məlumatlı idilər. Universitet xaricdə əldə edilmiş kreditləri tanıyır. Bununla belə, tələbələr xaricdəki təhsil kurikulumunun UNEC-dəki təhsilə uyğun olmadığı təqdirdə çətinliklərlə qarşılaşa və bəzi fənləri yenidən oxumalı ola bilərlər. Təəssüf ki, qrup mübadilə proqramlarında iştirak edən tələbələrin sayı ilə bağlı məlumat əldə edə bilmədi. Buna baxmayaraq qrupa qeyd olunan proqramların yeni başlanıldığı bildirildi.

Bundan əlavə, universitet yalnız tələbələrini xarici ölkələrə göndərmək istiqamətində deyil, eləcə də digər ölkələrdən universitetə tələbə cəlb etmək istiqamətində iş aparır. Sahə səfəri zamanı qrup Beynəlxalq İqtisadiyyat Məktəbi və UNEC Biznes Məktəbinin ingilis dilində tədris olunan proqramlarının heyətindən müsahibə aldı. Dekanlara əsasən beynəlxalq tələbələrin hazırki faizi 5%-dir və artmaqda davam edir. Yeni yaradılmış onlayn müraciət sistemi xarici abuturiyentlərin UNEC-ə qəbul üçün müraciət etmələrini asanlaşdırır. Bundan başqa, universitet tərəfindən tamamlanmış vacib layihələrdən biri sahəsinin aparıcı universitetləri ilə (London İqtisadiyyar və Siyasətşünaslıq universiteti onlardan biridir) ikili diplom razılaşmasının imzalanmasıdır. Beləliklə, universitet xarici abuturiyentlər üçün daha cəlbedicidir.

Tələbələri təhsillərində ruhlandıran mühüm faktorlardan biri çevik təlim imkanlarıdır. Müsahiblərə əsasən universitet tələbələrə semestr müddətində istədikləri miqdarda fənnin götürmələrinə imkan vermir. Beləliklə, belə qənaətə gəlmək olar ki, universitet təhsilin çevikliyini artıra bilər.

UNEC Azərbaycanda maliyyə və iqtisadiyyat sahəsində mütəxəssis hazırlığı həyata keçirən aparıcı təhsil müəssisəsidir, bu səbəbdən, bu sahədə işləyən dövlət və özəl sektordakı mütəxəssislər əsasən UNEC-in məzunlarıdır. ÖH-ə əsasən 2015-2016 tədris ilinin bakalavr məzunlarının məşğulluq səviyyəsi 30%-dir, eyni tədris ilinin magistr tələbələrinin 43%-i məşğulluqla təmin olunub. Yuxarıda qeyd edildiyi kimi UNEC-in Karyera Mərkəzi vardır və sahə səfərindən toplanan məlumata görə, universitet hər il 100 şirkətin nümayəndəsinin iştirak etdiyi karyera yarmarkası keçirir. Karyera yarmarkasından başqa, Karyera Mərkəzi məzunlar üçün konsultasiya xidmətlərini təkmilləşdirmək üçün müəyyən fikirlər təqdim edib. Bundan əlavə, Karyera Mərkəzinin heyəti veb səhifənin (jobs.unec.edu.az) yaradılmasını təklif edib. Bu səhifə tələbələr və işəgötürənlər arasında portal rolunu oynaya bilər. Tələbələr müsahibələrdə məşğulluq imkanlarını artırmaq üçün daha çox praktiki bacarıqların əldə olunmasına ehtiyaclarının olduğunu bildirdilər və universitet bu məqamı nəzərə almalıdır.



Güclü tərəflər, öncül praktikalar


  • Təkliflər və şikayətlər sistemi mövcuddur və tələbələr üçün faydalıdır. Tələbələr qeyd etdi ki, bir çox hallarda rəhbərlik onların təkliflərinə qulaq asır və tədbir görür.

  • UNEC tədris və təlim prosesində maksimum şəffaflığı təmin etmək məqsədi ilə tədbirlər görür.

  • Universitet bir çox universitetlə yaxın əlaqələrə malikdir və fəal şəkildə yeni beynəlxalq tərəfdaşlar axtarışındadır. Bu, tələbələrə mübadilə imkanları təmin edir və milli kontekstdə UNEC üçün güclü tərəfdir.

  • Getdikcə universitetin xarici tələbələr üçün cəlbediciliyici artır.

  • Ekspert qrupu Tələbə Rektor layihəsini öncül praktika kimi təqdirəlayiq hesab edir.


Tövsiyələr


  • Tələbələr UNEC-də təhsilin inkişafına daha yaxından cəlb oluna bilər.

  • Universitet tələbələrin təkmilləşdirilmə üzrə fikirlərini və şikayətlərini bilavasitə rəhbərliyin aşağı səviyyəsinə çatdırması üçün rəytoplama sistemi qurmağı nəzərdən keçirməlidir.

  • İmtahanlar hər fənnin gözlənilən təlim nəticələrinə uyğun hazırlanmalı və həmin təlim nəticələrinin əldə olunmasını dəstəkləməlidir.

  • Universitet tələbələrin götürə biləcəyi kredit sayı məhdudiyyəti ilə bağlı qaydaları yenidən nəzərdən keçirməli və daha çevik təlim imkanları təmin etməyə diqqət verməlidir.

  • Qiymətləndirmə qrupu UNEC-ə anti-plaqiarizm sisteminin genişləndirilərək yalnız tezislərə deyil, eləcə də kurs işlərinə tətbiq edilməsini tövsiyə edir.

Yüklə 259,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə