İnzibati icraat haqqında



Yüklə 268,59 Kb.
səhifə1/3
tarix31.08.2018
ölçüsü268,59 Kb.
növüQaydalar
  1   2   3

İnzibati icraat haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



 

Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

 

I f ə s i l



ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar



 

1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

 

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar



 

2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:

2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;

2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs;

2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti;

2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti;

2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;

2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;

2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;

2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt;

2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt;

2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt.

 

Maddə 3. Qanunun tətbiq dairəsi



 

3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

3.2. Bu Qanun inzibati orqanların:

3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə;

3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

3.3. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər.

 

Maddə 4. Aidiyyət



 

4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur.

4.3. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.

 

Maddə 5. İnzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım



 

5.1. İnzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur.

5.1-1. İnzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər.[1]

5.2. Subordinasiya baxımından tabelik münasibətlərində olan inzibati orqanların bir-birinə yardım etməsi qarşılıqlı hüquqi yardım sayılmır.

 

Maddə 6. Hüquqi yardımın şərtləri



 

6.0. İnzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər:

6.0.1. hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallarda;

6.0.2. müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda;

6.0.3. müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda;

6.0.4. müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll olunması üçün tələb olunan xərclərdən çox olduğu hallarda.

 

Maddə 7. Hüquqi yardım göstərməkdən imtinanın əsasları



 

7.1. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər:

7.1.1. hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda;

7.1.2. hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda;

7.1.3. hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirməsinə əhəmiyyətli dərəcədə mane olduqda;

7.1.4. hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə.

7.2. İnzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyildir:

7.2.1. başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə bilərsə;

7.2.2. həmin inzibati orqan xahiş olunan yardıma mütənasib olmayan yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə.

7.3. İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda, ona həmin məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən üç gün müddətində bu barədə yazılı məlumat verməlidir.

7.4. Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə baxılması barədə hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə nəzarət funksiyasını həyata keçirən yuxarı inzibati orqana müraciət edə bilər. Yuxarı inzibati orqan tərəfindən həmin məsələyə 5 gün müddətində baxılır və qəti qərar qəbul edilir. Hüquqi yardımdan imtina əsassız hesab edildikdə, yuxarı inzibati orqan belə yardımın dərhal göstərilməsi barədə hüquqi yardım üçün müraciət olunmuş inzibati orqana müvafiq tapşırıq verir.[2]

 

Maddə 8. Hüquqi yardımla bağlı xərclərin ödənilməsi



 

Hüquqi yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş xərclər iyirmi iki manatdan yuxarı olduqda, həmin xərcləri ödəməlidir.[3]

 

Maddə 9. Sənədlərin surətini rəsmi təsdiq etmək hüququ



 

9.1. İnzibati orqan, özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin surətini təsdiq edə bilər.

9.2. İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir.

9.3. Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiq olunmasına yol verilmir.

9.4. Sənəd təsdiq edilərkən aşağıdakı məlumatları əks etdirən vərəq tərtib olunmalıdır:

9.4.1. sənədin dəqiq adı;

9.4.2. sənədin surətinin onun əsli ilə düz olması barədə qeyd;

9.4.3. sənədin təsdiq olunduğu tarix və yer;

9.4.4. məsul vəzifəli şəxsin imzası və inzibati orqanın möhürü.

9.5. Sənədin təsdiq olunmuş surətinin hər səhifəsi vəzifəli şəxs tərəfindən imza edilməli və möhür vurulmalıdır.

9.6. İnzibati aktın və ya digər sənədin surətinin təsdiq edilməsi faktı müvafiq inzibati orqanda müəyyən edilmiş qaydada qeydə alınmalıdır.

 

II f ə s i l



ÜMUMİ PRİNSİPLƏR

 

Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri



 

10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir.

10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur.

10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz.

 

Maddə 11. Qanunçuluq prinsipi



 

11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

 

Maddə 12. Bərabərlik prinsipi



 

12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir.

12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.

12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

 

Maddə 13. Etimad hüququnun qorunması prinsipi



 

13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur.

13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

 

Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası



 

14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur.

14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.

14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

 

Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması



 

15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.

15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.

 

Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması



 

16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

 

Maddə 17. Mütənasiblik prinsipi



 

Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

 

Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi



 

18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.

18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir.

 

Maddə 19. Mötəbərlik prezumpsiyası



 

19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

 

III f ə s i l



PROSEDUR PRİNSİPLƏR VƏ TƏMİNATLAR

 

Maddə 20. İnzibati orqana müraciət etmək hüququ



 

20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.

20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.

 

Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı



 

21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.

21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər:

21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;

21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda;

21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda;

21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda;

21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda;

21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

 

Maddə 22. İşə baxılmasında qərəzsizlik



 

22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar.

22.2. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz.

 

Maddə 23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi



 

23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.[4]

23.2. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə borcludur.

 

Maddə 24. İşin hallarının obyektiv araşdırılması



 

24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.[5]

 

Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ



 

25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

25.2. Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər.

25.3. İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir.

25.4. İnzibati orqan məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərdən maraqlı şəxslərin ziyanına istifadə edə bilməz.

25.5. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün təqdim edilməsindən imtina olunduğu hallarda, inzibati orqan qanunla qorunan maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün qədər dolğun məlumat verməyə borcludur.

25.6. Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər.

25.7. Müstəsna hallarda maraqlı şəxslər, yazılı müraciət əsasında, inzibati icraat materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyində tanış ola bilərlər.

25.8. Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır.

25.9. Sənədlərin və digər materialların surətlərinin çıxarılması və poçt rabitəsi ilə göndərilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada haqq müəyyən oluna bilər.

 

Maddə 26. Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunması



 

Ərizəçi məzmununda onun ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını inzibati orqandan tələb etmək hüququna malikdir.

 

Maddə 27. İnzibati icraatın aparıldığı dil



 

27.1. İnzibati icraat Azərbaycan Respublikasının dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.

27.2. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir.

27.3. İnzibati icraatda iştirak edən şəxslərə sənədlər və məlumatlar icraatın aparıldığı dildə verilir.

 

I V f ə s i l



İNZİBATİ İCRAAT

 

Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar



 

28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:

28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;

28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;

28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.

28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır.

28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.

28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.

28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun VII fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

 

Maddə 29. Ərizə və ya vəsatətlərin təqdim edilməsi



 

29.1. Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.

29.2. Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur.

 

Maddə 30. Ərizənin forması və məzmunu



 

30.1. Ərizə yazılı formada tərtib olunmalıdır.

30.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

30.2.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;

30.2.2. ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;

30.2.3. ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;

30.2.4. tələbin qısa məzmunu;

30.2.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;

30.2.6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;

30.2.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.

30.3. Təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə olunur.

30.4. Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.

 

Maddə 31. Ərizə və ya vəsatətlərin qəbul edilməsi və qeydiyyata alınması



 

31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır.

31.2. İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur.

31.3. İnzibati orqan vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə borcludur.

 

Maddə 32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması



 

32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır.

32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.

32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

32.4. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən çox olmamalıdır.

32.5. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır.

32.6. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan müddətin axımı bərpa olunur.

 

Maddə 33. Ərizənin səlahiyyətli inzibati orqana göndərilməsi



 

33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.

33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir.

33.3. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir.

33.4. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır.

 

Maddə 34. Ərizənin baxılmamış saxlanılması



 

34.1. Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər:

34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;

34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

34.1.3. bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda.[6]

34.2. Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir.

34.3. Bu Qanunun 34.1.3-cü maddəsində nəzərdə tutulmuş nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqana yenidən ərizə ilə müraciət edilə bilər.[7]

 

Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar



 

35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər:

35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə;

35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda;

35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda.

35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.

35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır.

35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.

 

Maddə 36. İnzibati icraatda iştirakçılar



 

36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar:

36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan;

36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər;

36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər.

36.2. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ərizə ilə müraciət etmək və inzibati icraatda digər prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər.

36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.

36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər.

36.5. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır.

36.6. İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir.

 

Maddə 37. İnzibati icraatda nümayəndəlik



 

37.1. Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər.

37.2. Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil olunmaq hüququndan məhrum etmir.

37.3. Nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir.

37.4. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsləri inzibati icraatda onların qanuni nümayəndələri təmsil edirlər. Qanuni nümayəndələr inzibati orqana öz səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.

37.5. Qanuni nümayəndələr icraatda iştirak etməyi nümayəndə qismində seçdikləri başqa şəxsə tapşıra bilərlər.

37.6. Nümayəndə təmsil etdiyi şəxsin maraqlarını vicdanla müdafiə etməyə borcludur.

37.7. İnzibati orqan inzibati icraatda həmin orqanın rəhbəri, onun müavini və ya həmin orqanın rəhbəri tərəfindən təyin olunmuş digər vəzifəli şəxs vasitəsilə təmsil olunur.

37.8. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraatla bağlı bütün məsələlər üzrə nümayəndəyə müraciət edir.

 

Maddə 38. Maraqlı şəxsin inzibati icraatda vəkil vasitəsilə təmsil olunmaq hüququ



 

38.1. Maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından istifadə etmək hüququ vardır.

38.2. İnzibati icraatda vəkil qismində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fəaliyyət göstərən vəkillər iştirak edə bilərlər.

 

Maddə 39. Xərclər



 

39.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı xərclər müvafiq inzibati orqanın hesabına ödənilir.

39.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı maraqlı şəxsin və ya onu təmsil edən nümayəndənin çəkdiyi xərclər, habelə nümayəndəlik haqqı maraqlı şəxsin hesabına ödənilir.

39.3. İnzibati şikayət təmin olunduğu hallarda, icraatla bağlı xərclər müvafiq inzibati orqanın hesabına ödənilir.

 

Maddə 40. Sənədləri almaq üçün müvəkkil təyin etmək vəzifəsi



 

40.1. İnzibati icraatda iştirak edən və Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan maraqlı şəxs inzibati orqanın bu barədə onu xəbərdar etdiyi gündən üç gün müddətində Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan fəaliyyət qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri almaq üçün müvəkkil təyin etməlidir. İnzibati orqan maraqlı şəxs üçün nəzərdə tutulan bütün sənədləri həmin müvəkkilə göndərməyə borcludur.

40.2. Şəxs bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulmuş tələbə əməl etmədiyi halda, inzibati orqan həmin şəxs tərəfindən sənədlərin alınmamasına görə məsuliyyət daşımır və bu, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati aktın etibarsız sayılması üçün əsas ola bilməz.

 

Maddə 41. Ekspert və ya mütəxəssisin cəlb edilməsi[8]



 

41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər.[9]

41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir.

41.3. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar.

İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur.

41.4. Ekspertiza inzibati orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq qurumların ekspertləri //çıxarılıb// tərəfindən keçirilir.[10]

41.5. Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, ekspert inzibati orqan tərəfindən təyin olunmuş müddət ərzində tədqiqat üzrə rəy təqdim etməyə borcludur.

41.6. İnzibati orqanın və ya maraqlı şəxsin tələb etdiyi hallarda ekspert //çıxarılıb// rəylə bağlı əlavə izahat verməyə borcludur.

41.6-1. Mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir.[11]

41.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, ekspertizanın keçirilməsi, ekspertin və ya mütəxəssisin haqqının ödənilməsi ilə bağlı xərclər inzibati orqanın hesabına ödənilir.

 

Maddə 42. Vəzifəli şəxsə etiraz etmək üçün əsaslar



 

42.1. İnzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsi:

42.1.1. həmin işin nəticəsində şəxsən maraqlı olduqda;

42.1.2. işdə iştirak edən maraqlı şəxs və ya onun nümayəndəsi ilə qohumluq əlaqəsindədirsə və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa;

42.1.3. işdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olduqda;

42.1.4. özü və ya ailə üzvləri maraqlı şəxsə məxsus müəssisənin aksiyaları və ya nizamnamə kapitalına sahib olduqda;

42.1.5. onun obyektivliyinə və ya qərəzsizliyinə şübhə doğuran yetərli başqa əsaslar olduqda inzibati icraatda iştirak edə bilməz.

42.2. Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vəzifəli şəxs özü-özünə etiraz etməyə borcludur.

42.3. Maraqlı şəxs bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, işə baxan vəzifəli şəxsə, işə kollegial qaydada baxıldıqda isə kollegiyanın istənilən üzvünə etiraz edə bilər.

 

Maddə 43. Ekspertə, mütəxəssisə və ya tərcüməçiyə etiraz etmək üçün əsaslar



 

43.1. Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına yol verilmir.

43.2. Ekspert və ya mütəxəssis habelə aşağıdakı hallarda inzibati icraatda iştirak edə bilməz:

43.2.1. işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya sair cəhətdən asılı olduqda;

43.2.2. inzibati icraatın başlanılması üçün əsas olmuş materiallar üzrə təftiş apardıqda və ya həmin materiallardan inzibati icraatda istifadə olunduqda.

 

Maddə 44. Etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası



 

44.1. Vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya vəzifəli şəxsə etiraz etmə haqqında ərizə iş üzrə inzibati akt qəbul olunana qədər yazılı formada verilməli və əsaslandırılmalıdır.

44.2. Etiraz haqqında ərizəyə etirazın verildiyi vaxtdan ən geci bir gün müddətində baxılmalıdır.

44.3. Etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin birbaşa rəhbəri və ya həmin inzibati orqanın rəhbəri tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. İnzibati orqanın rəhbərinə etiraz haqqında ərizəyə müvafiq nəzarət orqanı tərəfindən baxılır və qərar qəbul edilir.

44.4. Kollegial orqanın üzvünə etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin iştirakı olmadan kollegial orqanın üzvləri tərəfindən baxılır və bu barədə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir.

44.5. İnzibati orqan etirazla bağlı qərar barədə maraqlı şəxsə bu Qanunla nəzərdə tutulmuş qaydada məlumat verməlidir.

44.6. Etirazla bağlı qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər.

 

Maddə 45. İnzibati icraatda sübutlar



 

45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.

45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən:

45.2.1. sənədlərdən;

45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından;

45.2.3. şahid ifadələrindən;

45.2.4. müvafiq müayinələrin aparılmasından;

45.2.5. ekspert rəylərindən;

45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan;

45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər.

45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

 

Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması



 

46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.

46.2. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir. Vəsatətdə sübutların iş üçün əhəmiyyəti, əlamətləri və olduğu yer göstərilməlidir. İnzibati orqan həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur.

46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

 

Maddə 47. Sübutların qiymətləndirilməsi



 

47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.

 

Maddə 48. İnzibati icraatda müddətlərin hesablanması



 

48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

48.2. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

48.3. Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir.

48.4. İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır.

48.5. Müddətlər təqvim günləri ilə hesablanır.

48.6. Müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur.

 

Maddə 49. Müddətlərin uzadılması



 

49.1. İnzibati orqan tərəfindən təyin edilmiş müddətlər maraqlı şəxsin ərizəsi üzrə həmin orqan tərəfindən uzadıla bilər.

49.2. İnzibati orqan təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə maraqlı şəxsləri xəbərdar etməyə borcludur.

 

Maddə 50. Müddətlərin bərpası



 

50.1. İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

50.2. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.

50.3. İnzibati orqan buraxılmış müddətin bərpa olunmasına dair ərizəyə 5 gün müddətində baxır.

50.4. Müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış hərəkət də edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

50.5. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol verilmir.

50.6. Buraxılmış müddətin bərpa olunmasından imtina edilməsi haqqında inzibati orqanın qərarından maraqlı şəxslər bu Qanunla nəzərdə tutulmuş qaydada şikayət verə bilərlər.

 

Maddə 51. İnzibati icraat haqqında xəbərdar etmə



 

51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur.

51.2. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər.

51.3. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir.

51.4. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir.

51.5. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır.

 

Maddə 52. İnzibati icraatın müddəti



 

52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.

52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.

52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir.

52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır.

52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.

 

V f ə s i l



: system -> files -> legislation
legislation -> Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Sosial müavinətlərin məbləğinin artırılması haqqında
legislation -> Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun q ə r a r I
legislation -> Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında
legislation -> Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında
legislation -> Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında
legislation -> Qərara alıram: Aşağıdakı şəxslər inzibati-iqtisadi məhkəmələrin hakimləri təyin edilsinlər: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi
legislation -> Azərbaycan respublikasi əMƏk və ƏhaliNİn sosial müdafiƏSİ naziRLİYİNİn kollegiyasi
legislation -> Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə
legislation -> Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə


Dostları ilə paylaş:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə