İntiharın kölgəsi Dr. Əfzələddin Rəhimli



Yüklə 37,43 Kb.
tarix26.09.2017
ölçüsü37,43 Kb.

İntiharın kölgəsi
Dr. Əfzələddin Rəhimli
Bəşər övladına bəxş edilən gözəlliklərlə dolu bu həyat, sözsüz ki, bir sıra eniş-yoxuşlara və çətinliklərə də malikdir. Lakin bizi əhatə edən, amma görmədiyimiz, əsl həqiqətdə qəflət içində olduğumuz və yaşamaq sevinci yaradan, hər anımızın qədrini bilməyə səsləyən o qədər saysız-hesabsız gözəl səbəblərimiz vardır ki... Kiçik sevincimiz belə bizə nə qədər xoş əhval-ruhiyyə bəxş edir. Həyatın xırda bir ləzzəti, bir körpənin üzündəki təbəssüm bizim üzləşdiyimiz çətinliklərin qarşısında nədir ki... Eşitdiyimiz kiçik bir xoş söz azalınca, sanki, səbirsizliklə küskünlüyə, əzgin və qəmginliyə sarı qaçırıq. Bəzən insan nədənsə bütün bu gözəllikləri, xoşluqları və ləzzətləri unudur, fikrini pis xatirələrin və xoşagəlməz hadisələrin üzərində cəmləyir. Özünü görmür, kölgəsini görür. Qara, qapqara... Üzləşdiyi problem hər nədirsə, onun qarşısında sınmağa və məğlub olmağa səy göstərir. Axı bizim xırda bir sevincimiz də ruh yüksəkliyimizə səbəb olar bilər. Bu sevinci, nə özümüzdən və nə də ki, başqalarından almaq insaf deyildir. İradəli olmaq, dözümlü olmaq, mübarizə ruhumuzu xırda şeylərin qarşısında itirməmək lazımdır. Xırda deyirəm... Çünki hər bir çətinlik, insan övladının möhkəm iradəsi və əzmi qarşısında doğurdan da kiçilir və cılızlaşır... Sözsüz ki, bu iradəni özümüzdə biz yaratmalıyıq.

Amma unutmayaq ki, başqalarının intihara meyl göstərdiyini müşahidə etdiyimiz zaman, hər birimizin üzərində böyük məsuliyyət vardır. Media nümayəndələri, elm, qələm sahibləri, ruhanilər və sair bu sahədə böyük rola malikdir. Hamımız bilirik ki, intiharın qarşısı yalnız maarifləndirmə yolu ilə alına bilər. Bunu sırf iqtisadi və başqa amillərə bağlamaq sadəlövhlük olardı. Çünki araşdırmalar göstərir ki,  dünyada bu amillərdən qaynaqlanan intiharların sayı, başqa amillərlə müqayisədə daha azdır. Əsas məsələ, insanlara inam və iradə bəxş etməkdir. Onların sağlam düşüncəyə, gələcəyə inama, əzmə, qayğıya, sevgiyə və ətrafındakı insanları belə şəxsləri anlamasına daha çox ehtiyacı vardır. Bu kiçik və qısa məqalədə intihar meyli və fərdi çıxış yolları haqqında bəzi məlumatları təqdim edirik:  

 

İntihara meyl göstərməyə təkan verən amillər: İntihara meyl etməyin müxtəlif amilləri ola bilər. Bunların sırasında; ruhi xəstəliklər, irsi amillər, kənar təhriklər, depressiya, üzləşdiyimiz çətinliklər qarşısında uğursuzluq, özünə inamın itməsi, ümidsizlik, üzünün dəyərinin olmamasına inam, cəmiyyətdən (təzyiqlərə görə) intiqam almaq, nəyisə sübut etmək, diqqət cəlb etmək, nümunə götürmək, bezginlik, xəyanətlə üzləşmək, rədd edilmək və sair.

 

 

İntihar etmək haqqında ilk fikirləşdiyimiz zaman nə etməliyik?

 

1- İlk olaraq bu sahədə tam ixtisaslaşmış təcrübəli həkimə müraciət etmək lazımdır.

2- Bizə ən yaxın olanlara sakit şəkildə bu haqda söyləmək lazımdır. Valideynlərimizə, həyat yoldaşımıza, dostumuza, müəllimimizə, hörmət bəslədiyimiz bir ruhaniyə dərdimizi deməliyik.

3- Bizi intihara meyilləndirməkdə təsirli olan neqativ mühitdən uzaqlaşmalıyıq. Daha pozitiv, həyat eşqi, yaşamaq həvəsi yaradan və sağlam əyləncəyə malik, pis vərdişlərdən uzaq mühitə üz tutmalıyıq.

4- Sizi narahat edən şey haqqında aydın şəkildə bir dəftərə yazın. Sonra isə onu necə həll edə biləcəyinizi sakit şəkildə və inamla düşünün, bu  barədə yaxınlarınızdan, həmin çətinlik sahəsində təcrübəli şəxslərdən məsləhət alın. Unutmayın ki, üzləşdiyiniz problem hər nədirsə, mütləq bir çıxış yolu mövcuddur. Ancaq bu yol intihar deyildir.

5- Bədbinliyə düşməyin çıxış yolu olmadığını bir daha düşünün. Üzləşdiyiniz problemin mənfi cəhətlərini deyil, müsbət cəhətlərini də fikirləşin. Sözsüz ki, problem hər nədirsə, onun bir çox hallarda müsbət yönü də vardır. Məsələn, bəzən intiharlar cavabsız eşq və yaxud da ailədə olan xəyanətdən sonra baş verir. Bir halda ki, belə olduğu zaman, sizi sevməyən və dəyər verməyən bir şəxsdən yaxa qurtardığınızı fikirləşin. Belə bir şəxsdən yaxanızı qurtardığınıza sevinin. Zahiri gözəlliyi hər necə olursa olsun, sizi sevməyib, dəyər verməyən bir şəxs sizin nəyinizə lazımdır? Qoy, o sizi itirdiyi üçün, doğruluğa və sədaqətə qiymət verən sizin kimi bir şəxsi əldən verdiyinə görə  təəssüflənsin. Çünki bu, əsl həqiqətdə, sizin uğurunuz, onun məğlubiyyətidir.

6- Sizə dəyər verən və xoş günləriniz, gözəl münasibətləriniz olduğu şəxsləri, yaxınlarınızı fikirləşin. İntihar  etdiyimiz zaman onların halı necə olacaq? Söz-söhbət, dava-dalaş hər bir münasibətdə mövcuddur. Heç kim iddia edə bilməz ki, onların münasibəti tam şəkildə ideal və qüsursuzdur. Əksinə, ailə daxili bəzi söz-söhbətlər, böyüklərimizlə-kiçiklərimizlə, sevdiklərimizlə aramızda baş verən narazılıqlar, bizim bir-birimizi daha yaxşı tanımağımıza yardım edir. Mübahisələr bir-birimizin xüsusiyyətlərini yaxından öyrənib, ona uyğun hərəkət etməyimizə zəmin yaradır. Lap belə fərz edək ki, kiminləsə heç bir formada yola gedə bilmirik, özü də ki, həmin şəxs bizim ən yaxınlarımızdan biridir. Bunun məntiqi çarəsi intihar deyil, onu tərk etməkdir.

7-Bunu bilməyik ki, hər bir insan həyatda dəfələrlə özünü tənha, kimsəsiz, köməksiz, özünə inamını itirmiş hiss edir və ümidsizliyi təcrübə edir. Bir halda ki, bu keçici bir hissdir. Bəzən hamımız zəhmətlərimizin boşa getdiyini fikirləşirik. Bunu ciddi qəbul etmək doğru deyildir. Çünki, əslində, heç kim tənha, kimsəsiz deyildir. Heç kimin zəhmətləri hədər ola bilməz. Ətrafımızdakı insanlar bizi təqdir edir, səylərimizə dəyər verir və doğrusu çox hallarda qibtə ilə yanaşırlar. Amma kimsə bunu bizə büruzə vermir. Bu təbiidir. İnsan övladı çox vaxt hisslərini müxtəlif səbəblərdən gizlədir. Amma ətrafımızdakıların bizi görməməzliyi mümkün olan bir şey deyildir. Görür. Amma bizə ifadə etmirlər.

8- Əgər bizə qarşı insanların rəftarlarını dəyişdiyini düşünürüksə, bizə qarşı laqeyd və qayğısız olduqlarını fikirləşiriksə, yanılmışıq. Çünki doğrusu dəyişən bizik. Buna biz səbəb olmuşuq, ətrafımızdakılarla əlaqələrimizi gücləndirmək öz əlimizdədir. Əgər onlar addım atmırsa, bu addımı alicənablıqla biz də ata bilərik.

 

İntihara cəhd edəcək şəxsin əlamətləri:

1- İntihara meylli insan bu haqda yaxınlarına danışır. Bunu ciddi nəzərdə almaq lazımdır. Belə şəxslərlə bu barədə zarafat etmək, onu ələ salmaq və yaxud təsdiqləmək olmaz. Çünki istəmədən də olsa, belə şəxslərin intiharına təkan verə bilərsiniz. Diqqət etmək lazımdır ki, intihara meylli insanlar ətrafındakıların ona lazımı şəkildə dəyər verməməsini daim buna əsas tuturlar. Buna görə də, onların intihar edəcəyini sizə söyləməsini ciddiyə almamaq tam yanlış hərəkətdir. Əksinə, onun bu fikrinə məsuliyyətlə yanaşmalı və ona dəyər verdiyinizi söyləməlisiniz.

2- İntihara meylli insan, bunu icra etməyi düşündüyündə yaxınlarına qeyri-adi tərzdə ümidsizlikdən və həyatın dözülməz dərəcədə ağır olmasından, bunun üçün heç bir çıxış yolu olmamasından şikayətlənir.

3- Onlar yaxın əlaqə saxladığı şəxslərə qeyri-adi formada tez-tez ölümün gözəlliyindən və dünyanın çirkinliyindən söhbət açır.

4- Belə şəxslər, tez-tez naümid şəkildə və tam hissiyyata, emosiyaya qapılaraq ən yaxın bildiyi şəxsə "Mən ölsən sən nə edərsən?"- deyə müraciət edir. Bu, tənhalıq və istənməmə hissinin ortaya çıxardığı sualdır.

5- İntihara meylli olan şəxs, istər şəxsi şəkildə və istərsə də telefonla yaxınlarına və ən əsası da küsülü qaldığı şəxslərlə əlaqə saxlayaraq, onlarla vidalaşır, onu bağışlamalarını xahiş edir və halallıq istəyir. Tez-tez qeyri-adi şəkildə vəsiyyət edir.

6- Yaxınlarına, yaxud da tanıdığı-tanımadığı şəxslərə qarşı qeyri-adi tərzdə daha əliaçıq, mehriban və ürəyi yanan olur. Malik olduqlarını bağışlayır, şəxsi əşyalarını hədiyyə edir və yaxud da çətinlikdə olan insanları gördükdə təəccübləndirici şəkildə onun halına ağlayıb-sızlayır.

7- Tanışlarına və yaxınlarına tez-tez qeyri-adi şəkildə "Siz mənsiz daha yaxşı yaşayarsız."-deyə müraciət edir.

8- Qəribə formada tənhalığa meyllənir. İnsanlarda kənarda qalmağa və cəmiyyətə qarışmamağa üstünlük verir. Yemək, yatmaq, dərs və sair kimi işlərdə nizamı tam pozulur, meylsizləşir. Bir çox məsələlərə qeyri-adi şəkildə tam laqeyd olur. Həddindən artıq yorğunluq, əzginlik, qəmginlik, zahiri görünüşünə heç əhəmiyyət verməmək və səliqəsizlik müşahidə edilir.

8- Depressiyada olduğu halda, birdən-birə tam şəkildə qeyri-adi formada dəyişir və şad, xoşhal və xoşbəxt bir şəxsə çevrilir. Bu vəziyyəti ciddi nəzərdə almaq lazımdır. Çünki belə şəxslər, bəzən intihar planlarını artıq hazırladıqları üçün birdən-birə özlərini xoşbəxt hiss edir və "qurtuluş"larının yaxın olmasını güman etdikləri üçün sevinirlər.

 

İntihar etmək haqda fikir söyləyən şəxslə necə davranmalıyıq?

 1- İlk öncə belə şəxsləri dinləmək qabiliyyətinə malik olduğunuzu onları tam şəkildə axıra qədər dinləməklə sübut edin. Ən əsası budur ki, soyuqqanlı olun. Qarşı tərəfi daha da həyəcanlandırıb, qorxutmayın.

2- Hətta onu düşündüyünüz və sevdiyiniz üçün də olsa, əsəbiləşib təhqir etməyin. Kobudluq edib, intihar etməməsi üçün təhdid etməyin. Əks halda qarşı tərəfi daha da hiddətləndirib, bu xoşagəlməz işə təhrik etmiş olarsınız.

2- Ardınca, bu şəxslə münasibətiniz miqdarında, ona qarşı sevginizi və dəyər verdiyinizi tam şəffaf formada söyləməlisiniz.

3- Belə şəxslərə başa salmaq lazımdır ki, intihar etdikləri zaman onu sevənlərin əhval-ruhiyyəsi olduqca pis və dözülməz olacaqdır. Onları düşünməsi lazımdır.

4- Belə insanları olduğu bədbin mühitdən çıxarıb, daha şən və şad mühitə aparmaq lazımdır. Əlbəttə, diqqətli olmalıyıq ki, belə şəxslər aşağı sosial təbəqəyə məxsusdursa, apardığınız mühit olduqca möhtəşəm və bahalı məkanlar olmamalıdır. Çünki bu, həmin şəxsin əhval-ruhiyyəsində daha da pis təsir edə bilər. Onda belə bahalı həyata əl tapa bilmədiyi üçün intihar hissi daha da güclənər. Məqsədimiz onun əhval ruhiyyəsini gücləndirməkdir. Bu gözəl təbiət, səmimi və istiqanlı dostlar, mənəvi hisslərlə inam yaradan, həyata və yaşamağa həvəsləndirən mühit olmalıdır.

5- Belə şəxslərə başa salmaq lazımdır ki, onların sıxıntı çəkdiyi hər nə isə, olduqca kiçik və keçici, müvəqqəti haldır. Bunun müxtəlif həll yolları mövcuddur. Və o, bunun öhdəsindən gəlməyə qadirdir. Bu yolda tək deyil, siz də bacardığınız qədər ona yardım edə bilərsiniz.

6- Belə şəxslərə anlatmaq lazımdır ki, onların olduğu şərait, dünyanın ən pis şəraiti deyil, əksinə bundan daha pis vəziyyətdə olanlar da var. Amma onlar intihar haqda fikirləşmir, yaşamaq üçün möhkəm iradə ilə mübarizə aparır və bir çox hallarda olduqları çətin şəraitə də mənfi yanaşmayaraq şükür edirlər. Başa salmaq lazımdır ki, bəzi insanlar onların şəraitində olmağı arzulayırlar.

7- İntihar fikrində olanlara anlatmaq lazımdır ki, dünyada heç bir şey göründüyü kimi kamil və qüsursuz deyildir. Hətta ən ali və nöqsansız görünən möhtəşəm insanlar və tam xoşbəxt görünüşlü böyük sərvət sahiblərinin də əsaslı problemləri mövcuddur. Çox zaman onlar da giriftar olduqları problemləri həll edə bilmirlər. Sizin qüsursuz gördüyünüz yalnız zahirdədir, əslində onlar da bir sıra çətinliklərlə üzləşirlər.

8- Belə şəxslərə həyatın həqiqətən də, onların gördüyü qədər pis olmamasını başa salmaq lazımdır. Əlbəttə həyatdakı çətinlikləri birbaşa inkar etsəniz, o, sizin onu anlamadığınızı, başa düşmədiyinizi düşünəcək. Buna görə də, bəzi cəhətləri (mövcud problemləri) razılaşmalı, amma kiçiltməlisiniz. Daha çox, həyatın gözəlliklərini olduğu kimi ona vəsf etməlisiniz. Başa salın ki, adi bir yağışın gözəlliyi, baharda açan kiçik bir çiçəyin gözəlliyini görməkdən özünü məhrum etmək, doğru deyildir.

9- Belə şəxslərə başa salmaq lazımdır ki, cəmiyyətdəki insanların hamısı pis ola bilməz. Bu məntiqi deyil. Sözsüz ki, onun qarşısına bəzi xoşagəlməz insanlar çıxa bilər və bu təbiidir. Amma cəmiyyətdə insani hisslərə sadiq, gözəl qəlbli şəxslər daha çoxdur. Bir neçə bədəxlaqlı şəxslər üçün qanını qaraltmağa dəyməz.

10- İntihara meylli şəxsə başa salın ki, onun sahib olduqları çox dəyərlidir. Sadəcə olaraq, malik olduqlarına həqiqi nəzərlə baxmalıdır. İstər şəxsi keyfiyyətləri və istərsə də ünsiyyət qurduğu insanlar, ailəsi, övladları, dostları və hətta işi və sair (xırda şeylər olsa belə) özünə məxsus maddi-mənəvi dəyərə malikdir. Və o da bunlardan birinə sahibdir.

11- Belə şəxslərə anlatmaq lazımdır ki, dünyada heç bir şey zəhmət olmadan əldə edilmir. Bu dünyanın qanunudur. Hətta zəngin insanlar belə (pis yollarla da olsa) çətinlik çəkmədən istədiyinə nail olmur. Ata-babalarından qalma mal-dövlətə sahib olanlar isə əslində bu zənginliyin ləzzətini bir sahədə hiss etsələr də, başqa bir cəhətdən məhrumdurlar. Çünki öz zəhmət və bacarığının, yaradıcılıq qabiliyyətinin bəhrəsindən faydalanmırlar. Sahib olduqları hər şey, əldə etdikləri talantlarının, istedadlarının deyil, bir baxışdan yanaşdıqda kiminsə uğurundan bəhrələnməkdir. Buna görə də belə şəxslərə baxıb köks ötdürməyə dəyməz.

12- Ən əsası isə, intihara meylli şəxsi, bu sahədə ixtisaslaşmış və təcrübə sahibi olan mütəxəssis psixoloqların yanına aparın. Getməkdən imtina edirsə, özünüz həkimin yanına gedib, intihara meylli şəxslər ilə necə davranmaq lazım olduğunu və onu hansı yollarla fikrindən daşındırmağın mümkün olmasını öyrənin. Unutmayın ki, onlar sizə intihar etmək fikrində olduqlarını söyləməklə, əsl həqiqətdə sizin onlara kömək etmənizi, başqa bir ibarətlə desək, köməyinizə ehtiyacı olduqlarını etiraf etmiş olurlar. Unutmayın ki, siz bu məsələdə məsuliyyətli olsanız, bir insana yenidən həyat bağışlamış olacaqsınız. Müqəddəs Kitabımızda buyurulduğu kimi, «Hər kəs kimsəni diriltsə bütün insanlara həyatbəxş etmiş kimidir.» Maidə surəsi, ayə 32
 

 


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə